GenelGüncelKültür Sanat

  Xudaverdi – Hekayə

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

İlhamə Nasir                                                  

  Xudaverdi

 Hekayə

     Ah, Xudaverdi, ah, sən fələyə can verməzdin. Bu işdə fələyin mütləq bir kələyi var. İndiyəcən onun kürəyini sənin qədər yerə vuran olmamışdı. Xudaverdi… Adı elə-belə, təsadüfən verilməmişdi ona. Onu Xuda vermişdi, Xuda. Özü də üç qızdan sonra. Atası Dünyamalı kişi ömrünün altıncı onluğunda tapmışdı onu. Amma ayağı yaman ağır gəlmişdi uşağın. Gələr-gəlməz kəndə suçiçəyi yayılır. Ailə yaman günə qalır o xəstəlikdən. Dünyamalı kişi bir gözünü itirir, arvadı Gülcamalın sifəti çopurlaşır, üç qızın üçü də tələf olur. Bircə bir aylıq Xudaverdiyə heç nə olmur. Ona görə də adını elə qoyurlar: Xudaverdi… Xudaverdi böyüdükcə ailənin o cür ağır dərdi yavaş-yavaş öləziməyə başlayır. Dünyamalı kişinin itirdiyi bir gözünü Xudaverdi əvəz edir. Birlikdə çobanlıq edirlər. Altı yaşı olsa da, 47 baş qoyunun öhdəsindən bəzən özü tək də gələ bilir. Bir gün kəndə hay düşür ki, sel Dünyamalı kişiylə Xudaverdini qoyunqarışıq götürüb aparıb. Camaat ələtaş olur dağlarda, amma nə ölüsünü tapa bilirlər onların, nə də dirisini. Axşama yaxın Xudaverdini huşsuz vəziyyətdə qaratikan koluna ilişib qalmış tapırlar. Səhəri gün isə Dünyamalı kişi ilə qoyunların cəsədini iki kənd o yana, çayın qırağında görürlər. Yenə Xudaverdinin sağ qalması Gülcamal arvada təsəlli olur. Bir gözü ağlar, bir gözü gülər böyüdür oğlunu. Xudaverdi də əfəl övlad deyildi, diribaşlıqda kənddə ona çatan olmazdı. Pul qazanmağın hər yolunu bilərdi. Daşdan pul çıxaran oğuluydu. Nəinki daşdan, elə leşdən də pul çıxarmağı bacarardı… Həmişə gözdəqulaqdaymış ki, örüş tərəfdə qarğa-quzğunun göydə fırlandığından xəbəri olsun. Bilirmiş ki, heyvan leşi var oralarda. Tez bir ləyən duzlu suyu aparıb qoyarmış leşin yanına, əlinə də iri bir çomaq alıb güdükdə durarmış. Yekə boynuyoluq quzğunlar leşdən yeyib, duzlu sudan içib ley-pey olanda Xudaverdi cəld əlindəki çomaqla cumub üstlərinə şil-küt edərmiş onları. Azı yeddi-səkkizini gətirib, evdə yolub təmizləyərmiş. Qafana aparar, onları hinduşka adı ilə birini 25 manatdan ermənilərə satar, əvəzinə dörd-beş quzu alıb qatarmış qabağına. Beləcə, sürüsünü böyüdərmiş. Məktəbə də getməzdi. Kənddə məktəb vardı ki, gedə. Məktəbə getmək üçün çayı keçib başqa kəndə getmək lazım gəlirdi. Bu onun nəyinə lazım idi ki? Ora gedincə, Qafana alverə gedər də. Bir-iki ev o yanda olan Süleymanı məktəbə gedib-gələn görəndə lağa qoyub ələ salarmış. Eləcə onu da məktəbdən çəkindirib qoşur özünə. O, Xudaverdi kimi diribaş olmasa da, bəzi işləri birlikdə görərmişlər. 18 yaşı vardı Xudaverdinin, hələ siftə edib üzünü qırxmamışdı müharibə xəbəri kəndə yayılanda. Kəndin kişilərini bir-bir evlərdən gəlib aparmışdılar deyə, üstünə böyük məsuliyyət düşmüşdü onun – kəndə həyan durmaq. Orduya yardım məqsədiylə camaatın mal-heyvanını da əllərindən almışdılar. Xuda – verdinin qoyunlarını aparanda cıqqırını da çıxarmamışdı, özünü tox tutmuşdu. Quzğunların canı sağ olsun, yenə aparıb quzuya dəyişib gələcəkdi. Amma bu dəfə ağlına başqa fikir gəlmişdi. Keçən dəfə gördüyü qaban sürüsü yadından çıxmırdı. Bu işdə ona bir balaca kömək lazımıydı. Süleymanın başını bişirə bilsə, hər şey əla olardı. İki gün idi ki, Süleymanı yola gətirə bilmirdi. Axır, ona bir quzu söz verəndən sonra razılaşmışdılar. Səhər ala-qaranlıqda Süleymanı da götürüb Donuzluq dərəsinə gedir. Qaban sürüsü ancaq belə vaxtlar çaya su içməyə gəlirdi. Daşın dalında pusqu qurub gözləyirlər. Süleymanın səbri çatmır. Dəqiqədə bir “evə gedirəm” deməyi Xudaverdini özündən çıxarır. Elə oradaca tutaşırlar. Bir-birlərinə bir-iki təpik, yumruq ilişdirəndən sonra Süleyman deyinədeyinə qayıdır kəndə. Hələ arada arxaya çönüb Xudaverdiyə söyüş də yağdırır. Səbrini basıb dayanır Xudaverdi. “Eybi yox, qoy işimi görüm qurtarım, səni gəlib kənddə alacam təpiyimin altına, oğraş” – deyir.

        Gözləyir…Budur, dərədə xırda çınqıllar diyirlənir yuxarıdan aşağıya. Aha, qaban sürüsüdür, gəlir… Xudaverdi qollarını çirməyib hazır durur. Sürü yaxınlaşan kimi daşın üstünə çıxıb tullanır üstünə. Qabaqda gedən erkək qaban bir az aralanıb, ordan Xudaverdinin üstünə nətər hücüm çəkirsə, Xudaverdi bir andaca göydə fırlanıb düşür yerə. Ürəyi soyumayan qaban özünü sürüyə göstərirmiş kimi təzədən bir dövrə də vurub, yerdə yıxılıb qalan Xudaverdini iti dişlərinin arasına alıb çırpır yerə. Gün günorta olanda Gülcamal arvad Xudaverdinin yoxluğundan narahat olmağa başlayır. Kəndi ələk-vələk eləyir, gördüm deyən olmur. Qəsdən səsini çıxarmayan Süleyman axır dözmür, Xudaverdinin Donuzluq dərəsinə getdiyini deyir. Arvad qonşu uşaqlarını da başına yığıb dərəyə tərəf gedir. Gedib görür nə? Xudaverdi yerdə uzanıb, bağırsaqları da torpağın üstündə ilan kimi qıvrılır. Arvadın elə oradaca ürəyi gedir. Uşaqlar qaçıb kəndə xəbər verirlər. Aləm dəyir bir-birinə. Aləm deyəndə ki, ancaq arvad-uşaq idi kənddə. Hə, bir də topal Məmməd. Elə camaatın da ilk ağlına gələn topal Məmməd olur. Onun da səksəndən çox yaşı vardı. Kəndin mal həkimiydi. Əvvəl qoluna girib dərəyə – Xudaverdinin yanına aparmaq istəyirlər, sonra baxırlar ki, bu, ora gedib çıxınca axşam düşəcək. Odur ki, Xudaverdini odeyalın arasına qoyub kəndə gətirirlər. Gözdən iti bir-iki arvad yığışıb Xudaverdinin bağırsaqlarını qumdan, çınqıldan təmizləyir, sonra ilıq suyla yuyub yığırlar qarnına. İncəvara, bağırsağı deşilməyibmiş. Məmməd kişinin də iynəsini saplayıb verirlər əlinə. O da Xudaverdini bağırda-bağırda qarnını tikir. Hamı əlini üzmüşdü Xudaverdidən. Çətin Xudaverdi bir də ayağa qalxa. Heyif səndən, Xudaverdi. Amma anası Gülcamal arvad deyirdi ki, balam donquza görə fələyə can verməz. Düz deyirdi, heç bir həftə keçməmiş Xudaverdi özünə gəlir. Yavaş-yavaş həyətdə-bacada görünməyə başlayır. Bir ay keçməmişdi ki, hərbi komissarlıqdan Xudaverdiyə çağırış kağızı gəlir. Gülcamal arvad nə qədər hay-həşir salsa da, oğlunun qarnını açıb gələnlərə göstərsə də, xeyri olmur. Üç gündən sonra gəlib Xudaverdini də, Süleymanı da götürüb gedirlər. Evlərində Xudaverdinin yas mərasimi qurulur. Bilirdilər ki, o, bu vəziyyətdə şəhərə gedib çıxa bilməyəcək, qala ki, müharibəyə gedə. Aylar ötür, Xudaverdidən heç bir xəbər gəlmir. Sineybər arvad hər dəfə oğlu Süleymandan kağız alanda Gülcamal arvad ciyəri yandığından qalxıb göyə düşürmüş. Deyirmiş, ölüm xəbərini də alsam, toxtayaram, təki balamdan mənə bir xəbər versinlər. Yazıq poçtalyon qorxusundan onlar tərəfdən keçmirmiş. Gülcamal arvad yerdən daş, çınqıl götürüb atırmış ona ki, niyə mənə məktub gətirmirsən? Bir gün qəfil rastlaşanda poçtalyon arvada qayıdır ki, ay arvad, sənin oğlun hərf tanımır deyə, məktub yaza bilmir, yəqin. Bu söz arvadın ağlına batır, ondan sonra azacıq toxtayır. Bir müddət sonra evlərə bir-bir qara kağız gəlir. Amma Gülcamal arvadın evinə nə qara kağız gəlir, nə də ağ kağız. Yenə arvad əlində daş poçtalyonun gününü qara eləyir. Bir gün Süleyman anasına Xudaverdinin minaya düşüb, ölümcül vəziyyətdə hospitalda yatdığını yazır. Yenə evlərində yas mərasimi qurulur Xudaverdinin. Bu dəfə bütün kənd ondan birdəfəlik əlini üzür, minaya düşübsə, çətin sağ qalar. Bircə Gülcamal arvad ümidini üzmür. Hər səhər sübh tezdən durub yola tərəf gedir, Sineybərin eşiyə çıxmağını gözləyir ki, o xəbəri bir də eşitsin ondan. Ən azından “Ölməyib, yaralıdır” deyəcəkdi. Beləcə, o xəbərdən təsəlli ala-ala illəri ötürüb keçirir. Və bir gün qələbə xəbəri yayılır kəndə. Müharibə qurtarsa da, gedənlərin heç biri geri qayıtmır. Bir səhər Gülcamal arvad evlərinin arxasındakı taxta körpünün üstündən gələn taqqıltı səsinə səksənir. Oturub yerinin içində bu səsi dinşəyir. Taqqıltı düz qapının ağzına qədər yaxınlaşır. Qapı açılanda əvvəl içəri bir cüt qoltuq ağacı girir, sonra üstü medallı hərbi geyimli, şalvarının sol balağı dizdən düyünlənmiş bir nəfər. Arvad əvvəl donub qalır, yuxu gördüyünü zənn edir. Handan-hana özünə gələndə, oğlunun üstünə şığıyır. Hə, Xudaverdiydi, sol ayağını dizdən kəsmişdilər. Neynək, əsas odur ki, heç kimin geri dönə bilmədiyi müharibədən qayıdıb gəlmişdi. Həm də orden-medalla. Berlinə qədər gedib çıxıb, demə. Amma evə gəlhagəldə zədəli ayağı qanqrena verdiyindən kəsiblər. Reyxstaqa bayraq sancanlarla birlikdə olan şəkli qəzet və jurnallarda dərc olunub. Qəzetin birini də qatlayıb pencəyinin döş cibində evə gətirib. Gülcamal arvad o qəzeti qoynunda gəzdirib kənddə hamıya göstərmişdi. Kəndin ən qəşəng qızını da almışdı hələ oğluna. Yeddi ay sonra Süleyman da qayıtmışdı, ancaq o, Xudaverdi kimi orden-medalla yox, üzüqara qayıtmışdı. Müharibənin axırlarına yaxın əsir düşübmüş almanlara. Amma neyləsin, özünün dediyi kimi, bəxti gətirməyib də. Hələ də barışa bilməmişdilər. Elə kin saxlaya-saxlaya da qocalırdılar. Nəvə-nəticə yiyələri olsalar da o, qaban əhvalatını yadlarından çıxarammırdılar. Əsas da Xudaverdi. Süleymanın əsir düşməyini lağa qoyub gülürmüş. Onu yolun qırağındakı çayxanada görən kimi yayın cırhacırı da olsa, tez üstü medallı pencəyini geyinib qoltuq ağaclarını ora tərəf “sürərmiş”. Süleyman da yavaşca sivişib aradan çıxarmış. Danışırmış ki, almanlar Süleymanın yumşaq yerinə damğa basıb – nemes xaçı. Hə, vallah, çayda çiməndə öz gözlərimlə görmüşəm. Süleyman bunu dansa da, bir gün əsəbiləşəndə də ağzından qaçırır ki, ay balam, özüm qəsdən aparıb ombamı açıb nemes köpəyoğlunun qarşısına qoymamışam ki, alın, damğa basın… Deməli, döyüşmüşəm ki, əsir düşmüşəm də. Neyləyim, bəxtim gətirməyib də. Yoxsa sənin kimi hansısa daşın dalında qıçımı qucaqlayıb, müharibə qurtaranda üzə çıxmamışam ki. Yaşları yetmişi keçsə də, hər dəfə üz-üzə gələndə tutaşardılar. Heç Qarabağ müharibəsi də barışdırmadı onları. Ermənilər kəndə qrad atanda, hamı bir yerdə zirzəmiyə girəndə, onlar girməzmişlər, məcburi itələyib onları ora salanda da bir-birlərinə arxalarını çevirib oturarmışlar. Bir axşam həyətdəki dəmir çarpayısında uzanan Xudaverdinin düz yanına düşən qrad mərmisi onu çarpayıqarışıq qaldırıb göyə çırpır yerə. Xudaverdi, bu gün ölmüsən, dünən ölmüsən… Qışqırışma, hay, şüvən… Ki, Xudaverdi öldü. Bunu eşidən Süleyman kəndin o yekəlikdə xeyir-şər samovarını təkcə qucağına alıb Xudaverdigilə qaçır. Həvəslə doldurub qaynadır. Kəndin xeyir-şərində elə işlərə o baxardı. Hələ qəbir qazanlara da qaçıb kömək eləyir. Amma həkim deyəndə ki, Xudaverdi hələ canını tapşırmayıb, nəfəsi gedib-gəlir, Süleyman kor-peşman samovarı boşaldıb, aparıb qoyur yerinə. Bilir ki, Xudaverdi bu dəfə də ölən deyil, yenə qalxacaq ayağa. Allah, sən saxla, elə bil fələyin də onun yanında gözükölgəli işi var, qorxur ondan. Doğrudan da, Xudaverdinin bu dəfə də ölməməsi camaatın əlini üzündə qoyur. Xəstəxanaya aparırlar, iki qabırğasını çıxarır, ağ ciyərindən əl boyda kəsib atırlar. Qəlpə qabırğalarını sındırıb ağ ciyərini parçalamışdı. Bir müddət sonra Xudaverdini xəstəxanadan çıxarıb evə gətirirlər. Yenə fələyin kürəyini yerə vurub sağalmışdı. Ta Xudaverdiyə ölüm yoxdu, dedilər. Hamı inanırdı ki, adına görə əzrayıl ona yaxın dura bilmir. Baxma da, arxasında o boyda Xuda durmuşdu. Bir köpəkoğlunun hünəri nədir, Xudanın verdiyini ala bilsin. Durub gəzə bilməsə də, bütün günü çardaqda oturub, kəndə tamaşa edirdi Xudaverdi. Gəzə bilməməsi də qoltuq ağacına görəydi. Onu qabırğasının üstünə sıxa bilmirdi. Yay olduğundan elə çardaqda da yatırdı. Narazı deyildi həyatından. Niyə də narazı olsun ki? Ən hündür yerdə oturur, medallı pencəyi əynində, qabağında da pürrəngi çayı. Yoldan gəlibgedəni görür, hələ arada söz də atırdı Süleymanı görəndə. Əkin-biçinə gedən yol düz onun evinin yanından keçib gedirdi. Yenə arxın üstündəki ensiz taxta körpüdən gələn səsə boylandı. Gördü, budur, Süleyman eşşəyin noxtasından tutub körpüdən keçirmək istəyir. Eşşək də ayaqlarını dirəyib yerə, tərpənmək istəmir. Axır, eşşəyi arx tərəfə çəkib minir ki, sudan keçib getsin. Su eşşəyin dizinə çatanda nətər qırağa tullanırsa, Süleyman başı üstə gəlib düşür qıraqdakı qaşın üstünə. Bədəni suda, başı daşın üstündə olan Süleyman çardaqdan gələn şaqqanaq səsinə gözlərini açır. Amma nə illah edirsə, başını daşdan ayıra bilmir. Gözləri çardağa dikili qalır. Elə şaqqanaq səsi də yarımçıq kəsilir. Qənd Xudaverdinin kənziyində, oturduğu yerdəcə gözləri bərələ qalır. Qəbiristanlıqda yan-yana iki qəbir yeri ölçülürdü o gün. Biri qazılıb tam hazır idi, amma o birisinə tərəddüd içində bel, külüng vurulurdu. Xudaverdi yatıb, deyirdilər. Hə, Xudaverdi yatıb… Elə mən də o cür yazacam. Ki, Xudaverdi dərin yatdı. Amma, sən Allah Xudaverdi, ta yuxudasa incitmə Süleymanı!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest