NİZAMİ GƏNCƏVİ ƏDƏBİYYATINDA DİNİ MƏSƏLƏLƏR
NİZAMİ GƏNCƏVİ ƏDƏBİYYATINDA DİNİ MƏSƏLƏLƏR
Dahi Azərbaycan şairi, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi 1141-1209-cu illərdə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində yaşayıb-yaratmışdır. Nizami Gəncəvi Gəncə mədrəsələrində təhsil alıb. Həmin dövrün elmlərini öyrənməklə yanaşı, Yaxın və Orta Şərq xalqlarının yazılı və şifahi ədəbiyyatına yaxından bələd olub.
Ümumiyyətlə, əgər biz Nizami Gəncəvinin əsərlərini araşdırmağa başlasaq, onun əsərlərində İslam dininə və İslam düşüncə tərzinə böyük yer ayrıldığını görə bilərik.
Ustad Nizamiyə görə, bizim düşüncələrimizin, varlığımızın qaynaqları əsasən üç hissədən ibarətdir: islami dəyərlər, milli dəyərlər, bəşəri dəyərlər. Əgər bu qaynaqlardan hər hansısa biri pozularsa, o zaman ilahi nizamdan uzaqlaşarıq, nəfsin, başqalarının köləsinə çevrilərik.
Nizami Gəncəvi Xəmsəyə daxil olan əsərlərinin giriş hissəsində əsasən Allahın və Peyğəmbərin tərifinə geniş yer ayırmışdır.Nizami bütün əsərlərində islami dəyərlərin şərhini verir, Qurani kərimdəki surələri bədii bir biçimdə açıqlayır, insanların bu ilahi dəyərləri qavraması, bu ilahi ölçüləri qəbul etməsi üçün çeşidli vasitələrdən istifadə edir.
Məsələn, Xəmsənin ilk poeması olan “Sirlər Xəzinəsi”nə bu cür başlayır:
Bisməillahir-rəhmanir-rəhim.
Hikmət xəzinəsinə budur açar, ey həkim!
Buradan da göründüyü kimi, Nizami hər bir işə başlamazdan əvvəl Qurani Kərimdə qeyd olunduğu kimi, “bismillahir-rəhmanir-rəhim” kəliməsini söyləməyimizin vacib olduğunu vurğulayır.
Xəmsənin ikinci poeması “Xosrov Şirin”də ilk olaraq Allaha müraciət yer almışdır.
Kömək qapısını aç, ey yaradan!
Göstər Nizamiyə düz yolu hər an!
Səni tanıyan bir кönül ver ona!
Tərifini deyən bir dil ver ona!
Yol vermə кi, pisliк qəlbinə dolsun,
Əlim yamanlıqdan qoy uzaq olsun
Burada Nizami Allaha dua edir ki, ona kömək olsun, gördüyü işlərdə hər zaman Allahı yadında saxlasın, hər zaman ona şükür edən bir dil versin, heç zaman şər əməllərə, pisliklərə qurşanmasın.
Ümumiyyyətlə, biz onun əsərlərinə diqqətlə baxsaq, Nizaminin hər zaman şükür edən bir insan olduğunu görərik. Şükür etmək də, bildiyimiz kimi, dinlə bağlıdır. İnsan hər zaman sahib olduqlarına görə şükür etməyi bacarmalıdır, bunu bizə dini kitablar öyrədib.Qurani-Kərim, İncil, Tövrat və digər dini kitabların ana xəttini mövcud olmağımıza, yaşamağımıza, sahib olduqlarımıza görə minnətdarlıq hissini duymaq təşkil edir.
Məsələn, Nizami Gəncəvi Leyli Məcnun poemasını bu cür bitirir:
Şükürlər olsun ki, bu kitab ünvanına çatdı,
Ömür sona çatmamış kitab sona yetdi.
Nizami ona bəzək verib
Onu başdan ayağa gövhərə qərq elədi.
Yuxarıdakı misralardan da gördüyümüz kimi, hər bir əsərini bitirdikdə Nizami Allaha şükür etmiş, ona bağlılığını ifadə etmişdir.
Və yaxud aşağıdakı misralara nəzər salaq:
Ey Tanrı, dünyaya sənsən padşah,
Biz kiçik bəndəyik, sən böyük Allah!
Tək sənə sığınır hər yüksək, alçaq,
Hər varlıq yoxluqdur, sən varsan ancaq.
Nizami Allaha çox bağlı bir insan olub, bunu aşağıdakı misralardan də görə bilərik:
Köməksiz biçarəyik, əlindədir çarəmiz,
Sən də çarə qılmasan kimdən umaq çarə biz?
Nizami Gəncəvinin çox məşhur, dillər əzbəri olan aşağıdakı beytinə nəzər salaq:
Eşqdir mehrabın uca göylərin,
Eşqsiz ey dünya nədir dəyərin?
Bu beytdə Nizami eşqsiz bir dünyanın mənasız, bir heç olduğunu bildirir. Ona görə, eşqsiz bir bədən ruhsuz bir bədən kimidir və Nizaminin burada təsvir etdiyi eşq ilahi bir eşqdir,
Bir məsələni diqqətə çatdırmaq yerinə düşər ki, Nizami Gəncəvinin yaşayıb yaratdığı XI-XII əsr sufizmin geniş yayıldığı bir dövr idi.Nizaminin əsərlərində sufizmin təsirini hiss edə bilərik, amma bu heç də Nizaminin sufi olması demək deyil. Bunun sübutu kimi Xəmsənin ilk poeması olan “Sirlər Xəzinəsi”nin aşağıdakı beytini nümunə göstərmək olar:
Hər hücrəyə köçürdüm şeri, şeriyyəti mən,
Çıxartdım meyxanədən, ucaltdım sənəti mən.
Birdəfəlik tullayıb zünnar ilə xirqəni,
Zahidlər, rahiblər də gəlib tapdılar məni.
İndi mən al-qırmızı bir qönçəyə bənzərəm,
Quzey rüzgarlarını durub burda gözlərəm
Bu misralardan da gördüyümüz kimi Nizami sufi şairi olmayıb, hətta o, sufilərin ona meyl göstərdiyini vurğulayıb.
Xəmsənin digər poeması olan “Xosrov Şirin”də də dinə, inanca böyük yer ayrılmışdır. Məsələn, Nizami Xosrovun və Şirinin atəşpərəstlik inancına etiqad etdiklərini dəfələrlə oxucusuna xatırladır. Məsələn, Şirinin qayıtma xəbərini eşidən Məhin Banu Atəşgaha hədiyyələr göndərir. Əslində, bu ritual sonralar İslam dinində də mövcud olmuşdu. Qurbankəsmə ayinləri, nəzir paylamalar, səcdəgahlara olan inam, pir anlayışı və s. o zamanın insanı üçün din olaraq qavradığı nəsnələr idi. Və bunlar sonralar İslam dininin atributuna çevrilmişdir.
Nizaminin yaşadığı dövrdə islam dini bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, digər tərəfdən isə, sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çırpınırdı. Amma dahi Nizami islam dinini parçalayan bu məzhəb və firqələrdən, fanatizmdən tamamilə uzaq idi.
Şair oğluna yazdığı “Oğlum Məhəmmədə nəsihət”də bu cür başlayır:
Qaç o sözlər ki, mənasız və boşdur
İlahi elmlər öyrənmək xoşdur.
Ümumiyyətlə Nizami Gəncəvinin yaradıcılığını dərindən araşdırsaq, onun əsərlərinin hər birininin minacatla başlandığını və Sonuncu Peyğəmbərin tərifi ilə davam etdirildiyini görərik.
Bəndənin ümidi sənsən, ilahi.
Yoxdur səndən başqa onun pənahı
Olmuş-olacağı sənsən yaradan,
Sənin kəramətinə möhtacdır insan.
İskəndərnamədə öz vəziyyətini təsvir edərkən bildirir ki, o, “Allaha sığınmaqdan başqa qayğısı olmayan bir mütəfəkkirdir.
Onu da qeyd edək ki, Nizami fanatik dindar olmayıb. Məsələn, İskəndərnamə poemasında “Qadına baxmaq günahdırsa, gözlərini bağla, qadını deyil”fikrindən görə bilərik ki, Nizami heç də qadının tamamilə örtünməyinin, qadının üzünü açmağın günah hesab edilməsinin tərəfdarı olmamışdır
Bir məsələni də vurğulamaq yerinə düşər ki, Nizaminin əsərlərindəki qəhrəmanlar müxtəlif dini inanca sahib insanlardır və bu da Nizaminin necə tolerant, multikultural bir yazıçı olduğundan xəbər verir.Nizami Gəncəvinin əsərlərindəki dini fikirlər bu günkü radikal dini düşüncənin yalnış olduğunu bizə izah edir. Nizami üçün din bir baxımdan həm də vicdandır.
Namiq Bağırlı,
Quba şəhərində Soyqırımı Memorial Kompleksinin əməkdaşı