İran Türkiyə və Azərbaycanla ancaq hüquq dilində danışa biləcəyini anlayır – Sübhan Talıblı
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının Türküstan.az-a müsahibəsi:
– Sübhan müəllim, artıq İkinci Qarabağ müharibəsinin 1-ci ilinin tamam olmasına bir neçə gün qalıb. Lakin bölgəmizdə xüsusilə İran mərkəzli hərbi və siyasi fəallaşma hiss edilir. Yaxın zamanda Türkiyə və İran prezidentləri, eyni zamanda Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri arasında görüşlərin keçirilməsi planlaşdırılır. Sizcə, bu görüşləri zəruri edən səbəblər nədir?
– Əvvəla, Türkiyə və Azərbaycan dövləti hər zaman həm üçtərəfli , həm də altıtərəfli formatda görüşlərin keçirilməsinin tərəfdarı olub və belə təşəbbüsləri dəstəkləyib. Bu, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Bu konteksdə də Azərbaycanın müstəqillik illərindən bu tərəfə Türkiyə Respublikası ilə birlikdə beynəlxalq sülhün və əməkdaşlığın qorunması , təhlükəsizlik, regional inteqrasiya , regional iqtisadi, ticarət və kommunikasiya əlaqələrinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət xüsusi əhəmiyyətə malikdir. Təbii ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfərin təməlində ölkə rəhbərinin iradəsi və Ordumuzun peşəkarlığı, qorxmazlığı, möhkəm ideoloji hazırlıq və tarixi ədalətin bərpasına inam var. Əlbəttə, qazandığımız zəfər bölgədə yeni bir siyasi mənzərə və reallıq yaradıb. İndi əldə olunan zəfəri möhkəmləndirmək və tam şəkildə Azərbaycan ərazisində suverenliyimizi bərpa etmək istiqamətində işlər görülür. Lakin son baş verən hadisələr fonunda ictimaiyyəti narahat edən problemlər var. Təbii İran dövləti, eyni zamanda onun müvafiq qurumları Azərbaycan və Türkiyənin regionda olan nüfuzunu, bir sıra tarixi-ideoloji, siyasi, mənəvi dəyərlərinin və Türk kimliyinin ağırlığını, xüsusilə Türkiyənin artıq bölgədə aparıcı dövlət olduğunu çox yaxşı bilir. Bunu xüsusilə vurğulamaq istəyirəm ki, Türkiyənin və xüsusilə Rəcəb Tayyib Ərdoğanın türk-islam dünyasındakı liderlik nüfuzu da İran dövlətinin rəhbərlərinə məlumdur. Biz İran-Türkiyə yaxınlaşmasına tarixdə bir neçə dəfə şahid olmuşuq. Bunlardan birincisi Mustafa Kamal Atatürkün zamanında olub, sonradan bir sıra sənəd və müqavilələr imzalanıb. Amma sərhədlərin təhlükəsizliyi, narkotik maddələrin tranziti, qanunsuz miqrantların sərhəd məntəqələrindən keçməsinə göz yumulması, erməni məsələsi kimi problemlər hələ də qalıb. İran və Azərbaycan arasındakı münasibətlərə də nəzər salsaq, problemli məsələlərin şahidi ola bilərik. İran Azərbaycan enerji ehtiyatlarının istehsalında və dünya bazarına çıxarılmasında Qərbin aparıcı dövlətlərin iştirakı, Azərbaycan və Türkiyə arasında, Azərbaycan və İsrail arasında olan münasibətlərdən, bizim cənubdakı soydaşlırımıza qarşı olan həssaslığımızdan narahatlıq duyur. Azərbaycan isə hər zaman Ermənistan və İran arasında olan münasibətlərindən, İranın birinci və ikinci Qarabağ müharibələrində bu dövlətə göstərdiyi siyasi, iqtisadi və hərbi yardımlardan, eyni zamanda cənubdakı soydaşlarımıza qarşı ayrı-seçkilikdən narahatlıq duyur. İran rəhbərliyi də artıq anlamağa başlayıb ki, sadaladığımız problemlərin həllində bu və digər yollardan istifadə etmək yerinə, ölkə rəhbərləri və hökumətlərarası səviyyədə görüşlərə, danışıqlara üstünlük vermək lazımdır”.
– Türkiyə və Azərbaycan dəfələrlə bütün dünyaya və qonşulara ölkələrimizin strateji müttəfiqliyinin heç kimə qarşı yönəlmədiyini elan edib, səmimi qonşuluq münasibətlərinə üstünlük verir. Ancaq İrandan biz bunun qarşılığını görmürük. Sözügedən görüşlərdən hansı nəticələr çıxa bilər?
– Türkiyə və Azərbaycan sülh və əmin-amanlıq içində yaşamaq, bütün qonşularla qarşılıqlı hörmət çərçivəsində səmimi münasibətlər qurmaq tərəfdarıdır. Lakin sizin də qeyd etdiyiniz kimi, təəssüf ki, biz İrandan bunun qarşılığını görmürük. Təsadüfi deyil ki, bəzi xarici ekspertlərin İran diplomatiyası ilə bağlı belə bir yanaşması var: “ İranlı bir cür düşünür, bir cür danışır, əməldə isə bunların heç birini etmir”. Türkiyə və Azərbaycan istəyir ki, gələcəkdə imzalanacaq sənədlər, protokollar, müqavilələr, bəyanat və bəyannamələr yalnız kağız üzərində qalmasın, onlara əməl olunsun. Bu yaxınlarda həm Türkiyə və İran prezidentləri səviyyəsində, həm də Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşlərdən sonra müəyyən yumşalmalar yarana, qaçaqmalçılıq, sərhədyanı ərazilərdən narkotik maddələrin daşınmasına, qanunsuz miqrantların keçirilməsinə son qoyula, bununla bərabər İranın da Qarabağa sərmayə qoyulmasında iştirakı məsələsi də müzakirə edilə bilər”.
– İranın son dövrdə diplomatiyaya daha çox maraq göstərməyə başlamasını Türkiyə ilə Azərbaycanın birlikdə sərgilədiyi qətiyyətli mövqenin nəticəsi kimi dəyərləndirmək mümkündürmü və belə görüşlərin regionun ümumi mənzərəsinə hansı təsirləri ola bilər?
– İran qeyri-adekvat davranışları ilə Türkiyə və Azərbaycanda itirmiş olduğu nüfuzunu yenidən geri qaytarmaq istəyir, ona görə də belə görüşlərin keçirilməsinə daha çox diqqət ayırmağa başlayıb. İran artıq anlamağa başlayıb ki, Türkiyə və Azərbaycanla artıq hüquq dilində danışmaq olar. İran artıq görür ki, Türkiyə və Azərbaycan artıq bir dövlət kimi hərəkət edir, ciddi strateji əməkdaşlıq həyata keçirir və Azərbaycan artıq öz ordusunu Türkiyənin ordusu modelində yenidən qurur. İranla bağlı digər bir məsələ budur ki, diplomatların ölkələrdəki fəaliyyəti beynəlxalq hüququn prinsiplərinə və Vyana konvensiyalarına əsaslanmalı, diplomatlar da fəaliyyət göstərdikləri ölkələrin bu və ya digər məsələlərdə daxili işlərinə qarışmamalıdır. Hesab edirəm ki, yaxın zamanda hər üç ölkənin xarici işlər nazirlərinin arasında keçiriləcək görüşdə İranda qondarma erməni soyqırımı məsələsinin təbliğinə verilən dəstəyə, erməni faktorundan Türkiyə və Azərbaycana qarşı istifadəyə son qoyulması kimi məsələlər də müzakirə ediləcək. Ümumiyyətlə, siyasi danışıqların keçirilməsi bütün tərəflərin maraqlarına uyğundur. Yetər ki, əldə olunan razılaşmalar yalnız kağız üzərində qalmasın və həyata keçirilsin”.
Söhrab İsmayıl