Zəngəzur qəzasının kameral təsviri kitabı – Nazir ƏHMƏDLİ
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Nazir ƏHMƏDLİ
tədqiqatçı alim
ZƏNGƏZUR BÖLGƏSİ HAQQINDA
QİYMƏTLİ SƏNƏD
Tədqiqatçı jurnalist, alim Nazir Əhmədlinin “Zəngəzur qəzasının kameral təsviri” kitabından
1988-ci ildə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında başlanan Ermənistan-Azərbaycan münaqişəsi və onun Azərbaycan Silahlı Qüvvələrinin parlaq qələbəsi ilə başa çatan son fazası – 44 günlük İkinci Qarabağ müharibəsi tarixi Qarabağ xanlığının ərazisi olan Zəngəzur bölgəsini siyasi baxımdan yenidən qızğın diskussiyalar müstəvisinə çıxarmış və aktuallaşdırmışdır. Bu baxımdan Zəngəzur bölgəsi haqqında müxtəlif arxivlərdə aşkar olunan və nəşr edilən tarixi mənbələr mühüm siyasi və elmi əhəmiyyət daşıyır. Bu kitabda yer alan qiymətli arxiv sənədləri də həmin qəbildəndir.
Oxuculara təqdim edilən və 4 saxlama vahidindən ibarət olan Zəngəzur qəzasının 1874-cü ilə aid Kameral təsviri (F.93, s.1, s.v.:189, 191, 192, 193) Ermənistan Milli Arxivində saxlanılır.
Kitabın “Əlavələr” hissəsində yer almış Zəngəzur bəyləri, ruhaniləri və seyidləri üzrə 1863-cü ildə tərtib edilmiş kameral təsvir isə Azərbaycan Respublikası Dövlət Tarix Arxivində F.10, s.1, s.v.135 şifrəsi ilə saxlanılır.
“Zəngəzur qəzasının Kameral təsviri. 1874-cü il” kitabı artıq nəşr etdirdiyimiz “Zəngəzur mahalının Kameral təsviri. 1832-1833-cü illər” (2021) kitabının davamı sayılmalıdır.
“Zəngəzur” toponiminin və həmin adda inzibati-ərazi vahidinin meydana çıxması, Zəngəzur bölgəsinin tarixi coğrafiyası, vergi sistemi və digər mühüm məsələlər əvvəlki kitabda geniş şəkildə işıqlandırıldığından, bu kitabda əsasən XIX əsrin II yarısı – XX əsrin əvvəllrində mövcud olan siyasi, iqtisadi və demoqrafik vəziyyət təsvir edilmişdir.
1.Zəngəzur qəzasının inzibati-ərazi bölgüsü
1868-ci ildə Yelizavetpol quberniyasının yaradılması ilə əlaqədar olaraq Şuşa qəzasının bir hissəsində Zəngəzur qəzası yaradıldı və Meğri mahalı Ordubad qəzasından alınaraq Zəngəzur qəzasına birləşdirildi. Ordubad qəzasının özü isə ləğv edilərək Naxçıvan qəzasına birləşdirildi.
Zəngəzur qəzası dörd mahala – Meğri, Qafan, Zəngəzur və Sisyan mahallaırna bölünmüşdü. Meğri mahalı qəzanın cənub hissəsində yerləşməklə, qərbdə Alangöz dağ silsiləsi, cənubda və cənub-şərqdə Araz çayı, şimlda və şimal-şərqdə isə Baybuğan dağlarının zirvəsinə qədər Ciband və Ustupi dağ silsilələri, oradan sonra isə Araz çayına tökülənə qədər Basut çayı ilə həmsərhəd idi. Meğri mahalı bu sərhədləri içərisində çoxlu sayda daşlı-qumlu dərələrlə və qayalı dağ silsilələri ilə kəsilirdi. Mahalın şimal hissəsi meşə ilə örtülmüş, cənuba getdikcə bu meşələri kiçik boylu kol meşələri əvəz edir, Araz sahilləri isə meşədən tamamilə məhrumdur. Bu mahalın cənub hissəsi çılpaq qayalar, qum və daşlarla örtülmüş kiçik talalardır. Meğri mahalının həmin hissəsi yayda yandırıcı, qışda isə şaxtalı iqlimi, suyun olmaması üzündən açıq düzənlik yerlərin istifadəiz qalması ilə xarakterik idi. Dağ çaylarının yaxınlığında yerləşən və xəzinəyə məxsus olan bir neçə kənddən başqa, həmin ərazilər məskunlaşdırılmamışdı.[1]
Qafan mahalı Zəngəzur qəzasının orta hissəsində yerləşirdi. O, Zəngəzur mahalından şimal və şərq tərəfdə Bərgüşad çayının orta axarı ilə ayrılmaqla, cənubda Meğri mahalı, qərbdə isə Sisyan mahalı ilə həmsərhəd idi. Sisyan mahalından isə Ltsen çayının əmələ gətirdiyi dərə, Məcidli və Gəzbel dağ silsilələri və Almeran dağları ilə ayrılırdı. Bu mahal yerli əhali tərəfindən 6 dairəyə bölünmüşdü: Bacıdağ və Ciband dağ silsilələri arasında yerləşən və eyni adlı çayın axdığı Oxçu dərəsini əhatə edən Oxçu dairəsi; Gığı çayın əmələ gətirdiyi Gığı dərəsini əhatə edən Gığı dairəsi; Əcanan çay hövzəsini əhatə edən Əcanan-türk dairəsi; Qafanın bütün şimal hissəsini və Bərgüşad çayının orta və aşağı axarlarına bitişən əraziləri əhatə edən Kəpəz dairəsi; Çavundurçay və Basutçay dairələri. Sonuncu iki dairə adları çəkilən çayların əmələ gətirdiyi dərələri əhatə edirdi. Qəzanın digər əraziləri kimi Qafan mahalı da dağlıq, qayalıq və yaşayış üçün əlverişsiz olsa da, meşələrlə zəngin idi və demək olar ki, başdan ayağa meşəliklə örtülmüşdü. Sakinlər meşələrlə əhatə olunmuş talalardan əkin yeri və yaylaq kimi istifadə edirdilər.[2]
Zəngəzur mahalı Zəngəzur qəzasının şimal-şərq hissəsini əhatə edirdi. Bu mahal cənub və cənub-qərb tərəfdə Qafan mahalından Bərgüşad çayınn aşağı və orta axarı, Sisyan mahalından isə Ltsen çayının mənsəbi, İşıxlı və Qızıltəpə çaylarının bu mahalın şimal sərhəddini təşkil edən Mıxtökən dağ silsiləsinə qədər olan hissəsinin əmələ gətirdiyi xətlə ayrılırdı. Zəngəzur mahalı dörd dairəyə – Hacısamlı, Əliyanlı, Bərgüşad və Həkəri dairələrinə bölünürdü. Hacısamlı dairəsi Şəlvə, Ələkçi və Qoçaz çaylarının hövzələrini əhatə edirdi. Əliyanlı dairəsi Həkəri çayı ilə Şuşa – Gorus araba yolunun sağ tərəfi arasında qalan əraziləri, Bərgüşad və Həkəri dairələri isə Bərgüşad və Həkəri çaylarının orta və aşağı axarının hər iki tərəfini əhatə edirdi. Bu mahalın böyük hissəsi meşələrlə örtülmüşdü.[3]
Sisyan mahalı Zəngəzur qəzasının şimal-qərb hissəsində yerləşməklə, Cavanşır, Şərur-Dərələyəz və Naxçıvan qəzaları ilə həmsərhədd idi. O, ərazisinin xarakterinə görə iki -Zəngəzur qəzasının yaylaqlarının olduğu şimal-şərq və yaşayış məntəqələrinin yerləşdiyi cənub-qərb hissələrinə bölünürdu. Meşə örtüyündən tamamilə məhrum olan Siyan mahalı digər mahallar kimi daşlı – qayalı deyildi. Başqa mahallarla müqyisədə burada əkinəyararlı daha çox torpaqlar vardı və taxılçılıq daha çox inkişaf etmişdi.[4]
1921-ci ildə, Ermənistanın sovetləşdirilməsi ərəfəsində Zəngəzur qəzasının 59,6 %-i bolşevik Rusiyasının rəhbərliyi tərəfindən Ermənistana verilmişdir. Buraya I polis sahəsi bütövlükdə, II polis sahəsindən Əliqulukənd, Goranzur, Gorus, Dığ. Xoznavar, Xınzirək kəndlər icmaları, III polis sahəsindən Arsevanik, Oxtar, Ucanis, Xələc kəndlər icmaları, IV polis sahəsindən Aldərə, Astazur, Vartanizor, Güdkum, Kavart, Girətağ, Lehvaz, Meğrı, Nüvədi, Oxçu və Şıxavuz kənd icmalarına daxil olan kəndlər idi.[5]
Həmin vaxt Zəngəzur qəzasının ərazisi 4 polis sahəsinə, hər bir polis sahəsi isə bir neçə kəndi birləşdirən kənd icmalarına bölünmüşdü:
I Polis sahəsi Ayıblı (Ayıblı və Quşçu-Təzəkənd kəndləri), Əliqulukənd (Əngəlavud, Bələk, 2-ci Qarakilsə kəndləri), Əhlətyan (Ağkənd, Əhlətyan, Dulus, Pununis kəndləri), Bazarçay (Bazarçay kəndi), Vağudi (Ağudi, Bəhrəli, Vağudi, İrimis, Urud kəndləri), Gorus (Gorus kəndi), Darabas (Darabas, (Kodatağ?) Gilətağ, Lor, Lizin, Şinatağ kəndləri), Pirnaut (Pirnaut kəndi), Sisyan (Ərəfsə, Comərdli, Zabazadur, Sisyan kəndləri), Tativ (Suvarans, Tanzatap, Tativ kəndləri), Uz (Uz, 1-ci Qarakilsə kəndləri), Xınzirək (Xınzirək kəndi), Xot (Karaunc, Xot kəndləri), Şələt (Məzrə, Şələt kəndləri), Şəki (Ərikli, Berdi Qalancıq, Qızılcıq, Pulkənd, Şəki, Şükər kəndləri), Şinger (Şinger kəndi), Şıxlaar (Əlişar, Qortikiz, Qıvraq, Murxuz, Püsyan, Şıxlr kəndləri), Yaycı (Qalizur, Ərisatumb, Yaycı, Kürdlər kəndləri) kənd icmalarından;[6]
2-ci Polis sahəsi Bayandur (Bayındır, Gələk, 1-ci və 2-ci Binayeri, Kosalar kəndləri), Cağazur (1-ci Cağazur, Qaraquzey, Kaha, Sümüklü, Sus-Zabuq, Tapdərəsi, Sudutlu-Bulaq, Qarayin, Çaykənd, Novruzlu kəndləri), Cicimli (1-ci Cicimli, 2-ci Cicimli kəndləri), Dığ (Aravuz, Dığ kəndləri), Qaladərəsi (Qaladərəsi kəndi), Qarıqışlaq (Avriyan (Alxaslı), Qarıqışlaq, Quşçu, Hacılar, Sadınlar, Mişnı, Soyuq-Bulaq, Qılıçlı kəndləri), Malıbəyli (2-ci Cağazur, Malıbəyli kəndləri), Mollalar (Qoçaz, Zeyvə, Ziqrik, Qızılca, Mollalar, Abdalar – Oruclu kəndləri), Müsəlmanlar (Dağığan, Müsəlmanlar kəndləri), Piçanis (Qarabəyli, Qasımuşağı, Ərikli, Çorman, Ələkçi, Piçanis kəndləri), Səfiyan (Bağırbəyli, Quşçular, Məlikpayası, Tərxanlı, Maqsudlu, Səfiyan kəndləri), Seyidlər (1-ci Əliqulukənd, Ardaşava, Babadinli, Vağazin, Kovanlı-babadinli, Pirican, Seyidlər-Xəlifəli, Seyidlər kəndləri), Xoznavar (Xoznavar, Xanazağ kəndləri), Gernzur (Geranzur kəndi), Şalva (Alaqaya-Qaraçənli), Qarabayramlı, Qaraçənli-Kümbəzli, Namıı, Lələbağırlı, Rəsullu, Şalva kəndləri), Şahsuvarlı (Ağkörpü, Alpaut, Bozlu Ağcakənd, Kamanlı, Çıraqlı, Mirik Həsənli, Herik Varazqun, Minkənd, Minkənd – Şahsuvarlı kəndləri) kənd icmalarından;[7]
3-cü Polis sahəsi Əliquluuşağı (Əliquluuşağı, Gürcülü, Davudlu, Qədili, Eyvazlı, Qulnlı-Musknlı, Novludərə, Temirmiskanlı, Məlikəhmədli, Şahverdilər, Bəşərcik kəndləri), Əliyanlı (Əliyanlı, Bəşarat, Amudux kəndləri), Arsevanik (Arsevanik, Mülküçap, Sevakar, Çapnı, Şabadin. Çullu kəndləri), babalı (Abdanlı, Balahəsənli, Babalı-Qayalı, Lapaheyranlı, Xıdırlı, Şurnuxa kəndləri), Gal (Gal, Qaziyan, Mamar, Mirlər kəndləri), Qarar (Qarar, Tezxarab kəndləri), Dondarlı (Dəmirçilər, Poladlı, Dondarlı, Dağbaşı-Məmərzalı, Qubadlı, Çərəli, 1-ci Xocamusalı, Mazıtlı-Xocamusalı kəndləri), Qazı Kürdalı (Alaçadırlı Məzməzək, Qazıkürdalı kəndləri), Korcəlali (Korcəlali, Tarovlu, Çrdaqlı, mahmudlu, Xələc, Şaamsız kəndləri), Məmmədli (Göhərcik, İmamzadə Quşçu, Cilfir Quşçu, Cibikli Kosakərən, Məmmədli, Xanlava kəndləri), Mollu (Hüseynuğaı, Qaralar, Körtüzən, Böyük və Kiçik Mollu, Rəşir kəndləri), Noraşenik (Arçazur, Axtaxana, Dəymədağlı, Noraşenik, Yuxarı və Aşağı Xotanan kəndləri), Oxtar (Dovruz, Dotnı, Qaradığa, Çanaqçı, Oxtar, Qunut, Çobanlı kəndləri, Sarallı (Ağkənd, Ayadı, Əhdimehralı, Bektaş, Cibilli, Zor, Mollalı, Siznik, Turabxanlı, Sarallı Fərəcan, Xaştabad, Böyük və Kiçik Şordərə, Almalıq kəndləri), Sarıyataq (Mollaburan, Sarıyataq kəndləri), Sofulu (Ağbis, Ballıəqaya, Baynakar, Göyəl, Saldaş, Sofulu-çaralı, Ağakişilər, Kərbəlayı Əhmədli, Xanəhmədli kəndləri), Ucanis (Əkərək, Ağavurt, Yeməzli, Zeyvə, Muğes Novruzlu, Sirkates, Ucanis kəndləri), Xələc (Baydağ, Daşnov, İncəvar, Qaraçimən, Gödəkli, Seyidlər, Xələc, Şirvanşahlı kəndləri), Xəndək (Cicin, Cicin İşıqlı, Qaramanlı, Qarağaclı, Qaracanlı, Qaracanlı Zeynalı, Xəndək kəndləri), Xocahan (Abulca, Altıncı Qiyaslı, 1-ci Kövdadıq, 2-ci Kövdadığ, Klıcan, 1-ci Ulaşlı, 2-ci Ulaşlı, Seyidəhmədli, 1-ci Xocahan, Şamlı-Kəbarası, Tinli, Muğanlı, Vakatlı, Ələddin, 2-ci Xocahan kəndləri), Şıxavan (Akarlı, Güləbürd, Muradxanlı, Şıxavahəmzəli kəndləri) kənd icmalarından;[8]
4-cü Polis sahəsi Aldərə (Aldərə, Malvalan, Mərzigit kəndləri), Astazur (Astazur, Tuqut kəndləri), Bartaz (Bartaz, Dəlləkli, Puşanlı kəndləri), Vartanazur (Vənk, 1-ci və 2-ci Vartanazur, Gəlur, Lişk, Tağəmir, Teştin kəndləri), Gəgəli (Gığılı?) (1-ci Birikli, 1-ci və 2-ci Gəgəli, Şaifli kəndləri), Dərzili (Dərzili kəndi), Cahangirbəyli (Babayaqublu. Hacalı, Cavadbəyli, Cahangirbəyli, İsmixanlı, 2-ci Mincivan, Xorama, Dirili-Keçənli kəndləri), Zəngilan (Dünbülü, Zəngilan, İçəri Muşulan, Qıraq Muşulan, Malikli, 2-ci Tatar, Üdgüm kəndləri), Güdgüm (Bğaburc, Bıx, Vaçağan, Güdgüm, Karxana, Çekadin kəndləri), İsgəndərbəyli (1-ci İydəli, İsgəndərbəyli, Qaraqoyunlu, Qiyaslı, 1-ci Tatar, Şamovlu kəndləri), Kavart (Barabatum, Kavart, Qatar, Şəhərcik kəndləri), Girətağ (Hacılı, Baharlı, Keçili, Kiçik Sofulu, Girətağ, Pirili, Quşçulu kəndləri), Lehvaz (Həkərək, Vaqravar, Kuris, Lehvaz, Tey, Ucanabas kəndləri), Meğri (Meğri kəndi), Nüvədi (Nüvədi, Aynazur kəndləri), Ördəkli (Ördəkli, baharlı, Çopadərə, Şəfibəyli kəndləri), Oxçu (Atkiz, Gecanan, Kürdkənd, Oxçu, Panıslı, Pirdavudan, Purxut, Şabadin kəndləri), Rəbənd (Tərəkəmə, Əlibəyli, Zərnəli, Qarakilsə, Rəbənd, 2-ci Sarallı, Şərifan kəndləri), Tiri (Dünbülü-Turbat, 1-ci Mincivan, Tiri kəndləri), Pirçevan (Genlik, Malatkeşin, Pirçevan, Köhnə Pirçevan, Tatlı-Şəhərcik kəndləri), Şıxavuz (Gənd, Güman, Kolluqışlaq, Kilisəkənd, Məzrə, Şişkert, Tsov, Şıxavuz kəndləri) kənd icmalarından ibarət idi.[9]
1908-ci ildə Zəngəzur qəzasında 333 kənd qeydə alınmışdır.[10]
1917-ci ilin oktyabrında Rusiyada baş vermiş hərbi çevrilişdən sonra Cənubi Qafqazda yaranan hakimiyyət boşluğundan istifadə edən ermənilər Bakıda, Şamaxıda, Qubada, Zəngəzurda, Naxçıvanda, Dərələyəzdə və Cənubi Qafqazın digər bölgələrində qanlı qırğınlar törətdilər.
Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-1919-cu illərdə Sisyan mahalının birinci polis sahəsində olan bütün müsəlman kəndləri, ikinci polis sahəsində olan kəndlərin əksəriyyəti, üçüncü, dördüncü və beşinci polis sahələrində olan kəndlərin isə çox hissəsi məhv edilmişdi. Bəzi kəndlər ümumiyyətlə yer üzündən silinmiş, ermənilər onların ərazisini əkin sahələrinə döndərmişdilər. Bu qırğınları Andranik Ozanyanın silahlı dəstələri ilə birləşən erməni kəndlərində silahlanmış ermənilər birlikdə törətmişdilər. Komissiyanın məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin dağıdıldığı, 50 mindən artıq insanın öz yurdundan qaçqın düşməsi, 3.257 kişi, 2.276 qadın, 2.196 uşağın öldürüldüyü, 1.060 kişi, 794 qadın və 485 uşaq şikəst edildiyi göstərilmişdir.[11]
Ermənilərin özünün bu barədəki etirafı göstərir ki, Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı sənəd Zəngəzurda baş vermiş qırğınların miqyasını tam əks etdirmir: “İki il ərzində baş verən aramsız müharibələr nəticəsində Sünik hökuməti yalnız onlarla döyüşçü itirdiyi halda, düşmən tərəfdən 15 min nəfər öldürüldü. Türklərin və tatarların məskunlaşdıqları 200-ə qədər kənd erməni kəndlərinə qaytarıldı”.[12]
Zəngəzur qəzasının Vağudi kəndində ermənilər məscidə yığılmış 400-dən artıq azərbaycanlını diri-diri yandırmış, Ağudi kəndində xristianlığı qəbul etmək tələblərini rədd edən insanları dəhşətli işgəncələrlə öldürmüş, Çullu kəndində yorğan-döşəkdə xəstə yatan 9 nəfər müsəlmanı qılıncla doğramış, Bağırbəyli kəndində 7 nəfərin yaşadığı evi oradakılarla birlikdə yandırmışdılar. Bütün bunlar bilavasitə cəllad Andranikin rəhbərliyi altında həyata keçirilmişdi.[13]
Ermənistanın Zəngəzura və Qarabağa təcavüzünün qarşısını almaq və ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1919-cu ilin yanvarında mərkəzi Şuşa şəhəri olmaqla Qarabağ general-qubernatorluğu yaratdı. Zəngəzur qəzasının Qasımuşağı – Kürdhacı kəndində doğulmuş Xosrov bəy Sultanovun rəhbərlik etdiyi general-qubernatorluq Qarabağın bütün tarixi ərazilərini – Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarını əhatə edirdi.[14]
1919-cu il və 1920-ci əvvəllərində X.Sultanovun gərgin fəaliyyəti nəticəsində həmin region Ermənistan Pespublikası silahlı qüvvələrinin arasıkəsilməz hücumlarını dəf etsə də, 1920-ci ilin baharında onların Şuşa, Zəngəzur, Gəncə və Qazax qəzalarına yeni hücumları başlandı. Cümhuriyyət qüvvələri erməni təcavüzünün qarşısını almaq üçün ölüm-dirim savaşına girdiyi vaxtda şimal sərhədlərinin faktiki olaraq müdafiəsiz qalmasından istifadə edən bolşeviklər Azərbaycana soxulub aprelin 28-də milli hökuməti devirdilər. Ondan 15 gün əvvəl, aprelin 3-də Milli Hökumətin Silahlı Qüvvələri Xankəndini azad etməklə bütün Qarabağı erməni – daşnak birləşmələrindən təmizləmişdilər.[15]
Azərbaycanla Ermənistan arasında balans yaratmaq istəyən bolşeviklər 1921-ci ildə Zəngəzurun qərb hissəsini Ermənistana birləşdirdilər və həmin ərazidə Sisyan, Meğri, Qafan və Gorus rayonları yaradıldı. Zəngəzur qəzasının ərazisi daha az olan şərq hissəsi isə Azərbaycan SSR-in tərkibində saxlanıldı və həmin ərazidə Laçın, Qubadlı və Zəngilan rayonları yaradıldı.
Azərbaycan SSR Xalq Əkinçilik Komissarlığı tərəfindən 1922-ci ildə hazırlanmış arayışda keçmiş Zəngəzur qəzasının ərazisindən 405.000 desyatin[16] torpağın Ermənistan SSR-ə verildiyi bildirilir.[17]
2.Zəngəzur qəzasının əhalisi və demoqrafiya
Zəngəzur qəzasında yaşayan əhalinin əsas kütləsini kameral təsvirdə tatar kimi qeydə alınan türklər təşkil edirdi. Bu əhali, əsasən, yekcins olsa da, bir sıra türk tayfaları öz mövcudluğunu davam etdirirdi. Onlar yaşayış məntəqələri üzrə deyil, yaşadıqları bütün ərazilərdə ümumi siyahı üzrə tayfa şəklində qeydə alınmışlar. Aşağıdakı türk tayfalarını buna misal göstərmək olar:
1.Sofulu tayfası 19 qışlaqda yaşayırdı, onlardan 4-ü Cəbrayıl qəzasında, 5-i Sisyan mahalında, qalanları isə Qafan mahalının müxtəlif yerlərində yerləşirdi.
2.Dərzili tayfası Qafan mahalının müxtəlif yerlərində yarləşən 11 qışlaqda;
3.Sarallı tayfası Qafan mahalındakı 13 qışlaqda;
4.Puşanlı tayfası Qafan və Meğri mahallarındakı 7 qışlaqda;
5.Gığılı tayfası Qafan mahalının Gığı dərəsində yerləşən 4 qışlaqda;
6.Xoca Musaxlı tayfası Sisyan mahalının 1, Qafan mahalının 2 qışlağında;
7.Baharlı tayfası Basut çayın ustyası yaxınlığında yerləşən 3 qışlaqda yaşayırdılar.
Sofulu tayfası Ağbis (13 ailə), Acıbac (22 ailə), Əlişar (24 ailə), Ballıqaya (23 ailə), Boynakar (13 ailə), Göy yal (7 ailə), Dərətün (8 ailə), Qıvraq (10 ailə), Kirs (20 ailə), Murxus (22 ailə), Pürasad (8 ailə), Püsyək (35 ailə), Sal daş (17 ailə), Sancaraxlı (9 ailə), Saracıq (6 ailə), Xaçati (5 ailə), Xortiküz (83 ailə), çaralı (24 ailə), və Yavsulu (3 ailə) qışlaqlarında;
Dərzili tayfası Bəyəli (15 ailə), Börkin (13 ailə), Gümaran (27 ailə), Gün (21 ailə), cambar (25 ailə), Qaragöl (29 ailə), Qırxlı (12 ailə), Quşçular (8 ailə), Pirveyisli (25 ailə), Razgah (27 ailə), Şərkən (16 ailə) qışlaqlarında;
Sarallı tayfası Ağqaya (18 ailə), Almalıq (8 ailə), Ayadi (16 ailə), Bəydaş (7 ailə), Girəkəsən (Turabxanlı) (9 ailə), Gərd (10 ailə), Zor (19 ailə), Kərmin (Şordərə) (8 ailə), Mollalı (11 ailə), Sisnak (14 ailə), Xaştab (28 ailə), Ximiç (13 ailə) qışlaqlarında;
Puşanlı tayfası Vajparı (14 ailə), Daşbaşı (9 ailə), Parabartal (10 ailə), Pörqi (4 ailə), sanalı (6 ailə), Tarnavuş (3 ailə), Ulab (15 ailə) qışlaqlarında;
Gığılı tayfası Kürut (12 ailə), Mahmudlu (29 ailə), Payxan (24 ailə), Çiriş (10 ailə) qışlaqlarında;
Xoca Musaxlı tayfası Dəstəgird (40 ailə), Qalacıq (16 ailə), Mazitti (15 ailə) qışlaqlarında;
Baharlı tayfası (Birinci Baharlı kəndi) Qaradərə (13 ailə), Qaragöl (18 ailə), Müqəddməd (45 ailə) qışlaqlarında yaşayırdılar.
Qeyd edək ki, sofulu tayfası kəngərlilərə aiddir. Bundan başqa, Zəngəzur qəzasında kəngərlilərə mənsub olan bərgüşadlı tayfası da yaşayırdı. Bu tayfanın digər üzvləri Zəngəzur qəzasında yaşayan türklərlə qarışsalar da, yalnız Qubadlı kəndində öz adları ilə yaşamaqda davam edirdilər. Qubadlı kəndinin sakinləri XIX əsrin axırlarında da bərgüşad tayfasına mənsub olduqlarını bildirirdilər.[18]
1874-cü ildə tərtib edilmiş kameral təsvirə görə tədqiqatçı S.P.Zelinski Zəngəzur qəzasının əhalisini bu cür təqdim edir:
Mənbə: Зелинский С.П. Эконом. быть гос. крестьян в Зангезурском уезде, Елисаветпольской губернии//Материалы для изучения эконом. быта гос. крестьян Закавказского края. Тифлис:1886, Т4, Ч.1, стр.27.
S.P.Zelinskinin statistikasına görə Zəngəzur qəzasında 10.328 ailədə yaşayan 70.015 nəfər vergi mükəlləfiyyətli şəxs qeydə alınmışdır (bəylər və digər imtiyazlı şəxslər üçün ayrıca siyahı mövcud olduğundan, onlar bu saya daxil deyildilər). Müsəlmanlar ailə hesabı ilə 63,36%, adambaşına görə isə 55,31 % olmaqla üstünlük təşkil edirdilər. Ermənilərdə həmin rəqəmlər müvafiq olaraq 36,04 % və 44,06 % təşkil edirdi. Buradan görünür ki, ermənilərdə hər ailəyə düşən şəxslərin sayı müsəlmanlardan çox idi. Ermənilərdə 1 ailəyə 8,29, tatarlarda 5,92, ruslarda isə 7 nəfər düşürdü.
Zəngəzur qəzasının 1874-cü ilə aid kameral təsviri üzərində apardığımız statistik hesablamalar başqa rəqəmlər ortaya çıxartdı. Kameral təsvirdə 9.555 tatar ailəsi, 25.275 kişi, 18.576 qadın, cəmi 43.851 nəfər tatar, 5.274 erməni ailəsi, 22.221 kişi, 16.833 qadın, cəmi 39.054 nəfər erməni, 80 rus (molokan) ailəsi, 287 kişi, 240 qadın, cəmi 517 rus yaşayırdı.
Zəngəzur mahalının ümumi əhalisi:
14.909 ailə, 47.783 kişi,35.649 qadın,cəmi 83.432 nəfər idi.
Mənbə: Zəngəzur qəzasının Kameral təsviri. 1874-cü il.
Müsəlmanlar 221 kənddə yaşayırdılar, 6 kənddə isə tatarlarla ermənilər qarışıq yaşayırdı. Bunlar Dulus, Darabas, Qarakilsə, Noraşenik, Xoznavar və Xanazağ kəndləri idi. Əslində isə müsəlmanlar yaşayan kəndlərin sayı daha çox idi, belə ki, sofulu tayfası bir kənd kimi göstərilsə də onlar 19 kənddə, dərzili tyfasına mənsub olanlar 11 kənddə, sarallı tayfasın mənsub olnlar 13 kənddə, puşanlı tyfasına mənsub olanlar 7 kənddə və s. yaşayırdılar. Bundan başqa, Kığılı, Hacılı və Əliyanlı kəndlərinin hər biri əslində 4 kiçik kənddən ibarət olsalar da, kameral təsvirdə 1 kənd kimi göstərilmişlər.
Əhalisi erməni olan 517 ailənin yaşadığı Xınzirək kəndi Zəngəzur qəzasının ən böyük kəndi idi, orda 3.379 nəfər əhali yaşayırdı. Qəza mərkəzi olan Gorusda 360 ailə, Dığ kəndində isə 370 ailə qeydə alınmışdır. 1 ailənin yaşadığı Hacıəlili kəndi Zəngəzur qəzasında ən kiçik yaşayış məntəqəsi olmuşdur.
Bu kitaba daxil edilən Kameral təsvirlər üzərində apardığımız hesablamalara görə tatarlarda bir ailəyə 4,6, ermənilərdə 7,4, ruslarda isə 6,5 nəfər düşürdü. Tatarlarda hər 100 kişiyə 73, ermənilərdə 76, ruslarda isə 84 qadın düşürdü.
Zəngəzurun molokan adlanan rus əhalisi 2 kənddə – Qalyur (18 ailə) və Bazarçay kəndlərində (82 ailə) yaşayırdı. 1877-ci ildə Şuşa qəzasının Bolluca kəndindən Sisyan mahalının Bazarçay kəndinə prıqun adlanan 50 molokn ailəsi köçmüşdü. Prıqunlar Qarabağa Tambov quberniyasının Morşansk qəzasından sürgün edilmişdilər. Onların molokan adlanmasının səbəbi o idi ki, böyük orucluq vaxtı onu pozaraq süd içirdilər. Onlar bunu “yeni doğulmuş uşaqlar kimi pak süd için ki, xilas olasınız” Bibliya ehkamı ilə əlaqələndirirdilər.
Bazarçay kəndində ilin 8 ayı küləkli olduğuna görə evlərinin balaca pəncərələrini şərqə qoyurdular, evləri isə daşdan tikirdilər. İlk molokan ailəsi Zaqafqaziyaya 1831-ci ildə sürgün edilən və Bazarçay kəndində yerləşən Tambov sakini Qurey Petrov olmuşdur.1836-cı ildə isə Anapadan moloknların staroobryad və subbotnik təriqətlərinə mənsub olan yeni dəstəsi gəlmişdi.1839-cu ildə Qarabağın Vərəndə nahiyəsinin Düdəkçi kəndindən və Ələddin kəndindən daha böyük bir dəstə molokan Bazar çaya gəlmişdi. Onları buraya gəlməyə vadar edən əsas səbəb Bazarçayın sərin iqlimi idi, onlar isti kəndlərdə yaşaya bilmirdilər. Lakin taxılın burada yaxşı sünbül tutmadığını görən molokanların çoxu 1841-ci ildə kəndi tərk edib Qarabağın Gülüstan kəndinə köçmüşdülər. Orada qalanlar isə yerli əhali kimi maldarlıq və çay ticarəti ilə məşğul olurdular. O vaxtlar narkotik maddə sayılan çayın ticarəti qadağan idi. Onların əsas müştəriləri tatarlar idi. Çayı dağ yolları ilə Gürcüstandan gətirir və sübh tezdən əvvəlcədən şərtləşdikləri yerdə satırdılar. Beləliklə, ərazinin adı “Çay bazarı”, kəndin adı Bazarçay adını almışdır.[19]
Molokanlar buraya əmək alətləri və iribuynuzlu cins heyvanlar gətirmiş, yerli əhalidən isə qoyunçuluğu öyrənmişdilər.
Diqqətəlayiq faktdır ki, bolşeviklər gələndə molokanlar silahlı dəstələr düzəldib onların sıralarına qoşularaq Zəngəzurda qanlı qırğınlar törədən, müsəlmanları qanını tökən Njde Qareginə qarşı vuruşmuşdular.[20]
1980-ci ildə burada su bəndi tikilərkən Bazarçay kəndi suyun altında qalmışdır.[21]
Torpağı xəzinəyə mənsub olan kəndlərdə 261 müsəlman bəy və ağa ailəsi (890 kişi, 604 qadın, cəmi 1.494 nəfər) və 70 erməni bəy və ağa ailəsi (295 kişi və 255 qadın, cəmi 550 nəfər), qeydə alınmışdır.
Xristianların yaşadığı 41 kənddə vergidən azad edilən 66 ruhani ailəsi, müsəlmanların yaşadığı kəndlərdə isə yalnız 22-də hökumətin bu vəzifəyə təyin etdiyi və vergidən azad edilən 22 molla vardı.
Ermənilərdə 56 ailəyə (467 nəfər) 1 ruhani düşdüyü halda, müsəlmanlarda 297 ailəyə (1.760 nəfər) 1 molla düşürdü.[22]
Zəngəzur qəzasının əhalisi xəzinə torpaqlarından başqa bəylərlə kəndlilər arasındakı münasibətləri tənzimləyən 1870-ci il Əsasnaməsi ilə mülkədar torpaqlarında da yaşayırdılar. Torpaqları mülkədarlara məxsus olan kəndlərin 106-da müsəlmanlar, 28-də ermənilər, 4-də isə müsəlmanlarla ermənilər qarışıq yaşayırdılar. Bu cür kəndlərin sayı 128 idi. S.Zelinski bu kəndlərdən 4-nün – I Cikcik, Comərdli, Məlikpəyəsi və Müsəlmanlar kəndlərinin şair kimi tanıdığımız xan qızı Xurşid Banu Natəvanın – knyaginya Usmiyevanın ömürlük mülkiyyətində olduğunu yazır.[23]
Əslində Zəngəzur qəzasında Xurşid Banu Bəyimə məxsus olan kəndlərin sayı daha çox olmuşdur. Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanan Mehdiqulu xanın fondunda bu kəndlərin 1870-ci ildə tərtib edilmiş siyahısı mövcuddur. Bunlar Soltanlı (adı həm də Məlik pəyəsidir; 40 ailə), Cicimli (68 ailə), Bayandurlu (42 ailə), Qaracalı (8 ailə), Əliyanlı-Qalalı (35 ailə), Müsəlmanlar (36 ailə) kəndləri, Şahsuvarlı (20 ailə), Comərduşağı (adı həm də Cavanmərdlidir; 17 ailə), Bozlu (29 ailə), Ağdonakənd (? 13 ailə), başqa adı Əsrik olan Bozlu (10 ailə), Sümüklü (22 ailə), Türklər (11 ailə), Fərruxqanlı obasının bir hissəsi olan Zağlığ (8 ailə) və Çaxmaq (38 ailə), Kərbəlayı Elləzli və ya Kəlbəcərli (20 ailə), Bozlu obasının bir hissəsi olan Mirik (11 ailə) və başqa adı Mirik olan Həsənanlı (11 ailə) obaları idi.[24]
Bu əhalini 1822-ci ildə İrana qaçan sonuncu Qarabağ xanı Mehdiqulu xan özü ilə aparmış, işğalçı qoşunların komandanı qrqf Paskeviçin dəvəti ilə 1827-ci ilin iyun ayında Qarabağa geri qayıdanda özü ilə gətirmiş və bu əhali Qarabağın 62 kənd və obasında məskunlaşdırılmışdı. Rusiya hökuməti Paskeviçin tövsiyəsi ilə bu əhalinin məskunlaşdırıldığı inzibati-ərəazi vahidləri Mehdiqulu xanın irsi mülkiyyətinə vermiş, Mehdiqulu xanın 1845-ci, Bədircahan Bəyimin isə 1861-ci ildə vəfatından sonra həmin torpaqlar onların yeganə övladı olan Xurşid Banu Bəyimin mülkiyyətinə keçmişdir. Bu kənd və obaların adları yuxarıda sadalanan 18-i Zəngəzur qəzasında idi.[25]
1832-1833-cü və 1874-cü illərdə tərtib edilmiş kameral təsvirlərində qeydə alınan əhalinin müqayisəsi göstərir ki, 42 il ərzində müsəlman əhalinin sayı 67 %-dən 52,57 %-ə düşmüş, ermənilərin sayı isə 33 %-dən 46,81 %-ə qalxmışdır. Bunu, əlbəttə erməni əhalinin müsəlman əhaliyə nisbətən təbii artımının daha yüksək olması ilə izah etmək mümkün deyil. Burada iki amil mühüm rol oynamışdır: birincisi, Zəngəzurun erməni əhalisi xaricdən buraya köçürülən ermənilərin hesabına artırılmış, ikincisi isə müsəlman əhali rus idarəçiliyi dövründə diskriminasiyaya məruz qalmış və azalmışdır. Yerlərdə öz dayaqlarını gücləndirməyə çalışan Rusiya hökuməti 1840-cı ildən başlayaraq rusları Cənubi Qafqaza köçürür və burada rus kaloniyaları yaradırdı. Zəngəzur da bu baxımdan istisna deyildi. 1874-cü ildə Zəgəzurdakı ruslar əhalinin 0,062 %-ni təşkil edirdi.
Kameral təsvirlərin tərtib edildiyi 1874-cü ildə Zəngəzur qəzasında qeydə alınmış 307 kəndin 181-i xəzinəyə məxsus idi.
Zəngəzur qəzasında 1840-cı illərdə İranın Qaradağ mahalından buraya qaçmış 175 müsəlman və erməni ailəsi də yaşayırdı, lakin onlar 1874-cü ildə tərtib edilmiş Kameral təsvirə daxil edilməmişdilər. Həmin şəxslər Zəngəzur qəzasında artıq 5 kənd yaratmışdılar. Bunlar Keçili, Askilum, Sobu, Hand və Muğes kəndləri idi.[26]
1898-ci ildə Zəngəzur qəzasında 736 nikah qeydə alınmış, 1.649-u oğlan, 1.198-i qız olmaqla cəmi 2.847 uşaq doğulmuş, 1.088-ü kişi, 803-ü qadın olmaqla 1.891 ölüm qeydə alınmış, illik təbii artım 956 nəfər olmuşdur.[27]
1908-ci ilin statistik məlumtlarına görə, Zəngəzur qəzasında 998 nikah qeydə alınmış, 1.517-i oğlan, 1.503-ü qız, cəmi 3.030 uşaq doğulmuşdur. Həmin il 1.223 kişi və 907 qadın, cəmi 2.130 nəfər ölmüş, illik təbii artım 900 nəfət olmuşdur.[28]
Bakıda neft sənayesinin inkişafı ağır kənd təsərrüfatı əməyi ilə məşğul olmaq istəməyən ermənilər üçün cazibə mərkəzinə çevrilmişdi. Zəngəzur qəzasının tədqiqatçılrından bir nəfərin “Nor – Dar” jurnalında yazdığına görə, Yelizavetpol quberniyasının başqa ərazilərinə köçənləri nəzərə almadan, təkcə 1884-cü ilin 10 ayı ərzində Xnzorsk kəndindən 392 nəfər, Gorus kəndindən 167, Əhlətyandan 142, Xotdan 131, Uzdan 111, Şaqatdan 110, Tatevdən 103, Qarakilisdən 86, Meğri kəndindən 64, ümumiyyətlə Zəngəzur qəzasının 57 kəndindən cəmi 2.608 nəfər erməni, 53 tatar kəndindən isə 317 nəfər öz kəndini tərk edərək Bakıya və başqa yerlərə köçmüşdü.[29]
Erməni alimi A.Badalyanın fikrincə, Zəngəzur qəzasını tərk edib qazanc dalınca gedənlər əmək qabiliyyətli erməni əhalisinin 28 – 30 %-ni təşkil edirdi.[30]
XX əsrin əvvəllərində Zəngəzurun erməni əhalisinin Bakıya axını daha da güclənmişdi. 1886-cı ildə tərtib edilmiş “Əyal dəftəri”inə görə 620 ailənin yaşadığı Xınzirək kəndindən Bakıya gedənlərin sayı 1903-cü ilin məlumatına görə 987 kişi və 305 qadın idi.[31]
Məlum olduğu kimi, erməniləri ilk dəfə Bakı şəhərinə 1722-ci ildə şəhəri işğal edən Rusiya imperatoru I Pyotr yerləşdirmişdi, XIX əsrin sonlarında və XX əsrin əvvəllərində isə Zəngəzur qəzasından başqa onlar Yelizavetpol quberniysının digər qəzalarından, İrəvan quberniyasından da Bakıya köçürdülər. Burada əlverişli mühitə düşən ermənilər siyasi və terror təşkilatlarında birləşərək 1918-ci ilin martında Bakıda qanlı qırğınlr törətmişdilər.
3.Zəngəzur qəzasindan olan məşhur adamlar
Zəngəzur qəzasında bir çox məşhur dövlət xadimləri, şair və yazıçılar, xalq qəhrəmanları və digər peşə sahiblərinin əcdadlarını kameral təsvirlərdə müəyyənləşdirmək mümkündür.
1823-cü ildə tərtib edilmiş Qarabağ əyalətinin təsvirindən məlum olur ki, Pirnaut kəndi (66 ailə) istisna olmaqla, 1823-cü ildə Sisyan mahalında qeydə alınan Əhlətyan, Şıxlar, Ərəfsə, Sisyan, Uz, Urud, Kürdlər və Dəstəgirt kəndlərinin sakinlərinin hamısı Naxçıvan əyalətinin sakinləridir, amma təəssüf ki, bu əhalinin Naxçıvanın hansı ərazisindən Sisyana getdiyi qeyd edilmir. İkinci mühüm məsələ bu əhalinin Naxçıvanı tərk edib Sisyan mahalına getməsinin səbəbləri ilə bağlıdır. Burada 4 amil ayırmaq olar. Birinci amil ənənə ilə bağlıdır. 1750-ci illərə qədər Sisyan nahiyəsi Naxçıvan sancağının tərkibində idi və əslində naxçıvanlılar üçün yad ərazi deyildi. İkinci səbəb, çox güman ki, Sisyan mahalındakı torpaqların daha məhsuldarlığı, üçüncüsü onlara verilmiş 6 illik vergi güzəştləri, dördüncü səbəb isə yerli idarəçilərlə bağlı idi. Bu əhalinin Sisyana qaçması Kəlbəli xanın Naxçıvan hakimi olduğu dövrə uyğun gəlir.
Naxçıvanlılar Sisyana qaçan vaxt Sisyan mahalı Qarabağ xanlığının, 1813-cü ildə Gülüstan müqaviləsi ilə ilhaq edilən Qarabağ xanlığı Rusiya imperiyasının, Naxçıvan xanlığı isə İran Qacarlar dövlətinin tərkibində idi.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin babalarının ilk dəfə qeydə alındığı Sisyan kəndi haqqındakı qeyddə deyilir ki, kənddə vergi ödəyən 12 ailə var, kəndin sahibi Məmmədəli bəy, onun qardaşları və 5 erməni rəncbər ailəsi vergi ödəmir. Kənddə bu yaxınlarda Naxçıvandan buraya köçmüş və Comərd uşağı adlanan 13 ailə və 5 sərkar ailəsi də yaşayır. Əvvəl gələn 12 ailə artıq malcəhət vergisi ödəməyə başlayıb, amma sonra gələn 13 ailə kasıb olduqlarına görə hələ heç nə ödəmirlər. Güzəşt müddəti başa çatdıqdan sonra şəhər məhkəməsi onları da bütün vergilərə cəlb etməlidir.[32]
1823-cü ildə Sisyan kəndində qeydə alınan 37 ailədən 13-ü Comərd uşağı deyilən əhali idi. Bu əhali 1832-ci ildə Vələdan-i Comərd (“Comərd uşağı”) adlanan ayrıca obada yaşayırdılar. Qarabağ əyaləti üzrə 1832-1833-cü il tarixli kameral təsviri tərtib edən titulyar müşavir Suşkonun qeydinə görə obanın sakinləri 1822-ci ildə İrana qaçan Qarabağ xanı Mehdiqulu xanla getmiş və 1827-ci ildə onunla birlikdə qayıtmışlar. Qarabağ əyalətinin təsvirində (1823) yer aldıqlarına görə hesab edə bilərik ki, onlar Mehdiqlu xanla birlikdə deyil, onun çağırışı ilə bir qədər sonra İrana getmiş, amma onunla birlikdə geri qayıtmışlar.
Zəngəzur mahalının 1832-1833-cü illərdə tərtib edilmiş kameral təsvirində Heydər Əliyevin babaları belə qeyd edilmişdir:
“ZƏNGƏZUR MAHALININ KAMERAL
TƏSVİRİ. 1832-1833-cü illər.
VƏLƏDAN-İ COMƏRD obası.
810.Cəfər Məhəmməd oğlu 50 y; oğlu Əli 25 y; qardaşları: Tarverdi 40 y; Vəli 34 y.
811.Xıdır Məhəmməd oğlu 45 y; oğlu Məhəmməd 12 y”[33].
Buradakı 25 yaşlı Əli Cəfər oğlu Heydər Əliyevin atası Əlirza Kərbəlayı Cəfər oğlunun babasıdır və onun daşıdığı “Əliyev” soyadı 1807-ci ildə doğulan bu şəxsin adı ilə bağlıdır.
Kəndin adı isə İsmayıl, Allahverdi, Məmmədbağır, Şirin və Şahgəldi qardaşlarının atası Cavanmərdin adı ilə bağlıdır. Bəzi mülahizələrə görə Cəfər, Tarverdi, Vəli və Xıdır qardaşlarının atası Məhəmmədlə Cavanmərd qardaş olublar.[34] M.Urud yazır: “Heydər Əliyevin ulu babası Comərd kişi qardaşı Alagöz Məhəmmədlə birlikdə Comərdli kəndinin bünövrəsini qoymuşlar”.[35]
Kameral təsvirdən göründüyü kimi, Heydər Əliyevin ulu babası Comərd (Cavanmərd) deyil, Məhəmməddir, kəndin bünövrəsinin qoyulduğu 1827-ci ildə qardaşların həyatda olub-olmadıqları haqqında əlimizdə fakt yoxdur. Amma başqa məlumatdan istifadə edərək bunu yoxlaya bilərik. Kameral təsvirdə Cavanmərdin 56 yaşlı böyük oğlu İsmayılın 18 yaşında Cavanmərd adında bir oğlu var:
806.İsmayıl Cavanmərd oğlu 56 y; oğlu Cavanmərd 18 y.
İsmayılın atasının ölümündən sonra onun adını oğluna qoyacağı ehtimalına görə, hesab etməliyik ki, Cavanmərd ən geci 1814-cü ildə vəfat etmişdir. Həmin məntiqlə Məhəmmədin də ən geci 1820-ci ildə həyatdan getdiyini ehtimal edə bilərik, çünki Xıdırın oğlu Məhəmməd 12 yaşındadır.
Əgər Cavanmərd və Məhəmməd doğrudan da qardaşdırlarsa (əlimizdə bu faktı nə təsdiq, nə də inkar edən sənəd yoxdur), bu sənədlərə görə onların atasının adını müəyyən etmək mümkün deyil. Ehtimal edirik ki, qardaşlardan hansısa atasının adını öz oğluna qoya bilərdi, onda onun adı Cavanmərdin 5, Məhəmmədin 4 oğlundan birinin adı ola bilərdi. Amma bu, ehtimaldır.
Kənd sakinləri haqqında qeyddə deyilir ki, bu əhalini Qarabağın keçmiş hakimi Mehdiqulu xan 1827-ci ildə İrandan gətirib Qarabağ əyalətində yerləşdirib.
1849-cu ildə tərtib edilmiş kameral təsvirdə kənd haqqında məlumatlar belədir:
“CAVANMƏRD və ya COMƏRDLİ obası. 1849-cu il.
Əkinçilik və heyvandarlıqla məşğul olurlar.
Bu əhali 1842-ci ildə tərtib edilmiş kameral təsvirdə yazılmayıb. 1848-ci ilin Kameral təsvirində isə mərhum general-mayor Mehdiqulu xanın qızı Xurşid Banu Bəyimin adına yazılıb. Onlar burada heyvandarlıq və əkinçiliklə məşğul olurlar”.[36]
Göründüyü kimi kəndin iki adı var: Cavanmərd və ya Comərdli. Beləliklə, bir müddətdən sonra “Cavanmərd” sözü müəyyən dəyişikliyə uğrayaraq daha asan tələffüz olunan “Comərdli” şəklinə düşüb, sonra isə “Cavanmərd” adı işlənməyib. Zəngəzur qəzasının 1874-cü ildə tərtib edilmiş kameral təsvirində bu kənd “Comərdli” kimi qeyd edilmişdir.
1849-cu ildə titulyar müşavir Tvardovski tərəfindən tərtib edilmiş kameral təsvirdə Heydər Əliyevin ulu babaları belə qeyd edilmişdir:
10.Vəli Məhəmməd oğlu 50 y (ölüb); oğlanları: Mehdiqulu 10 y (ölüb); Məhəmməd 6 y.
11.Mustafa Cəfər oğlu 45 y (ölüb); oğlanları: Qasım 8 y; Həzrətqulu 5 y; Mustafanın qardaşı Əli 35 y.
Sənəddən məlum olur ki, Məhəmmədin oğlanlarından üçü – Cəfər, Tarverdi və Xıdır həyatda yoxdur. Vəlinin ailəsində Mehdiqulu adında cavan rəhmətə gedən oğlan uşağının olması kənd sakinlərinin Mehdiqulu xana hörmətlə yanaşdığını göstərir.
Kameral təsvirdəki “ölüb” qeydi 1863-cü ildə yeni kameral təsvir tərtib edildiyi vaxt aparılan dəqiqləşdirmələr zamanı edilmişdir. Yəni Mustafa 59 yaşına çatmadan vəfat etmişdir.
1863-cü ildə tərtib edilmiş kameral təsvirdə bu ailə belə qeydə alınmışdır:
“ŞUŞA QƏZASININ ZƏNGƏZUR NAHİYƏSİ, COMƏRDLİ kəndi. 1863-cü il.
1847-ci il Əsasnaməsi ilə mülkədar torpaqlarında yaşayan dövlət kəndliləri.
9.11.Məşədi Əli Cəfər oğlu 50 y; oğlanları: İbrahim 16 y; Cəfər 12 y; Sadıq 7 y (4/4).
10.11.Qasım Məşədi Mustafa oğlu 25 y; qardaşları: Həzrətqulu 18 y; Gülməmməd 9 y; Əbdüləzim 16 y (4/3)
11.10.Məhəmməd Vəli oğlu 29 y; qardaşları: Zaman 20 y; Zeynal 17 y; Cilovxan 10 y; Məhəmmədin oğlu İldırım 1 y (5/3).”[37].
Məlum olur ki, Mustafa və Əli qardaşlarının hər ikisi Məşhəd ziyarətində olmuş, Mustafa öləndən sonra böyük oğlu Qasım ailənin başına keçmiş, Məşədi Əli isə qardaşının ailəsindən ayrılaraq müstəqil ailə olmuşdur. Məşədi Əlinin 3 oğlu var: İbrahim, Cəfər və Sadıq. Məşədi Əli 1851-ci ildə doğulan ortancıl oğluna atası Cəfərin adını qoymuşdur. Böyük oğlu İbrahim bu sənədə görə 1847-ci ildə doğulmuşdur, amma 1849-cu ildə tərtib edilmiş kameral təsvirdə adı yoxdur, yəni yazılmayıb. Məşədi Əlinin ailəsində 4 qadın qeydə alınıb. Oğlanlarının hələ evlilik yaşında olmadığını nəzərə alsaq, bu qadınlardan birinin onun həyat yoldaşı, üçünün isə onun adlarını bilmədiyimiz qızları olduğunu düşüməliyik.
Kameral təsvirdən Məhəmmədin oğlu Vəlinin də rəhmətə getdiyi məlum olur.
Nəşrə hazırladığımız Zəngəzur qəzasının 1874-cü il tarixli kameral təsvirində bu ailələr belə qeydə alınıb:
“№ 91.COMƏRDLİ kəndi
Keçmiş Knyaginya Usmiyeva, indiki Haxverdovanın ömürlük istifadəsində olan xəzinə torpaqlarında yaşayan dövlət kəndliləri.
Əkinçiliklə məşğul olan müsəlman tatarlar.
8.9.Məşədi Əli Cəfər oğlu 60 y; oğlanları: İbrahim 26 y; Cəfər 22 y; Sadıq 17 y (4/3).
9.10.Həzrətqulu Məşədi Mustafa oğlu 28 y; qardaşları: Əbdüləzim 26 y; Gülməmməd 19 y (3/3)
10.11.Məhəmməd Vəli oğlu 42 y; oğlanları: İldırım 14 y; Bağır 3 y (3/3).
29.11.Zaman Vəli oğlu 27 y; qardaşları: Zeynal 27 y; Cilovxan 12 y; Zeynalın oğlu Rəsul 11 y (4/2)”[38].
“Keçmiş knyaginya Usmiyeva, indiki Haxverdova” o deməkdir ki, mülkün sahibi Xurşid Banu Natəvan əvvəlki əri Xasay bəy Usmiyevdən boşanmış və Haxverdiyev soyadlı başqa bir şəxslə ailə qurmuşdur.
Yuxarıdakı kameral təsvirlərə görə Məşədi Əlinin yaşında fərqlər meydana çıxsa da, sonuncu 3 kameral təsvirə görə onun 1813-1814-cü illərdə doğulduğu aydınlaşır.
Məşədi Əlinin ailəsindəki qadınlardan birinin azalmasını onun qızlarından birinin ərə getməsi ilə izah etmək olar. 9-cu ailədə Həzrətqulunun ailə başçısı kimi qeydə alınması isə, böyük qardaşı Qasımın 37 yaşına çatmadan cavan və varissiz öldüyünü göstərir.
1886-cı ildə tərtib edilmiş “Əyal dəftəri”ndə isə bu ailələr belə qeyd edilib:
“ZƏNGƏZUR QƏZASI, COMƏRDLİ kəndi.1886-cı il.
Knyaginya Usmiyevanın ömürlük istifadəsindəki xəzinə torpaqlarında yaşayan dövlət kəndliləri.
Bəylərlə kəndlilər arasındakı münasibətləri tənzimləyən 1870-ci il Əsasnaməsi ilə mülkədar torpaqlarında yaşayan vergi mükəlləfiyyətli kənd əhalisi.
Şiə məzhəbinə mənsub olan müsəlman tatarlar.
1.9.Kərbəlayı Həzrətqulu Mustafa oğlu 40 y; oğlu Mustafa 4 y; qardaşları: Əbdüləzim 38 y; Gülməmməd 31 y; Əbdüləzimin oğlanları: Teymur 5 y; Məhəmməd 3 y; Gülməmmədin oğlanları: Mikayıl 6 y; Nurulla 3 y”.
Adının birinci yerdə yazılmasına görə Kərbəlayı Həzrətqulunun Comərdli kəndinin kətxudası olduğunu düşünə bilərik.
27.8.Kərbəlayı İbrahim Məşədi Əli oğlu 38 y; oğlu Hüseyn 10 y; qardaşları: Cəfər 34 y; Sadıq 29 y; Cəfərin oğlanları: Qurban 5 y; Əlirza 3 y.
29.10.Məhəmməd Vəli oğlu 54 y; oğlanları: İldırım 26 y; Bağır 15 y.
30.29.Zeynal Vəli oğlu 38 y; oğlu Rəsul 22 y”.[39]
Beləliklə, 3 yaşlı Əlirza Heydər Əliyevin 1883-cü ildə doğulmuş atası, 5 yaşlı Qurban isə əmisidir.
Siyahıdan məlum olur ki, Məşədi Əli Cəfər oğlu 72 yaşına çatmadan rəhmətə getmiş və böyük oğlu İbrahim ailənin başına keçmişdir.
Cəfər Məhəmməd oğlunun 1782-ci ildə doğulduğunu nəzərə alsaq, Alagöz Məhəmmədin təxminən 1750-ci illərdə doğulduğunu ehtimal edə bilərik.
Məhəmmədin törəmələri arasında Kərbəla və Məşhəd ziyarətində olanlar göstərir ki, ailə dindar olmuşdur.
1918-ci ildə Zəngəzurda Andranikin törətdiyi qanlı qırğınlar zamanı Comərdli kəndinin əhalisi təxminən 100 il əvvəl tərk etdikləri Naxçıvana gəlmiş və H.Əliyevin ailəsi bundan sonra Naxçıvanda yaşamışdır.
Azərbaycanın məşhur xalq şairi Məmməd Arazın ailəsi Ağudi kəndində yaşamışdır. Zəngəzur qəzasının 1874-cü ildə tərtib edilmiş hazırkı Kameral təsvirində onun ailəsi elə qeydə alınmışdır:
№ 9. AĞUDİ kəndi
54.13.İbrahim Şahsuvar oğlu 36 y; oğlanları: Allahyar 5 y; Xudayar 2 y (3/2).
Ailədəki 2 yaşlı Xudayar Məmməd Arazın babasıdır, onun “İbrahimov” soyadı isə ailənin başçısı, 36 yaşlı İbrahim Şahsuvar oğlunun adından götürülmüşdür. İbrahim 1838-ci, Xudayar isə 1872-ci ildə doğulmuşdur.
Zəngəzur mahalının Kameral təsvirində Şahsuvarın digər qardaşlarının və atasının da adı qeyd edilmişdir:
“ZƏNGƏZUR MAHALININ KAMERAL TƏSVİRİ.
1832-1833-cü illər.
AĞUDİ kəndi
1355.Şahsuvar Nağdəli oğlu 40 y; oğlanları: Nəzərəli 20 y; Əlinağı 8 y; Bayram 6 y.
1356.Məmmədcəfər Nağdəli oğlu 50 y.
1357.Emin Nağdəli oğlu 70 y; oğlu İsmayıl 15 y.
1358.Əhmədvar Nağdəli oğlu 44 y; oğlanları: Allahverdi 19 y; Məmməd 16 y; Fəzləli 8 y.
1359.Mehmanəli Nağdəli oğlu 29 y; oğlu Məhərrəm 5 y.
1375.Kovxa Xansuvar Nağdəli oğlu 60 y; oğlanları: Qulu 14 y; Həzrətqulu 7 y”.[40]
Göründüyü kimi, 1832-ci ildə 25 ailənin yaşadığı Ağudi kəndində Nağdəlinin 6 oğlu yaşayırdı və onlardan biri – Xansuvar kəndin koxası idi. Qardaşlardan böyüyünün, Eminin 1752-ci ildə doğulduğunu, həmin vaxt atası Nağdəlinin təxminən 30 yaşında olduğunu nəzərə alsaq, böyük şairimizin 300 illik şəcərəsini üzə çıxartmış oluruq.
Zəngəzur qəzasının 1874-cü ilə aid kameral təsvirində Şahsuvarın qardaşlarının da törəmələrini tapmaq mümkündür.
Bu ailə 1886-cı ildə tərtib edilmiş Əyal dəftərində də var:
“ZƏNGƏZUR QƏZASI, AĞUDİ kəndi
54.54.İbrahim Şahsuvar oğlu 48 y; oğlanları: Allahyar 17 y; Xudayar 14 y; Hümbətyar 6 y; Əliyar 3 y”.[41]
Xalq yazıçısı Əli Vəliyevin ailəsi də Ağudi kəndində qeydə alınmışdır:
9.10.Vəli Əli oğlu 55 y; oğlanları: Budaq 14 y; Həmzə 3 y (3/2)”.
1819-cu ildə doğulan Vəli onun babası, Budaqla Həmzə isə əmiləridir. Atası Qara 1874-cü ildən sonra doğulduğuna görə bu siyahıya düşməyib. Yazıçının “Budağın xatirələri” əsərinin qəhrəmanı göründüyü kimi onun doğma əmisi olub.
1886-cı ilin kameral təsvirində (Əyal dəftərində) yazıçının atasını da görürük:
“ZƏNGƏZUR QƏZASI, AĞUDİ kəndi.
9.9.Vəli Əli oğlu 67 y; oğlanları: Budaq 28 y; Qara 10 y; Həmzə 8 y; Budağın oğlu Əbdülkərim 3 y”.[42]
Buradakı 1876-cı ildə doğulan Qara məşhur yazıçının atasıdır. Ehtimal edirik ki, 1874-cü ildə 3 yaşında olan Həmzə ölüb və ailənin sonbeşik oğluna yenidən Həmzə adı qoyulub.
1918-ci ildə erməni daşnaklarının Zəngəzurda törətdiyi qanlı qırğınlar zamanı Ağudi kəndinin sakinləri də doğma yurdlarını tərk etməyə məcbur olmuşdular. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra Ə.Vəliyevin ailəsi yenidən Ağudiyə qayıtmış, M.Arazın ailəsi isə Naxçıvan Muxtar Respublikasının Nurs kəndində məskunlaşmışdır.
Zəngəzur mahalının kameral təsvirində Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin (Əliyev) əcdadları Zəngəzur mahalına daxil olan Qapan minbaşılığının Pirdavudan kəndində qeydə alınmışdır:
“ZƏNGƏZUR MAHALININ KAMERAL TƏSVİRİ. 1832-1833-cü illər.
PİRDAVUDAN kəndi
Oturaq həyat tərzi keçirən müsəlmanlar.
Əkinçiliklə məşğul olurlar.
İldə ailəbaşına gümüş pulla 4 rubl və məhsulun 1/5 hissəsini malcəhət olaraq vergi ödəyirlər.
Kəndin 25 əkingünü əkinəyararlı və 75 əkingünü dəmyə torpağı var.
3723.Yusif Süleyman oğlu 45 y; oğlu Əli 7 y”.[43]
Ə.Elçibəyin ulu babası Yusif Süleyman oğlu kənddə yaşayan 6 ailədən biridir. Ə.Elçibəyin “Əliyev” soyadı Yusifin 7 yaşlı oğlu Əlinin adından götürülmüşdür. Sənəddən məlum olur ki, Yusif 1787-ci, oğlu Əli 1825-ci ildə doğulmuşlar.
Pirdavudan kəndi 1842-ci ildə Meğrı nahiyəsinə daxil idi:
“MEĞRI NAHİYƏSİ, PIRDAVUDAN kəndi. 1842-ci il
Kənddən qəza mərkəzinə 140, nahiyə mərkəzinə 42 verstdir.
Bu kəndin əhalisi əkinçiliklə məşğul olur. Sakinlərin dolanışığı yaxşıdır. Torpağın məhsuldarlığı o qədər də yüksək olmadığına görə başqa yerlərdən də taxıl alır, suya yaxın olan meşə talalarında da taxıl əkirlər. Örüş yerləri və biçənəkləri kifayət qədərdir.
Oturaq həyat tərzi keçirən sünni müsəlmanlar.
12.Dul qadın Gülsüm 25 y; oğlanları: Süleyman 10 y; Əli 8 y; Xəlil 6 y; Mahmud 4 y (4/1).
6 əkingünü əkin yeri, 2 çetvert[44] buğda, 1 çetvert arpa əkini, 2 baş iribuynuzlu və 6 baş xırdabuynuzlu heyvanı var”[45].
Bu sənəddən Əlinin anasının adını öyrənsək də, onun və oğlanlarının yaşında uyğunsuzluq meydana çıxır. Bu uyğunsuzluqlar ailənin qeyd edildiyi 1852-ci, 1859-cu, 1874-cü illərə aid kameral təsvirlərdə və “Əyal dəftəri”ndə də davam edir. 1886-cı ildə tərtib edilmiş həmin sənədə görə Ə.Elçibəyin babası Mərdan Əli oğlu 1873-cü ildə doğulmuş və onun 1879-cu ildə doğulmuş Hüseynqulu adında qardaşı var.
Pirdavudan kəndinin sakinləri də Zəngəzurdakı 1918-ci il qırğınları zamanı kəndi tərk etmiş və Ə.Elçibəyin qohumları Ordubad rayonunun Kələki kəndində yaşamışlar.
Fars dilindəki –an şəkilçisi Azərbaycan dilindəki –lar, –lər cəm şəkilçlərinin ekvivalentidir və bu baxımdan “Pirdavudan” sözünü “Davudlar piri” kimi başa düşmək lazımdır .
Ə.Elçibəyin qohumları “Əyal dəftəri”nə belə qeyd edilmişlər:
“ZƏNGƏZUR QƏZASI,
PİRDAVUDAN kəndi. 1886-cı il.
Əkinçiliklə məşğul olan və şiə məzhəbinə mənsub olan tatarlar.
5.4.Süleyman Yusif oğlu 66 y; oğlanları: Yusif 24 y; Məmmədbağır 19 y; Heydər 9 y; Ailədə 2 qadın var.
19.20.Yaqub Yusif oğlu 46 y; oğlanları: Cümşüd 11 y; Mirməhəmməd 8 y; Gülməmməd 5 y; Mirhəsən 3 y; Mirağa 1 y; Ailədə 3 qadın var.
24.4.Mahmud Yusif oğlu 34 y; oğlu Adil 8 y. Ailədə 2 qadın var.
26.20.Əli Yusif oğlu 36(?) y; oğlanları: Mərdan 13 y; Hüseynqulu 7 y. Ailədə 2 qadın var”[46].
Bu sənəddən Əlinin Yaqub adında daha bir qardaşının olduğunu öyrənirik, Xəlil isə varis buraxmadan vaxtsız ölmüşdür.
Maraqlıdır ki, 1842-ci ildə Pirdavudan kəndinin əhalisi sünni məzhəbinə mənsub olduğu halda (aralarında Əbülfəz Elçibəyin babaları kimi şiələr də vardı), “Əyal dəftəri”ndə şiə kimi qeyd edilmişlər, yəni kənd əhalisinin ya hamısı, ya da böyük qismi məzhəbini dəyişmişdir.
Zəngəzur qəzasının böyük şəxsiyyətlərindən biri də Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Garabağın general – qubernatoru Xosrov bəy Sultanovdur. Onun ailəsi indiki Laçın rayonunun Qasımuşağı – Kürdhacı kəndində qeydə alınmışdır. Xatırladaq ki, Qasımuşağı kəndinin daxil olduğu inzibati ərazi müxtəlif dövrlərdə Hacısamlı dərəsi və Qaraçorlu mahalı adlanmışdır.
Xosrov bəy Sultanovun atası Əlipaşa bəy 1863-cü ildə Zəngəzur nahiyəsinin imtiyazlı zümrəsi üzrə tərtib edilmiş Kameral təsvirdə belə qeydə alınmışdır:
“ZƏNGƏZUR NAHİYƏSİNİN BƏYLƏRİ. 1863-cü il.
KÜRDHACI kəndi
350. – Əlipaşa bəy Murad bəy oğlu 20 y”.[47]
Bu ailə imtiyazlı zümrəyə daxil olduğu üçün vergi mükəlləfiyyətlilərin qeydə alındığı 1874-cü il tarixli kameral təsvirdə yer almamış, 1886-cı il tarixli “Əyal dəftəri”ndə isə onun adı Paşa bəy kimi göstərilmişdir:
“ZƏNGƏZUR QƏZASI, QASIMUŞAĞI – KÜRDHACI kəndi. 1886-cı il.
2.362.Paşa bəy Sultanov 42 y; oğlanları: Sultan bəy 16 y; Rüstəm bəy 14 y; İsgəndər bəy (sifətdən 9 yaş vermək olar); Xosrov bəy (sifətdən 4 yaş vermək olar).
Bu ailənin 1893-cü ildə imtiyazlı bəy zümrəsindən xaric edilərək vergi mükəlləfiyyətlilərin siyahısına keçirilmişdir”.[48]
Xosrov bəy Paşa bəyin dörd oğlundan ən kiçiyidir. Bu ailə hansısa səbəbə görə 1893-cü ildə imtiyazlı bəy zümrəsindən xaric edilmiş və vergi mükəlləfiyyətlilərin siyahıına keçirilmişdir.
Xosrov bəyin Yelizavetpol klassik gimnaziyasında oxuduğu dövrə aid sənədlər var. Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanan sənəddə onun 9 mart 1879-cu ildə Yelizavetpol quberniyası Zəngəzur qəzasının Kürdhacı kəndində bəy ailəsində doğulduğu, 1887-ci ildən 24 noyabr 1889-cu ilə qədər Şuşa realnı məktəbində oxuduğu, 1889-cu ilin 24 noyabrında Yelizavetpol şəhər klassik gimnaziyasına daxil olduğu və 1897-ci ildə gimnaziyanı qızıl medalla bitirdiyi göstərilir[49].
1893-1902 ci illəri əhatə edən 10 il ərzində həmin gimnaziyanı bitirənlər arasında cəmi 8 nəfər azərbaycanlı var. Onların arasında Xosrov bəy Sultanovdan başqa Azərbaycanın iki Baş naziri – Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli, Ə.Topçubaşovu parlament sədri vəzifəsində əvəz edən Həsən bəy Ağayev də var.
Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanov Yelizavetpol klassik gimnaziyasını qızıl medalla bitirən yeganə azərbaycanlıdır. Bu gimnaziyanı bitirənlər öz ana dilindən başqa 5 dil – rus, alman, fransız, yunan və latın dillərini də bilirdilər.
“Qaçaq Nəbi” dastanında Nəbinin düşmənləri arasında Hacısamlı dərəsindən olan Paşa bəyin da adı çəkilir. Hesab edirik ki, haqqında söhbət gedən şəxs Xosrov bəyin atası Paşa bəydir.
Qaçaq Nəbinin ailəsi isə 1874-cü il tarixli Kameral təsvirdə belə qeydə alınıb:
“ZƏNGƏZUR QƏZASININ KAMERAL TƏSVİRİ.
1874-cü il.№ 194. MOLLU kəndi
22.17.Alməmməd Köçəri oğlu 50 y; oğlanları: Məhərrəm 29 y; Nəbi 6 y (3/2)”.
Buradakı 6 yaşlı Nəbi Qaçaq Nəbidir, atasının əsil adı isə dastanda yazıldığı kimi Alı yox, Alməmməddir. Ola bilsin ki, kənddə onu doğrudan da qısaldılmış Alı kimi çağırırmışlar.
“Qaçaq Nəbi” dastanını toplayıb nəşr etdirən tanınmış folklorşünas Əhliman Axundov onun 1854-cü ildə doğulduğunu yazır.[50] Əslində isə kameral təsvirdən göründüyü kimi Nəbi 1868-ci ildə doğulub və 1896-cı ildə öldürüləndə cəmi 28 yaşı vardı.
Tanınmış tədqiqatçı alim B.Bəhcət isə Qaçaq Nəbinin 1851-1852-ci illərdə doğulduğunu qeyd edir.[51]
H.Qasımov adlı müəllif Nəbinin babasının adının Köçəri olduğunu yazır.[52]
Kameral təsvirdə Nəbinin Məhəmməd adlı əmisi də qeydə alınıb:
2.2.Məhəmməd Köçəri oğlu 56 y; oğlanları: İsmayıl 36 y; Xancan 15 y; Usub 13 y; Xudaverdi 5 y (5/3).
Buradakı İsmayıl, Xancan, Usub və Xudaverdi qardaşları Nəbinin əmisi oğlanlarıdır.
Qaçaq Nəbinin silahdaşı və həyat yoldaşı Həcərin ailəsi haqqında məlumat isə belədir:
40.31.Xanəli Əsəd oğlu 35 y; qardaşları: Məmmədalı 30 y; Allahverən 8 y (3/1).
Ailədəki bir qadını Xanəlinin həyat yoldaşı hesab etsək, məlum olur ki, Həcər xanım 1874-cü ildən sonra doğulmuşdur.
1886-cı ildə tərtib olunmuş Əyal dəftərində Nəbinin ailəsi belə qeydə alınıb:
“ZƏNGƏZUR QƏZASI, MOLLU kəndi
92.22.Məhərrəm Alməmməd oğlu 29 y; oğlu Məmməd 3 y.
111.Nəbi Alməmməd oğlu 18 y (üzdən 22 yaş vermək olar); qardaşı Mehdi 15 y. Ailədə 2 qadın var”.[53]
Bu sənəddən məlum olur ki, Nəbinin atası Alməmməd kişi ölmüş, Nəbi ilə kiçik qardaşı Mehdi isə böyük qardaşları Məhərrəmdən ayrılaraq yeni ailə yaratmışlar. Həm də məlum olur ki, 1886-cı ildə Nəbi hələ qaçaq düşməmişdi, əks halda sənəddə qeyd olmalı idi.
Zəngəzurda əlbəttə, çoxlu başqa məşhur şəxlərin əcdadlarını da müəyyənləşdirmək mümkündür, biz bu kitabın verdiyi imkanlar daxilində yuxarıdakı şəxslərlə kifayətlənirik.
4.Yerli idarəetmə
1870-ci il mayın 14-də qəbul edilmiş “Bəylərlə kəndlilər arasındakı münasibətləri tənzimləyən Əsasnamə” ilə Yelizavetpol, Bakı və İrəvan quberniyalarında və Tiflis quberniyasının bir hissəsində kəndli islahatları həyata keçirildi. Kəndlilərin bəylərdэn və ağalardan asılılığı bu Əsasnamə ilə müəyyən dərəcədə azaldılır və istifadə etdiyi torpaqlar onların ixtiyarında saxlanılırdı. Torpaqların dəyərini ödəməklə kəndlilərə onları satın almaq hüququ da verilmişdi. Amma 15 yaşından yuxarı kişilərə adambaşına 5 desyatindən artıq düşən torpağı bəylər və mülkədarların kəndli ailəsinin əlindən almaq hüququ vardı. Satınalma qiymətləri isə baha idi. Rusiyadan fərqli olaraq bu quberniyaların əhalisinə torpağı satın almaq üçün kredit verilmir və kəndli bunu istisnasız olaraq öz pulu ilə etməli idi. Torpaq satın alınıncaya qədər kəndlilər mülkədarın xeyrinə bir sıra mükəlləfiyyətlər də yerinə yetirməli idilər.[54]
Həyata keçirilməsinə Qafqaz canişininin qərarı ilə 8 noyabr 1870-ci ildən başlanılan bu islahatlar əhalinin 70 %-ni təşkil edən dövlət kəndlilərinə şamil edilməmişdi.[55]
Kapitalist münasibətlərinin inkişafına təkan verən 1870-ci il Əsasnaməsi digər ərazilər kimi, Zəngəzur qəzası əhalisinin də sosial-iqtisadi həyatında mühüm rol oynamışdır.
Rusiya imperatoru II Aleksandrın 31 avqust 1864-cü il tarixli fərmanı ilə hərbi qubernatorlar hərbi fəaliyyətdən azad edilib qubernator adlandırıldı. Qubernator quberniya ərazisindəki bütün inzibati polis aparatına rəhbərlik və quberniya ərazisində fəaliyyət göstərən bütün orqan və idarələrin işinə nəzarət edirdi. Qubernator kətxudaların seçilməsi haqqında kənd icmalarının qərarını təsdiq edir, pay torpaqlarında sənaye müəssisələrinin və qurğuların tikintisi üçün sahələrin ayrılmasına sərəncam verir, vəzifə cinayətlərinin və inzibati polis idarələri əməkdaşlarının işlərini araşdırır, kənd məhkəməsi qərarlarından verilən şikayətlərə baxırdı.[56]
Quberniya idarəsi dövrü bəylər və dövlət məmurlarının torpaqları kütləvi şəkildə qanunsuz ələ keçirilməsi və edilən şikayətlərin cavabsız qalması ilə xarakterikdir. Məsələn, 1882-1884-cü illərdə Yelizavetpol quberniyasında qanunsuzluq, döyülmə, işgəncə verilməsi, azadlıqdan qanunsuz məhrum etmə, dələduzluq, aldatma üzrə 210 cinayət işi qaldırılsa da, yalnız 23 iş üzrə tədbir görülmüş, 134 iş uzun müddət nəticəsiz qalmışdı.[57]
1865-1866-cı illərdə Rusiyadakı ikipilləli kənd icmalarından fərqli olaraq Zaqfqaziyada birpilləli kənd icmalarının yaradılmasına başlandı. Kənd əhalisinin yığıncağı və kətxudalar kənd icmalarının orqanları idi. Əsasnaməyə görə, kəndin yeniyetməlik yaşına (15 yaş) çatmış bütün kişi əhalisi, Kameral təsvirdə qeyd edilmiş bütün ailələr və seçki ilə təyin edilmiş bütün vəzifəli şəxslər yığıncaqda iştirak edirdilər.[58]
Əsasnamə icma yığıncağının müzakirə edə biləcəyi məsələləri ciddi şəkildə müəyyən edirdi: buraya kətxudanın və icmadakı başqa vəzifəli şəxslərin seçkisi, ziyankar və qüsurlu üzvlərin icmadan kənarlaşdıdılması, valideynlərini itirmiş uşaqlara hamilərin təyin edilməsi, örüşlər və başqa icma torpaqları üçün sərəncam verilməsi, xəzinə və zemski vergilərin xüsusi kəndli icmaları arasında bölüşdürülməsi və digər məsələləri aid idi. Əgər icmanın yığıncağı Əsasnamənin 11-ci maddəsində nəzərdə tutulan bu məsələlərdən başqa ayrı məsələləri müzakirə edib qərar versəydi, quberniya idarəsi tərəfindən məhkəməyə verilə bilər və ya ayrı cəzalar kəsilə bilərdi.[59]
İcma rəhbərliyi kətxudadan və onun köməkçilərindən ibarət idi. Köməkçilərin sayı kəndin böyüklüyündən və icmaya daxil olan kiçik kəndlərin sayından asılı idi. Kətxuda və onun köməkçiləri 25 yaşına çatmış şəxslər arasından 3 illik müddətə seçilirdilər. Lakin bu müddətə əksər hallarda riayət edilmirdi. Kətxuda qəza rəisinin təqdimatı ilə qubernator tərəfindən, onun köməkçiləri isə qəza rəisinin özü tərəfindən təsdiq edilirdi. 1866-cı il Əsasnaməsinin 22-ci maddəsinə görə kətxuda kənd icması daxilində ümumi qayda-qanunun və asayişin qorunmasına cavabdeh idi. Əsasnamənin 24-cü maddəsinə görə kətxuda xüsusi mülkiyyətin mühafizəsini təmin etməli, cinayətlərin qarşısını almalı, kənd məhkəmələrinin qərarlarını həyata keçirməli idi. Kətxuda həm də icma yığıncaqlarının vaxtında çağırılmasını, kənd əhalisinin bütün xəzinə və zemski vergilərinin və ictimai mükəlləfiyyətlərinin yerinə yetirilməsini təmin etməli idi.[60]
Kəndxudanın geniş inzibati-polis səlahiyyətləri vardı. Törətdiyi qanunsuz əmələ görə hər bir şəxsi 2 gün ictimai işlərə cəlb edə, 1 rubl cərimələyə və 2 gün həbs edə bilərdi. Kətxudalara maaş verilməsə də, onun tarla işləri icma üzvləri tərəfindən yerinə yetirilir, əkinləri su ilə birinci növbədə təmin edilirdi. Kətxuda və onun ailə üzvləri bütün vergilərdən və mükəlləfiyyətlərdən də azad idi. Kətxuda bir çox hallarda mirab vəzifəsini də yerinə yetirirdi. Ona görə də səlahiyyətlərindən sui-istifadə edən kətxuda qısa müddətdə varlanırdı.[61]
5.Kənd təsərrüfatı və iqtisadiyyat
Zəngəzur qəzasnda torpaqdan istifadə icmalar şəklində həyata keçirilirdi və aşağıdakı hüquqi qaydalar və xalq ənənələri mövcud idi:
1.Ailə üzvləri kameral təsvirdə qeyd edilmiş hər bir icma üzvünün torpaqdan istiadə etmək hüququ var idi.
2.Vəfat etmiş təsərrüfat başçısının varisi olan qadınla evlənmiş icma üzvü olmayan hər hansı bir şəxs, o cümlədən kənardan gəlmiş şəxs icmanın tamhüquqlu üzvü sayılır və icma torpaqlarından pay almaq hüququna sahib idi.
3.Torpağın becərilməsi məcburi xarakter daşımırdı; lakin icma üzvlərindən kimsə öz torpağını əkib-becərmirdisə, başqalarının bu torpaqları əkib-becərmək hüququ vardı.
4.Əkin sahələrindəki taxıl və biçənəklərin otu biçilib yığıldıqdan sonra həmin ərazilər sakinlərin ümumi istifadəsinə keçirdi və ərazi sahibləri başqa şəxslərin öz mal-qarasını bu ərazilərdə otarmasına mane ola bilməzdi.
5.İcmanın bütün üzvlərinin əkin sahələrindən hər hansı cır meyvə ağacını və təsərrüfat əhəmiyyətli ağacı qazıb çıxartmaq hüququ vardı.
6.Taxılı biçilib yığılmış zəmilərdə qalan sünbülləri yığmaq üçün kasıb adamlara icazə verilməsi Allaha xoş gedən iş sayılırdı. Uz kəndində taxıl yığıldıqdan sonra orada 2 ay mal-qaranı otarmağa icazə vermirdilər ki, kasıb adamlar orada başaq edə bilsinlər.
7.Toplanmış hazır sünbülün oğurlanması cəzalandırılsa da, yemək üçün tarladan sünbul yığmaq qadağan deyildi.
8.Suvaq üçün istifadə edilən ağ gil (gəc), çay qumu, əhəng daşı, saxsı hazırlamaq üçün istifadə edilən gil, tikintidə istifadə edilən daş, gips və s. bütün icmanın malı hesab edilir və kimin ərazisində yerləşməsindən asılı olmayaraq bütün icma üzvləri ondan istifadə edə bilirdilər.
9.Bataqlıqlarda və çay kənarlarında bitən qamışdan hamının istifadə etmək hüququ vardı, balıq tutmaq və meşələrdə ov etmək heç kimə qadağan deyildi.
10.Torpaqları suvarılan kəndlərdə su üzərində xüsusi mülkiyyət yox idi. Arxların təmirində iştirak edib-etməməsindən asılı olmayaraq bütün icma üzvlərinin sudan istifadə etmək hüququ vardı.
11.Torpaq sahiblərinin razılığını almadan icmanın istənilən ərazidən arx çəkmək hüququ vardı.
12.Hər il arxlar təmizlənəndə icma üzvü olan bütün ailələr iştirak etməli idi. Kəhriz qazılmasında olduğu kimi bu iş xüsusi şəxslər tərəfindən həyata keçiriləndə ödənilən zəhmət haqqı həmin sudan istifadə edən ailələr arasında bölünürdü.
Zəngəzur qəzasında vaxtaşırı olaraq torpaqların yenidən bölüşdürülməsi həyata keçirilirdi, amma bölgünün neçə ildən bir keçirilməsi haqqında vahid qayda yox idi. Bazarçay molokanları bu baxımdan istisna təşkil edirdilər. Burada əkin yerləri 6 ildən bir, biçənəklər isə hər il yenidən bölüşdürülürdü. Bölgü zamanı vahid prinsip yox idi, məsələn Sisyan mahalında ailədəki kişilərin sayına evi nəzərdə tutan 1 vahid artırırdılar və bölgü həmin saya mütənasib şəkildə həyata keçirilirdi.
Bəzi yerlərdə yenidən bölgünü ailədə iş qüvvəsi sayıla bilən kişilərin sayına, bəzi kəndlərdə isə ailədəki bütün üzvlərin sayına görə aparırdılar. Bölgü püşkatma ilə həyata keçirilirdi.
Qeyd edək ki, Zəngəzur qəzasında ailə başına düşən torpaqların miqdarı müxtəlif idi. Əhalisinin sayına görə ən çox torpağı olan kəndlərdən biri 40 ailənin yaşadığı Urud kəndində (Sisyan mahalı) 3 desyatin həyətyanı sahə, 80 desyatin sulu, 1.024 desyatin dəmyə əkin yeri, 711 desyatin örüş yeri və yayararsız ərazilər olmaqla 1.822 desyatin torpaq vardı. Burada ailə başına 27,6 desyatin əkin sahəsi düşürdü və bu da urudluların kifayət qədər zəngin yaşadığını göstərir. Kənddə 90 öküz, 225 inək və dana, 520 qoyun və keçi, 25 at və 36 ulaq da qeydə alınmışdır.[62]
30 ailənin yaşadığı Pirdavudan kəndində 4 desyatin həyətyanı sahə (ailə başına orta hesabla 0,75 desyatin) və 198 desyatin dəmyə əkin sahəsi, 15 desyatin biçənək və 600 desyatin örüş yeri və yararsız torpaqlar vardı. Ailə başına 6,6 desyatin əkin sahəsi düşürdü. Pirdavudanlıların 57 öküzü, 182 inəyi və danası, 700 baş xırdabuynuzlu heyvanı, 9 atı, 7 qatırı, 21 ulağı vardı.[63]
48 ailənin yaşadığı Şıxlar kəndində isə 4 desyatin həyətyanı sahə, 590 desyatin dəmyə əkin sahəsi, 301 desyatin örüş yeri və yararsız torpaq vardı. Burada hər ailəyə 10,6 desyatin əkin yeri düşürdü. Kənd sakinlərinin 85 öküzü, 231 inəyi və dana-buzovu, 532 xırdabuynuzlu heyvanı, 29 atı və 2 ulağı vardı.
Zəngəzur qəzasında istər ayrı-ayrı şəxslərlə kənd icmaları, istərsə də xəzinə arasında məhkəmə çəkişmələri vəziyyətində olan xeyli mübahisəli torpaqlar var idi. Xəzinə ilə mübahisəli vəziyyətdə olan həmin ərazilərdən bəziləri bunlar idi:
Ağudi kəndində Rüstəm bəy Cavanşir və başqaları ilə mübahisəli vəziyyətdə olan 1.731 desyatin ərazi;
Əliqulu kəndində Abdulla bəy Alməmməd bəy oğlu ilə mübahisəli vəziyyətdə olan 2.200,7 desyatin ərazi;
Vağudi kəndində Rüstəm bəy Cavanşir və başqaları ilə mübahisəli vəziyyətdə olan 1.767 desyatin ərazi;
Hacısamlı mahalında İsmayıl bəy Tağı bəy oğlu və başqaları ilə mübahisəli vəziyyətdə olan 46.711 desyatin ərazi və s.
Bundan başqa, Urud kəndindəki 4 desyatin ərazi Tatev monastrı ilə mübahisəli vəziyyətdə idi.
Zəngəzur qəzasının əhalisi kənd təsərrüfatının bütün sahələri ilə məşğul olurdular. əkinçilik və maldarlıq əsas yer tuturdu. Ərazinin coğrafi relyefi, torpağın vəziyyəti və əhalinin milli xüsusiyyətləri də burada öz təsirini göstərirdi. Tatarlarda (azərbaycanlılarda) əkinçilik, maldarlıq və ipəkçilik, ermənilərdə isə əkinçilik və bağçılıq daha çox inkişaf etmişdi. Meğri mahalının cənub hissəsində əhalinin başqa məşğuliyyəti ilə yanaşı, üzümçülük, ipəkçilik və pambıqçılıq əsas yer tuturdu. Bu mahalın şimal hissəsində və bütün Qafan mahalının ermənilərində daha çox əkinçilik, azərbaycanlılarda isə heyvandarlıq əsas yer tuturdu. Bərgüşad, Həkəri və Basut çayları hövzələrinin cənub hissələrində yaşayan azərbaycanlılarda ipəkçilik və çəltikçilik daha çox inkişaf etmişdi. Zəngəzur mahalının erməniləri və Sisyan mahalının tatarları istisnasız olaraq əkinçilik və heyvandarlıqla məşğul olurdular. Zəngəzur mahalında yaşayan tatarlarda isə heyvandarlıq üstünlük təşkil edirdi. Bir sözlə, Zəngəzur qəzasında əkinçilik nisbətən daha çox inkişaf etmişdi, sonrakı yerləri heyvandarlıq və arıçılıq tuturdu.
Əkinçilik aləti kimi cüt və kotandan istifadə edirdilər. 8-9 cüt öküz qoşulmuş kotanla gündə 0,4 desyatin torpağı şumlamaq olurdu. Torpağa daha dərin işlədiyinə görə kotanla edilən şum daha keyfiyyətli sayılırdı. Toxumu səpəndən sonra torpağı malalayırdılar.
Kotan həm baha olduğuna, həm də ona daha çox qoşqu heyvanı lazım olduğuna görə ondan daha çox imkanlı şəxslər istifadə edirdilər, əhalinin çoxu cütdən istifadə edirdi. Meğri mahalının müsəlmanları cütə xış, bəzi ərazilərdə isə alət deyirdilər.
Kotanla əsasən düzənlik əraziləri şumlayırdılar.
Zəngəzur qəzasında torpağın vəziyyəti və keyfiyyəti müxtəlif idi. Çay kənarlarında olan ərazilərin torpağı qumsal və daşlı-kəsəkli, Zəngəzur və Sisyan mahallarının torpaqları isə gilli idi. Bəzi yerlərdə qaratorpaq ərazilərə də rast gəlinirdi. Meşə torpaqlarının altı sarı gildən, üst qatı 20 sm qalınlığında qaratorpaqdan ibarət idi.
Yaz və payız əkinləri olmaqla iki cür əkin vardı. Azərbaycanlılarda yaz əkini yazın əvvəlindən mayın sonuna qədər, ermənilərdə isə yazın əvvəlindən pasxa bayramınna qədər davam edirdi. Ermənilər cümə günləri əkin etmirdilər, onlarda belə bir inanc vardı ki, əgər cümə günü əkin etsələr, təbii fəlakətlər – dolu, çəyirtkə onların əkinlərini məhv edər. Payız əkinini kotanla edə bilməyib cütlə edənlər şumdan qabaq toxumu səpib sonra şum edirdilər və bu cür əkin “boğaz” adlanırdı.
Torpağın istehsal gücünü bərpa etmək üçün onu dincə qoyurdular. Nisbətən sərin yerlərdə torpağı iki-üç il dalbadal əkəndən sonra onu bir, bəzən iki il dincə qoyurdular. Torpağın öz gücün bərpa etməsi üçün bəzi yerlərdə taxılı biçəndən sonra samanı yandırırdılar. Meğri mahalının Tağəmir və bir sıra digər kəndlərində isə mal peyinindən gübrə kimi istifadə edirdilər. Çəltik əkilən sahələr heç bir yerdə gübrələnmirdi.
Əkilən bitkilərin növbəliliyinə gəlincə, yağlı bitkilərdən olan kətan və şalğam, növbəti il buğda və ya arpa əkilirdi. Taxıl bitkilərindən sonra noxud, mərcimək və ya kürüşnə əkilirdi. Yonca əkilmiş yerlərdə də ikinci il kətan, sonrakı il isə buğda və arpa, ondan sonra yenidən yonca əkilirdi ki, torpaq öz gücünü bərpa etsin. Bərgüşad və Həkəri çaylarının hövzəsindəki suvarılan torpaqlarda birinci il çəltik, sonrakı il isə qovun-qarpız əkilirdi. Lakin qeyd etmək lazımdır ki, bu qaydaya hər yerdə və hamı tərəfindən əməl edilmirdi.
Torpağın keyfiyyətindən, suvarılan olub-olmamasından, iqlimdən asılı olaraq 1 desyatin əraziyə 4 kavuz (8 pud buğda) səpilirdi. Payızlıq buğdanın şaxta vurduğu sərt iqlimli ərazilərdə taxılı daha sıx səpirdilər.
Zəngəzur qəzasında taxıl bitkilərindən buğda, arpa, darı, çəltik və yumşaq buğda, paxlalı bitkilərdən mərcimək və noxud, texniki bitkilərdən pambıq, kətan, yonca, tərəvəz bitkilərindən soğan və s. əkilirdi.
Buğda və arpa yazlıq və payızlıq olaraq iki cür əkilirdi. Dəmyə torpaqlarda taxıla heç bir qulluq edilməsə də, suvarılan torpaqlarda taxılı iki dəfə – aprel ayında və sünbüllənən zaman suvarılırdı.
İqlimdən asılı olaraq buğda iyunun axırlarından sentyabra qədər, arpa isə iyulun 1-10-dan biçilməyə başlanırdı.
Taxılın məhsuldarlığı “sam” deyilən terminlə ifadə edilirdi. Sam əldə olunan məhsulun səpilən toxumdan nə qədər artıq olduğunu göstərirdi. Əgər 1 desyatin əraziyə 10 pud toxum səpilmiş bə 50 pud taxıl əldə edilmişdirsə, məhsuldarlıq 5 sam olmuşdur.
Çəltik əkini ilə əsasən müsəlmanlar məşğul olurdular. Bərgüşad, Həkəri və Basut çayın hər iki tərəfində, Qubadlı, Rəşid, Qaralar, Mollu, Mollaburan, Qaracanlı, Qarağaclı, Şıxov, Cincik, I Baharlı, Şəfibəyli və Ördəkli kəndlərində çəltik əkilirdi.
“Ehtiyat çörək” adlandırılan darı əsasən Zəngəzur mahalında əkilir və heyvandarlıqda yem kimi işlədilirdi, qıtlıq illərində isə insanlar da ondan çörək bişirirdi. Bu cür çörəyə “darı cadı” deyirdilər.
Texniki bitki olan pambıq Meğri mahalının isti iqlimli dörd kəndində – Aldərə, Lehvaz, Meğri və Nüvədi kəndlərində əkilirdi. Bu kəndlərin 367 desyatin suvarılan torpağının 200 desyatinində pambıq əkilmişdi.[64] Burada əkilən pambıq 2 sort idi: yerli İrəvan sortu və Amerika sortu. Pambıq əkinində torpağı iki dəfə səpindən əvvəl, bir dəfə isə səpindən sonra suvarırdılar.
Zəngəzur qəzasının təsərrüfat həyatında bağçılıq da müəyyən yer tuturdu. Burada üzüm, müxtəlif meyvə ağacları və tut bağları (çəkillik) becərilirdi.
Meğri mahalının Aldərə, Astazur, Bartaz, Lehvaz, Malvalan, Nüvədi və Tuqut kəndlərində üzüm becərilirdi. Bundan başqa, Zəngəzur mahalının Muğancıq kəndində də bir neçə üzüm bağı vardı. Bu kəndlərdə 439,5 desyatin üzüm bağı vardı. Üzüm bağları əsasən qumlu və gilli torpaqlarda salınmışdı. Ağ üzümün ala-kora, kişmişi, şahani, şahəngül, qara üzümün isə gilarçi, xatun barmağı, şahani, şireyi və başqa sortları daha çox becərilirdi.
Müsəlmanlar istehsal etdikləri üzümü əsasən dağ kəndlərində taxıla dəyişir, ermənilər isə daha çox şərab istehsal edirdilər. Şərabçılıqla ən çox Astazur kəndinin sakinləri məşğul olurdu. Üzüm sentyabrın 20-dən sonra yığılırdı. 1 pud şərab 1,5-2 rubla satılırdı, ağ şərabın 1 pudunun qiyməti qırmızı şərabdan 20 qəpik baha idi.
Zəngəzur qəzasında tut ağacları ilə yanaşı, əncir, albalı, gilas, ərik, gavalı, nar, qoz və digər meyvələr yetişdirilirdi. Bütün qəzada ən yaxşı nar Nüvədi kəndində yetişirdi.
Astazur, Bartaz, Baharlı, Vaqravar, Gödəklər, Cikcik, İncəvar, Qarağaclı, Qaracanlı, Qaralar, Kövdadıq, Qubadlı, Meğri, Lehvaz, Molla Buran, Mollu, Mülkəçap, Nüvədi, Ördəkli, Sarıyataq, Sevakar, Ucanabbas, Hüseynuşağı, Çapnı, Şıxov və Şıxavuz kəndlərində barama yetişdirmək üçün tut plantasiyaları salınmışdı və 811 ailə baramaçılıqla məşğul olurdu. İki tut sortu – cırtut və şahtut növləri yetişdirilirdi. İpək qurdunu müxtəlif yerlərin adamlarından alır və əvəzini baramanın 1/3, 1/4 və ya 1/5 hissəsi ilə ödəyirdilər. Zəngəzur qəzasında istisnasız olaraq ipək qurdunun yapon sortunu becərirdilər. Hazır baramanı Şuşa və ya Ordubad bazarında pudunu 8-12 rubla satırdılar.
1885-ci ildə əkinçilik və bağçılıq məhsullarının qiyməti belə olmuşdu:[65]
1 pud buğdanın Meğri mahalında qiyməti 50 – 60 qəpik;
qəzanın başqa yerlərində 35 – 40 qəpik;
1 pud arpanın Meğri mahalında qiyməti 30 – 35 qəpik;
qəzanın başqa yerlərində 20 – 25 qəpik;
1 pud yumşaq buğda 15 – 20 qəpik;
1 pud darı 15 – 20 qəpik;
1 pud çəltik 40 – 60 qəpik;
1 pud “Marağa” sortu düyü 1 rubl 10 qəpik;
1 pud Amerika sortu pambıq 6 rubl;
yerli sort 5 rubl;
yem mərcisi toxumunun 1 pudu 30 – 40 qəpik;
pamdıq toxumunun 1 pudu 10 – 15 qəpik;
1 pud jmıx 10 qəpik;
1 bağ yonca 5 – 6 qəpik;
1 bağ ot 4 qəpik;
1 pud üzüm 30 – 40 qəpik;
1 pud doşab (bəhməz) 1 rubl;
1 pud şərab 0,8 – 2 rubl.
Zəngəzur qəzasında əhalinin əsas məşğuliyyət növlərindən biri də heyvandarlıq idi və bu sahə müsəlmanlarda daha çox inkişaf etmişdi. Onlar iribuynuzlu heyvanlardan inək və camış, xırdabuynuzlu heyvanlardan qoyun və keçi, yük heyvanlarından at, ulaq və qatır saxlayırdılar. Hacısamlı dərəsinin sakinləri, sofulu, dərzili, sarallı, puşanlı və başqa tayfalar daha çox xırdabuynuzlu heyvanlara üstünlük verirdilər. İribuynuzlu heyvanlardan isə həm qoşqu heyvanları, həm də süd məhsullarının alınması üçün istifadə olunurdu. Zəngəzur qəzasında at zavodu olmasa da, çoxlu at saxlayan ayrı-ayrı şəxslər var idi. Məsələn, 1885-ci ildə Sarıyataq kənd sakini Muxtar Kərbəlayı İsmayıl oğlunun müxtəlif yaşlarda olan 45 atı var idi. Bazarçay kəndinin molokanları da cins atlar yetişdirmək üçün onun ilxısındakı ayğırlardan istifadə edirdilər. Qatır saxlamaqla ən çox Meğri mahalının, xüsusən Aynazur kəndinin sakinləri məşğul olurdular.[66]
Zəngəzur qəzasının ermənilər yaşayan 5 kəndində donuz saxlayırdılar.
1885-ci ildə Zəngəzur qəzasında bəzi heyvanların və heyvandarlıq məhsullarının qiyməti belə idi:
kəl 13 – 17 rubl;
inək 12 – 15 rubl;
8-9 aylıq buzov 3 rubl;
iki illik dana 4 – 6 rubl;
üç illik buğa 8 – 10 rubl;
üç illik düyə 7 – 8 rubl;
ayğır at 20 – 100 rubl;
madyan at 30 – 100 rubl;
qatır 50 – 150 rubl;
ulaq 7 – 10 rubl;
qoç 3 – 4 rubl;
sağmal qoyun 2 – 4 rubl;
toğlu 1,2 – 1,5 rubl;
sağmal keçi 2 – 3 rubl;
1 pud pendir 1,7 – 2 rubl;
1 pud kərə yağ 6 – 8 rubl;
1 pud yuyulmamış yun 4 – 5 rubl;
1 pud yuyulmuş yun 7 – 8 rubl.
Zəngəzur qəzasının bütün kəndlərində arı saxlayırdılar. Silindrik səbətlərdə saxlanılan hər arı ailəsində 6 – 8 şan olurdu və onu avqustun ikinci yarısında kəsirdilər. Balın 1 girvənkəsi (təxminən 0,4 kg) 15 qəpiyə, 1 pudu (40 girvənkəsi) 6 rubla satılırdı.
1885-ci ildə Zəngəzur qəzasının erməniləri arasında 28 aşıq, 79 nəfər zurnaçı və nağaraçı qeydə alınmışdır və bu fakt XIX əsrin sonunda da ermənilərin Azərbaycan mədəniyyətinin, musiqisinin təsiri altında olduğunu göstərir.[67]
Zəngəzur qəzasında demək olar ki, yollar yox dərəcəsində idi, yalnız cığırlar vardı. 1881-ci ildə qəzadan keçməklə Ordubaddan Şuşaya gedən araba yolunun çəkilməsi planlaşdırılırdı. Bu yolu Araz sahili ilə, Bərgüşad çayının əmələ gətirdiyi dərədən və Gorus kəndindən keçərək Şuşaya qədər uzanması planlaşdırılırdı.
Yolların olmadığı Zəngəzur qəzasında əhali öz məhsulunu satmaq və lazım olan şeyləri almaq üçün Şuşa, Naxçıvan və Ordubad şəhərlərindəki və Gorus kəndindəki bazarlardan istifadə edirdilər. Bazarın olması təbii ki, Gorus kəndinin inkişaına təkan vermişdi və orada yaşayan ailələrin sayı 422-yə çatmışdı.[68]
Qeyd edək ki, Zəngəzur qəzasının həbsxanası da Gorus kəndində yerləşirdi. 1886-cı il avqustun 6-a olan məlumata görə Gorus həbsxanasında 69 məhbus saxlanılırdı, onlardan 66-ı müsəlman, 3-ü isə erməni idi.[69] Bu fakt işğalçı Rusiya imperiyasının bölgədəki xalqlara olan münasibətini çılpaq şəkildə göstərir.
6.Vergi və mükəlləfiyyətlər
Zəngəzur qəzasının sakinləri dövlət vergiləri və bir sıra mükəlləfiyyətlər ödəyirdilər. Dövlət vergilərinə evbaşına vergilər və torpaq vergisi, dövlət və quberniya vergilərindən ibarət olan zemski vergilər, vergi mükəlləfiyyətlərinə isə icmanın tələbatlarına xərclənən yığım və rüsumlar aid idi.
Bu vergilər içərisində evbaşına vergi əsas vergi sayılırdı. Çünki həm yerli əhalini vergiyə cəlb etmək baxımından əhəmiyyətli idi, həm də bir çox hallarda bu maddə ilə toplanan vergilərin cəmi başqa vergilərdən daha çox idi. Evbaşına verginin obyekti evlər, tikintilər və həyətyanı sahə, başqa sözlə təsərrüfat subyekti idi. Bu vergi kameral təsvirlərin əsasında toplanırdı. Bu vergi daha əvvəlki vaxtlarda nağd pulla ödənilən “maxta” və “sursat” adlanan natural vergilərin həmin vaxt pulla ifadəsi olan “sursat”dan əmələ gəlmişdi. Lakin qeyd etmək lazımdır ki, mülkədar torpaqlarında yaşayan dövlət kəndliləri evbaşına verginin “maxta” hissəsini ödəmirdilər. XIX əsrin sonlarında Zəngəzur qəzasındakı dövlət kəndlilərinin yaşadığı 5 kənddə evbaşına vergi 2-3 rubl, 76 kənddə 3-4 rubl, 40 kənddə 4-5 rubl, 10 kənddə 5-6 rubl, 11 kənddə 6-7 rubl, 1 kənddə 7-8 rubl, 6 kənddə 8-9 rubl, 1 kənddə 9-10 rubl, 3 kənddə 10-11 rubl, 4 kənddə isə 12-13 rubl olmuşdu.[70]
Göründüyü kimi, Zəngəzur qəzasında yaşayan dövlət kəndlilərinin çoxu (76 kənd) 3-4 rubl evbaşına vergi ödəyirdi.
1886-cı ildə Yelizavetpol quberniyası 333.749 rubl, Bakı quberniyası 383.061 rubl, İrəvan quberniyası isə 200.353 rubl evbaşına vergi ödəmişdi. Yelizavetpol quberniyasına daxil olan qəzalar arasında isə ən çox evbaşına vergi ödəyən Nuxa qəzası idi – 95.087 rubl. 49.214 rubl evbaşına vergi ödəyən Zəngəzur qəzası ikinci, 18.023 rubl evbaşına vergi ödəyən Cavanşir qəzası sonuncu yerdə gəlirdi.[71]
Yelizavetpol quberniyasında evbaşına düşən vergi orta hesabla 5,81 rubl, Zəngəzur qəzasında isə 4,76 rubl idi. Cənubi Qafqazda ən yüksək evbaşına vergi Bakı quberniyasının Göyçay qəzasında qeydə alınmışdır: 8.27 rubl.[72]
Torpaq vergisi müxtəlif qəzalarda müxtəlif idi. Zəngəzur qəzasında 1 desyatin əkin sahəsinə görə 66 qəpik, bütün növ torpaqlar üçün orta hesabla 23 qəpik torpaq vergisi ödənilirdi. Yelizavetpol qəzası üçün orta rəqəm müvafiq olaraq 41 qəpik və 15 qəpik idi.[73]
Zemski vergiləri öz təyinatına görə bir-birindən fərqlənən dövlət və quberniya vergiləri olmaqla iki yerə bölünürdü. Dövlət vergiləri imperiya xəzinəsinə daxil olur, quberniya vergiləri isə quberniya daxilində xərcənirdi. Bu vergilərin miqdarı ayrı-ayrı quberniyalar üzrə müxtəlif idi. Məsələn, İrəvan quberniyasında 5-7,8 rubl, Bakı quberniyasında 2,1–6,77 rubl, Yelizavetpol quberniyasında isə 1,3–7.2 rubl arasında dəyişirdi. Yelizavetpol quberniyasına daxil olan qəzalardan Qazax qəzasında zemski vergilər 7,2 rubl, Zəngəzur qəzasında və digər qəzalarda isə 6,55 rubl təşkil edirdi. Zəngəzur qəzası ilə qonşu olan Şərur – Dərələyəz və Naxçıvan qəzalarında isə bu rəqəm müvafiq olaraq 7,8 və 7 rubl idi.[74]
1886-cı ildə Zəngəzur qəzası üzrə 39.040,38 rubl dövlət, 16.553,67 rubl quberniya, cəmi 55.594,05 rubl zemski vergi toplanmışdı.[75]
Zəngəzur qəzasında ailə başına 5,38 rubl, qonşu Cavanşir qəzasında 5,63, Cəbrayıl qəzasında 5,83 rubl, Şuşa qəzasında 6,05, Qazax qəzasında 6,98 rubl, Yelizavetpol qəzasında 5,86 rubl, Naxçıvan qəzasında 6.15 rubl, Şərur-Dərələyəz qəzasında isə 7,43 rubl zemski vergisi ödənilmişdi.[76]
Zəngəzur qəzasında mövcud olan 6,55 rubl zemski vergilərinin 4,6 rublu dövlət, 1,95 rublu isə quberniya vergisi idi, başqa sözlə, zemski vergisinin 70 %-dən çoxu imperiya xəzinəsinə daxil olurdu. Evbaşına vergilər də İmperiya xəzinəsinə daxil olurdu.
Digər quberniya və qəzalarda olduğu kimi, Zəngəzur qəzasında da kənd icmasının ehtiyaclarına sərf olunan ictimai mükəlləfiyyətlər mövcud idi. Pul və natura şəklində ödənilən bu mükəlləfiyyətlər məktəblərin saxlanmasına, kənd qarovulçularına, ruhanilərə və dəlləklərə, qoca, xəstə və kimsəziz adamlara yardım və s. məqsədlərə sərf edilirdi. Bunların arasında bəzi mükəlləfiyyətlər könüllü idi. İcma idarəsinin və məktəblərin saxlanmasına çəkilən xərclər, kətxuda və köməkçilərinə, mirablara, hakimlərə, mirzələrə, çaparlara ödənilən maaşlar ən vacib xərclər idi. Əhəmiyyətinə görə kənd gözətçilərinə, sahə qarovulçularına, vergiyığanlara, dəlləklərə, ruhanilərə ödənilən maaşlar ikinci yerdə gəlirdi.[77]
Naxçıvan qəzasında ictimai mükəlləfiyyət kateqoriyası ilə 7.281 rubl, Şərur-Dərələyəz qəzasında 11.344 rubl, Zəngəzur qəzasında 14.285 rubl, Şuşa qəzasında 9.256 rubl, Cavanşir qəzasında 6.987 rubl, Cəbrayıl qəzasında 4.299 rubl vergi alınmışdı. Nəinki Yelizavetpol qəzasında, bütün Cənubi Qafqazda ən çox ictimai mükəlləfiyyət vergisi ödəyən Nuxa qəzası idi: 56.110 rubl. Müqayisə üçün deyək ki, 7 qəzadan ibarət Kutaisi quberniyası cəmi 64.042 rubl ictimai mükəlləfiyyət vergisi ödəmişdi.[78]
Nuxa qəzasında evbaşına 4,85 rubl, Zəngəzur qəzasında isə 1,29 rubl ictimai mükəlləfiyyət ödənilmişdi.[79]
Evbaşına vergilərə torpaq vergisi də daxil idi, ona görə də mülkədar torpaqlarında bu verginin miqdarı xəzinəyə məxsus kəndlərdəkindən daha aşağı idi. Xəzinəyə məxsus kəndlərdə evbaşına vergi müxtəlif kəndlərdə müxtəlif idi. Belə ki, bu kəndlərin 5-də bu vergi 3 rubl, 70 kənddə 4 rubl, 40 kənddə 5 rubl, 10 kənddə 6 rubl, 1 kənddə 6,4 rubl, 10 kənddə 7 rubl, 1 kənddə 8 rubl, 6 kənddə 9 rubl, 1 kənddə 10 rubl, 3 kənddə 11 rubl, 4 kənddə isə 13 rubl idi. Zəngəzur qəzasının 4 kəndində isə kənd sakinləri müxtəlif miqdarda evbaşına vergi ödəyirdilər:
V E R G İ L Ə R
YELİZAVETPOL QUBERNİYASI | |||
Bütün vergilərin cəmi, rubl | Evbaşına düşən bütün vergilər, rubl | Adambaşına düşən bütün vergilər, rubl | |
Yelizavetpol qəzası | 124.180,10 | 17,11 | 2,47 |
Zəngəzur qəzası | 118.094,45 | 11,43 | 1,68 |
Ərəş qəzası | 94.617,44 | 19,52 | 3,01 |
Nuxa qəzası | 225.846,04 | 19,50 | 2,97 |
Şuşa qəzası | 70.365,50 | 16,26 | 2,08 |
Qazax qəzası | 80.372,90 | 14.29 | 1,62 |
Cavanşir qəzası | 40.372,26 | 15,24 | 2.18 |
Cəbrayıl qəzası | 39.793,30 | 13,61 | 2,05 |
Cəmi | 794.133,87 |
Qubadlı kəndində 32 ailə ildə 5 rubl, 42 ailə 6 rubl;
Balahəsənli kəndində 22 ailə 4 rubl, 7 ailə 7 rubl;
Kövdadıq kəndində 6 ailə 4 rubl, 5 ailə 6 rubl;
Kor Cəlallı kəndində isə 35 ailə ildə 4 rubl, 48 ailə isə 5 rubl evbaşına vergi ödəyirdi.
Zemski vergilər və məktəb vergiləri bütün kəndlər üçün eyni idi: hər evdən 6 rubl 55 qəpik zemski vergi alınırdı. Onun 4 rubl 60 qəpiyi dövlət. 1 rubl 95 qəpiyi isə quberniya vergisi idi. Məktəb vergisi isə evbaşına 25 qəpik idi. Molokanların yaşadığı Bazarçayı və ermənilərin yaşadığı Meğri kəndinin sakinləri məktəb vergisi ödəmirdilər.
İctimai mükəlləfiyyətlər aşağıdakı şəxslərə maaş kimi ödənilirdi: 1.Kətxudalara və kənd hakimlərinə; 2.Sahə qarovulçularına; 3.Meşə gözətçilərinə; 4.İcraçılara (çavuşlara); 5.Dəlləklərə; 6.Ruhanilərə; 7.Tatev monastrına; 8.Müsəlmanların dini ehtiyaclarına.
Kətxudalar və kənd hakimləri xüsusi maaş almırdılar, lakin onların payına düşən vergi və mükəlləfiyyətlər icma tərəfindən ödənilirdi. Mirzəlik edən Gilətağ kətxudası istisna olmaqla hər ailə ona 5 qəpik ödəyirdi. Erməni keşişləri hər nikaha görə 1 butulka araq alırdılar.
Sahə qarovulçularını (qoruqçuları) yazdan biçin qurtarana kimi tuturdular. Onlara ödənilən maaş natura şəklində olmaqla, ya əkin sahəsinə, ya cütün sayına, ya da cüt heyvanlarının sayına görə ödənilirdi.
Dəlləklərə yalnız erməni kəndlərində, hər yaşlı kişiyə görə 1/2-1 pud taxıl ödəyirdilər.
Xristian ruhanilərə pul və natural maaş ödənilirdi. Onlardan biri xırman vaxtı hər evdən alınan 1/2-1 pud buğda idi. Meğri mahalının kəndlərində hər ev ruhanilər üçün 40-50 qəpik ödəyirdi. Bundan başqa, dəfn, nikah və s. məsələlərdə də ruhanilərə əlavə haqq ödənilirdi.
Müsəlmanlarda mollalar üçün xüsusi bir mükəlləfiyyət mövcud deyildi. Mollalar kəbin kəsəndə onlara 0,4-1 rubl pul ödənilirdi. Bundan başqa, ildə bir dəfə aşura vaxtı bölgəyə gələn mərsiyəxanlara pul ödənilirdi. Müsəlmanlarda fitrə, zəkat və xüms adlanan mükəlləfiyyətlər də vardı. Hər il taxıl biçinindən sonra müsəlmanlar adambaşına 1 Təbriz batmanı (8,5 funt) taxıl verirdi. Bu taxıl kasıb ailələrə, adətən ramazan ayının son günündə verilirdi.
121 ailənin yaşadığı Mollu kəndi 400 rubl evbaşına vergi, 650 rubl zemski vergisi, 25 rubl məktəb vergisi olmaqla cəmi 1.075 rubl vergi, 40 rubl mükəlləfiyyət, cəmi 1.115 rubl vergi və mükəlləfiyyət ödəmişdi ki, bu da evbaşına 9,21 rubl olmuşdu. 208 ailənin yaşadığı Nüvədi kəndi 2.375 rubl illik vergi və mükəlləfiyyət ödəmişdi ki, bu da ailə başına 11,42 rubl edirdi. Bu rəqəm Pirdavudan kəndində 10,6 rubl, Urud kəndində 09,1 rubl, Şəki kəndində 10,39 rubl, Şıxlar kəndində 10,79 rubl olmuşdu.
Vergilər həm də əhalinin həyat səviyyəsinin göstəricisi olduğundan, ailə başına ödənilən verginin miqdarına görə bölgə əhalisinin maddi vəziyyəti haqqında mülahizə yürütmək mümkündür. Müqayisə üçün deyək ki, bu statistikanın tərtib edildiyi 1880-ci illərin ortalarında Qazax qəzasında həmin rəqəm orta hesabla 24 rubl olmuşdur. Bu rəqəmlər Qazax və Zəngəzur qəzalarında əhalinin yaşayış səviyyəsini müqayisə etməyə imkan verir.
[1] Зелинский С.П. Экономический быть гос.крестьян в Зангезурском уезде, Елисаветпольской губернии//Материалы для изучения эконом. быта гос. крестьян Закавказского края. Тифлис:1886, Т4, Ч.1, стр.8.
[2] Yenə orada, s.8
[3] Yenə orada, s.9.
[4] Yenə orada.
[5] Бадалян A. Население Армении со времен присоединение ее к России и до наших дней.//Изв. АН Арм.ССР, № 5, 1953, стр.50.
[6] Памятная книжка Елисаветполской губернии на 1910 г.
[7] Yenə orada.
[8] Yenə orada.
[9] Yenə orada.
[10] Yenə orada.
[11] ARDA, F.894, s.4, s.v.65.
[12] Гарегин Нжде и его учение. Ереван: 2004, стр.8.
[13] İsgəndərov A. Zəngəzur qırğınları.//Azərbaycanın əzəli və əbədi torpağı İrəvan xanlığı (İndiki Ermənistan). C.2.Bakı: 2020, s.582.
[14] Нифталиев И. Азербайджанская ССР в экспансионистских планах армян. Баку, 2010, с.58.
[15]Yenə orada, s.59.
[16] 1 desyatin ərazinin 1,09-haya bərabər olduğunu nəzərə alsaq, 441.450 ha.
[17] Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA), F.28, s.1, s.v.155.
[18]Зелинский С.П. Экономический быть гос.крестьян в Зангезурском уезде, Елисаветпольской губернии//Материалы для изучения эконом. быта гос. крестьян Закавказского края. Тифлис:1886, Т4, Ч.1, с.12.
[19] Мирзоян Г. Из истории молокан Зангезура. noev-kovcheg.ru. (17.01.2021-ci ildə götürülmüşdür).
[20] Yenə orada.
[21] Yenə orada.
[22] Зелинский С.П. Экономический быть гос.крестьян в Зангезурском уезде, Елисаветпольской губернии//Материалы для изучения эконом. быта гос. крестьян Закавказского края. Тифлис:1886, Т4, Ч.1,.с.31.
[23] Yenə orada, s.32.
[24] ARDTA, F.123, s.1, s.v.4.
[25] Yenə orada.
[26]Зелинский С.П. Экономический быть гос.крестьян в Зангезурском уезде, Елисаветпольской губернии//Материалы для изучения эконом. быта гос. крестьян Закавказского края. Тифлис:1886, Т4, Ч.1,стр.32.
[27]Обзор Елисаветпольской губернии за 1898 год. Тифлис: 1899, с.60-61.
[28] Памятная книжка Елисаветполской губернии на 1910 г,
[29]Бадалян А. Население Армении со времен присоединение ее к России и до наших дней., с.60.
[30]Yenə orada.
[31]Ширакуни Н. Зангезурский уезд Елисаветской губернии.//СМОМПК, Тифлис:1904, вып.34, стр.187.
[32] Описание Карабахской провинции за 1823 г., Azərbaycan Respublikası Dövlət Tarix Arxivi (sonra -ARDTA), F.24, s.1, s.v.142.
[33] Erm.Milli Arxivi, F.93, s. 1, s.v.51.
[34] Urud M. Zəngəzur. Bakı, 2005, s.9.
[35] Yenə orada.
[36] Erm.Milli Arxivi. F.90, s.1, s.v.99.
[37] Erm.Milli Arxivi, F.93, s.1. s.v.161
[38] Ermənistan Milli Arxivi. F.93. s.1, s.v.191
[39] Erm.Milli Arxivi, F.93, s.1, s.v.230.
[40] Erm.Milli Arxivi, F.93, s.1, s.v.49.
[41] Erm.Milli Arxivi, F.93, s.1, s.v.227.
[42] Erm.Milli Arxivi, F.93, s.1, s.v.227.
[43] Erm.Milli Arxivi, F.93, s.1, s.v.50.
[44] 0,4 ha-ya bərabər ərazi vahidi.
[45] Erm. Milli Arxivi, F.93, s.1, s.v.72.
[46] Erm.Milli Arxivi, F.93, s.1. s.v.225.
[47] ARDTA, F.10, s.1, s.v.135.
[48] Ermənistan Milli Arxivi, F.93, s.1, s.v.224.
[49] ARDTA, F.319, s.4, s.v.2090.
[50] Qaçaq Nəbi (Tərtib edən Ə.Axundov). Bakı:1941, s.13.
[51] Bəhcət B. Qaçaq Nəbinin tarixi. Bakı: 2011, s.21.
[52] Qaçaq Nəbi (Toplayanı və uşaqlar üçün işləyəni H.Qasımov). Bakı: 1960, s.7.
[53] Erm.Milli Arxivi, F.93, s.1. s.v.226.
[54] Мильман А.Политический строй Азербайджана XIX в – начале XX веков. Баку: 1966, стр.145.
[55] Yenə orada. s.146.
[56]Yenə orada, 159.
[57] Кучаев М.Н. Отчет по ревизии административных учреждений в Елизаветпольской губернии. Тифлис: 1885, стр.52-53.
[58] Мильман А.Политический строй Азербайджана XIX в – начале XX веков. с.171.
[59] Yenə orada.
[60] Yenə orada, s.171-172.
[61] Кучаев М.Н. Отчет по ревизии административных учреждений в Елизаветпольской губернии. с.212.
[62]Зелинский С.П. Экономический быть гос.крестьян в Зангезурском уезде, Елисаветпольской губернии//Материалы для изучения эконом. быта гос. крестьян Закавказского края. Тифлис:1886, Т4, Ч.1,..с.164-165.
[63] Yenə orada, s.162-163.
[64]Зелинский С.П. Экономический быть гос.крестьян в Зангезурском уезде, Елисаветпольской губернии//Материалы для изучения эконом. быта гос. крестьян Закавказского края. Тифлис:1886, Т4, Ч.1, с.89.
[65] Yenə orada, s.97.
[66]Зелинский С.П. Экономический быть гос.крестьян в Зангезурском уезде, Елисаветпольской губернии//Материалы для изучения эконом. быта гос. крестьян Закавказского края. Тифлис:1886, Т4, Ч.1, с.98.
[67] Зелинский С.П. Экономический быть гос.крестьян в Зангезурском уезде, Елисаветпольской губернии//Материалы для изучения эконом. быта гос. крестьян Закавказского края. Тифлис:1886, Т4, Ч.1,.с.104.
[68] Yenə orada, s.116.
[69] Yenə orada. s.118.
[70] Бахтадзе И.Л. Податное обложение крестьян Закавказского края.//Свод материалов по изучению эконом. быта гос. крестьян Закавказского края. Т.1, Ч.3. Тифлис: 1887. стр.137-142.
[71] Yenə orada, s.144.
[72] Yenə orada, s.146.
[73] Yenə orada. s.151.
[74] Orada, s.166-167.
[75] Orada, s.174.
[76] И.Л.Бахтадзе. Податное обложение крестьян Закавказского края.//Свод материалов по изучению эконом. быта гос. крестьян Закавказского края. с.177.
[77] Orada, s.180-181.
[78] Orada, s.227.
[79] Orada, s.229.