Genel

Aysel Xanlarqızı Səfərli – Şeirlər

Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan

Aysel Xanlarqızı Səfərli
Şeirlər

İnsan adlı oyuncağam…

Sağ qaldığım savaşlarda,
Zirvəsi talanmış dağam.
Heykəlinə şeir yazan,
İnsan adlı oyuncağam.

Nə təpətək təpə oldum,
Bir zirvə oldum “quşqonan”.
Məni anam doğmadı ki,
Bir daşdan yondu daşyonan.

Dua etdim, şam alışdı,
Yandı içimdə məbədim.
Ay işığına aldandım,
Söndü günəşim əbədi.

Yuvasız, köçəri qəlbim,
Qəfəsdə etdi intihar.
Soruşma məndən halımı,
Gözüm qəm dolu intizar.

Uzaq gəz məndən,İlahi,
Bulaşma insan kirinə.
Yalanla qohum olandan,
Şərikəm dünya sirrinə.

Soruşma məndən halımı,
Necəyəm,deyə bilmirəm.
Soyunmuşam sevincimi,
Əynimə geyə bilmirəm..

Şairim

Sən hər beyt titrədikcə içimdə,
Failatün failatün faülün…
Qəliblərə sığmıram,
Sənə olan duyğuları
Misralardan yığmıram.
Şeir-şeir yaşadıqca
sevgini,
ölçülərə baxmıram…

Tutub ilham pərisini
Dizi üstə çökdürürəm.
Sətirlərin qarşısına,
Heca-heca eşq səpirəm.
Duyğuları günəş- günəş

doldururam qələmə…
Çiçəklərin ruhunu
Çəkirəm söz şirəmə,
səni hər an
eşq-eşq doğub şeirimə,
Şairim!..
Nə bölgüm var, nə qəlibim,
gəl ömrümə,
Failatün, failatün, faülün…

Sənin pəncərəndə…

İslanıb ayağı yenə şəhərin,
Göylərin səhəngi yerə dağılıb.
Gecəni narahat keçirib Allah,
Səmada bir qara bulud boğulub…

Küçələr çırmanıb topuğa kimi,
Yolların qolu yox çamur götürə…
Ele isladıb ki məni bu həyat,
Ehtiyac qalmayıb daha çətirə.

Gecəsi mənimlə nəmlənən şəhər,
Günəşi çiyninə atacaq səhər.
Gəmisi tufanda batan ümidəm,
Gözümü limantək sevir dənizlər.

Zülməti qoynuna alan otağım,
Birtəhər yuxuya verər kədəri…
Mənim pəncərəmdə şimşəktək çaxar,

Sənin pəncərəndə yağar gözlərim…

Dərviş ömrü

Mənimki dərviş ömrüdür,
Varlığıma dar gəlirəm.
Həyatımı başdan yazıb,
Taleyinə sirr gəlirəm.

Gəl pirim ol, duan olum,
Bir udumluq havan olum.
Eşqə tərəf gəlir yolum
Dur ayağa, dur, gəlirəm.

Qarmağı sevən balığam,
Səndən qalan tək qalığam.
Gör necə xarabalığam,
Bizə yuva qur, gəlirəm.

Kədər gözlərimdə pərdə,
Həsrət danışıram dərdə.
Ayı qopar gecələrdən,
Saçlarıma vur, gəlirəm.

Gözlərimdən sevgi qoxla,
Ürəyimi məhkum saxla.
Bir gecəni eşqle yoxla,
Saatını qur,gəlirəm.

Bir şəkillik…

Bir şəkillik ömür olum,
Bezdirim dar çərçivəni.
Divarlar yaşaya bilsin,
Sən yaşaya bilmə məni.

Boylanım fərqli rənglərdən,
Gördüyümə keçmiş deyim.
Mənə ağ rəng ömür seçən,
Başqa bir rəng seçmiş deyim.

Çərçivələr assın məni,
Divar çəksin çarmıxına.
Sular boğan balıq olum,
Sevilim dərd qarmağında.

Yaşanım bir çərçivəlik,
Divarlarda bəzək kimi.
Hərdən eşqin rəsmin çəkən,
Tozun alsın xatirəmin.

Saatı qurub ölümə,
Zamanın durum qəsdinə.
Başım Allahın dizində,
Ayağım göyün üstündə.

Bir şəkillik ömür olum,

Bezdirim dar çərçivəni.
Divarlar yaşaya bilsin,
Sən yaşaya bilmə məni…
Ağlayım

Sənə məhkum qəfəsimdə,
Ömürlük qalsam bəsimdi.
Ver bir qurtum nəfəsindən
saxlayım…

Ahlar doluşmus köksümlə,
Tükənmiş,zəif səsimlə,
Gözlərimi son əksinlə,
bağlayım…

Tutub bir ömür yasını
Ruhun susmuş duasının.
Ver,ölumun havasını
qoxlayım…

Həsrətimin dərd yerində,
Bir qəm gizlənib dərində.
Gəl,öp bulud gözlərimdən,
ağlayım…

Sudan bezmiş bir balığın,
Qaytarma suya qalığın…

Qoy səninlə ayrılığı,
Yoxlayım…

Aysel Xanlarqizi Safarli

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest