QORXU – hekayə
Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi
Orxan FİKRƏTOĞLU
QORXU
hekayə
Yolun ortasında adam boyda it oturmuşdu. Zəncirini sümük təki gəmirirdi. Zəhmi göydə buludları, yerdə küləyi basmışdı. Yaşıl yulğunluğun yarpaqları üstündə uçuşan xallı kəpənəklər də qoxularından itə tərəf uçmurdular. Günortanın istisində hardansa yaxından səslənən gur muğamat səsi iti lap qıcıqlandırırdı. O,uzaq səsin yiyəsi hər dəfə xırıltılı radio dalğalarının altından zəngülə vurduqda it dişləri ilə qırdığı kiçik dəmir parçasını daha böyük şiddətlə sağa sola dartışdırırdı.
Bədənini silkələyən doğma qorxusunu tanıdı. Qorxusu onunla bir doğulsa da ondan çox böyük idi. Uşaq vaxtı qorxusu da uşaq idi. Həmin o ,xam vaxtları qorxusunun başına oyun açardı. Yolun ortasında tərs keçi kimi dayanıb ora bura şütüyən maşınlardan qorxmazdı. Doqquz mərtəbəli binanın damına qalxıb,beton artırmadan aşağı sallanardı. İllər ötdükcə qorxusu içində böyüdü. Yaşadığı ömür uzaqdan “qorxmaz adam” ömrü kimi görünürdü. Cavanlıqda qorxusunu üzə çıxmağa qoymamışdı. Dar dolaba yığılmış çirkli paltar kimi içinə dürtüb gizlətmişdi. Sonra İllər ötdü. Və bir gün bu “ dolabın ”rəfləri ağırlığa dözməyib qırıldı. Qorxusu bütün çılpaqlığı ilə üzə çıxdı. Son günlər qorxusu lap ağ eləmişdi. Gözlərindən neft fantanı kimi çölə fışqırırdı. Dincliyi, rahatlığı yox idi. At üstündəymiş kimi dinc vaxtlarında belə harasa tələsirdi. Yuxuya da tələsə tələsə gedirdi. Ömrü qorxusunun qaranlığı altında qalmışdı.Daha işləyə də bilmirdi. İnsanlardan da qorxurdu.
İt hindu kahininə bənzəyirdi. Yerindən tərpənmək fikri yox idi. Məğrur heykəl təki başını dik tutub harasa uzaqlara baxırdı.
Evdən çıxanda arvadına demişdi ki dənizə çimməyə gedir. Bir saata qayıdacaq. Nədənsə arvadına evə dönəcəyi vaxtı saatına qədər düz deyəndə çalışırdı geç qayıtsaın. Arvadı bu gecikmələrə məhəl qoymurdu. O, arvadı üçün maraqlı adam deyildi. Bunu özü də yaxşı bilirdi. Qazandığı pulu qəpiyinə qədər arvadına verirdi. Arvadı ona heç zaman ağır söz deməmişdi. Onunla birlikdə “heç bir söz ” demədən yaşamışdı. Köynəyini yumuşdu. Yeməyini bişirmişdi. Hamama salıb cimdirdmişdi. Aralarında sevgi olmasa da, nifrət də yox idi. Arvadı uzun illər divardan asılmış şəkil kimi idi. Gözünə dəyməyəndə hara yoxa çıxdığını soruşurdun. Görəndə isə nə şəkli olduğunu anlaya bilmirdin. Son günlər arvadından da qorxurdu. İtdən qurtulub bağ evinə vaxtından tez dönsə arvadının lal baxışlaırndan utanacağdı.
İtə sarı boylandı.Canavara oxşayırdı. Bəlkə canavardı? Hər nə idisə mərd və qorxmazdı. Heç zaman bu it qədər öz istəyinin yiyəsi ola bilməmişdi. Kiməsə baş üstə deyib yaşamışdı. Kiminsə iti olan bu it də, ondan fərqli olaraq özü özünün ağasıydı. Həyata qalib doğulmuşdu. İtin quru buludlu göy üzündən,üstündə mərdi mərdana dayandığı yoldan heç bir asılılğı yox idi. Heç kəsdən qorxmurdu. İstədiyini eləyirdi. Yaltaqlıq nədi bilmirdi. Yalan danışmırdı. Heç kimə hesabat vermək fikrində də deyildi. O, ölümdən də xəbərsiz idi. Onun bu sərt it həyatında ən qəddar hadisə nə zamansa ölümü olacaqdı. İt bunu bilmədiyindən ölümündən də qoxmurdu. Bu dəqiqə o üstündə dayandığı yolun ağasıydı. Və bu ağalığını əlindən vermək fikri yox idi.
Əyilib yerdən daş götürdü. İt həmin an duyuq düşdü. Daş təhlükəsinin olduğunu qan yaddaşı ilə anladı.
Məğrurluğunu pozmadan onu bir rəqib kimi dişinə vurdu. Sonra it ağlıyla nəsə anlayıb hürə hürə üstünə cumdu.
Gözlərini yumub qorxa qorxa daşı itə sarı atdı. Daş itə dəymədi. Dəymədi nədir heç çatmadı da. Daşdan çox torpaq kəsiyi olduğu üçün havada ovulub yola töküldü.Bircə anda ağzı qurqupu qurudu. Qışqırığı ağzından deyil, burnunun deşiklərindən çıxdı. Geriyə qaçmaq istədi.Bacarmadı. Ayaqları qəfil tutuldu. Qışqırığı öskürəyə oxşadı. Dizləri qatlandı. Yerə çökdü. İt ona şatan kimi şalvarının balağından yapışdı. Alacalanmış gözlərindən yanağına doğru səsiszcə yaş axırdı. Hərdən hərdən ağlamağını vurğulayan hıcqırığı elə vahiməli səslənirdi ki, it bu “şaraqqıltıya ” beş altı addım kənara hoppanırdı. Sonra yenə hürə hürə üstünə cumub şalvarının balağını dartışdırırdı.
Toxtayanda itin başı üstə oturub qalib gözləri ilə harasa uzaqlara baxdığını gördü. Ayağa qalxıb ayaqlarını sürüyə sürüyə geri dönəndə belə it ona tərəf baxmadı. Görünür itin gözündən bir rəqib kimi birdəfəlik düşmüşdü.
Qapıdan içəri keçib ” it ağzından çıxmış ” şalvarını, parça tikə olmuş ayaqqabılarını evin arxasındakı qumluqda bacdırdı. Arvadı baxçadakı qızıl gülləri sulayırdı. Onu görən təki hirslənib:-“ Bu nə sir sifətdir! Yekə kişisən o boyda vəzifə sahibisən. Lümbələmlüt, palçıq içində hardan gəlirsən belə? ”- dedi.
Arvadına cavab vermədi.Dinməzcə qızıl gül tağlarının arasındakı yaş torpağın üstünə oturdu. Arvadı ağzı deşikli gül sulayan ilə gülləri suladığı kimi onu da suladı.
Güllərdən xoş ətir qoxusu gəlirdi.
Hər dəfə sulandıqca bir barmaq böyüklüyündə böyüyürdülər.
Qəfil canını tanış qorxu bürüdü. Əvvəlcə güllərdən, sonra sudan qorxdu.
Qorxa – qorxa arvadının üzünə baxdı.
Arvadı qorxduğunu anlayıb :-“ Dur get paltar geyin. Soyuqlayarsan! ”-dedi.
Evə keçdi.Yüngül yay köynəyini geyinəndə gözü pəncərədən görünən gömgöy dənizə sataşdı. Günəşli, gözəl bir yay günüydü. Sahildə xeyli adam vardı. Qayğısız,qorxusuz, arın-arxayın dincəlirdilər.
Arvadı otağa girib:-“Dənizdə çimə bildin ? ”-soruşdu.
-“Hə çimdim ! ”-dedi.
Arvadı yenə:-“Su necəydi ?”-xəbər aldı.
-“İstyidi”- dedi və hiss etdi ki mədəsi qıcqırır. Ürəyi əsir. Dizləri taqətdən düşür. Və hardansa içinin lap dərinliyindən boğazına doğru qalxan qorxu bədənini silkələyir.
Özünü ələ alıb:-“ Sənə dedim axı su istiydi. Niyə hər dəfə məndən suyu coruşursan ? Nə istəyirsən məndən? ”- deyə qışqırdı və qorxa qorxa çevrilib arvadının üzünə baxdı.
Arvadı onu eşitmirdi. Pəncərədən həsrətlə dənizə tərəf baxırdı. Və arvadının da gözlərində yenicə cücərmiş yamyaşıl,şirmayı kimi hamar əbədi qorxu vardı.