Konuk Yazarlar ve Katkı Sunan Kalemler

Vahid Aslan – Şeirlər

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilsisi

Vahid Aslan

Şeirlər

Vahid Aslan
Vahid Aslan

Qarşıla məni

Dağlardan gəlirəm yüküm ağırdı,

Gəlirəm, gözlərin məni çağırdı;

Görsən ki, görkəmim bir az fağırdı,

Mamırlı qaya bil, qarşında məni.

                 ***

Canımda bir azca dərə yuxusu,

Bir az da çaylar tək coşmaq duyğusu;

Köçüb gözlərimə çiçək qoxusu,

Meşələr bürüyüb yaşıla məni.

            ***

Dağ havası uddum havam sərindi,

Bulaq suyu içdim dilim şirindi;

Könlümün şah yeri zirvələrindi,

Qarşıla sevgilim, qarşıla məni.

                                                25.07.2026

        Unudulan yollar

Dərənin başında bir yol dayanıb,

Baxır uzaqlara əli qaşında.

Nə qədər göynəyən xatirə qalıb,

Bu tənha yolların daş yaddaşında.

            ***

Bu yollar nələrin şahidi olub,

Dindirsən danışar nəfəs dərmədən.

Düşünür, darıxır, gözləri dolub,

Geriyə dönməyir gedənlər nədən?!.

            ***

Yolları unudan adamlar ki, var,

Gözləmə kiminsə dadına çatsın.

Adamsız darıxan bu yollar ki, var,

Qorxuram dərədən özünü atsın…

                                                 27.03.2026

              Adım vətəndi

Elə ki, düşmənlər qəsdimə durdu,

Oğlumdan, qızımdan kömək istədim.

Oğlum da, qızım da sevəndə yurdu,

Onları bəxtəvər görmək istədim.

           ***

Bəd nəzər dəyəndə güllü bağıma,

Öz qanım can verdi öz torpağıma.

Gördüm, qucaq açıb al bayrağıma,

Mavi göy üzünü öpmək istədim.

            ***

Dərəm səngərindi, dağım qalandı!

Qorusan, əbədi sənin olandı!

Boz duman başıma elə dolandı,

Onu da dəli tək sevmək istədim.

            ***

Övlad, dinlə məni, adım, vətəndi!

Ruhunda yaşayan odum, vətəndi!

Ağzında ballanan dadım, vətəndi!

Bax, sənə bunları demək istədim.

                                            09.11.2025

               Saxlamışam

Bəxtimiz üzə güldü, bütövləşdik səninlə.

Bir isti yuva qurduq sevincinlə, qəminlə.

Özün üçün darıxsan,.. nəğmələrimidinlə!

Məndən sonrakı ömrü sözüməsaxlamışam.

            ***

Ən göyçək arzularım sevgimizdəndoğuldu.

Qaranlıqlar qəlbinin işığındaboğuldu.

Sən özün söyləmişdin: – Ən dəqiqrəssam odu!

Hər nazını çəkməyi gözüməsaxlamışam.

            ***

Qayıtmaq istəyəndə hərdənuşaqlığıma,

Qaynar baxışlarınla sən gəlirsənağlıma.

Bir gün ayrılığına əsir düşsəm, ağlama!

Sonuncu qurşunumu özüməsaxlamışam.

                                                    07.11.2025

Bir ovuc torpaq

Kömür kimi qarallam,

Ayrılsam ocağımnan;

Yarpaq kimi sarallam,

Yıxılsam budağımnan;

            ***

Sevilən ürək ollam,

Duyğusu kövrək ollam,

Dəlisov külək ollam,

Asılsam bayrağımnan;

            ***

Yurd sevinsin, öyünüm!

Fərəhlənim, söyünüm!

Vətən olub böyüyüm,

Bir ovuc torpağımnan.

                           10.10.2025

              Payızı gözlə

Dərənin qaşında payızı gözlə,

Yanına dönməyim ümidin olsun!

Payız gözlərini hamıdan gizlə,

Qoyma ki, sonuncu yarpaq tək solsun!

            ***

Məktəbdən gələndə bir payız günü,

Dərənin qaşında görmüşdüm səni.

Bir yarpaq budaqdan qopub, özünü

Dərəyə atanda qorxutdu məni.

            ***

Üfiqdə günəşin çöhrəsi sarı,

Sarı don var idi əynində sənin.

Gözlərimə çəkdim, qəlbimə əkdim,

Payızın bir sarı günündə səni.

            ***

Mən payız kimiyəm, bir azca sarı,..

Bir az da kədərdən bəhəri ilə;

Yox, əgər gördünkü çox darıxırsan,

Dərənin qaşında payızı gözlə.

                                              25.09.24

           Azərbaycanım

Dağlara söykənən ey ana yurdum!

İsti qucağında şən yuva qurdum!

Gözümü açanda zirvəni gördüm.

Zirvə görkəmində mən səni gördüm.

Gördümkü genişdi yamacın, çölün.

Yaxanı bəzəyir çiçəyin, gülün.

Yaşıl meşələrin uzanıb gedir.

Palıdın yarpağı mənə əl edir.

Burulub dumanda azan yolların,

Arzumu köksünə yazan yolların,

Yurdum!

Sevdalanan yolçusu oldum.

Ağlım kəsən gündən sənə vuruldum!

Beləcə qoşulub bir dağ çayına,

Axdım arzuların dolaylarına.

Qalxdım göy üzünün buludlarına,

Baxdım vətənimin hüdudlarına,

Gördümkü yer üzü bir müstəvidi,

Qabaran dənizlər üzən gəmidi.

Qaya ömürlüdü, milyon yaşlıdı,

Gördümkü vətənim qartal başlıdı.

Sənə qurban olsun nəfəsim, canım!

Ey mənim qüdrətli Azərbaycanım!

                                                 27.04.24 

 Şuşa Fatehlərinə  

Qılınc kimi sıyrılan,

İşıq kimi yayılan,

And yeri vətən olan

Sözlərindən öpürəm!

           ***

Dağ çapan, qaya yaran,

Şərin belini qıran,

Sonda Şuşaya varan

İzlərindən öpürəm!

           ***

Qançır olan, qan sızan,

Daşlardan səngər qazan,

Təpəri zəfər yazan

Dizlərindən öpürəm!

            ***

Yuxu nədi bilməyən,

Qorxu nədi bilməyən,

Şuşada gülümsəyən

Gözlərindən öpürəm!

                                06.12.23          

                Çətindərə yaylağı

Yenə qalxdım at belinə, şimşəklərdən qanadım.

Ey boz duman, ağca bulud ötüb keçərəm sizi.

Üz tutduğum zirvələrdə arzularım, muradım.

Dərələrdən axan çaylar qaldırın səsinizi.

            ***

Yayın qızmar istisində diş göynədən bulağım,

Dönüb yenə sənə gəldim, gəl görüşək – öpüşək!

Uşaqlığım yada düşdü, həzin-həzin ağladım,

Ya da könlüm cuşa gəldi, aşıb-daşdı çaylar tək.

            ***

Eşidirəm, havalanır qartalların qıysəsi,

Demək indi çatacağam zirvəsinədağların.

Dodağımdan axıb gedir bulaqlarınnəğməsi,

Xatırladır film kimi mənə ötənçağları.

            ***

Meşəsində çiyələyi, moruğu, quzqulağı,

Çaylarında balıqları varıdır, eyoxucu!

Qoy söyləyim necə yerdiÇətindərə yaylağı,

Buludları dəlib keçir qayaların ox ucu…

                                                            01.08.23

                 Şuşa

Qayıtdı nəğməsi göyçək dilinə,

Yaxıldı xınası çiçək əlinə,

Bax, indi bənzəyir nazlı gəlinə,

Bu bəxtəvər şəhər, bu gözəl şəhər.

            ***

Qaməti mərmərdən, əli belində.

Külək dəli olar öpsə telindən…

Çimir gecələrin işıq selində,

Durub ulduzlarla göz-gözə şəhər.

            ***

Bu yerlər əzəldən cənnətdi deyə,

Xətrinə dəyənlər başına döyər;

Tanrı əlləri tək açılıb göyə,

Qayalar üstündə möcüzə şəhər.

                                       16.07.23

 Bir qədəh sükut

Xatirələr yaşayar,

Hər döngədə, hər tində.

Kim bilir daha nə var,

Yolların qismətində.

            ***

Bir qədəh sükut içir,

Darıxanda küçələr.

Bəzən yollardan keçir,

Ürəyindən keçənlər.

            ***

Bir tikə ümid saxlar,

Yolların köndələni.

Ötən illərdə axtar,

Ömürdən kəm gələni.

                               27.04.22

        Soyuqluq

Hələ eramızdan əvvəl

Havalar çox soyuq imiş,

Göy üzünün yağmuru sərt,

Günəşi də xəsis imiş,

Bu sərtliyin, xəsisliyin acığına

Yer üzündə adamlar mərd,

İsti imiş,

Bir-birini mərhəmətlə,

Məhəbbətlə isidirmiş,

Tamah yoxmuş, hiylə yoxmuş,

İndi isə,..

Havalar istiləşibdi,

Adamların mərhəməti,

Ədaləti yoxa çıxıb,

Görürsən ki, adamların

Qəlbi soyuq, ürəyi daş,

Görürsən ki,

Adamların məhəbbəti,

Ülviyyəti, sədaqəti

Buza dönür yavaş-yavaş…

                              24.01.22

         Bir şair köç etdi

          (Musa Yaquba)

Bir şair köç etdi əbədiyyətə,

Bir yarpaq da düşdü söz budağından;

Ayrıldı,.. dərd verdi o, təbiətə,

Necə ki, ayrılır bağban bağından;

            ***

O, nəğmə içirdi bulaq gözündən,

O, yaxşı bilirdi daşın dilini;

Hər dəfə endirib göyün üzündən

Misraya düzürdü quşun dilini;

            ***

Doğması bilirdi qayalar onu,

Əlləri min illik mamır kimiydi;

Hərdən dərələrdən salıb yolunu,

Hərdən zirvələrə qalxan çəniydi;

            ***

Çaylar tanıyırdı onun səsini,

Hərdən kiriyirdi, hərdən coşurdu;

Hərdən də unudub öz nəğməsini,

Tənha bir ağaca nəğmə qoşurdu;

            ***

Yaxşı tanıyırdı qoca dünyanı,

Bilirdi ona da etibar yoxdu;

Gözündə heç idi şöhrəti-şanı,..

Onu sevdiyinin həsrəti yaxdı.

            ***

Həqiqət axtaran bir uşaq idi,

Tərəzi kimiydi uşaq gözləri;

Hiylədən, yalandan o, uzaq idi,

Qəlbinin şəkliydi şeiri, sözləri;

            ***

O, getdi…

Hıçqırdı sısqa bulaqlar!

Yarpaqlar küləyə çırpdı özünü!

Mamırlı qayalar, dumanlı dağlar,

Hər gün oxuyacaq onun sözünü!

                                         07.05.21

      Film kimidi

Unudulan iz ki, var,

Yorğun düşən diz ki, var,

Çırpınan dəniz ki, var,

Mənim qəlbim kimidi.

            ***

Doğmayammı,.. yoxsa yad?

Yuxumdasan, rahat yat!

Səni ağladan həyat,

Mənə zülm kimidi.

           ***

Nəfəsdi – hər doğulan.

Qəfəsdi – vaxtı dolan.

Sonu ayrılıq olan – 

Sevgi – film kimidi.

                      09.01.21

          İgid əsgərim

Bir şanlı, bir qızıl tarix adına

Nə yazdın, sən yazdın, vətən əsgəri!

Söykənib vətənin qayalarına,

Daşların üstündə yatan əsgərim!

            ***

Verdin qayalarla kürək-kürəyə,

Gücünə güc qatdı vətən sevgisi.

Atıldın irəli: – Qarabağ deyə,

Yeri də, göyü də titrətdi səsin!

            ***

Hünərin dünyanı heyrətə saldı,

Ey mənim qəhrəman, igid əsgərim!

Sən haqq savaşınla qələbə çaldın 

Bayrağa büründü kəndim, şəhərim!

            ***

Gələn sabahlara şanlı yol açdın,

Sənə bənzəyəcək bu yoldan ötən!

Qanınla, canınla bir əsər yazdın,

Yazdığın əsərin baş hərfi, vətən!

                                       01.12.20

Türkün yolu – Turan yolu

Qoca Türküm!

Ulu Türküm!

Buludları yarıb keçən

Bozqurdumun yolu Türküm!

Sən göylərdən enib gələn 

Göy Tanrısan!

Cəsarətlə, ucalıqla tən yarısan!

Özün olanda məğrursan!

Sən öz yerində durursan,

Dörd yanında nələr olur,..

Sən dünyanı

Yıxılmaqdan qoruyursan!

Gecə-gündüz insanlığın

Nəğməsini oxuyursan!

Yenə, qarşında dayanan

Şər üzlü fitnələr olur.

Zaman-zaman azmı olub

Çilələrin, qeylü-qalın;

Heç bu gün də üzün gülmür,

Dumanlıdı kefin, halın;

Bilirsənmi, Qoca Türküm!

İçdən yeyər qurd ağacı.

Haqq yolundan dönməməkdi

Göy Türklərin son əlacı.

Yumruq kimi birləşdimi,

Dünya Türkün dünyasıdı.

Bir-biriylə höcəşdimi,

Türkün matəmi, yasıdı.

Ağır-ağır sınaqlara

Çox çəkibdi dövran səni,

Yadındamı, Çanaqqala…

Kimlər idi vuran səni?!

Düşmənini tanımasan,

Vuracaqsan sən özünü.

Bir az dərindən fikirləş,

Bir az geniş aç gözünü.

… Çaşdırmasın səni yollar,

Gözləməkdi yoran səni!

Gedəcəyin tək bir yol var:

– Get, gözləyir Turan səni!

                       22.07.16

Pin It on Pinterest