Qaşqay türkləri və onların foklorundan bəhs edən tədqiqat əsəri ətrafında incələmələr
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Qiymət Məhərrəmli
AMEA Folklor İnstitutu, “Cənubi Azərbaycan folkloru” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist.
Email: [email protected]
Qaşqay türkləri və onların foklorundan bəhs edən tədqiqat əsəri ətrafında incələmələr
Öz mübarizliyi, əzmkarlığı, şücaətləri ilə seçilən Qaşqaylar əsas etibarilə İranın güney ərazilərində, xüsusilə Fars ostanında və onun ətrafında yaşayırlar. Lakin Qaşqay türklərinin nümayəndələri öz qədim dil, ləhcə, adət-ənənə, folklor, ailə-məişət, mərasim qayda-qanunlarını qoruyub-saxlasalar da, cəmiyyətə inteqrasiya, fars millətinə assimilyasiya olunmaları nəticəsində Qaşqaylığın mühüm xarakterik xüsusiyyət və göstəricilərini tədricən unudanlar, öz ana dilindən əl götürənlər də az olmamışdır. Bununla belə, həmin qəbildən olan Qaşqaylar da öz milli kimliyini unutmur, Qaşqay olduqları ilə qürurlanırlar. Bütün bunlar haqqında məlumatı biz “Qaşqaylar və onların folkloru” kitabından əldə edirik.Kitab yaşadığımız bu il nəşr olunsa da, buradakı hər hadisə, hər fakt Qaşqay türklərinin qəhrəmanlıqla səciyyələnən şanlı tarixi, folklor və mədəniyyəti, həyat tərzi, ailə və məişət gələnəkləri ilə bağlı tədqiqatçının uzun illər ərzində beynində toparlayaraq hazırlayıb həyata keçirməyə çalışdığı, təxəyyül və təfəkkür süzgəcindən keçirərək meydana çıxardığı mükəmməl tədqiqat əsəri kimi elmi ictimaiyyətin diqqətini cəlb etməkdədir. İnanırıq ki, Qaşqay türklərinin öz doğma Türk dünyasına yenidən və layiqincə təqdim olunması yolunda yorulmaz tədqiqatçı-alimimiz Əli Şamilin “Qaşqaylar və onların folkloru” adlı mükəmməl araşdırmasının müstəsna rolu olacaqdır.
Açar sözlər: Qaşqaylar, Türk, Folklor, Tədqiqat, Əli Şamil.
Qaşqay türkləri və onların foklorundan bəhs edən
tədqiqat əsəri ətrafında incələmələr
İran İslam Respublikası ərazisində yaşayan çoxsaylı türk mənşəli xalqlar arasında Qaşqay türklərinin xüsusi yeri vardır. Öz mübarizliyi, əzmkarlığı ilə seçilən qaşqaylar əsas etibarilə İranın güney ərazilərində, xüsusilə Fars ostanında və onun ətrafında yaşayırlar. Lakin Qaşqay türklərinin nümayəndələri öz qədim dil, ləhcə, adət-ənənə, folklor, ailə-məişət, mərasim qayda-qanunlarını qoruyub-saxlasalar da, cəmiyyətə inteqrasiya, fars millətinə assimilyasiya olunmaları nəticəsində qaşqaylığın mühüm xarakterik xüsusiyyət və göstəricilərini tədricən unudanlar, öz ana dilindən əl götürənlər də az olmamışdır. Bununla belə, həmin qəbildən olan qaşqaylar da öz milli kimliyini unutmur, Qaşqay olduqları ilə qürurlanırlar (onların sayı bir milyona yaxındır), ən azından ona görə ki, bu xalqın olduqca şərəfli tarixi keçmişi olmuş və bu şanlı tarixi bugünün özündə də yazmaqdadırlar. Qaşqay türkləri özgürlükləri, şücaət və qəhrəmanlıqları ilə İran adlanan ölkənin çoxsaylı millətləri arasında xüsusi nüfuza malikdirlər.
Bütün bu məlumatları biz tanınmış tədqiqatçı-alim, AMEA Folklor İnstitutu Xarici Əlaqələr şöbəsinin müdiri Əli Şamilin İnstitutun Elmi Şurasının qərarı ilə nəşr olunmuş “Qaşqaylar və onların folkloru” kitabından öyrənirik. “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş 264 səhifəlik sanballı tədqiqat əsərinə araşdırmaçının müxtəlif illər ərzində Qaşqay elinə səfərləri ilə bağlı yazıları, Qaşqay türklərini Azərbaycan türkləri və Azərbaycan Respublikası ilə bağlayan tellərdən bəhs edən məqalələr, eləcə də bu xalqın istedadlı insanlarının yaradıcılığından seçmələr və onlardan toplanmış folklor nümunələri daxil edilmişdir.
Təsadüfi deyildir ki, kitab folklor tədqiqatçısı, şair Ərsalan Mirzəyinin “Biz Türkək, biz Qaşqayiyək” şeiri ilə açılır. “Biz Türkək, biz Qaşqayiyək, bizim ağır el varımız, / Ağzımız içində şirin, şəkkər təkin dil varımız” mətləli qəzəlində Ərsalan Mirzəyi Qaşqay elinin bəy-xan oğullarının, qələmqaşlı, alagözlü nazənin gözəllərinin, qorxmazlıq, dönməzlik, ərlik-ərənlik simgəsi olan bu xalqın – qaşqayılığın ən xarakterik xüsusiyyətlərinin tərənnümünə nail olmuşdur.
Əli Şamil adət-ənənələri, tarixi keçmişi, folkloru, dil və ləhcələri ilə bağlı az məlumatlı olduğumuz doğma Qaşqay türkləri haqqında günümüzəcən müəyyən araşdırmaların aparıldığını, tədqiqat əsərlərinin və toplama materiallarının çap olunaraq geniş ictimaiyyətə təqdim olunduğunu qeyd edir. Bunu da təəssüf hissiylə bildirir ki, həmin tədqiqatlar fars dilində, yaxud fars əlifbası ilə nəşr olunduğu üçün onlarla dünya elmi ictimaiyyətinin, ən başlıcası isə bütün dünyada yaşayan 50 milyonluq Azərbaycan türkünün fars dilini bilməyən əhəmiyyətli hissəsinintanış olması qeyri-mümkündür.
Ə.Şamil tədqiqat əsərini ərsəyə gətirmək üçün bu günədək Qaşqay türkləri ətrafında əzmkarlıqla araşdırma apararaq, “Qaşqaylar” adlı tədqiqat əsərini çap etdirmiş Tağı İbrahimova (Şahin) istinad edərək, onun 1990-cı ilədək nəşr olunmuş tədqiqatlardan yararlandığını diqqətə çatdırır. Təbii ki, həmin tədqiqatların da hər biri fars dilində olduğundan, Ə.Şamil bu əsərlərin Azərbaycan türkcəsinə çevrilməsinin vacibliyini qeyd edir. Alimin “Azərbaycan müstəqilliyinə qovuşandan sonra qəzetlərimizdə və dərgilərimizdə, radio-televiziyamızda, saytlarda, sosial şəbəkələrdə İranda yaşayan Türklər haqqında yüzlərlə məqalə oxumuş, verilişə baxmışam. Nə yazıq ki, Fars dilində yazılmış elmi əsərlərin dilimizə tərcüməsinə rast gəlməmişəm. Yaxın qonşumuz olan dövləti tanımaq, bu dövlətdə yaşayan soydaşlarımızla bağlı doğru-düzgün bilgi əldə etmək istəyiriksə, mütləq orada nəşr edilən, yazılan kitabları dilimizə tərcümə etməliyik” – fikrinə qoşularuq. Əli Şamil Türkiyəli alim, professor Ali Kafkasyalının “İran Türkləri” (2010), “İran coğrafiyasında Türklər” (2011), “İran Türkləri. Aşıq mühitləri” (2009), “İran Türk aşıqları və milli kimlik” (2009), “Kafkas koçakları” (2018), “Azərbaycanın qadın alimləri” (1991) kimi kitablarından, eləcə də elmi və dövri mətbuatda çap olunmuş məqalələri ilə tanış olaraq, Qaşqaylar barədə xeyli dəyərli bilgilər əldə etdiyini bildirir.
Eyni zamanda, bu mövzu ilə bağlı ən ciddi, sanballı araşdırma işi kimi Rəcəb Albayrağın ikicildlik “Türklərin İranı” adlı tədqiqat əsərini yüksək dəyərləndirir. R.Albayrağın “Azəri türklərinin dil klavuzu”, “Əfqanıstan türkləri” kitabları ilə tanışlıqdan sonra həmin ikicildliyin böyük əhəmiyyət daşıdığının şahidi olan Əli Şamil, bu böyük alimin 2013-cü ilin fevralında müəmmalı şəkildə ölümündən sarsıldığını söyləyir (Təbii ki, bu müəmmalı ölüm hadisəsində azadfikirli güneyli soydaşlarımıza, qan qardaş-bacılarımıza qarşı hər zaman qəddarlıq nümayiş etdirmiş irticaçı fars şovinizminin şəksiz əli olduğu görünür. – Q.M.). Əsərin müstəsna dərəcədəəhəmiyyətini nəzərə alan professor Ramiz Əsgər Rəcəb Albayrağın “Türklərin İranı” kitabını dilimizə uyğunlaşdıraraq, öz vəsaiti hesabına 2016-cı ildə Bakıda nəşr etdirdiyini təqdir edərək: “Bu nəhəng əsərdə Qaşqaylar haqqında olduqca geniş bilgi var”, – deyə bildirir.
Kitabda diqqətimizi xüsusi cəlb edən yazılardan biri “Qaşqaylarımənə tanıdan insanlar” oldu. Məqalədə müəllif M.F.Axundov adına Respublika Kitabxanasının “Azərbaycan kitabı” şöbəsinin müdiri Məhəmmədəli Müsəddiqlə görüş və söhbətlərindən bəhs edir. Maraqlıdır ki, “1922-ci ildə İranın Gərmərud mahalının Yengicə kəndində doğulmuş, Azərbaycan Milli Hökuməti məhv edildikdən sonra, 1947-ci ildə ürəyini ailəsinin, körpə qızının yanında qoyub, canını götürərək min bir zülmlə Sovet Azərbaycanına sığınan” Məhəmmədəli Müsəddiq bu sətirlərin müəllifi Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil aldığı illərdə (təxminən 1995-1996-cı illər) bizlərə fars dilindən dərs deyib. Olduqca mülayim, xoşxasiyyət, mehriban xarakterə malik bu ahıl yaşlı müəllimi tələbələrimiz çox sevirdi. Ad-soyadı və ləhcə şirinliyi də müəllimimizin Güney doğumlu olduğundan xəbər verirdi. Bu sətirlərin müəllifini isə həm çalışqan bir tələbə və şair kimi çox istəyirdi Məhəmmədəli müəllim. Eyni zamanda, fars dilinin incəliklərinə mükəmməl olmasa da, imkanım çatan qədər yiyələnməyimdə, bu əlifbanı qısa zamanda sərrast öyrənməyimdə müəllimim Məhəmmədəli Müsəddiqin rolu əvəzsiz olub.
Bu yerdə daha bir unudulmaz anı xatırlamadan keçmək istəmirəm: Müəllimim dərs ilinin sonunda öz əli ilə yazıb mənə “Ata” adlı qəzəlini hədiyyə etdi, məlumdur ki, dərkənarla birlikdə. Şeirə əlavə etdiyi avtoqrafda M.Müsəddiq öz sevimli, çalışqan tələbəsinə bəslədiyi səmimi ümid və arzularını ifadə edib. Və çox təəssüf ki, artıq növbəti dərs ilində biz sevimli müəllimizin dünyasını dəyişməsi səbəbindən bir daha onun səmimiyyətlə dolu dərslərini dinləmək səadətindən məhrum olduq. Məkanı cənnət olsun. Nur içində yatsın.
Əli Şamilin Qaşqaylar haqqında bilgi almasında xüsusi rolu olan M.Müsəddiq barədə məlumat verərkən, araşdırmaçı onun nəinki fars rejiminin hakim olduğu İranda, elə kommunist üsul-idarəsinin cənnət vəd edən Sovetlər İttifaqının tərkibində “çıraqban olan” Şimal Azərbaycanında da əziyyətdən gözü açılmadığını qeyd edir. Təsadüfi deyildir ki, şair Mirzə Mehdi Şükuhi haqqında apardığı araşdırmalarını istədiyi şəkildə yazıb ortaya çıxarmağa bu tayda da maneələr törədilir, nəticədə rejimin qadağalarına boyun əyməyə məcbur edilən tədqiqatçı, dissertasiyasını ideologiyanın tələblərinə uyğunlaşdırmağa qərar verir. Qaşqaylar haqqında müxtəlif məqalələr yazdırıb çap etdirən müəllifin əsərlərindən xeyli məlumat toplayan Əli Şamil, onunla tanış olduğu müddət ərzindəki hər görüşdə söhbətləri zamanı İranla aramızdakı sərhədlərin açılacağına inamsız yanaşdığından danışır: “Məhəmmədəli Müsəddiqlə tanışlığımızdan ötən 20 il ərzində onun sərhədlərin açılacağına inamsız yanaşdığını görmüşdüm. Mən isə həmişə elə bilirdim ki, yaxın 3-5 ildə İrana gediş-gəlişdə bir yumşalma olacaq. Finlər Leninqrada, Kareliyaya gedib-gəldikləri kimi, biz də Təbrizə, Ərdəbilə, Urmiyaya, Mərəndə gedib-gələcəyik. Lakin istəklərimlə reallıq üst-üstə düşmürdü…”
Təbii ki, Naxçıvanda sərhəd boyu çəkilmiş tikanlı məftillərin sökülməsi məsələsi ortaya atılanda onu qızğınlıqla müdafiə edənlərdən biri də Əli Şamil olur və ölümlə üz-üzə gəlsələr belə, istədiklərinə nail olaraq, sərhədlərin müvəqqəti də olsa açıldığı 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü adlandırırlar.
“Təbriz Universitetində: 25 yanvar 1990-cı il” məqaləsində bu barədə yazan müəllif qanlı yanvar faciəsinin baş verdiyi gün – yanvarın 20-də səhərə yaxın çox çətinliklə qanunsuz şəkildə Arazı keçərək, İran Culfasına, ordan da Təbrizə getdiklərini bildirir. Burada çoxsaylı əngəl və təhlükələrə baxmayaraq, Təbrizli fəallarla və Təbriz Universitetinin tələbələri ilə görüşürlər. Burada rastlaşdığı Qaşqay gəncləri ilə söhbətləri zamanı bu azadfikirli gənclərin rejim tərəfindən necə izləndiklərini təsvir edir. Məlumdur ki, Azərbaycanda İranda yaşayanQaşqaylar barədə çox səthi məlumat olduğu Əli Şamili daim narahat edir və tədqiqatçı İran İslam Respublikasına hər səfərində bu məsələni diqqətdə saxlamağa çalışır. Lakin tədqiqatçı bu əlaqələrin istənilən səviyyədə olmadığından narahatlığını gizlətmir: “…1990-cı ildən sonra gediş-gəliş asanlaşdı. Lakin əlaqələrimiz hələ də istənilən səviyyədə deyil. İİR-ə ən azı ildə bir dəfə getsəm də, Qaşqayların, Xələclərin, Qarapapaqların, Sunquz, Komican bölgəsində yaşayan Türklərin yazıçı və şairlərini, sənət adamlarını, ziyalılarını hələ də yaxşı tanımıram…”
1996-cı ildə yenidən minbir çətinliklə Təbrizə getməyə müvəffəq olan Ə.Şamil, dostlar vasitəsilə tanış olduğu Məhəmmədəli adlı Qaşqay gəncini özü ilə Bakıya gətirir ki, bəlkə onun əli ilə Qaşqay folkloru və ədəbiyyatı nümunələrini toplamağa nail ola bilsin. Lakin onun bu cəhdi də baş tutmur; həmin gəncə bəslənən ümidlər puç olur. Çünki gənci mənsub olduğu xalqın tarixi keçmişi və gələcək müqəddəratı o qədər də narahat etmirdi.
2000-ci ildə araşdırmaçı Tehranda olarkən Qaşqay Türklərinin istedadlı nümayəndəsi Pərvin xanım Bəhməni ilə tanış olur. Ondan Qaşqay aşıq, şair və musiqiçiləri barədə xeyli məlumat alır və məlum olur ki, fars rejiminin qorxusundan “Qaşqay aşıqları indi ya qəbiristanlıqda fatihə oxumaqla, ya da başqa bir peşədə çalışmaqla ailələrini dolandırmağa məcburdur”. Təbii ki, tədqiqatçı bu vəziyyətdən hali olduqda təəssüf hissi keçirir: “Vəziyyətdən çıxış yolu axtardıq. Çox ölçüb-biçdikdən sonra Güney Azərbaycandan olan aşıqların və aydınların Qaşqay elinə səfərlərini planlaşdırdıq…”
Tehrana növbəti səfəri zamanı Pərvin Bəhməninin öz iş yerində – xalça-palaz satdığı zirzəmidə Qaşqay musiqiçilərindən ibarət “Hava” adlı gözəl bir ansambl yaratdığının şahidi olur. Öyrənir ki, ansamblın adı Qaşqaylar içərisində ən gözəl yır deyən(şeir deyən, mahnı oxuyan mənasında – Q.M.), mahnı oxuyan bir qadının adından götürülüb.
Ansamblın üzvləri arasında Pərvin Bəhməninin oğlu Damun Şeşbölüki, Arəş Əzizi, Dirəxşən Şölə, Momtahan Nazəni, Qurban Nəcəfi və başqalarının da olması Qaşqay milli folklor və musiqiqsinin yaşadılıb inkişaf etdirilməsindən xəbər verirdi.
Əsərlə tanışlıqdan öyrənirik ki, Pərvin xanımın Qaşqay mədəniyyətinin, musiqi və folklorunun inkişafı sahəsindəki fəaliyyəti qadınların səhnəyə çıxmasını əngəlləməyə çalışan rejim muzdlularının xoşuna gəlmir, “Laylalar” adlı konsert təşkil edərək, orada səhnəyə tək çıxan Pərvin Bəhməniyə qarşı kampaniyaya başlanılır. Lakin vəziyyətin gərginləşdiyini və mərd, mübariz Qaşqay türk xanımının dönməzliyini, Qaşqayların da elliklə onun müdafiəsinə qalxdığını görəndə geri çəkilməyə, qadağa prinsiplərini yumşaltmağa məcbur olan Ayətullah Seyid Əli Xamneyi deyir: “Hansınızın anası sizə uşaqlıqda layla çalanda qonşu qadınları da çağırıb deyərdi ki, gəlin mənim balama layla deyək? Layla tək oxunar!”
Beləliklə, fars rejimi cəsur Qaşqay xanımının bu cəsarətli addımı qarşısında duruş gətirmək iqtidarını itirir.
Babəkin adı ilə bağlı olan Kəleybər qalası ətrafındakı dirənişlərdə də Pərvin Bəhməninin başçılıq etdiyi dəstənin göstərdiyi fədakarlıq İran jandarma qüvvələrinə dirəniş göstərən Azərbaycan türklərinə əsl nümunə oldu.
Əsərdən belə məlum olur ki, Əli Şamilin P.Bəhmənini rəhbərlik etdiyi “Hava” ansamblı ilə birlikdə Azərbaycana gətirmək cəhdi baş tutmasa da, onların Türkiyəyə gedərək, konsert proqramı təşkil edilməsinə nail olur; ağır xəstəliyə düçar olan Pərvin vanımın vəziyyəti barədə ünlü türk araşdırmaçısı, professor, yazar Ali Kafkasyalıya xəbər verir və nəticədə ona mənəvi dayaq durmaq yolunda addım atılır.
Giresun Universitetində 2016-cı ilin may ayında keçirilən “Beşinci Türk Dünyası Aşıqlar Şöləni və Pərvin Bəhməni Qaşqayi Halk Bilimi Simpoziumu” da məhz bu yolda atılan ən uğurlu addım olur. Nəticədə uzun illər ərzində “gözdən-könüldən uzaq düşmüş” Qaşqaylara qucaq açan, onların misilsiz mədəniyyət və folklorunun təqdimatına imkanlar yaradan doğma Türk qardaşların bu təqdirolunmalı hərəkətindən mənən ruhlanan Pərvin xanımın səhhətində yaxşılaşma baş verir. Axı bu, Qaşqay türk folkloru və musiqisinin Türk Dünyasına təqdim olunması yolunda yaşıl işıq yandırılması demək idi. Və bu işığın yandırılması həmin mədəni əlaqələrin getdikcə genişləndirilməsinə imkan yaratdı.
Daha sonra Qaşqayların məşhur musiqiçilərindən olan Fərəməz Gərmrudinin rəhbərlik etdiyi musiqi qrupunun Azərbaycana gələrək yeni maraqlı layihələr həyata keçirməsi reallaşdı. Pərvin xanımın oğlu Damun bəyin bu əlaqələrin möhkəmlənməsindərolunu xüsusi vurğulayan Əli Şamil, onun sayəsində Azərbaycan musiqilərinin İran televiziyalarında nümayişinə, eyni zamanda ölkəmizə Güneydən gələn musiqi qrupunun fəaliyyətinin müəyyən layihələr çərçivəsində genişləndirilərək işıqlandırılmasına nail olunduğunu yazır. Həmin uğurlu layihələrdən biri onun “Çahargah” muğamı əsasında çəkdiyi “Göyərçin qanadları” adlı sənədli filmi olur. Bu sənədli filmin İranın bir çox yerlərində və Bakıdakı Muğam Mərkəzində məşhur musiqiçilər qarşısında nümayişi həm Qaşqay türklərinin musiqi, rəqs və folklorunun, həm də bu tay Azərbaycanımızın görməli yerlərinin, folklor və mədəniyyətinin reklamı baxımından da xüsusi əhəmiyyət kəsb edirdi.
Qaşqay türklərinin tədqiqatçını Qaşqay elinə müntəzəm surətdə dəvət etmələri çox vaxt Əli Şamilin imkanları ilə üst-üstə düşməsə də, 2018-ci ilin aprelində belə bir səfər baş tutur. Həmin səfər nəticəsində Əli bəy bu el və onun möhtəşəm övladları barədə T.Ə.İbrahimovun (Şahin) “Qaşqaylar” kitabından aldığı məlumatların daha da dolğunlaşdırılmasına nail olur.
Miladdan öncə VI əsrin sonlarında Əhəməni imperatoru I Daranın vaxtında salınmağa başlamış Persepolisi – Təxti-Cəmşidi, Qaşqay xanı Kərim xan Zəndin (1705-1779) tikdirdiyi qala-saray – Qaşqay xanlarının sarayını, Sədi və Hafiz Şirazilərin türbələrini və s. ziyarət edib. Kitabdab öyrənirik ki, “Quran qapısı” adlı qapı keçmişdə Şiraz şəhərinə giriş məqsədilə tikilmiş 6 qapıdan bugünümüzə gəlib çıxan yeganə qapıdır. Kərim xan Zənd öz hakimiyyəti illərində (1763-1779) qapını təmir edib. İsfahan yolu üzərindəki həmin giriş qapısını İzzədüddövlə Deyləmi (hakimiyyət illəri 966-978) tikdirib. Kərim xan əsrlər boyunca uçulub-dağılmış qapını bərpa edərkən, üstündə iki kiçik otaq da tikdirərək, həmin otaqlara gözəl xətlə yazılmış Quran kitabları qoydurur. Şəhərə gələn qonaqların və yerli əhalinin bu Quranların altından keçmələrinin xüsusi bir anlamı olduğunu yazan tədqiqatçı qeyd edir ki, munis hiss və mərama xidmət edən bu müqəddəs kitabların olduğu otaqlar qapı ilə birlikdə Rza xanın göstərişi ilə sökülür və oradakı Quranlar Parisə aparılır. Daha sonra Hüseyn İlqa adlı tacir yenidən qapını tikdirir. Və beləcə bu qapıdan qalan mövcud nişanələr cüzi elementlər şəklində qalmaqdadır.
Kitabdakı maraq doğuran məqalələrdən biri “Azərbaycanın ilk folklorçusu – Baba Kuhi Bakuvi”dir. Əksər Qaşqay türkünün “Şirazlı bir Fars” kimi tanıdığı Baba Kuhinin “Qafqaz dağlarının güneyində, indiki Azərbaycan Respublikasının ərazisində mövcud olmuş Şirvanşahlar dövlətindən (861-1538) gəldiyini” yazır Əli Şamil.
Araşdırmaçı qeyd edir ki, Baba Kuhinin ad və soyadının yazılışı müxtəlif mənbələrdə o qədər də fərqli olmasa da, “ciddi fərq künyəsinin Bakuvi, Şirvani, Şirazi, Nişapuri kimi yazılmasındadır”. Ən etibarlı mənbə kimi tədqiqatçı “Azərbaycan Sovet Ensiklopediyası”nı götürür: “Baba Kuhi Bakuvi (Məhəmməd, yaxud Məhəmmədəli ibn Abdullanın təxəllüsü, 948-1050) Azərbaycan şairi, filosofu, Şərq ölkələrinə (İran, Ərəbistan, Hindistan və s.) səyahət etmiş, bir müddət İranın Nişapur şəhərində, sonra Şirazda yaşamışdır…” (ASE, 1976: 517, I cild).
8 illik Hindistan səyahətindən qayıdan Hacı Zeynalabdin Şirvani 1809-cu ildə özünə Şiraza gələrkən burada çox qalmır, ikinci gəlişi zamanı 1815-ci ildə Şiraz yaxınlığındakı Baba Kuhi deyilən yeri özünə məskən seçir, sonra burada evlənir. Həmyerlisi olan böyük sufi filosofunun qəbrini abadlaşdırır və ona başdaşı qoydurur. “Ondan 22 il sonra isə Fars vilayətinin hakimi Təhmasib Mirzə qəbrin üzərində bir türbə tikdirmişdir”.
Göründüyü kimi, araşdırmaçı Ə.Şamil Şirazda olarkən, bu böyük sufi alimin təkcə qəbrini – məqbərəsini ziyarət etməklə kifayətlənməmiş, onun doğum-ölüm tarixi ətrafındakı fərqli fikirlərə aydınlıq gətirməyə çalışmışdır. Vikipediyada Baba Kuhinin 140 il ömür sürməsi ilə bağlı fikrin inandırıcı olmadığını, Zakir Məmmədovun, Nurəddin Kərəmovun, M.Nazif Şahinoğlunun,
Yevgeni Bertelsin, Sara Aşurbəylinin, Tağı Musəvinin, Füzuli Bayatın, Solmaz Rzaquliyeva və digər araşdırmaçıların gəldiyi qənaətləri təhlil edərək, yekun nəticəyə gəlir ki, müxtəlif qaynaqlarda fərqli doğum-ölüm tarixi göstərilən (təəssüf ki, hələ də bu tarixlər dəqiqləşdirilməmiş olaraq qalmaqdadır – Q.M.) Baba Kuhinin adına çıxılan “Divan”ın (fars dilində yazılmış)da heç də Bakuviyə aid deyil. Fikrini onun bizə gəlib çıxan əsərlərinin farsca deyil, ərəb dilində yazıldığı ilə əsaslandırır. Eyni zamanda, şiəliyin təbliğinə həsr olunmuş bu şeirlərin Baba Kuhiyə aid olmadığı şəksizdir, qənaətinə gəlir.
Müəllif bu ilin yayında Şirazda olarkən görüşdüyü Qaşqay ziyalılarının Baba Kuhinin – məşhur sufi alim Şeyx Məhəmmədəli əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Ubeydullah ibn Əhməd Şirvani Baba Kuhinin azərbaycanlı olmasını bilməmələrindən üzüldüyünü və Bakıya dönən kimi “Qaşqay elinə səfər” adlı irihəcmli məqalə yazaraq, “525-ci qəzet”-də çap etdirdiyini bildirir. Məqalə qəzetin 3 sayında ardıcıl olaraq geniş oxucu kütləsinə təqdim olunur və burada Baba Kuhi şəxsiyyətinə, kimliyinə geniş yer verilir. Məqalənin surətini İranda yaşayan dostlara göndərir və Urmiyada yaşayan millətsevər Fərhad Cavadi məqalənin Baba Kuhi ilə bağlı hissəsini əski əlifbaya çevirərək, həm insanlar arasında yayır, həm də “Xudafərin” dərgisinə çatdırır. “Xudafərin” dərgisi də yazını operativ şəkildə oktyabr ayında nəşr olunan 169-cu sayında çap edir. Müəllif Qaşqaylar arasında geniş əks-səda doğuran bu məqalənin təsiri ilə böyük qruplar şəklində Qaşqayların ailəliklə Baba Kuhinin məzarını ziyarətə getdiklərini, orada qurban kəsdiklərini fəxrlə qeyd edir. “Ocaq” Qaşqay Mədəniyyət Mərkəzinin rəhbəri İsmayıl Musalı və fəallar bu ziyarətlər zamanı Baba Kuhi ilə bağlı çıxışlar etmiş, şeirlər səsləndirmişlər.
Əli Şamil Qaşqayların evlərində qonaq olarkən, 1960-cı illərdə doğulub böyüdüyü Göyçə mahalındakı dönəmlər yadına düşür. Həmin vaxtlar Bakıdan, Gəncədən, İrəvandan və s. yerlərdən kimə qonaq gəlirdisə, hamının ora yığışdığını, sonra növbə ilə qonağın hər evə dəvət olunduğunu xatırlayır. Sonralar get-gedə bu ənənənin aradan qalxdığından təəssüflənən araşdırmaçı, Qaşqaylarda bu ənənənin hələ də yaşadığından qürur hissi keçirir.
Şirazda alim Mənuçehr Kəyani ilə Zarqanda folklor araşdırmaçısı,gözəl tənbur ifaçısı Ərsalan Mirzəyi və başqaları ilə yaddaqalan görüşləri barədə məlumat verir.
Müəllif qeyd edir ki, Şiraz və çevrəsində yaşayan Türklərin tarixi sistemli öyrənilmədiyindən, onlar ancaq bir birləşdirici adla populyarlaşıblar: – Qaşqaylar adı ilə!
Kitabda verilən aşağıdakı məlumat Qaşqayların ənənəyə söykənən tarixi kökləri və günümüzdə mövcud olan tayfaları barədə müəyyən bilgi almağımıza kömək edir:
“… Yaylaq-qışlaq həyatı yaşayan Qaşqayların əsasını Əmələ, Dərəşiri (Derre Şuri), Kəşküllü (Keşkolli) (bu tayfa da öz daxilində Böyük Kəşküllü və Kiçik Kəşküllüyə bölünür), Şeşbölüki (Şeşbəyli), Farsimədan (Yəni, farsca bilməyənlər. Bu tayfanı həm də bizim “İmirli” dediyimiz Eymurlu kimi də adlandırırlar) təşkil edir. Bunlardan başqa, elin idarə olunmasında söz sahibləri olsalar da, sayları az olduğundan təsir gücləri zəif olan Qaraçaylı, Rahimli, Səfixanlı, İgdir və b. kiçik tayfalar var. Böyük tayfalar da öz daxillərində tirələrə bölünür…”
Daha sonra araşdırmaçı tirələrin adlarından onların böyük Türk tayfalarından qoparaq burada bir çatı altında biləşdiklərinin, Qaşqay elini yaratdıqlarının məlum olduğunu yazır. Məsələn, Əmələ tayfasını yaradan Bayat, Dügər, Çobankara (Çobankərə), Oryat, Əmir Salari, Çigini və b., Dərəşurlu tayfasını təşkil edən Qaraçorlu, Qarakeçili, Cəlali, Qırrıxlı (Qırxlı), Göyçəli, Lək, Mosullu və b., Kəşküllü tayfasının tirələrindən Ağqoyunlu, Oyrad, Ağacərli, Oxçulu, Gəncəli, Göyçəli, Qucar və b., Şeşbölüki tayfasından Arıqlı, Ağacəri, Tərəkəmə, Cığallı, Şamlı, Əmələ, Qəcər (Qacar) və b., Farsimədan tayfasından Tuva, Çobankara (Çobankərə), Dənizli, Doğanlı, Şeybani, Əmələ, Lək, Mosullu, Yağmurlu və başqalarının adını çəkən müəllif, Qaşqay elində İğdır, Xələc, Əfşar, Uyğur, Qaraqoyunlu, Bəydili, Qaragözlü, Ayvatlı, Muğanlı, İrəvanlı soyadını daşıyanların olduğunu qeyd etməklə yanaşı, onların bu soyadları öz tayfalarının adlarından aldıqlarını söylədiklərini diqqətə çatdırır.
Maraqlıdır ki, bu tayfa və tirələrin adları bu tay Azərbaycanımızda da məşhur olan tayfa və yer adları ilə olduqca uyğun gəldiyi üçün böyük maraq doğurur. Azərbaycan toponimləri ilə üst-üstə düşən Oxçulu, Bayat, Oryat, Çobankərə, Göyçəli, Lək, Gəncəli, Ağqoyunlu, Tərəkəmə, Qəcər(Qacar), Əfşar, Qaraqoyunlu, Bəydili, Muğanlı, İrəvanlı və b. məşhur adların eyniliyi, həmin tayfa və nəsillərin hazırda yaşadıqları yer ilə köçüb gəldikləri yerlər arasındakı tarixi bağlılığın mövcudluğunu bir daha sübut edir.
Araşdırmaçı Qaşqayların yaylaq-qışlaq həyatı sürdüklərini qeyd edərək, bu mövsümi həyat tərzinin təsvirini gözlərimiz önündə canlandırmağa nail olur. Məlum olur ki, Zəroş dağlarının ətəklərində yaylaq-qışlaq həyatı keçirən Qaşqaylarilin 2-3 ayını eni 20-60, uzunluğu 500-1000 kilometr olan bu ərazidə keçirirlər. Daha sonra məlumat alırıq ki, Qaşqaylar yaşadıqları həmin yurdu “qara çadır” adlandırırlar. Çadırın quruluşunu təsvir edən müəllif bu xalqın həyat və məişət tərzi barədə ətraflı məlumat verir. Köçəri Türk tayfalarının maldarlıq və əkinçilik ənənələri timsalında bu cür yaşayış tərzi bizə başqa mənbələrdən də yaxşı tanışdır. Qaşqay Türkləri də eləcə!
Mənbələrdə həm də “böyüklük”, “nəhənglik”, “möhtəşəmlik” anlamında işlənən dilimizdəki “qara” sözünü Qaşqaylar rəng mənasında işlətmirlər, deyə bildirən müəllif, misal kimi onların dilində işlənən (elə bizim dilimizdə də. – Q.M.) “qara qovurma”, “qara qurud”, “qaraney” və başqa söz və söz birləşmələrini misal göstərir.
Qaşqay elinin bir ailə kimi idarə olunması da məhz onlar arasında heç vaxt sinfi mübarizəyə meydan verməyib. Hər zaman bir-birilərinin köməyinə yetməyi, əlsiz-ayaqsıza, bacarığı, fərasəti olmayana dayaq durmağı bu elin övladları özlərinə vicdan, şərəf borcu hesab ediblər. Bu fikrin sübutu olaraq araşdırmaçı aşağıdakıları diqqətə çatdırır: “… Qaşqaylar bir-birini dolandırmaqla kifayətlənməyib, yaylağa, qışlağa gedəndə yol boyundakı kəndlərin, qəsəbələrin kasıblarına pulsuz şor, qatıq, ayran, pendir, ət, yun, dəri və s. veriblər. Bunu da savab iş sayıblar”.
1962-ci ildə həyata keçirilən torpaq islahatı isə Qaşqayların həyat tərzinə ciddi təsirini göstərməklə, onları oturaq həyata keçməyə məcbur edir ki, bunun nəticəsində qan tökməkdən belə çəkinməyən bu mərd elin övladları çox uzun çəkişmələrdən sonra hökumətin qərarına qarşı çıxmağın mümkünsüzlüyünü dərk edirlər. Hazırda “… Qaşqayların ən sıx yaşadıqları yer Fars vilayətidir. Firuzabad şəhərində yaşayanların da 70-80 faizi Qaşqaylardır. Mərkəzi Şiraz olan Fars vilayətində, İsfahan, Çahar-Mahalu, Bəxtiyari, Kuhgiluyə, Buyer-Əhməd, Xuzistan, Hürmüzqan, Yəzd, Kirman vilayətlərində də Qaşqaylar toplu halında yaşayırlar.
Qaşqayların dilləri dilimizə yaxın olduğu kimi, elin tərkibinə daxil olan tayfaların bir çoxu da Azərbaycandakı tayfalarla bir kökdəndir və yaşadıqları bölgənin coğrafi adlarında da ciddi bir yaxınlıq var. Məsələn, oradakı əsas çayların adı Kür, Qaraçay, Qarağac, Ucan, Seyvənd, Fəhliyandır”.
Müəllif bütün bu məlumatlarala kifayətlənməyərək, Qaşqay türkləri haqqında ciddi araşdırmalar müəllifi kimi tanınan Türkiyənin Kastomonu Universitetinin professoru Namiq Musalıya məktub yazaraq ondan Qaşqaylar barədə geniş bilgi verməsini xahiş edir. Nəticədə, professorun araşdırmaçıya ünvanlanan məktubunu da olduğu kimi kitabda verməklə oxucu və tədqiqatçılarda bu xalq haqqında daha ətraflı məlumatın yaranmasına imkan yaradır.
Qaşqay elxanları və onların elxanlıq dövrlərini sistemli şəkildə izah edən müəllifin müxtəlif mənbələrdən götürdüyü məlumatlarla kitabda daha ətraflı tanış olmaq mümkündür. Müəllif bu məlumatları verərkən, Ağqoyunlu Həsənin nəslindən olan və Qaşqayların ilk elxanı hesab edilən Əmir Qazi Şahılı, daha sonralar – 1819-cu ildə Fətəli şah Qacarın xanlıq titulu verdiyi Qaşqay elbəyisi Canı ağa, sonrakı Qaşqay elxanları Məhəmmədəli xan, onun qardaşı Məhəmmədqulu xan və başqalarının elxanlıq dövrlərinə səyahət edir. T.İbrahimovun (Şahin) qənaətlərinə söykənən müəllif yazır: “Məhəmmədqulu xanın 1867-ci ilə qədər elxanlıq dövrü Qaşqay elinin həyatında ən parlaq dövrlərdən biridir. Həmin dövrdə Qaşqay eli 60-64 min ailəyə, yəni 300-320 min nəfərlik elat əhaliyə malik idi..” (T.Ə.İbrahimov (Şahin). Qaşqaylar, səh.163).
Belə məlum olur ki, təbii fəlakətlərin və daxili ziddiyyətlərin böyük zərbə vurduğu Qaşqayların yeni dirçəliş dövrü XIX yüzilliyin sonlarına təsadüf edir. 1880-ci il doğumlu İsmayıl xan Sövlətüddövlənin elxan seçilməsi bu dirçəlişə böyük təkan verir, o, Qaşqay elini sıx birləşdirmək yolunda ciddi addımlar ataraq, mühüm tədbirlər həyata keçirir.
“1910-1911-ci illərin hadisələrindən bəhs edən Əbülfəz Qasimi yazır ki, İsmayıl xan Sövlətüddövlə Şirazın taxt-tacsız padişahı idi, mərkəzdən göndərilən valilərdən kimsə onun iradəsinə qarşı hərəkət edirdisə, Sövlətüddövlə onu əyalətdən çıxarırdı…” Məhz bu səbəbdən onun el içərisində “Sərdar-i əşayır” (Elin sərdarı – başçısı) adı ilə şöhrətləndiyi qeyd olunur. Daha sonra mərkəzi hökumətin Sövlətüddövləyə qarşı məkrli siyasətindən bəhs edən müəllif, onu elxanlıqdan uzaqlaşdıraraq yerinə Sərdar Ehtişamini təyin etdiyindən, İsmayıl xan və Qaşqay elinin onun tərəfində çoxluq qüvvəsi “Kazerun, Firuzabad, Şiraz və ətraf bölgələrdə Böyük Britaniya əsgəri birliklərinə qarşı vuruşur, Təngistan və Dəştistan mücahidlərinə köməyə getməklə Böyük Britaniya əsgəri birliklərinin ölkənin içərilərinə doğru irəliləməsinin qarşısını alırlar…” Qaşqayların dönməzliyindən təşvişə düşən baş nazir Vüsuqüddövlə nəticədə İsmayıl xan Sövlətüddövləyə və bölgənin müqavimət hərəkatının liderlərindən Nazer Divana dəfələrlə məktub yazaraq bu mübarizəni dayandırmağı tələb etsə də, müqavimət iştirakçıları mübarizəni dayandırmaqdan imtina edirlər. 2 ilə yaxın davam edən bu hərəkatda yenə Qaşqaylar Böyük Britaniyanın 40 minlik ordusuna, onların təcavüzkarlıq planlarına qarşı rəşadətlə döyüşərək, onların bu bölgəyə hakim olmalarına, hətta “Şirazı keçərək Fars əyalətinin quzeyinə getməsinə belə imkan vermirlər…”
Beləliklə, bu kiçik incələmədən aydın görünür ki, şücaət, qəhrəmanlıq, mərdlik, dönməzlik kimi yüksək keyfiyyətlər igid, mübariz Qaşqay türklərinin iliyində, qanındadır. Onlar ilk yaranışdan belə yaranıblar, tarixin qan yaddaşında kodlaşmış bu mirası gələcək nəsillərə qanla, genlə ötürməkdədirlər. Təsadüfi deyildir ki, İsmayıl xan Sövlətüddövlənin oğlanları Məhəmmədnasir, Xosrov, Məlikmənsur və Məhəmmədhüseynin də ömür yolları atalarının ömür yolunun davamıdır. Onlar ataları İsmayıl xanın Rza şah tərəfindən zindanda öldürülməsi xəbərini aldıqdan sonra təcavüzkar fars rejiminə qarşı hazırladıqları planlardan xəbər tutan hökumət qardaşların İrana gəlişinə qadağa qoyur. Lakin II Dünya Savaşı dönəmində yaranan qarışıqlıqdan istifadə edərək İrana gələ bilirlər. Hakimiyyətdəki boşluqlar isə onların Qaşqayların yanına gələrək elin başına keçmələrinə imkan verir.
Araşdırmaçı Əli Şamilin İsmayıl xan Sövlətüddövlənin oğulları və onların, üzləşdikləri məşəqqətlərə baxmayaraq, Qaşqay elinin müqəddəratının həlli yolunda apardıqları mübarizə dönəmləri barədəki ilginc araşdırmaları haqda təfərrüatlara varmadan, bildirmək istərdik ki, bu mərd elin comərd oğulları dədə-babalarından miras qalan şanlı tarixi öz qanları bahasına yaşadıb gələcək nəsillərə ötürməklə özləri bu tarixi yazanlardan olublar. “T.Ə.İbrahimov (Şahin) “Qaşqaylar” kitabında yazır ki, Qaşqay eli İran elatları sırasında ən mütəşəkkil, nizam-intizamlı, güclü, nüfuzlu, varlı, böyük el birliyi olmuşdur”.
Əli Şamil Qaşqay elində bir çox tanınmış ziyalıların ocağında qonaq olmuş, saysız-hesabsız görüşlər, ziyarətlər nəticəsində bir daha əmin olmuşdur ki, Qaşqaylar yüzillər boyunca farsların arasında yaşasalar da, öz türkcələrini unutmamışlar. “Məsələn, bizim “sahib” dediyimiz sözə onlar “əyə” deyirlər. “Əyə” (“yeyə” – yəni,“yiyə” – Q.M.) sözü bizdə bəzi dialektlərdə hələ də işlədilir. Qaşqaylar şeirə “yır”, şairə, şeir deyənə, mahnı oxuyana “yırçı”, şeir deməyə və mahnı oxumağa “yırlamaq” deyirlər” – deyə araşdırmaçı bildirir.
Şirazda olarkən ona təqdim olunan “Gün açmaq” adlı dərgi (dərginin sahibi və redaktoru Zəhra İsgəndəri Nəsəbidir) və onun taleyi ilə bağlı araşdırmaçı yarı sevinc, yarı təəssüf hissilə bildirir ki, yazılarının çoxu Qaşqay türkcəsində olan dərgi 2017-ci ilin may ayından nəşrə başlasa da, abunəçisinin, alıb oxuyanının az olması səbəbindən cəmi 6 sayı işıq üzü görüb. “Aydınlar gileylənirdilər ki, ana dilində məktəb olmadığından dərgidə yazılanları Qaşqaylar çətin oxuyurlar…”
Buna baxmayaraq, Əli Şamil Qaşqay elinə səfər yazılarını nikbin sonluqla yekunlaşdırır: “Qaşqaylar bölgədə yaşadıqları illər boyunca çox savaşlarda iştirak ediblər. Bu savaşlarda 10 minlərlə övladlarını itiriblər. Dəfələrlə obalarına basqınlar olub. Qocaları, qarıları, qız-gəlinləri, oğul-uşaqları öldürülüb. Qoyun sürüləri, mal-qara naxırları, at ilxıları, xalça-palazları, ev əşyaları, bir sözlə, mal-mülkləri talan edilib. Buna baxmayaraq, onlar heç vaxt əyilməyiblər. Toparlanaraq yenidən dirçəlib mübariz əhval-ruhiyyələrini qoruyub saxlaya biliblər.
Farslarla, lorlarla, bəluclarla, ərəblərlə və b. xalqlarla eyni bölgədə yaşasalar da, onlarla heç bir milli və dini zəmində qarşıdurmaları olmayıb. Onların haqları tapdandıqda silaha əl atıblar. Bir sözlə, savaşlar əsasən elin daxili muxtariyyətini əldən vermədiyinə görə olub. Ənənəyə bağlı olduqlarına görə, ata-babalarının yaşadığı kimi sərbəst yaşamağa çalışıblar…”
Budur Türk yenilməzliyi, budur möhtəşəm Türk ruhu!
Tədqiqatçının da qeyd etdiyi kimi, Qaşqaylar hələ də öz əski Türk ənənəsini yaşatmaqdadırlar. “Qaşqay aydınlarının topladığı folklor nümunələri arasında “Əsli-Kərəm”, “Qərib-Şahsənəm”, “Mahmud-Nigar”, “Koroğlu” və sair kimi” dastanlar olduqca məşhurdur.
Qaşqaylar öz mədəniyyətlərini, ağız ədəbiyyatı incilərini, musiqi və folklor nümunələrini yaşatmaqda olsalar da, tədqiqatçının da haqlı olaraq gəldiyi qənaət budur ki, assimilyasiya sürətlə getdiyindən Qaşqay folkloru da məhv olmaqda, dünya mədəniyyətinin bir parçası beynəlxalq təşkilatların, mədəniyyət mərkəzlərinin gözü qarşısında əriyib getməkdədir. İran İslam Respublikası qapalı ölkə olduğundan bir çox beynəlxalq qurumlar da buna müdaxilə edə bilmir. Çox təəssüf!
Kitabın 100 səhifəlik böyük bir hissəsini Qaşqay elindən toplanmış folklor nümunələri – Ata sözləri (Zərbül-məsəllər), Bayatılar (Asanaklar), Mərasim nəğmələri, Xalq mahnıları, Uşaq şeirləri, Yanıltmaclar, Sicilləmə-təkərləmə, Tapmacalar (Mətəllər), İnanclar, Lətifələr, Nağıllar, Dastanlardan parçalar, El şairlərinin şeirlərindən seçmələr təşkil edir. Təqdirəlayiq haldır ki, araşdırmaçı kitabda Qaşqayların öz dilindən aldığı danışıq nümunələrini olduğu kimi – müəllifiləri və söyləyənləri göstərilməklə yazıya köçürmüş, Qaşqay ləhcəsinin şirinliyini oxucuya bütün şəhd-şirəsiylə çatdırmağa nail olmuşdur. Tədqiqatın uğurlu cəhətlərindən biri də kitabın tarixilik baxımından mühüm faktlara istinadən qələmə alınmasıdır ki, burada müəllif bütün bu faktları özündə əks etdirən yerlərə canlı səyahətdən doğan təəssüratlardan yaranan məlumatları oxunaqlı bir şəkildə və elmi sübutlara əsaslanmaqla sənədli-publisistik dillə yazıb ortaya qoymuşdur. Kitab yaşadığımız ildə nəşr olunsa da, buradakı hər hadisə, hər fakt Qaşqay türklərinin qəhrəmanlıqla səciyyələnən şanlı tarixi, folklor və mədəniyyəti, həyat tərzi, ailə və məişət gələnəkləri ilə bağlı tədqiqatçınınuzun illər ərzində beynində toparlayaraq hazırlayıb həyata keçirməyə çalışdığı, təxəyyül və təfəkkür süzgəcindən keçirərək meydana çıxardığı mükəmməl tədqiqat əsəri kimi elmi ictimaiyyətin diqqətini cəlb etməkdədir. İnanırıq ki, uzun illər ərzində özgürlük və yenilməzliyini qoruyub saxlamış bu möhtəşəm Türk toplumunun öz doğma Türk dünyasına yenidən və layiqincə təqdim olunması yolunda Əli Şamil hocamızın “Qaşqaylar və onların folkloru” adlı mükəmməl araşdırmasının müstəsna rolu olacaqdır.