Azərbaycan dilində nəşr olunan “Bürhani-tərəqqi” qəzeti
Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun
Həştərxanda Azərbaycan dilində nəşr olunan
ilk qəzeti – “Bürhani-tərəqqi”
1906-1911-ci illərdə Həştərxanda şamaxılı Mustafa Lütfi Hacı Sədrəddin oğlu İsmayılov (Şirvanski) tərəfindən Azərbaycan dilində nəşr olunan “Bürhani-tərəqqi” qəzeti haqqında informasiya axtarışına çıxmışdım.
“Bürhani-tərəqqi”-“tərəqqinin, inkişafın sübutu, dəlili “anlamına uyğun gəlir.
Axtarışın əsas səbəbi Rusiya Federasiyasının bəzi dilçi alimlərinin məni inandırmayan fikirlərindəki dolaşıqlıqlara aydınlıq gətirmək idi. Məhəmməd Hadinin bu qəzetdə müvəqqəti redaktor olduğunu oxuduqlarımdan bilirdim. Həştərxanda sürgündə olarkən N.Nərimanovun da “Bürhani tərəqqi” qəzetində elmi -publisistik yazılarla çıxış etməsindən də xəbərdar idm.
Şeir yazmağa XIX əsrin sonlarında başlayan XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalının məşhurlaşdırdığı M.Ə.Sabirin də “Bürhani-tərəqqi”dəki fəaliyyətindən danışırlar. Təəssüf ki, M.Ə.Sabirin “Hophopnamə”sində bu faktı təsdiq edən istinad yeri yoxdur.
Axtarışlar Türkiyəyə gedib çıxdı. “Kardeş kalemler” də bir neçə tutarlı faktlarla rastlaşdım. İnandığım da oldu, inanmadığım da. Araşdırdım, incələdim, fərqli-fərqli fikirlərlə üzləşdim. Mustafa Lütfinin döğum tarixinin bir mənbədə 1876-cı il , digər mənbələrdə 1880 -cı il kimi təqdimi ilə rastlaşdım. Bunlar sözgəlişi sözlər deyil. Elə bilməyin ki, bunun mətləbə dəxli yoxdur. Bizim bir sıra ədəbiyyatşünaslarımız – adlısı da, sanlısı da, onlara inanıb, onlara güvənənlər də 9 yaşında atadan yetim qalan Məhəmmədin Mustafa Lütfinin himayəsində böyüdüyünü yazırlar. Əlbəttə, bu, inandırıcı deyil: Mustafa Lütfi İsmayılov Məhəmmədin yaşıdlarından biridir. Yaşıdını himayəsində böyümək həqiqətə uyğun gəlmir.
Mustafa Lütfi bir müddət Şamaxıda yaxşı müəlimlərdən dərs alandan sonra İstanbula köçmüş, orada Şamaxılıların yaxşı tanıdığı savadlı, adı heç bir yazılı mənbədə çəkilməyən , sənədlərdə göstərilməyən elm ocağında oxumuşdur.
Bizə elə gəlir ki, bu Darüşşəfəq məktəbidir. Belə ki, Mustafa İsmayılov sonralar bu təhsil ocağına bir neçə həmyerlisini oxumağa göndərmişdir.
Rusiya çarının 17 oktyabr 1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi kimi Həştərxana gəlmiş, qısa bir müddətdən sonra- noyabrın 26-da burada “Şurayi- İslam” adlı ictimai-siyasi cəmiyyət yaratmışdır. Mustafa İsmayılov təhsildə tərbiyənin rolunu yüksək qiymətləndirməyə meyilli pedaqoq kimi cəmiyyətin nəzdində “Darül -ədəb” (ədəb evi, ədəb məktəbi”),qızlar üçün “Nümuneyi-tərəqqi” adlı zəmanənin tələb etdiyi yeni tipli məktəb açır.
Mustafa İsmayılov Həştərxanda Azərbaycan dilində qəzet çıxarır. Təəssüf ki, bu qəzetin dilini tədqiq edən Minnulin Bəxtiyar Kimoviç elm aləminə “Bürhani -tərəqqi”ni tatar dilli qəzet kimi təqdim etmişdir.
Qəzetin təsis tarixi 18 yanvar 1906-cı ildən başlayır. “Bürhani-tərəqqi”nin 5 ildə (1906-1911) 146 nömrəsi işıq üzü görmüşdür. “Bürhani-tərəqqi” oxuculara “həftədə bir dəfə çıxan siyasi, ədəbi, iqtisadi türkcə müsəlman qəzetəsidir” kimi tanıdılır.
Qəzetin hər nömrəsi əsasən 4 səhifədir. Bir sıra nömrələri 8 səhifə həcmindədir. Materiallar əksər nömrələrdə 3 sütunda yerləşdirilmişdir.Hər sütunda 40 sətir vardır.(Qəzetin vaxtında çıxması üçün İsmayılov qardaşları ticarətlə məşğul olurdular).
Məktəb və mətbəə işlərinə yardım məqsədilə yaradılan ticarət işlərinə Mustafanın Şamaxıdan Həştərxana gələn kiçik qardaşı rəhbərlik edirdi. İsmayılovlar mağazanı icarəyə götürdüklərindən ticarətdən o qədər də xeyir qazanmırdılar. Onların əsas gəliri yazılanların qalması, məktəblərdən aldıqları təhsil haqları idi.
Mustafa İsmayılov ətrafına ədəbi, elmi və yetkin siyasi savadlı Azərbaycan, tatar, noqay, kumuq gənclərini toplaya bilmişdi. Onlardan – Həbibulla Ömərov, Zahidulla Şərufulin, Qurbanəli Erembetov, Fatix Şammazov və başqaları türk mətbuat tarixində yadda qalan ziyalılardır. Azərbaycan şairi, Mustafanın şamaxılı əqrəbalarından Məhəmməd Hadi Əbdüssəlimzadə də “Bürhani-tərəqqi” qəzetinin yazılmasında və nəşrində haqqı-sayı olanlardandır.
Məhəmməd Hadi Həştərxana Kürdəmirdən getmişdir.
1902-ci il zəlzələsi bütün şamaxılıları yerindən-yurdundan ələk-fələk eləmişdi: Hadi də, mənim babam Rəsul da, onun qardaşı Məcid də – kimi tək, kimi ailəli Şamaxıdan 70 km aralıda- aran zonasında olan Kürdəmirə üz tutmuşdular.Babamgil bir neçə rəs atla (rəs- numerativ sözdür, mal-qara “baş” numerativ sözü ilə, at isə “rəs” sözü ilə işlənir. Məsələn: beş rəs at -N.N.) Türkiyə ilə ticarətə üstünlük vermiş, onların yaxın qohumlarından və dostlarından biri Məhəmməd isə müəllimliyə qərar vermişdir.Mənbələrdə Məhəmmədin o vaxt Kürdəmirin baş kəndi olan Köhnəbazar məktəbində müəllim işlədiyi göstərilir. Köhnəbazar kənd məktəbi Kürdəmirin ilk yeni tipli dövlət məktəbidir.Əsası 1881-ci il fevralın 9-da qoyulmuşdur.
Yeri gəlmişkən qeyd edim ki, 1977-ci ildən başlayaraq, müxtəlif mətbu orqanlarda bu məktəbin tarixi, burada işləyən yüksək pedaqoji təfəkkürlü müəllimlər haqqında yazılar yazılmışdır.Kürdəmirin “İrəli” adı ilə çıxan əyalət qəzetində Köhnəbazar kənd məktəbi – qədim Şirvan mahalının tarixi məktəbi haqqında maraqlı mülahizələrlə zəngin olan müzakirələr başlanmışdır. Müzakirələrdə yerli ziyalılardan Miri Xələfov, Rəşid Fərəcov və başqaları məktəbin tarixinə aid xatirələrin toplanmasında və çap olunmasında fəallıq göstərmişlər. Sonralar – 2011-ci ildə həm Kürdəmirin, həm də Kürdəmirlə əlaqələri olan bölgələrin ziyalıları məzkur məktəbin 130 yaşının faktlar əsasında müəyyənləşdirməsində əməli addımlar atmışlar.
Bu gün Azərbaycan Respublikasında pedaqoji işin əsas sahələrindən olan məktəb tarixinin öyrənilməsi diqqət mərkəzindədir. Həm ərəb, həm də türk dilində gözəl şeirlər yazan Xəlil Əfəndi, Qori Müəllimlər Seminariyasının məzunu Əsədulla bəy Muradxanov, gənc şair Məhəmməd Hadi Əbdüssəlimzadə kimi müəllimləri olan Kürdəmirin ilk dövləti məktəbinin 130 yaşlı yubileyi gec də olsa, rayon səviyyəsində, nəhayət ki, 2012-ci ildə qeyd olunmuşdur. Yubiley tədbirlərinin gücləndirilməsinə böyük köməklik göstərən Təhsil Nazirliyinin mətbu orqanı olan “Təhsil” jurnalının o vaxtkı redaktoru rəhmətlik Malik Novruzovun bu işdə təşəbbüskarlığı da həmişə xatırlanmalıdır.
1906-cı ildə Məhəmməd Əbdüssəlimzadə Həştərxandan qohumu və uşaqlıq dostu Mustafa Lütfi Hacı Sədrəddin oğlu İsmayılovdan iş təklifi olan məktub alır və tərəddüd etmədən şimala-Həşrərxana yola düşür. Ədəbiyyat tarixçilərimizin yazdığına görə, Məhəmməd Hadi bir müddət Mustafa Lütfinin Həştərxandakı öz şəxsi mətbəəsində- “Mizan” mətbəsində çap olunan “Bürhani-tərəqqi”nin müvəqqəti redaktoru omuşdur.ur. Bu işin Məhəmməd Hadiyə tapşırılması Mustafa Lutfinin eyni zamanda bir neçə adda qəzet çıxarılması ilə əlaqəli ola bilərdi. Belə ki,Mustafa Əfəndi İsmayılov” Bürhani-tərəqqi”nin nəşr olunduğu 1906-1911- ci illərdə öz şəxsi mətbəəsində geniş nəşriyyat fəaliyyəti ilə məşğul olması faktlarla sübut olunur. Mustafa Əfəndi İsmayılov “Bürhani-tərəqqi” ilə yanaşı, 1907-1908-ci illərdə “Həmiyyət”, 1908-1909-cu illərdə “Mizan” adlı qəzetlər də çıxarmışdır.Bizə elə gəlir ki, bu qəzetlər də “Bürhani-tərəqqi” kimi, Rusiya müsəlmanlarının əksəriyyətinin başa düşdüyü Azərbaycan dilində çap olunmuşdur. Bu fikri təsdiq etmək üçün mütləq həmin nəşr orqanlarını tapıb oxumaq lazımdır. Yeri gəlmişkən onu da deyim ki, 1886-1890- cı illərdə İstanbulda da “Mizan” adlı türkdilli qəzet nəşr olunmuşdur.
Bakıda -M.F.Axundov adına Respublika kitabxanasında bütövlükdə 146 nömrəsi olan “Bürhani-tərəqqi”nin cəmi 12 nömrəsi saxlanılır. Yəqin ki, İstanbul, Moskva, Sankt-Peterburq, Simferopol, Odessa, Kazan, Həştərxan kimi şəhərlərin arxivlərində “Bürhani-tərəqqi”dən yaxşı xəbər verəcək sənədlər çoxdur. Odur ki, tədqiqatı genişləndirmək, bu işi sistemli şəkildə öyrənmək lazımdır.
Məhəmməd Əbdüssəlimzadə qohumu Mustafa İsmayılovun xahişi ilə 1906-cı iln mayında Həştərxana gedir, setyabrın ortalarına qədər “Bürhahi-tərəqqi” qəzeində və “Darül-ədəb”də işləyir.
Görünür, “Şurayi-islam” cəmiyyətinin üzləri arasında fikir birliyi tez-tez pozulduğuna görə, Bakıdan “Həyat” qəzetinin redaktoru Əli bəy Hüseynzadədən “Füyuzat” jurnalında işləmək dəvəti alan kimi Məhəmməd Hadi Bakıya qayıdır.
Məhəmməd Hadi “Bürhani-tərəqqi”də keçdiyi tarixi ədəbi-publisistik dərslərini “Füyuzat” jurnalında davam etdirir.Məhəmməd Əbdüssəlimzadənin “Bürhani-tərəqqi”də çıxan bir şeiri “Dəbistan” jurnalının
6 avqust 1906-cıil tarixli nömrəsində ” “Bürhani-tərəqqi”dən” qeydi ilə çap olunmuşdur. “Lövheyi-təsviri-maarif” adı ilə oxuculara təqdim olunan bu şeir dördlük şəklindədir,
18 bənddir. Sonuncu bəndə bir beyt əlavə olunmuşdur.Vətən övladına müraciətlə başlayan bu şeir oxucunu maarif məsələlərinə xüsusi diqqət verməyə çağırır:
Maarif bir həqiqətdir, silər mirati-idraki,
Maarif bir ziyadır ki,qılar tənvir vicdani.
Maarif vaqif eylər şəxsi əsrari-xəfayayə,
Maarif kəşf edər insanə mənizari-imkani.
Köməyinə, bilik və bacarığına güvəndiyi Məhəmməd Hadinin Bakıya qayıtması Mustafa İsmayılovun qəzetçilik fəaliyyətini çətinləşdirir. Şurayi-islam” cəmiyyətinin üzvləri arasında yaranan qarşıdurmanı sakitləşdirmək üçün Bakıdan Həştərxana gedən Əlimərdan bəy Topçubaşov əməl və əqidə dostlarını barışdırmaq istəsə də, istəyinə nail ola bilmir. 1908-ci il yanvarın 22-də Mustafa İsmayılov panislamizm ideyalarını yaydığına və xalqı hakimiyyətə müqavimət göstərməyə çağırdığına görə həbs edilir. O, martda polis nəzarətində caxlanmaq şərti ilə azadlığa buraxılır.
1909 -cu ildə “fars inqilabçılarına kömək etdiyinə görə” Nəriman Nərimanov Metex qalasından – həbsdən çıxarılaraq, Həştərxana sürgün edilir.
N.Nərimanov Hətərxanda yaxşı qarşılanır. “Bürhani -tərəqqi” qəzetinin birinci səhifəsində ən bahalı reklam yerində onun gəlişi ezop manerası ilə oxucularıa bildirilir:
“Müsəlman doqtoru Nəriman bəy Nərimanov daxili və qadın xəstəlikləri olanları hər gün qəbul edir. Qəbul səhər saat 9-dan 12-dək,axşam saat 5-dən 7-yədəkdir.
Ünvan : Köhnə Dəmirçi küçəsi, № 28.Velosiped klubunun arxa tərəfində”.
Azərbaycan və rus dillərində olan bu elan qəzetdə üç ay davam edir. Elandan sonra ərazinin türkdilli və rusdilli vətəndaşları N.Nərmanovun hüzuruna axışır.
Yeri gəlmişkən qeyd edim ki,”Bürhani- tərəqqi” müəyyən çətinliklərlə çıxırdı. Bu, ən çox qəzetin hər yazısının diqqətlə araşdırılması və bu aradırmaların üzə çıxardığı faktlarla ilgili idi. Qəzetin nömrələrinin ləngidilməsi hökumət tərəfindən təyin edilmiş cenzorun və quberniyada tatar dilində çap olunan qəzet, jurnal və ədəbiyyat materiallarının tərcüməçisi, Həştərxandakı rus-tatar məktəbinin rus dili müəllimi İsak İsgəndərovun hakim dairələrə yaxınlığı ilə bağlı idi.
İ.İsgəndərovun əsas hədəfi “Şurayi-islam” və o bu cəmiyyətin məktəbi “Darül-ədəb” idi. 1910-cu ilin fevralında Mustafa İsmayılov “Darül-ədəb”dən uzaqlaşdırılır.
1911-ci ilin iyununda “Bürhani-tərəqqi” qəzeti bağlanır. Vəsait olmadığını bəhanə edərək, 1911-ci ilin sentyabrından “Darül-ədəb”ə şagird qəbulu dayandırılır.
Bəzi müəlliflərin yazdığına görə “Bürhani -tərəqqi” bağlanandan sonra Mustafa İsmayılov Qafqaza qayıdır. Bu, faktlarla təsdıq olunmur. Əgər bu fikir doğrudursa, Mustafa İsmayılovun yaşadığı konkret məkanı tanımaq maraqlı ola bilərdi.
1914-cü il martın 14-də Həştərxan qubernatoru Mətbuat üzrə Baş İdarəyə göndərdiyi 2391 №-li məktubunda Mustafa İsmayılova gündəlik “Haqq” qəzeti çıxarmağa icazə verdiyini yazmışdır. Qəzet Mustafa İsmayılovun öz şəxsi mətbəəsində yox, evinə yaxın mətbəələrin birində çıxır. “Haqq” qəzeti əvvəllər hər gün , sonralar isə həftədə 2-3 dəfə çıxmışdır.Lütfi Mustafa İsmayılovun (Şirvanskinin ) sonrakı taleyindən xəbərsizik.
Tədqiqat davam edir.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü, Respublika Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi. türkoloq
Bakı,
09.03.2014 – 27.10.2019.
Ədəbiyyat
1.”Bürhani-tərəqqi” qəzetinin nömrələri. 1910-cu il, № 110; №112-117; №119-124,
1911-ci il, № 141
2.Yaşar Кarayev,Yavuz Akpinar. Mehmed Hadi-Azebaycanlı şair
3.Yavuz Akpinar. Muhammed Hadinin Bilinmeyen bir şeiri:
”Kahraman Türk Askerlerine”
4.Türk dünyasının Məşhurları-48. Mustafa Lütfi Şirvanzade
5.Марина Имашева. Турецкое влияние в младотатарском движении мусульман Астраханской губернии (1906-1913)
6.Миннулин Бахтияр Кимович. Язык газеты ” Борхане Таракки”(1906-1911). Автореферат дисс.к.ф.н.Казань-2010