GenelGüncelKültür Sanat

İBRAHİM İLYASLI

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbayban Temsilcisi

İBRAHİM İLYASLI

Biz  insanlar…

Biz insanlar-

Yəni yüzdə doxsan doqquzumuz

çox şey istəyirik Allahdan –

Onları ummağa

layiq olmadığımız halda,

onları saxlamağa

qadir olmadığımız halda,-

özü də utanmadan.

Biz insanlar-

Yəni yüzdə doxsandoqquzumuz

çox şey istəyirik Allahdan

Beş manat yetərli

paramız varsa altıncını,

yüzlük ömürdən sonra

yüzaltıncını,-

özüdə usanmadan.

Biz insanlar-

Yəni yüzdə doxsandoqquzumuz

çox şey istəyirik Allahdan…

Zalım şahlar seçirik məmləkətlərə,

göz yumuruq ətrafımızdakı

alçaqlıqlara, rəzilliklərə.

Sonra…

Sonra zalım şahların könlünə

mərhəmət endir – deyirik.

Ya Rəbb!

sızlaya-sızlaya,

sıtqaya-sıtqaya,

yana-yana.

Biz insanlar-

Yəni yüzdə doxsan doqquzumuz

«yox» şey istəyirik Allahdan…

«yox»un yox olduğunu

bilə-bilə,

qana-qana.

Biz insanlar…

Gözəlim insanlar… pis insanlar…

Hisə verilmiş quru balıq haqda ballada

Sən bir akvarium balığı

ola bilərdin,-

Nazınla oynaya bilərdi

dünyanın ən gözəl xanımı.

Yaxud:

Balıq ömrünü

dəryadaca başa vura bilərdin

qəzalardan pəsinib

öz əcəliylə ölən

adamlartək.

Amma, balığım,

Fəqət

bizim uydurduğumuz kimi

deyil həyat.

Bəzən bəzəkli torlara,

dadlı tuzaqlara

aparıb çıxarır

quşları, balıqları

ölümlərdən qurtulmaq üçün

Allahın verdiyi qanad.

Ancaq hər halda

özünə dərd eləmə

pivə bakalının böyründə

səndən də məzlum olan

insana yem olmağını.

Səni yeyənlər

heç də

səndən az görməyiblər

can dadlısını, sinə dağını.

İmkanım olsaydı

sənə göstərərdim

Krimatoriyanı.

Bilərdin ki,

sonrasının elə bir

fərqi yoxdu

canlının çıxandan sonra canı.

Yalnız

Şıdırğı yağışlar döyüb,

dəli rüzgarlar dalayan

qaratikan kolu kimiyəm

bu sabahları…

Köksümə

islaq-islaq dovşanlar sığınmış

ürəkləri uçuna-uçuna…

Yarpaqlarım

pırıl-pırıl əsir durmadan…

Nerdəsə;

Qonşuların

çəpər qovğası başlamış,

Nerdəsə;

Torpaq imsiləyir

ov tazıları…

Biz ovçu deyiliz, qız!

Biz ov ola biliriz yalnız!

Yalnız…

Yalnız…

Şeir

Səni

qana-qana

yazmaq olmur,

yaza-yaza

qanmaq.

Sənə yetməyin

bircə yolu var:

Yanmaq!!!

Yanmaq!!!

Yanmaq!!!

Bir də…

Divanələr və dəlilərdir

bu məmləkətin

ən bəxtəvər

adamları.

Tənbəki,

dərman və

şərabdır

bu ölkədə

ən gərəkli nemət.

Birdə

dindən xəbərsiz mollalıqdı,

Birdə

üzlü üzüyolalıqdı.

Vəssalam!

Tamammı, əfəndim?

Tamam, tamam!

Hətta, daha heç nə…

Dan üzünün

sərçələrin civiltiləri qarışıq

mübarək mənzərəsi…

Səhərə yaxın

tamamlanmış bir şeirin

ağ varaqdan ucalan səsi…

Və bunların nəşəsindən doğan

həyat eşqi,

yaşamaq həvəsi…

İndi gedib

yatmaq da olar,

işə getmək də.

Hətta, daha heç nə,

heç nə

etməmək də…

Qəribliyin doğmalığı

İstənilən səfərə

qatarla çıxmağı xoşlayıram

Və ürəyimcə olur

yanımda tanışlardan

heç kimin olmamağı.

Bəzən adama

doğmaların ögeyliyi qədər

ləzzət eləyir

qəribliyin doğmalığı.

Sən nerələrdəsin

SƏN nerələrdəsin?

Quşlar göylərə vurulan kimi

vuruldum sənə,

Otlar, ağaclar torpağı sevən kimi

sevdim səni.

Quşlar göylərdə qanad açan kimi

qanadlandım səndə,

Otlar, ağaclar torpaqda yaşayan kimi

yaşadım səndə.

Fəqət;

          Quşlar göylərdə vurulan kimi

vuruldum,

Otlar torpaqdan bicilən kimi

bicildim,

Ağaclar doğranan kimi doğrandım

torpaqdan.

Vurulub salındığım

göylər yerində,

Biçilib, doğranıb sərildiyim

yerlər yerində.

Ömrüm-günüm,

SƏN nerələrdəsin?

N E R Ə L Ə R D Ə ???

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest