Genel

Canavarın xilası – Hekayə – Ələsgər Əlioğlu

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azervaycan Yemsilcisi

Ələsgər Əlioğlu

                  Canavarın xilası

                         Hekayə

Üç-dörd gün olardı ki, el yaylağa çıxmışdı. Yamac boyu alaçıqlar təsbeh dənələri kimi cərgə­lənmişdi. Səhərin gözü yenicə açılmışdı. Buna bax­mayaraq çoban Məcidin qoyun yatağının qa­bağı adamla dolu idi. İpək torun içərisindəki ca­navar yazıq bir görkəm almışdı. Daha çabala­mır­dı. Görünür düşdüyü fəlakətdən can qurtara bil­məyəcəyini hiss etdiyindən artıq taleyi ilə barış­mışdı… Kimi onun ağzına, kimi qulağına, kimi də qarnına çubuq uzadırdı… Canavar bundan qıcıqla­nır, dişlərini qıcayır, tüklərini qabardırdı… Hamı da sanki bu səhnədən həzz alırdı…

Birdən Meyxoş Səlim camaatın arasında gö­ründü. O, işdən halı olub irəli yeridi. Bir xeyli da­yanıb canavara tamaşa etdi. Canavarla əylənən­lər isə öz işlərində idi… Bir azdan Çoban Məcid ya­taqdan çıxıb qamış kərəskəyə söykənikli çoma­ğı əlinə götürdü. Sonra torun içərisindəki canavara yaxınlaşdı. Çomaq bir neçə dəfə havaya qalxıb-endi. Canavarın ulartısı bütün ətrafı başına götür­dü. Ulartı yaxınlıqdakı qayalıqda əks-səda verirdi. Bu səhnə vahimələrlə dolu qorxulu bir nağılı xa­tır­ladırdı. Canavarın bütün hirsi-hikkəsi sanki bə­də­nindən süzülüb üzünə-gözünə çıxmışdı. Yəqin ki, ipək tor olmasaydı, onun hirsinin-hikkəsinin qa­bağında duran tapılmazdı. Çomağın zərbəsin­dən havaya sıçrayan canavar ipək toru da özü ilə ha­vaya qaldırırdı… Bu zaman Səlim irəli durub ço­ban Məcidin çomağını havada tutdu:

– Özünü günaha batırma, Məcid!..

– Nə günah, ay Səlim!? Heç bilirsən bu cana­var mənə nə ziyanlıq verib?..

– Nə ziyanlıq verib ki?

– Düz iki qoyunumun axırına çıxıb, day neyləyəcək ki…

– Məcid, sənə bir söz desəm, inciməzsən ki?..

– O nə sözdür, Səlim! Niyə inciyirəm ki?..

– Denən sənin canın üçün.

– A kişi, dünyalar sənin canına qurban, sö­zünü de…

– Qoyununun hər biri neçəyə gedərdi?

– Səlim, öz canım üçün heç olmasa hərəsinin sək­sən-doxsan manat qiyməti vardı…

Səlim əlini döş cibinə salıb odun almaq üçün saxladığı pulun üstdən iki yüz manat ayırıb Mə­ci­də uzatdı:

– Götür bunu, canavarı mənə ver, Məcid!

– Neynirsən onu?.. Yoxsa zoopark açırsan?..

Meyxoş Səlim dinmədi… Məcid isə pulu gö­tür­mək istəmirdi. Daha doğrusu bu təklifi özünə sı­ğışdırmadığından qalmışdı qırıla-qırıla… Axır ki, Meyxoş Səlim bir güc-bəla ilə çobanı yola gə­tir­di. Pulu onun cibinə basıb: “Hələ sabahda-birisi gündə bulağın başında sənə bir qonaqlıq da ve­rəcəyəm” – deyərək, ucu koğalı ağacla ipək toru sürüyə-sürüyə adamların arasından bir kənara çəkdi. Əlindəki ağacla torun sivirtməsini özünə sarı dartıb cibindən çıxardığı bıçaqla kəsdi. Sonra ağacla torun ağzını araladı. Canavar çabalayıb tordan bayıra atıldı. Əvvəlcə duruxub qaldı. Sanki azadlığa çıxdığına inanmırdı… Gözlərini Meyxoş Səlimin üzünə zillədi… Birdən başını aşağı salıb ya­xınlıqdakı qamışlığa sarı götürüldü…

Bu mənzərəni seyr eləyənlərdən çoxunun ağ­zından məzəmmətlə yoğrulmuş giley-güzar eşidil­mə­yə başladı: “Deyəsən kişinin ağlı çaşıb!.. Ca­na­va­rı buraxdıkı qalan mal-qaranı da yesin… Görün adam heç yırtıcını da salamat buraxar!?”

Meyxoş Səlim adamların arasında eşidilən pı­çıltılardan işin nə yerdə olduğunu anladı. İrəli ye­riyib düz onların qarşısında dayandı:

– Ay camaat, hiss edirəm ki, canavarı tordan açıb buraxmağım heç xoşunuza gəlmədi… Bu ca­na­var ziyanlıq versə belə, yenə də təbiətə böyük xey­ri vardır. Ətrafı bütün xəstə qurd-quşdan tə­miz­ləyir. Qoymur xəstəlikləri geniş yayılsın. Əsl mə­nada pulsuz-pənasız sanitar işləyir. Bir də ki, o, bir şey tapıb yeməlidir, ya yox!? Acından ölmə­yə­cək ha!.. Çobanın borcu təkcə sürünü otarmaq de­yil, həm də sürünün keşiyini çəkməkdir. Zəhmətə qatlaşıb çəksin də… Məmləkətdə ikiayaqlı elə ca­navarlar var ki, bayaqkı canavara adamın rəhmi gə­lir. Həmin ca­navarların dağıdıb-talamaqdan, ye­yib-parçala­maq­­dan qarınları doysa da, gözləri doy­murku doy­mur… Siz deyin indi bunların hansı daha təh­lükəlidir!?

Meyxoş Səlimin sualı cavabsız qaldı. Kimi ba­şını aşağı salıb fikrə getdi, kimi də ağız büz­dü…

Aradan bir neçə gün keçmişdi. Yenə də ca­maatın söz yeri Meyxoş Səlimin canavarı xilas et­məyi idi. Yenə də onu qınayanlar tapılırdı…

…Meyxoş Səlimin çoban Məcidə qonaqlıq bo­yun olduğu birdən yadına düşdü. O, ötən axşam nəvəsinin ad gününə kəsdiyi erkəyin bir budunun qaldığını bilirdi. Olandan-olmazdan yığıb-yığşır­dı, həmin budu da bürüb-büküb qoltuğuna vurdu və üz tutdu Çoban Məcidin yatağına sarı… Qaşa çı­xıb Məcidi səslədi. Çox keçmədi ki, Məcid ya­taq­dan çıxıb qaşa tərəf dırmaşdı. Salam-kəlamdan sonra Meyxoş Səlim dedi:

– Qardaş, canavardan ötrü bir qonaqlıq borc­lu­yam. Çıxaq bulağın başına. Az qala yadımdan çıxmışdı…

Bir azdan bulağın həndəvərində çəkilən ka­ba­­bın qoxusu adamda xoş bir iştah oyadırdı. Mey­­xoş Səlim litrlik bankada götürmüş olduğu zo­ğal arağı­nın qapağını açıb qədəhləri doldurdu.

Onlar üçüncü qədəhi yenicə içmişdilər… Bir də başlarını qaldırıb gördülər ki, tanımadıqları or­ta­­boylu, kök, çəlləyə oxşar bir kişi və bir polis nə­fəri onlara sarı yaxınlaşır… Meyxoş Səlim də, ço­ban Məcid də təəccübləndilər. Çağırılmamış qo­naqlar bulağın başına çatdılar. Yüngülcə salamdan sonra polis işçisi əmranə bir tərzdə barmağı ilə ya­nındakı çəlləyə oxşar kişini göstərib dilləndi:

– Burada tünlük eləməyin. Bulağın başını da boşaldın. Buralar artıq bu kişinindir. Sabaha qədər də sizə vaxt verilib. Bütün alaçıqları sökməlisiniz. Hamıya bircə-bircə xəbərdarlıq etmişik. Təkcə siz qalmışdınız… Bu yerlər özəlləşdirilib!..

Çoban Məcid udquna-udquna bir təhər so­ruş­du:

– Bulaq da?..

– Yox bir, bulağı sənə saxlayıblar…

Çoban Məcid uzatmağın yersiz olduğunu ba­şa düşüb daha heç bir söz demədi. Polis nəfəri və çəlləyə oxşar kişi çıxıb getdilər. Onların arxasınca Meyxoş Səlimlə çoban Məcid yatağa sarı üz tut­du­lar. Baxdılar ki, burada camaat poralaşıb… Ha­mı da narahatlıq keçirir. Ağsaqqallar da, qarasaq­qal­lar da ora-bura vurnuxa-vurnuxa qalib… Bu mən­zərəni acı-acı nəzərdən keçirən çoban Məcidi birdən-birə od götürdü:

– A camaat, Səlim deyən ikiayaqlı cana­var­lar­dan biri axır ki, gəlib çıxdı… Bu elə canavardıkı ona tor da qura bilməyəcəyik… Görürsünüzmü, da­ha havamızı da, torpağımızı da, suyumuzu da param-parça eləyirlər!..

Hamı da susurdu. Hamı da cansız müqəvvanı xa­tırladırdı… Heç kəs başını qaldırıb meyxoş Sə­li­min üzünə baxa bilmirdi… Bu zaman Meyxoş Sə­lim hiss etdi ki, pencəyinin yan cibinə bir əl girdi. Çev­rildi ki, bu əl çoban Məcidindir. O, təəccüb­lə: “neynirsən, ə?” – deyə soruşdu.

Xəcalətli bir tərzdə: “Heç nə… məni ba­ğış­la!..” – deyə cavab verən Məcid başını aşağı salmışdı…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest