ADİLƏ NƏZƏR – Adilə Həsən qızı Nəzərova
BAKI
Köhnədən qalsa da hamamı, tası…
Yenidir Yaxt-klub, Dilbər yaxtası.
Pillələr başında Bakı buxtası,
Bir ayrı gözəllik gətirir sənə.
Bakı…
Silinməz Narginin qanı, qadası,
Var bir də“Qara su”, “Cilov”adası,
Çevrəndə Abşeron yarımadası,
Paytaxt adını o yetirir sənə.
Bakı…
Eşqinlə köklədim könül tarını,
Ulu Şəhriyarın kəlamlarını,
Anamız Təbrizin salamlarını,
Quşlar qanadında götürür sənə.
Bakı…
Füzuli, Azadlıq, Bayraq meydanı…
Abşeron bağları qara, ağ şanı…
Gör neçə şəfalı palçıq vulkanı
Səhhəti, şəfanı ötürür sənə.
Bakı…
Şüvəlan, Mərdəkan ziyarət yolu,
Min dərdə dərmandı duzlu Zığ gölü –
Diri çıxar vallah girəndə ölü..
Zirə zəfəran, gül bitirir sənə.
Bakı…
Xəzərə baxanda yox olur qəhər,
Oyanır Günəşə doğru hər səhər.
Qoşa Qala qapısı, İçərişəhər…
Kəc baxan başını itirir, sənə…
Bakı…
ADDIM-ADDIM
Məskənin yol olar, yoldaşın quşlar,
Yürüyər səninlə “mən” addım-addım.
Hər başlayan günün Onunla başlar,
Xəyala dönərsən sən addım-addım.
Aşıb keçər hisslər ağılın səsini,
Fikir dağlarının ən zirvəsini.
Bitirər həyəcan silsiləsini,
Gələr hüzün, gedər şən addım-addım.
Könlünü yaralar namərdin dili,
Gölləri qurudar gözünün seli,
Ağ küləklər yolar o ipək teli,
Gətirər gözlərin çən addım-addım.
Bəzən həyat dönər, yoxdan say arar…
Günəş ilə Ayı Dünya ayırar…
Həqiqəti bir gün bir meh duyurar,
Sonra düşər saça dən addım-addım.
Bütün gündüzlərin anası gecə,
Ay Adilə, tutun o “mütləq güc”ə.
Ağ şəhərdə yorar səni ağ küçə,
Ruhundan ayrılar tən addım-addım.
GƏLƏNƏ BAXIN
Siz ey Qazi ərlər, ey Şəhid ərlər,
Dönüb bir arxada gülənə baxın.
Doğrudan yanarmış od düşən yerlər…
Ölənin ardından ölənə baxın.
Şəhid anasının dərdi qat-qatdı,
Qazi atasının əlləri çatdı..
Məmur boş danışıdı, hacı baş qatdı –
Bu alıb-satan başbilənə baxın.
Gərək bəd xəbərdən cana pay düşə,
Gərək bağrın yana, ürəyin bişə..
Üzündə saxta qəm, içində nəşə-
Tribuna oynayıb gələnə baxın.
Xalqım, güvənməyin bu sarsaqlara,
Ağlı-düşüncəsi kor, axsaqlara,
Tüpürün belənçi qurumsaqlara,
Tikəsin sizinlə bölənə baxın.
BAYRAĞA BÜKÜLƏN ŞƏHİDİM GƏLİR
Əsir alır sanki gecə gündüzü,
Bayrağa bükülən şəhidim gəlir.
Açsın qapısını yenə göy üzü,
Bayrağa bükülən şəhidim gəlir.
Qızlar qərənfili hörüb bağlasın,
Quşlar qəmli ötsün, ürək dağlasın,
Şimşəklər hönkürsün, bulud ağlasın,
Bayrağa bükülən şəhidim gəlir.
Yaxası gül açıb- boyanıb qana,
Cənnətin yoları açılıb xana,
Bir igidim sığmaz iki cahana,
Bayrağa bükülən şəhidim gəlir.
Uca məqamına ləyaqətiylə,
Üstündə möhürlü şəfaətiylə,
Alnına yazılan şəhadətiylə,
Bayrağa bükülən şəhidim gəlir.
Zülmət qaranlığa açılan dandı,
Bir Zümrüd quşuydu, qanadı yandı.
Ya Qazi, ya Şəhid! – içmişdi andı,
Bayrağa bükülən şəhidim gəlir.
QAZİLƏRİ SALAMLAYIRAM
Döşünə qəlpəni qızılgül kimi,
Taxan Qaziləri salamlayıram.
Düşmən üzərinə çoşğun sel kimi,
Axan Qaziləri salamlayıram.
Üz-üzə dayanıb mənfur yağıyla,
Keçib imtahandan can sınağıyla,
Girdiyi meydandan tək ayağıyla
Çıxan Qaziləri salamlayıram.
Gedib babaların şanlı iziylə,
Savaşa atılıb bıçaq-nizəylə..
Gözünü itirib, könül gözüylə,
Baxan Qaziləri salamlayıram.
Payız gətirsə də ömürünün yazı,
“Cəngi”də dil açdı qəlbinin sazı,
Qoymadı zəfərə bizi tamarzı,
O xan Qaziləri salamlayıram.
Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü, Mahmud Kaşğarlı Beynəlxalq Fondunun “San yarlığı” mükafatçısıdır. 10 kitabın, o cümlədən 7 şeirlər kitabının müəllifidir. Şeirləri rus, fars, ingilis, fransız, qazax və özbək dillərinə tərcümə olunub. Mütəmadi olaraq saytlarda, jurnal və qəzetlərdə dərc olunur. Azərbaycanda və bir sıra xarici ölkələrdə elmi konfranslarda, festivallarda və ədəbi toplantılardaiştirak edir.
Adilə Nəzər
Teşekkürler, sayın Mustafa Sarıkamış. “Kiriminsesi gazetesi”nin tüm çalışanlarına teşekkür ederim. “Kiriminsesi” ile Kırım türklerinin sesini, türk toplumlarının sözünü, fikir ve düşüncelerini, edebiyyatını, tarihini, sanatını ve s. dünyaya yayımlıyorsunuz. Yolunuz açık, başarılarınız daim olsun!