GenelGüncel

Türk dünyasının fazillərindən biri olan Səid Əfəndi Ünsizadə (1842-1903) və yaxud unutqanlıq nə vaxta qədər davam edəcək?

Əgər eşitsəniz ki,Bakıda Şamaxıya tərəf uzanan prospektin adını dəyişib, Səid Ünsizadə xiyabanı qoyublar, təəccüblənməyin.Əgər eşitsəniz ki,Bakıda Səid Ünsizadə adına Milli Mətbuat Mərkəzi açılıb,yenə də təəccüblənməyin….Əgər eşitsəniz ki,bəndənizə Səid Ünsizadə Mükafatı veriblər,buna heç təəccüblənməyin….Səid Əfəndi Ünsizadə (1842,Şamaxı-1903,İstanbul,Fatih Camii hasiresində dəfn olunub) türk dünyasının fazillərindən biridir.Bu qiymətin, şərəfli təqdimatın altında üç böyük şəxsiyyətin imzası var.Onlardan biri Əli bəy Hüseynzadə,ikincisi Əhməd bəy Ağayev,üçüncüsü Əlimərdan bəy Topçubaşovdur.Səid Ünsizadə Azərbaycan dilində kitab,qəzet, jurnal çapına tam yararlı olan ilk iri mətbəənin yaradıcısıdır. “Ziya” qəzeti, “Kəşkül” adlı ilk jurnalımız və həftəlik qəzetimiz bu mətbəədə çap edilmişdir. İsmaiıl bəy Qaspıralının “Toncuq, “Şəfəq, “Qəmər”, “Ay” kimi jurnalları da “Ziya” mətbəəsində çap edilmişdir.Səid Ünsizadə Azərbaycan dilində bir neçə dərsliyin və risalənin, elmi-metodiki vəsaitin müəllifidir. 1874-cü ildə Şamaxıda açılan, S.Ə.Şirvaninin, C.Ünsizadənin dərs dediyi, Ələkbər Tahirzsadənin (M.Ə.Sabir ) , S.M.Qənizadənin, M.Mahmudbəyovun oxuduğu məşhur “Məslis Məktəbi”nin ( indiki Şamaxı Avropa Liseyinin ) yaradıcısı da məhz Səid Ünsizadədir.Səid Ünsizadə publisistdir, ana dilimizin ədəbi üslubunun formalaşmasında nümunə göstərən şəxsiyyətdir. O, “Kəlilə və Dimnə”nin ( “Hümayünnamə”nin ) tərcüməçisidir.Səid Ünsizadə bu əsərdən üç hekayəni “Ziyayi-Qafqasiyyə “qəzetində çap etdirmişdir.S.Ünsizadə Tiflisdəki Aleksandrovski İnstitutunda müəllimlik etmişdir.O,burada təhsil alan müsəlman tələbələrə ana dili və şəriətdən dərs demişdir.S.Ünsizadə Quranın Azərbaycan dilində təfsirini yazan türkdilli alimlərdən biridir. S.Ünsizadə XIX əsrin 80-ci illərinin sonunda Tiflisdə,Şamaxıda və Baklda yalançı donoslardan bezib, tutduğu dövlət vəzifəsindən uzaqlaşmış, 1884-cü ildə bağlanmış “Ziya” qəzetini Bakıda çap etdirmək fikrinə düşmüşdür.Lakin rus müsəlmanlarını mətbuat vasitəsilə oyatmaq məqsəsini mətbuatda açıq söyləyən keçmiş redaktora hökumət dairələri icazə verməmişlər.Səid Ünsizadə maarifçilik fəaliyyətini İstanbuldadavam etdirmək fikrinə düşmüş,türk dünyasının paytaxtına köçmüşdür. O,burada müxtəlif vaxtlarda üç dəfə Osmanlı dövlətinin maarif naziri olan Münif paşanən köməkliyi ilə maarif əzası ( maarif işləri üzrə mürtəxəssis) vəzifəsində böyük maarifçilik fəaliyyətini davam etdirmişdir.Səid Ünsizadə Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü,Şamaxı qazısı kimi dövlər əhəmiyyətli vəzifələrdə çalışmışdır.Bakıda 1905-ci ildə fəaliyyətə başlayan “Həyat” qəzetində ( 07 iyul 1905,N2l ) Səid Ünsizadənin ölümünü xəbər verən bir nekroloq dərc edilmişdir.Redaksiya heyəti oxucuları görkəmli maarifçi haqqında daha geniş yazılar yazmağa çağırmışdır. Səid Ünsizadə -S.Ə.Şirvani,Həsən bəy Zərdabi,İsmayıl bəy Qaspıralı İsmayıl bəy Nakam(İsmi Sədrəddinbəyov), Mirzə Həsən Əlqıdari, M.M.Nəvvab, müfti Ə.Əfəndizadə,şeyxülislam Ə.Hüseynzadə, Mıhbus Dərbəndi və sair görkəmli söz ustaları ilə əməkdaşlıq etmişdir.
Ümummilli liderimiz Heydər Əliyev cənabları Səid Ünsizadənin pedaqoji və böyük maarifçilik
xidmətlərini yüksək qiymətləndirmişdir.
Ulu öndər Heydər Əliyev cənablarınin 18 iyun 2001-ci ildə imzaladığı
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanda deyilir:”XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Səid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır”.Səid Ünsizadənin rəhbərliyi ilə 1879-cü il yanvarın 25-də nəşrə başlayan Ziya qəzetinin 140 illik yubileyi münasibətilə görüləsi işlərin cərgəsində milli mətbuatımızın Zərdabidən sonrakı MOGİKANın xidmətləri lazımınca qiymətləndirilməlidir.Bu məqsədlə Bakıda və Şamaxıda S.Ünsizadənin əzəmətli heykəli ucaldılmalı,görkəmli maarifçinin əsərlərinin transfoneliterasiyası oxuculara çatdırılmalıdır.Ziya qəzetinin (25.01.1879,Tiflis-26.06.1884,Tiflis) bütün nömrələrinin transfoneliterasiyası səriştəli mətnşünas alimlər tərəfindən cidi redaktə olunaraq yenidən çap edilməlidir. Milli irsimizə qiymət kimi, Tiflisdə,Şamaxıda,Bakıda və İstanbulda bir sra küçə və xiyabanlara,tədris müəssisələrinə Səid Ünsizadənin (1842-1903) adının verilməsi barədə də düşünmək lazımdır. Bu, unudulmuş maarifçinin xatirəsinə hörmət və sayğı kimi dəyərləndurilməlidir. Bakıda Səid Ünsizadə adına Elmi Mərkəzin yaradılmasına da ehtiyac duyulur.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,türkoloq.Bakı.03.10.2019.

Pin It on Pinterest