Azərbaycan Senegal diplomatik tarixi
Bakı və Dakar arasında yeni diplomatik mərhələ
Kırımınsesi Gazetesi, beynəlxalq əlaqələrin dinamik şəkildə inkişaf etdiyi bu dövrdə, Azərbaycan ilə Seneqal arasındakı diplomatik və iqtisadi tərəfdaşlığın yeni bir müstəviyə qədəm qoyduğunu oxucularının diqqətinə çatdırır. İki qitəni birləşdirən bu strateji əməkdaşlıq, regionda yeni imkanların qapısını açır.
Seneqal–Azərbaycan Əməkdaşlıq Şurasının əlaqələndiricisi, “Tərəqqi“ sosial-iqtisadi araşdırmalar İctimai Birliyinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) və Qərbi Azərbaycan İcmasının fəal üzvü Fərid Mustafayev iki ölkə arasındakı münasibətlərin tarixi köklərinə və gələcək perspektivlərinə dair mühüm qiymətləndirmələr edib. Diplomatik əlaqələrin gücləndirilməsi istiqamətində atılan addımlar, həm Afrika, həm də Cənubi Qafqaz regionunda iqtisadi layihələrin canlandırılmasını hədəfləyir. Sosial-iqtisadi araşdırmalar işığında qurulan bu körpü, ticarət, mədəniyyət və humanitar sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın əsasını möhkəmləndirir.

Azərbaycan–Senegal diplomatik tarixi
Afrika dövlətləri beynəlxalq təşkilatlarda geniş təmsilçilik imkanlarına malik olmaqla yanaşı, siyasi, iqtisadi və humanitar əməkdaşlıq baxımından da mühüm tərəfdaş hesab edilir. Bu baxımdan Qərbi Afrikanın sabit və nüfuzlu dövlətlərindən biri olan Seneqal Respublikası Azərbaycan diplomatiyasının diqqət yetirdiyi ölkələr sırasındadır. Azərbaycan–Seneqal münasibətləri böyük iqtisadi dövriyyə ilə xarakterizə olunmasa da, siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, çoxtərəfli diplomatiya və gələcək iqtisadi əməkdaşlıq imkanları baxımından xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında diplomatik münasibətlərin başlanğıcı 1996-cı ilə təsadüf edir. Azərbaycan Respublikası ilə Senegal Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Protokol 1996-cı il martın 14-də imzalanmışdır. Bu sənəd iki dövlət arasında rəsmi münasibətlərin hüquqi əsasını təşkil edir və o vaxtdan bəri əlaqələr müxtəlif istiqamətlərdə tədricən genişlənmişdir. Hazırda hər iki dövlətin digərinin ərazisində daimi səfiri yoxdur, yəni qarşılıqlı təmsilçilik rezident olmayan formada həyata keçirilir. Azərbaycan Prezidentinin 2012-ci il dekabrın 11-də imzaladığı 2587 nömrəli Sərəncamla Azərbaycanın Senegaldakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Tariq İsmayıl oğlu Əliyev təyin olunmuşdur. Eyni zamanda Senegalın Azərbaycanda səfirlik açması planlaşdırılır, bu addım iki ölkə arasında birbaşa diplomatik kanalın gücləndirilməsinə xidmət edəcək. Münasibətlərin inkişafında qarşılıqlı səfərlər və görüşlər mühüm rol oynayıb. 2008-ci il yanvarın 29–31 tarixlərində Senegal Prezidentinin İcraat Aparatının Baş katibi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Agentliyinin İcraçı direktoru A. Balde başda olmaqla nümayəndə heyəti Azərbaycana səfər edib. Səfərin əsas məqsədlərindən biri Dakarda 2008-ci il martın 13–14-də keçirilmiş XI İƏT Sammitinə Prezident İlham Əliyevi dəvət etmək idi. 2018-ci il sentyabrın 28-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Senegal Xarici İşlər və Xaricdə Yaşayan Senegallılar naziri Sidiki Kaba ilə görüşüb. Görüş çərçivəsində ikitərəfli münasibətlərin perspektivləri müzakirə edilib. İki dövlət arasında siyasi dialoq beynəlxalq təşkilatlar çərçivəsində də davam edir. BMT və İƏT platformaları bu əməkdaşlığın əsas məkanlarındandır. Diqqətəlayiq faktlardan biri budur ki, 2008-ci il martında Senegal hökuməti BMT Baş Assambleyasının gündəliyində duran “Azərbaycanın işğal altındakı ərazilərində vəziyyət haqqında” qətnamə layihəsinə səs verərkən Azərbaycanın mövqeyini dəstəkləyib. Mədəniyyət sahəsində əlaqələr 2014-cü ildə yeni mərhələyə qədəm qoyub: o il noyabrın 12-də Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Senegal Mədəniyyət naziri Serin Mamadu Busso Leye ilə görüşüb və ikitərəfli mədəni əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Senegal nümayəndələrinin Bakıda keçirilən beynəlxalq tədbirlərdə fəal iştirakı diqqəti çəkir. 2009-cu il oktyabrın 13–15-də Senegal Mədəniyyət Nazirliyinin texniki müşaviri Mame Balla Mbake İƏT-ə üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransında iştirak etmək üçün Bakıya gəlib. 2013-cü il aprelin 23–26-da isə Senegalın səyahət və ictimai təhlükəsizlik departamentinin baş direktoru Babakar Tiam İƏT-ə üzv ölkələrin Əmək nazirlərinin ikinci görüşündə iştirak edib. Praktiki əməkdaşlığın bir nümunəsi gömrük sahəsində qeydə alınıb. 2016-cı il mayın 18–19-da Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Senegala rəsmi səfər edib və bu səfər zamanı gömrük əməkdaşlarının potensialının artırılmasına dair qarşılıqlı yardım sazişi imzalanıb. Bu sənəd iki ölkə arasında inzibati və institusional səviyyədə əməkdaşlığın artmasına şərait yaradıb. Yığcam coğrafi məsafəyə baxmayaraq, Azərbaycan ilə Senegal arasında otuz ildən artıq müddətdə formalaşan əlaqələr siyasi dialoqdan tutmuş mədəniyyət, gömrük və beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığa qədər müxtəlif sahələri əhatə edir. Hər iki dövlət üçün İƏT platforması ortaq maraqların müzakirə olunduğu əsas məkan rolunu oynayır, BMT çərçivəsindəki qarşılıqlı dəstək isə diplomatik münasibətlərin praktiki nəticələrindən biri kimi qiymətləndirilə bilər. Rezident səfirliklərin açılması gələcəkdə əlaqələrin daha sıx və sistemli xarakter almasına töhfə verə bilər.
Fərid Mustafayev
Seneqal Azərbaycan Əməkdaşlıq Şurası üzrə əlaqələndirici şəxs, “Tərəqqi“ sosial-iqtisadi araşdırmalar İB-nin sədr müavini, Yeni Azərbaycan partiyasının üzvü, Qərbi Azərbaycan İcmasının üzvü

