Elnur Uğur Abdiyev
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Elnur Uğur Abdiyev
Elə yaşayasan
Elə yaşayasan, elə öləsən,
Yaşada biləsən yoxkən çoxunu.
Zamantək bu qəddar nişangaha da,
Tuşlaya biləsən ömür oxunu.
Qarşına həyat daş dığırlamaya,
Könlün qulaqları sağırlamaya.
Həsrət gecələri oğurlamaya,
Kaş çəkə çarmıxa sevgi yuxunu.
Eşqsiz can düşəcək əsarətinə,
Bədən dözməz ruhun xəsarətinə.
Ölüm yenik düşə cəsarətinə,
Həyata uduza zaman qorxunu.
Oynadım
Oyun bilməyə- bilməyə,
Dünyayla şahmat oynadım.
O piyada verdi önə,
Eh,mən səfeh at oynadım.
Upuzun yol bir saniyə,
Özüm- özümə maneə.
Gəldim sonu bu faniyə,
Gəldim bir şah,at oynadım!
Gəldim uduza- uduza,
O uddu,döndü quduza.
Sonu dirəndi sonsuza,
Çəkdim bir ah mat oynadım.
Yenə də
Hərə tutub bir tərəfə dartır hey,
Yer ətəyin çəkəçəkdi yenə də.
Silahları qan püskürən bəşərdə
Ayrılıqlar əkəəkdi yenə də.
Məftil olub sarınasan dirəkdə,
Yellənəsən səmtə əsən küləkdə.
Qoşun- qoşun arzular var ürəkdə,
Ürək bizlə təkətəkdi yenə də.
Atı ölüb,iti gülür dünyanın,
Duzu qaçıb şiti gülür dünyanın.
Çəpişləri elə bölür dünyanı,
Baxdım yazıq təkə təkdi yenə də
Darıxır
“Kaş”larım boynunu burub,
Dilimdə “bəlkə”m darıxır.
Özüm neynək, cəhənnəmə,
Divarda kölgəm darıxır.
Sən əsir düşməsə sizdə,
Mən keçinərəm sənsiz də.
Həyat adlı bu dənizdə,
Açdığım yelkən darıxır.
Nə tez soldu sağım, solum?
Gedilə bilməz bu yolum,
Bəlkə,gedim şəhid olum,
Deyəsən,ölkəm darıxır.