Bu gün Xocalı şəhidlərinin ruhu şaddır
Tarixə XX əsrin ən dəhşətli soyqırımı kimi yazılan Xocalı faciəsindən 29 il ötür. Xocalı 29 ildir ki, dünyadan ədalətli yanaşma gözləyir. Xocalı faciəsinin soyqırımı kimi tanıdılması qarşımızda dayanan əsas vəzifələrdəndir.
Müsahibimiz AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı faciə ilə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşərək bildirdi ki, ümumiyyətlə, 1918-ci ildə regional və beynəlxalq güclərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torplarında yaradılan Ermənistan 1905, 1918, 1920, 1988-ci illərdən dəfələrlə türk-müsəlman xalqlarına qarşı soyqırım və etnik təmizləmə siyasəti həyata keçirmişdir. Belə qanlı faciələrdən biri də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində işğal edərək azərbaycanlılara qarşı törədilən soyqırımı aktıdır.
Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə fevralın 26-sı “Xocalı Soyqırımı günü” kimi qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci ildə verdiyi qərarla hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi.
Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir.
S.Talıblı onu da qeyd etdi ki, müzəffər və rəşadətli ordumuzun əldə etdiyi Qarabağ Zəfəri nəticəsində Xocalı rayonunun bir neçə kəndi də düşmən işğalından azad edilib: “Hər birimizin qalib ordunun əsgəri olmağımız şərəfdir, qürurdur, qeyrətdir. Bizlər qədimdən bugünə kimi dövlətçiliyimiz və torpaqlarımızı şəhidlərimizin və qazilərimizin qanı və cani bahasına əldə etmişik. Bu gün bütün Xocalı şəhidlərinin, o cümlədən Allahverdi Bağırovun, Əlif Hacıyevin, Ələsgər Novruzovun, Tofiq Hüseynovun, Aqil Quliyevin, İnqilab İsmayılovun, Füzuli Rüstəmovun və s. adlarını çəkmədiyimiz neçə-neçə şəhidlərimizin ruhları şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İnanırıq ki, Ali Baş Komandanın səyi nəticəsində Qarabağ tarixi ad-sanını özünə qaytaracaq və dünyada strateji, iqtisadi, mədəni-mənəvi əhəmiyyəti daha artacaqdır.”
Tarixçi alim diqqətə çatdırdı ki, Xocalı faciəsinin dünyaya çatdırılması bugün ən əmiyyətli məsələlərdəndir: “Xocalı soyqırımını beynəlxalq aləmdə daha da sistemli şəkildə təbliğ etmək üçün bir sıra məsələlər həll edilməlidir. Elmi sahədə çalışan hər kəs, tarixçi, siyasətçi, filosof, filoloq, arxeoloq, etnoqraf, həmçinin milli təhlükəsizlik və ordu, mətbuat, diaspor və sair sahələrdə araşdırma aparan tədqiqatçılar Xocalı soyqırımı ilə bağlı xarici KİV-lərdə, elm və təhsil mərkəzlərində cıxışlar etməli, xarici dillərdə məqalələr dərc etdirməlidirlər. Azərbaycanda və xaricdə fəaliyyət göstərən bütün siyasi partiya və diaspor təşkilatlarımız beynəlxalq aləmdə öz fəaliyyətlərində Xocalı soyqırımının təbliği sahəsində xüsusi fəallıq göstərməlidirlər. Dünyanın aparıcı universitetləri, elmi tədqiqat və araşdırma mərkəzləri ilə əməkdaşlıq edib, Xocalı sıyqırımı haqqında birgə kitab, məqalələr yazmalı, “dəyirmi masa”lar, layihələr həyata keçirməliyik. Görüləcək işlər çoxdur. İnanırıq ki, dövlətimizin uğurlu siyasəti nəticəsində qarşıya qoyulan hər bir hədəf gerçəkliyə çevriləcək, ən əsası illərdir azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən ermənilər cinayətkar əməllərinə görə beynəlxalq məhkəmədə cavab vercəklər.”
Röya Rasimqızı, “İki sahil”