Əlizadə Nuri

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Əlizadə Nuri

     SÖZÜN AYAĞINA DURUN

Yalanı ayaqdan edin,
Düzün ayağına durun.
Durub sözə yer göstərin,
Sözün ayağına durun…

           ***

Dodağı püstə gəlirsə,-
Püstədən istə, gəlirsə,
Çörəyin üstə gəlirsə,
Duzun ayağına durun!

            ***

Haldan-hala düşər halı,-
Bu ulduzun, bu hilalın…
Gətirdiyi günü alın,
Yazın ayağına durun.

            ***

Sevinc öldü, ah sağ qaldı,
Haqq vuruldu, axsaq qaldı.
Saz bu yerdə ağsaqqaldı,-
Sazın ayağına durun!

            ***

Hardadı O? – verin nişan,
Bu ocağın könlü şan-şan…
“Zəlimxan” deyib alışan,
Közün ayağına durun…

            ***

Sevgi dama-dama gəlsə,-
Bu ömür də tama gəlsə.
…Şair çapa-çapa gəlsə,
Tozun ayağına durun!

           DÜNYANI TƏK QOYMADIM…

Nə halaldı,- Toxundu,-
Əlim, oğluma verdim.
Bu yolların tozunu,
Silib, oğluma verdim.

            ***

Neyləyəcək qar mənə,
Ocağa oxşar mənə?
Atdılar bir şar mənə,
Gülüb, oğluma verdim.

            ***

Kim bölüb, nədən bölüb?-
Belə bir Vətən bölüb…
Öz adımı tən bölüb,-
Bölüb, oğluma verdim.

            ***

Dolu ətək qoymadım,
Baldan pətək qoymadım…
…Dünyanı tək qoymadım,
Ölüb, oğluma verdim…

                        AVQUST

                       Avqustda doğulanlara

Qızmar günəşin istisindən tez əridi yay,
                 su kimi axıb getdi avqust,
                                  töküldü  payıza…
Töküldü avqust adlı çay
            payız adlı dənizə…
…Mən də avqust çayı kimiyəm
        üzürəm ölüm adlı dənizə sarı…

            ***

…Hardaydız, niyə istiyə qaldınız,
                        avqustda doğulanlar?
Aha, günəş adlı çətir altında
            gün işığı kəsəcəkdi göbəyinizi?
Ananız bu ömür adlı ipin avqust ayına
     sərəcəkdi körpə-körpə köynəyinizi?
Payız iməkləmək öyrədəcəkdi sizə

            ***

                 xəzəllərin üstündə?
…Ah, sizi avqust uşaqları…

…Su kimi axıb getdi avqust
              qarışdı başqa ayların suyuna…
Bir eşqin bulağından su kimi sızır insan,
             su kimi də yaşayır,
 saf su kimi doğulsa da, sonra çirklənir…
                  suya oxşadığından:
                   gələndə ağlayıb gəlir.   
                      gedəndə ağladıb gedir.
Xəyanət öyrədir insana dünya,
       İnsan da dünyanı atıb gedir…
Qızmar günəşin istisindən tez əridi yay…

              ƏLLƏRİNİ UZAT MƏNƏ

Bir layla çal
       Bu gecəyə,-
         Yatsa da, yatmasa da.
Ovcunu tək tanrıya aç
           Sənə bir şey
          Atsa da, atmasa da.
…əllərini uzat mənə,
  Çatsa da, çatmasa da…

               NEYLƏYƏR

Bir gün itirsə oğlun,
Bir il ana neyləyər?
Kərtənkələ sürüsü,
Bir ilana neyləyər?

            ***

Gizlənmədim koğuşa,
“Yox” demədin yoxuşa.
Min imansız yığışa,
Bir imana neyləyər?

            ***

Büdrəməsin aman, at,
Söz-şairə amanat…
Bütün külli-kainat,
Bir olana neyləyər?!

            KİTAB

Tanrının dörd kitabı var,
Mənimki beşdən keçib.
Ayılanda gec idi,-
Gördüm iş-işdən keçib…

            ***

Məndəki tamaha bax,
Tanrıdan çox yazmışam.
Mən ondan üzr istəyib,
Yazdığım kitabları,
Oda atdım bu axşam…-

            ***

…Hər səsdən səda olmur,
Hər pıçıltı səs deyil.
Onun bir kitabına,
Min kitab əvəz deyil.

            ***

…Dörd kitabı olsa da,
Adı çoxdu Tanrının.
Bir-bir çəkib adını,
Təzə nəğmə başlaram.
Tanrının hər adına,
Bir kitab bağışlaram…

         BİR QƏMİ YANDIRIN NEYLƏ…


 
Deyirlər haqq göydən düşüb,
Bəs düşübsə, hara düşüb?
Bəlkə dardı yer kürəsi,
Gələn burda dara düşüb?!

            ***

Duman gəlib çöküb dağa,
Qoy eşqimi əkim dağa.
Kərəmi nə çəkib dağa,
Gəlib burda qara düşüb.

            ***

Bu qəmi yandırın neylə,
Bu ney səsi nələr eylər!
…Ay tor atan Kərəm eylə,
Mənim könlüm tora düşüb.

                 OLDUM

Çox yaşadım, sanki ilin-
On üçüncü ayı oldum.
Qəm gəlib məndə dincəldi,
Mən bir Cənub yayı oldum.

            ***

Əzdi məni əzizlərim,
İçim-çölüm əl izləri…
Sən üzdüyün dənizləri,
Qoruyan qağayı oldum.

            ***

Mənəm qəmdən bəhs eləyən,
Hər gününü nəhs eləyən.
Qəm yükündən səs eləyən,
Bir köhnə çarpayı oldum.

            ***

Kədər məni kəm böyütdü,
Həm böyüdü, həm böyütdü.
Sən ana ola bilmədin,-
Bacım, sən bir qəm böyütdün.
Mən o qəmə dayı oldum…

              GÖZƏLLƏMƏ

Ürəyinin gözəlliyi,
Üzünə vurmuş bu qızın.
Qaranlıqlar öz suyundan,
Gözünə vurmuş bu qızın.

            ***

Belə olur qız əlləri?-
Qu əlidi, öz əlləri?!
Dünya bütün gözəlləri,
Dizinə vurmuş bu qızın.

            ***

Yağış da öpür çətrini,
Çiçəklər çəkir ətrini…
Dünya nə dadlıdı?-yoxsa,-
Yığıb bütün nemətini,
Duzuna vurmuş bu qızın?

          UÇAN QUŞLAR HAQDAN UÇUR

Mən səni başa düşmədim,
Özün başa düş, özünü.
İndi bu eşq dalanından,
Çaşa-çaşa düş özünü.

            ***

Tel-tel olan telin vardı,
Tellərində yelin vardı.
Hər gözümdə yerin vardı,-
İndi qoşa düş özünü.

            ***

Uçan quşlar hardan uçur,
Dağ çayı da dağdan uçur.
Hansı quş alçaqdan uçur,
Ondan haşa, düş özünü.

            ***

Keçib fələk qarğışından,
Bu dərd də ki, qurğuşundan…
Tutub payız yağışından,
İndi qışa düş özünü…

                     YOL

Sən aşağı baxırsan,
Mən yuxarı, gedirik.
Fərqi yox hər ikimiz,
ONA sarı gedirik.

         ***

Bu ömür bir azardı,
Hər gün bir az azaldım.
Dörd yanımız hasardı,
Bu hasarı gedirik.

          ***

Baş qoyub eşq uduna,
Dərdimi unuduram.
Həsrətin umuduna,
Qoyub yarı gedirik.

            ***

O kimdi, adət edib,-
Dünyanı qarət edib?
…Son kəs ziyarət edib,
Bu dağları gedirik.

        TƏZƏ AYRILIQ GƏLİR

Bu gün də öldürmədin,
Saxladın sabahlara.
Ürəyim pərdə çəkib,-
Soyuq dəyər ahlara.

            ***

Üşütmə çiçəkləri,
Külək, əs, ürəyimdən.
Allah, yemək də olmur,
Dərd çıxır çörəyindən…-

            ***

Bu ulduzlar altında,
Könül, bir az aylanaq.
Təzə ayrılıq gəlir,
Ayrılıq, gəl ayrılaq…

          BİR ÇİÇƏYƏ BÜKÜLDÜM…

Bu kədərə tən gələrik,
Tən, mənə çox yaxınsan.
Aramız uzaq olsa da,
Sən mənə çox yaxınsan…

            ***

Eyni göyə baxırıq biz,
Bunun ki, niyəsi yox.
Bir dünyada yaşayırıq,
Neynəyək, özgəsi yox…

            ***

Üşüdür ayrılıqlar,
Hanı ocaq? – bu küldü…-
Gördüm isti yerim yox,
Bir çiçəyə büküldüm…

               NİSGİL

Uşağın bir dünyası var,
Onu da ondan alırıq.
Qanıma qəltan etmisən,
Deyirsən ki: – “Qan alırıq!”

            ***

Qurd otarır sürümüzü,
Sel də yumaz kirimizi.
Sevirik bir-birimizi,-
Can veririk, can alırıq!

            ***

Ayrılmadı nədən, oğlu?
Bir ordu, bir çətən oğlu.
…Tirə gedən vətən oğlu,
Şuşanı haçan alırıq?!

             İLK YAĞMURSAN, SON BAHARSAN

İtən vaxtımı axtardım,
Qaldı ömrün harasında?
Mən ağ baxtımı axtardım,
Gözlərinin qarasında.

            ***

İlk yağmursan, son baharsan,
Kimə qəmsən, kimə yarsan.
Girsən, şəklini taparsan,
Ürəyimin yarasında…

            ***

Qələm oxladığı yerdən,-
Şeir damır hərdən-hərdən.
…Qaçıb gizləndim şeirdən,
Misraların arasında…

          GÜNAHLARIN AD GÜNÜ

Bir gün iynəyə keçər,
Keçər ömrün sap günü.
Yapışar yaxamızdan,
Bir gün haqq-hesab günü.

            ***

O gün qeyd olunacaq,
Günahların ad günü.
Hesab dərsindən çətin.
Bax o hesabat günü…

            ***

Günahlar çeşid-çeşid,
Ağırı, yüngülü var.
Yediyim hər günahın,
Məni yeyən günü var.

            ***

Ən haqsız adamın da,
Haqq deyilən günü var.
Günahımın üzünə,
Şax deyilən günü var.

            ***

O günü düşünəndə,
Düşüncələr sıx olur.
Gün də sanki uzanır,
Gün gündən artıq olur…

            ***

…Ay Əlizadə, nə işdi,
Sızıldayır iliyin.
İndi yadına düşdü.
Dünyanın faniliyi?!


 
             BİR TƏZƏ GƏRAYLI DEYİN…
                       
             Doğmalarıma

Mən öləndə kaman çalın,
Çalın şikəstə, ağlayın.
Bəstə qoşun, deyin: “uçdu,
bir boyubəstə”-ağlayın.

            ***

Nə molla, darğa göndərin,
Su artsa, arxa göndərin…
Ruhumu dağa göndərin,
Özümü düzdə ağlayın.

            ***

O, bölünmüş çaydı, deyin,
O taydı, bu taydı, deyin.
Bir təzə gəraylı deyin,
Gəraylı üstə ağlayın…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest