Sorğulama Olanları
Dərd eyləmə dəli könül,
Bu dünyanı, olanları
Köksümü incitmə könül,
Həzm elə gəl olanları!
Gedən gedib, bitibdir day,
Ox gedibdir, çəkilib yay,
Öz-özünə söylə lay-lay,
Sorğulama olanları!
Barış acı taleyinlə,
Nə edərsən tək əlinlə?
Asıb-kəssən də dilinlə
Dəyişməz ki olanları?!
Acılama dostu-yadı,
Bil ki, ölümlü dünyadı.
Düşün, sənə nələr qaldı,
Çalxalama olanları!
Lazım deyil ki, fəlsəfə,
Qoyuram sözləri səfə,
Çəkil ki, düşmə hədəfə,
Doğrula sən olanları!
Qəhər boğsa, yansa sinə,
Dünya dönsə də tərsinə,
Getmə Rəbbinin əksinə,
Sorğulama olanları!
Elsevər Hüseynoğlu
Bakı~26/02/2020