Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki unudulmuş ibtidai məktəbi
Mətbuata bağlılığım, bəlkə də, babamla əlaqədardır. Babam məşhur şairimiz Hacı Seyid Əzim Şirvaninin ən fəal şagirdlərindən birı olub. Babamın S.Ə.Şirvani və M.Ə.Sabir haqqında bəzi söhbətləri hələ də yadımdadır. Cavanlıq illərində varlı həyat tərzi keçirən babam 80 ildən artıq ömür sürüb. Bu ömrün son 50 ilini dərzilik etməyə məcbur olub. Ruhdan düşməyib,Şamaxı “Məclis məktəbi”ndə aldığı bilik həmişə karına gəlib. Ömrünün sonuna qədər qəzet oxuyardı, kitabla arası yox idi.
1970-ci ilin əvvəllərindən başlayaraq S.Ə.Şirvani, M.Ə.Sabir, eləcə də H.Z.Tağıyev və onun həyatı, xeyriyyəçilik fəaliyyəti, məktəb və maarif məsələlərinə qayğı və himayədarlığı haqqında yazılarım bir növ nəslin ənənələrinə varislik kimi başa düşülməlidir. Bu illər ərzində maariçilik, məktəb, məktəb tarixi, pedaqoji mətbuat, ədəbi əlaqələr, görkəmli din xadimləri haqqında rus və Azərbaycan dillərində yüz əllidən çox məqalə yazaraq bu mövzulara marağı olan oxucuların diqqətinə çatdırmışam.Yaxşı təəssürat və ovqat yaratmaq üçün onlardan bir neçəsinin adını xatırlatmaq istəyirəm: “London görüşləri” (“Qabaqcıl texnika uğrunda” qəzeti – yeddi məqalədən ibarət silsilə yol qeydləri -1972-ci il), “Məclis məktəbini kim yaratmışdır?” (“Azərbaycan müəllimi” qəzeti, 23.02.1979), “Unudulmuş Ünsizadə” (“Həyat” qəzeti, 09.02.1993), “İşığ”ın ziyası” (“Azərbaycan müəllimi” qəzeti, 03.06.1992), “Axund Molla Mustafa “(“İslam dünyası” qəzeti, 04.081993), “Tərcüman”ın təcrübə məktəbi – “Ziya” qəzeti” (“Ziya” qəzeti, 27.02.1992 ) ….
Bir neçə məqaləm görkəmli və çox qayğıkeş jurnalist Nəsir İmanquliyevin redaktəsi və uğurlu yol arzusu ilə işıq üzü görüb. Bunların çoxu Bakının sənaye və tikinti müəssisələrində işləyən əmək adamları haqqında yazılmış oçerk və ictimai-siyasi məsələlərdən bəhs edən yazılardır. Sonralar Nəsir İmanquliyev məktəbinin ləyaqətli davamçılarının da qayğısını hiss etmişəm. Bir çox yazılarım “Bakı” və “Baku” qəzetlərində çalışan məhz bu varislərin öz ştatdankənar müxbirlərinə qayğısı sayəsində oxucuların diqqətinə çatdırılıb: “Плохих педагогов Г.З.Тагиев не держал ( “Баку “-04.02 1993), “Носил ли Г.З.Тагиев белые перчатки?” (“Баку “, 06.02.1993), “Почему забыт Мустафа Махмудов? Отзовитесики родственники друга и соратника М.Э.Расулзаде ,(“Баку” ,06,04.1993), “Будет ли школа имени Г.Зардаби” (“Баку”,14.09.1993)…
Məni Nəsir İmanquliyevlə Qiyasbəyovlar nəslindən olan partiya işçisi Təhminə xanım tanış etmişdi. 1974- cü ilin iyun ayının əvvəlləri idi. Çitadan əsgərlikdən gəlmişdim. Akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun aspirantı idim. Laçın vaxtlarım idi, amma cibim boş idi. Nəsir müəllim məni redaktoru olduğu “Bakı ” və “Baku” qəzetlərinə ştatdankənar müxbir kimi işləməyə dəvət etdi: məni sənaye şöbəsinin müdirı yaxşı insan və yaxşı jurnalist olan Səfər Məmmədova tapşırdı. Beləliklə, “Bakı”lı və “Baku”lu oldum
“Bakı” və “Baku”dakı bir neçə yazım arxiv sənədləri əsasında yazılıb. H.Z.Tağıyev, onun maarifçilik və xeyriyyəçilik fəaliyyəti haqqında yazdığım yazılar o vaxtlar çox maraqla qarşılanmışdı. Sonralar bu mövzuya dəfələrlə qayıtmışam.
H.Z.Tağıyevin Əhmədli kəndində öz fabrikində işləyən fəhlələrinin uşaqları üçün açdığı ibtidai məktəbə aid yazım da bu mövzudadır.
XX əsrin əvvəllərində – 7 oktyabr 1901-ci ildə Bakıda fəaliyyətə başlayan qızlar məktəbi tezliklə məşhurlaşmağa başladı. Məktəbin açılışı günü Bakıya Rusiya müsəlmanlarından, dini idarə rəhbərlərindən onlarla təbrik teleqramı gəlmişdi. Qonşu ölkələrin dövlət başçıları və ömrünü məktəb və maarif işinə həsr edən ziyalılar bu məktəbin uğurları ilə tanış olmaq istəyirdilər. 1902-ci ilın sentyabrında İran şahı Müzəffərəddin şah Avropa səfərindən öz ölkəsinə qayıdarkən zövcəsi ilə bərabər yolüstü Hacı Zeynalabdin Tağıyevin müşayiəti ilə qızlar məktəbinə gəlir. Məktəb şahın çox xoşuna gəlir, burada oxuyan qızların hərəsinə hədiyyə olaraq medalyonlu qızıl zəncir bağışlayır. Heç kəsə borclu olmaq istəməyən H.Z.Tağıyev şaha öz ləyaqətini göstərmək istəyir. H.Z.Tağıyev 1902-ci il noyabrın 13-də Bakı quberniyası və Dağıstan Xalq Məktəbləri İdarəsinin direktoruna rəsmi şəkildə müraciət edərək, ona məxsus olan Əhmədli Lifli Materiallar Zavodunun fəhlələrinin uşaqlarının yaxşı təhsil almaları, cəmiyyət üçun faydalı vətəndaş olmaları üçün Əhmədli kəndində ibtidai məktəb açmasına icazə istəyir və bu məktubunda məktəbə İran şahı Müzəffərəddin şahın adının verilməsini xahiş edir. Xalq Məktəbləri İdarəsinin direktoru H.Z.Tağıyevin xahiş məktubunun məzmununu Qafqaz Təhsil Dairəsinə xüsusi məktubla xəbər verir. Qafqaz Təhsil Dairəsinin hamisi 1903-cü ilin martında 381 nömrəli məktubu ilə məktəbin açılışına öz razılığını bildirsə də, nədənsə məktəbə İran şahının adının verilməsi xahişinə məhəl qoyulmur. Çox güman ki, bu, ölkədə gündən-günə qüvvətlənən qarışıqlıq və hərc-mərcliklə əlaqədar idi.
Yeri gəlmişkən qeyd edək ki, Müzəffərəddin şah (1853-1907) bəzi mənbəələrdə yazıldığına görə, 1900-cu ildə Osmaniyyədə rəsmi səfərdə olarkən Əbdülhəmid şahdan Azərbaycan (Cənubi Azərbaycan- N.N.) məktəblərində türk dili tədrisinin bərpa olunmasını xahiş etmişdi. Gürünür , İran şahının Bakıdakı Qızlar Məktəbinə səfəri də məktəb və maarif məsələlərinin tərəqqisi yolunda görmək istədiyi yeni layihələrlə bağlı olmuşdu
Müzəffərəddin şahın Bakı səfərindən iki il sonra- 1904- cü il oktyabrın 1-də H.Z.Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbinin rəsmi açılışı olur. O vaxtlarda Bakıda rus və başqa əcnəbi dillərdə çıxan qəzetlərdən məktəbin açılışı haqqında ətraflı məlumat toplamaq mümkündür. Rəsmi sənədlərdə bu məktəbin H.Z.Tağıyevin Əhmədlidəki Kağız-İplik və Toxuculuq Fabriki işçilərinin uşaqları üçün açıldığı xüsusi qeyd edilir. Lakin burada yaxın kəndlərdə yaşayan yoxsul balaları da təhsil alırdılar.
Məktəbin Nizamnaməsində burada üç müəllimin işləməsi nəzərdə tutulurdu. Müəllim əməyinin qiymətləndirilməsində nədənsə çox böyük fərqlər bar idi: elmi fənlər müəlliminin əmək haqqı ildə 600 rubl, Azərbaycan dili və şəriət müəlliminin maaşı isə ildə 300 rubl müəyyənləşdirilmişdi.
1904-cü il oktyabrın 27-də Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinin direktoru Əbdülkərim bəy Vəlilibəyov H.Z.Tağıyevin ibtidai məktəbinə direktor vəzifəsinə dəvət olunur.
Ə.Vəlibəyovun kənddən paytaxtın kənd məktəbinə rəhbər vəzifəyə dəvət edilməsi heç də təsadüfi deyildi. Birincisi, onun qardaşı Bakıdakı 9 nömrəli rus-tatar məktəbində direktor vəzifəsində işləyirdi, o, paytaxt ictimaiyyətinin tanıdığı, biliyinə və savadına güvəndiyi ziyalılardan idi. O, 1904- cü il oktyabrın 27-də H.Z.Tağıyevin xahişini teleqramla Gülablıda yaşayan qardaşına xəbər vermiş, onun Bakıya gəlişini tezləşdirmişdi. İkincisi, Ə.Vəlibəyov ölkə təhsilinin tanınmış nümayəndələrindən biri idi. O, 1896-cı ildə Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmiş, təyinatla Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinə direktor vəzifəsinə göndərilmişdi. 8 il Xalq Maarif Nazirliyi sistemində səmərəli fəaliyyət göstərənən Ə.Vəlibəyovun Bakıya məktəb rəhbəri vəzifəsinə dəvət edilməsi H.Z.Tağıyevin yaxınlarından biri olan, Ə.Vəlibəyovu həmyerli kimi yaxşı tanıyan Fərrux bəy Vəzirovun təklifi də ola bilərdi.
Məktəbə Azərbaycan dili və şəriət müəllimi vəzifəsinə o vaxtlar Bakıdakı şəhər məktəblərində ehtiyat müəllim kimi fəaliyyət göstərən Mirzə Abdulla Talıbzadə (Abdulla Şaiq- N.N.) dəvət olunmuş, lakin o, məktəb açılanacan Sabunçu kənd məktəbində işə düzəldiyinə görə Əhmədli kənd məktəbində işləməmişdi. İkinci təklif Əlauddin Əfəndiyə olmuş və o, 1906-cı il sentyabrın 17-dək – Bakı Kommersiya Məktəbinə keçənədək burada Azərbaycan dili və şəriət dərslərini keçmişdi. Məktəbdə bir müddət Azərbaycan dili və şəriət dərsləri boş keçmiş, sonralar bu iş Rza bəy Lətifbəyova həvalə olunmuşdu. Ə.Vəlibəyovdan sonra – 1908 -ci ilin sonunda məktəbə R.Cəfərov direktor təyin olunub. Lakin o, bu vəzifədə bir neçə ay işləyir. R.Cəfərovdan sonra direktorluq vəzifəsi Vera Stefanovskaya adlı bir müəlliməyə tapşırılır. Cəmi bir neçə aydan sonra o da rəhbərlikdən uzaqlaşdırılır.
Vera Stefanovskayanın yerini M.Reyn tutur.
1909-cu il yanvarin 1-nə aid siyahıdan öyrənirik ki, məktəbin 4 şöbəsində oxuyan 34 şagirdin 24-ü müsəlman, 10-u isə rus olub. Ancaq müsəlman şöbəsində oxuyanların sayı 7 nəfər idi. Digər müsəlmanlar ( azərbaycanlılar–N.N.) beynəlmiləl siniflərdə oxuyurdular.
Maraqlıdır ki, 1909-cu ilin sentyabrında H.Z.Tağıyevin ibtidai məktəbininin dörd şöbəsində oxuyanların sayı 80 nəfərə çatmışdı. Burada “xalqın böyük ehtiyacı olan, bilməyəcəyi təqdirdə əlacı olmayan” (S.Ə.Şirvani-N.N. ) rus dili ilə yanaşı, Azərbaycan dilinin tədrisinə də böyük qayğı göstərilirdi. Şagirdlər əsas fənlərdən başqa, əl əməyi, nəğmə, hüsnxətt dərsləri də keçir, islam dininin tarixini öyrənirdilər.
H.Z.Tağıyevin ibtidai məktəbinə aid son sənədlər 1917-ci il iyulun 27-də imzalanıb. Sənədlər içərisində pedaqogika tariximiz üçün maraqlı görünən materiallar çoxdur. Məktəbdə keçirilən ədəbi-bədii gecələrin proqramları, dərs bölgüsü və cədvəllər, müxtəlif yazışmalar bu qəbildəndir.
1916-cı ildə məktəbin nəzdində yaşlılar üçün gecə kursları açılmış, şəhər məktəbini bitirmiş Mir Məcid Abdullayev fəhlə-şagirdlərə müəllimlik etmişdir.
H.Z.Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbində keçirilən tədbirlərdə şəhərin adlı-sanlı adamları, o cümlədən təsisçinin özü fəal iştirak edirdi. Məktəbin bir şox məzunları sonrakı təhsillərini şəhərin rusdilli məktəblərində uğurla davam etdiriblər. Onlarıh adlarını tapıb üzə çıxarmaq, maarifçilik tariximizdə özünə şərəfli yer tutan bu nümunəvi təhsil ocağının tarixini hərtərəfli öyrənmək, onun unudulmuş yubileyini keçirmək pedaqoji ictimaiyyətimizi ciddi düşündürməlidir.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəlllimi