GenelGüncelKültür Sanat

ŞEERLER – Allahverdi Təhləli

Nazım Ahmedli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi


Allahverdi Təhləli

 Gözümün yaşı

Sən getdiyin gündən küsüb

Gözümə, gözümün yaşı.

Tərs uşağa dönüb, baxmır

Sözümə gözümün yaşı.

                ***

Gözümdən özünü yıxıb,  

Kirpiyim ucunda “xıxıb”.

Dalınca boylanır… çıxıb  

Üzümə, gözümün yaşı.

             ***

Düşüb həsrətin girinə…

Qalıb sürünə-sürünə.

Döyür əlimin yerinə –

Dizimə gözümün yaşı.

O bəxt məndə hardandı ki 

O bəxt məndə hardandı ki,

Qonşumun qızı olasan.

Mən qurda döndüyüm gecə,

Sən əmlik quzu olasan.

                 ***

Yelə dönüb öpəm səni,

Tacı sanar təpəm səni.

Yaram üstə səpəm səni,

Evimin duzu olasan.

                  ***

Mələksən gəzmə dörünən,

Yıxıqdı könlüm hörünən.

Tanrının mənə görünən,

Bəlkə xoş üzü olasan.

 Yadındadırmı

O gecə başqaydı, yadındadırmı?

Yəhərsiz, yüyənsiz çapdığımız at

Bir kürən qaşqaydı, yadındadırmı?

Adı da Qaşqaydı, yadındadırmı?

                   ***

O gecə başqaydı, yadındadırmı?

Hər şey gözümüzdə vergili idi.

Göy üzü Tanrının sevgi məktubu,

Aysa o məktubun vergülü idi.

                         ***

O gecə başqaydı, yadındadırmı?

Telinin busəsi oğrunda sənin –

Dodağım üstünə qonurdu hərdən…

Hazırdım can qıyam uğrunda sənin.

                          ***

Hazırdım can qıyam uğrunda onda;

Yoxsa incidinmi ərkimdən mənim?

Eh, bir də baxdım ki tərkim boş qalıb…

Nə vaxt, harda endin tərkimdən mənim?

                          ***

O gecə başqaydı, yadındadırmı?

Hər şey gözümüzdə vergili idi.

Göy üzü Tanrının sevgi məktubu,

Aysa o məktubun vergülü idi.

Bir uşaq rəsmi çək Ümmət Qaraca

Bir uşaq rəsmi çək,Ümmət Qaraca,-

Bir az yaşıldan al, mordan çəhrayı,

Bir az da turuncdan narıncı baxsın.

Baxsın o uşağın baxışlarından

“Kərəmi”, “Dilğəmi”, “Zarıncı” baxsın.

                            ***

Bir uşaq rəsmi çək, Ümmət Qaraca,

Qürubun qanına batır fırçanı.

Ovunu haqlayan qurd nəfəsitək

hərdən yanı üstə yatır fırçanı.

                           ***

Bir uşaq rəsmi çək, Ümmət Qaraca,

Buludun üstüylə qaçan bir uşaq…

Xiffəti iməkdən təzə day duran,

Özünə gecələr vətən uyduran,

Gilənar çiçəyi açan bir uşaq.

                          ***

Bir uşaq rəsmi çək, Ümmət Qaraca,

Upuzun yolların yolçusu – gözü,

qara damlarına bacadı görüm.

Onun bəbəyində lillənib qalan

həsrəti dünyadan qocadı görüm.

İstanbulun azan səsi

Güzün yeli xəzanlayıb,

Qulağımda xəzan səsi.

Orxan Vəli Qanıq sandım,

Sokaklarda gəzən səsi.

              ***

Bax da gör nə haldayam der,

Zəhərdə, həm baldayam der.

Haqqa yürən yoldayam der,

Təkkələrdə ozan səsi.

                      ***

Bir səs ney kimi pülənir,

Bir səs tər könül dilənir.

Səslərin üstə çilənir…

İstanbulun azan səsi.

Hələ də başımda bir gül eşqi var

Qonubdu bir gülə quşum o vaxtdan,

Qayıtmır yerinə huşum o vaxtdan.

Güllə uğraşmaqdı işim o vaxtdan,

Hələ də başımda bir gül eşqi var.

                            ***

Hələ də başımda bir gül eşqi var,

Könlüm gülə sarı uçundu elə.

Bəlkə də ömrümüz bir gül eşqinin

oduna tutuşmaq üçündü elə.

                            ***

Hələ də başımda bir gül eşqi var,

Bir gül uğrunadı davam hələ də.

Hamının havası dəyişdi, mənim

A ana, həməndi havam hələ də.

                       ***

Günü axşam etdim güllə uğraşıb,

Qıyıb da bir gülə – dəyişəmmirəm.

Hələ də başımda bir gül eşqi var,

Hələ də bir gilə dəyişəmmirəm.

                         ***

Beləcə, bir gülün eşqi başımda,

Ömrü sətir-sətir naxışlayıram.

Dünyada hamının günahlarını,

Bir gülün xətrinə bağışlayıram.

Mənə divan qurub, dirə tut ay Söz

Mənə divan qurub, dirə tut ay Söz,

Qəzəbin bol olsun bir sultan kimi.

Demirəm könlümü dilə tut ay Söz,

“Dara çək,” nura tut Pir Sultan kimi.

                          ***

Qəsdimə duran söz dostumdu mənim,

Dost bildim özümə neçə yazımı.

Haçansa qəsdimə durmasa sözü,

İndi tanımırdım Xəstə Qasımı.

                           ***

İndi tanımırdım Sarı Aşığı,

İndi tanımırdım Dadaloğlunu.

…Təkləli Novruzdan bir yapraq oxu,

gör necə başından alır ağlını.

                            ***

Gorun nurla dolsun Qaracaoğlan,

Hər sözün ox olub ovdu könlümü.

Oxudum, uyutdu Dərya Məhəmməd,

Oxudum, ovutdu Avdı könlümü.

                        ***

Öyrəndim Tufarqan Abbasdan bir az,

Bir az Alxas ağa Acaldan Sözü.

Sözünü könlümün damğası sandım,

Kimlər ki qurtardı əcəldən Sözü.

                          ***

Bir əldən çinlədim çinədanımda,

Döndü söz adında dənliyə könlüm.

Bu üzdən borcludu Məhdimquluya,

Borcludu Çıldırlı Şenliyə könlüm.

                              ***

Mənə divan qurub, dirə tut ay Söz,

Qəzəbin bol olsun bir sultan kimi.

Demirəm könlümü dilə tut ay Söz,

Dara çək, nura tut Pir Sultan kimi.

Mənim məmləkətim budumu, bəylər?

Mənim məmləkətim budumu, bəylər?

Bə niyə qaşları çatıqdı belə?

Bə niyə yanağı batıqdı belə?

Bə niyə üyüşüb üz gətirməmiş,

Qaymağı alınan qatıqdı belə?

                          ***

Axı qumrudusa niyə ötməyir,

Niyə oxumayır qudusa, axı?

Niyə durulmayır sudusa, axı?

Mənim məmləkətim budusa, axı…

Mənim məmləkətim budumu, bəylər?

                              ***

Gözümün tumruca yaşıdı ki, bu,

Qaralır bir kibrit başıdı ki, bu.

Qapıb tolazlayır kim kimə gəldi…

Bəylər, tolamazqı daşıdı ki bu.

Mənim məmləkətim budumu, bəylər?

                           ***

Bir əldən kiçilir yanan şam kimi,

Bir əldən kiçilir, balacalanır…

Dev-dev qalaları qalacalanır.

Mənim məmləkətim budumu, bəylər?

Yoxsa gözlərimmi alacalanır.

“Məmləkət“ silsiləsindən

Bir yandan yağılar yağmalar səni,

Bir yandan yağmalar doğmalar səni…

Gülüstü şeh kimi bir giləsən sən,

Bir kəz görmədim ki, bir güləsən sən.

                           ***

Bir kəz görmədim ki yaraşaq sənə,

Xəncərə gümüşü yaraşan kimi.

Hər yandan üstünə cormalaşıblar,

Qarışqa şirəyə daraşan kimi.

                        ***

Hər yandan üstünə cormalaşıblar,

Sənin – çəlimsizin, sənin – sısqanın.

Min ildi dörd yanın köpək xılıdı,

Min ildi dörd yanın səni qısqanır.

                            ***

Min ildi dörd yanın köpək xılıdı,

Min ildi yağıdı yörən… ay vətən.

Başından dumanın çəkildiyini

Haçan görəcəyəm görən, ay vətən.

                              ***

Bir əldən üstünə şeşələnirlər,

Körük tək üstünə qızırlar yenə.

Səni bölgə-bölgə bölür, talayır,

Talayır sevgidən qısırlar yenə.

                         ***

Min ildi dörd yanın köpək xılıdı,

Qalmısan köpəklər həmləsində sən.

Qorxuram dərdinə ağlamağa da –

Batar, boğularsan üstünə düşsə,

Gözümün bir gümüş damlasında sən.

Xaqani Qayıblıya sevgilərlə

Bir sərkərə quzuçuydum Xanımçıxanda,

Bir də gördüm gözlərimi huş alıb gedir.

Handan-hana ayıldım ki, təlik quzumu

Caynağına bir alıcı quş alıb gedir.  

                           ***

Bir sərkərə quzuçuydum Xanımçıxanda,

Torpaq altda xumarlanan dən idim, ay dost.

Mələrtisi dağ mələdən təlik quzu yox,

Yalan olmaz, əgər desəm mən idim, ay dost.

                            ***

Bir sərkərə quzuçuydum Xanımçıxanda,

Hulla baxan, huş aparan cərmədə qalır.

O alıcı quş dalınca papaq fırladım,

Dost, o gündən papağım da hərmədə qalır.

                                   ***

O gün bu gün qorxusundan qomarğalanıb,

İnanmıram, “ırreh” desəm sürüm yerisin.

Bir təliyin ahı məni tutub o gündən,

Çətin mənim bundan sonra surum yerisin.

                                 ***

Şalaxlanıb çox quzular qoç olsalar da,

Bu dünyanın caynağında təliyəm indi.

Mələrtimi Tanrı belə eşidəmmədi,

O səbəbdən mən hamıya ləliyəm indi.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest