GenelGüncelKültür SanatTürk Dünyası

Azərbaycanın İstiqlal Bəyannaməsi

Sənan Qacar/Azerbaycan

Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız qarşısında ən böyük xidməti ondadır ki, qısa müddətli fəaliyyəti dövründə Azərbaycanın müstəqilliyini elan etmiş, xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu sübuta yetirmişdir.

İstiqlal bəyannaməsi necə meydana gəlmişdir?

Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və Oktyabr inqilabının qələbəsi nəticəsində Petroqrada gedə bilməmiş Zaqafqaziya xalıqının nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşır və Zaqafqaziya ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar. Azərbaycan nümayəndələrinin təkidilə Zaqafqaziya Seymi aprelin 9-da Zaqafqaziyanın suverenliyini və Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti yaradıldığını elan edir. Lakin Seymdə iştirak edən Zaqafqaziya xalqının – azərbaycanlı, gürcü və erməni nümayəndələri daxili ziddiyyətlər və xarici siyasət məsələlərindəki əksliklər ucbatından ümumi dil tapa bilmirlər. Nəticədə Zaqafqaziya Cümhuriyyətinin yaranması daxili və xarici siyasət sahəsinə heç bir dəyişiklik gətirmir.

Zaqafqaziya Seymində və hökumətində fəaliyyət göstərən bu üç  millətin nümayəndələrindən hər biri öz millətinin mənafeyini ümumzaqafqaziya mənafeyindən üstün tuturdu. Onların ümumi platforması yox idi. 1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirilir. Gürcü nümayəndələri Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da Gürcüstanın istiqlaliyyətini elan edirlər.

Gürcülərin ardınca, Zaqafqaziya Seyminin dağılmasında «xüsusi xidmətləri» olmuş ermənilər də öz istiqlaliyətini elan etməyə hazırlaşırlar. Belə bir şəraitdə Zaqafqaziya Seyminin müsəlman fraksiyası da hərtərəfli müzakirədən sonra qərara gəlir ki, «əgər Gürcüstan istiqlaliyyətini elan edərsə, onda bizim tərəfimizdən də Azərbaycanın istiqlaliyyəti elan olunmalıdır».

Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökumətini yaratmaq üçün Seymin bütün azərbaycanlı nümayəndələri Tiflisdə toplanırlar. Ətraflı müzakirədən sonra onlar belə ağır zamanda Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürürlər. Həmin nümayəndələrdən ibarət Azərbaycan Milli Şurası yaradılır. Bu iclasda Milli Şuranın rəyasət heyəti seçilir. Görkəmli siyasi xadim və publisist Məmməd Əmin Rəsulzadə gizli səsvermə yolu ilə Azərbaycan Milli Şurasının sədri seçilir.

Ertəsi gün, may ayının 28-də keçmiş Qafqaz canişininin iqamətgahında doktor Həsənbəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirilir. Bu iclasda müzakirə edilən ən mühüm məsələ Seymin buraxılması və Gürcüstanın istiqlaliyyətinin elan edilməsi ilə bağlı Azərbaycanın vəziyyəti idi. Milli Şuranın üzvü Xəlilbəy Xasməmmədov bu məsələ haqqında məruzə edərək təxirə salınmadan Azərbaycanın müstəqilliyinin elan edilməsini əsaslandırır. Uzun və hərtərəfli müzakirədən sonra Milli Şura Azərbaycanın istiqlaliyyətinin elanı haqqında qərar qəbul edir və altı bənddən ibarət «İstiqlal bəyannaməsi» elan olunur. Bu sənədi o dövrdə «Əqdnamə» və ya «Misaqi – milli» də adlandırırdılar. Bəyannamədə deyilirdi:

«Böyük Rusiya inqilabının cərəyanında dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcüb bir vəziyyəti – siyasiyyə hasil oldu. Kəndi qəvayi – məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqaye – siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti cüzindən çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü.

Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya Cənub-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq məzmununu təlqin ediyor.

Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurayi-milliyeyi islamiyyəsi bütün cəmaətə elan ediyor ki:

1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənub-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqərrür ediyor.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərə münasibəti-həsənə təsirinə əzm ediyor.

4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.

5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.

6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurayi-milliyəyə qarşı məsul hökuməti – müvəqqəti durur».

İclasda iştirak edən bütün Milli Şura üzvləri «İstiqlaliyyət bəyannaməsi»ni ayaq üstündə dinləyirlər. Bəyannamənin qəbulundan sonra Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətini təşkil etməyi şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırır. Bir saatlıq fasilədən sonra, Fətəli xan Xoyski Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk tərkibini təqdim edir və ətraflı müzakirədən sonra müstəqil Azərbaycan hökumətinin ilk heyəti təsdiq olunur.

«İstiqlal bəyannaməsi»ni, Azərbaycan Milli Şurasının yaradılmasını və hökumətinin təşkilini, onların məqsəd və vəzifələrini izah etmək məqsədilə Zaqafqaziyanın azərbaycanlılar yaşayan şəhər və qəzalarına nümayəndə heyətləri göndərmək qərara alınır. N.Yusifbəyli, Ş.Rüstəmbəyov və doktor X.Sultanovdan ibarət ilk nümayəndə heyəti Gəncəyə göndərilir.

May ayının 30-da Azərbaycanın istiqlaliyyətinin elanı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə Nazirlər Şurasının sədri F.Xoyski tərəfindən imzalanan məlumat radioteleqrafla dünyanın bütün siyasi mərkəzlərinə – London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Moskva, Roma, Vyana, Buxarest, Tokio, Haaqa, Kopenhagen, Stokholm və b. şəhərlərinə rəsmi bəyanat verilir. Bəyanatda deyilirdi: «Gürcüstanın itthaddan çıxması üzərinə Məvərayi-Qafqaz Müttəhid Cümhuriyyəti inhilal eyləmişdir. Şəhri-halin 28-ci günü əqdi-ictimai edən Azərbaycan Şurayi Milliyəsi Məvarayi-Qafqazın Cənub-Şərqisindəvaqe olan Azərbaycan Xalq Cümhuriyyətini təşkil eyləmişdir. Keyfiyyətdən hökuməti – mətbuənizin xəbərdar edilməsini surəti məxsusda rica eylər və ehtiraməti – faiqəmi təqdim ilə kəsbi şərəf edərəm. Hökumətin şimdilik məqərri müvəqqəti Yelizavetpoldur. 30 mayıs 1918. Azərbaycan Cümhuriyyəti məclisi-nüzzar rəisi Xoyski» 

Azərbaycanın istiqlaliyyətinin elanı və Xalq Cümhuriyyətinin yaradılması xalqımızın taleyində tarixi hadisə idi. M.Ə.Rəsulzadə bu barədə sonralar belə yazırdı: «28 mayıs 1918-ci il Bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-Milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beyləki, Azərbaycan kəlməsi sadə coğrafı etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq siyasi bir aləm olmuşdur».

Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb tarixi şəraitdə meydana gəlmişdi. Azərbaycan neftinə sahib olmaq bütün dövlətlərin ən ümdə arzusu idi. Sovet Rusiyası isə Bakı neftini və Azərbaycanı heç cür əldən vermək istəmirdi. Bunun nəticəsi idi ki, 1920-ci il aprelin 27-də XI Qırmızı ordu Azərbaycan sərhədlərini keçərək Bakını, sonra isə bütün Azərbaycanı işğal etdi. İstiqlal bəyannaməsi ilə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Cümhuriyyəti xalqımızın milli mənlik şüurunun oyanmasında, onun ictimai fikir tarixində, Azərbaycan xalqının dövlətçiliyi və suverenliyinin bərpası yolunda şərəfli yer tutur.

Ataxan Paşayev

Milli Arxiv İdarəsinin rəisi, 

Tarix elmləri doktoru

Azərbaycanın İstiqlal Bəyannaməsi
Azərbaycanın İstiqlal Bəyannaməsi


Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest