Aqil ABBAS: ŞUŞAYA DİZİN-DİZİN SÜRÜNƏN KİŞİNİ MƏN GÖRMÜŞƏM, XEYRƏDDİN QOCA
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Aqil ABBAS:
ŞUŞAYA DİZİN-DİZİN SÜRÜNƏN KİŞİNİ MƏN GÖRMÜŞƏM, XEYRƏDDİN QOCA
İli dəqiq yadımdan çıxıb, deyəsən, 1977-ci il idi. Bəxtiyar Vahabzadənin dəvəti ilə Türkiyədən Oktay Akbal adlı məşhur bir yazıçı-jurnalist xanımı ilə Bakıya gəlmişdi. Həmin vaxt qanunlar var idi, yəni gələn qonaq Bakıdan kənara çıxa bilməzdi. Oktay bəy isə Şuşaya getmək istəyirdi. Bəxtiyar müəllim çox çətinliklə hökumətdən, daha dəqiq desək, KQB-dən qonağını Şuşaya aparmağa icazə ala bildi. Bəxtiyar Vahabzadə idi də, sözünün üstünə söz deyə bilməzdilər.
Üz tutduq Şuşaya, mən də müşayiət edənlərin arasında idim. Məni sayıb özlər ilə götürməmişdilər ey, əmioğlu Şahmar Əkbərzadəyə sürücü sifəti ilə gedirdim. Kim bilirdi ki, sürücü sifəti ilə gedirdim, elə forslanırdım ki, kimlərlə Şuşaya gedirəm.
Dolamaları qalxıb Tar fabrikinə çatanda Bəxtiyar müəllimgilin maşını dayandı. Təbii ki, biz də maşını saxladıq.
Oktay Akbal xanımı ilə birgə maşından yendi. Əynində də ağappaq kostyumu var. Çox boylu-buxunlu, yaraşıqlı bir kişi idi. Bir suyu professor Nurəddin Rzayevə oxşayırdı.
Və birdən Oktay bəy hönkürtü ilə dizi üstə düşdü. Elə hönkürürdü ki, elə bil min ildi ağlamamışdı. Hamımız donub qalmışdıq. Sonra başladı torpağı qucaqlayıb sürünməyə. Xanımı da diz çöküb ağlayırdı. Bəxtiyar müəllim nə qədər elədi yerdən qaldıra bilmədi. Lay divar Şahmar Əkbərzadə yaxınlaşıb onu qaldırmaq istədi. Oktay bəy isə ağlaya-ağlaya deyirdi:
– Dəymə, Şahmar bəy, dəymə!
Amma Şahmar qaldırdı. Qucaqladı Şahmarın boynunu, yenə ağladı. Sonra Bəxtiyar müəllimi qucaqlayıb ağladı, sonra Bəxtiyar müəllimin sürücüsünü, hətta məni də. Və nəhayət, xanımını sıxdı bağrına və dedi:
– İndən sonra ölsəm, dərdim olmaz!
Üst-başı da gömgöy, otun rəngi çıxıb.
Bəxtiyar müəllim təəccüblə soruşdu:
– Nə olub, Oktay bəy?
– Bəxtiyar, sənə də deməmişdim, qorxurdum ki, ağzından qaçar, məni Şuşaya apara bilməzsən. Mən Pənah xanın nəslindənəm. Ən böyük arzum idi ki, dədəmin tikdiyi şəhəri görüm. Sağ ol, Bəxtiyar, bu xoşbəxtliyi sən mənə nəsib elədin. İndən belə ölsəm də fərq etməz.
Təbii ki, onun bu sözləri hamımızı kövrəltmişdi. Şuşanın girəcəyində bizi Rayon Partiya Komitəsinin birinci katibi, mənim atamın əmisi nəvəsi, Kolanı kişisi Əhəd Kərimov qarşıladı. Baxdı gördü ki, Oktay bəyin ağ kostyumu yaşıla boyanıb. Dedi ki, Bəxtiyar müəllim, bəlkə təzə kostyum gətirək. Oktay bəy razılaşmadı. Dedi ki, əvvəla, maşında başqa kostyumlarım var, amma mən elə bunla gəzəcəm Şuşanı. Sonra da aparıb Türkiyədə bunu – izi bir xatirə kimi saxlayacam, sonra da hərdən qoxulayacam.
O vaxt Cıdır düzündə bir Qonaq Evi vardı, getdik ora. Gözəl bir süfrə açmışdılar. Nə qədər elədilər mən həmin süfrədə oturmadım. Otura da bilməzdim. Bəlkə elə söhbətləri vardı ki, mən eşitməli deyildim.
Əhəd müəllim daha çox israr edirdi:
– Qardaş oğlu, əmiyin bişirtdirdiyi plovdan yemək istəmirsən?
İstəyirdim, amma yaşım imkan vermirdi. Mən düşdüm Cıdır düzündəki çayxanaya. Uşaqlıq dostlarım gəldi, onlarla gözəl bir çay içdik, bir tikə də çörək yedik.
Sonra qonaqlar çıxdı və bütün Şuşanı birlikdə gəzdik, İsa bulağına endik. Oktay bəy elə həmin kostyumdaydı. İlahi, qeyri-adi bir şey idi. Bu yaraşıqlı kişinin üzü daha da nurlanmışdı. Elə bil ki, Pənah xanın nuru çökmüşdü onun sifətinə. Vaqifin məzarını ziyarət elədi, Nəvvabın məzarını ziyarət elədi. Gəldi oturdu Ərimgəldidə, üzü Qarabağa baxdı. Və Ərimgəldinin nə olduğunu xanımına izah elədi.
Sonra döndük Ağdama, İmarətə. Babalarının qəbrinin önündə diz çökdü, ruhlarına dualar oxudu.
Və nəhayət, qayıtdıq Bakıya.
Bəxtiyar müəllimin də, Şahmar əminin də, Bəxtiyar müəllimin sürücüsünün də üzü bir az da nurlanmışdı. Özümü görə bilmədiyimə görə bilmirəm, bəlkə də mənim üzüm iki dəfə nurlanmışdı.
Belə-belə işlər, Xeyrəddin Qoca…