Abbasov Aydın Qədim oğlu (Aydın Qədimoğlu)
Aydın Qədimoğlu
Nazım Ahmedli
Kırımınsesigazetesi Azerbaycan Temsilcisi
Abbasov Aydın Qədim oğlu (Aydın Qədimoğlu) 1935-ci ildə Laçın rayonunun Pircahan kəndində dünyaya göz açmışdır. O, 1949-cu ildə Pircahan kənd yeddillik məktəbini bitirmiş və həmin ildə də Laçın pedaqoji texnikumuna daxil olmuş, 1953-cü ildə orta ixtisas təhsilini uğurla başa vurmuşdur. 1953-cü ilin sentyabrında Kəlbəcər rayon xalq maarif şöbəsinin əmri ilə rayonun Milli kənd ibtidai məktəbinə müəllim təyin edilmişdir. 1954-cü ilin oktyabr ayında hərbi xidmətə çağırılmış, üç ildən sonra yenidən əvvəlki iş yerinə qayıtmış və daha bir neçə il Kəlbəcər rayonunun ayrı-ayrı kəndlərində fəaliyyətini davam etdirmişdir. 1959-cu ildə Aydın Abbasov Maarif Nazirliyinin əmri ilə Laçın rayonu xalq maarif şöbəsinin sərəncamına göndərilmiş və rayonun müxtəlif kənd məktəblərində müəllimlik etmişdir.
1970-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində (qiyabi şöbə) ali təhsil almışdır. 1972-ci ilin sentyabr ayından 1992-ci ilə qədər-Laçın rayonu erməni təcavüzkarları tərəfindən işğala məruz qalanadək öz doğma kəndində (Pircahan kənd orta məktəbi) ixtisası üzrə-tarix müəllimi işləmiş və müxtəlif vəzifələrdə çalışmışdı.
Aydın müəllim təqaüdçüdür. Ömrünün 88 ci ilini yaşayır. İki oğul beş qız atası olan Aydın müəllim 14 nəvənin və bir nəticənin babasıdır. “Sabahım Laçındı” (2010) və “İndi yol gedirəm doxsana sarı” (2021) şeirlər kitabının müəllifi Aydın müəllimin üçüncü -“Salam a Kəlbəcər, Salam ay Laçın“ adlı kitabı da yaxın vaxtlarda nəşr ediləcəkdir.un Pircahan kəndində dünyaya göz açmışdır. O, 1949-cu ildə Pircahan kənd yeddillik məktəbini bitirmiş
Aydın Qədimoğlu
Salam a Kəlbəcər, salam ay Laçın
Nə müddətdir, əlim uzanaqlıdır,
Salam, a Kəlbəcər, salam ay Laçın!
Əbədi bir yuva versən qoynunda,
Qalam, a Kəlbəcər, qalam ay Laçın!
***
Həyatımda silinməz çox iziniz var,
Quşqonmaz zirvəniz, çox düzünüz var.
Hələ deyiləsi çox sözümüz var,
Böləm a Kəlbəcər, böləm ay Laçın!
***
O dərələr, o bərələr, mil yoxuş,
Yamacında minbir çeşni, min naxış.
Gözəllərdə min işvə-naz, min baxış,
Aləm, a Kəlbəcər, aləm ay Laçın!
***
Əzəldən bilmişəm bir bala kimi,
Ta birdə tapmasın bir bəla kimi.
Təbiət yaradıb bir qala kimi,
Qalam, a Kəlbəcər, qalam, ay Laçın!
***
Bir vaxta bax, dövran quran halım yox,
Köhlən sürüb, yoxuş yoran halım yox.
Aydın deyər, yaşanası halım yox,
Öləm, a Kəlbəcər, öləm ay Laçın!
Qoşa ulduzlar
Bəyaz gecə, sonsuz sayda ulduzlar,
Onun, sənin, biri mənim ulduzum.
Sənlə mənim ulduzumuz cüt, qoşa
Biri sənin, biri mənim ulduzum.
***
Ulduzumuz göy üzündə yanaşı,
Bir zərrədən hər ikisi yanaşı.
Ya arifəm, ya avamam, ya naşı
Biri sənin, biri mənim ulduzum.
***
Bəxt ulduzu deyərlər o ulduza,
Sevdim onu, könül verdim o qıza.
İlqar-iman, əhdi-peyman bu yaza
Biri sənin, biri mənim ulduzum.
***
Qəfil söndü mənim tale ulduzum,
Döndü Zimistana baharım, yazım.
Dilim qəm oxudu, özgə nə yazım?
Biri sənin, biri mənim ulduzum.
***
Qədimoğlu, kəhkəşanı arama,
Yaram sızlar, duz ələmə yarama.
Külüm qalıb, daha tonqal qalama
Biri sənin, biri mənim ulduzum.
Susan adamam
Çətin adam kimi tanıman əsla,
Çətin olduğum tək asan adamam.
