GenelGüncelKültür Sanat

İslam Türkay – ŞEİRLƏR

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

İslam Türkay 

ŞEİRLƏR

UZAQDAN-UZAĞA…

Uzaqdan-uzağa qoy sevim səni,

Uzaqdan-uzağa  əlim  çatmasın…

Uzaqdan-uzağa qoy sevim səni,

Sənə söz deməyə dilim çatmasın…

                  ***

Uzaqdan-uzağa  çəkim  şəklini,

Qarqar sahilində  bitən  bənövşə.

Xəyaldan yıxılıb, boylanıb baxsam

Dumanda röya tək itən bənövşə…

                     ***

…Dinmə, boynubükük bənövşə kimi,

Bircə “yox” – sözünlə durma qəsdimə.

Qəlbimdə doğulan körpə eşqimi

Hicrana  bələyib  atma  üstümə…

                    ***

Uzaqdan-uzağa  qoy  sevim  səni,

Başımın  üstündə  Ay  kimi  dolan…

Soyuq  şəfəqlərin  elə  bəsimdi,

Təki  sən  göyümdə  belə  alış, yan…

                        ***

Mən sənə yaraşmam, gözəlsən, gülüm,

Yazdığım  şeirlər  yaraşa, bəlkə…

Varsansa  ölmərəm, yoxsansa ölləm,

Cismim torpağına qarışa, bəlkə…

          ***

Sən məni Allaha əmanət etmə,

Sən məni özünə əmanət eylə.

Yandır həsrətinlə yandır qəlbimi,

Öldür bir şairi – cinayət eylə…

            ***

Fikrimdən, duyğumdan getmirsən, niyə?

Həyatda mən varam – sən varsan deyə…

Allahdan aşağı – böyük sevgiyə

Mənimlə bərabər ibadət eylə…

           ***

Əbədi bu eşqə sürgünəm, gözəl,

Qəlbimdə yurd saldı daha qəm, gözəl,

Könlümün-gözümün səni kəm, gözəl,

İnsaf et, sən mənə inayət eylə…

           ***

Danıb dediyini – pisləmə məni

Bənzətmə… bənzətmə heç kimə məni.

Allah bağışlayar eşqimə məni,

Sənsə ürəyinə xəyanət eylə…

ALQIŞLAR…

İstilər boğurdu dağı, aranı,

Göylər  itirmişdi  çəni-dumanı.

Başladı, başladı bahar leysanı-

Yarpaqlar əl çaldı…

           ***

Bayırda qar idi, qarda bir qarı,

Qar qarını sevməz, qarı  da qarı.

Yıxıldı… güldürdü, bax, uşaqları,-

Bu necə yığnaqdı, necə mahaldı –

Uşaqlar əl çaldı…

           ***

Bu da bir taledi, bəxtdi – nədisə,

O gözəl sındırdı könül  tarımı…

Üzdə ağız büzüb bəyənmədisə,

Oğrun oxuduqca yazdıqlarımı

Dodaqlar əl çaldı…

           ***

Kərpic-kərpic  sökdüm  ömrümü  elə,

Payladım  könlümü  hər  əhli-dilə.

Ürək  tonqalımda  bişdi  sözlərim

Alovum  saçımda  çevrildi  külə.

Ağzına  su  alıb  susdu  yaxınlar,

Uzaqlar  əl  çaldı…

        ***

Ruhum qarşında körpüydü,

Məni  ayaqlayıb keçdin…

Duydun – qoymaram  düşəsən, –

Sağ ol! Məni sayıb keçdin…

           ***

Qəlbimdədir  ləpirlərin,

Silinməzdir, izlər dərin…

Ürəyimdən yox xəbərin 

Yana-yana  qoyub keçdin…

           ***

Sən  gəlmişdin  iman  kimi,

Çıxıb  getdin  bir can kimi.

Göydən  gəldin leysan  kimi

Varlığımı oyub keçdin…

           ***

Ölmərəm – canım  səndədi,

Vaxtım-zamanım  səndədi.

Gör  taleyim  nə  gündədi,

Sən  qarğayıb, öyüb  keçdin…

BİLMƏDİN…

…Mən  ki  od  götürdüm  kirpiklərimlə,

Goru  gözüm  ilə gördüm, bilmədin…

Sənin  həsrətinə, sənin  eşqinə 

Ömrümü-günümü  verdim, bilmədin…

           ***

Bülbül tək hər bağa uçub ötmədim,

Bu  dərdlə, həsrətlə  ölüb-itmədim…

Sən vardın  heç kəsə meyil etmədim,

Çoxunun  qəlbini qırdım, bilmədin…

           ***

Söküb  varlığımı  hey  talayırsan,

Soyuqdu  içində… dərd  qalayırsan..

Xatirə  bişirib, hicran  yeyirsən,

Mən şirin xəyallar qurdum… bilmədin…

                     ***

Ümidim, inamım, sən – gücüm, heyim,

Sənsiz bu aləmdə yoxdu  heç  nəyim…

Hayanda  olsam  da  son  dönəcəyim

Sən evim-eşiyim, yurdum, bilmədin…

GÖZLƏYƏNİN OLA…

Gözləyəni  ola  adamın, Allah,

Biləsən  yoluna  kim isə  baxır…

Biləsən geciksən, bir az  ləngisən

Kimisə xiffətin yandırıb-yaxır…

                   ***

Biləsən  vurnuxur  kimsə  səninçün,

Biləsən kim isə  intizardadır…

Yoxluğun qəlbində ola dağ-düyün,

Hey girə… hey çıxa…: – ” Görən hardadır?”

                    ***

Sən də ki uçasan yol gözləyənə,

Çatıb sarılasan yanmış, ac  kimi…

Öpüb oxşayasan, könlün alasan…

Sən tamarzı kimi, sən möhtac kimi…

                    ***

O da gülümsəyə –  güllər  açıla,

Batıb barınasan gül dənizində…

Hər yana  nur yağa, ətir  saçıla,

Bir  hüzur tapasan  ceyran  izində…

                    ***

Ovcunda  döyünə  ilahi  narlar,

Pəmbə  yanaqlardan  alma  dərəsən…

Ürəyində – bahar,  saçında  – qarlar,

Bəxtəvər  olasan… bir gün  görəsən…

                    ***

Uyuyub yatasan qara gözlərdə,

Baxışı üstündə yorğanın ola…

Orda yer qalmaya  kədərə, dərdə,

Sən – onun  ruhu,  o – canın  ola …

                    ***

Ömrünü-gününü sovurma yelə,

Nə çıxar dərdlərə hey sinə gər sən…

Səadət – deyirlər, budur, bax belə,

Gözləyənin varsa, sən bəxtəvərsən.

                    ***

Gözləyəni  ola  adamın, Allah,

Biləsən  yoluna kim isə baxır…

Biləsən geciksən, bir az ləngisən

Kimisə xiffətin yandırıb-yaxır…

 Bu ağac yıxılıbdı

Bu ağac yıxılıbdı

Böyrü üstdə torpağa,

Sınmış şiv budaqları

Həsrətdi bir yarpağa…

                    ***

Bu ağac yıxılıbdı

Yarpaqları içində,

Çiçəkləri içində,

Ləçəkləri içində…

Nə gələnin umrunda

Nə gedənin vecində…

                    ***

…bir azdan yaz gələcək,

Min bir avaz gələcək…

Bulaqlar eynəyini,

Çaylar səbrin atacaq…

Hər yan gül dənizində

Xumarlanıb batacaq…

Bu ağac böyrü üstdə –

Çiçəkləri içində

Yarpaqları içində…

İniltisinə hələ

Bənövşə oyanacaq…

Sınıq budaqlar altda

O küskün dayanacaq…

                    ***

Bir az aralıdasa

Bir cökə boylanacaq

Çiçəkləri əlində,

Yarpaqlari telində…

Uzanacaq göylərə

Boylanacaq yerlərə

Önündə ac gen dərə…

Yıxılandan xəbərsiz….

Eh… bu yandan xəbərsiz…

KEÇƏRƏM QIRMIZI  İŞIQDA BİR GÜN

Sən qırmızı donda – alov dilimi,

Aləmi yandırıb-yaxarsan, gözəl.

Qaynar baxışların  günəş  selimi? –

Dünyama günəştək baxarsan, gözəl.

                  ***

Sən qırmızı  donda – qəzəbli  sultan,

Baxaram  həsrətlə, qara  qul  kimi.

Bir  anda  edərsən  qanıma-qəltan

Yağar  göz  yaşlarım  gümüş  pul  kimi.

                  ***

Sən  qırmızı  donda – qırmızı  bayraq,

Qaşların, gözlərin – Ayım, ulduzum.

Sən  qırmızı  donda-qızıl  bir  çıraq,

Əriyər  nurunda  qəm-kədər  buzum.

                  ***

Sən  qırmızı  donda – qırmızı  işıq,

Yolumda  yanarsan, keçə  bilmərəm.

Hər  yan  çən-dumandı, hər  yan-qarışıq,

Bir  özgə  boyanı  seçə  bilmərəm…

                  ***

…Bir  gün  şairliyim  vurar  başıma,

Yığıb  yollarından  gümüş  pulları,

Çağırıb  bir  yerə  qara  qulları;

Götürüb  gedərəm  qızıl  çırağı.

                 ***

O  aylı-ulduzlu  qızıl  bayrağı;

Əndərib  başıma  günəş  selini,

Dərib  qoxlayaram  alov  gülünü,

Keçərəm qırmızı işıqda bir gün!..

     Sizin evin önündə        

Sizin evin önündə  bitmişdim ağac kimi

Küləklər yelləyirdi məni belədən-belə…

Boylanırdım yuxarı, Ay üzə möhtac kimi,

Bir baxış da qıymadın mən fəqirə sən elə…

                    ***

Bir təbəssüm ataydın burda geyəm əynimə,

Bir intizar baxışla od düşəydi canıma..

Bakının xəzriləri  heç gəlməzdi  eynimə

Gülər baxışlarını göndərsəydin yanıma…

                    ***

Sizin evin önündə durmuşdum ağac kimi,

Boylanırdım-hardadır, görən neynir bayaqdan…

İşığınız yanırdı, bir ac-yalavac kimi

Sizin işığınıza  qızınırdım uzaqdan…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest