GenelGüncel

Azərbaycan romançılığında itirilmiş zaman 

Nazim Əhmədli /Kırımın sesi qazetesi – Azərbaycan təmsilcisi

Elnarə AKİMOVA

Azərbaycan romançılığında itirilmiş zaman 

Bu gün bizdə roman janrı ilə bağlı aparılan polemikalarda daha çox şikayət, müqayisə fərqi ilə dünya və milli nəsri qarşı-qarşıya qoyub, üstünlüyü birmənalı şəkildə birincinin xeyrinə həll eləmək cəhdi öndədir. Dünya romançılığının çağdaş durumu və tarixi təcrübəsi hər halı ilə bu üstünlüyü çevrələyir. Milli romançılığımıza bağlı belə bir boşluğun yaranmasına səbəb məhz ötən əsrin 30-40-cı illərində meydana çıxan əsərlərə sərf olunmuş zəhmətin güdaza getməsi ilə bağlıdır. Bunun səbəbləri və nəticələri haqda danışmaq istərdim.

Bizdə nəsr ənənəsinin tarixi o qədər də qədim deyil. XIX əsrin sonlarına, M.F.Axundzadə zamanına və XX əsrin əvvəllərinə dayaqlanır. Azərbaycan romançılığının inkişaf dövrü kimi səciyyələndirilən 30-40-cı illərdə yazılmış həcmli əsərlərin zəminində isə həmin milli nəsr gələnəkləri dayanmır. Bu dövrdə ərsəyə gələn romanlarda daha çox rus yazıçılarının təsiri var. M.Şoloxov, A.Fadeeyev, A.Serafimoviç, D.Furmanov və başqalarının. Əvvəla, nəsr ənənəsi onlarda bizdən daha güclü idi, əsrin əvvəllərindən başlayaraq vətəndaş müharibəsinin epik təsvirinə geniş yer verilirdi, üstəgəl də qarşılıqlı mübadilə bizimlə daha çox rus ədəbiyyatı arasında baş tuturdu. Bu dönəmdə milli varlıq yad düşüncəyə, yad kontekstə güzəştə getdi və güzəşt ədəbiyyatı estetik hadisə doğura bilmədiyi üçün 30-cu illər romançılığı da bu janrla bağlı meydana bədii-estetik səviyyə baxımından uğurlu mətn qoya bilmədi. 

1920-1930-cu illər Azərbaycan mühiti üçün ziddiyyətli epoxadır. 1918-ci ildə Azərbaycan Cümhuriyyət ədəbiyyatı dövrün milli-mənəvi ruh yüksəkliyini, mədəni ruhunu təyin etmişdi. Yenilik, inqilabi dəyişiklik, kollektiv əmək və sosial bərabərlik, qadın hüququ, kütləvi maarif və mədəniyyət ideyalarının cəmiyyətə tətbiqi ədəbiyyata da təsir göstərməyə başladı. Birmənalı şəkildə inqilab stixiyasının təcəssümü, kolxoz quruculuğu, istehsalat mübarizəsi, xalqlar dostluğunun tərənnümü, başqa millətləri daim dostluq və qardaşlıq şəraitində təqdim etmək, neft uğrunda sovet adamının mübarizəsi və s. – əsas mövzu bunlar idi. Klassik şair və yazıçılarımızla bağlı miflər yaradılırdı. Ədalətli padşah, mübariz ateist, bəyləri qamçılayan və s. Bir sözlə, sinfilik amili bədii əsərin dəyərləndirilməsində önə keçirdi. Bu amillərin heç birini ədəbiyyatın immanent inkişaf qanunauyğunluğu ilə bağlamaq olmur. Ədəbiyyatın inkişaf stixiyası ona qədər elə gəlişirdi ki, milli nəsr başqa mərhələyə və keyfiyyət müstəvisinə adlamalıydı. Meydanda ən azı, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev prozasının gücü, təcrübəsi vardı. Bu dövr hekayəçilik baxımından daha güclü idi, tək C.Məmmədquluzadə qələminin siqləti milli varlığı yaşatmağa, onun varlığında nəsrə gətirməyə qadir idi. Hətta 20-ci illərdə də bu təcrübə diri idi. Amma zamanın dəngəsi pozuldu, sistem dəyişildi və sovet varlığını təcəssüm etdirmək, dövrün epoxal hadisələrinə yeni münasibətin bədii həllini vermək roman janrına müraciəti zəruri etdi. Odur ki, bu dövrdə yazılmış romanlar daha çox sosialist ideologiyasının ədəbiyyat qarşısına qoyduğu tələblərə adekvat olaraq meydana çıxdı. Yazıçılar xalq həyatını, inqilabi səciyyəni, yeni quruculuq məsələlərini önəmsəməyə girişdilər. XX əsrdə başlanan hərəkat yarıda qırıldı. Ədəbiyyat dəyərlərindən uzaq düşdü. Milli ədəbiyyat anlayışı və bu anlayışı yaradıcılığında ehtiva edən aydınlar məhv edildilər. Bizdə milli dövlətçilik ideyasının tarixi o qədər uzağa getməsə də, milli dövlətçiliyi, müstəqillik ideyalarını şərtləndirən  milli mənlik şüurunun yaranmasının aspektləri məhz, bədii düşüncəyə söykənir. Yəni milli, etnik mənlik şüuru əvvəlcə bədii, sonra isə ictimai-siyasi təfəkkürdə təşəkkül tapır. 30-cu illər bu şüur hadisəsinə qarşı yönəlmiş planlı ədəbiyyat nümunələri meydana qoydu. Türk ordusu işğalçı kimi təqdim olundu, islam bir din olaraq müasirliyə zidd hesab edildi, “Müsavat” “Daşnaksütyun”a bərabər tutuldu. Bu dövrün romanları sosialist realizmi tələblərinin, partiya direktivlərinin sənətdə gerçəkləşən şəklidi. Onların heç birində insan yoxdu. Sadəcə, eyni “səs”lərin xoru, bir qəlibdən çıxmış qəhrəmanların, süjetlərin, mövzuların şəkillənməsi var, vəssəlam. Burda söhbət hansısa yazıçını ittiham eləməkdən getmir, o dövrün reallığına istinadən istedadı sovet sisteminin qurbanına çevrilmiş yazıçılarımızın meydana qoyduqları romanların bədii-estetik baxımdan təhlilindən gedir. Sovet dövrünün xərabələri altında qalan və zamanın yeni axarına qatıla bilməyən romanlardan.

Halbuki, məhz bu dönəmdə milli təfəkkür roman yazmağa hazır görünürdü. Çünki XX əsrin əvvəllərində başlanan maarifçi hərəkat, formalaşan milli ədəbiyyat, milli düşüncə, milli məfkurə daha çox poeziya və dramaturgiya müstəvisində reallaşmışdı. Bunun roman təzahürü də gerçəkləşə bilərdi. Amma o şəkildə ki, Aprel inqilabı hərəkata keçdi, bu əhvalda milli estetik tələbləri ödəyən nəsrin yaranması reallığı əlçatan deyildi. 30-cu illər romançılığı isə sadəcə, partiyanın tələbi və göstərişi əsasında hasilə gəlmişdi. Çünki yazıçıdan inqilabi yüksəlişin yüksək tərənnümü tələb olunurdu və onlar bunların hamısının realizəsini “inqilab qatarına əyləşib” həcmli epik əsərlər vasitəsilə gerçəkləşdirməkdə gördülər. M.Baxtinin də belə bir fikri var ki, hər hansı əsərin əhəmiyyəti təhkimçilik hüququna qarşı mübarizə ilə məhdudlaşırsa, deməli, onun ləğvindən sonra həmin əsər də öz əhəmiyyətini itirəcək. Tarix bu sözlərin gerçək olduğunu sübut elədi. Bu gün biz nə desək də, o əsərlərin özünü yaşatma gücü yoxdu. Nə sovet quruluşunun inikasını verən  “Dünya qopur, “Yoxuşlar (Əbülhəsən), “Qəhrəman” (Ə.Vəliyev), “Şamo” (S.Rəhimov), nə inqilabi yüksəlişin tarixi panoramını verən, “Gizli Bakı”, “Döyüşən şəhər” (M.S.Ordubadi), “Daşqın”, “Tərlan” (M.Hüseyn), və s. nə də bu dövrdə yazılan digər romanlar müstəqillik dönəminə adlaya bilmədi.

Həmin dönəmdə zamanın tələbi yazıçıları necə sarmışdısa, hamı roman yazmağa girişmiş, belə deyək, hər gördüyünü təsvirə çəkib rejimin hədəfinə tuş olmamağı düşünmüşdülər. Belə olmasaydı, 1948-ci ildə “Azərbaycan sovet ədəbiyyatının yaradıcılıq problemləri” məqaləsində M.Hüseyn yazmazdı ki, mütləq hadisələrin sonunu gözləməli, hadisənin sonunu görməli, hər şey axır nöqtəyə çatdıqdan sonra əsər yazmalı və yalnız bu yolla uzun zaman yaşayan bədii lövhələr yaradılmalıdır.

Amma necə gözləyə bilərdilər ki, geridə “cığırdaşlıq” damğasının xofu, irəlidə repressiya dalğasının vahiməsi dururdu. Yazıçılara bircə imkan, bircə yol qalırdı: partiyanın göstərişlərinin keşiyində ayıq-sayıq dayanmalarını sübut etmək. Beləcə, 30-cu illərdə inqilabiləşmiş şüurla milli təfəkkür, milli gerçəklik arasında uçurum yarandı. Çünki həmin dövrdə ölkəmizdə siyasi-ictimai durum ədəbiyyatın səmtini – mövzusunu, ideyasını, konfliktlər sırasını müəyyənləşdirirdi və gərəkdiyindən artıq neqativ təsir göstərirdi. Bu dövrün romanları sosializm cəmiyyəti qurmaq uğrunda mübarizə edən proletarların xidmətinin nəticəsində ərsəyə gələn əsərlərdir. Əsərlərin hamısında milli başlanğıc ikinci sıraya keçir. Sosialist realizminin normativ tətbiqləri onun önə keçməsini daim əngəlləyir. XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı dünya ədəbi prosesinin bir hissəsi kimi çıxış edirdi. 30-cu illər nəsrinin isə Qərb ədəbiyyatı ilə heç bir bağlılığı yoxdur, heç bir cərəyanın təsiri duyulmur, sanki yaşanılan iki onillik təcrübə onun deyilmiş. Avropa ədəbiyyatında həmin dönəmdə böyük təlatümlər yaşandığı halda bizim milli nəsrdə bunun əks-sədası duyulmur. Təəssüf ki, bu dönəmdə rejimə oppozisiyada dayanan bircə nümunəmiz belə yoxdur. Yalnız oppozisiya mənasında yox, tək elə insanın inikası, onun dərinlərinə baş vurması, yalnızlığını, kədərini, boşluq simvolikasını bədii mətnə gətirmək baxımından həmin dönəmdə dünya ədəbiyyatının şedevrlərinə – deyək ki, Almaniyada Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur” (1929), Türkiyədə Səbahəddin Əlinin  “İçimizdəki şeytan” (1940), “Xəz paltolu madonna” (1943), İtaliyada Dino Bussatinin “Tatar çölü” (1940), Fransada Alber Kamyunun “Yad” (1942) və s. kimi romanları ilə müqayisədə bizim 30-40-cı illər nəsrimizin roman qəhrəmanları yadplanetli təsiri bağışlayır.

Bu mənada, bu dövr romanlarında heç bir inkişafdan söhbət gedə bilməz. Əksinə, 20-30-cu illərin siyasi tələbləri roman janrının inkişafını ləngitmişdir. Burda xronologiya və mərhələ dəyişikliyi baxımından fərqli dönəm yaşanırdı. Nəsr həcmli əsərlərə keçidi yaşadı sadəcə, o qədər. Amma o həcmli əsərlər 20-ci illər hekayəçiliyinin bir nümunəsi siqlətində belə milli estetik hadisə kimi səciyyələnə bilmədi.

Bu dövrdə yazıçının hətta tarixi mövzuya müraciəti belə onun xilasına çevrilmir. Təsadüfi deyil ki, sovet dövrünü təsvirdən yayınan Çəmənzəminlinin əsərləri –  sosializmə qədərki dövrü əks etdirən “Studentlər”, XVIII əsrdə baş verən hadisələri əks etdirən “Qan içində” romanı da bir sıra obrazlar xarakter baxımından daha canlı, tərəddüd və yaşantıları ilə təsvir olunsa da (Bu üzdən yazıçı hətta Rüstəm obrazında “bitkin inqilabçı qəhrəman” yarada bilməməyə görə tənqid də olunmuşdu), inqilabçı yox, tarixi gerçəkliyi özündə daşıyan qəhrəman yaratmaq, onu canlılığında, hərəkətliliyində ədəbiyyata gətirmək bütün mənaları ilə yazıçıya nəsib olmamışdı. Hər iki roman milli məsələləri əhatə edir. Amma necə? “Studentlər”də XX əsrin birinci onilliyində Azərbaycanda yaşanan reallıqlar əksini tapır, fəqət əksər məsələlərə yanaşma qüsurludu, aydın deyil. Dinə, türkçülüyə, qarşı dövrün özündən doğan ziddiyyətli baxışları əks etdirir. Eləcə də M.S.Ordubadinin “Qılınc və qələm” romanında Azərbaycanın ikiyə bölünməsinin Nizami dövrünə şamil olunması kimi fakt elə zamanında tənqid olunan qüsurlar idi. Üstəgəl bədii dolğunluq, bitkinlik baxımından çatışmazlıqları onların roman təfəkkürü məcrasında inkişafını əngəlləyir.

50-ci illərdən buzlar nisbətən əriməyə başlayır, insanı görmək təşnəsi önə keçir, istehsalat qurğularının soyuq görünüşü insanın hənirini əvəz etmək gücündə bulunmur axı.  Elçinin “Tənqid və nəsr” monoqrafiyasında belə bir fakt əksini tapır: “1953-cü ildə “Ədəbiyyat qəzeti”ndə yazırdılar ki, yazıçı poladəridənin nəhəng sobalar qarşısında gördüyü işlərlə bahəm, onun daxili aləmini, hiss və həyəcanlarını da duymalı, təsvir eləməlidir. Yaxud deyirdilər, mövzu aktuallığına görə zəif əsərlərə göz yummamalıyıq”. Bunu demək cəsarəti 50-ci illərdən sonra mümkün olmuşdu. Hətta əsərlərdəki insanı görmək, vurğunu daha çox insanın üzərinə salıb ordan çıxış etmək ilkinliyini də 50-ci illərin tənqidçiləri ehtiva edir. Bu kontekstdə digər fakt: Ədəbiyyatşünas alim Məmməd Cəfər hələ 1954-cü ildə “1930-1937-ci illərdə Azərbaycan nəsrinin inkişafı” məqaləsində yazırdı: “1930-37-ci illərdə Azərbaycan nəsrində vətəndaş müharibəsi mövzusunda yazılmış əsərlərdən biri də Mir Cəlalın “Dirilən adam” romanı idi. Lakin bu əsər eyni mövzuda yazılmış əsərlərdən tamamilə fərqlənirdi. Müəllif bu romanda vətəndaş müharibəsi dövründəki mübarizələri, döyüşləri göstərmək məqsədini qarşısına qoymamışdı”. Deməli, artıq insanı görmək başlanğıcı önə keçmişdi. Sonrakı onillikdə – 60-cı illərdən başlayaraq mərkəzə çəkilən insan konsepsiyasının işləkliyi də öz motivasiyasını elə bu fikirlərdən alırdı. Çünki məlum aksiomadı, ədəbiyyat bütün hallarda insanla təzələnir.

Tarixə real qiymət verməyi bacarmalıyıq. Sovet ədəbiyyatına tarixi-tipoloji vahid kimi yanaşıb yaxşı nümunələrini danmadan, tarixi konteksti unutmadan ideoloji tələbin nəticəsi kimi ərsəyə gələn əsərlərdən də çəkinmədən danışmalıyıq. Bizə ədəbiyyata münasibəti dəyişməyə, yeniləməyə ədəbiyyatşünaslığın şüuraltı vərdişləri, daşlaşmış qənaətləri mane olur. Ədəbiyyat tariximizin hər dövrünə yanaşmada obyektiv elmi-nəzəri qanunauyğunluqlardan nəzər yetirməliyik. Bu gerçək ədəbiyyatın mahiyyətinin açılmasına, müasir dünya ədəbiyyatının inkişafı mövqeyindən milli ədəbiyyatımıza hər cür doqmatikadan uzaq nəzərlərlə baxmaq imkanı qazandırır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest