Yerdəki cənnət, Teymurun cəngavərləri, min ilin gizlini…
TARİXİN SANDIĞINDAN
Böyük Əkbər Şahın ilk dəfə gördüyündə “Allaha and olsun ki, yer üzündə cənnət varsa, o da buradır” – dediyi, əsrlərdir yerli xalqın cənnət olduğuna inanaraq şəninə türkülər bəstələdiyi, Himalayın ətəklərində yerləşən münaqişəli bir yurddur Kəşmir. Hindistan və Pakistan kimi iki böyük dövlət 70 ildir bu ərazinin üstündə münaqişə vəziyyətindədir. Kəşmirin şimalında yerləşən, mərkəzi Müzəffərabad olan Azad Kəşmir bölgəsi Pakistanın muxtar vilayətidir. Buranın əhalisi tamamən müsəlmanlardır. Cənubda Hindistan idarəçiliyində Cammu Kəşmir bölgəsinin isə əhalisinin 69%-i müsəlmandır. Kəşmirin Aksai adlanan hissəsi isə Çinin idarəçiliyinə verilib. Buradakı əhali həm milli, həm də dini baxışları fərqli olmaqla, qarışıq etniklərdən təşkil olunub. Həm Azad Kəşmirdə, həm də Cammu Kəşmirdə yaşayan əhalinin toplamı demək olar milli tərkibcə türk, dini mənsubiyyətcə isə müsəlmanlardır. Bir əsrə yaxındır ki, bu yer üzü cənnətinin sakinləri ağır dövrlərini yaşayırlar. Bitməyən müharibələr, dini zəmində münaqişələr insanları pərişan etməkdədir. Azad Kəşmirdə yaşayan xalq Pakistan idarəçiliyindən razıdır və digər ərazilərdə qalan müsəlman soydaşlarının buddist Hindistan rejimi tərəfindən zülmə uğradıqlarını bildirirlər. Dövlət müstəqilliyini elan edərkən müsəlman Kəşmir əhalisi bütünlüklə Pakistan İslam Dövlətinin tərkibində yaşamaq istəsələr də, qərbin, eyni zamanda Sovet İttifaqı və Çinin də dəstəyi ilə Hindistan Cammu Kəşmiri ərazisinə qata bildi. İndi Pakistan türkləri eyni mədəniyyətin, ənənələrin daşıyıcıları, bir soydan olduqları qohum-əqrəbalarını illərlə görə bilməməyin həsrətini çəkirlər. Pakistan ərazisində yaşayan Kəşmir türkləri dini mənsubiyyətlə yanaşı, milli kimliklərini də qorumaqda, adət-ənənələrini yaşatmaqdadırlar. Onlar dövlət idarəçiliyində, orduda, təhsildə hörmət görən, iz qoyan toplumdurlar. Fərqlənmək üçün soy adlarından sonra Türk adı da rəsmi şəkildə sənədlərinə əlavə olunur. Bundan əlavə, türk – islam memarlığının yadigarları olan tarixi abidələr, qədim kitabə və sənədlər də günümüzdə Pakistanda qorunmaqdadır.
Tarixi arayış Tarix bizim üçün keçmişə bir güzgüdür. Bugünkü hadisələri analiz etmək üçün o güzgüyə boylanmalıyıq. Geriyə baxdığımızda Hindistan ərazisində min ildən çox mədəniyyət izləri, 800 illik siyasi idarəçiliyi olan türk hökmranlığı görürük. Ağ Hunlarla başlayan köç Baburlarla tamamlanır. X əsrə kimi tayfa köçləri və xırda idarəçilikdə yer alan türklər XI əsrdən siyasi hakimiyyəti ələ keçirdilər. Sultan Mahmud Qəznəvinin 17 ardıcıl hücumu ilə Hindistanın şimalına həm türk hakimiyyəti, həm də islam gəlmiş oldu. Bir-birini əvəzləyən xanədanlıqlar dövründə Orta Asiyadan, Şərqi, Qərbi Türküstandan minlərcə ailə buraya köç edərək, yerləşmişdilər. Onlar burada əlverişli iqlim şəraitindən yararlanaraq, maldarlıq və əkinçiliklə məşğul olurdular. Türklər getdikləri hər diyara öz mədəniyyətlərini daşımış, tarixi izlər qoymuşdular. Lakin Cənubi Asiyada tarixi inkişaf böyük coğrafi kəşflərdən sonra bölgəyə üz tutan avropalıların sayəsində daxili müharibələrlə, parçalanmalarla əvəzləndi. Əvvəlcə missionerlər göndərildi, sonra siyasi müstəmləkəçilik həyata keçirildi. Zamanla ingilis müstəmləkəçiləri həm müsəlmanlarla buddistlər arasında dini zəmində, həm də ticari sahədə olmazın daxili münaqişələrə səbəb oldular. 1857-ci ildən Hindistanda türk hakimiyyətinə son qoyularaq, ingilis idarəçiliyində fərqli hakimiyyətlər quruldu. Müstəmləkə rejiminin tətbiqindən sonra xalq sadəcə kölə halında yaşayır, ingilis ağalar onları istədikləri kimi idarə edirdilər. Bu işğaldan sonra xarici dünya ilə əlaqəsi kəsilən türk xalqı Kəşmirdə yalnız maldarlıqla məşğul olur, “Kaşmir” adlanan soyuğa davamlı dərini istehsal edirdilər ki, ingilis tacirlər onu dünyaya sataraq, böyük gəlirlər əldə edirdilər. XX əsrin əvvəllərində İngiltərənin başı Avropada dünya müharibəsinə və digər müstəmləkə ölkələrinə qarışdığından Hindistanda az da olsa canlanma başlanmışdı. İnsanlar təhsil alır, dünya mədəniyyətindən, hüququndan, sənayesindən xəbər tuturdular, yeni siyasi cərəyanlar, hərəkatlar meydana gəlirdi. Ölkədə təhsil alan az sayda kəşmirli türk də vardı ki, onlar da ölkədə nüfuz sahibi olmağa başlamışdılar. 20-ci illərdə indiki Pakistan ərazisində qurulan “Süleymanoğulları” şirkəti məişət əşyaları ilə yanaşı xırda sənaye məhsulları da istehsal edirdi ki, ölkə daxilində həm də qonşu ölkələrdə bu məhsullara tələbat vardı. Türklərin Pakistan tarixində mədəniyyət izləri də bu günədək qalmaqdadır. Hindistanda XI əsrdən Türk hakimliyi qurulsa da, onların dövründən qəbirüstü abidələr, xırda sənət əşyaları, döyüş avadanlıqlarının qalıqları qalmışdır. Bu günə qədər sağlam qalan memarlıq abidələri Baburlar dövrünə aiddir. Abidələrin böyük əksəriyyəti saraylar, qalalar, məscidlərdir ki, bunlar da türk-islam memarlığının yadigarlarıdır. Pakistanda qorunan abidələr içərisində Səfəvi – Anadolu memarlığı üslubunda türbələr də mövcuddur. Bu da Babur sarayı Bu da Babur sarayının qonşu dövlətlərlə xoş münasibəti, memar və sənətkarların dəvət olunmasının göstəricisidir. Zahirəddin Şah Baburun inşa etdirdiyi Balahisar qalası bu günədək Peşəvər ərazisində qalmaqdadır. Bundan əlavə, 1566-cı ildə Əkbər Şahın xeyir-duası ilə dünyaca məşhur Lahor qalasının inşasına başlandı. Oğlu Cahangir Şahın dövründə tikinti tamamlandı. Qala, qırmızı qumdan hazırlanmış kərpicdən hörülüb. Cahan Şahın dövründə içərisində bəzi dəyişikliklər edilib. Çəhəl Sütun (40 sütun) Divan otağı, bürclər və qadınlar üçün otaqlar hazırlandı. Hazırda Lahorda ən çox görməli məkan “Şalimar bağçaları”dır ki, bura beşinci Babur imperatoru Cahan Şahın (1628 – 1659) dövründə salınıb. Tikintisi 1640-cı ilədək davam edib. Möhkəm divarlarla əhatələnən bağçada üç böyük hövuz, şəlalə və şərq üslubunda daş hörgülər var. Vəzir Xan Məscidi, Məhəbbət Xan Məscidi və Badşahi Məscidi də XVII əsr şərq memarlığının ən gözəl nümunələridir ki, bu gün də Pakistan dövləti tərəfindən qorunur və ölkəyə gələn turistlərə təqdim edilir. Teymurun cəngavərləri Hazırda Pakistanda türklər ən çox Kəşmir və Hazara bölgələrində yaşayırlar. Hazara türkü olan dövlət məmuru Bəşir Türk atalarının Əmir Teymur zamanı Səmərqənd və ətrafından köç etdiyini yazır. O, qeyd edir ki, Hazara Teymurun Kəşmir və Himalay yollarının təhlükəsizliyini qorumaq üçün ərazidə qoyduğu min nəfərlik tuqayın adı idi. Xəzər ətrafında yaşayan cəngavər türklərdən təşkil edilmiş tuqayın hərbiçilərinin nəsilləri indiyədək yaşayırlar. Hazarada Türki, Osmani, Çənjal, Qarluq, Çinari, Səlcuq kimi adları daşıyan 300 civarında kənd var. Ən çox türk nüfuzu Abatabad, Mansəhra və Haripurdur. Hazara İslamabadın şimalında yerləşir. Bölgəyə zamanında Qarluq türkləri axın edib və əvvəlki adı Qarluq Hazara olub. Qarluq türklərinin bəylərinə Racə deyirlərmiş. Bölgədə əhali öz aralarında türkcə danışsalar da Pakistanın dövlət dili olan urducaya sadiqdirlər. Uşaqları urduca məktəblərə gedir, ingiliscə də öyrənirlər.
Bölgədə məskunlaşan türk tayfaları Qucarlar. V əsrdə gələn Ağ Hun soyundandırlar. Mənbələrdə çəkilən Gocar adı, müasir dövrdə Köçər adına uyğunlaşdırılır. Bu haqda Qucar türkü alim Cavad Rahi Türk “Qəbilə araşdırmaları və mədəniyyətlər” kitabında məlumat verir. Səlcuqlar. 1799-cu ildən bölgədə hakim olan Siqh dövləti tərəfindən sıxışdırılaraq, Himalayın ətəklərinə sığınmışdılar. Maraqlıdır ki, Səlcuq kəndində olan adətlərə nəzər yetirəndə Azərbaycan adət – ənənələrinə uyğunluq görülür. Toy adətlərində xüsusən oxşarlıq var. Toyda dəftərə pul yazdırmaq, həftəlik ev gördü, yas mərasimində ölü sahibinə maddi kömək etmək və s. adətlər Azərbaycan milli adətlərinə çox bənzəyir. Bu haqda türkoloq etnoqraf Abdullah Zəhhar Çingiz də məlumat verir. Maraqlısı odur ki, bu adətlər bölgədəki digər kəndlərdə yoxdur. Muğallar. Pakistanda “muğalam” deyənlər var. Bizim qaynaqlarda da Babur İmperatorluğunu Moğol dövləti adlandırırlar. Bu, Əmir Teymur soyunun orada yayılması ilə gələn türklərə verilən addır. İngilislər tərəfindən Teymuru türk yox, Monqol adlandıraraq, onun soyunun da monqul, moğul, urduca muğal adlandırırlar. Sayları digər türklərdən çoxdur. Hazara bölgəsində əsasən fars və moğolca danışılır. Osmani türkləri. 1500-cü illərdə Şah Buxarinin öndərliyində Buxaradan Qucarata, ordan da Pakistana köç ediblər. Qucaratın Kaçi bölgəsində yaşayaraq Pakistana gəldiklərindən onlara Kaçi türkləri deyilir. Əsasən Kəraçi şəhərində yaşayırlar. Öz dilləri unudulsa da, soy adlarında türk adı mütləq qeyd olunur.
Şirvanilər. Bəzən isə Şərvani türkləri. Şəcərələrində Qafqazdan Türkmənistana, oradan Əfqanıstana köç etdikləri, beş əsr öncə isə münaqişələr zəminində Pakistanla sərhəddə bir kəndə yerləşdikləri yazılır. Pakistan dövləti qurulanda öz istəkləri ilə bu dövlətin sərhədləri daxilində yer almışdılar. Bu gün sayları 25 min civarındadır. Kəraçi də Pakistanda ən çox türk yaşayan bölgədir. 12 milyon sakini olan bu şəhərdə İrandan qızılbaşlar, Hindistanın Qucaratından osmanilər, Əfqanıstanın Fəryabından özbəklər, Şərqi Türküstandan uyğurlar, Pakistanın şimalından isə qarluqlar köç edərək yerləşiblər. Burada Özəl Türk Akademiyası da fəaliyyət göstərir ki, Pakistan dövləti akademiyanın tərkibində bağça və orta məktəbin təşkilinə dəstək olur. Məktəbdə dövlət dili olan urduca, ingiliscə və türkcə öyrədilir. Ən maraqlısı da odur ki, bu böyük şəhərdə islam dininin müxtəlif təriqət və camaatlıqları tolerant və mehriban şəraitdə yaşayırlar. Bu gün Pakistanda türk kəsim olduqca önəmli yer tutur. Onların mədəniyyət mərkəzləri, araşdırma vəqfləri, məktəbləri mövcuddur. 1976-cı ildə burada Türk Rifah Vəqfi qurulub. 2002-ci ildən vəqfin rəhbəri olan Racə Məhəmməd Zaman Türk kənd-kənd gəzərək türklərin şəcərəsi araşdırıb, kitab halına salıb. Pakistan ordusunda da türklər önəmli yer tuturlar. Peşəkar ordu generallarının çoxu ölkənin türk vətəndaşlarıdır. Mədəniyyətdə, ədəbiyyatda, musiqi sahəsində, rəssamlıq akademiyasında, universitetlərdə də xeyli türk təmsil olunur. Onlar, eyni zamanda, yaşadıqla Onlar, eyni zamanda, yaşadıqları əyalət və şəhərlərin də idarəçiliyində məmur vəzifəsində təmsil olunurlar. Pakistan dövləti, öz ölkəsində yaşayan türklərə isti münasibət bəsləməklə yanaşı, Azərbaycan və Türkiyənin də yaxın, təmənnasız dostudur.
Şəhla Cabbarlı Tarixçi Yazar