Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Söylü Ayazqızı
Yeriyən pəncərələr
Hekayə
Rayon mərkəzi ilə kəndi köhnə sarı avtobus birləşdirirdi. Hər bir saatdan sonra tələsə-tələsə pəncərənin önündən keçirdi. Köhnə dəmir-dümürün qıcırdayan səsi, yayın istisi ilə havaya qalxıb avtobusla yarışan toz bir-birini tamamlayırdı. Hələ uzaqdaykən siqnal verir, səsi aləmə xoş və həyəcanlı ovqat bəxt edirdi:
– Tələsin, tələsin, mən gəldim…
Mən gördüyüm qədərilə Lənkəranda dörd fəsildə bu belə idi. Vaxtında görməyə alışdığım məsuliyyətli avtobusumuz qışda da isti idi, yayda da. İsti qucağında hamıya yer saxlayan, lakin həmişə boş yeri olmayan mehriban maşınımızda ayaq üstündə dayanmağın da öz yeri var idi… Onu görəndə hamı kimi mən də ünvana çatmaq üçün güc, əsas da həvəs hiss edirdim. Həvəssiz olduğum günlər də olurdu. Yenə də hansısa qüvvə məni getmək üçün itələyirdi.
– Darıxma, yolda gözəl mənzərələr, maraqlı əhvalatların şahidi olacaqsan. Səni o qədər atıb-tutacam ki, yuxun da qaçacaq…
…Bir dəfə Bakıya çatırdıq, gənc bir ata uşağına avtobusu göstərib dedi:
– Bax, atanın avtobusu, bax!
Necə sevinirdi. O zamanlar etdiyi hərəkət mənə uşaqlıq kimi gəlirdi. Amma sonralar başa düşdüm, biri üçün darıxırsansa, səbəb o deyil, onun yaşatdığı gözəl hisslər, həmin mühit üçün darıxırsan. Bənzəri olur, eynisi olmur…
Tormuzunun qulaqbatırıcı səsi ilə dayandı, yerlərimizi aldıq. Dəri ilə döşənmiş dəmir başlıqlı oturacaqlar, gündən qismən qoruyan pərdələr, yamaqlı dəmir döşəmə— hamısı bizi qarşıladı. Bir cansız bu qədər yaşlı və bu qədər səmimi ola bilərdi. Gözəl bir yay səhərində pəncərə kənarındakı yaşıl görüntü mənə həmişə uzaq olmuş dağların gözəlliyi ilə birləşərək ürəyimə ümid səpirdi… Mənə gözəl görünən nəyinsə, insanlıq boyu təkrarlandığını düşünəndə həvəsim qaçır. Ya da eyni hadisənin müxtəlif cür təsvir olunduğunu biləndə yenə də təkrarın qurbanı olan hər şeyə yazığım gəlir. Gözəllik, sevgi kimi tək olan sözdə, əməldə təkrara çevrilir. Bizim üçün hazırlanandan istifadə etməliyik. İnsan da bir deyil, iki deyil, təkrar qaçılmazdır… Bəzilərinə görə də Yupiter sevilməli planetdir. Çünki ətrafında peykləri o qədər çoxdur ki, halqa kimi görünür. Fərqli olduğu üçün sevilir. Fərqlini sevmək asandır. Bir var fərqli, bir də var sənin üçün fərqli. Sənin üçün fərqli olan həm də gözəldir. Yaxşı tərəfi də, bunu səndən başqa görən yoxdur. Bunları niyə düşünürdüm, özüm də bilmirdim. Yəqin ki, hər gün eyni yolu gedən biri hər gün eyni mənzərəyə heyran olursa, belə də olmalı idi. Bir vaxt olur ki, yol getmək həyatının bir hissəsi olur, onda düşüncələr də beləcə bir-birini əvəz edir, dəyişən mənzərələr kimi…Bu da hər işdə olan xeyirlərdən sayıla bilər.
Avtobus gəmi kimi ləngər vurub dayandı. Düşən və minən var idi. Açılan qapılar ilə havanın qoxusu da içəri dolurdu. Arxa qapıdan yaşlı kişi minirdi. Ona yer göstərdilər, əyləşdi. Görəsən, həyatın hər üzünü görmüş insanlar məndən əvvəl də günəş doğub məndən sonra da doğacaq deyə düşünürmü? Mən düşünürəmsə, yəqin onlar da düşünər. Günəş təkdir, amma hamımız üçün eynidir. Ömür təkdir, hamımızda var. Qocalıq da ümumi anlayışdır, lakin hamıya qismət olmur. Belə də düşünə bilərik, insan çoxdur, sevdiyimiz bizim üçün təkrarsızdır. Deməli, tək olmaq üçün insanın gözündən, ürəyindən, beynindən keçmək lazımdır…
“Sözün enerjisi güclüdür” deyirlər. Düşüncə də onun kimi, nə düşünüb danışarsansa, onu da yaşayarsan. Adətən belə deyirlər. Mənim kədərlə qarşıladığım nə varsa, hamısı məndə xoş təəssürat qoydu, şirin xatirəyə çevrildi. Sevinclə istədiyim nə var idisə, gözlədiyim kimi nəticələnmədi. Deyirlər ki, “xeyirlisi”. Xeyirlimiz nədirsə, o da olsun. Bəlkə də bu, bəhanəmizdir.
Avtobusun hərəkəti dəyişirdi, gah sürətlənir, gah yavaşıyır, gah da dayanırdı. Pəncərəm mənzərəmi tez-tez dəyişirdi. Fikirlərim məni yorurdu. Özüm özümü yoruramsa, daha hara qaça bilərəm? Bu yaxınlarda internetdən dinlədim ki, gərək dost əhatənizi genişləndirəsiniz. Hər zaman eyni insanlar sizi eyni çərçivədə saxlayar. Fərqli insan fərqli düşüncədir və dünyagörüşünüzü artırmağa sizə kömək olar. Bununla razıyam. İnsanları dinlədikcə hərənin fərqli yanaşmasının şahidi oluram. Hər kəs özündə kəşf olunmamış dünya daşıyır. Mənim dünyam da kəşf olunmamış qalacaq. Bir də o var ki, birdən məni səhv başa düşərlər. Bizi geri atan həmişə qorxularımız olur. Hazırlıqsız olub, amma addım atmağı hələ yenicə öyrənmişəm. Əgər ölüm gözlə-qaş arasındadırsa, qorxsam belə niyə də geri çəkilməliyəm? Deyəsən, mən danışmağı sevmirəm. Danışdıqlarım isə yazdıqlarım deyil. Deyilənə görə, zaman lazımdır. Məşhur zaman, hər şeyin dərmanı sayılan zaman məni özümə öyrədəcək. Bu isə bəhanə yox, mənim ümidimdir…
Zamanın dərman olması da maraqlı fikirdir. Düşünəndə əslində belədir, amma dərin düşünəndə belə deyil. Məharət bizim beynimizdədir. Hər hadisəni indiymiş kimi xatırlasaq, yəqin ki, dəli olarıq. Zamanla unuduruq, başqa cür xatırlayırıq, nəticədə bizdə yaratdığı hisslərə gələcəkdə gülə bilirik. Eh, mən niyə bunlarla özümü yoruram. Əlimdə olsaydı, düşünməzdim. Bu da beynimizin məharətidir. Kaş susqun vaxtlarımda biri gəlib “nə düşünürsən?” deyə soruşsaydı. Düzdür, deməzdim nə düşünürəm, hətta təəccüblənərdim də. Amma arada ehtiyacım olur. Dostlarım var, onları yormaq istəmirəm. Çox yaxşı dinləyiciyəm, dərs alınası söhbətləri həzm edirəm, daha çox gülümsəmə və “maraqlı” hesab edilən suallarımla onları qazanmışam. Görəsən, məndən başqa kimin anası ona deyib ki, maraqlı qızsan. Bəli, mənim arada maraqlı suallarım olur…
-Xanım, bura yerdir? Yanımdakı boş yeri göstərdilər. Bu sualın cavabını əvvəlki günlərdə asanlıqla tapmışdım. Yer olduğu məlumdur. Yəqin ki, kiməsə aid olub-olmadığını soruşurdu.
– Xeyr, əyləşə bilərsiz. Pəncərə tərəfə keçin istəyirsiz, mən düşəcəm.
Lənkəranı birdəfəlik tərk edirdim. Vaxt etsəm, yenə də gələ bilərəm buralara. İstədiyim vaxt yox, vaxt etsəm. Araya məsafə girirdi, həm də bu məsafə həmişəki kimi deyildi. Zamanla bir yerdə məsafə idi bu. İkisi birlikdə məndən daha güclü görünürdü. Artıq heç bir bəhanə məni baş verənlərlə yenidən birləşdirə bilməzdi. Əslində sevinirəm də. Bu uğurlu bitiş hesab olunur. Sonunda diplom almışam. Kaş hər bitiş bircə diplom almaqla sonlanaydı. İndidən əvvəl nə varsa, hamısı gizli xəzinəmdir. Hamının yaşadığı, lakin məndə olanı görmədikləri xəzinəm…
Sarı avtobusumuzla vidalaşdım. Baş verənlərdən xəbəri yoxdur. Yenə də tələsməkdən ətrafını görə bilmir. Söz verdim ona ki, mütləq, mütləq gələcəyəm. Düşdüm. Bazarda həyat qaynayırdı. Bu, həmişəkindən daha sevimli gurluğun da mənim gedişimdən xəbəri yoxdur. Günün altında yananlar, hələ avtobus tərpənmədiyi üçün içində bişənlər, meyvə, göyərti satanlar, telefonla danışanlar, mesaj yazanlar, gülənlər, danışanlar axı siz niyə mənim gedişimə mane olmursunuz? Sizinlə vidalaşmaq istəmirəm. Axı heç nə daha əvvəlki kimi olmayacaq! Niyə başa düşmürsünüz? Mən gəlib burdan yenə də gedərəm, amma daha bu gediş də olmayacaq. Yadımdan çıxmaz, hələ təzə öyrəşirdim. “Gərmətük” kəndinin girişində anlaşdığımız üzrə Şölə xala avtobusu saxlatdırıb məni götürməliydi. Vaxtından tez çatmışdım, taksi sürücüsündən avtobusun burdan keçmək vaxtını soruşurdum. Elə bu vaxt sürücü dedi ki, səni çağırırlar. “Çağırırlar” deyəndə ki, məni bir nəfər gözləyir. Sağ tərəfimdə elə maraqlı mənzərə var idi, ilahi! Balaca, narıncı rəngdə raf yolun üstündə gözləyirdi. Məlum idi ki, məni gözləyir. Avtobusda nə qədər adam vardısa, pəncərələrdən boylanıb məni çağırırdı. Əllərini çıxarıb sallayan kim, başını yelləyən kim, hamısı mənə istiqamət göstərirdi. Belə bir mənzərəni inanmıram ki, bir də görəm. Məni bu cür qarşılayan yerli əhali yəqin ki, getməyimi istəmirdi. Yola salınmamağımın səbəbini bununla izah etdim. Həmişə o anı xatırlayanda zaman yavaşıyır, əllər yavaş-yavaş yellənir, avtobusun narıncısı daha da tündləşir. O gün bir daha canlanır…
İçimdən keçənlərlə gözlərim Lənkəran avtovağzalına gedən avtobusu axtarırdı. Nəhayət, gördüm və mindim. Məncə, mənim vəziyyətimdə olan hamı eyni hissləri keçirib. Yenə müqayisə etdim. O düzdür ki, tək olmadığını bilmək ən böyük təsəllidir. Bu hər canlıda belədir.
Avtovağzalda “Lənkəran-Bakı” avtobusu gözləyirdi. Bu avtobus da mənim sirdaşım hesab olunur. Bir ildən çox, həftədə iki dəfə onunla gəlmişəm də, getmişəm də. Yol yoldaşlarımın hekayələrini dinləmişəm, çox hadisələrin şahidi olmuşam. Daimi müştəriləri idim deyə, mənə həmişə birinci sırada birinci yerləri verirdilər. Bir dəfə də Lənkərana gəlirdim. Məni görən kimi dayı gülümsədi, onunla getdim. Kassada nömrəmi vermələri üçün tapşırıq verdi. Yoxsa bəxtinə hara düşürdüsə, orda da əyləşirdin. Hər addımda mehribanlıq, hörmət hələ Bakı avtovağzalından başlayırdı. “Astara” avtobusu təzə gəlmişdi. “Lənkəran”ı ötürmüşdüm. Yol yoldaşım polis qadın idi. Yolda öyrənmişdim ki, polisdir. Bir qızı var, onu çox sevir, nə istəyirsə, ona alır. Bu da sevgi göstərmənin bir yoludur. Nə istəyirsə, alırsan… Aramızda bir dialoq oldu ki, onu da unutmuram. Gördüm ki, sürücü mürgüləyir. Qadın da onu tanıyırdı, söhbətlərindən başa düşmüşdüm.
– Bax, sürücümüz yatır!
– Hə, narahat olma. O, burda deyil, uçur, kefdədi.
– Necə yəni uçur?
– ………
– Başa düşdüm…
Belə-belə çox əhvalatlar baş verib. Yəqin ki, hələ çox şeyin şahidi olacaqdım. Oldum da.
Ekarusdakı yerimi aldım. Çox heyif, yorulardım yol getməkdən. İndi necə də şirin görünür. Bir azdan Lənkəranı, bəlkə də, həmişəlik tərk edəcəkdim. Bu da mənim üçün bir sınaq idi. Eybi yoxdur, nə qədər ki varam, fərqli mühitləri kəşf edərəm.
Pəncərədən baxdım. Bizdən solda “Salyan”, “Biləsuvar” rafları var. Rayona getmək lazım olanda onlarla da getmişəm. Tanıyıram, hamısını tanıyıram. Sərnişinlərin də bəziləri üzdən tanış gəlir. Hə, o oğlanı tanıdım. Bir dəfə mənim yanımda əyləşmişdi. Mən də adam tanıyan deyiləm. Özdə bir dəfə minəndə görmüşəmsə, səni necə tanıya bilərdim. İkinci dəfə görəndə o məni tanıyıb salam vermişdi, üzümü turşutmuşdum ki, sən kimsən? Yazıq pərt olmuşdu. İş-işdən keçəndən sonra xatırladım. Ürəyimdə gülmüşdüm…
Sürücülər, sürücü köməkçiləri qışqırır: “Bakı!”, “Bakı!”, “Salyan”a qalmadı. Bir-birinin ardınca əlində çoxlu çanta sərnişinlər gəlir. Özləri yaxınlaşmağa macal tapmamış qarşılarını kəsib deyirlər:
– Neçə nəfərsiz?
– Bizə Salyan avtobusu lazımdır.
– Salyan avtobusu ordadır. Sonuncusu saat 12-də çıxacaq. Tələsin.
Yaxşı ki, vaxtından əvvəl gəlmişəm. Gecikəndə problem olur mənim üçün. Tələs-tələs iş görməyi sevmirəm. Məktəbli olanda da binanın qapısı açılmamış kəsdirərdim girişi. Tələbə olanda da birinci gələnlərdən idim.
Axırıncı dəfə bu yerdə əyləşəndə bir qadın var idi yanımda. Sual verdi mənə ki, tələbəsən? Cavaba sevinmişdi. Amma yaman dərdli idi.
– Oxu, qızım, oxu. Yaxşı edirsən. Hələ ərə getmə. Mənim qızımı öldürdülər.
Yazıq qızım. Rusiyada öldü, baxmadılar. Köməyinə gedə bilmədim. Axırına çıxdılar. Pis adam çıxdı qabağına. Sən getmə, oxu, qızım, oxu…
Oxuyub bitirmişdim. Nə pis qorxutmuşdu məni. Onsuz da bacardığım şey deyil…
Hələ ondan əvvəl tanış olduğum qız da yadıma düşdü. Pis qız deyildi. Nəsə düşüncəsində problem var idi.
— Bacı, bizim tərəflərdə evlənmək yaxşıdır, sənə çoxlu qızıl gətirirlər. Bir uşağın oldu, yoldaş lazım deyil. Guya sevib evlənmişdim. Lazım deyilmiş. On üç yaşlı oğlum var, bəsdir mənə. Mənə qayğı göstərən evli kişi ilə tanış olmuşam. Görüm də nə qədər gedəcək…
Dedim ki:
– Bəs qocalanda qulaq yoldaşın kim olacaq?
O gözəl, dərin olmayan gözləri yol çəkdi.
– Qulaq yoldaşı?…
Sonra yenə davam elədi söhbətinə. Dinlədikcə dinlədim. Məncə, ağlına batdı sözüm. Ona nəyisə sübut etməyə ehtiyac yox idi. Ya səhv etmişdi evlənəndə, ya da kimsə barmaq uzatmışdı. Soruşmağa da ehtiyac hiss etməmişdim. Onsuz da çox danışırdı.
Yanımda qadın əyləşdirdilər. Zərərsiz birinə oxşayır. Mənə görə zərərsiz gərək az danışa. Amma elə də olur ki, əhəmiyyətli söhbət olur, bir- iki cümlə xoşuma gəlir. Qeyd edirəm. Bezdirici yol yoldaşlarım da olub. Ya xahiş edirdim ki, yerimi dəyişsinlər, ya da üzümü çevirib dinləmirdim.
Bu istidə yola çıxmaq yaxşı olmadı. Bir gün ləngiyib çıxmışdım yola. Guya ki, müdafiədən sonra yorulmuşdum. O gün çıxıb o ki var gəzmişdik. Neçə ayın yorğunluğu idi əslində mənimki. Ruhi yorğunluğum var. Yenə də deyirəm məni məndən başqa heç kim yormur.
Avtobus doldu, yavaş-yavaş hərəkətə başladı. İpək yolundan sonra beş saat getdiyimiz yolu iki saata gedirdik. Hərəkətimiz sürətləndikcə mənə doğma olanla doğmalarımı geridə qoyurdum. Bircə uzaqlaşsaydım, bitirərdim ayrılıq kədərini. Öyrəşməliyəm, öyrəşəcəm də…
Fikrimi başqa məşğuliyyətlərlə toplamağa çalışıram. Yeni yolla iki tərəfimiz də sahələrlə əhatələnmişdi. Onların içində bizim də sahəmiz var. Amma bilmirəm hansıdır. Uşaq olanda bir dəfə pambıq yığmağa gətirmişdi atam. Yarışırdıq. İşimizi bitirən kimi lapetin içinə girib pambıqlarla oynamışdıq. Sonra taxıl vaxtı ölçümüzə uyğun vedrələrlə məhsulu dama daşıyardıq. Vedrələri sayardıq. Əməyimizə görə dondurma alardıq. O zaman bir dondurmaya görə dəridən qabıqdan çıxardıq. Hələ zibil də yandırardıq. Amma son ildə atamla kartof əkdim, təxmini on-on beş sıraya görə əlli manat pul aldım. Atam dedi ki, sən iki diplomlu fəhləsən . Xatırladıqlarımın təsiri altında gülümsəmişəm ki, sağımda bir nəfər mənə gülümsədi. Üstünə götürüb, yəqin… Məryəm yadıma düşdü. Günortadan sonra idi. Ekarusda yer yox idi. Bir qız da gəldi, yanımda yer elədilər. Məndən iki yaş böyük, görünüşdə mənə çox bənzəyən biri idi. Qara saçları var idi. Valideynləri yox idi. Çox şən, qıvraq qız idi amma. Onunla söhbətimizin hamısı yadımda deyil. Demişdi ki, əmisinin maşınında harasa gedirmişlər. Çox danışıb əmisi deyib az danış, riayət etməyib. Maşını saxlayıb düşürdüb yolun ortasında. Bir azdan qayıdıb götürüb yenə. Məryəmi xatırlayanda o hadisə yadıma düşür. Sanki ancaq o hadisəylə əlaqəliymiş kimi. Deyirəm dəli-dolu insanlar yaxşı ki, var. Görəsən, bu insanları həmişə indi xatırladığım kimi xatırlayacam? İncəlikləri ilə də olmasa, unutmaram. Bir tanışımın danışdığı əhvalata çox gülmüşdüm. O da xatirələrindən danışırdı. Heç birini unutmamışdı. Deməli, piyada gedirmiş. Bir tərəfdə oğlanlar, o biri tərəfdə də bir kişi var imiş. Oğlanlar tərəfdən getməyib ki, sataşarlar. Kişiyə deyib ki, zəhmət olmasa, yol verə bilərsiz,keçim?
– Hə, ay qızım. Buyur keç, buyur.
Keçən kimi o birini səsləyib deyib:
– Deyirəm axı gecə yuxumda göyərçin görmüşdüm!
Mən də buna çox gülmüşdüm. Həmişə yadıma düşəndə gülürəm. Sağdakı hələ də gülümsəyir. Beləcə bütün yolu baxıb gülümsəyən olur. Hər cür adam var. Məsələn, yanımdakı qadın danışmasa da, yenə ağzı dayanmır. Bütün yolu yeyib: şor- çörək, bulka, meyvə, ləpə. Soruşsan deyər şəkərəm ona görə. Hətta yumurta qaynanmışı, pomidor yeyən də əyləşib yanımda. Özü də cavan qız idi. Baxmayaraq ki, yolda belə yeməklərə icazə yoxdur…
Yolu yarıladıq. Yarıdan sonra nə qalır geriyə. Bakı yaxınlaşır, yaxınlaşdıqca da əhval-ruhiyyəm o mühitdən çıxırdı. Həmişə düşünmüşəm ki, gözdən uzaq olan, həqiqətən, könüldən uzaq olur? Bu atalar sözü acıdır. Doğru olan hər şey acıdır. Sahələri, Salyanı keçirik, Bakının Xəzər sahili görünür, zavodlar, televiziya qülləsi və s. Təzə yolla rayonların özünü görmədən kənardan keçirik. O gurluğu, isti mühitləri, insanları görmədən gedirik. Axı yolumuz qısalıb. Nəyi pisdir ki? Bakının isə mənə təsiri tamam başqadır. Bu sirli şəhər bir o qədər də bəsitdir. Lənkərandan fərqli olaraq, kimin üçün nağıllar diyarı, kiminə görə qazanc yeri, bəzisi üçün rahatlığın məkanı, kiminə görə də qürbətdir. Mənim üçün nə ifadə edir? Ən yaxın iki dostumu bu şəhərdə tanımışam. On səkkiz yaşımdan özümü təkbaşına idarə etdiyim vaxtlarda ilk dəfə insanları da bu şəhərdə tanımışam. Bakı mənim üçün qəlblərin birləşdiyi gözəl şəhərdirsə, Lənkəranda ruhumu qoyub gəlirdim. Üzərində tez-tez küləklər əsən Bakı, ya da üzərində tez-tez buludlar ağlayan Lənkəran kim bilir daha kimlər üçün nə qədər dəyərlidir. Yolda iki dəyərlim arasında qalıb hisslərimi idarə etməkdə çətinlik çəkirəm. Bilirəm ki, bir vaxt məcbur olduğum şeylər bundan sonra istəyimə tabe olacaq. Bilmirəm, bu istək hansı sərhəd çərçivəsində olacaq. İstəmirəm ki, icazə verim kimsə mənə sərhəd qoysun, ya da mənim əvəzimə istəsin. Ya işim əlimi-qolumu bağlasın, arzularım keçmişdə qalan zövqlərimə mane olsun. İstəmirəm, zaman qıtlığı aradakı məsafəni daha da uzatsın… Bakı avtovağzalına daxil olduq. Bununla da mənim iki illik hekayəm sona çatdı. Hər dəfə təkrar etdiyim bu yol bu gün çox qısa idi. Onu bitirməyə qıymayaraq ömrünü cümlələrimdə uzadıram. Əlimdən gəldikcə dartınıram… Tələbəliyimi gözəl yaşadım, dolu-dolu idi, bəzən musiqi kimi yavaş, bəzən də sürətli idi.
Sevincimi indi hiss edirəm. Nə də olsa, əziyyətləri də geridə qoymuşam. Bundan sonra hər şeyin daha da maraqlı olacağına inanıram. Kədərimi doyunca yaşadıqdan sonra pozitiv hisslərlə avtobusdan düşdüm. İnsan gərək hər hissi dərindən yaşasın. Mane olanda ki, yox yaxşıyam, kədərlənməyəcəm, o yarımçıqlıq hardasa özünü göstərir. Geridə qoyduqlarımı həmişə qazandıqlarım hesab etmişəm. Dostlarımı, müəllimlərimi, tələbə yoldaşlarımı, məndə iz qoyan hər hadisəni, günü qazanmışam. Dəyişməyəcək bir sey var, o da uzaqlarda səslənən siqnal səsini eşitmək hələ də mənə çətin deyil. Gözlərimi yummaq kifayət edir…
26.06.2019