Xuraman Hüseyn – Şeirler
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Xuraman Hüseyn
Şeirlər
Kilidsiz qapı kimi
Heç kimin görmədiyi
gözdən uzaq,
könüldən iraq
bir küncünə sürgün
olunmaqdır həyatın
unudulmaq.
Xarabaya dönər,
bayquşa məskən olar,
xatırlanmaz
nankor adama edilən
yaxşılıq kimi.
Bir çiçək solar, quruyar
çiçəklər arasında.
Bir sülh göyərçininin
qanadı qırılar,
daşıya bilməz sülh sevgisini.
Və unudular beləcə.
Gözləmədiyin
zamanların birində
sən də unudularsan.
Xatirələrin tozunu silərsən
ömründən
göz yaşlarını sildiyin dəsmalla.
Yağış yağanda
baxarsan pəncərədən.
Bilirsən ki, sənin kimi
pəncərədən yağışa baxıb
xatırlayanın yoxdur.
Bilirsən ki, yağış da
çoxdan unudub səni.
Külək əsdikcə
unudulmuş xatirələrini
bir az da toz basar.
Atılar tarixin arxivinə
o bəxtsiz xatirələr.
Üşüdər səni
soyuq insanlar.
Hər külək əsəndə
kilidsiz qapı kimi
tir-tir əsər dodaqların.
Bir az da çox
unudularsan…
Tənhalığın əl izi
Bircə kəlmə sözə bəndəm
De, günəşli günə gəlim.
Yenə özümdən çıxmışam,
İcazə ver, sənə gəlim.
…
Yuxu deyil, eyvana çıx,
Gör üzümü, duy səsimi.
Getmədən geri dönmüşəm,
İllərin yorğunu kimi.
…
Niyə belə tez solurlar
Pəncərəndəki çiçəklər?
Tənhlığın əl izinə
Sığal çəkir hörümçəklər.
…
Nə ayrılıq, nə qadınlar
Unutdurar sənə məni.
Qəlbindəki tənhalıqla
Qısqandırma yenə məni.
Səbrli olmaq qədər
Bir də
bir də səbrli olmaq qədər
gözəl heç nə yoxdur.
İşlər yolunda getməyəndə,
zəhmətinin bəhrəsini görməyəndə,
əziyyət çəkəndə,
kimsə qəlbini qıranda,
yorulanda,
bezəndə,
tənhalıqla qol-boyun gəzəndə
bir az səbrli olasan gərək.
Daş basasan bağrına
gözləyəsən,
Tanrı yol açar,
dərdlər səndən qaçar
sərçələr şahindən qaçan kimi.
Bir az
səbrli olmaq gərək,
Bir az…
Həyat
Qaranquşlar baharda
Vətənə qanad açır.
Günlər bezirmi bizdən?
Bezmirsə niyə qaçır?
…
Göylər ana torpağın
Keşiyində dayanır.
Gecə yumulan günəş
Səhər yenə oyanır.
…
Həyat belə həyatdır,
Çıxmaq olmaz əmrdən.
Elə bu dəqiqə də
Keçib getdi ömürdən.
Hara gedim
Dünyanın
dörd yol ayrıcındayam.
Bütün yollar ürəyinə aparır…
Hara gedim?
Yorğun yolçu
Həyatın yorğun yolçusuyam,
ümid dünyanın o başındadır,
xəyal yaxında.
Burdan ora
arzular aparır məni.
Yəqin ayaq izlərimdən doymur
acgöz yollar.
Darıxıram,
getmək istəyirəm
ucu-bucağı görünməyən
ümidə doğru.
Yaxşı yol arzulayıram özümə
bəlkə qovuşdum ona…
Təbiəti çox sevirəm.
Fikirlərim qar kimi yağır
həsrət dağlarına.
Sonra
gül-çiçəyə qərq olur
həyat bağçam.
Payızda
qısalan günlərə bənzəyən
ömürdən
bir istəyim var:
gül-çiçəkli bahara bənzəsin.
Yarpaqları tökülən
ağac kimi tənhayam…
Düşüncələr şimşək kimi
çaxır beynimdə,
kövrək buluda dönür
gözlərim.
Sabahım
Çək əlini əllərimdən get daha
Əllərimi mən də çəkim əlindən.
Ümid etmə açılmayan sabaha,
Sonra da nə mən ağlayım, nə də sən…
…
Hər sabahım bir gecədə boğulur,
Hər tərəfi yara yeri, qan yeri.
Günəşi də qan içində doğulur
Yarasından boy göstərir dan yeri.
…
Yenə günüm göy əskiyə bükülür,
Şimşək mənim ürəyimdə çaxacaq.
Gözlərimdən sevinc göyə çəkilir,
Yaralansam, göydən duz da yağacaq.
…
Ölü doğub sabahımı göy üzü
Tanrı “qara kağız”a da bəxt yazır.
Qara geyib yas saxlayır göy özü,
Yeriyirəm, yeridiyim yol azır…
Sən gəldin
Susuz səhrada çiçək açdı,
xarabalıqda bülbül oxudu,
bir yetimin saçına
bir əl sığal çəkdi.
Elə təkdim,
sən gəldin…
Ümidim
Fidan ümidim, tumurcuq ümidim
solur həyata keçməyən
arzularımın kölgəsində.
Günəşin qarşısını buludlar kəsir,
çarəsiz qalır ümidim,
yenə xəyallarıma dönür.
Sənə çox inanıram,
Səndən əlimi üzmürəm,
ümidim…
Yenə yaz gələr, yay gələr,
Günəşin qarşısını kəsməz buludlar,
fidan ümidim, tumurcuq ümidim…
Həsrət yağışı
Sevmək belə asanmı? Necə ayrıldın məndən?
Qaldı göz yaddaşımda sənin o lal baxışın.
Sevgini soruşummu indi çöldən, çəməndən,
Yanan qəlbə su səpir yenə həsrət yağışı.
…
Tənhalığın önündə boynum yenə büküldü,
Əzaba, iztiraba yenə də möhtac oldum.
Sevinən ürəyimdən sevinc göyə çəkildi,
Susuz qalan çiçəktək artıq saraldım, soldum.
…
Həsrət yağışı döyür pəncərəmi bu axşam,
Ayrılıq əzabını saf sevgiyə bağışla.
Selə dönür göz yaşım, yenə sənsiz qalmışam,
Mənim də gözlərimin payı var bu yağışda.
Nağıl
Arzularıma gedən yollarda
azmaqdan qorxuram.
Fələyin oyununu
yaxşı oynaya bilmirəm
uduzmaqdan qorxuram.
Zəif oyunçuyam,
məğlub ola bilərəm.
Mənim də daşım ağırdı.
Neyləyim?
Məğlub olsam
görəcəm
ümid yurdum
uçdu, dağıldı.
Bu dünya
Ithürən tərəfi
Işıqgələn tərəfindən çox olan
bir nağıldı.
Bu nağılın sonunda
göydən üç daş düşür
üç alma yerinə…
Ömür yolu
Necə daşlı, kəsəklisən,
səni getmək necə çətindir,
ömür yolu?!
Bu da bizim taleyimizdir,
getməliyik səni,
aşmalıyıq sədləri,
mənzil başına çatanadək
getməliyik.
Bu mənzil torpaqdır,
Ana torpaq
alacaq bizi qoynuna,
yox, layla deməyəcək anamız kimi,
Amma yerimiz onun qoynu olacaq…
Uğrunda igidlər şəhid olan
canımız torpaq,
Ana torpaq!
Sənə doğru gəlir ömrümüzün yolu,
səndən keçəcək ömür yolumuz,
Sənə qovuşmaq üçün bu çətinlikləri yaşayır,
keçilməz sədləri keçirik,
Ana torpaq…
Saman çöpü
Bulud aldı göy üzünü, batdı yenə günəşim,
Ruhumdakı son ümidi əsən yellər qopardı.
Mənim işim səninlədi, başqasıyla nə işim?
Saman çöpü, səni sular məndən əvvəl apardı.
…
Saman çöpü, sən də getdin, söylə, indi neyləyim?
İlk evimiz beşik olur, son evimiz də məzar.
Dayağım yox bu dünyada, kimə ümid eyləyim?
Dost da bəzən düşmən olub adama quyu qazar.
…
Əl uzatdım, əllərimi düşmən kimi sıxdılar,
Saman çöpü, de, hardasan? Səni gəzir əllərim.
Mən onları dost sanırdım, onlar düşmən çıxdılar,
Boğuluram, səndən başqa yoxdur bir ümid yerim.
Ağ səhifə
Tənhayam,
görmürəm
həyat kitabımın yeni səhifəsini.
Fikirlər yorub məni,
dəyməyin həyatımın
küskün könlünə,
eşidilməyən səsinə,
qəlb kimi sınıq
pəncərəsinə.
Yaşamaq çətindir,
çalınır uzaqlarda
həyatımın saundtreki.
Dünya belə olmayaydı kaş ki.
Son evi qara torpaq olan dünyanın
ömür kitabında
ağ səhifə açdım
qovsun göz yaşlarımla dolan buludları,
günəşi gətirsin
könlüm kimi yorğun göylərimə.
Dağılsın qara buludlar,
zülmətdən çıxsın ömür kainatım,
ağ günlər görsün həyatım.
Divarlar
Tənha deyilsən,
televizor, kitablar, telefon var yanında.
Bilirəm, televizoru sevmirsən,
telefon sənə yalnız internetə baxmaq üçün
lazım olur,
kitabların da hamısını oxumusan.
Yenə oxu, çalış, yenilərini al.
Bir də
darıxanda divarlarla bölüş dərdini,
Dərd ortaqların divarlara
kitablardan, oxuduğun əsərlərdəki
qəhrəmanlardan danış,
küçədə gördüyün itlərdən, pişiklərdən,
göydə uçan quşlardan danış,
sənə dərd verən adamlardan
danışma amma,
xatırlama onları…
Sən yorularsan,
bezərsən divarlardan.
Unut hər şeyi,
təkcə tənhalığı unutma…