20 YANVAR ÜMUMXALQ HÜZN GÜNÜ
1990-cı ilin yanvarında Azərbaycan təlatümlü günlərini yaşayırdı. Separatçı-terrorçu ermənilər getdikcə azğınlaşırdılar. Sovet dövləti isə bunlara göz yumur, Azərbaycan torpaqlarının işğalına, azərbaycanlılara divan tutulmasına aşkar və gizli yolla himayədarlıq edirdi.
Azərbaycan xalqı artıq dərk edirdi ki, SSRİ dövləti ona heç bir kömək göstərməyəcək. Nicat yolu imperiya boyunduruğunu atmaqda və müstəqillik əldə etməkdədir. İmperiya isə azadlıq əldə etmək istəyən xalqa divan tutmağa hazırlaşırdı. Azərbaycanda xalqdan uzaq rəhbərlər Moskvanın göstərişi ilə hərəkət etdiklərindən xalqın etimadını tamamilə itirmişdilər.
Xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq üçün imperiya başçıları müdhiş bir qırğın planı hazırlamışdılar. M. Qorbaçovun başçılıq etdiyi Sovet rəhbərliyi SSRİ-nin dağılmasının qarşısını almaq, azadlığını tələb edən başqa xalqlara da “dərs vermək” üçün SSRİ ərazisində azadlıq hərəkatının ən güclü mərkəzi olan Bakını qan içində boğmaq qərarına gəlmişdi. Odur ki, Bakı ətrafına ən müasir silahlar və texnika ilə təchiz olunmuş müxtəlif qoşun hissələri gətirilmişdi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqı qəflətən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədilə qoşunlardan istifadə etmək niyyəti, aman verilməyəcəyi, fövqəladə vəziyyətin elan olunduğu vaxt gizli saxlanıldı. Fövqəladə vəziyyət, komendant saatı vaxtının əvvəlcədən elan edilməsi Moskvanın qanlı planlarını poza bilərdi.
“Bakı əməliyyatı”na SSRİ Müdafiə Naziri D. Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonunun qoşunları, başqa yerlərdən gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, eyni zamanda adamları avtomat silahdan güclü atəşə tuturdular. Adamların gizlənməsi üçün bir sıra yerlərdə elektrik stansiyalarının işçiləri küçə fənərlərini söndürmüşdülər. Lakin qaçıb müxtəlif sığınacaqlarda gizlənən adamlar döyüş texnikasındakı projektorların köməyi ilə tapılır, atəşə tutulurdular. Şəhərin küçələri yüzlərlə ölmüş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu.
Hərbçilər təsadüfən yoldan keçənləri, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Onlar tibb müəssisələrini dövrəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular.
Bakıda və Respublikanın digər yaşayış məntəqələrində sovet ordusunun təcavüzü nəticəsində 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs olunmuş, 4 nəfər itkin düşmüşdü. Şəhər təsərrüfatına və əhalinin mülkiyyətinə külli miqdarda ziyan dəymişdi.
Cəlladlar bizim şəhidlik şərəfimizdən xəbərdar deyildilər. Əliyalın, lakin sinəsində Azərbaycan sevgisi yaşayan yüzlərlə oğul və qızlarımız – 13 yaşlı İlqardan tutmuş, 73 yaşlı Vəfadar kişiyə kimi neçəneçə insanımız şəhid oldu. Həmin gün düşmən gülləsinə tuş olan İlhamla bu ölümü qəbul etməyib özünə qəsd edən Fərizənin dastanı dillərə düşdü.
Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təşkil olunmuş yığıncaqda çıxış etdi, xalqla birgə olduğunu bildirdi, 20 yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Təklənən, əli heç nəyə çatmayan xalqın qəlbində ümid çırağı yandı. Xalq doğma oğlunun – Heydər Əliyev kimi dünya siyasətinin nüfuzlu şəxsiyyətinin onunla olduğunu görüb ürəkləndi.
Fövqəladə vəziyyət olmasına baxmayaraq, Bakı yanvarın 22-də azadlıq şəhidləri ilə vidalaşdı. Şəhər matəm libası geyinmişdi. Respublikada üç gün matəm elan olunmuşdu. “Azadlıq” meydanında böyük matəm mitinqi keçirildi. Bu, azadlıq yolunda müqəddəs şəhidlərə ehtiramın, habelə Moskvanın qanlı əməllərinə qarşı etirazın ifadəsi idi. Şəhidlər şəhərin ən uca yerində dəfn edildi. İndi həmin yer Şəhidlər xiyabanı adlanır. 20 yanvar şəhidlərinin və 31 mart soyqırımı qurbanlarının müqəddəs ruhları bir-birinə qovuşdu. Həmin vaxtdan etibarən xalqımız 20 yanvarı Ümumxalq Hüzn Günü kimi böyük ehtiramla qeyd edir.
İmperiya qanlı əməlləri ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədi. Bu böyük faciə Azərbaycan xalqını daha da sıx birləşdirdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı.