GenelGüncelKültür Sanat

Ələsgər Əlioğlu – Hekayə


Nazın Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Ələsgər Əlioğlu 1953-cü ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. 1974-cü ildə Gəncə Dövlər Pedaqoji Universitetini (keçmış KDPİ) bitirmişdir.Bir müddət pedaqoyi sahədə çalışmışdır.Hazırda müstəqil yaradıcılıqla məşğuldur.Şeirləri alban, italyan, rus, belorus, özbək və s. dillərə tərcümə olunmuşdur.

Ələsgər Əlioğlunun bir sıra əsərləri ibtidai sinif dərsliklərinə daxil edilmişdir.Sinifdən xaric oxu və elmi-metodik kitablarda da onun yaradıcılığına geniş yer verilmişdir.Həyat və yaradıcılığı ali məktəblər üçün hazırlanmış “Uşaq  ədəbiyyatı”  dərsliyinə daxil edilmişdir. 2016-ci ildə müddətli Prezident təqaüdünə layiq görülmüşdür.

 Tanınmış sənətkarlardan Osman Sarıvəlli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə,Çingiz Hüseynov,Bəkir Nəbiyev,Bağır Bağırov,Tofiq Mahmud,Tofiq Mütəllibov və başqaları Ələsgər Əlioğlunun yaradıcılığı ilə bağlı xoş sözlər söyləmişlər.Ə.Əlioğlu hazırda Xanqərvənd kəndində yaşayır.

Əsərləri  “Azərbaycan”, “Ulduz”,  “Literaturnıy Azerbaydjan” jurnallarında, “Ədəbiyyat qəzeti”, “Ədalət”, “Kaspi”, “525-ci qəzet” və s. mətbuat orqanlarında ardıcıl surətdə çap olunur.

22-23 oktyabr 2021-ci il tarixdə Türkiyədə “Uluslararası cocuq və gənclik ədəbiyyarı simpoziumu”  keçirilmiş və burada  oxunan məruzələr  İstanbulda “Akademi Ajans  Matbaa”da çap olunmuşdur.Ələsgər Əlioğlunun yaradıcılığına həsr olunmuş  “…ədəbiyyar ortamında  yaradıcı cocuq ədəbiyyarı araşdırması Ələsgər Əlioğlunun əsərləri örnəyində”  yazı  da ingilis, türk və  Azərbaycan dilində həmin topluya daxil edilmişdir.On səkkiz kitab müəllifidir.

 Ələsgər Əlioğlu  

             Hekayə                                     

                                        DƏRMAN

Əllərinin damarları kökdən düşmüş sazın sim­lərini xatırladırdı. Bu damarlar daha nə qədər gə­rilsə də, ötən ömrün-günün çılğın havası üstə bir daha köklənən deyildi. Şuşa… Cıdır düzü… İsa bu­la­ğı… O yerlər qarış-qarış gəlib onun gözləri önün­dən keçirdi…

Xəstələnib yatağa düşən Şirin kişinin yaşı səksənin aşırımını geridə qoymuşdu. İyirmi ildən artıq idi ki, İsa bulağının suyunu dadmırdı. Həmi­şə də söz düşəndə deyirdi: “Mənim xəmirimin su­yu İsa bulağından götürülüb.” Ömür-gün yoldaşını da hələ altmış il qabaq ilk dəfə bu bulağın başında görərkən sevib-seçmışdi…

Üç oğlu, bir qızı vardı Şirin kişinin. Yenə də onun başına yığışmışdı övladları. Olub-keçənlər­dən danışa-danışa kişini bir hovur ovundurmaq, xəstə­liyini unutdurmaq istəyirdilər. Ancaq nədən danı­şır­lar-danışsınlar, atalarının fikri-zikri İsa bu­la­­ğın­day­dı. Birdən o, yastığa dirsəklənib xırıltılı bir səslə dilləndi:

– Ay uşaqlar, iynə vurula-vurula bədənim dö­nüb şadaraya. Mədəmin yükünü yeməkdən çox dər­mandan tuturam. Heç birinin də bir xeyri yox… Bircə onu bilirəm ki, mənim dərmanım İsa bula­ğı­nın suyudur. Bircə qurtum içsəm özümə gələ­rəm…

Şirin kişinin sözündən sonra araya ağır bir sükut çökdü. Evin kiçik oğlu Asif handan-hana dilləndi:

– Ay ata, heç xiffət eləmə, bu gün-sabah torpaqlarımızı qaytaracağıq. Dönəcəyik öz doğa yurd-yuvamıza. Yenə də İsa bulağının başında süf­rə açarıq…

Aradan bir-iki gün keçmişdi. Səs yayıldı ki, Asif çadır şəhərciyindən yoxa çıxıb… Qohum-əq­rəbanın hərəsinin ağlına bir fikir gəlirdi. Həyat yoldaşı Gülyanaq isə deyirdi: “O mütləq işləmək üçün Bakıya gedib. Neçə dəfə mənə bu haqda de­mişdi, amma mən razı olmamışdım. Bəlkə də elə buna görə evdə bildirməyib…” Birdən Gülyana­ğın ağlına gəlmişdi ki, Asif Bakıya getsə sənədlərini də özü ilə götürər. Sandığı açıb gözdən keçirən­dən sonra o da qohum-əqrəbaların hamısı kimi hə­yə­canlanmağa başlamışdı. Şirin kişidən başqa qo­hum-əqrabaların hamısı elə bil ki, tikan üstə yatır­dı. Nə gündüzləri vardı, nə də gecələri… Bütün bun­lara baxmayaraq çalışırdılar ki, ağır yataq xəs­tə­si olan Şirin kişi bu hadisədən hələlik xəbər tut­ma­sın. Qorxurdular ki, sonra kişinin əhvalı qa­rışar…

Artıq aradan bir neçə gün ötmüşdü. Asifin ana­sı Sürəyya qarı xısın-xısın ağlayırdı. Elə ağla­yırdı ki, əri ondan duyuq düşməsin. Hətta bir dəfə Şirin kişi onun gözünü yaşlı görüb soruşmuşdu:

– Ağlamış adama oxşayırsan, ay arvad…

Tez özünü ələ alan Sürəyya qarı demişdi:

– A kişi, indicə soğança hazırlayırdım, soğan gözümü acışdırdı…

***

Atasının “mənim dərmanım İsa bulağının su­yu­dur” sözləri Asifin dinini-imanını qaçırmışdı. Heç dinclik tapmırdı. İlan kimi qıvrıla-qıvrıla qal­mışdı. Ora-bura vurnuxurdu… Atasının murazını gözdə qoya bilməzdi… Gecə əl-ayaq yığışandan son­ra gündüzdən hazırlayıb kənar bir yerdə gizlə­di­yi plastmas qabı da götürüb yola çıxdı… Heç kə­sə də bildirmədi ki, birdən xofa düşərlər… O, gecə sə­hərə qədər dayanmadan yol getdi. Sübh açılan ça­ğı özünü yaxınlıqdakı kol-kosluğa verib dalda­lan­malı oldu. Ehtiyatsız bir hərəkət onun həyatı bahasına başa gələ bilərdi. Ona görə də yenidən qaranlıq düşənə kimi gözləməliydi. Elə ki, axşam düşdü, ətrafı qaranlıq bürüdü, Asif yenidən yoluna davam etməyə başladı. Atasının sözlərini tez-tez xatırladıqca addımlarını daha da yeyinlədirdi… An­caq tez-tez dayanır, ətrafa boylanır, yenidən yo­luna davam edirdi. Arabir qarşısına çıxan irili-xirdali çətənə plantasiyaları onu həm çaşdırır, həm də qıcıqlandırırdı: “Alçaqlar öz xislətləri kimi bi­zim torpağı da zəhərləyirlər!.. Bir vaxtlar gül-çi­çək qoxuyan bu yerlərdən indi üfunət iyi gəlir…”

Asif fəhminə bel bağlaya-bağlaya gedirdi… İna­nırdı ki, fəhmi heç vaxt onu aldatmaz. Daha hiss edirdi ki, uşaqlıqda qoyun-quzu otardığı ya­maclardan keçir… Buralarda o qədər çiling-ağac, mərə-mərə, dirədöymə oynamışdı ki… Səhərin ala-toranında İsa bulağını axtarıb tapan Asif bir az rahat nəfəs aldı. Amma ona elə gəldi ki, İsa bulağı doğmaları üçün qəribsədiyindən daha özünə sığ­mır. Şırıltısı daha dəyişib… “Cəngi” çalıb ər oğul­la­rı başına toplamaq istəyir… O, kövrəldikcə-köv­rəl­di… Əyilib bulağın suyundan içərkən suya dü­şən əksinə baxıb pıçıldadı: “Bu iyrənclərin ara­sın­da nə qədər qalsan da, çox şükür ki, duruluğunu qoruyub saxlaya bilmisən, İsa bulağı!..” Sudan içdikcə-içdi. Sonra plastmas qabı ağzınadək dol­durdu. Əyilib bulağı son kərə öpdü… Daha ha­va­nın işıqlandığını hiss etdiyindən axtarıb axşama kimi daldanacaq bir yer tapdı. Gecə yuxusuz qal­dığından azacıq da olsa mürgüləmək, gözünün çi­mirini almaq istədi… Bir də ki, onsuz da yenidən ax­şamı gözləməli idi… Elə bərk yorulmuşdu ki, oya­nanda gördü artıq şər qarışıb. Su qabını gö­türüb gəldiyi yolla da geri döndü…

Asif ikinci gecə idi ki, yol gəlirdi. Qarşıdakı yo­xuşu da aşandan sonra daha bütün təhlükədən so­vuşacaqdı. Həmin yoxuşu yenicə aşmaq istə­yir­di ki, qəfildən atəş səsləri eşidilməyə başladı… Gö­rünür düşmənlər duyuq düşmüşdülər. O, də­rə­yə sarı yumalandı… Düşmənlərin atmış olduğu gül­lələrdən biri qabı dəlib keçmiş, hər iki tərəfin­dən deşik açmışdı. Qab Asifin əlindən çıxıb üzü dərəyə diyirlənmişdi… Asif özünü qabın üstə atdı. Güllənin açmış olduğu deşiklərdən su axıb tö­kü­lür­dü. İşin tərsliyindən güllə qaba çəpəki bir şəkildə dəymişdi. Bir yandan qaranlıq, bir yandan da vaxtın azlığı imkan vermirdi ki, Asif həmin deşik­lərə nəsə bir şey tapıb tıxasın. Buna görə də qabı sinəsinə tutub el arasında “balaca bacı” deyilən çö­­çələ barmaqlarının hər birini deşıyın birinə ke­çirdi. Qalan suyun axıb tökülməməsi üçün bar­maq­larını bacardıqca deşiklərə kip yerləşdirdi. Bar­maqlarında kəskin ağrılar hiss etsə də, yeganə çıxış yolunu canını dişinə tutub dözməkdə gördü…

…Asif axır ki, gəlib çadır şəhərciyinə yetişdi. Birbaş atasıgilə üz tutdu. O, çadırın qabağına çatıb səsləndi:

– Ana, ay ana! Bir çadırın ağzını aç!..

Yuxa yaymaq üçün xəmir yoğuran Sürəyya qarı bu doğma səsdən diksinən kimi oldu. Elə əli xəmirli-xəmirli bayıra çıxdı. Oğlunun qucağındakı su qabını görən qarı daha da heyrətləndi:

– Bu nədir, a bala!? Harda qalmışdın bu neçə günü?.. Bu nə qabdı?..

– Ana, atama dərman gətirməyə getmişdim! Cəld bir vedrə gətir. Barmaqlarımı qabın deşiyin­dən çıxarsam, dərman axıb tökülər…

Sürəyya qarı cəld vedrə gətirdi. Asif su qa­bı­nın deşiklərinə kipləşmiş barmaqlarını bir təhər çə­kib çıxardı. Qan işləmədiyindən barmaqları uyu­şub taxtaya dönmüşdü… Vedrədə isə cəmisi üç-dörd dolça su olardı-olmazdı…

Şirin kişi İsa bulağının suyundan bir stəkan ba­şına çəkdi. Bir azdan hiss etdi ki, bədəninin ağ­rı-acıları səngiyir… Ürəyi təpərlənir, gözləri işığa gəlir… O, dik qalxıb əyləşdi çarpayıda:

– A bala, o sudan bir stəkan da ver!.. Çox şü­kür, İlahi! Axır ki, dərmanım tapılıb gəldi! Deyə­sən yaşayacam, İsa bulağını görmək mənə də qis­mət olacaq! – dedi.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest