Əfqan Hacıağa oğlu Əsgərov – (qısa hekayələr)
Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi
Əfqan Hacıağa oğlu Əsgərov
Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə Şirvanın Qarabağlılar (indiki Salyan rayonunun Qarabağlı kəndi) kəndində anadan olub
Uşaqlıqdan şeir yazmağa böyük həvəsi olan Əfqan Əsgərov Bakı Dövlət Universitetinin filologiya fakültəsi bitirib.
1953-cü ildə universiteti bitirəndən mətbuatda çalışan Ə.Əsgərov jurnalist kimi ilk dəfə “Azərbaycan gəncləri” qəzetində fəaliyyətə başlayıb. Qəzetin səhifələrində bir-birinin ardınca maraqlı publisistik yazıları, oçerkləri, felyeton və hekayələri, hətta “Poçtalyon” kino-ssenarisi çap edilən Əfqan çox gənc yaşlarından oxucuların məhəbbətini qazana bilib. Əfqan Əsgərov eyni zamanda bu qəzetdə elan olunan gənclik mövzusunda səhnə əsəri müsabiqəsində iştirak edərək üçüncü mükafata layiq görülüb. Bundan sonra o, daha bir səhnə əsəri yazıb. Yaradıcılığa hekayələrlə başlayan Əfqan bu ilk səhnə əsərləri ilə şöhrət qazanıb və bir-birinin ardınca yazıçının “Gecikmisən” (1961), “Gözəllik sorağında” (1962), “Sən belə deyilsən” (1963), “Sarı əlcək” (1965) və başqa hekayə topluları nəşr edilib. Bir müddətdən sonra isə Moskvada ali ssenarist kursunda oxuyan Əfqan iki ildən sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor kimi fəaliyyətini davam etdirib. Kinostudiyanın problemləri ilə bağlı “Kommunist” qəzetində məqalə ilə çıxş edən Əfqan Əsgərovun bu yazısı həmin vaxt Azərbaycan KP MK-nın şöbə müdiri Şıxəli Qurbanovun da iştirak etdiyi müşavirədə müzakirə olunub və Əfqana “Kommunist” qəzetində işləməyi məsləhət görüb. Beləliklə, Əfqan Əsgərov həmin qəzetdə ədəbiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1989-cu ildə “Sovet kəndi” qəzetinin redaktoru olub. 1991-ci ildə Ali Sovetin orqanı olan “Həyat” qəzetinin baş redaktoru işləyib.
1 sentyabr 1989-cu ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Əfqan Əsgərov istedadlı yazıçı və dramaturq kimi də məşhur olub. Onun qələmindən çıxan “Gülyanaq”, “Katib”, “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi” romanları, “Dədə Bəhmən” trilogiyası, “Qozbel”, “Məhəbbət ətirli qərənfilim”, “Dünya gözəlliyindir”, “O, daş deyildir” və başqa povestləri ədəbi nəsrimizin inkişafında mühüm əhəmiyyət kəsb edən əsərlərdən sayılır.
Dramaturgiya sahəsində də qələmini sınayan Əfqanın “Sarı əlcək”, “O mənim oğlumdur”, “Dağ seli”, “Gülməyən adam” adlı pyesləri respublikamızın müxtəlif teatrlarında tamaşaya qoyulub. Tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanan “Qız atası” komediyası Əfqanın ən yaxşı pyeslərindən sayılır. “Qız atası” komediyası həm də teatrlarda ən çox oynanılan tamaşalardan biri olub. 70-ci illərin başlanğıcında oxucuların qəlbinə geniş şəkildə yol tapmış Əfqan milli həyatın daha qlobal problemlərini əks etdirən romanları ilə nəsrimizi zənginləşdirdi. Əslində o, XX əsr Azərbaycan kəndində baş verən ciddi siyasi və sosial dəyişiklikləri nəsrə gətirdi. Bu məsələlər yazıçının “Dədə Bəhmən” trilogiyasında öz əksini tapmışdır. Trilogiya “Gülyanaq” romanı ilə başlayır. “Gülyanaq” 70-ci illərin ən təsirli, cəmiyyət həyatındakı ziddiyyət və iztirabların geniş lövhəsini özündə əks etdirən romandır.
Əfqan Əsgərov müharibə mövzusunu da nəsrə gətirən yazıçılardan olub. 60-cı illərin sonunda yazıçı bu mövzunu partizan hərəkatı kontekstində qələmə alıb. Alman faşistlərinə qarşı işğal zonasında — Pskov yaxınlığında həmyerlimiz Ismayıl Əliyevin qəhrəmanlığını geniş bədii epizodlarda qələmə alıb və əsər çap ediləndən sonra geniş marağa səbəb olub. Qəhrəmanın valideynlərinin Müdafiə Nazirliyinə müraciəti nəticəsində Ismayıl Əliyevin sənədləri tapılaraq, təltif edildiyi orden və medallar Azərbaycana göndərilib. Bu romanda yazıçının Azərbaycan xalqının qəhrəmanlıq tarixini əks etdirən əfsanə və rəvayətlərdən də məharətlə bəhrələndiyini qeyd etmək vacibdir.
Cənab Rəşad Məcidin təşkilatçılığı ilə Əfqan Əsgərovun anadan olmasının 90 illiyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin Natəvan kulubunda keçirilən mərasimdə tanınmış söz ustasının 70 ilə yaxın müddətdə milli ədəbiyyatımıza və jurnalistikamıza xidmətdə keçmiş zəngin və mənalı ömür yolundan ətraflı söhbət açılmış, sevimli yazarımızın təkrar çapdan çıxmış “Şahlar şahı” romanı oxuculara təqdim edilmişdi. Toplantını giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-jurnalist cənab Rəşad Məcid çağdaş nəsrimizin görkəmli nümayəndəsi, ustad jurnalist-redaktor Əfqanın çoxillik bədii-sənədli yaradıcılığının ədəbiyyatımızda və jurnalistikamızda zəngin bir irs təşkil etdiyini vurğulamışdı.
Əfqan Əsgərov
(qısa hekayələr)
Dəniz və uşaq
Sahildə oturub, qabarıb-enən dənizə tamaşa edirdim. Hava küləkli idi. Dəniz aramsız çalxalanır, dalğalar bir-birinin çiyninə qalxaraq, dişlərini ağarda-ağarda sahilə cumurdu.
Bəzən bu dalğalar yüksələrək dağa dönür, dəniz yaralı şir kimi nərə çəkirdi. Coşğun dalğaların üzərində çılğınlığa uçan qağayılar sanki dənizi daha da qızışdırırdılar. Mən dənizi dinləyə-dinləyə, məftun-məftun və sonsuz həsədlə seyr edirdim: dəniz hər şeydən böyük, dəniz hər şeydən güclü, əzəmətli idi!
Elə bu vaxt qağayıların səsindən də cingiltili bir səs, bir uşaq gülüşü məni xəyaldan ayırdı. Cəmi beş-altı yaşı olan bu oğlan ciblərinə yığdığı xırda daşları bir-bir dənizə atır, vəhşi dalğalara gülürdü.
Uşaq gülür, dəniz isə hiddətindən kükrəyib uğuldayaraq, sahilə, düz uşağın üstünə hücum çəkirdi. Uşaq gözünü belə qırpmır, daha ucadan gülərək, qəzəblənən dənizin ən uca dalğalarını daşa basırdı.
Mən gah dənizə, gah da uşağa baxırdım. Bayaqdan əzəmətli görünən dənizin dağ yığan dalğaları uşağa çatar-çatmaz, əriyib köpüyə dönürdü. Uşaq gülür, dəniz isə deyingən qarı kimi, bir yerdəcə əllərini ölçürdü.
Mən arvadımı niyə belə sevirəm
Deyirsiniz, mən arvadımı niyə belə çox sevirəm? Düzü, bunu heç arvadımın özünə deməmişəm, ancaq sizə deyəcəyəm.
Mənim təzə evdə mənzil aldığımı, şübhəsiz, bilirsiniz. Bir gün axşama yaxın bu təzə mənzilimdə yuxuya getmişdim. Nə qədər yatdığımı bilmirəm, ayılanda istər-istəməz qonaq otağında gedən söhbətə qulaq asası oldum. Üç qonşu gəlini və arvadım ərlərindən danışırdılar. Belə nadir söhbətə hansı kişi qulaq asmaz?
Birinci gəlin:
– Mənim ərim – dedi, – yaşxı adamdır. İstedadlıdır. Papiros çəkmir. Hərdən içir, amma qaydasında. Evlənəndən bir dəfə də olsun məni acılamayıb. O qədər sakitdir ki, evdə olanda elə bilirəm heç evdə adam yoxdur. Küsü nə olan şeydir, bilmirik.
İkinci gəlin güldü:
– Ər deyəndə mənimkidir. Toy-bayramdır. Ən yavaş sözü həyətdən eşidilir. Deyir, gülür, çalır, çağırır. Hər gün kefdə, damaqdadır. O evdə olanda elə bilirəm yanımda bir qoşun adam var. Vay o günə ki, bir şeydən inciyə; düz bir ay küsəcək.
Üçüncü gəlin dedi:
– Mənim ərim də gözəl insandır, çox əsəbidir. Heç nədən hirslənir. Bir yaxşı cəhəti var ki, tez soyuyur. Heç kin saxlamır. Gündə on dəfə küsüb-barışır. Çox səliqə-sahmanlıdır. Evdə iynədən tutmuş mebelə qədər, gərək hər şey öz yerində ola. Mən arvadımın nə deyəcəyini gözlədim. Ancaq yenə o biri gəlinlər bəhsəbəhs təzədən öz ərlərini tərifləməyə başladılar. Ən nəhayət, mənim də arvadıma növbə çatdı. Gəlinlər yer-yerdən tələb etdilər ki, o da danışsın.
Mən nəfəsimi belə gizlədib arvadımın nə deyəcəyini gözlədim. O, güclü eşidiləcək bir səslə, sıxıla-sıxıla:
– Nə danışım… – dedi. – Kişidir də…
– Vəssəlam?
– Vəssəlam.
Qonşu gəlinlərinin nə dərəcədə razı qaldıqlarını bilmirəm, şəxsən mən özüm arvadımın bu qısa cavabından çox razı qaldım: “Kişidir də…”
O andan mənim arvadıma olan məhəbbətim birə-yüz artıb. O gündən kişilər öz arvadlarının sədaqətindən, səliqə səhmanından, qanacağından, bacarığından, qəribəliyindən söhbət açanda, mən də ikicə kəlmə ilə bütün razılığımı bildirirəm:
– Arvaddır da…
Bu deməkdir ki, mənim arvadım gözəldir, ağıllıdır, səmimidir, sədaqətlidir, evdardır, səliqə-sahmanlıdır.
Vulkan
Hamının vulkan adlandırdığı bir sənətkar gözlərini əbədilik yumdu.
Sonra hər yerindən qalxan özünü vulkan adlandırmağa başladı.
Doğrudur, onlar da vulkan oldular, ancaq od deyil, palçıq püskürdülər.
Ürək
Mizrab və barmaqlar qızğın höcət edirdilər. Mizrab hirsindən qaralıb:
– Tarı mən dilləndirirəm! – deyirdi.
Barmaqlar isə isə mizrabı bərk-bərk sıxaraq:
– Yox, biz dilləndiririk! – deyirdilər.
Təkcə ürək dillənməyə qorxurdu. Qorxurdu ki, bu qara mizrab da, barmaqlar da onu görüb soruşalar:
– Sən kimsən?
Oyun
– Heç olmasa, bir qonşun Səkinəyə bax! – deyə Rza acıqlı halda evdən çıxdı.
Hər gün belə tənələri eşidən və hər dəfə ürəkdən sınan Sənəm ərinin və uşaqlarının tır-tıküntüsünü yığışdırırdı ki, qonşusu Səkinə içəri girdi. O, qanıqara idi ki, salam verməyi də unutdu. Az qalırdı ağlasın.
Sənəm təəccüblə soruşdu:
– Səkinə bacı, nə olub belə?..
Səkinə ikiəlli üzünü örtüb səsi tutula-tutula dedi:
– Heç nə… Ərim məni göndərim səndən səliqə-sahman öyrənəm, yır-yığış öyrənəm…
Heyrətdən Sənəmin gözləri böyüdü:
– Ay qız, mənim kişim də hər gün səni kül eləyib gözümə tökür…
Bu dəfə Səkinənin gözləri böyüdü, yeddi ilin ayrısı kimi qonşusunu qucaqladı, acı-acı gülüb:
– Yaman oyuna düşmüşük… – dedi. – Görəsən, başqa kişilər də özgə arvadı mələk şəklində görürlər?
Uşağın hökmü
Əl boyda bir körpə dünyaya gəldi. Yer üzünün ən kiçik sakini göz açmamış ağladı. Havamıza yeni insan səsi qarışdı.
Mama sevincək:
– Oğlandır! – deyə xələt istədi.
Bunu eşidən gənc ata ürəyində əzizləyə-əzizləyə:
– Oğlum… – dedi.
Balıqçı baba iri əllərini ovxaladı:
– Bir balıqçı da anadan oldu…
Zabit əmi də paqonlu köynəyinin yaxasını düymələdi:
– Əsgərlərimin sayı artdı…
Müəllim onların hər ikisinə etiraz etdi:
– O, birinci növbədə mənim şagirdimdir.
Mübahisə çox uzandı, körpəyə ad tapmaq isə günlər, həftələr çəkdi.
Lakin heç kəsin ağlına gəlmədi ki, bu əl boyda körpə onların hamısından qətiyyətlidir. O, özü ad almamış evdəkilərin hərəsinə bir ad vermişdi. Dünənki gəlin gəlin – ana, analar – nənə, dünənki gənc – ata, atalar – baba, kimi əmi, kimi dayı, kimi bibi, uç yaşlı bir qızcığaz isə xala olmuşdu.
Çarə nədir?
Uşağın hökmü şah hökmüdür.
Qoşa çinar
Deyir bir çöllü-biyabanda, yeddi yolun ayrıcında, yeddi bulaq üstündə iki çinar bitmişdi. Biri qoca, biri cavan. Qoca çinar yerin yeddi təkinə kök atıb, göyün yeddi qatına baş almışdı. Onun yoğun gövdəsini yeddi adam əl-ələ versəydi, qucaqlaya bilməzdi.
Cavan çinarın isə heç yeddi qarış boyu yox idi. O, yeddi buğum vurmuş sütül qələmə idi. Hər dəfə külək əsəndə cavan çinarı gah saga, gah sola əyir, onun başı dəqiqədə yeddi dəfə yerə dəyirdi. Yazıq cavan çinar ağrıların şiddətindən inildəyir, ah-uf edirdi. Küləyə yeddiqardaş dağ kimi sinə gərən qoca çinar ağacı ona təskinlik vermək istədi:
– Nə çox zarıyırsan? – dedi. – Küləkdir, əsib-əsib keçəcək!..
Cavan çinar qoca çinara altdan-altdan həsrət baxıb dedi:
– Sənə nə var… Külək mənə toxunur… Sənin gövdəni yüz tufan əsə, əyə bilməz…
Bu bəxtəvərliyi eşidən qoca çinar yanıqlı bir ah çəkdi.
– Eh… Oğlum… – dedi. – Külək sənin başını dəqiqədə yeddi yox, yeddi yüz dəfə əyib yerə vursa belə, sən yenə qalxıb qəddini düzəldirsən. Sən yenə böyüyürsən. Amma bay o günə ki, mənim başım çox yox, bircə dəfə yerə toxuna… Bir də qalxmaq nəsibim olmaz… İndi de görüm, kim daha bəxtəvərdir?