Genel

Ədəbi cərəyanlar akademik İsa Həbibbəylinin elmi araşdırmalarında-Elnarə Qaragözova

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Elnarə Qaragözova

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi

Ədəbi cərəyanlar akademik İsa Həbibbəylinin elmi araşdırmalarında

Ədəbi cərəyanlar akademik İsa Həbibbəylinin elmi araşdırmalarında  Akademik İsa Həbibbəylinin çoxşaxəli elmi yaradıcılığının əsas istiqamətlərindən birini ədəbiyyat nəzəriyyəsinin aktual problemləri təşkil edir. Alim  ədəbiyyat nəzəriyyəsi ilə bağlı araşdırmalarında ədəbi cərəyan məsələsinə xüsusi diqqət yetirmiş, çoxillik  elmi fəaliyyəti dövründə ədəbiyyat nəzəriyyəsinin bu sahəsi  ilə bağlı bir sıra mühüm araşdırmalara imza atmışdır.

1980-ci ildə “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik (indi: filologiya üzrə fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edən İsa Həbibbəylinin 1984-cü ildə çap etdirdiyi “Romantik lirikanın imkanları” monoqrafiyası ilə Azərbaycan ədəbiyyatşünaslığı romantizm cərəyanı ilə bağlı yeni nəzəri baxışla qələmə alınmış  sanballı bir araşdırma qazandı. Sonrakı dövrlərdə romantizmlə bağlı yazılan  elmi  araşdırmalar üçün əsas mənbələrdən biri olan bu monoqrafiya müasir dövrdə də öz aktuallığını qoruyub saxlamaqdadır.

Akademik İsa Həbibbəyli elmi yaradıcılığının ilkin mərhələsində qələmə aldığı “Ədəbiyyat nəzəriyyəsi: (Təsnif, tərif və izahlar)” (1985) kitabında da ədəbi cərəyanlar məsələsinə diqqət yetirmişdir. Beş bölmədən ibarət olan bu kitabda ədəbiyyat nəzəriyyəsinin əsas bölmələri, təməl anlayışlar lakonik və əyani bir şəkildə təqdim edilmiş, dövr üçün tam  yeni tipli bir dərs vəsaiti nümunəsi yaradılmışdır. Qeyd etməliyik ki, sovet hakimiyyəti dövründə ədəbiyyatda əsas ədəbi cərəyan sosialist realizmi hesab olunduğu üçün bu cərəyanla bağlı araşdırmalar digər ədəbi cərəyanlara dair tədqiqatlardan sayca daha üstün idi. Ən yaxşı halda romantizm və realizmin digər mərhələləri ilə bağlı tədqiqatlar  işıq üzü görür, digər cərəyanlar isə diqqətdən kənar qalırdı. Akademik İsa Həbibbəylinin 1985-ci ildə tərtib etdiyi vəsaitin V bölməsində isə romantizm və realizmdən əlavə  klassisizm, sentimentalizm, futurizm, naturalizm, dekadentizm, simvolizm kimi ədəbi cərəyanlar haqqında da qısa məlumat verilir. Bu məlumatın həmin dövrdə çap olunmuş bir kitabda  öz əksini tapması gənc bir alimdən cəsarət tələb edirdi. Həmin kitabda verilmiş bu lakonik, lakin əsaslı məlumatlar gənc ədəbiyyatşünasların tədqiqat üfüqlərinin genişləndirilməsi baxımından böyük əhəmiyyətə malik idi. Qeyd etməliyik ki, akademik İsa Həbibbəylinin həmin kitabda cavan bir ədəbiyyatşünas olaraq ədəbi cərəyan anlayışına verdiyi tərif bu gün də aktualdır: “Məfkurə istiqamətinə, dünyagörüşünə, ədəbi-estetik meyarına və bədii metoduna görə eyni mövqedə dayanan sənətkarların konkret tarixi şəraitdəki yaradıcılıq birliyinə ədəbi cərəyan deyilir”.

Akademik İsa Həbibbəylinin ədəbi cərəyanlarla bağlı araşdırmaları daim öz yeniliyi və sanbalı ilə seçilmişdir. Onun “Maarifçi realizmin yeni mәrhәlәsi” (1985), “Ali mәktәbdә tәnqidi realizm mәsәlәlәrinin öyrәnilmәsi” (1988), “Nəriman Nərimanov və “Molla Nəsrəddin” ədəbi məktəbi” (1990), “Xәlqilik vә realizm nümunәsi: [Mirzә İbrahimov – 100]”  (2011), “Azәrbaycan romantizminin zirvәsi”   (2013), “Romantik pafosdan lirizmә” (2013), “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” (2016), Elmilik və bədiilik: paralelliklərin vəhdəti – Kamal Abdulla” (2016), “Erkən realizm dövrü” (2017), “Azərbaycan ədəbiyyatında erkən realizm: tarixi və yaradıcısı” (2017), “Maarifçilik və realizm “Dövrləşmə konsepsiyası və inkişaf mərhələləri” (2017), “Xoş gördük Mirzə Fətəli Axundzadə” (2017), “Maarifçilik hərəkatının və maarifçi ədəbiyyatın görkəmli nümayəndəsi” (2017), “Nəriman Nərimanov: tənqidi-realist, yoxsa maarifçi demokrat?” (2017), “Tənqidi realizm epoxası və romantizm” (2017), “Azərbaycan ədəbiyyatında maarifçilik hərəkatı və maarifçi realizm dövrü (XIX əsr)” (2018),  “Sosialist realizmindәn milli istiqlaladәk” (2018), “Çoxmetodlu Azәrbaycan әdәbiyyatı” (2018), “Azәrbaycan romantik poeziyasının Hüseyn Cavid mәrhәlәsi”  (2018), “Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü” (2019), “Akademiyada ədəbiyyatdan – akademizmə”  (2019), “”Sirlərin sərgüzəştlərindən katarsisə” (2020), “Molla Pənah Vaqif. Erkən realizm ədəbi cərəyanının yaradıcısı” (2021) və digər məqalələrində müxtəlif ədəbi cərəyanlarla bağlı qənaətlər, xüsusilə bu ədəbi cərəyanların Azəbaycan ədəbiyyatında mövqeyi ilə bağlı önəmli elmi müddəalar öz əksini tapmışdır.

2018-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat institutunda məhz akademik İsa Həbibbəylinin təşəbbüsü ilə yaradılan və akademikin rəhbərliyi ilə fəaliyyət göstərən “Ədəbi cərəyanlar” sektoru da Azərbaycanda ədəbi cərəyanlar probleminin araşdırılması işində mühüm addımlardan biridir. Sektorda gənc tədqiqatçılar akademik İsa Həbibbəylinin rəhbərliyi ilə  realizm, modernizm, postmodernizm, romantizm ədəbi cərəyanları üzrə araşdırmalar aparırlar. “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda keçirilən 2 hissəli elmi sessiya ( I elmi sessiya:16.07. 2019; II elmi sessiya  13.02.2020) ədəbi cərəyanların əsaslı şəkildə tədqiqində atılan əməli addımlardan biri kimi təqdirəlayiqdir.

Akademik İsa Həbibbəylinin 2019-cu ildə çap olunan “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası alimin ədəbiyyat tarixinin dövrləşdirilməsi ilə bağlı çoxillik araşdırmalarının, gərgin elmi zəhmətinin bəhrəsidir. Monoqrafiyada əsasını “Azərbaycançılıq konsepsiyası” təşkil edən Azərbaycan ədəbiyyatının dövrləşdirilməsinin yeni variantı əsaslandırılaraq elmi ictimaiyyətə təqdim edilmişdir. Azərbaycan ədəbiyyatı tarixinin 10 dövrdən ibarət olan yeni təsnifatının diqqətçəkən məqamlarından biri ədəbiyyatın tarixi inkişaf dövrlərinin ədəbi cərəyanlar əsasında təsnifatı və adlandırılmasıdır. Fikrimizcə, ədəbiyyat nəzəriyyəsinin əsas anlayışlarından biri olan, ədəbiyyatda yeni mərhələnin başlanmasını vurğulayan və hər xalqın ədəbiyyatında özünəməxsus şəkildə təzahür edən ədəbi cərəyanların ədəbiyyat tarixinin dövrləri kimi təqdim edilməsi ədəbiyyatımızın dövrləşdirilməsi prosesində yenilikdir  və bu yeni yanaşma müasir  dünya elminə inteqrasiya baxımından önəmli bir addımdır.

Akademik İsa Həbibbəylinin ədəbi cərəyanlarla bağlı tədqiqatları xaricdə dərc olunmuş  “Nazim Hikmet etl  Azerbaïdjan  (Paris 2004), “Edebi varislik ve modernleşme” (Ankara, 2012), “Azerbaijani Literature: Literary Tradition and Modernity” (Tbilisi 2016) məqalələrində də  əks olunmuşdur.       2020-ci ildə Türkiyədə “Bengü yayınları”nlarında (Ankara) işıq üzü görən “Türk dünyasında çeyrek asırlık edebi tecrübe: Milli ruh ve edebiyata yansıması” adlı türkdilli xalqların müasir ədəbiyyatına işıq tutan  dərs vəsaitinin Azərbaycanla bağlı bölməsi akademik İsa Həbibbəyli tərəfindən qələmə alınmışdır. “Bağımsızlığın şerefli yolu ve bağımsızlık dönemi Azerbaycan edebiyatı” adlanan bölümdə müstəqillik dövrü Azərbaycan ədəbiyyatının formalaşması, azadlıq uğrunda mübarizənin ədəbiyyatımızda əksi, “Azərbaycançılıq” ideologiyası əsasında formalaşan modern Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri haqqında geniş məlumat verilmişdir. Akademik Azərbaycan ədəbiyyatında izlənən yeni ədəbi cərəyanlardan bəhs edərkən tənqidi realizmdən modernizmə və neorealizmə keçid, magik realizm, postmodernizm, dekadentizm, akademizm kimi cərəyanların yaranma və formalaşma mərhələləri və yeni – müstəqillik dövrü ədəbiyyatşünaslığında ədəbi cərəyan, axın və ədəbi istiqamətlərlə bağlı araşdırmalar barədə təqdim etdiyi elmi qənaətlər və dəyərli fikirlər nəinki dərs vəsaitinin Azərbaycan ədəbiyyatı ilə maraqlanan auditoriyası üçün, eləcə də dünya ədəbiyyatşünaslığında müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yerinin müəyyənləşdirilməsi üçün olduqca qiymətli bir mənbə rolunu oynayır.

Akademik İsa Həbibbəylinin 2021-ci ildə İtaliyada Sandro Teti  (Roma) nəşriyyatında çap olunan “La letteratura Azerbaigiana di inizio novecento”(“XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı”) monoqrafiyasında isə XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı milli ədəbiyyatımızın xüsusi ədəbi mərhələsi kimi vurğulanıb. Monoqrafiyada həmin dövrdə yaşayıb-yaratmış maarifçi realizm, tənqidi realizm və romantizm ədəbi cərəyanına məxsus ədiblərin yaradıcılığı haqqında araşdırmalar vasitəsilə bu cərəyanların Azərbaycan ədəbiyyatında təzahür şəkilləri, formalaşma mərhələləri haqqında elmi qənaətləri dünya ədəbi-elmi mühitinə təqdim edilmişdir.

Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin sayəsində 2021-ci ildə Molla Pənah Vaqifin türbəsi bərpası edildi və Şuşada 30 ildən sonra “Vaqif poeziya günləri”nin keçirildi. Akademik İsa Həbibbəyli “Böyük qayıdışın ədəbi və əbədi təntənəsi” məqaləsində yazır: “Vaqif Poeziya Günləri – Azərbaycan ədəbiyyatı və mədəniyyətinin böyük hesabatı və təntənəsidir.Vaqif Poeziya Günləri – ədəbiyyatın və incəsənətin, Qarabağın daha böyük inkişafa və parlaq gələcəyə çağırışlarının şeir dili ilə ifadə olunmuş direktivləridir. Böyük Qayıdış ilinin Vaqif Poeziya Günləri yalnız mühüm ədəbiyyat tədbiri olmayıb, həm də mühüm ictimai-siyasi hadisədir”. Akademik İsa Həbibbəylinin “Sənətkarın elmi pasportu seriyası”ndan çap olunan “Molla Pənah olan Vaqif” monoqrafiyası (Bakı, “Elm və təhsil” 2021) da “Vaqif poeziya günləri”nə dəyərli ərməğandır. Monoqrafiyada Molla Pənah Vaqifin həyat və yaradıcılığına yeni elmi baxış öz əksini tapıb. Bu fundamental araşdırmada ilk dəfə olaraq Molla Pənah Vaqifin Azərbaycan ədəbiyyatında erkən realizmin banisi olması müddəası elmi dəlillər və faktlarla sübut edilmişdir.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  baş direktoru, akademik İsa Həbibbəylinin elmi yaradıcılığında ədəbi cərəyanlarla bağlı araşdırmalar daim öz aktuallığını qoruyub saxlayır. Hal-hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin ideya müəllifi və elmi məsləhətçisi,  bu sətirlərin müəllifinin isə tərtibçisi olduğu “Ədəbi cərəyanlar Azərbaycan ədəbiyyatşünaslığında” adlı biblioqrafik göstərici hazırlanır. Azərbaycan ədəbiyyatşünaslığında bir ilk olan bu biblioqrafiyanın ərsəyə gəlməsi prosesində İsa müəllimin gənclik eşqi və şövqü ilə işləməsi,  tələbkarlığı, dəqiqliyə xüsusi diqqət yetirməsi, obyektivliyi, mümkün olduqca heç bir araşdırmanın kənarda qalmaması üçün çalışması, daim öz gənc həmkarını və davamçılarını həvəsləndirməsi fonunda mənim gözlərimdə onun alim, ustad obrazına yeni ştrixlər əlavə olunur, bu böyük alimin hər söhbətində, hər məsləhətində onun müstəqil Azərbaycanın gələcəyinə olan inamını və qayğısını hiss edirəm.  Oktyabrın 16-sı  72 yaşını qeyd edəcək dəyərli alimə uzun ömür, can sağlığı arzu edir, bundan sonra da elmimiz üçün töhfə olacaq yeni araşdırmaları, dəyərli tədqiqatları ilə biz gənclərin elm yoluna daim çıraq tutmasını diləyirəm.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest