BakıI “Əkinçi”sinin Tiflisli gürcü qargaşı- “QUTNIS DEDA” qəzeti
Azərbaycan milli İmətbuatının banisi Həsən bəy Məlikovun (Zərdabinin) yaratdığı «Əkinçi» qəzetinin (1875-1877) özündən 14 yaş böyük , 1861-ci il təvəllüdlü gürcü qardaşı var imiş…
Mən bu xəbəri 29 il bundan əvvəl «Bərəkət» qəzetinin (əvvəllər «Covet kəndi» adı ilə çıxmışdır — N.N.) 01.09.1992-ci il tarixli 87(7756) – ci nömrəsində oxucularla bölüşmüşdüm. Tədqiqatçı alimlərin reaksiyasını görmədiyimə görə bir neçə dəfə yenidən bu maraqlı məsələyə qayıtmaq fikrinə düşmüşəm.
«Kaвказский календарь» məcmuəsinin 1877-ci ildə çıxan sayındakı (səh.244) «Qafqaz Kənd Təsərrüfatı Cəmiyyəti» adlı məqalədə ölkədə kənd təsərrüfatına aid elmi məlumatları yaymaq üçün Tiflisdə buraxılan mətbuat orqanlarından da söz açılmışdır. Gürcü dilində ƏKİNÇİ mənasını verən “Qutnis Deda”nın adına da ilk dəfə burada rast gəldim.
Tiflisdəki mətbuat orqanlarında dövrünün müxtəlif millətlərə mənsub olan adlı-sanlı ziyalıları iştirak edirdilər.
Onlardan biri görkəmli zooloq, botanik, aqronom Sitovski Nikolay Prokofyeviç (09.06.1829-05.04.1890) idi. O, 22 il (1854-1876) Qafqaz Canişinliyində (Namestnikliyində) işləmiş, kənd təsərrüfatının elmi şəkildə təşkilində əhəmiyyətli işlər görmüşdür.
N.P.Sitovskinin həyat və elmi fəaliyyətinin dərindən öyrənilməsi bir müddət Tiflisdə yaşayan Azərbaycan ziyalılarından M.F.Axundov, H.Məlikov (Zərdabi), eləcə də general Xasay xan Usmiyev haqqında maraqlı materialları ortaya çıxara bilər.
XIX əsrin ikinci yarısında Tiflisdə yaşayan bir sıra digər diqqətdən kənarda qalan Azəbaycanlı ziyalıların da elmi yaradıcılıq işlərinin öyrənilməsində, ictimai fikir tariximizin bir çox məsələlərinin düzgün araşdırılmasında N.P.Sitovskinin əsərlərinin və arxivinin əhəmiyyətli rol oynaya biləcəyini güman edirik.
N.P.Sitovski dövri mətbuatda “Baş Əfəndi Hakim ağa”, “Proxor dayı”, “Hakim bəy” imzaları ilə çıxış edir, rusdilli mətbuat vasitəsilə maariflənmə işinə böyük önəm verirdi.
Kənd təsərrüfatında yeni qayda və qanunlarla, elmi əsaslarla iş görmək XIX əsr ziyalılarını düşündürən, narahat edən məsələlərdən idi. Bu məsələ bir neçə istiqamətdə araşdırılr, ziyalılar yeni ideyalarla çıxış edirdilər. Ədəbiyyatımızda bu kimi qəhrəmanların görünməsi xalqın gözünü açır, onları yeni həyat tərzinə həvəsləndirirdi.
M.Axundov Müsyö Jordanı Qarabağa gətirdi, N.Vəzirovun Fəxrəddini Almaniya texnologiyasını Azərbaycana tanıtdı.
Avropanı Azərbaycana tanıdan ilk böyük ziyalılardan biri Həsən bəy Məlikov kimi tanıdığımız Moskva Universitetinin 1865-ci il məzunu, Bakı gimnaziyasının təbiət tarixi müəllimi Məlikzadə Həsən oldu. O, M.F.Axundovun, A.P.Berjenin, D.Staroselskinin, N.P.Sitovskinin açdıqları cığırla inamla irəliləyərək, «Əkinçi» adı ilə nəşr etdirdiyi qəzeti türk dünyasının oxucuların ixtiyarına verdı. Hərə bu qəzetdən öz payını götürürdü.
1875-ci il iyulun 22-də Bakıda nəşr olunan «Əkinçi»nin ilk sayı türk dıli anlaşılan obalara , ellərə göndərildi. Milli mətbuat yolunda fədakarcasına çalışan Həsən bəy Məlikzadə Zərdabi «Əkinçi»nin 56 sayını çap etdirdi.
57-ci nəmrəni çapa hazırladı.
Həsən bəy Məlikzadə Zərdabi 1877-ci il oktyabrın əvvəllərində qəzetin 57-ci sayını çıxarmaq istəsə də, bu iş alınmadı; sası dinli çuğulçu mürəttib (o vaxtlar hələ öz milli mürəttiblərimiz, mətbəə kadrlarımız yetişməmişdi-N.N.) çuğulçuluq edib, çapa hazırlanan, yığılan nömrədə dövlət üçün təhlükəli materialın verildiyini hakim dairələrin diqqətinə çatdırmışdı.
Həsən Məlikzadəyə həmin materialın başqası ilə dəyişdirilməsi təklif olunsa da, o, bu təklifi qəbul etmir. Maraqlıdır ki, Zərdabişünaslar indiyədək Həsən bəy Məlikzadənin qadağan olunmuş məqaləsinin izinə düşə bilməmişlər.
«Əkinçi» faktiki qapanmadan sonra hökumət sənədlərində düz iki il fəaliyyəti qadağan olunmayan mətbu orqan kimi göstərilmişdir . Deməli, bu illər ərzində H.Məlikzadə senzorun yoxlamasından sonra «Əkinçi»nin təzə nömrəsini çap edə bilərdi.
«Əkinçi»ni elə əvvəldən «Əkinçi» kimi ( qəzeti «Əkinçi» adı ilə çap etmək ) düşünülmüşdü.
«Əkinçi» kənd təsərrüfatına – əkinə, biçinə aid qəzet kimi düşünülsə də H.Məlikzadə onu istədiyi səmtə yönəldə bilmişdi.
Zaqafqaziyada Bakı «Əkinçi»ndən əvvəl də gürcü dilində bu istiqaməttli , gürcü dilində «əkinçi «mənasını verən qəzet var idi . İlk sayı Tiflisdə 1861-ci ildə çıxan bu qəzet «QUTNİS DEDA» adlanırdı. Qəzetin redaktoru A.P.Purseladze (1839-1913) idi.
A.P.Purseladze «Marta»,»Kitesa» kimi romanların, «Georgi Saakadze və onun dövrü» adlı tarixi monoqrafiyanın müəllifidir.
«QUTNİS DEDA» qəzeti 1876-cı ilə qədər fəaliyyət göstərmişdir. Bir müddət sonra «Qutnis deda» Georgi Seretelinin «Sasoplo qazeti»(«Kənd qəzeti») adlı mətbuat orqanı ilə birləşdirilmişdir.
«Qafqaz» qəzetinin 28 noyabr 1871-ci il tarixli 140-cı sayında bir yazıdan bəlli olur ki, Sereteli Azərbaycan dilində də kənd təsərrüfatına aid qəzet çıxarmaq niyyətində imiş. Lakin onun bu münasibətlə hökumət dairələrinə müraciəti nəticəsiz qalmışdır. Çox güman ki, Seretelinin bu niyyətindən M.F.Axundovun da xəbəri var imiş. Hər halda bu məsələ araşdırılmalı, deyilən söz faktlara əsasnlanandan sonra ucadan səsləndirilməlidir.
Mən artıq bir neçə ildir ki, gürcü “Əkinçi”sinin – “Qutnis Deda” qəzetinin axtarışına çıxmışam. Amma hələ də bu mətbu orqanın bircə sayını belə tapmamışam. Yazdıqlarım bu mövzuda yazılanlardan və arxiv sənədlərindən qaynaqlanır.
İnanıram ki, Gürcüstanlı gürcü dostlarım da, orada yaşayan Azərbaycanlı araşdırıcıları da, nəhayət ki, səsimə səs verəcək, mətbuat tarixçilərimiz ictimai fikir tariximizin açılmamış, hələ də qaranlıqda və alatoranlıqda qalmış səhifələrində maraqlı faktların izinə düşə biləcəklər.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasınn Əməkdar müəllimi, türkoloq
Bakı, 22.03.2021