Bənövşə Mahmudqızı – Şeirler
Nazim Ahmetli – Kırımınsesigazetesi – Azerbaycan Temsilcisi
Gənc şairə Bənövşə Mahmudqızının özünəməxsus dəsti-xətti var. Şeirlərindəki ürək çırpıntıları, əhval-ruhiyyəsinin dərin qatlarından süzülən misralardakı kövrəklik şairənin iç dünyasından soraq verir. Bənəvşə sözdən qorxmur və öz fikrini ifadə edir.Həmkarlarından fərqli olaraq ürəyinin içini yazır. Rəngarəng mövzularında həyatın zalım və gözəl içini görə bilir. Gənc şairə Bənövşə Mahmudqızı öz lirik dünyası ilə bu dəfə də “Kırımın Sesi Qazetesin”nin qonağıdr.
Nazim Əhmədli
Bənövşə Mahmudqızı
Bilmədikləriniz
Salam ata.
Salam ana.
Bilmirsiz…
Mən sizi çox sevirəm…
Sizin tək bilmədiyiniz,
Sizin tək görmədiyiniz
Sevgim deyil ki…
Boynum elə əyildi,
Belim elə büküldü ki…
Ruhumdakı
elə ağır yükdür ki…
Kaş soruşaydız,
Danlamaq əvəzinə
Dinləyibi sınayaydnız,
Sonra qınayaydnız…
Amma…
Anlamaq əvəzinə,
Danlamaq asandır.
Yoxsa yasaqdır?
” Nəyə ehtiyacın var,
Kömək lazımdır ? ”
Sualları…
Ərşə çatıb dualarım,
Bəyan olub arzularım.
Bircə siz bilmirsiniz,
Görmürsünüz.
Çünki istəmirsiniz…
Sevirsiniz…
Sizin övladınız
olduğum üçün.
Sevmirsiniz…
Məni mən üçün.
Bilmirsiniz…
Sizi çox sevirəm…
Və…
Bilmədiyiniz
tək şey bu deyil!
Lağ etmək əvəzinə
Bəlkə bir gün ölərəm,
Xəbəriniz də olmaz,
Demirəm.
Ölüb, dirilmək var, ha?
Şükür olsun Allaha,
Diri-diri ölmüşəm,
Elə bildirməmişəm.
Bəzən lağ edirlər,
Yazdığım şeirlərə.
Adama deyərlər ki,
Mənim həyatım şeir,
Həyatımı, şeirimi
Kim məndən yaxşı bilir?!
Sığışmır bir romana,
Ən uzun əsərlərə.
Mən də bu kəsirlərlə,
Yəni ki şeirlərlə
Danışıram dərdimi.
Sevməsəz də, gülsəz də,
Sevib, kövrəlsəniz də,
Bu mənim kitabımdır,
Şeirlər həyatımdır,
Mənim həyatım da bu.
Mübaliğə deyil bu.
Yəni ki, şişirtmirəm.
Deyiləm şeirin şiri.
Oxuyun şirin-şirin,
Ya da ki, ötüb keçin.
Siz bircə bunu bilin,
Lağ edilən şeylərin
Arxasında olanlar,
Yaşasaydınız əgər,
Soruşub özünüzdən,
Gücüm olardımı heç,
Şeirlər yazmağıma,
Sözlərə sığınmağa?
Gücüm olardımı heç…
O zaman məndən demək,
Lağ etmək əvəzinə
Hörmət et.
Oxumadan, görmədən
Sən də beləcə get.
Arzum gerçəkləşərkən …
( Bütün təcavüzə uğrayan uşaqların xatirəsinə )
Vaxt ötür…
Köçür…
Pis, yaxşı
hər şeylər,
Adları olan boş şeylər…
Yığıb, yığışdırıb boxçanı,
Əllərində pozanı…
Beyinimdən silib gedir,
Bu sənin arzundur,
Deyib gedir…
Hə arzum idi,
Uşaqkən
Təcavüzə uğrarkən…
Göz yaşları axanda içimə,
Deyə bilməyəndə heç kimə,
Az qala ana olacaqdım,
Kuklanı övlad bilən uşaqdım…
Əzablarıma susdum,
İçimə qusdum.
Yalvardım ki unudum!
İndi beynim quruyur…
Yuyulur, Yuyulur,
Tərtəmiz olur…
Ruh sağlam deyilsə,
Bədən bunu bilirsə…
Hər şey edər ölmək üçün
Köçmək üçün…
Mən ki sinə gərmişdim,
Öhdəsindən gəlmişdim.
Hətta sevə bilmişdim…
Kimsəni düşmən kimi
Önəmsəməmişdim…
İndi qorxuram…
Arzum gerçəkləşərkən,
İçimdə bir cümlə;
Hələ çox erkən!
Yığıb, yığışdırıb boxçanı,
Əllərində pozanı…
Beynimdən silib gedir,
Bu sənin arzundur
Deyib gedir,
Hər şey….
Hər şey yaxşı olacaq
Zavallı bir “filan” xəstəsi…
Kim anlar xəstə olan kəsi?
Hər yerə çırpıldıqca canım acıyar?
Yox!
Sevdiklərimin üzündəki acı acıdar.
Ruhum cırmaqlayır bədənimi.
Cəhənnəm olsun, həyat!
Hey-hat!
Dayan!
Bəs anan? Bəs atan?!
Ölə də bilmirəm…
Bəs necə, necə olur,
Ruhum bədənimi yorur,
Cırmaqlayır, yumruqlayır,
Çıxa bilmirəm, gedə bilmirəm.
Mən bu mənəviyyatsız,
Mən bu haqsız, arsız
Dünyadan əl çəkə bilmirəm!
Aldadır elə hey…
Aldadır ki, yaxşı olacaq.
Hə… Mən yaxşı insanamsa,
Məni yaxşı haqsızlıqlarla,
Məni yaxşı arsızlıqlarla,
Yaxşı-yaxşı, zərrə-zərrə,
Hər gün yaxşı bir kədərlə
Mən olacam;
Öncə insan,
Sonra insan ölüsü…
Möhtac insan
Yenə yaxşı deyiləm,
Yenə pozuldu əhval.
Qalmır ki, nə gülməyə,
Nə də danışmağa hal.
Olsaydı maddi varlıq,
Bəlkə çəkməzdim aclıq.
Sevinəndə qorxmazdım,
Sarıyar, buraxmazdım.
Sevinclər cürbəcürdür,
Həyacandır, təəccübdür.
Yenə filan şey üzdü,
Yenə nəsə küsdürdü deyə,
Həyacanlanıram düzdür.
Vallah nə yalan deyim,
Təəccüblənmirəm daha.
Ən pisin savabına,
Yaxşının günahına.
Günahı da atmıram,
Dünyaya və zamana.
Möhtac olubdur insan
Günahın anlayana.
Yəni elə əvvəldən,
Özündə olmayana ac,
Yəni elə əvvəldən,
İnsan özünə möhtac.
Salam
Salam…
Susqun hayqırışlarım,
Yağmayan yağışlarım…
Salam…
Bir zamanlar
Sevincli anlarım,
Sual dolu sabahlarım.
Salam…
Keçmişim, keçmiş dərdlərim,
Gələcək əziyyətlərim…
Mən gəldim
Sizlərlə üzləşməyə
Anlayan yox,
Sadəcə dərdləşməyə…
Başlayıram şübhəyə
Ona, buna, mənliyimə,
Daxilimdə kimliyimə.
Sual verdim, kiməm deyə…
Cavab aldım bir qəribə.
-Cəhənnəm sakini deyə…
Bu dünyanın odunda mən
Yanıram ki, ey Rəbb zatən.
O dünyada yanmaq qismət…
Bircə yol var – dəyişmək !
Günahlarla güləşmək,
Tövbələrə tutunmaq,
Günahlardan yuyunmaq…
Bir qərar qoy ağlıma,
Sonda məni ağlatma,
Yanlış yola saptırma,
Qoyma səni unudam !
Sən də məni unutma !
Sanırdım ki mən bu an,
Tamam başqa mətləbdən
Yazacağam sən demə
Ey Rəbbim, şükür hələ,
Sevgili yarımsan sən,
Yenə də mənimləsən !
Şeir doğulmasaydım…
Bu dünyanın şanını,
Həyatın ad sanını,
Kamını, nakamını
Tanıyır bu ruh, bu qəlb
Yazılmalıdır əlbət,
Amma xəlvət…
Şeirlərin içində
Hərəsi bir biçimdə.
Çoxdan ölərdim,
Yoxdan ölərdim,
Hər şeyin başından…
Boynumda daşlarımdan
Asardım özümü,
Atardım özümü
Şair olmasaydım…
Bəlkə də…
Şeir doğulmasaydım,
Şair olmazdım…
Xəyali xoşbəxtlik
Qoy bir az xəyal edim…
Sevdiyim ilə evləndim.
Xoşbəxtəm…
Dünyada bəxti gətirən,
Hər arzusu çin olan
bir insan məsələn…
Sonra…
Bətnimə bir günəş sığır.
Məsum günəşim.
Öncə bətnimdə,
Sonra köksümdə kök salacaq.
Ömür boyu qalacaq kök.
Şəfqət, sevgi verəcəm.
Çox sevəcəm. Lap çox.
O dünyanı bətnimdə öyrənəcək.
Mahnılar,
Nağıllar,
Hekayələr dinləyəcək.
Gələcəyi yerin
mahnı bəstələtdirən,
Nağıl qoşduran,
Şeir, hekayə yazdıran
Bir yer olduğunu biləcək.
Danışacam bir-bir ona,
Bir körpə sahibi olan ana
Bədbəxt olsa da, yenə xoşbəxtdir.
Deyəcəyəm, sevdiyim kişi ata,
Çətinlikdən beli qatlanar,
Səni qoymaz yanmağa
Oda atılar, oddan qurtular.
Çünki yaxşı atadır,
Lap sənin baban kimi.
Nənən bir az deyingən,
Xalaların gözəldir.
Hamımız sevəcəyik,
Səni olduğun kimi.
Olmaq istədiyin şeylər,
Yaxşı şeylər olacaq,
Anan, atan yanında,
Sənə dəstək olacaq.
Doğulmamış körpəmsən,
Qız da, oğlan da olsan,
Sən mənim şəhzadəmsən.
Bu şeirdə varsan sən,
Şeirimin bətnində.
Bu şeirdə sevdiyim
adam da var, ey körpəm.
Bəlkə bir yuxu kimi
Çin edər şeirimi
Allaha sığınmışam,
Bəlkə duyar səsimi.
Günlərin gözəl günü,
Ömrümün özəl günü,
Bəlkə bir gün bu şair
Şeir yazar, xoşbəxtliyə dair.
Arzumun arzususan,
mənim xəyali körpəm.
Atana de tez gəlsin,
Sizi çox özləyirəm…