Genişliyin qəfəslənməsi
Genişliyin qəfəslənməsi
Səmanın dərinliklərindən süzülərək yerə enirdim. Buluddan ayrılar-ayrılmaz digər yoldaşlarımla yol boyu yarışmaqdaydım. Hər birimizin istəyi tezliklə yerdə olmaq idi. Yerə enmək, orada olanlara şahid olmaq marağımızı cəzb edirdi. Beləliklə, yerə ulaşdım. Yer ilə təmasım çox rahat oldu, amma orada şahidi olduqlarımın mənə verdiyi təsir isə əksinə.
Endiyim yer adi bir yol idi, orada olan bir çox yoldaşımın yanına enmişdim. Ətrafdan mənim olduğum qrupa yaxınlaşan bir pişik dilini uzadaraq bizim qrupdan bir neçə damcı içdi. Pişiyin sahib olduğu pozitiv enerji onun saflığından xəbər verirdi. Həyatı hiss etmişdim, çox mükəmməl duyğu idi. Mən də gedən yoldaşlarımla birgə pişiyin mədəsinə getmək istəyirdim, lakin bir varlıq buna izin vermədi. Su içərkən pişiyi qovdu və beləcə qrupda bir çox yoldaşımla qalmalı oldum.
- Pişt, pişt, rədd ol burdan – ifadələrini dilə gətirərək varlıq qovdu pişiyi.
- O kim idi və niyə belə etmişdi? Sakitcə suyunu yudumlayan pişik ona nə zərər yetirirdi axı? – sualları ilə dilaltı pıçıldayaraq öz-özümə danışırdım.
- Sən deyəsən təzəsən? – sualının mənə verilməsi ilə özümlə olan söhbətimi saxladım və səs gələn tərəfə çevriləndə – hələ tam qavramamısan buranı – deyə də əlavə etdi qarşımdakı yoldaşım.
- Bəli, təzəyəm və mənə anlamsız gəlir – deyə cavabımı verdim.
- Sənə nə anlamsız gəlir cavan damla?
- Biraz susaraq – o varlıq kim idi? – deyə sual verdim.
- Hansı varlıq cavan?
- Su içən pişiyi qovanı deyirəm, o nə varlığıdır?
- Hə, sən insanı deyirsən – sözləri ilə qarşılıq verdi.
- Demək insan deyirlər ona – ara verərək – o nə üçün elə etdi axı?
- Cavan damla, insanı anlamaq çətindi.
- Nəyə görə?
- Səbəbi onların çoxunun özünü anlaya bilməməsidir – gülümsəyərək sualımı cavabladı.
- İnsan özünü anlamırmı, bu mənasız səslənmirmi? – maraqla nəzər edərək dilləndim.
- Dioloqu izləyən bir digər yoldaşım yaxınlaşaraq – cavan damla insanları bu hala salan egodur – sözləri ilə söhbətimizə daxil oldu.
- Araya daxil olana tərəf dönərək – ego nədir bəs?
- Hər şeyə sahib olmaqlarını onlara aşılayan xəstəlik duyğusudur cavan.
- Biraz düşünərək – amma, mən insanı fərqli müşahidə etdim axı – deyə dilləndim.
- Necə müşahidə etdin cavan damla? – hər iki yoldaşım birdən dilləndi.
- İnsanı çox geniş gördüm – az ara verərək – bəli, bəli onları çox geniş və yüksək şüura bağlı varlıqlar olaraq müşahidə etdim. Bütün kainata yayılmış halda idilər, hətta özümü o güc enerjisi daxilində belə hiss etdim. Fəqət, bir xüsus da vardı.
- O xüsusun nə idi cavan damla?
- O genişliyin, o ehtişamın qəfəsdə olmadığı halda özünü orada sandığının şahidi oldum. Bunun səbəbini anlamadım təkcə – sözlərindən sonra cavab almaq ümidi ilə yoldaşlarıma baxdım.
- Cavan damla sənə nəsə olubmu?
- Yox, mən yaxşıyam. Niyə belə sual verdiniz ki? – təəccüblə onlara baxdım.
- Cavan damla insanları bizdə izləyirik, amma sən görəni görmürük. Yuxumu görmüsən sən?
- Nə yuxu, özünüz baxın. İnsanları izləyərkən o genişliyi görmürsüzmü?
- Xeyr cavan, biz elə bir hal görmürük. Biz insanları kiçik və zəif varlıqlar olaraq müşahidə edirik. Hər şeyin özlərinin olması kimi anlamsız duyğuya sahiblənmiş və haqq kürsüsündə yalnız özlərini görən varlıqlar olaraq müşahidə edirik. Sən bir daha yaxşı nəzər sal cavan.
- Baxışımı çevirərək bir daha baxdıqda yenə eyni halı müşahidə edərək – axı mən sizin kimi görmürəm.
- Aramızda müzakirə gücləndiyi bir anda qrupda ən qədim olan biri gələrək bizi susdurdu və belə bir kəlmə səsləndirdi – susun və bu cavanı rahat buraxın. Onu ego xəstəliyindən uzaq tutun.
- Nə demək istəyirsən ustad?
- Anlayın artıq, ayılın bu xülyadan.
- Nədən ayılaq?, nəyi anlayaq? – deyə ətrafdan suallar verilməkdə idi.
- Ustad az fasilə edərək – genişliyi kiçildən, gücü zəiflədən qəfəs məhz egodur. Əziz damlalar sizin də insanları bu cavan kimi geniş və güclü görməməyinizin tək səbəbi ego xəstəliyinə tutulmağınızdır.
- Xəstəlik bizə də tutula bilərmi? – deyə ustada sual verdim.
- Bəli cavan damla, ego ölçüsündən asılı olmayaraq bütün şüurlu varlıqlara tutula bilən bir xəstəlikdir.
Müəllif: Məhəmməd Kərimov