Azərbaycanlı yazar Həcər Adelin oxucularda böyük maraq oyandıracaq
Həcər Adel
YÜZ BİRİNCİ ŞANSI İTİRMƏYİN
Kırımınsesi Qəzeti olaraq, Türk dünyasının istedadlı qələmlərini və dəyərli düşüncə adamlarını sizlərlə görüşdürməkdən qürur duyuruq.
Azərbaycanlı yazar Həcər Adelin oxucularda böyük maraq oyandıracaq “YÜZ BİRİNCİ ŞANSI İTİRMƏYİN” başlıklı yeni məqaləsi artıq Kırımınsesi Qəzetində işıq üzü görüb. Müəllif, özünəməxsus axıcı üslubu və dərin fəlsəfi baxış bucağı ilə qələmə aldığı bu yazısında insana, həyata və əldən verilən fürsətlərə fərqli bir pəncərədən işıq tutur. Azərbaycan ləhcəsində yazılmış bu təsirli əsər, oxucuları həm düşündürəcək, həm də mənəvi bir səyahətə çıxaracaq. Kültürümüzün ortaq dəyərlərini yaşadan bu xüsusi məqaləni qəzetimizin səhifələrində dərhal oxuya bilərsiniz.

Bu, ruhi bir halla bağlıdır: ağlının, ruhunun harasındasa, kiçik bir guşəsində, dərin bir küncündə hansısa rəqəm, söz, görüntü ilişib qalır. Ayağını ayaqqabının içində döyən bapbalaca daş kimi ordan sənə özünü xatırladır: “Mənə qayıt, bax, araşdır, aç, dinlə, dərk et!” Əsəd Cahangirin yüz bir bənddən ibarət “Səs” essesini oxumuş və yazının ilahi gücü, mistik mahiyyəti məni sehirləmişdi. Esseyə cavab olaraq “Səsin yüz bir notu” adlı geniş məqalə yazmışdım.
Əsəd Cahangirin essesi əslində Şərq və Qərbin ümumi mifoloji-kulturoloji və ideya, milli mənəvi dünyasının keçmiş və gələcək istiqamətlərini müəyyənləşdirən, ona güzgü tutan, kreativ ideyaları ilə təəccübləndirən şedevr bir əsərdir. Müqayisələr aydın və səlis, əsaslı və dərindir, istənilən səviyyədə oxucu üçün mübahisəyə əsərdə yer yoxdur. Bir neçə hissədən ibarət essenin müddəalarının son sayına baxdım – 101 idi: “Quran” ayələrindən on üç say az. Səsin yeddi notu var, yüz bir bəndlik “Səs”i oxuduqda düşündüm, deyəsən, səsimizin 101 notu varmış. Düşündürücü və maraqlı rəqəmdir. Nə üçün bu sayla kifayətlənib? Əslində onun kimi həssas, milli və dini düşüncəyə modern şəkildə hakim bir adam, inanmıram ki, yazdığı əsərin müddəalarının sayında “Quran” ayələrini ötüb keçəydi.
Ümumiyytlə, numerologiyanın mistik mahiyyətinə inanıram. 80-ci illərin ortalarında pakistanlı Mohammad Sıddıkın tele-şou proqramlarına baxandan inamım daha da möhkəmlənmişdi. Otuz il Midiyada əsirlikdə qalan Pifaqorun midiyalılardan rəqəmlərin sirrini öyrənməsi haqda məlumat var. Təəssüf(bəlkə də haqlı olaraq), bu ciddi, sirli məlumatlar gizli saxlanılır. Dünyanın mükəmməl bir şəkildə qurulduğunu, hər şeyin rəqəmlərlə(söz başda olmaqla) idarə olunduğunu bilirik. “407 dərəcəli çevrə” əsərimdə də rəqəmlərin sirli mahiyyətinə müraciət etmişdim. “Səsin 101 notu”nu çoxdan yazmışdım. Dörd il keçməsinə baxmayaraq(təəccüblüdür, o əsəri də iyulun əvvəlində yazmışdım-1423 gün əvvəl), bu 101 rəqəmi o xırdaca daş kimi əqlimin bir küncündə elə hey özünü xatırladır, ona müraciət etməyimi istəyirdi. Mən, axır ki, etdim.
Yüz bir rəqəmi çoxmənalı, dini, mistik, ezoterik anlamda geniş izahı olan uğurlu rəqəmdir. İlk baxışda adi rəqəm kimi görünür, ancaq, mistik və ezoterik yanaşmalarda bu rəqəmin yozum və simvolikalarına baxaq. Məsələn, numerologiyada 101 rəqəmi 1+0+1=2 kimi sadələşir ki, bu da duallıq, qütblülük, yəni: işıq və qaranlıq, kişi və qadın, ruh və maddə kimi balans simvoludur. Ancaq yüz biri ayrıca götürəndə 1-başlanğıc, 0-sonsuz potensialı, yenidən -1 yenə bşlanğıca qayıdış, dirçəlmək, mistik təcrübə zonası, transformasiya kimi yozulur. Ezoterik yanaşmalarda 101 bəzən mistik qapı, və ya keçid nöqtəsi sayılır. Binary kodda(ikilik sistemdə), məsələn, kompüter dünyasında 101=5 deməkdir. Ezoterik təhlildə 5 rəqəmi insanı simvolizə edir: 2 qol, 2 ayaq və bir baş. Bu baxımdan 101 insanın ruhani başlanğıc və son arasındakı keçidi kimi yozulur.”Qurani-Kərim”də “Əl-Bəqərə” surəsinin 101-ci ayəsində vəhyin inkar olunması, keçmiş peyğəmbərlərin xəbərdarlıqları ilə bağlı məqam var. Bu ayə ilahi bilikləri rədd edənlərə qarşı xəbərdarlıqdır. Demək, 101 ilahi biliyin qəbulu və ya rədd edilməsi dilemmasını təmsil edir.
Yəhudi Kabalasında isə 101 rəqəmi “Mikael” mələyinin simvolik rəqəmi kimi yozulur. Mikael müdafiəçi mələkdir, şər güclərlə savaşan nur varlığıdır. Sufi təhlillərdə 101 rəqəmi “bir addım artıq” prinsipinə işarədir. Yəni sən özünün 100 addımlıq həddini keçib Allahın hüzuruna yaxınlaşmaq üçün daha bir addım atırsan. Bu isə tamahı deyil, ixlası ifadə edir.
Yüz bir rəqəmini bəzi ədəbiyyat nümunələrində–məsələn”Psychology 101”-də psixologiyaya giriş dərsi adlandırırlar.Yəni, bilik qapısı, ilkin mərhələ, öyrənmənin başlanğıcı, daha doğrusu, insanın ruhən oyanmağa başladığı an kimi yozulur. Beləliklə, 101 rəqəminin başlanğıc və dönüş nöqtəsi, ilahi qapının astanası, biliyin qəbul və rədd edilməsi, ruhani yüksəliş üçün bir artıq addım və mistik qoruyucu enerji kimi simvolik mənaları var. Mistikada bu rəqəm “sehrli eşik”, “qadağan olunmuş bilik”, “əldə ediləcək gizli hikmət” simvollarını ifadə edir.
Bədii, mistik konteksdə əfsanəyə görə 101-ci qapı yalnız ruhani yetkinlik və daxili paklığa açılır. Bu qapı zaman və məkan sərhədlərindən kənardadır–onu tapan “başqa dünyalara” keçə bilər: “O, 101-ci qapının harda olduğunu heç kəsə demədi. Çünki qapı çöldə yox, içəridə idi”. Bəzi mənbələrdə məlum dualardan sonra “101-ci dua” var. Bu dua söylənərsə, insanın unutduğu mənəvi və ilahi kamilliyi ona geri qaytarılır: “Əgər bu duanı tapıb ürəkdən oxuyarsansa, keçmişində itirdiklərin səni tanıyacaq!”
Əsəd Cahangirin bu esseni 101 maddədən ibarət yazmasında o qədər böyük, ilahi hikmətlər var ki, açmaqla bitmir. Məsələn, əfsanəyə görə insanın ruhu dünyaya gəlməzdən əvvəl 101 nəfəs alır. Əgər o, bu nəfəsin səsini yenidən eşidərsə, həqiqi mənşəyini xatırlayar, bu dünyadakı vəzifəsini dərk edər: “101-ci nəfəsi eşidən insan bir daha yalan danışa bilməz!” Baxın, yenə də eşitmək, SƏS-ə qayıdış var burda.
Sufi mənbələrinə görə qoruyucu mələk Mikayıl yer üzündə 101 gizli ruhani varlıq yetişdirir. Bunlar qaranlığa qarşı Nur-un ordusudur(bu Nur haqda bir pritçamda hqiqətləri, gördüklərimi sadə və səmimi dillə izah etmişəm, onu yalnız ruhunu Şərdən tam uzaq tutan biri dərk edər. Həmin parçanı “Ağ dəvə düzdə qaldı” kitabımın sonunda vermişəm. Kitab 2022-ci ildə nəşr olunsa da, pritça 2016-cı ildə yazılıb): “Sən onların 101-cisisən və indi oyandın”.
Reenkarnasiyada bildirilir, ruh 100 həyat yaşayıb(yuxuda e.ə.428-ci ildə doğulduğumu deyiblər, təəssüf, bu tarixi araşdırmamışam). Hər birində ruh öyrənməli idi. 101-ci həyat–axırıncıdır, bunda isə bütün keçmiş həyatların biliyi, peşmançılığı, sevinc və əzabları birləşir. Qəhrəman bu həyatda ya qurtuluşa, ya da sonsuz itkiyə gedəcəkdir. Bu mənada dini-mistik-ezoterik anlamda “101-ci şans” ifadəsi geniş məna bildirir, işlənir: “Bu dəfə səhv emək haqqın yoxdur. Bu, 101-ci şansındır!” 100 dəfə dünyaya göndərilən ruh hər dəfə yeni bədəndə, yeni həyatda ortaya çıxır, lakin ƏSAS DƏRSi öyrənmədən geri dönüb. İndi ona sonuncu–101-ci şans verilir. Bu dəfə ya kamilliyə çatacaq, ya da əbədi itkiyə, heçliyə məhkum olacaqdır. 101-ci şansı itirmək qorxusu ruhunu dərk edən hər bir insanın qorxduğu, dəhşətə gəldiyi məqamdır. Bundan sonra o bir heçliyə yuvarlanır. Daha seçim hüququ da qalmır. Kamillik və əbədilikdən əli üzülən birinin bu əzabları cəhənnəm əzabından betərdir. Ona görə Nəsiminin dili ilə desək: “Yoxdur vəfası dünyanın, aldanma anın alına. Rəngindən oldu münfəil, hər kim boyandı alına!” Böyük Yaradan istər ki, insan nəfsə aldanmadan əbədi həyatın mənasını dərk etsin. Əbədiyyət qapısının açarı öz əlində–101-ci şansadadır. 101-ci dəfə səhv etmək olmaz!!