Mənlə öz dilimdə danışa bilsəz
O qədər həliməm asan adamam.
***
Bəzən şaxta olub, buza dönürəm,
Bəzən gül ətirli yaza dönürəm.
Bəzən də işvəyə naza dönürəm
Bəzən sazaq olub, əsən adamam.
***
Hamıya mehriban, hamıya xoşam,
Meysiz-məzəsiz də bəzən sərxoşam.
Haçan anlasam ki əlləri boşam
Onda üz döndərib, küsən adamam.
***
Bəzən də fəryada, aha dönürəm,
Bəzən çəmənlikdə şehə dönürəm.
Bəzən sərin əsən mehə dönürəm
Yönü sənə sarı əsən adamam.
***
Aydınam, kimsədən nə gileyim var,
Sonu heçə dönən kür taleyim var.
Həyatdan istəyim, nə diləyim var
Daha kirimişəm, susan adamam.
Yönü sənə sarı əsən adamam.
Sonda sənə sarı dönən adamam
Yoxsa unutmusan, qurbanın olum,
Mən səni hər vədə anan adamam.
Nə olsun ki ara uzaq düşübdü
Oduna dəmadəm yanan adamam.
***
Mən ki dərd əhliyəm, dərddən halıyam,
Bu çərxi-gərdişin geylü-qalıyam.
Yüz fəryad qoparam, yüz də ləliyəm
Bəzən dərdlərimi danan adamam.
***
Qəmdən od götürə, od tuta canım,
Zülmətə dönsə də cümlə cahanım,
Sənin həsrətinlə alışım, yanım
Söndürsən səngiyib, sönən adamam.
***
Yayın od nəfəsi cana kar etməz,
Üşütmə, titrətmə canımdan getməz.
Özünü üzsən də dadıma yetməz
Tamam buz bağlayıb donan adamam.
***
Aydına bəllidir illər uzunu,
Gəlsən əridərsən canın buzunu.
Xoş olar, eşitsən sözün düzünü,
Mən ki hal əhliyəm, qanan adamam.
Sonda sənə sarı dönən adamam.
Zirvə sənlik deyil
Ey hey… gör sən hara zirvələr hara…
Zirvə sənlik deyil, atam balası!
Zirvənin əzəldən öz yiyəsi var,
Zirvə sənlik deyil, atam balası!
***
Boylandım, papağım başımdan düşdü,
Məndə bu xam xəyal gülməli işdi.
Uçmuşdum az qala, ayağım qaçdı
Zirvə sənlik deyil, atam balası!
***
Şirin xəyallarla yaşama, gecdi,
Sənin o dövranın, o vaxtın keçdi.
Çoxları həyatdan həsrətli köçdü
Zirvə sənlik deyil, atam balası!
***
Zirvəyə ucalmaq istəyindən keç,
Boş bir xəyal olan niyyətindən keç.
Tanrı verdiyinə gəl qane ol, köç
Zirvə sənlik deyil, atam balası!
***
Poladdan sərt olan caynağın yoxsa,
Yay kimi gərilən qanadın yoxsa,
Zirvəyə tablaşan inadın yoxsa,
Zirvə sənlik deyil, atam balası!
***
Çoxunun arzusu gözündə qaldı,
Çoxunun istəyi sözündə qaldı,
Çoxu da leylanın düzündə qaldı…
Zirvə sənlik deyil, atam balası!
***
Məskəndi dumana, çənə zirvələr,
Qoynunda yer verməz sənə zirvələr!
Aydınsız qalacaq yenə zirvələr…
Zirvə sənlik deyil, atam balası!
Bu da qocalıq
Söndü ümüd çırağım,
Əldən düşdü yarağım,
Söndü eşqim, marağım
Buyur, bu da qocalıq.
***
Gedib gözümün nuru,
Can üzgün, bədən quru.
Yaxın etmişəm goru
Buyur, bu da qocalıq.
***
Çox qaçdım qocalıqdan,
Yetişdi özü haqdan.
Qapımdadı bayaqdan
Buyur, bu da qocalıq
***
Qubağımda bir nida,
Haqdan gəldi bu səda.
Cavanlığa əlvida…
Buyur, bu da qocalıq.
***
Hə qızınır otağım,
Buza dönüb yatağım.
Köçdü cavanlıq çağım
Buyur, bu da qocalıq
***
Qədimoğlu qal tənha,
Haqq de, batma günaha.
Ümüd yoxdur sabaha
Buyur, bu da qocalıq.
Şair deməzlər
Nizamiyə dahi deyən
Ellər mənə şair deməz.
Vurğunumdan ilham alan
Dillər mənə şair deməz.
***
Cənnətmisal o dağ – aran,
Dağı yerindən oynadan,
Daşıb Saranı aparan,
Sellər mənə şair deməz.
***
Bu dünyadır viran qalan,
Qeysi dönüb Məcnun olan,
Sazda Kərəmini çalan
Əllər mənə şair deməz.
***
Qartallı dağ, geniş düzən,
Qanad çalıb göydə süzən,
Ceyran qaçan, maral gəzən
Çöllər mənə şair deməz.
***
Naşı ovçu, atma, dayan !
Qoy dərdlərim olsun əyan.
Ahımdan suyu quruyan
Göllər mənə şair deməz.
***
Yapıncısı duman olan,
Dağların başına dolan.
Sinəsində bixat solan
Güllər mənə şair deməz.
***
Qədimoğlu, yetər bəsdi,
Şairlik səndə həvəsdi.
Bu səs haqdan gələn səsdi
Ellər sənə şair deməz.
Ellər sənə şair deməz.
Oyaq ol, Qədimoğlu
Görəcəkli günlərin öndə səni gözləyir,
Aşırımda, gədikdə, çəndə səni gözləyir.
Yolunda pusqu qurub, tində səni gözləyir,
Bel bağlama dünyaya, oyaq ol, Qədimoğlu!
***
Çox güvənmə özünə, bədi hələ, daldadı,
Bükəcəkdi belini, ağır şələ daldadı.
Bu gününə şükür elə, pisi hələ daldadı,
Bel bağlama dünyaya, oyaq ol, Qədimoğlu!
***
Dünya cilovsuz atdı, minə bilsən oğulsan,
Belində dura bilsən əfsanəsən, nağılsan.
Dünyaya qoyun gəlib, qoyun kimi sağılsan,
Bel bağlama dünyaya, oyaq ol, Qədimoğlu!
***
Arxaya bax xatırla, yadında nəsə varmı,
Ömrün xoşbəxt anları, yaxşısı nəsi varmı?
Kimsənin yaşamağa bu gün həvəsi varmı,
Bel bağlama dünyaya, oyaq ol, Qədimoğlu!
***
Mən öz ömür payımı yaşadım, başa vurdum,
Hər cür ağır sınaqla üzbəüz qoşa durdum.
Bilmirəm nə yaratdım, bilmədim necə qurdum,
Nə qədər gec olsa da oyaq ol, Qədimoğlu!
Sonda özün-özünə dayaq ol, Qədimoğlu!
Kişilər
Yamanca görünür yeriniz, gəlin,
Hardasınız quş qanadlı kişilər?
Göyəmi çəkildiz, yerəmi batdız,
Qeyb oldunuz, köhlən atlı kişilər.
***
Quşları gözündən vuranlar hanı?
Sözünün üstündə duranlar hanı?
O qolu burulmaz ərənlər hanı?
Çal-çağırlı, toy-büsatlı kişilər.
***
Ay qala bürclü, ərən babalar!
Uzağı-yaxını görən babalar.
Bol süfrəli çörək verən babalar,
Xoş məramlı, xoş niyyətli kişilər.
***
Sizin yerinizdə ola bilmədik,
Vallah sizin kimi ola bilmədik.
Həyatı sizin tək görə bilmədik,
Ay səxalı, xoş ovqatlı kişilər.
***
Sizə bənzəmədik zərrə qədəri,
Həzm edə bilmədik qəmi, kədəri
Niyə yoxdur köhnələrin bənzəri?
Hanı, hanı o qeyrətli kişilər?
***
Sizin yerinizi tuta bilmədik,
Köhlənlərə kəmənd ata bilmədik.
Istəsək də sizə çata bilmədik,
Ay cüssəli, əzəmətli kişilər.
***
Aydınam, ərkanı sizdən öyrəndik,
Baxışdan, eyhamdan, gözdən öyrəndik.
Hər nə öyrəndiksə, sizdən öyrəndik,
Halal edin, ay hörmətli kişilər!
Halal edin, ay hörmətli kişilər!
Mən şeir yazmadım, atam-qardaşım
Mən şeir yazmadım, atam-qardaşım,
İçim qan ağladı, nalədən yazdım.
Hərdən də üz tutdum çəmən seyrinə,
Bağrı al-qan olan lalədən yazdım.
***
Ata məhəbbəti nəydi, bilmədim,
Möhnətlər qəddimi əydi, bilmədim.
Şaxta kəsdi, dolu döydü, bilmədim,
Vaxtız gələn minbir bəladan yazdım.
***
Dəymədi üzümə ana nəfəsi,
Yadımda qalmayıb bircə kəlməsi.
Qeyibdən yaranan Tanrı bəndəsi,
Belə yaranmışdım, belədən yazdım.
***
Çiynimdə o qədər şələ daşıdım,
Düşsəm də daşqına, selə, daşıdım.
Qocalıq haqlayıb, lələ, daşıdım,
Belim yağır oldu, şələdən yazdım.
***
Aydınam, üz tutub göylərə sarı,
Qovmağa çalışdım qəmi, qübarı.
Dünyada qalacaq dünyanın varı,
Yön çevirib ərşi-əladan yazdım.