GenelGüncelKültür Sanat

Güləmail Murad : Azər və Songül – ZƏFƏRNAMƏ

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Güləmail Murad

   Azər və Songül

ZƏFƏRNAMƏ

                          Poema

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin  baş giziri Azərbaycan sərhəd mühafizəsini 100 illiyi yubiley, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli, ölümündən sonra Vətən müharibəsi qəhrəmanı, Vətən uğrunda və Cəbrayılın azad  olunması medalları ilə təltif olunmuş  Azər Yusiflinin unudulmaz xatirəsinə.

                Epiloq

Bilmirəm hardan başlayım,

Hardan yazım bir şeiri?

Göyüm – göyüm göynəyir,

Ürəyimin hər yeri.

          ***

Çiynimizdə nə qədər,

Tabut gedir, ay Allah.

Qoy müharibə olmasın:

La ilahə illəllah.

          ***

Sənsən  gümanım mənim,

Rəbbim kömək ol bizə.

Qan gölü yaranmasın,

Lalələr çıxsın dizə.

          ***

Xoş gördük, Azər balam,

Yurdun mübarək olsun.

Sənə yazdığım şeir,

Qəbrinə çələng olsun!

            ***

Doğma Ağıstafam,  gözəl el – obam,

Yenə ürəyinə  dağlar çəkildi.

Yenə bir ananın ürəyi yandı,

Yenə bir atanın beli büküldü.

          ***

Sil göz gözün yaşını başına dönüm,

De azmı görübsən olacaqları?

Torpağa verdiyin şəhidlərinlə

Hər gün  fəth edirsən ucalıqları…

          ***

Sazına, sözünə qurbanam sənin,

Keçmişin, sazında, sözündə yatır.

Səhərin nə gözəl açılır  sənin,

 Ruhların səhərin gözündə yatır.

          ***

Saysam şəhidlərin heç saya gəlməz,

Hamsının bir adı:  vətəndi, vətən.

Ağacın, çiçəyin çoxalıb sənin,

Şəhid ruhlarıdır torpaqdan bitən.

          ***

Qızarır gözlərim söküldükçə dan,

Bu gecə  uyuyub heç yatmamışam.

Sərhəddə əsgəri güllə oyadır,

Mən heç öz balamı oyatmamışam.

          ***

Azərin gözünə yuxu getmir heç,

Baxışı sərhəddə uzanıb gedir.

Diqqəıtlə oxusan, baxıb görərsən,

Göylərə bir məktub yazılıb gedir.

          ***

Azər o məktubda nə yazıb görən,

Buludlar oxusun, göylər oxusun.

Göylərin sökülən yerləri varsa,

Alıb o məktubu ora toxusun.

          ***

Bəlkə yuxulardı məktublar deyil,

Beləcə uçuşur sərhəd boyunca.

Ana yuxuları elə göydəcə,

Dönür ağ yorğana, dönür balınca.

          ***

Azər dan üzünü  sevir ürəkdən,

Dan üzü bənzəyir qızaran gözə.

Vətənin gülüylə, çiçəkləriylə,

Azər dilə gəlir, başlayır sözə.

          ***

Azər yaxşı bilir sərhəd dərdini,

Düşmən həmləsiylə yarılıb sərhəd.

Əsgərlər gözünü yumub açanda,

Bəlkə də beş yerdən  qırılıb sərhəd.

          ***

Gözünü heç zaman yummayır Azər,

Sərhədi gözündə o düz saxlayır.

Sərdədin  nə vaxtsa  sınan yerləri,

Onun gözlərini tutub bağlayır.

          ***

Sərhəd qoşununun gizir övladı,

Ayaqdan diridi, gözdən itidi.

Onun gözü boyda gördüyü dünya,

Doğma vətəninə məhəbbətidi.

          ***

Qarşıda Zəngilan, Cəbrayıl, Ağdam,

Sərhədlər hər yerdə dağım – dağımdı.

Sərhədi uçubsa, xəstədir demək,

Sərhədi bötövsə, sağlamlığıdı.

          ***

Üç rəngli bayrağı tutub əlində,

Qarşıda düşmən var, dağ var, dərə var.

Zəngilən  torpağı görür bayrağı,

Göylərə yüksəlir haylar, haraylar.

          ***

Sevinir Zəngilan sevinir Azər,

Qovuşur bir anda vüsal – vüsala.

Bayrağı görən tək, bir an içində,

Torpaq bülənd olur yaşıla, ala.

          ***

Asır Zəngilanın başının  üstən,

Üç rəngli, o məğrur qalib bayrağı.

Bayraq asıldımı,  sanki açılır,

Zəngəzur elinin dili, dodağı.

          ***

Düşür hər tərəfə bayrağın nuru,

Düşmən gizlənməyə deşik axtarır.

Baş vurur göylərin dərinliyinə,

Bayrağım hər yana padşah tək baxır.

Bir xəbər yayılır Ağsatafaya,

Azərdi,  bu saat  bu günün sözü.

Vətən göylərdində qoşa şamdılar,

Həm Azər, həm dəki bayrağın özü.

          ***

Yurdun hər yerində işıq saçırlar,

Bir bayraq, bir Azər, bir dəki  vətən.

Indi o bayrağın işığı altda,

İlhamla yazıram öz şeirimi mən.

          ***

Dildə əzbər oldu Azərin adı,

Qəzetə, ekrana, ağıza düşdü.

Şeirimin bir ucu tutdu göyləri,

Bir ucu əyilib kağıza düşdü.

          ***

Vətənin o başı bu başı yoxdur,

O başda Azərdir, bu başda Azər.

Bir vaxt gözümüzlə görürdük onu,

Indi də ağılda yaddaşda gəzir.

          ***

Indi şeirdədir, nəğmələrdədir,

Yaşayır Arazın ləpələrində.

Sən onu axtarsan tapa bilərsən,

Bütün Azərbaycan sərhədlərində.

          ***

Mahmudlu, Soltanlı Veysəlliyə get,

Durur bu kəndlərdə ayaq izləri.

Onun addımları bitən yerlərdə,

Açılır torpağın bağlı gözləri.

          ***

Odur, Xudafərin, azadddı, azad,

Körpü sevincini kim duya bilər.

Bir dəfə üstündən adlayıb keçən,

Azəri kitab tək oxuya bilər.

          ***

Cəbrayıl Azərin dilində indi,

Ən gözəl nəğmədi, ən gözəl şeir.

Qədim Cəbrayılın açan gülləri,

Indi  Ağstafaya “çox sağ ol”- deyir.

                 2

Günlərin bir günündə,

Cəbhəyə getdi Azər.

Anasının dilində,

Layla tək bitdi Azər.

          ***

Ağstafa elləri,

Uğur olsun dedilər.

Hər tərəfdə qan- qada

Pozulubdu sərhədlər.

          ***

Ayrılıb Songülündən,

Getdi döyüşə  Azər.

Bilirdi ki, sərhəddən,

Çıxıb gəlir güllələr.

          ***

Sinəsi dağlı idi,

Azərin vətən sarı.

Gözləyirdi yolunu,

Soltanlı, Əmirvarlı.

          ***

O getdi canı ilə,

Sərhədi bağlamağa.

Vətəndə körpələri,

Getdi sağ saxlamağa.

          ***

Mahmudlu və Göyərçin

Kəndlərini görəndə.

Güllərlər ac qurd kimi

Ulayanda, hürəndə…

          ***

Heç zaman titrəmədi,

Avtomatı əlində.

Yerdən bir çiçək dərdi,

Son dəfə Songülünə.

          ***

Necə xöşbəxt olurmuş,

Azad vətən övladı.

Müharibədə əsgərin

Döyüşdü istedadı.

          ***

Xudafərin körpüsün,

Bir an görüncə Azər.

Yadına düşdü Təbriz,

Yadına  düşdü Xəzər.

          ***

Qanadlandı xəyalı,

Uçdu Göyçəyə sarı.

Sərhədçi gözləriylə

Doğradı buludları.

          ***

Şuşa gəldi yaxına,

Gözü doldu Azərin.

Gözü olmaq istədi

Açılan səhərlərin.

          ***

İstədi ki, söz kimi

Gəzsın dildə, dodaqda.

Həm Bakıda, Şəkidə,

Həm Qubada, Qazaxda.

          ***

Vətən sərhədlərində

Onun göz işığı var.

Əsgərlərin içində

Gözəl bu duruşu var.

          ***

Böyük Kəsik kəndində

Onu Songülü gözlər.

Baxçalar da, bağlar da,

Dərər, bir gülü gözlər.

          ***

Çiyni gizir rütbəli,

Vətən düyğulu Azər.

Vətən sevgili igid,

Vətən qayğılı Azər.

Dövlət Sərhəd Xidməti,

Onun göz işığıdı.

Sərhəd müəllimiydi,

Sərhəd yaraşığıydı.

          ***

Zəngilan şəhərinə,

Bayraq sancdığı zaman.

Ona çox sağ ol dedi,

El- oba, Azərbaycan.

          ***

Sözünü rəhbər tutdu,

Ali Baş Komandanın.

Pərvanəsi oldu o,

Anam Azərbaycanın.

          ***

Songülü zənglərində

Hər vaxt ona “can” dedi.

Azər Songülünə də,

Dedi, Azərbaycan, dedi.

          ***

Bu saat hamı, hər kəs,

Azərbaycandı mənə.

Anam da Azərbaycan,

Atam da Azərbaycan,

Sevgilim, gülüm də,

Böyük Kəsik elim də

Azərbaycandı,  candı,

Canım ona qurbandı.

          ***

İyirmi altı yaşında,

Ömrünü vurdu başa.

Başa vurdumu? Əsla 

Yazdı torpağa, daşa.

          ***

Nə qədər ki, Cəbrayıl,

Yaşayacaq dünyada.

Nə qədər ki, Zəngilan,

Yaşayacaq dünyada.

Nə qədər ki, Fizuli,

Yaşayacaq dünyada.

Nə qədər  Azərbaycan,

Yaşayacaq dünyada,

Azər də öz ömrünü ,

Qoşacaq bu həyata.

          ***

Nə qədər sərhədlər var,

Azər sərhəd olacaq.

Ölümə, qan – qadaya,

Azər bir sədd olacaq.

          ***

Otuz il həsrət bitdi,

İt dək qovuldu yağı.

Zəngilən torpağına,

Azər sancdı bayrağı.

          ***

Düz səhər saat dörddə,

Sancıldı doğma bayraq.

Şuşa da qanadlandı,

Zəngilana baxaraq.

Cəbrayılın Göyərçin,

Kəndində qanad açdı,

Azərin düyğuları,

Uçdu Laçına sarı,

Uçdu Ağdama sarı.

         3

Doxsan dörddə doğuldu,

Böyük Kəsikdə Azər,

Ondan da müharibəydi-

Düşmən taptağındaydı,

Həm Fizulu, Qubadlı,

Həm Zəngilan, Kəlbəcər

          ***

Şəhdlər  onda da vardı,

Onda Azər körpəydi.

Şəhid qəbirləri də

Azər üçün təpəydi.

          ***

Nə bilirdi, böyüyüb,

O da şəhid olacaq.

Onun da gül məzarı,

Torpaqdan ucalacaq.

          ***

Atası Nazim müəllim,

Hərdən deyirdi ona.

Sənin yaşına qalmaz,

Müharibə yetərdi sona.

          ***

Evdə Yeganə müəllim,

Azərə dərs deyirdi,

Uzaqldan çək gözünü

Kitaba bax, deyirdi.

          ***

O bilmirdi, övladı,

Niyə baxır uzağa?

Sərhədçi olacaqmış,

Baxır təpəyə, dağa.

          ***

O gün hansı günüydü,

Susdu, ürəyi, susdu.

Xudafərin titrədi,

Düşmən sərhədi pusdu.

          ***

Songülə çatdı xəbər,

Saçın küləyə verdi.

Axan göz yaşlarını,

Verdi, ürəyə, verdi.

          ***

Barmağında üzüyün

Sərhədləri titrədi.

Tutdu, əliylə,  tutdu,

Heç nə kömək etmədi.

          ***

Necə çətin olurmuş,

Nişan üzük ağrısı,

Üzük də ağappaqdı,

Çəkilibdi sarısı…

         ***

Azərin arzuları,

Keçdi həyata, dostlar.

Azərbaycan ordusu,

Yetişdi dada, dostlar.

          ***

Şüşa azad olundu,

Könüllər şad olundu.

Şəhidlər yad olundu,

Bittdi qan- qada, dostlar.

          ***

Qələbə düzün oldu.

Sərhədlər gözüm oldu.

Qarabağ bizim oldu,

Qalmadı yada, dostlar.

          4

Ali baş Komandan, o ali rəhbər,

Ölkəmin ən böyük şöhrət – şanıdı.

Fərman imzaladı, fərmanda Azər,

“Vətən müharibəsi qəhrəmanıdı.”

          ***

Azərin şöhrəti gəzdi hər yanı,

O mənfur düşmənin bağrını dəldi.

Sağ olsun Prezident, onun dalınca

“Vətənin uğrunda” medalı gəldi.

          ***

Cəbrayılın azad olunmasında,

Xidmətinə görə medal da aldı.

Azər qəhrəman tək düşdü tarixə,

Alçaqlıq düşmənin özünə qaldı.

Songülün son şeiri

Sən qoruyan sərhədi

Gözüm üstə düzərəm.

Aldığn torpaqlarda

Lap arxayın gəzərəm.

          ***

Azər,ölüncə gözlərəm,

Bir gün gələrsən deyə.

Şəklinə yalvararam,

Bəlkə dinərsən deyə.

          ***

Zəngilana gedərəm,

Səni güldən soraram.

Zəngilan torpağında,

Ayağaımı yoraram,

          ***

Gedərəm, dayanmaram,

Səni tapınca, Azər.

Sən yatan torpaqdaca,

Şirin yatınca, Azər.

              Epiloq

Ey vətən şəhidi, ey Azər balam.

Məzarın gah göylə, yerlə yarışır.

Yazıram, doymuram sücaətindən,

Görürəm adına dastan yaraşır.

          ***

Elə düyğular var, yandırır məni,

Hayandan başlayım, hələ bilmirəm?

Üç aydı gəlmişəm Ağstafaya,

Qayıdıb özümə  gələ bilmirəm.

          ***

Songülə baxanda necə qayıdım,

Sən gərək özündən çıxıb gedəsən.

Laçının dəhlizin bağlamaq üçün ,

Bir dəfə qəbrinə baxıb gedəsən.

          ***

Sən torpaqda yatan son gücümüzsən,

Daima keşikdə dayanacaqsan.

Nə vaxtsa düşmənin səsin eşitsən,

Qoca palıd kimi oyanacaqsan.

          ***

   Səninlə böyüdü, ucaldı vətən,

Sizlər yaratdınız zəfərnaməni.

Odur, Azərbaycan gedir irəli,

Birinci sırada görürəm səni.

          ***

Zəfər dastanını yazdı ordumuz,

Ali Baş Komandan oldu müzəffər.

Qırx dörd gün vətənin baş kitabına,

Siz zəfər yazdınız, mən yazdım əsər.

          ***

Qələbə müjdəsi çatdı hər yerə,

Ölkələr, qitələr yayır naməni.

Ötər aylar, illər, əsrlər keçər,

Tarix heç unutmaz zəfərnaməni.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

One thought on “Güləmail Murad : Azər və Songül – ZƏFƏRNAMƏ

  • Songül

    Adı dillər əzbəri Qəhrəman yarım…bir yan fəxr, bir yanim sonsuz kədər….sevərəm səni dünya, axirətdə… əməyi keçən hər kəsdən Allah razı olsun..

Yorumlar kapatıldı.

Pin It on Pinterest