AZƏRBAYCAN TÜRKLƏRİNİN YARATDIĞI «RUS SİLAHLARI»…
Sənan Qılıncarslan Qacar
Rusiyanın ən gizli şirkətlərindən biri olan “Almaz-Antey” korporasiyasının rəhbəri olmuş İqor Aşurbəyli “S-300 Favorit” və “S-400 Triumf” raketlərini ixtira edib.
Həmçinin, Suriyada rus silahını bütün dünyaya tanıtdırması ilə məşhurlaşan alim bildirib ki, o, uzun müddət “S-300” və “S-400” zenit-raket koplekslərini hazırlayan “Almaz-Antey” hərbi-sənaye kompleksinin baş direktoru olan həmyerlimiz İTV-yə müsahibə verərkən deyib:
“Məhz mənim rəhbərliyim altında “S-300” sistemləri hazırlanıb və Azərbaycana göndərilib. Bilirəm ki, həmin komplekslər hərbi paradda da nümayiş olunur.
O ki, qaldı bu silahın Azərbaycan üçün əhəmiyyətinə, onu deyə bilərəm ki, “S-300” kompleksi real geosiyası müdafiə silahıdır. Bu silah Azərbaycana öz hava məkanının suverenliyini qorumaq imkanı verir. Hesab edirəm ki, “S-300”lərə sahib olan Azərbaycan səması etibarlı qapadılıb. Hətta, Azərbaycan bu sxemə malik olmaqla həm də qonşu ölkənin hava məkanını 150 km-dən çox məsafədən nəzarətdə saxlaya bilir”.
İqor Aşurbəyli Türkiyənin Rusiyadan “S-400 Triumf” zenit raket kompleksini alması ətrafında yaranan vəziyyəti də şərh edib. Onun fikrincə, gələcəkdə Rusiya ilə Türkiyənin “S-400” sistemlərini birgə istehsal etməsi mümkündür:
“Əlbəttə ki, bu,mümkündür. Bu, silah ticarətində beynəlxalq təcrübədir. Alıcı ölkə hər zaman istehsalın bir hissəsinin öz ölkəsinin ərazisində olmasını istəyir. İlk növbədə, həmin ölkə öz sənayesini yükləmək, ikincisi isə yeni texnologiyanı mənimsəmək və gələcəkdə həmin sistemləri özü istehsal etmək istəyir. Bura bariz nümunə Çindir. İyirmi ildən çoxdur ki, Rusiyadan “S-300″ləri alırdılar. Sonradan dedilər ki, daha almayacağıq, özümüz istehsal edəcəyik. Amma nəsə alınmadı. İndi bizdən “S-400” komplekslərini alırlar”.
İxtiraçı-mühəndis ABŞ-ın “S-400″lərlə bağlı Türkiyəyə təzyiqi məsələsinə də münasibət bildirib.
Aşurbəyli qeyd edib ki, bir sıra texniki göstəricilərinə görə, “S-400” zenit-raket komplekslərinin dünyada analoqu mövcud deyil və bu, Vaşinqtonu qıcıqlandıran əsas səbəblərdən biridir. Digər səbəb isə, ABŞ-ın silah bazarını monopoliyaya almağa cəhd etməsidir.
Xatırladaq ki, əslən azərbaycanlı olan İqor Aşurbəyli 1963-cü ilin sentyabrın 9-da Bakıda doğulub.
“Sosium” holdinqin Direktorlar Şurasının sədri, KB-1 “Almaz” elmi-sənaye birliyinin elmi rəhbəridir. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, 2001-2011-ci illərdə “Almaz-Antey” konstruktor bürosunun rəhbəri olub, texnika elmləri doktorudur. 12 oktyabr 2016-cı ildə bəşəriyyət tarixində ilk dəfə olaraq kosmik dövlətin – Asqardiyanın yaradıldığını elan edib, hazırda onun kralıdır.
İ. Aşurbəyli həmçinin, 100-dən çox elmi əsərin, o cümlədən bir ensiklopediya və iki monoqrafiyanın müəllifi, onlarla mükafatın laureatıdır. S300 və S400 — lər onun patenti ilə istehsal olunur.
Космическое Государство Асгардия: ketiiiiiiii — LiveJournal
Onu da bildirək ki, İ. Aşurbəylinin mənsub olduğu Aşurbəyovlar Azərbaycan xalqının məşhur soylarından biridir. Nəslin kökündə Aşur xan Avşar dayanır. O, Avşar elindəndir. Bu el haqqında məlumatlar XVIII əsrə gedib çıxır. Məşhur Nadir şah Əfşar da bu tayfadandır. Bu nəsildən Təzə Pir məscidini inşa etdirən Nabat xanım Aşurbəyova, neft sənayeçisi Teymur bəy Aşurbəyov, məşhur tarixçi Sara Aşurbəyli kimi şəxsiyyətlər çıxıb.
O, görkəmli alim Rafiq Əliyevin aspirantı olub.
1983-cü ildə İ. Aşurbəyli Viktoriya adlı xanımla ailə həyatı qurub, bir il sonra isə onların oğlu – Ruslan dünyaya gəlib. Ailə 1990-cı ildə Moskvaya köçüb.
Hazırda İ. Aşurbəyli Asqardiya kosmik dövlətinin prezidentidir.
*********
Davud Paşayev müasir RF hərbi-dəniz donanmasının əksər sualtı atom gəmiləri, o cümlədən ən müasir “Borey” markalı submarinlərin ixtiraçısıdır.
Ötən əsrin 20-ci illərində Müsavat Partiyası Azərbaycanda gizli fəaliyyətə keçməyə məcbur qalır. Lakin tezliklə NKVD bu məxfiliyi aşkarlayaraq ölkədə kütləvi həbslərə start verir. Qazamata atılanlar sırasında hətta Cəfər Cabbarlının da olduğunu deyənlər var.
“300 spartalı”, bu 300 müsavatçının Solovki həbs düşərgəsində hansı əzablardan keçdiyini bilmək istəyirsinizsə, Aleksandr Soljenitsinin “Arxipelaq QULAQ”, siyasi məhbus Oleq Volkovun xatirələrini vərəqləyin. Hər iki müəllif xatirələrində dini, milli qarşıdurmaya zərrə qədər yer verməyib. Həmin müsavatçıların Solovkidə rejimə qarşı necə mütəşəkkil, qəhrəmancasına mübarizə apardıqlarını həsədlə qələmə alıblar.
Belələrindən biri Paşayev Hüseyn Kazım oğlu, o vaxtdan başlayaraq, nəhayətsiz Şimal ənginliklərinə vurulur. Şimala hədsiz sevgisini sonradan oğlu Davuda ötürməyi bacaran ata hardan biləydi ki, bu sevda nəticəsində doğma övladı nə vaxtsa sualtı atom qayıqları müəllifi kimi dünya şöhrəti qazanacaq.
1961-ci ildə Hüseyn Paşayev, nəhayət, öz yurduna — Qazağa qayıtmağa müvəffəq olsa da, oğlu Davudu özüylə vətəninə dartıb gətirə bilmir. Orta təhsilini gümüş medalla bitirən Davud o zamanlar Sverdlovskidəki Politexnik İnstitutunun tələbəsi idi. “Atom energetik qurğularının layihələşdirilməsi və tətbiqi” sahəsini seçib, ixtiraçı-alim kimi həyatda ad çıxarmaq istəyirdi.
1995-ci ildə, sualtı atom gəmiləri istehsalını qoruyub yenidən qurduğu üçün “Rusiya qəhrəmanı” adına layiq görüldüyü vaxt Davud Paşayev Kremldə Boris Yeltsinlə növbəti dəfə görüşür. Ancaq bu dəfə adi azərbaycanlı tələbə kimi deyil, Rusiya sualtı qayıqlarını labüd ölümdən qurtarmış bir alim kimi. Azərbaycanlılara öz kritik münasibəti ilə seçilən Yeltsin “Rusiya qəhrəmanı” ordenini Davudun yaxasına sancarkən, deyilənə görə, əvvəlcə azca tərəddüd hisslərini yaşayıb. Sonra Davudu var gücüylə sinəsinə basarkən gözləri yaşarıb.
1963-cü ildə Davud Paşayev Sverdlovskidəki təhsilini uğurla bitirib yenidən Solovki tərəflərə qayıdır. Atasının bu ada barədə xatirələrini yaddaşında canlandırıb dərindən bir ah çəkir. Qərara gəlir, atasının uzaq şimaldakı missiyasını bu dəfə özü davam etdirsin.
Davud Severodvinskdəki tam məxfi “Sevmaş” elmi-istehsalat birliyinə işə düzələrkən yenə də atasının bostan, istixana təcrübəsini yadına salır. O vaxt “Sevmaş”da sualtı atom qayıqlarının istehsalı təzəcə başlayırdı. İnfrastrukturun, ərzaq təchizatının lazımi səviyyədə olmadığını görən Davud bu əskikləri aradan qaldırmaq üçün yeni təkliflər irəli sürür. İşçiləri bağ evləri, istixanalarla təmin edən Davud təkcə bununla kifayətlənsəydi, gələcəyin üç dəfə sosialist əməyi qəhrəmanı adını qazanmazdı.
“Aşağılar” da onu vəzifəyə təyin edirdilər hərdən. 1988-ci ilin iyun ayında əmək kollektivinin açıq səsverməsi nəticəsində Davud Paşayev SSRİ tarixində ilk dəfə dövlət müəssisəsinə — “Sevmaş”a rəhbərlik etməyə başlayaraq düz 16 il, 2004-cü ilin martınadək bu vəzifədə qalır. Üst-üstə min saat su altında, yeddi min saat zərərli, radiasiyalı iş şəraitində çalışmış bu müsavatçı oğlu müasir Rusiyanın hərbi-dəniz qüdrətini bərpa etməyə nail olmuş tarixi şəxsiyyətdir. 1995-ci ildə Boris Yeltsinlə görüşü zamanı o, prezidenti inandırır — təcili olaraq Rusiya Dövlət Atom Gəmitikintisi Mərkəzi yaradılıb, ixtiyarı Davud Paşayevə verilməlidir.
Şimal Buzlu Okeanında, Arktika şelfində, Peçora hövzəsində buzadözümlü stasionar neft emalı qurğularının yaradılması da Davud Paşayevin əməyidir. Şimal Qütbü altındakı milyard tonlarla neft yataqlarının istismarı bu qurğular olmadan həyata keçə bilməz. Qoy Artur Çilingərov kimilər bunun ixtiraçılığını öz adlarına çıxmasınlar. Davud Paşayev bu sahədə də öz birinciliyinə çoxdan imza atıb.
Mərhum ixtiraçı həm də gözəl, bacarıqlı təşkilatçı kimi də tanınır doğma “Sevmaş” elmi-istehsalat birliyində. 90-cı illərdə görəndə ki, dövlətin maliyyə imkanları tükənib, bu gün-sabah nadir mütəxəssislər pulsuz qalıb acından öləcəklər, Davud Paşayev yenə də özünü itirmir. Atasının — köhnə müsavatçının Solovki adasındakı çiləsini xatırlayıb axır bu dərdə əlac tapır elə bil. Bu dəfə xüsusi yemək talonları ixtira edir bizim bu məşhur ixtiraçı alim. İmkan yaradır ki, atası kimi, hamı ətraf boş sahələrdə istixanalar qurub orda tərəvəz yetişdirsin. Talonla yerli yeməkxanalara daxil olub, orda mədələrini doyuzdursunlar. Deyilənə görə, fəhlələr bu talonlara o vaxtlar “paşayevka” adını veribmişlər.
Məhz bu cür işçilərin köməyi ilə Davud Paşayev “Sevmaş”ı diriltməyə müvəffəq olur. Sualtı atom qayıqlarının dördüncü nəslini istehsalata buraxaraq Vaşinqtonu deyil, nə qədər qəribə səslənsə də, Moskva məmurlarını bərk diksindirir.
Sovet vaxtlarında “Antey”, “Bars” “Akula” kimi sualtı qayıqların müəllifi kimi tanınan Davud sonrakı çətin günlərdə bu ənənəsini qoruyub davam etdirməyi də bacarır. 1996-cı ildə o, yeni tipli “Yuriy Dolqorukov” gəmisinin tikintisinə start verir, 2002-də öz “Qepard”ını okean dərinliklərinə buraxır.
Rusiya İctimai Palatasının fəxri üzvü olan Davud Paşayev 1996-cı ildə “Rusiya Federasiyası Qəhrəmanı”, “Oktyabr İnqilabı ordeni” (1974), “Qırmızı Əmək Bayrağı” (1984), “Rusiya Hərbi Donanmasının 300 illiyi” orden və medallarıyla təltif edilib. 2006-cı ildə RF-nin prezidenti Vladimir Putinin əmri ilə Davud Paşayev növbəti dəfə Rusiya Dövlət mükafatı laureatı adını qazanıb.
Yazı yerli və Rusiya mətbuatının materialları əsasında hazırlanıb.
Fedai az Araşdırma Qrupu
AVMVİB Mətbuat Xidməti