ANAR: Türkçülüyün banisi
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
ANAR
Türkçülüyün banisi
Kaşğarlı Mahmud Qaraxanlılar imperiyası dövründə (840-1212) Doğu Türküstanda, XI əsrin birinci yarısında dünyaya gəlmiş, ona ölməzlik qazandırmış “Divani lüğat-it-türk” adlı türkcə-ərəbcə lüğətini 1070-ci ildə başlayıb 1076-1077 illər arasında bitirmişdir. Bu əsər dünyada analoqu olmayan lüğətdir. Hər iki dilin lüğətidir, həm izahlı lüğətdir, həm də dialektoloji lüğətdir. Amma bununla da “Divan”ın önəmi bitmir. O həm də türk xalqlarının folklor, ən müxtəlif şeir biçimləri, əfsanə və deyimlərinin, zərb-məsəllərin antolojisidir.
“Divan” qədim türk ədəbiyyatının və o sıradan qədim türk şeirinin örnəklərini bizə çatdıran nadir məxəzdir. Əsərdə adı çəkilən türkdilli şeirlərin müəllifi Cücü ortaq türk ədəbiyatının bizə adı bəlli ilk şairidir. Başqa türk ləhcələriylə bir sırada Mahmud Kaşğari bizə oğuz dilində yaranmış ilk şeir nümunələrini də çatdırmışdır. Orxon yazılarından və Dədə Qorqud söyləmələrindən sonrakı türk şeirinin inkişaf mərhələsini əks etdirən nümunələr – Kaşğarinin topladığı şeir örnəkləri – bugünkü poeziyamızın heca və qafiyə sisteminə uyğundur. Bu şeir nümunələri hecalarının sayı – onbirlik, səkkiz və yeddi hecalı qoşma, gəraylı və bayatı biçimləriylə eynidir. Qafiyə sistemi də qoşma və bayatının sistemidir.
O da maraqlıdır ki, ölümündən əsrlər, bəlkə min il keçəndən sonra əfsanəvi türk bahadırı Alp Ər Tonqanın (Əfrasiyabın) vəfatına həsr olunmuş sağu (ağı) da “Mahmud Kaşğarinin “Divan”ında hifz olunmuşdur.
Alp Ər Tonqa öldümü?
İsuz açun qaldımı?
Ödlək öcun aldımı?
İmdi ürək yırtılır
Çağdaş dildə:
Alp Ər Tonqa öldümü?
Pis dünya qaldımı?
Zaman öcün (qisasın) aldımı?
İndi ürək yırtılır.
“Divan” ən müxtəlif türk xalqları haqqında məlumat verən, çoxlarının adlarını tarixdə saxlayan ilk türk ensiklopediyasıdır.
“Divani lüğat-it-türk”ün Azərbaycan nəşrinə yazdığı ön sözdə kitabın tərcüməçisi və tərtibçisi Ramiz Əsgər qeyd edir ki, Mahmud Kaşğari Qərbi Avropa maarifçiləri – ensiklopedistlərini – Russonu, Didronu, Volteri, Monteskyönü 7 əsr qabaqlamışdır. Ramiz Əsgər yazır:
“Divanın digər ən mühüm özəlliyi dünya dilçiliyi tarixində müqayisəli metodun əsasını qoyması, türk dillərinin müqayisəli qrammatikasını yaratması və zəngin türk dilini köklü ərəb dili ilə qarşılaşdırmaq surətilə bu iki dilin müqayisəsini aparmasıdır. Dillərin müqayisəsi sahəsində Mahmud Kaşğari öz böyük xələfi “Mühakimət ül-lüğəteyn” əsərində türk dilinin fars dili ilə müqayisəsini verən dahi mütəfəkkir və şair Əlişir Nəvaini 4 əsr, F.Ğrap, Ü.Qrim, V.Humbolt, R.Rask kimi məşhur dilçiləri isə təqrilən 8 əsr qabaqlamışdır”.
Bu məsələni “Divan”ın Azərbaycan nəşrinə Ön söz yazmış Süleyman Dəmirəl də vurğulayır:
“Türkologiyanın bahadırı M.Kaşğari yalnız türk dilçiliyinin deyil, bütövlükdə dünyada tarixi-müqayisəli metodun, elmi dilçiliyin banisidir”.
Mahmud Kaşğari özü qeyd etdiyi kimi 1015 il ərzində bütün türk ellərini şəhər-şəhər, kənd-kənd, oba-oba gəzərək 30-dan yuxarı türk ləhcəsini incəliklərinə qədər öyrənmişdir. Bu ləhcələrin (bu gün bir çoxu müstəqil dillər olan) arasında oğuz, qıpçaq, bulqar, tatar, türkmən, başqurd, uyğur adlarını xüsusi qeyd edirəm. Müəllif özü qeyd edir ki, “Mən türklərin, türkmənlərin, oğuzların, çiğillərin, yağmaların, qırğızların şəhərlərini və məskənlərini uzun illər başdan-başa dolaşdım, sözlərini topladım, müxtəlif sözlərin xüsusiyyətlərini öyrəndim, yaddaşıma həkk elədim. Mən onlara o qədər diqqət edirdim ki, türk, türkmən, oğuz, çiğil, yağma, qırğız boylarının dilləri bütünlüklə məndə cəm oldu”.
Deməli, bizim günümüzdə meydana çıxan ortaq dil məsələsini doqquz əsr bundan qabaq Mahmud Kaşğari türk dillərini mükəmməl mənimsəməkdə görürdü. Əsərdən gətirdiyim bu sitat başqa bir cəhətdən də maraq doğurur. Kaşğari “türk, türkmən, oğuz” yazır, deməli, hər halda ən azı bu üç xalqı bir-birindən fərqləndirir. Bu mənada qədim türklərin varisləri bugünkü Anadolu türkləridirsə, türkmənlərin varisləri indiki türkmənlərdisə, oğuzların varisi olmaq bizə, azərbaycanlılara düşür.
O da diqqətəşayandır ki, tarixdə ilk türk xəritəsini yaradan da məhz Kaşğari Mahmud olmuşdur və “Divan”da verdiyi dairəvi dünya xəritəsində bizim vətənimiz Azərbaycan da “ərzi Azərabadqan” şəklində göstərilir.
Beləliklə, böyük dilçi, neçə-neçə dilin və ləhcənin bilicisi, ensiklopedist, folklorçu, etnoqraf, tarixçi, ədəbiyyatşünas, coğrafiyaçı kimi müxtəlif sahələri öz şəxsində cəmləşdirən Kaşğari Mahmudun bir vacib missiyası da vardı. O, tarixdə ilk türkçü, türkçülüyün banisi, nəzəriyyəçisi və təbliğatçısı kimi də qalır. Əlbəttə, bu Mahmud Kaşğarinin unikal dahiliyi ilə bağlıdır, amma eyni zamanda bu çoxtərəflilikdə dövrün də damğası var. Qaraxanlılar imperiyası tarixdə ilk türk-müsəlman dövlətidir. Türklərin islamı qəbul etmələri nisbətən dinc yolla olmuş və Mahmud Kaşğari da iki dünyanın, iki uyğarlığın (sivilizasiyanın), iki mədəniyyətin qovuşduğu bir dövrdə yaşamışdır. Mahmud Kaşğari öz tarixi missiyasını ərəb dünyasına türk dünyasını bütün əlvanlığı ilə tanıtmaqda görürdü. Odur ki “Divan”ın elə müqəddiməsində türklər haqqında söylədiyi sözləri mübaliğə kimi qəbul etmək düz olmaz. Mahmud Kaşğari yazır:
“Tanrının inayəti ilə günəş türk bürclərində doğdu və göylərin bütün dairələri onların mülkləri üzərində döndü. Tanrı onlara türk adını verdi və onları yer üzünə hakim qıldı. Dövrümüzün xaqanlarını onlardan çıxardı. Dünya millətlərini idarə etməyin cilovunu onların əlinə tapşırdı, onları hamıdan üstün elədi, onları haqq üzrə qüvvətləndirdi… Türklərin oxlarından qoruna bilmək üçün onların yolunu tutmaq hər bir ağıllı adama layiq və münasibdir. Dərdini söyləmək və türklərin könlünü fəth etmək üçün onların dilində danışmaqdan başqa yol yoxdur”.
Nə yazıq ki, böyük alimin bu müdrik fikri əsrlər boyu bir çox hallarda qulaq ardına vurulub, nəinki başqa millətlərdən olanlar, heç türklərin özləri də öz ana dillərində danışmağı man bilib.
Mahmud Kaşğari davam edir:
“And içərək deyirəm ki, mən bunu Buxaranın mötəbər imamlarının birindən və nişapurlu başqa bir imamdan şəxsən eşitmişəm. Onlar ikisi də sənəd sübutla bildirirdi ki, peyğəmbərimizin qiyamətin əlamətlərini, axır zamanın fitnə-fəsadlarını və oğuz türklərinin (altını mən cızdım – A.) ortaya çıxacağını söylədiyi vaxt “Türk dilini öyrənin, çünki onlar üçün uzun sürəcək hökmdarlıq vardır” – deyə buyurmuşdur”.
Ərəb alimi İbn Mühənnanın türk lüğəti də yəqin elə bu məqsədlə yaradılmışdır. Nə yaxşı ki, bu qiymətli lüğət axır ki, Azərbaycanda da nəşr olundu.
Mahmud Kaşğarinin bir fikri də çox vacib və əhəmiyyətlidir, deyir ki, ən təmiz türk dili başqa millətlərlə təmasda olmayan, yəni dilinə yad kəlmələr qarışmamış türklərin dilidir. Böyük alim sanki gələcək əsrlərdə ərəb və fars dillərinin ədəbi dilimizi qəliz izafetlərlə, yabançı sözlərlə doldurulmasının təhlükəsini çox öncədən görürdü.
Bir hədisdə isə deyilir ki, “Uca Tanrı, mənim bir ordum var, ona türk adı vermişəm, onu Şərqdə yerləşdirmişəm. Bir millətə acığım tutanda türkləri onun üzərinə müsəllət edirəm” – deyir.
Görkəmli dilçi alim Tofiq Hacıyev bununla bağlı doğru fikrə gəlir ki, bu hədis islamdan qabaqkı türklərin yürüşləriylə, özəlliklə Attilanın (Atlı xanın) Roma imperiyasına yürüşləriylə bağlı meydana çıxmışdır.
Türklük təəssübü, türkçülük ideyası beş ortaq abidəmizdə Orxon yazılarında, “Kitabi-Dədəm Qorqud”da “Divani lüğat-it-türk”də, Yusif Balasaqunlunun “Qutadqu-bilik” poemasında, Xoca Əhməd Yasəvinin hikmətlərində bu ya digər dərəcədə öz ifadəsini tapmışdır. Amma bu ideya ən ardıcıl şəkildə, həm də konkret linqvistik, etnoqrafik, tarixi və folklor materiallarına əsaslanaraq Mahmud Kaşğarinin ölməz kitabında əks olunmuşdur. Odur ki, bu böyük alimi haqlı olaraq türkçülüyün banisi adlandıra bilərik.
26 fevral 2018
Xoşbəxtliyin açarı
Bəşər tarixinin ən müxtəlif dövrlərində, Şərqin və Qərbin çeşidli ölkələrində böyük mütəfəkkirləri – şairləri, alimləri, filosofları, dövlət xadimlərini – insan səadəti düşündürmüşdür və düşündüklərini fərqli janrlarda qələmə almışlar – fəlsəfi traktatlar, öyüd nəsihət kitabları, poemalar…
Bir-birindən çox fərqlənən bu mətnlərdə müxtəlif ifadələrlə bir ümumi fikir əks olunub – insanın səadəti, fərdin xoşbəxtliyi cəmiyyətin əmin-amanlığı, sabitliyi, dövlətin ədaləti ilə bağlıdır.
Çin filosofu Konfutsi tarixin dərinliklərində qalmış bir dövrdə imperator ŞU-nun zamanında insanların bəxtəvər yaşadıqları cəmiyyətin mövcudluğunu xəbər verir.
Nizami Gəncəvi “İskəndərnamə”nin “İqbalnamə” hissəsində Makedoniyalı fatehin gəlib çıxdığı ideal ölkəni təsvir edir, ölkənin bütün sakinləri hürr və xoşbəxt yaşayırlar.
İnsan səadəti və ədalətli dövlət, ağlın gücü və adil hökmdar – bütün bu məsələlər bu gün əlimizdə olan ilk türk poeması “Qutadqu-bilik”də də müəllifi düşündürən əsas məsələdir.
Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan “Qutadqu-bilik” ədəbiyyat tariximizdə özəl yer tutur. Xas Hacib Yusif Balasaqunlunun (1017-1077) bu möhtəşəm əsəri vaxt etibarı ilə türk dilində yazılmış, türklərin İslam dinini qəbul etmələrindən sonra qələmə alınmış ilk poemadır. Daha doğrusu, bu gün əlimizdə olan ilk poemadır, çünki tədqiqatçıların doğru qeyd etdikləri kimi türk dilində birdən-birə belə mükəmməl poetik əsər yarana biməzdi, şübhəsiz onun sələfləri də olmalıydı. Bununla bağlı mülahizəmi bir qədər sonra söyləyəcəm. Onu da qeyd etmək lazımdır ki, əsərdə Allah yox, Tanrı, Peyğəmbər yox, Savçı, Yalavaç kəlmələri işlənir.
yusuf has hacib
Əsərin adı haqqında
Qədim türk dilində və indiki Türkiyə türkcəsində “Qut” (qutlu olsun, qutlamaq-uğurlamaq) – səadət, xoşbəxtlik deməkdir, deməli “Qutadqu-bilik” də “Xoşbəxtlik biliyi”, “Səadət elmi” yəni xoşbəxt olmaq təlimatı anlamına gəlir.
Əsərin dili haqqında
1983-ci ildə Moskvada “Nauka” nəşriyyatı tərəfindən S.İvanovun çevirisi və akademik A.N Kononovun redaktəsiylə çap olunmuş poemaya şərhlərdə “Qutadqu-biliy”in dili haqqında mütəxəssislərin müxtəlif rəyləri verilir. Əsərin Qaraxanilər dövlətinin xaqaniyyə dilində yazıldığını deyənlərlə yanaşı, uyqur dilində (V.V.Radov) yaxud qədim uyqur dilində (S.Malov) yazıldığını sayanlar da var. N.Baskakov və A.Şerbak əsərin qarluq dilində, R.Tenişev qaraxani – uyğur xaqaniyyə, buqraxan dilində, əsərin rus dilinə poetik tərcüməsini etmiş şair Naum Qrebnev “d” uyğur dilində yazıldığını iddia edirlər. Q.Blaqova isə qarluq və qıpçaq dillərinin qarışığında yazıldığını hesab edir. Türkiyəli dilçi A.Dilaçarın fikri də maraq doğurur: onun rəyincə poemanın dili oğuz qrupu dillərinə yaxındır. Və nəhayət, böyük türkoloq V.V.Bartoldun fikri: “Şübhə yoxdur ki, qaraxanilərin təbəələri özlərini uyğur adlandırmırdılar və Yusif Balasaqunlu üçün də poemasını yazdığı dil uyğur dili deyildi”.
Bəs hansı dil idi? Bu sualın ən elementar cavabını poemanın mətnində tapırıq, müəllif hər yerdə əsərini türk dilində yazdığından bəhs edir.
Şərq ellərində, bütün türklərdə
Buna bərabər kitab yoxdu.
Yaxud:
Turanlılar onu (bu kitabı)
“Qutaqdu-bilik” adlandırırlar,
Və ya:
Türk dili müdrik kəlamlar dilidir.
Başqa bir yerdə:
Bu barədə türklərin atalar sözü var.
Nəzmlə yazılmış müqəddimədə belə bir beyt də var:
Belə kitablar ərəblərdə taciklərdə çoxdur,
Bizim dildə bu başlanğıçdır.
(Füzuli yada düşür: “Ətrakıdə ol fəsanə yoxdur”)
Müasiri Mahmud Kaşğari kimi Yusif Balasaqunlu da əfsanəvi türk bahadırı Alp Ər Tonqadan söz açır:
Türk bəyləri içində nə çox şərəflisi var,
Onların arasında ən məşhuru
Alp Ər Tonqadır.
Taciklər onu Əfrasiyab adlandırırlar.
Poeamadan belə misalların sayını artırmaq da olar.
Və nəhayət, əsərin ən son səhifələrində Yusif Balasaqunlu sanki bu məsələyə yekun vurur:
Tükrlərin sözü dağ keyiki kimi qaçırdı,
Mən onu ram edib əhliləşdirdim.
(Yenə də Füzulinin məşhur beyti yada düşür).
“Qutadqu-biliy”in öz mətnindən gətirdiyimiz sitatlar nəyi sübut edir? Bu dövrdə türk dilləri müxtəlif ləhcələrə bölünmüşdüsə də, şüarlarda hamısı eyni bir sözlə “türk dili” anlayışıyla müəyyənləşirdi.
Yusif Balasaqunlu eyni əsrin – XI yüzilliyin digər böyük şəxsiyyəti Mahmud Kaşğarinin yerlisi və çağdaşıdır. Amma təqribən eyni dövrdə, eyni dövlətdə, çox vaxt eyni Kaşğar şəhərində ömür sürmüş bu iki türk dahisi bir-birindən xəbərsiz olublar. Hər halda tanışlıqları haqqında tarixdə heç bir iz soraq qalmayıb. Halbuki, bu lap fantastik faktdır – Yusif Balasaqunlu poemasını Qaraxanlılar dövlətinin hökmdarı Tabğaç Buğra xaqana ithaf və təqdim etmişdir, Tabğaç Buğra xan isə akademik Ziya Bunyadovun təyin etdiyi kimi, Mahmud Kaşğarinin əmisidir(!).
Ümumiyyətlə, türk mədəniyyəti, ədəbiyyatı, elmi sahəsində misilsiz xidmətləri olan bu iki şəxsiyyət haqqında tarixi sənədlərdə cüzi məlumat qalmaması tədqiqatçıların təəccübünə səbəb olur. İkinci, üçüncü dərəcəli şairlər haqqında məlumatları hifz etmiş qədim əlyazmalarında neçin belə böyük insanlar haqqında bilgilərə rast gəlinmir? Tarixin müəmmalarından biri də budur.
Bir az əvvəl Yusif Balasaqunlunun ədəbi sələfləri haqqında söyləycəyimi yazmışdım. Tədqiqatçıların belə kamil poetik əsərin birdən-birə boş yerdə yaranacağına şübhəylə yanaşdıqlarını qeyd etmişdim . “Qutadqu-biliy”in müxtəlif yerlərində müəllif adını çəkmədiyi müdrikdən misal gətirir, onun fikrini poetik şəkildə təqdim edir. Həm də poema məsnəvi şəklində yazılsa da, bu parçalar rübai biçimindədir. Tədqiqatçılar bunu müəllifin fəndi kimi yozurlar – Yusif Balasaqunlu öz sözlərini başqa birisinin fikri kimi gətirir. Sual olunur: niyə, nə məqsədlə? Böyük bir poemanı öz adından yazan Yusif niyə müəyyən fikirlərini özgəsinin şeiri kimi qələmə verir? Bəlkə belə bir fərziyyəyə yol verək ki, bu sitatlar hansısa doğrudan da mövcud olmuş bir poetik əsərdəndir. Həm də bu gün əlimizdə olmayan, elm aləminə məlum olmayan əsər türk dilindədir, çünki belə isnadları gətirən Yusif Balasaqunlu qeyd edir:
Bu fikir türklərə mənsubdur,
qoy sənə də məsləhət olsun.
Bu sözlərdən sonra gətirilən rübaidə İlahi vergisi olan Ağıl tərənnüm olunur. Yalnız əsərin bir yerində gətirilən sitat taciklərə aid edilir və bu xüsusi vurğulanır:
Dinlə müdrik tacik nələr söyləmiş
Taciklərin müdrikliyi hörmət qazanıb.
Bu sözlərdən sonra alimlərin heç bir tacik (fars) mətnində rast gəlmədikləri dördlük – rübai gətirilir. Deməli, bu halda da Yusif Balasaqunlu bu gün elm aləminə məlum olmayan məxəzlərdən də istifadə edibmiş.
Müəllif “Qutadqu-bilik” poemasını Tabcaq Boğra xaqana təqdim etdikdən sonra əsəri çox bəyənən hökmdar ona Ulu Xas Hacib (saray naziri, saray işlərinin rəhbəri) rütbəsini verir.
“Qutadqu-bilik” əruzun kəsik (qısa) mütaqarib bəhrində yazılmışdır, poemanın Azərbaycan türkcəsinə poetik tərcüməsini etmiş unudulmaz şairimiz Xəlil Rza Ulutürk belə hesab edir ki, “Qutadqu-bilik”dən həm onbirlik hecaya, həm də əruza uyar bol-bol misallar gətirmək olar”.
“Qutadqu-biliy”in Azərbaycanda ilk tədqiqatçılarından mərhum dilçi Fərhad Zeynalovu hörmətlə anıram, Kamil Vəliyev (Kamil Nərimanoğlu) və Ramiz Əsgər poemanın sətri tərcüməsini etmiş və Bakı nəşrinə Ön söz yazmışlar. Başqa mühüm türk abidələri və müəllifləriylə bağlı faydalı işlər görən Ramiz Əsgər sonralar “Qutaqu-biliy”in biblioqrafiyasını hazırlamış və nəşr etdirmişdir.
Əsərin giriş hissəsi nəsrlə yazılmışdır. “Qutadqu-biliy”in mükəmməl tənqidi mətnini Türkiyədə nəşr etmiş görkəmli alim Rəşid Rəhməti Aratın fikrincə, bu nəsrlə yazılmış müqəddimə Yusif Balasaqunlunun deyil, sonradan kim tərəfindənsə edilmiş əlavədir. Bu fikir məntiqidir, çünki nəsrlə bu qısa müqəddimədən sonra nəzmlə yazılmış müqəddimədə eyni sözlər və fikirlər təkrar olunur.
Poemanın mətnində hadisələri öz adından nəql edən Yusif bu nəsr müqəddiməsində özündən üçüncü şəxs kimi danışır: “Yusif Balasaqunlunun adı və şöhrəti geniş yayılıb” – yazır. Əsər boyu təvazökarlığı təbliğ edən adamın özü haqqında bu sözləri yazması inandırıcı deyil. Həm nəsrlə yazılmış müqəddimədə, həm də şeirlə yazılmış mətndə “Qutadqu-bilik” bəzi başqa xalqların ədəbiyyatında mövcud olan əsərlərlə müqayisə edilir. Onlardan mənə tanış olan yalnız Firdovsinin “Şahnamə”sidir.
Bundan çıxış edən bəzi tədqiqatçılar “Qutadqu-biliy”i türklərin “Şahnamə”si adlandırırlar. Məncə, bu məntiqi bənzətmə deyil, çünki hər iki poema tamamilə fərqli janrlarda yazılmışdır. “Şahnamə” kökləri “Avesta”ya gedib çıxan rəvayətlərdən istifadə etməklə Sasani şahlarının poetik salnaməsidir. Müəyyən dərəcədə türk mifologiyasından yararlanan “Qutadqu-bilik” isə, tamam başqa səpkidə yaradılıb. Poemada yerli türk ənənələrinin təsirindən Y.Bertels də yazır.
Əgər analogiya vacibdirsə, “Qutadqu-biliy”i Şərqin bəzi başqa ədəbi abidələriylə – “Kabusnamə”ylə, Nizam ül Mülkün “Siyasətnamə”siylə, Sədi Şirazinin “Bustan” və “Gülüstan” əsərləriylə tutuşdurmaq olar, çünki bütün bu abidələrdə istər dövlətçiliklə, istərsə də fərdi insan xislətiylə bağlı öyüdçü -didaktik motivlər mühüm yer tutur. Bu cəhətdən “Qutadqu-biliy”i hətta Qərb təfəkkürünün yaratdığı müəyyən abidələrlə müqayisə etmək olar.
Eramızdan əvvəl V əsrdə yaşamış qədim yunan filosofu Platon (Əflatun) “Dövlət” adlı dialoqlarında ideal siyasi quruluşun layihəsini verərkən bunu utopiya kimi deyil, çağdaşı olan hökmdara tövsiyə kimi, öyüd-nəsihət kimi yaratmışdı. Platondan təqribən iki min il sonra italyan mütəfəkkiri Nikkola Makiavelli də “Hökmdar” traktatını yaradır və yenə də məqsəd eynidir – adil dövlət, ədalətli hökmdar, azad insanlar Makiavellinin də tövsiyə etdiyi amallardır, hakimi mütləqlərə öyüd və nəsihətidir.
Qürur duyuruq. Odur ki, bu iki tarix arasında XI əsrdə Orta və Mərkəzi Asiya sahələrində yaşayan bir türk oğlu da eyni məramla əzəmətli poema yaratmışdır.
“Qutadqu-biliy”in bütün pafosu – məhz ədalətli cəmiyyətdə insanın xoşbəxt yaşamasıdır. Bu baxımdan müəllifin tövsiyələri, ixtiyar sahiblərinə öyüd-nəsihətləri əslində xoşbəxtliyin açarı kimi də qəbul edilə bilər.
Amma əsl sənətin bir möcüzəsi də ondadır ki, bu əsər sırf didaktik tövsiyələr məcmusu, öyüd-nəsihətlər toplusu deyil. Xoşbxətlik haqqında bilgilərə həsr olunmuş əsər həm də çox hüznlü bir əsərdir. Elə ilk başlanğıc səhifələrində həyatın fanilyindən söz açılır:
Gənclik ötəcək, ömür də bitəcək.
Dünya sanki bir yuxudur, sənin də növbən yetəcək.
Müəllif poemanı əlli yaşında yazmağa başlayıb, amma bu yaşı ömrün sonu kimi dəyərləndirir. Əsərin başqa bir yerində:
Bütün nemətlərə sahib oldun
ömürsə keçib getdi. – yazır.
Bu bədbin fikirlər vaxtın ötücülüyündən başqa ölümün də qaçılmazlığıyla bağlıdır:
Hər bir yalanın öhdəsindən yalanla gəlmək olar
Bircə ölümü heç bir yalanla aldatmaq olmaz.
Ölümü var-dövlətlə satın alıb başdan eləmək olsaydı, bütün zənginlər, bəylər ölümsüz olardılar.
Poemanın yaranma tarixi, dili, müəllifinin tərcümeyi-halı alimləri o qədər məşğul edib ki, “Qutadqu-biliy”in sırf bədii məziyyətlərinə az diqqət yetiriblər. Əslində isə poemanı bu gün də cazibədar edən onun bədii siqlətidir. Öyüdçülük, didaktika poemada mühüm yer tutsa da, onun ifadə formaları orijinal alleqoriyalar şəklindədir, amma bu alleqoriyalar da sırf rəmz biçimində deyil, realist ünsürlərlə vəhdət təşkil edir.
Poemanın dörd qəhrəmanı Güntoğdı, Aydoldı, Ögdülmiş və Odgurmışdır. Aydındır ki, bu adlar rəmzi, alleqorikdir. Güntoğdınun (Gündoğdunun) mənası aydındır, Aytoldı (Aydoldu) bədirlənmiş Ay, dolğun Ay deməkdir. Ögdülmiş poemada ağlı, dərrakəni, Odgurmış aqibəti, qənaəti, hər şeyə qani olmağı rəmzi şəkildə ifadə edirlər.
Amma rəmzlərə, alleqoriyalara keçməzdən əvvəl Şərq poeziyası üçün ənənəvi olan girişlərdən – yəni Allahın, peyğəmbərin mədhindən, hökmdara ithafdan, əsərin yazılma səbəblərindən sonra poemanın birbaşa süjeti başlayır və bu süjet sırf realist plandadır. Adı çəkilməyən məmləkətin başçısı əsərdə elik rütbəsini daşıyır. Bu rütbə, şübhəsiz, “el” sözündəndir. Xəlil Rza bu rütbəni Elbaşı deyə tərcümə edir. Həmin bu elik-elbaşının adı Gündoğdudur. Onun adilliyi, məmləkəti ədalətlə idarə etməsi aləmə yayılıb, son dərəcədə ağıllı və dərrakəli gənc olan Aydoldunun da qulağına çatıb. Aydoldu özünü Gündoğdunun sarayında onun yardımçısı, məsləhətçisi kimi görür və elə bu məqsədlə sarayın Hacibinin yanına gəlib niyyətini söyləyir. Oğlanın zəkası Hacibi valeh edir və o rəyini elikə bildirir. Elik də onunla görüşür və o da gəncin ağlına, biliyinə heyran qalır. “Bütün ömrüm boyu sənin kimi yardımçı aramışam” – deyir. Beləliklə, Aydoldunun saray karyerası sırf realist boyalarla təqdim olunur. Sarayda hökmdarın və Aydoldunun mükalimələri Platonun dialoqları sayağı sual-cavab şəklində təqdim olunur. Bu dialoqlar da əvvəl-əvvəl sırf realist düşüncələr, mülazihələr, fikir mübadilələri şəklindədir. Nəhayət, 6500 beytdən ibarət olan poeamanın 622-dən başlanan beytləri oxucunu müəmma qarşısında qoyur. Təsadüfi deyil ki, bu beytləri tədqiqatçılar müxtəlif şəkildə ifadə edir və yozurlar. Bu yerə qədər Aydoldu elik Gündoğduyla nəzakətlə davranır, ona itaət edir, hörmətini saxlayır və onun hüzurunda özünü ədəblə aparırdı. Burda isə birdən ayaqlarını uzadıb oturur. R.R.Arat, S.Malov, V.Radlov, K.Karimov bu beyti hərəsi bir cür çevirir, amma bütün tərcümələrdə bir nəzakətsizlik, qabalıq, kobudluq elementi nəzərə çarpır. Bundan sonra elik Gündoğdunun sözlərinə də Aydoldu etinasız yanaşır, gözlərini qıyır, üzünü yana çevirir və başqa gözlənilmz hərəkətlər edir. Əvvəl təəccüblənən hökmdar get-gedə qəzəblənməyə başlayır və hətta: “Mən yanılmışammış, sən nadanın birisənmiş” deyir. Və bu anda poemanın alleqorik qatı meydana çıxır, məlum olur ki Aydoldu Səadətin rəmzi imiş və bu hərəkətləriylə səadətin nə qədər keçici, ötücü olduğunu nümayiş etdirirmiş. Yəni səadətə inanmaq olmaz, xoşbəxtlik bir gün səndən üz döndərə bilər, çıxıb gedər, qeyb olar.
Və Gündoğdu da bu həqiqəti qəbul etməli olur, amma sonrakı beytlərdən məlum olur ki, Gündoğdu özü də bir rəmzdir, alleqoriyadır. O, ədaləti təmsil edir, adilliyin rəmzidir.
Poemının gözəlliyi və hüsnü ondadır ki, bu alleqorik rəmzi qatla sırf realist qat bir-birinin sanki içinə girir, gah bir-birinə qovuşur, gah ayrılırlar. Gündoğdu Aydoldunu – Səadəti bəslədiyi kimi, Aydoldu da Gündoğduya dövləti idarə etmək haqqında, xalqla, rəiyyətlə rəftar haqqında faydalı məsləhətlər verir. Ta o günə qədər ki, Aydoldu xəstələnmir. Burda da xəstəlik sırf realist ayrıntılarla verilmişdir, xəstəliyə xas olan əlamətlər, həkimlərin müalicə üsulları, dərmanlar, şəfa bitkiləri – heç nə xəstəni sağaltmır və burda yenə realist qat rəmzi qata çevrilir – xəstənin nə üçün Aydoldu adlanmasının mənası açılır. Dolğun Ay, bədirlənmiş Ay xəstəliyin ucbatından get-gedə zəifləyir, nazilir, hilala çevrilir. Bu da öz növbəsində səadətin nə qədər kövrək, zərif və zəif olduğunu, solub getdiyini simvolizə edir. Ölüm yatağında Aydoldunun vəsiyyəti yenə də realist üslubdadır. O yeganə oğlunun Ögdülmişin qayğısına qalır, Gündoğdudan onu himasinə almağı xahiş edir.
Aydoldudan sonra sarayın Xas Hacibi vəzifəsini oğlu Ögdülmiş tutur. Ögdülmiş isə poeamada ağlın, zəkanın, dərrakənin rəmzidir və onun Gündoğduya – Ədalət rəmzinə verdiyi məsləhətlər də sırf rassionalist ağlın məhsullarıdır. O hökmdarı ölkəni nə vasitəylə idarə etməyin, əhalinin müxtəlif kəsimləriylə – vəzirlərlə, sərkərdələrlə, səfirlərlə, xəzinədarlarla, alimlərlə, həkimlərlə, sövdəgarlarla, maldarlarla necə rəftar etməyin, necə davranmağın yollarını göstərir. Şairlərə münasibət haqqında tövsiyələri də maraq doğurur. Bu parçanı çox sərbəst tərcümə olsa da, Xəlil Rzanın çevirisində gətirmək istəyirəm:
Şairlər kimdir bəs? Mərdi öyənlər.
Namərdi söyənlər, lənət deyənlər.
Qılıncdan itidir dili şairin,
Teldən də incədir yolu şairin.
Öysələr onların mədhi yayılar,
Söysələr söyülən bədnam sayılar.
Əzizlə,yaxşı tut şairi qardaş,
Şairin dilinə düşməyəsən kaş.
Poemanın bir personajı da var. Odgurmış. Əsərin müqəddiməsində o Aydoldunun qardaşı kimi təqdim olunur. Deməli, Ögdülmişin də əmisidir. Bu personaj da tərki-dünyalığın, zahidliyin rəmzidir, dünya malında gözü yoxdur nəyi varsa ona qanedir, qənaətlə yaşamağın rəmzidir, çöllərdə, qayalarda sivilizasiyadan uzaqlarda ömür sürür. Ogdülmiş Gündoğduya əmisinin fəzilətlərindən o qədər bəhs edir ki, hökmdar mütləq onu sarayına çağırmağı qərar verir, amma Ögdülmişin üç dəfə əmisinin yanına elçi düşməsinə, elikin xahiş məktublarını ona çatdırmasına baxmayaraq, Odqurmışı razı sala bilmir. Qardaşı oğlu saray həyatından, ümumiyyətlə, səhralar dışındakı həyatdan ətraflı danışdıqca, o həyatın məziyyətlərindən söz açdıqca, insan münasibətlərinin əlvanlığından bəhs etdikcə əmisi nəinki bunlara aludə olur, əksinə, insanlardan, cəmiyyətdən uzaq, tənha yaşamağın üstünlüyünü bir daha qardaşı oğluna izah etməyə çalışır. Beləliklə, hakimiyyətin ədalətli, səadətin keçici, ağlın, dərrakənin möhkəmliyi rəmzlərinə qarşı bir də tərki-dünyalıq, həyatın faniliyi qənaətiylə yaşamağın rəmzi əlavə olunur və poema didaktik-öyüdçü məsləhətlərdən, realist ayrıntılardan, alleqorik rəmzlərdən sıyrılaraq daha yüksək bir mərtəbəyə – fəlsəfi əsər mərtəbəsinə ucalır. Odqurmışın rəmzi obrazı və dünyagörüşü əslində təsəvvüf meyillərinin təcəssümüdür.
Səadət haqqında əsər həyatın faniliyi, səadətin keçəriliyi barədə fikirlərlə başladığı kimi ağlı, dərrakəni simvolizə edən Ögdülmişin xəyal qırıqlığı, peşmançılığı ilə sona yetir:
Gəncliyim buludtək uçdu yox oldu,
Ömrüm də rüzgar ək əsdi və keçdi.
Səadət yox imiş, insan boş bir söz,
İnsanlıq da yoxmuş, həyat da yoxmuş.
“Xoşbəxt olmaq elminin” acı nəticələri budur.
Bəs onda əsər niyə belə adlanır? Xoşbəxt olmaq elmi nədən ibarətdir? Səadətin açarı hardadır?
Bəşəriyyət min illərdir ki, bu suallara cavab axtarır, tapmayıb və yəqin ki heç vaxt da tapmayacaq.
Başqa bir müdrik insanın dediyi kimi, səadəti axtaranlara inanın, “onu tapdım” deyənlərə şübhəylə yanaşın.
27-28 fevral 2018