Tural ADIŞİRİN
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Tural ADIŞİRİN
AMEA Şəki Regional Elmi Mərkəzin kiçik elmi işçisi
YADDAŞIN İZİ İLƏ
(Balakən-Şəki bölgəsindən toplanmış nağıllarda
“Kitabi-Dədə Qorqud” paralelləri)
Folklor hər bir xalqın mənəvi varlığını müəyyən edir. Bu anlayışda xalqın mənəvi həyatı, gen yaddaşı əks olunur. Dildən – dilə, ağızdan-ağıza keçərək əsrlər dolaşan folklor örnəkləri xalqın özünü – özünə tanıtmaq, soykökünə, tarixinə qayıtmaq vasitəsidir. Xalqımızın şifahi və yazılı fikir dünyasının nadir incisi olan “Kitabi-Dədə Qorqud” dastanı etnoyaddaşın məhsuludur. Azərbaycan folklor- şünaslığı bir elm kimi XIX əsrdən başlayaraq formalaşsa da, öz izini şərqin qədim bədii-fəlsəfi abidəsi olan “Avesta”da, “Kitabi-Dədə Qorqud” dastanında qoruyaraq sonrakı nəsillərə ötürmüşdür.
Ümumazərbaycan folkorunun formalaşmasında region folklor nümunələri- nin müstəsna əhəmiyyəti var. Xüsusilə, Azərbaycanın Şimal-qərb bölgəsinə aid olan Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarından toplanmış folklor örnəklərində özünəməxsus spesifik cəhətlər, elmi – tədqiqat üçün yenilik daşıyan məqamlar diqqətçəkicidir. Müqayisəli folkorşünaslıq xətti ilə bu bölgənin nağılları ilə “Kitabi-Dədə Qorqud” dastanının boyları arasındakı oxşarlıq yerinə yetirdiyi- miz tədqiqat işinin aktuallığını ortaya qoyur.
Azərbaycan nağıllarının mahir tədqiqatçısı olan Oruc Əliyev “Kitabi-Dədə Qorqud” və Azərbaycan nağılları” adlı məqaləsində bu mövzuya ümumi şəkildə toxunsa da, Azərbaycanın şimal-qərb bölgəsinin nağılları ilə “Kitabi-Dədə Qorqud” dastanının boyları arasındakı paralel xüsusiyyətlər, demək olar ki, işlənməmişdir.
İndi isə tədqiqat işimizin ana xətti olan Balakən-Şəki bölgəsindən toplanmış nağıllarla “Kitabi-Dədə Qorqud” dastanındakı oxşar paralellərə nəzər salaq.
Epik janrlar içərisində bilirik ki, bir-birinə daha çox yaxın və müqayisə olunanı dastan və nağıldır. Hər iki janr həcminə və mövzu rəngarəngliyinə görə digər janrlardan fərqlənir. Hətta folklorşünaslıq iddia edir ki, dastanlar nağıllardan yaranmışdır. Dastan və nağıl nə qədər bir-birinə oxşasa da, fərqli xüsusiyyətləri də çoxdur. Folklorşünaslıq elmimizin tarixi-nəzəri sistemindən bildiyimiz kimi, dastan struktur etibarilə şeir və nəsrdən, nağıl isə yalnız nəsrdən ibarət olur. Digər fərq kimi dastan olmuş bir hadisədən qaynaqlanırsa, nağıllar daha çox uydurma dan yaranır. Bir məsələni də qeyd edək ki, dastanlar müvafiq nağıl süjetlərindən yaranmış, sonrakı zamanlarda isə aşıqlar tərəfindən mükəmməl işlənərək dastan halına gəlmişdir.
Balakən-Şəki bölgəsindən toplanmış nağıllarda dastanla paralellik oxucuda həm böyük maraq doğurur, həm də onu düşündürür. Yeri gəlmişkən qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanı Balakən-Şəki bölgəsi üçün daha doğmadır. Çünki, böyük araşdırmaçı, folklorşünas alim Salman Mümtazın arxivindən “Kitabi-Dədə Qorqud” dastanı olmaqla 238 adda əlyazma əldə olunub. Buradan görünür ki, Salman Mümtaz dastanın ən qədim əlyazma nüsxələrini məhz bu bölgədən tapmışdır. Professor Ədalət Tahirzadə “Salman Mümtaz” (tərcümeyi-hal oçerki) kitabında yazır: “Sonsuz əziyyətlə topladığı əlyazmalardan o, misilsiz kitabxana yaratmışdı. “Kitabi-Dədə Qorqud” eposunun Vatikan və Drezdendəkilərdən sonra üçüncü nüsxəsi, Füzuli “Divan” nının dünyada ən qədim və ən mükəmməl əlyazması, “Şah İsmayıl Xətai “Dəhnamə” və “Nəsihətnamə”sinin elmə bəlli ilk nüsxələri, Azərbaycanın yüzlərcə qüdrətli şairinin əlyazmaları yalnız bu kitabxanadaydı”.
Balakən-Şəki bölgəsindən toplanmış “Paxıl bacılar, “İstəkli oğul”, , “Aslanın əhvalatı”, “Çoban İbrahimin nağılı”, “Naxırçı ilə padşah qızı”, “Dəyirmandaşı və sandıq əhvalatı” kimi nağıllarla “Kitabi-Dədə Qorqud” dastanının “Baybörənin oğlu Bamsı Beyrək boyu”, “Salur qazanın evinin yağmalandığı boy”, “Dirsə xan oğlu Buğac boyu” “Basatın Təpəgözü öldürdüyü boy”, “Duxa qoca oğlu Dəli Domrul boyu” və.s boylar paralellik təşkil edir.
Qeyd edəcəyimiz paralelləri “qan”, “can” və “rəqəm” anlayışları üzərində izah edəcəyik. Folklorşünas alim, professor Vaqif Vəliyev “Azərbaycan folkloru” kitabında qan məsələsini “Aşıq Qərib” dastanından gətirdiyi oxşarlıqla açıqlayır. O Beyrəyin atasının gözlərini öz qanıyla açmasını Aşıq Qəribin anasının kor olmuş gözlərini açmasıyla tutuşdurur. Qeyd edək ki, bu məsələyə dastan araşdırıcıları dastanlar arasında toxunsalar da, nağıllarla dastanlar arasındakı qan paralelliyinə toxunulmamışdır. Bu cəhətdən “Paxıl bacılar” nağılı xüsusi maraq doğurur və hər iki folklor örnəyində paralellik olduğu kimi cərəyan edir.
“Paxıl bacılar” nağılından gətirdiyimiz nümunəyə diqqət edək: “Əgər sən mənim qızımsansa, qanından bir az mənim gözlərimə sürt. Qız əlini kəsir, qanından anasının gözlərinə sürtür. Anasının gözləri sağalır”. Nağılda kiçik qızından ayrı düşən ananın gözləri ağlamaqdan kor olur. Bu oxşarlıq eynən “Baybörənin oğlu Bamsı Beyrək boyu”nda da diqqətçəkicidir. Beyrək 16 il əsirlikdə qalır, bu ayrılığa dözməyən Baybörə bəyin gözləri tutulur. Boydakı oxşarlığa nəzər yetirək: “Qazan bəy dedi: “Baybörə bəy, muştuluq, oğlun gəldi. Baybörə bəy dedi: “Oğlum olduğunu ondan bilərəm ki, kiçik barmağını qanatsın, qanını dəsmala silsin, qanını gözümə çəkim, gözüm açılsa, oğlum Beyrəkdir.” Baybörə bəy dəsmalla gözünü silən kimi Allahın qüdrəti ilə gözü açılır”.Digər paralelə diqqət edək: Nağılda evinə dönən kiçik bacını böyük bacılar tanımır, boyda Beyrəyi də bacıları tanımır, yalnız kaftanı geydikdə şübhənirlər ki bu Beyrəkdir. Nağıldan və boydan gətirdiyimiz oxşar paralellər oxucunu heyrətləndirir. Qan kultu qismən fərqli məqamda bölgənin daha bir nağılında da özünü göstərir. “Dəyirmandaşı və Sandıq əhvalatı” nağılında qan məsələsi olduqca maraqlı tərzdə verilib. Nağıldakı nümunəyə diqqət edək: “Gültəkin barmağını kəsib Fərhadın yanına gəlir, barmağının qanını Fərhada sürtür, Fərhadın daşları əriyib tökülür, sonra isə Fərhad Gültəkinin barmağının qanını ovcuna töküb daş olmuş adamlara sürtür” . Bu nağılda da Gültəkinin qanı köməyə gəlir, Fərhadın daş olmuş bədəni Gültəkinin qanı ilə öz əvvəlki vəziyyətinə qayıdır.
Daha bir oxşarlıq kimi bölgə nağıllarıyla dastan arasındakı rəqəm simvolikası böyük maraq kəsb edir. Bilirik ki, nağıllarda 40 rəqəmi daha çox rəmzi, simvolik xarakter daşıyır. 40 gün 40 gecə toy, 40-cı qapının nağılda daha çox sehirli olması və s məqamlar xasdır. “Kitabi-Dədə Qorqud” dastanında 40 rəqəminin də simvolikası var. Dastanın boylarında işlədilən 40 incəbelli qız, 40 igid kimi təqdimlər diqqətimizi çəkir. 40 rəqəmi ümumi bəsit oxşarlıq yaratsa da, Balakən-Şəki bölgəsinin nağıllarında işlədilən “40 incəbelli qız” formantı oxucunu düşündürməyə bilməz. 40 incəbelli qız formantına nağıl və dastandakı nümunələr rakursundan baxaq.
“Kitabi-Dədə Qorqud”da: “Salur Qazanın evinin yağmalandığı boy”da: “Qırx incə belli qız ilə Boyu uzun Burla Xatun əsir getdi” , “Dirsə Xan oğlu Buğac boyu”nda: “Dirsə xanın arvadı “oğlancığımın ilk ovudur” deyə yerindən durdu, qırx incə belli qızı da özü ilə götürdü. Dirsə xana tərəf getdi”.
Bölgənin nağıllarında: “Naxırçı ilə padşah qızı” nağılında: “Padşahın qızı qırx incə belli qızla meçidə gəldi”. “Çoban İbrahimin nağılı”nda: “Qədim zamanlarda Şirvan mahalında Xanəhməd adlı bir bəy yaşayırdı. Onun saysız-hesabsız qul-qaravaşları, qoyun-quzusu, qırx incə belli kənizi, çoxlu var-dövləti vardı və o, böyük malikanəsində ömür sürürdü”. Gətirdiyimiz paralellər bir daha “Kitabi-Dədə Qorqud” dastanının bu bölgəyə – Balakən – Şəki bölgəsinə daha çox yaxın olmasını ehtiva edir. Dastanda xüsusi məna daşıyan daha bir rəqəm 15-dir. 15 rəqəmi dastanda sınaq rəqəmidir, yəni 15 yaşına çatan oğuz gənci igidlik göstərməli, ad qazanmalı idi. 15 rəqəmi bir növ oğuz gəncinin döyüş sınağıdır. “Qazan xanın evinin yağmalanması boyu”nda Uruz 16 yaşındadır, ancaq heç bir igidlik göstərməyib, ad qazanmayıb. Bu Uruz üçün mənfi cəhətdir, çünki 15 yaşında artıq o igidlik məqamına yüksəlməliydi. 15 rəqəminin döyüş simvolikasını biz Balakən-Şəki bölgəsindən toplanmış nağıllardan olan “Aslanın əhvalatı” nağılında da görürük. Nağıldakı nümunəyə diqqət edək: “Aslan gəlib 15 yaşına çatır. Bir gün əmisi Aslanı və öz iki oğlunu yanına çağırıb deyir: “Övladlarım, artıq vəzirdən qardaşımın və bütün nəslimizin qisasını almaq vaxtı yetişib, yaraqlanın döyüşə gedirik” . Bu nağılda da 15 yaşına çatan gənc döyüşə təhrik edilir. Daha bir paralel kimi dastanın “Qazlıq qoca oğlu Yeynək boyu”nda Yeynək də 15 yaşına çatır, o da sınaqdan keçməli, atasını əsirlikdən qurtarmalıdır. Yeynək dustaq olan atasını xilas etməlidirsə, Aslan öldürülmüş atasının qisasını almalıdır. 15 rəqəminin həm dastanda, həm də nağıldakı ideya oxşarlığı yenə də oxucuda böyük maraq yaradır. Yeri gəlmişkən qeyd edək ki, “Aslanın əhvalatı” nağılı “Kitabi-Dədə Qorqud” dastanının “Basatın Təpəgözü öldürdüyü boy”la da səsləşir. Həm nağıldakı Aslan, həm də boydakı Basat şir südü ilə bəslənmişlər. Paralellərə nəzər yetirək. “Basatın Təpəgözü öldürdüyü boy”da: “Bir gün yağılar yurda basqın edərkən Aruz qocanın körpə oğlu düşüb yolda qalır, bir şir tapıb götürür, bəsləyir. Oğuz camaatı yenə öz yurduna qayıdır. Xanın ilxıçısı gəlib xəbər gətirir: Xanım, qamışlıqdan bir şir çıxır, sıçrayıb qaçmağı adam kimidir”. Aruz deyir: “ Bu, bəlkə itən körpə oğlumdur, bəylər şirin yatağı üzərinə gəldilər, şiri qaçırıb, oğlanı tutdular. Aruz oğlanı evə gətirdi. Dədəm Qorqud gəldi adını Basat qoydu”. Boydan gördüyümüz kimi, Basatı şir baxıb böyüdür. “Aslanın əhvalatı” nağılında da Aslan şir südü ilə bəslənilib. Nağıldakı paralelə baxaq: “Padşahın qardaşı vəzirin zülmündən qurtarmaq üçün başına bir dəstə adam yığıb dağlara çəkilmişdi. Bir dəfə onun adamlarından biri dərədəki aslanın yuvasının qarşısında oynayan bir uşağa rast gəlir və uşağı götürüb onun yanına gətirir. Padşahın qardaşı baxıb görür ki, uşağın biləyində bir bazubənd var. Bazubəndi oxuyub onun öz qardaşı oğlu olduğunu başa düşür. Uşağı götürüb bağrına basır, şir südüylə bəsləndiyinə görə adını Aslan qoyur”. Nağıldakı ad qoyma məsələsi də çox maraqlı məqamdır, dastanda bu işi Dədə Qorqud edirsə, nağılda isə padşahın qardaşı edir.
Balakən-Şəki bölgəsinin nağıllarıyla “Kitabi-Dədə Qorqud”dastanın boyları arasındakı paralellik kimi can kultuna da nəzər salaq. Can məsələsi, canını fəda etmə, bağışlama dastanın “Duxa qoca oğlu Dəli Domrul boyu”nda verilib. Boyun məzmunundan bilirik ki, Domrul öz canının əvəzinə bir can verməlidi. Atasının, anasının yanına gəlir, ancaq onların heç biri canlarını öz övladına fəda etmir. Yalnız Domrulun qadını canını yoldaşı üçün qurban edir.Burada öz doğma ata-anasının övladı üçün canını fəda etməməsi təəssüf yaradır : “Dəli Domrul durub atasının yanına gəldi. Atasının əlini öpüb dedi: “Ata, səndən can istərəm verərsənmi? Atası deyir: “Dünya şirin, can əzizdir. Canımı qıya bilmərəm. Məndən əziz, məndən yaxın anan vardır, get yanına”. Dəli Domrul atasından ümidi üzülüb anasının yanına gəldi. Dedi: “Atamdan can istədim, amma vermədi. Səndən can istəyirəm, ana, canını mənə verərsənmi”? Anası dedi: “Dünya şirin, can əzizdir. Canımı qıya bilmərəm, yəqin bil”. “İstəkli oğul” nağılında da “can şirindir” ideyası vardır. Boydan fərqli olaraq burada oğul təkcə anasından kömək istəyir : “Aman ana, qoyma, əzrayıl gəldi canımı almağa. Qarı deyir: Aman əzrayıl, xəstə mən deyiləm, oğlumdu. Get onun yanına mən hələ ölmək istəmirəm.”.
Balakən-Şəki bölgəsindən toplanmış nağıllarda “Kitabi-Dədə Qorqud” paralelləri dastanın ən qədim əlyazmasının məhz bu bölgədən tapılması ehtimalını yaradır. Bu mövzunun daha da ciddi araşdırmaya ehtiyacı vardır.