GenelGüncelKültür Sanat

OĞUL OXŞARI –

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Ələsgər Əlioğlu

OĞUL OXŞARI

Hekayə

Reyhan arvad on gün olardı ki, huşsuz və­ziy­yətdə idi. Daha dili də tutulmuşdu. Arabir gözünü açır, ətrafa nəzər yetirir, baxışlarını qapıya tuşla­yır, yenidən təngnəfəs halda kirpiklərini bir-birinə sıxırdı. Hiss olunurdu ki, artıq can üstədir… Qo­hum-əqraba elə düşünürdü ki, indicə keçinəcək. Bu mənzərəni hüznlü bir görkəmdə gözdən ke­çirən Nərgiz qarı Rəşidi bir qırağa çəkdi:

– Ay oğul, dünyadır də… Görmürsənmi anan can verir. Bir molla tap gətir. Arvad çox əziyyət çəkir. Qoy bir yolluq rahatlıq tapsın. Diriykən qu­lağı bir quran səsi eşitsin. Bu yüngüllükdür…

Aradan yarım saat keçməmiş molla Səfəralı Rə­şidin müşayiəti ilə özünü qapıdan içəri saldı. Xəs­tənin başı üzərində yerini rahlayıb quran oxu­ma­ğa başladı… Ancaq Nərgiz qarı zənnində yanıl­mışdı…

Aradan beş-altı gün keçsə də, Reyhan arvad yenə də canıyla əlləşirdi… Yenə də əzab-əziyyət çəkməkdə idi… Onun arabir açılan gözləri qapıya dikilir və yenidən qapanırdı…

Reyhan arvad ağırlaşan bir gündən başının üst­dən bir an da çəkilməyən simsarı Nərgiz qarı bey­nində var-gəl eləyir, tez-tez gözünü qapıya zil­ləyən bu xəstənin könlündən nə keçdiyini heç cür anış­dıra bilmirdi… Handan-hana nə fikirləşdisə, Rə­şidi növbəti dəfə yanına çağırdı:

– Ay Rəşid, ananın gözü heç qapıdan yığıl­mır. Yəqin ki, o qaçqınlıq-köçkünlük vaxtı itkin dü­şən qardaşın Mahmudun yolunu gözləyir. Mah­mu­dun bir şəkli yoxdurmu?.. Gətir qoyaq ananın sinəsi üstə, qoy gözü yollardan yığışsın…

Rəşid təəssüf hissilə dilləndi:

– Nərgiz nənə, elə bir abırda yurd-yuva­mız­dan dərbədər düşdük ki, heç bir çöp də götürə bil­mədik. Mahmudun nə şəkli vardısa hamısı da orda qaldı…

Ani bir məqamdan sonra Rəşid doluxsunmuş halda üzünü Nərgiz qarıya tutdu:

– Nərgiz nənə, indi yadıma düşdü, anam qon­şu kənddəki Camal müəllimi görəndə umaxşı­yardı. Elə hey deyərdi ki, bu Camal elə bil ki, mə­nim Mahmudumla bir almadır, yarı bölünüblər… Camal müəllimi qucaqlayıb dönə-dönə öpərdi, heç doydum da deməzdi… Doğrudan da qardaşım Camal müəllimə çox oxşayırdı. Bunu deməkdə məq­sədim odur ki, gedib Camal müəllimin şəklini gətirsəm necə olar!?

Nərgiz arvad başını tərpətməklə bu fikrə di­rək durduğunu bildirdi. Rəşid maşına əyləşib Ca­mal müəllimgilə üz tutdu…

Darvazanın bərk-bərk döyüldüyünü eşidib ba­yıra çıxan uşaq cəld yerişlə də evə qayıtdı:

– Ata, səni çağırırlar…

– Kimdir, a bala?

– Tanımadım.

Camal müəllim həyətə çıxdı. Darvazanın ağ­zında dayanan Rəşidi tanıdı və onu evə təklif etdi:

– Xoş gəlmisən, Rəşid. Niyə həyətdə dayan­mısan… Keç içəri!

– Yox, Camal qardaş, vaxtım çox azdır.

– Bəs xeyir ola?

– Şəkillərinizdən birini mənə verə bilər­si­nizmi?..

Camal müəllimin anlaşılmaz bir şəkildə du­ru­xub qaldığını görən Rəşid vaxtı güdaza vermə­mək üçün məqsədini tələm-tələsik dəri-boğaz elə­di. Məsələdən halı olan Camal müəllim daha heç bir söz demədən evə döndü və paltarını dəyişib əyləşdi Rəşidin maşınına:

– Sür, getdik!

– Bəs şəkil?..

– Bir haldakı özüm gedirəm, daha şəkil nəyə lazımdı! Şəkili gərək bir saat axtaram. Sən görmə­din, təmirlə bağlı evdəki hər şey bir-birinə qarı­şıb… Allah bilir hansı basırıqdadır…

Əvvəlcə Rəşid, arxasınca Camal müəllim xəs­tə yatan otağın qapısından içəri keçdilər. Rə­şid: – Ay ana, Mahmud gəlib çıxdı, bir gözünü aç! – deyə ucadan səsləndi.

Bu kövrək səsə Reyhan arvad səksənən kimi oldu. Bir təhər gözlərini açdı. Var gücünü toplayıb sanki yerindən qalxmaq istədi. Ancaq bacarmadı. Hədəqəsindən çıxmaq istəyən gözlər Mahmud mü­əllimə zilləndi və kirpiklər yavaş-yavaş qa­pan­dı… Evi yanıqlı ağlaşma səsi bürüdü…

…Camal müəllim tərəddüd içində donub qal­mışdı. Bir sual onun içərisini ovurdu: Rəşidin qa­ba­ğına düşüb gəlməliydi, yoxsa yox?..

O, indi bu sualın qarşısında aciz qalmışdı… Bir cavab tapa bilmirdi. Ancaq ürəyində öz-özünü mühakimə edirdi: “Bəlkə də gəlməsəydim, Rey­han arvad ölməzdi, bəlkə də sağalıb ayağa qal­xar­dı!.. Bəlkə də!.. Bəlkə də!..”

Pin It on Pinterest