GenelGüncelKırım TarihiKültür Sanat

Azərbaycan yazıçısı Yusif Vəzirov və Kırım tatarlarının Millet qəzeti

Kırım tatarlarının “Millət” qəzetinin (1917-1920) müxbirlərindən biri olan azərbaycanlı Yusif  Vəzirovun kölgədə qalan yazıları

  Görkəmli söz ustası Yusif Vəzir Çəmənzəminli  (1887-1943) Ukraynada ali təhsil alarkən rus və Azərbaycan dillərində mətbuatda bir sıra yazılarla  cıxış etmiş, ədəbiyyat  və  ictimai fikir tariximizdə  özünəməxsus yer tutmuşdur. Bu, bir tərəfdən ədəbi ictimai fəallıq, digər tərəfdən isə kasıb həyat tərzini yaxşılaşdırmaq kimi qiymətləndirilə bilər.
 Yusif Vəzirov Şuşada rüşdiyyə məktəbini bitirdikdn sonra Bakıya gəlmiş, vaxtilə H.Məlikov-Zərdabinin müəllimlik etdiyi Bakı Real Məktəbinə daxil olmuşdur. O,1909-cu ildə Bakı Real Məktəbini qurtarıb, ali təhsil almaq məqsədilə Peterburqa yola düşür. Lakin son məqamda riyaziyyat fənninin qorxusundan   fikrini dəyişir, bir ildən sonra Kiyev Universitetinin hüquq fakültəsinə daxil olur. Müharibə şəraitinə görə bir müddətdən sonra  Kiyev Universitetini  çəbhə bölgəsindən uzağa -Saratov şəhərinə köçürürlər. Yusif Vəzirov  1915-ci ildə Kiyev Universitetini Saratov şəhərində qurtarır və bu şəhərdə öz ixtisası üzrə işə düzəlir. Saratovdakı ağır həyat tərzinə,əmək haqqının azlığına görə Y.Vəzirov  Kiyevə qayıdır.O,  burada “Zemstvo” təşkilatına daxil olur və cəbhəyə gedir. Y.Vəzirov  bir müddətdən sonra cəbhədən yenidən  Kiyevə qayıdır, burada  azərbaycanlı gəncləri ətrafına toplayıb, cəmiyyət yaradır. O, Azərbaycan  Demokratik Cümhuriyyətinin Ukraynadakı nümayəndəsi təyin olunur. 1918-ci ildə  Kiyevdə  vətəndaş qarşıdurması yarananda Y.Vəzirov  Simferopola köçür  və burada Ədliyyə Nazirliyində hüquq məsləhətçisi vəzifəsinə işə düzəlir. Y.Vəzirov 1917-ci iliyunun 27-də tatar dilində  nəşr olunmağa başlayan  “Millət” qəzetində əməkdaşlığa başlayır.  “Millət” qəzetinin biblioqrafik göstəricilərinə əsasən demək olar ki, Y.Vəzirovun burada  30-a yaxın məqaləsi,elmi səciyyəli yazıları, silsilə felyetonları (qəzetin 2-civə 3-cü səhifələrində ictimai-siyasi mövzulara aid yazıları )çap olunmuşdur.

   “Millət” qəzeti haqqında qısa arayış. 

    İlk nömrəsi 20 ramazan 1335-ci ildə( miladi tarixlə 27 iyun 1917-ci ildə nəşr olunmuşdur. 1917-ci ildə qəzetin 140 nömrəsi  çap olunmuşdur.Əksər nömrələri
4 səhifəlikdir. Arxivlərdə 1917-ci ilə aid 24-cü nömrə hələlik tapılmamışdır.  Nəşr ardıcıllığına görə bu nömrənin ya iyulun 28- də , ya da 29-da   çıxdığını söyləmək olar. 1917-c- ilə aid son nömrə dekabrın 30-da çıxmışdır.

   1918 -ci ildə  “Millət” qəzetinin  183 nömrəsi işıq üzü görmüşdür. Bu nömrələrin müəyyən sayları itmişdir ki, bu da müasir tədqiqatçıların  işini xeyli çətinləşdirmişdir.
   1919-cu ildə qəzetin 77 nömrəsi çıxmışdır.
    Arxivlərdə  “Millət” qəzetinin 1920-ci ilə aid  30-a yaxın nömrəsi vardır. Beləliklə, 4 il ərzində “Millət” qəzetinin  430-dan artıq nömrəsi türkdilli oxuculara ünvanlanmışdır.
    1917-1919-cu illərdə qəzetə naşir və yazıçı Əli Səbri Eyvazov,sonralar isə O.Murasov, A.Özənbaşlı  və  A. Lətifzadə  rəhbərlik etmişlər.
   “Millət” qəzeti cümə və bayram günləri ertəsindən  başqa hər gün çıxan siyasi, ictimai,iqtisadi və ədəbi milli  qəzetdir. Redaksiya Teatr döngəsində (dalanında) idi. Qəzet “Millət” tipoqrafiyasında çap olunurdu. Qəzetin illik abunə qiyməti 14 rubl, 6 ayığı  8 rubl,3 aylığı-5 rubl, 1 aylığı isə -1rubl  75  qəpik idi.
   “Millət” qəzetinin hürufatı sifariş verilərək İstanbuldan gətirilmişdi.
   Maraqlı olmaqdan ötrü ilk nömrədəki bəzi yazıları oxucuların diqqətinə çatdırırıq.
    Birinci nömrə  redaktor Ə.S.Eyvazovun “Tutduğumuz yol” adlı   özünütanıtma  baş  məqaləsi ilə açılır: “Bu gün Kırım yarımadasının  siyasi mərkəsi olan Ağməsciddə  “Millət” namilə  asmağa müvəfəq olduğumuz  bayrağın  üzərində möhtərəm şairimiz Fikrətin (türk şairi Tofiq Fikrət-N.N.) şu sğzləri yazılmışdır:

 Millət yolu,həqq yoludur tutduğumuz yol!…”.

 Cəfər Seyid Əhmədin   “Millətə” yazısı  bu cümlə ilə başlayır:” Millət” bu gün millətin həqqini, səadətini müdafiə edə  bilmək məqsədilə siyasət dünyasına çığıyor”
  “Mazidən istiqlalə toğru” yazısının müəllifi Məhəmməd Rüfətovdur.
  Qəzetin ən fəal müxbirlərindən biri olan Məhəmməd  Kirmənçiklinin  “Son söz” adlı  10 bəndlik şeiri redaksiyanın xüsusi qeydi ilə verilmişdir:”Bu şeir Ağməsciddə və Bağçasarayda  yayılmış tatar milli  aqşamlarında  şair  Cəmil Əfəndi tərəfindən  oqulamış və millətin şiddətli  alqışlarına  məzhər   ( təcəssüm-N.N.)    olmuşdur”.
  Qəzetin 3-cü səhifəsində  müxtəlif yerlərdən alınmış xəbərlər  yerləşdirilmişdir.
   4-cü səhifə bütöv şəkildə  VƏQFLƏR İDARƏSİNİN RƏİSİ Cəfər Seyid Əhmədin sərlövhəsi  rus   qrafiksı ilə yazılmış ” ЗАЕМЪ СВОБОДЫ”(Hürriyyət istiqrazı) adlı yazısına həsr edilmişdir.

   “Millət” qəzetində bizim üçün ən maraqlı  səhifələr Yusif Vəzirovla ilgili  olanlardır.

     Yusif  Vəzirovun “Millət”dəki ilk yazısı “Millətə doğru”adı ilə verilmiş silsiləli yazıdır. Silsilənin ilk yazısı  1918-ci il iyunun 6-da (N39), ikncisi iyunun 9-da (N41), dördüncüsü iyunun 12-də( N 44)çap olunmuşdur. Silsilənin 3-cü ləçəyi  arxivlərdə hələ ki yoxdur.
    Yusif Vəzirovun “Ərzaq məsələsi” məqaləsi  “Millət” qəzetinin 24 iyun 1918-ci ildəki 54-cü nömrəsində dərc  olunmuşdur.Bizə elə gəlir ki, bu məqalə də  silsiləli məqalədir.Çox güman ki, qəzetin itib batmış nömrələrində bu yazının  digər silsilə halqaları vardır.
  31 yaşlı  gənc hüquqşünasın “Millət üçün” silsilə yazısı qəzetin üç nömrəsində dərc olunmuşdur(N81,2 avqust, 1918; N83, 5 avqust 1918-ci il; N 84,  6 avqust 1918.-ci il).
   Yusif Vəzirovun  “Millət”dəki məqalələrini bizə məlum olan ardıcıllıqla sadalayırıq.
   “Böyük hastalik”-N 99, 100,101.
    “Milli aqşamlar”- N 102,27 avqust 1918-ci il.  Bu yazının davamı “Millət “qəzetinin 30 avqust tarixli 105-ci  nömrəsində çap olunmuşdur.
    Yusif Vəzirov  “Bakı qurtuldu” adlı yazısını  qəzetin  29 avqust 1918-ci il tarixli  nömrəsində çap etdirmişdir. Müəllif bu yazısını “Y” imzası ilə çap etdirmişdir.
    Yusif  Vəzirovun  “Millət” qəzetinin 3 sentyabr 1918-ci il tarixli 108-ci nömrəsindəki məqaləsi “Hesabat” adlanır.
    “Azərbaycan və azərbaycanlılar” məqaləsi Yusif Vəzirovun “bəy” titulu ilə dərc etdirdiyi silsilə məqalələrindəndir. “Yusif-bek Vezirov” imzası ilə çap olunan bu  silsilə-məqalə  5 hissədən ibarətdir:
     1) N     111   (06.09.1918)
     2) N     113   (09.09.1918)
     3) N     114   (10.091918)
     4) N     115  (11.09.1918)
     5) N     116  (12.09.1918)

 Yusif Vəzirov “Şeir” adlı məqaləsini   qəzetin 13.09.1918-ci il tarixli 117-ci nömrəsində çap etdirmişdir.
 Yusif Vəzirovun “Haq səs” məqaləsi eyni adlı qəzetin nəşrə başlaması ilə ilgilidir.(08.12.1918-ci ilin dekabrında yazılmışdır.(N171,   11.12.1918-ci il;  
  N176,     18.12.1918-ci il ).


   1919-cu  ilin yanvarında  “Millət” qəzetində  Yusif Vəzirovun  3 yazısı ilə rastlaşırıq. 
     1) N 6  –    06.01.1918,- “Əsgər məsələsi”
     2) N 7      -07.01.1918-  “Rusiya və  müttəfiqlər”
     3) N 8       09.01.1919-  “Ədliyyə müdirliyində islahat”


1918-ci ilin fevralın əvvəllərində Yusif Vəzirov yenə də bəy qüruru ilə əsərlər yazmağa başlayır. O, bu mövzuda yazdığı bütün əsərlərini “Yusif  bəy Vəzirov”imzası ilə yazır.
       1)Litvaniya tatarları.Felyeton  (ictimai mövzu-N.N.)-03.02.1919, N28
       2)Litvaniya tatarları ( davamı) 05.02.1919, N29
       3)Litvaniya tatarları   (davamı)   06.02.1919, N30
       4)Litvaniya  tatarları  (davamı)  07.02.1919, N31
       5)Litvaniya tatarları   (davamı)  16.02.1919, N 38.
 “Millət” qəzetinin 40-ci –   (18.02.1919-cu il);   
                                41 ci  –  ( 19.02.1919-cu il);
                                42-ci –  (20.02.1919-cu il)-nömrələrində də bu mövzu davam etdirilmişdir.

   Yusif Vəzirovun “Millət” qəzetindəki  sonuncu məqaləsi 1919-cu il  fevralın 28-də   (N 48)  “Y.V” imzası ilə   çap etdirdiyi “Peroqor komandanının əmri”dir.

     “Millət” qəti  ilə tanışlıqdan sonra , inanmaq olur ki, qəzetin bütün   nömrələrinin  diqqətli və elmi təhlili nəticəsində  bir sıra maraqlı materiallar üzə çıxacaqdır.


                Ədəbiyyat siyahısı

1.”Millət” qəzeti,1917-1920-ci illərə aid  nömrələr.   

2.Yusif Vəzir Çəənzəminli.Ə.sərləri,     I  cild.  Bakı,1966.

3.Yusif Vəzir Çəmənzəminli.  Müstəqilliyimizi istəyiriksə…Bakı,1994.

Pin It on Pinterest