GenelGüncelKültür Sanat

Əli  Nəcəfxanlı – Şeirlər

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Əli  Nəcəfxanlı

               Şeirlər

VƏTƏN  DAĞLARI

Ucaldım, elə ki, boyuna baxdım,

Başına dolandım, ruhuna axdım.

Mənim könül taxtım, sevgi paytaxtım,

Eşqimin bəyanı – Vətən dağları!

                       ***

Hər qaya oyuğu – qala mazğalı,

Yoxuş  nəfəs kəsir, eniş – qəzalı…

Güllərin şehiylə dəstəmaz alıb

Namaza dayanır Vətən dağları.

                       ***

Burda  arzularım haraya düşüb,

Meylim ocaq günə, pir aya düşüb…

Sərhədlər çat kimi araya düşüb,

O yanı – bu yanı Vətən dağları!

                     ***

Ömürdü – qovğadan, qandan keçilir,  

Ürək ağrı çəkir, candan keçilir.

Nə vaxt gen gəzilir, yandan keçilir,

Həsrətə boyanır Vətən dağları.

                      ***

İgidsən, canı ver torpağa peşkəş,

Vətən qoyulmaz ki qumara, püşkə.

Uçurum dibinə helləyə, keşkə,

Vətənə qıyanı Vətən dağları!

ÖLMƏYƏ DƏYƏR

Bayrağım, sancağım, Ayım, Günəşim,

Sənsən əbədilik odum, atəşim!

Arazım, Həkərim, Kürüm, Viləşim

Sənə dalğa-dalğa nəğmələr deyər!

                       ***

Ruhumun aynası, başımın tacı,

Varmış qismətində zirvə meracı!

Uğrunda bir ömür çəkməyə acı,

Can qurban eyləyib ölməyə dəyər!

                  ***

Kölgən boy verdiyin torpağa düşüb,

Yellər səni deyib, sorağa düşüb! 

Bayraqsız olanlar ayağa düşüb

Elə hey başına-gözünə döyər…

                      ***

Sən son libasımsan, son istinadım,

Sən qaynar təbimsən, sən istim, odum!

Razıyam, adında qoy itsin adım,

Təki cəlalına verilsin dəyər!

YURDUMU

Çəhlim-çəhlim gəzə-gəzə gəlmişəm,
Çisək-çisək ağlayıram yurdumu. 
Qəribsəyib qəhərlənən çəməndə
Çiçək-çiçək ağlayıram yurdumu.

                    ***

Çaxa-çaxa yaxa yırtıb şimşəklər, 
Yerli-yersiz məzələnir sürçəklər.
Sitildəyib tir-tir əsir ləçəklər, 
Ləçək-ləçək ağlayıram yurdumu.

                    ***

Yaylaqları yağmalanmış, talanmış –
Yel oynadan yengələrə qalanmış. 
Xəyalımda qurduqlarım yalanmış, 
Gerçək-gerçək ağlayıram yurdumu.

                       ***

Öz əlimi yandırıbdı öz közüm,
Ağrısına ha dayanım, ha dözüm.
Bu müşkülə tapılmazmı bir çözüm?
Göyçək-göyçək ağlayıram yurdumu.

                            ***

Quzeylərdə quzuladım, göyərdim,
Mən bu dərdi düyün-düyün düyərdim. 
Allah belə göydən ensə, deyərdim:
Əl çək, əl çək, ağlayıram yurdumu.

AY QƏRİB

Dostum Səməd Hüseynoğluna

Qulağında kaman səsi, ney səsi 
Qərib-qərib nə gəzirsən, ay qərib? 
Zəqqutunmuş yad bağların meyvəsi,
Dərib-dərib nə gəzirsən, ay qərib? 

                   ***
Yamanlama düşərgəni, binəni,
İstəməzlər dönəlgəsi dönəni.
Möhnətlərə, zillətlərə sinəni
Gərib-gərib nə gəzirsən, ay qərib? 

                        ***

Fələk səni əzəl başdan qarğıyıb,
Geri gedən yollarını bağlayıb.
Kor bəxtini gecə-gündüz ağ yuyub,
Qara sərib nə gəzirsən, ay qərib?

                       ***

Dünya ki var, haçalara bölünüb,
Paralara, qıçalara bölünüb.
Yurdun-yuvan hecalara bölünüb,
Hərif-hərif nə gəzirsən, ay qərib? 

                        ***

Həsrət sənə “Yetim segah” oxudar,
İtib gedib qalanların çoxu da.
Gözlərindən qaçaq düşüb yuxu da,
Müxtəsəri, nə gəzirsən, ay qərib? 


TAPŞIRIQ

Torpaq, sənə tapşırıram

Canımdan əziz anamı.

Gül-çiçəyə bələ, yatsın

Gül kimi təmiz anamı.

                ***

İnciməsin, yarası var,

Yıxdı onu zaman atı.

Səndən özgə harası var?-

Torpaq, anam amanatı!

                  ***

Deyirlər, soyuqdu üzün,

Barı qoynun isti olsun.

Ana deyilsənmi özün?-

Gözün onun üstə olsun!

DÜŞƏNDƏ        

Mən bəxtimin ərköyünü deyiləm,
Alışqanam döyəclənəm, döyüləm.
Öz-özümə nə eybi var, deyirəm,
Xoşbəxtliyi xəyal eylə… düşəndə.

                     ***

Babalarım Qurbanalı, Nəcəfxan, 
El-obaya mərd qul olub, nəcib xan.
Mən özüm də əcəb xanam, əcəb xan-
Öcəşirəm xanla, bəylə… düşəndə. 

***

Can atıram qanad açıb uçmağa,
Uçub, gedib uzaqları qucmağa.
Vay o gündən yer tapmayam qaçmağa 
Bir araya neçə səylə düşəndə.

                  ***

Ürəyimi elə üzür qayğılar,
Gözlərimdən qaçaq düşür uyğular,
Şeirimə alabəzək duyğular
Bir alaçiy ibarəylə düşəndə.

                    ***

Dost dediyim car çəksə də sirrimi, 
Heç yarımçıq saxlamıram virdimi. 
Hicqırıram bulaqlarla dərdimi, 
Hönkürürəm şəlaləylə… düşəndə. 

                     ***

İstəklərim isinməsə istimə,       
Yana-yana kor oluram tüstümə.
Sanıram ki, toxundular şəstimə
Sözüm yerə yalan “hə”ylə düşəndə.

                      ***

Əli, axtar, tap insanın xasını,
Xaslar silər qəmli qəlbin pasını.
Qızırqanma matəmini, yasını –
Düşmənə də halal eylə… düşəndə.

BU ADAM

Məhəbbət Kazımovun xatirəsinə

Elə dünən burdaydı,

Hara itdi bu adam?

Təzə başlamışdı ki,

 Nə tez bitdi bu adam?

              ***

Səsini çəkib dara,

Dərs verərdi quşlara.

Taleyindən aşkara

Küsüb getdi bu adam?

                ***

Tutuldu göylər kimi,

İnlədi neylər kimi.

Dərdli küləklər kimi

Dil-dil ötdü bu adam.

             ***

Səsi xalı toxudu,

Sözü həsrət qoxudu.

Demə mahnı oxudu, –

Ürək diddi bu adam.

              ***

Vardı sözü dağlara,

Yatdı üzü dağlara.

Qoydu bizi ağlara –

Gör nə etdi bu adam?!

GƏTİRSİN

Təcili yardıma telefon açın,

Yaralı könlümə təpər gətirsin.

Ömrümü qəm kəsir əlində qayçı,

Dərmanın bilirsə əgər, gətirsin.

                   ***

Huşum başdan çıxıb səyahət eylər,

Canım cəhənnəmi ziyarət eylər.

Yardan bir soraq da kifayət eylər,

Xəbəri olanlar xəbər gətirsin.

                     ***

Dua eyləməkdir ilboyu işim,

Xırda bir müjdəyə atlanar döşüm.

Əsən küləklərə minnətçi düşüm,   

Bir udum ətri də yetər, gətirsin.

                       ***

Sinə manqalımda ürəyim kabab –

Yeyib qurtarmışam, tükənibdi tab.

Yar özü istəsə eyləsin savab,

Gəlsin, zülmünü də betər gətirsin.

QƏRİBÇİLİKDİ 

Sayəndə ölümü almışam satın, 
Sayəndə ürəyim çilik-çilikdi. 
Mənim həyatımla sənin həyatın
Qovuşa bilməyib, qəribçilikdi.

              ***
Gözümə baxmısan gözündə şimşək,
Qıvrılıb qalmışam qırılan simtək.
Sənə bənd olalı… bir arzu-istək 
Üzümə gülməyib, qəribçilikdi.

                ***
Sevda get-gəlində mən də varmışam,
Umuda yol ölçüb dərdə varmışam.
Ömrümə ikinci ad axtarmışam,
Ağlıma gəlməyib – qəribçilikdi…

O  QIZA

O mənim şəklimi qaralayan qız

Demək istəyir ki, istəmir məni.

Səmtimə çevrilmir, adımı tutmur,

Beləcə öldürür sitəmi məni.

              ***        

Onsuz da əzəldən qara günlüyəm,

Bir də bu şəklimin qaralanmağı…

Ağlına gəlmir ki, şərəfdi, şandı     

Onun gül əliylə yaralanmağım.

                 ***

 Qıza nə deyiblər-nə deməyiblər,

Yenə dil yetirmək olmur dilinə.  

Bəxtim gətirib ki, dəli vaxtında

Özüm düşməmişəm onun əlinə.

               ***

Şəklimin abrinı elə alıb ki,  

Məni həyatından silibdi sanki.

Qanıma susayıb sorğu-sualsız,

Gizli bir sirrimi bilibdi sanki. 

                 ***      

Gözünün rəngini qatıb şəklimə –

Gözü hər dəqiqə üstümdə olsun.   

 Şəkil nəmənədi, canımı verrəm,  

Təki o qız mənim qəsdimdə olsun.

O QIZDA NƏSƏ VAR

Ona bax, o qızın dodağı qaçıb,

Eləcə gözünün qırağı gülür!

Çiyninin üstündə oynayır saçı,

Saçının üstündə darağı gülür.

                ***

Boylana-boylana qalıbdı qıza,

Tamaşa zalına dönübdü küçə.

Elə bil kim dinsə, alacaq cəza –

Ağzına su almış sinifdi küçə.

                 ***

Yoluna könüllü sərilib güllər,

Nazı yüz nəfəri öldürüb azı.

Qanlara susayıb təbəssümüylə                        

İmansızın qızı, dinsizin qızı!..

             ***

Gəlinlər, qızlar da boynunu burub –

Qarğış ocağıdı lal baxışları.

Zalım elə göz-qaş oyunu qurub,

Allah da bu zülmü heç bağışlamır.

                ***

Qəzəbə, zavala  keşkə gəlməyə,

Gözündən gör necə bahar boylanır.

O qızda nəsə var heç kəs bilməyən,

Saçları çiynində nahaq oynamır,

Darağı saçında nahaq oynamır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest