İraq türkmənləri necə yaşayır və nə uğrunda mübarizə aparır?
İraq türkmənləri necə yaşayır və nə uğrunda mübarizə aparır? – EKSKLÜZİV MÜSAHİBƏ
“Azərbaycanın hər zaman qalib olmasını istəyirik”
“Türkiyə bizim ana vətənimizdir”
İraq Türkmən Cəbhəsinin İdarə Heyətinin üzvü Aydın Marufun Modern.az-a eksklüziv müsahibəsini təqdim edirik:
– Aydın bəy, İraqda türkmənlərlə bağlı vəziyyət necədir? Hökumətdən əsas tələbləriniz nədən ibarətdir?
– Türkmənlər hər zaman barış və sülh yolu ilə haqlarını müdafiə edib. Yaşadığı bölgələrdə, xüsusilə də Türkiyə Cümhuriyyəti və Türk dövlətləri ilə əlaqlərini gücləndirib.
İraqda haqlarını tələb etdiyi zaman yalnız sülh yolunu tutub. Bizim İraq hökümətindən istədiyimiz sadəcə İraq qanunları və bu qanunlara əməl olunmasıdır. Konstitusiyada əksini tapan qanunlar bizim üçün vacibdir. Bölgədə qanunların düzgün yerinə yetirilməsi önəmlidir.
Türkmənlər İraqda siyasi hakimiyyətdə azsayda iştirak edir. Bu gün hakimiyyət üçün vacib yerlərdə türkmənlərə yer verilməsi lazımdır.
– Dini və etnik azlıqların hüquqları ilə bağlı qanun 2015-ci ildə İraq parlamentində qəbul edildi. Bu gün qanunda nəzərdə tutulmuş maddələr yerinə yetirilirmi?
– Türkmənlər İraqda məzlum bir toplumdur. İstəklərimiz sadəcə bizə konstitusiya daxilində olan hüquqlarımızın verilməsidir. Çünki keçmişdə də türkmənlər basqı altında olublar. Biz qanunların yerinə yetilirməsini istəyirik. Türkmənlərə qarşı ədalətsiz siyasət aparılıb. Bu gün İraqda apardığımız siyasət və mübarizə haqlarımız üçündür. Bu haqlara siyasi, milli, təhsil və s. daxildir. Bunlar hamısı türkmənlərin varlığı üçündür.
İstəyimiz budur ki, İraqda türkmənlərin varlığı hər zaman qorunsun. Biz burada digər etnik qruplarla birlikdə güvənli şəkildə yaşayaq. Bundan sonra da mübarizəmizə qaldığımız yerdən davam edəcəyik.
– Türkmənlər İraqdan muxtariyyət istəyirdi, bu gün belə istək hələ də qüvvədədir?
– Bu gün İraqda 18 vilayət var. Hər vilayətin də öz rəhbəri var, amma təəsüf ki, bir türkmən rəhbər yoxdur. Ona görə də hazırda bunun üçün mübarizə aparırıq. Türkmənlər üçün Kərkük şəhəri vacibdir. Kərkükdə rəhbərin türkmən olması bizim üçün əsas şərtdir. Uzun zamandan sonra bu məqsədə çatmaq naminə çalışırıq. Bu, bizim ən sadə haqqımızdır. Biz bu şəhərlərdə yaşayırıq.
– Qardaş Türkiyə sizin təmsil olunduğunuz partiyanı açıq şəkildə dəstəkləyir. Bu dəstək fəaliyyətinizə necə təsir edir?
– Türkiyə bizim ana vətənimizdir. Hər zaman türkmənlərə dəstək olub. Məzlum toplumun yanındadır. Bizim də Türkiyə kimi bir ölkənin dəstəyinə həmişə ehtiyacımız var. Türkiyənin dəstəyi bizim üçün həm də mənəvi üstünlükdür. Türkiyə Cümhuriyyətinin türk dünyasına və bizə dəstək verməsi təqdirəlayiq haldır.
– Türkmən qadın və uşaqların yaşayış, təhsil səviyyəsi necədir?
– Digər etnik qruplarla birlikdə yaşadığımız bölgədə birlik hökm sürür. Bizim həyatımızda qadınlar çox mühüm yerə sahibdir. Diplomatik həyatda da onların rolu böyükdür. Qadınlarımızın fəaliyyəti bütün sahələrdə önəmlidir. Onların hər sahədə aktiv rolunu dəstəkləyirik.
– Türkmənlər necə bir cəmiyyətdə yaşamaq istəyirlər?
– Hazırda biz burada birlikdə çox yaxşı yaşayırıq. Bütün etnik qruplarla birgə bağlarımız var. Hər kəs bir-birini qəbul edib. Hər zaman insanlar bir-birinə qarşı hörmət edirlər.
– Hazırda İraqda terrorla mübarizə tədbirləri davam etdirilir. İŞİD terror qruplaşması türkmənlər üçün hansı çətinlikləri yaradır?
-Terror həyatımızda təhdid xarakterlidir. Sərhəd bölgələrində, etnik qrupların olduğu yerlərdə həyatımız təhlükə altındadır. Bizlərə qarşı təhdid və basqı göstərməyə çalışırlar. Təəssüf ki, tez-tez uşaqları qaçırmağa cəhd edirlər. PKK-nın varlığını yox etmək üçün mütləq Ankara-Ərbil-Bağdat arasında işbirliyi vacibdir. Bu işbirliyi baş tutarsa, yaxşı nəticələr əldə edə bilərik.
– Bəs, İraq türkmənləri Azərbaycanın Vətən müharibəsindəki qələbəsini necə qarşıladılar?
– Bizim üçün Qarabağ bölgəsi olduqca önəmlidir. Biz hər zaman qardaş Azərbaycanın yanındayıq. Türk dünyası üçün Qarabağın azad olunması vacib idi. Hər zaman Azərbaycanın qalib olmasını istəyirik və arzu edirik.