Ziyayi-Qafqasiyyə nin bir nömrəsinin maraqlı məqamları və yaxud qəzet biblioqrafiyalarının ciddi oyrənilməsinin vacibliyi

“Ziyayi-Qafqasiyyə” qəzetinin  bir nömrəsinin  geniş, izahlı  biblioqrafiyası – Səneyi-məsiyyə, 3 yanvar 1883-cü il, № 32 ;  (fi  6 mah rəbiüləvvəl səneyi islamiyyə-1300)
 1879-cu ilin yanvarında Tiflisdə nəşrə başlayan,   hər nömrəsi  dörd səhifə olan “Ziya” qəzetində (sonralar  “Ziyayi-Qafqasiyyə” adı  ilə çıxmışdır-N.N)   ictimai fikir tariximiz üçün çox əhəmiyyətli olan o qədər nəsnələr var ki,  yazdıqca qurtarmaz.  Qəzetin hər nömrəsinin materiallarını incələdikcə,  qaldırılan məsələləri fəhm etdikcə elə nəsnələrlə qarşılaşırsan ki, bu istiqamətdə görülən işlərin azlığından məyus və pəcmürdə olursan.
“Ziya”( “Ziyayi-Qafqasiyyə” ) qəzeti   diqqətlə öyrənilməlidir.        
“Ziya” qəzetinin milli adət və ənənələrimiz, ədəbiyyat,dil,maarif və mədəniyyətimiz, tarix və coğrafiyamızla  ilgili yazıları hələ  geniş və hərtərəfli  işıqlandırılmamışdır.   Qəzetdə qaldırılan problemli məsələlərin incələnməsi və çözələnməsi yeni yanaşma meyarları ilə  ölçülməlidir. Mən əminəm ki, “Ziya” (“Ziyayi-Qafqasiyyə” ) qəzetinin  tədqiqatçıları   bu çağırışa  mətbuat tariximizi öyrənməyə gərəkli olan  məsələ kimi yanaşacaqlar.
 Mənə elə gəlir ki, türk dünyasında, onun milli mətbuat tarixində əhəmiyyətli rol oynayan “Əkinçi”, “Tərcüman”, “Füyüzat”, “Molla Nəsrəddin” kimi mətbu orqanların kitab şəklində təqdimi “Ziya” qəzetinin btün nömrələrinə  də şamil edilməlidir.Özü də bu iş peşəkarlara tapşırılmalıdır.  “Ziya” qəzetinin izahlı  biblioqrafiyası da hazırlanmalı, qəzetdəki materiallar  türkdilli  tədqiqatçıların diqqətinə yönəldilməlidir.
 “Ziyayi-Qafqasiyyə” qəzetinin  bir nömrəsinin geniş izahlı biblioqrafiyasını hazırlamaqla  biz bu fəaliyyətə başlayırıq.Tədqiqat  obyekti kimi üçün qəzetin 1883-cü il yanvarın 3-də çıxan 32-ci nömrəsinə müraciət edirik. Qəzetin adı çəkilən nömrəsindəki sıralanmada  səhv yoxdur. “Ziya”islam qəzeti kimi nəzərdə tutulduğuna görə  sıralanmada  həm miladi, həm də islami təqvimə əsaslanır .                                                                                   
                                    ***

  Birinci səhifəsində dənizdən tülu edən günəşin ətrafında qəzetin imtiyaz sahibinin  və mühərririnin adı və soyadı,mətbu orqanın adı  göstərilir. Qəzetəmizin  mətbəə və məhəl-idarəxanəsi FOMİNA küçəsində(11) nömrəli  məxsusi xanəmizdədir….Sahibi imtiyaz Səid Ünsizadə. Tiflisdə türki-Azərbaycan dilində  həftədə bir dəfə nəşr olunub hər növ həvadisatdan  (hadisələrdən-N.N.) bəhs edən qəzetədir.
Qəzetə və elanatın qiyməti.Müdiri- mühərriri  – Cəlal Ünsizadə (Səid Ünsizadənin kiçik qardaşı-N.N)
                                     Nömrə 32;  Sonra dörd sütunun  birincisinin başlanğıcında nömrədəki  materialların bəzilərinin mündəricatı  sadalanır.
                                    Mündəricat. 
Təb və nəşrinə rüxsət aldığımız “KƏŞKÜL” nam tazə cəridənin elanı.(Tarixçılər tatix kitablarında “Kəşkül”ün ilk nömrəsini səhvən 1880-ci ildən hesablayırlar və orta məktəblərdə şagirdlərə də belə öyrədirlər).
   (Göründüyü kimi, bu səhv tarixi səhvdir-N.N.).Rus qəzetələrindən bir neçə  fəqərə. “İran” qəzetəsi haqqında  bir neçə söz. Etibar kəsəgəni.
                                                   ***
  Maraqlıdır ki, nömrənin ilk ən böyük materialının  adı yazının üstündə göstərilməyib. Burada mətbuat tariximiz və onun təzə açılan yolu haqqında maraqlı məlumat verilir. Əslində bu, yanvarın sonunda nəşrə başlayacaq “Kəşkül” cəridəsinin proqramıdır. Onun baş məqalə yerində  yerləşdirilməsi  və  etinasız   təqdimi   senzuranı çaşdırmaq üçündür. Bu nömrədə “Ziyayi-Qafqasiyyə” qəzetinin  baş  mühərriri  hələ  Cəlal Ünsizadə idi. Məqalə ilk baxışdan üslub və yazı manerasına  görə Səid  Ünsizadənin yazılarını xatırladır.  Bu yazı    Cəlal Ünsizadənin “Ziya” qəzetindəki mühərrirlik fəaliyyətinin  beş illik hesabatı kimi də başa düşülə bilər.  (Cəlal Ünsizadə 1883-cü il yanvar ayının ortalarında “Ziya” qəzetini tərk edərək, “Kəşkül” adlı  jurnalın çıxarmaqla məşğul olur).  
 “Kəşkül”- Ünsizadə qardaşlarının birgə layihəsi idi. Ünsizadə qardaşları  ana dilində  mətbu sözə  daha geniş meydan aşçmaq üçün  iki adla birgə mətbu  iş görürdülər.Bunu nömrənin mühdəricatındakı başlıq da açıq-aşkar hiss etdirir:  “Təb və nəşrinə icazə aldığımız  (bizim aldığımız-N.N.)”Kəşkül” nam tazə cəridənin (jurnalın-N.N.) elanı”.
  “Kəşkül”ün manifesti kimi səslənən baş  məqalənin oxusuna və  çözələnməsinə qayıdırıq: “Məmləkətimiz Qafqasiyyədə sükunət edən  müxtəlif millətlərdən ruslar  və ğeyri millətlər  məxsusi mətbəələr açmaqda ğəzetə və kitablar nəşr etməkdə gündən-günə təqdim  və tərəqqi etməkləri  bizim müsəlmanları dəxi o yoldan  millət  və vətənə xidmət eləmək  şövqünə gətürdi.
   Bir neçə il bundan əvvəl bizim müsəlmanların iş bilənləri  vəqt və zəmanə tələb edən  qədərdə millətin  elm və maarif işlərinə əldən gələn cüzvi bir kömək vermək niyyətilə o arzuya düşdülər ki söyləyüb  işlətdigimiz türki Azərbeycan  dilində bir ğəzetə bina olunsun. Bu gözəl niyyəti əvvəl dəfə  qüvvədən felə gətürüb, meydana çıxardan (Zərdablı Məlikzadə  Həsən bəy) cənabları oldu.Mumileyh (haqqında danışılan-N.N) hicrətin 1292-ci tarixində  Bakı ğimnaziya məktəbində müəllim   olduğu vəqtlərdə  məzkur şəhərdə “Əkinçi” ismilə  iki həftəlik bir ğəzetə  ehdas( meydana çıxarma ) elədisə  də, amma o qədər  çəkmədi ki,(1294-də) mucəb təəssüfi- ümumi olunmaqla daha artıq çıxmadı.”Əkinçi”nin münqəte (kəsilmiş,üzülmüş-N.N) olmağı başlanan niyyətin  mümtəd   olmağına mane olmayıb  bir müddət sonra  (1294-də ) Tiflisdə “Ziyayi-Qafqasiyyə” namilə həftəlik başqa bir ğəzetə möhtərəm qardaşımız (Ünsizadə Hacı Səid Əfəndi) tərəfindən təsis olundu”.  
    Yazı müəllifi daha sonra təzə nəşrin vəzifələrindən danışır:”Nəşr elədigimiz  cəridə Qafqasiyyə müsəlmanları  söyləyib danışdığı dildə yazılub farsixan olan  bu tərəf iranlılarından ötrü  gah-gah farsi məqaləti  havi olacaqdır (əhatə edəcəkdir).Ümum təhrirat  və ədəbiyyatlarını ərəbcə istemal etməkdə olan Tağıstan müsəlmanları oqumaq üçün  arada bir məqaləti-ərəbiyyədən dəxi  xali qalmayacaqdır.
  “Maraqlıdır ki,”Kəşküül” ilk nömrəsindən başlayaraq  cəridənin işinə  çoxlu qələm sahibini toplamağı planlaşdırmışdı:”Kəşkül”ün daireyi-qələmiyyəsi bu tərəflrdə, yəni  Qafqasiyyə qitəsindən  müxtəlif mövqelərdə -Rusiyanın içərilərində,məmalik əcnəbiyyədən islam padşahları məmalikində (məmləkətlərində-N.N.) – İran və Osmanlı və  Misir səmtlərində məxsusi müxbirləri olacaqdır. Bundan qət nəzər   aşağıda  hami-kəramiləri məstur olan qələm sahibləri asarindən “Kəşkül” faidə almaqə   ümidvardır”.
“Kəşkül”ün inandığı və qələminə güvəndiyi  müxbirlər bunlardır

   1.Şeyxülislam Axund Əhməd Hüseynzadə
   2.İranın Tiflisdəki konsulu Məhəmmədəli xan
   3.Mirzə Rza xan
   4.Səid Ünsizadə
   5.Zərdabi Məlikzadə Həsən bəy
   6.Şair Seyyid Əzim Şirvani
  7.Bağçasaraydan İsmayıl bəy Ğasprini cənabları
 8.”Yuridiçeskoe obozreniye”- A.V.Stepanov 
 9. Maarif Məclisi rəisi olmuş  Purseladze
10.Qoridən şamaxılı Çernyayevcki
11.Firəngistan  və Rusiyada təhsil almış gənclərdən tiflisli Rəşid bəy Axundov və Gülməhəmməd bəy Kəngərlinski.
 Yazıda cəridənin proqramının işıqlandırılmasına da  geniş yer ayrılmışdır.
 Yazının sonundakı imza belədir:””Kəşkül”ün  mühərrir və naşiri Ünsizadə Cəlaləddin”.
  “Ziyayi-Qafqasiyyə” qəzetinin   32-ci nömrəsinin digər materialları da maraqlı bə cəlbedicidir. Hər şeydən əvvəl tərcümə materiallarının sərlövhəsi və tərcümə dili maraqlı görünür:
 Səh.3.”Altı yüz cana bir can qurban olsun”.
(Sərnişinləri yanğından xilas edən maşinistin qəhrəmanlığından danışılır).
 Səh.3. “Etibar kəsəgəni”(Oxucunu  xeyirxahlığa  dəvət  edir). 
   “Ziyayi-Qafqasiyyə”nin  3 yanvar 1883-cü il tarixli bu  nömrəsində  “Odesskiy listok”,”Peterburqskiy vestnik”, “Peterburqskie  vedemosti “,”Russkiy invalid”,”İran”,Russkiy kuryer” kimi mətbu orqanlardan seçılərək  tərcümə edilən materiallar həm tərcümə sənətkarlığı baxımından, həm də  gərəkli informasiyalar verdiyinə görə  bəyəniləndir. Bu tərcümələr vasitəsilə dilimizə  termin səciyyəli bir  neçə söz daxil olmuşdur.Bunların bir neçəsinin izahı mötərizədə, bəziləri “yəni”sözünün  köməyi ilə izah olunmuşdur. Bəzi sözlərin başa düşülməsi oxucunun öhdəsinə buraxılmışldır:
“Onun tikiş  malları satılan məxsusi mağazasında drap və   mahut əla cinsi ğayət gözəl və ğayət qış paltarları və kişi çəkmələri (polusapoşkalar) ucuz və münasib qiymətlə satılmaqdadır”.
Bu nömrədəki “fabrikəçi”,”mühit pəraxodu”, “at dəmir yolu”,”şakalat”(çukulat),”məxsusi acent”(ticarət vəkili), məxsusi otaqlar”( nomerlər) və s.  tərcümə və  kalka yolu ilə   yaranan terminlərdir. 

Yazılardan göründütü kimi,mətbu orqanın  hər bir nömrəsinin biblioqrafik   göstəriciləri   onun ideya və məzmunu, üslubi xüsusiyyətləri, ədəbi dilin inkişafındakı  maraqlı məqamların ciddi öyrənilməsinə geniş imkanlar açır.


Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, türkoloq.
Bakı18.04.2021

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest