Zaqafqaziya müftisi Əbdülhəmid Əfəndizadə (1812-1881)

Azərbaycanın maarifçilik hərəkatında misilsiz xidmətləri olan, lakin tutduğu yüksək dini vəzifəyə görə adı uzun müddət ehtiyat və qorxu ilə çəkilən görkəmli şəxsiyyətlərdən biri də Hacı Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadədir.
O, tarixi sənədlərdə daha çox Əbdülhəmid Əfəndizadə kimi tanınır.
Ə.Əfəndizadə 1812-ci il aprel ayının 15-də Şamaxıda ziyalı ailəsində anadan olmuşdur.Sistemli məktəb həyatına 10 yaşında başlasa da, ilk təhsilini evdə almış, molla məktəbinin ən hazırlıqlı , ən dərrakəli şagirdi kimi tanınmışdır.Mollaxanada yaxşı müəllimlərdən yaxşı dərs alan Əbdülhəmid ibtidai məktəbdə ana dilinin incəliklərini mükəmməl öyrənməklə yanaçı, ərəb və fars dillərini də bu dillərdə şeir yazmaq dərəcəsində mükəmməl öyrənmişdir. Burada onun hər şagirdə nəsib olmayan başqa bir qabiliyyəti də üzə çıxmışdır:Əbdülhəmid ərəb əlifbasının müxtəlif xətt növlərində tez və gözəl yazmağı bacarırdı.
Əbdülhəmid 17 yaşında olanda əmisi Hacı Əli Əfəndizadənin dərs dediyi Şamaxı mədrəsəsinə daxil olmuş, burada Şərq dilləri üzrə tam kursu bitirmişdir.
Şamaxı mədrəsəsi o vaxtlar ən yaxşı tədris müəssisələrindən biri sayılırdı.
XIX əsrin pedaqoji və ədəbi mühitinin görkəmli şəxslərindən olan Səid Ünsizadə də , Seyid Əzim Şirvani də burada təhsil almışlar.
Ə.Əfəndizadə mədrəsə təhsilini qurtarandan sonra əmisi ilə bir yerdə işləməyə başlamışdır.Qısa bir müddət ərzində onun bilik və bacarığı yerli əhalinin diqqətini cəlb etmiş,ətrafdakı qəryə, kənd və şəhərlərdən də Şamaxı mədrəsəsində oxumaq arzusunda olanların sayı xeyli artmışdır.
Maarif sahəsində getdikcə şöhrətlənən Ə.Əfəndizadə əmisinin təhriki və onun yüksək vəzifəli dostlarının qayğısı ilə xüsusi məktəb açır, həm mədrəsədə, həm də öz təhsil ocağında müəllimliyini davam etdirir.
Ə.Əfəndizadənin 1849-cu il fevralın 22-də Qafqaz canişini M.S.Vorontsovun təşəbbüsü ilə açılmış dövlət məktəbinə müəllim təyin olunması onun savadına, müəllimlik məharətinə, dərrakəsinə göstərilən etimad idi. O, Azərbaycanın təhsil sistemində öz yenilikləri ilə fərqlənən rusdilli məktəbin şəriət müəllimi olsa da, Rusiyanın ayrı-ayrı şəhərlərindən Şamaxıya dəvət edilmiş fənn müəlimləri ilə bir sırada idi.
Uzun illər boyu şəriət sözündən xoflanan bir sıra tədqiqatçılarımız şəriət müəllimlərinin fəaliyyətindən danışmaqdansa, susmağı üstün tutmuşlar. 

Əslində şəriət müəllimləri islam dininin qaydalarını öyrətməklə yanaşı, Şərq dillərini də ustalıqla tədris edirdilər.Şagirdlər qısa müddətdə müxtəlif dil qruplarına daxil olan üç dili mükəmməl öyrənməklə zəmanənin çox işinə yarayırdılar. 
Ə.Əfəndizadə dövlət məktəbində işləyərkən təkcə dərs deməklə kifayətlənmir. O,tədris üsulunu yaxşılaşdırmağa kömək məqsədilə ”Zübdətüşəri”adı ilə ərəb dilində yazılmış şəriət kitablardan seçılmış parçalardan tərtib və təlif olunmuş bir kitab hazırlayıb,dövlət hesabına çap etdirmişdir.Bu dərslikdən müxtəlif tipli məktəblərdə, eləcə də Zaqafqaziya Müəllimlər Seminariyasında istifadə olunmuşdur.
Ə.Əfəndizadə Şamaxıda məktəbdə işlədiyi zaman məktəbin fransız dili müəllimindən bu dilin incəliklərini öyrənməyə başlamışdır. (Səd heyif ki,dil öyrənməyin bu üsulundan müasir məktəblərimizdə istifadə olunmur).
1860-cı illərin əvvəllərində Ə.Əfəndizadənin işlədiyi dövlət məktəbi müəyyən səbəblərə görə bağlanır.Ə.Əfəndizadə bu zaman səyahətə çıxır, Məkkəni ziyarət edir,Hacı titulu qazanır.1864-cü il yanvarın 16-da o, Şamaxı Ruhani İdarəsinə sədr və qazı təyin edilir.Ə.Əfəndizadə burada da vəzifə funksiyası çərçivəsində xalqın maariflənməsi yolunda yorulmadan səmərəli fəaliyyyət göstərir, məktəb və mədrəsələrdə ana dili və Şərq dilləri ilə yanaşı, rus dilinin tədrisinə də öz qayğısını artırır,yeni təhsil müəssisələrinin açılmasına nail olur.
Ə.Əfəndizadənin Şamaxıda qazı və məclis sədri kimi fəaliyyəti canişinlik tərəfindən dəfələrlə qiymətləndirilmişdir. O, Qafqaz canişini tərəfindən iki qızıl saat, bir qızıl tütün qabı və brilyant qaşlı qızıl üzüklə mükafatlandırılmışdır.
Ə.Əfəndizadə 1872-ci il dekabrın əvvəllərində Zaqafqaziya Əhli-Təsənni İdarəsinin sədri və mufti təyin olunmuş, yeni vəzifəsi ilə əlaqədar olaraq, Şamaxıdan Tiflisə köçmüşdür. O, özündən əvvəl bu vəzifədə ləyaqətlə işləmiş mərhum Məhəmməd Əfəndi Osmanzadənin başladığı nəcib işləri ləyaqətlə davam etdirir. Yenə də Şamaxıda olduğu kimi, yeni məktəb və mədrəsələrin açılması, tədris üsulunun yaxşılaşdırılması, təlim kitablarının hazırlanması kimi dövrün ümdə məsələlərinin həllinə ciddi fikir verir, elm və maarif işlərini dini idarələrin ən başlıca məsələləri kimi qiymətləndirir.
Ə.Əfəndizadə dini rəhbər kimi dini ədəbiyyatın, dini qərardad və əsasnamələrin ərəb dilindən Azərbaycan dilinə tərcüməsində də Ruhani İdarəsinin üzvü S.Ünsizadə ilə birlikdə böyük fəallıq və filoloji səriştəlilik nümunəsi göstərir.Bu cəhətdən əvvəli “Ziya” qəzetinin 26.10.1879-cu il tarıxli 40-cı nömrəsində dərc olunan “Zaqafqaziya müsəmanlarından ötrü Qafqazda açılmış padşahlıq mədrəsələri” qərardadının tərcüməsi tərcümə prinsiplərini öyrənmək işində ciddi əhəmiyyət kəsb edir.Burada padşahlıq mədrəsələrinin quruluşu, məqsədi,dərs deyəcək müdərrislərin peşə ustalığı və s.materiallar tərcümə yox, orijinal material kimi oxucuya maraqlı görünür.
Ə.Əfəndizadə vəzifə təyinatı ilə əlaqədar olaraq, Tiflisə köçəndən sonra , Qafqazın baş şəhərində onun əqidə və məslək dostlarının sayı getdikcə artır. Şeyxülislam Molla Əhməd Hüseynzadə, canişinliyin əməkdaçı, dramaturq və filosof M.F.Axundov, Peterburq Universitetinin Şərq dilləri fakültəsinin məzunu A.P.Berje, Azərbaycan ədəbiyyatı nümunələrinin toplanıb Almaniyada çap olunması işində fəallıq göstərən Molla Hüseyn Qayıbov Ə.Əfəndizadənin ən yaxın əqidə və məslək dostları idi.

Maraqlıdır ki, M.F.Axundzadə Tiflisdən Brüsselə – orada ali təhsil alan öğluna göndərdiyi bütün məktublarında ona şeyxülislamın və müftinin salamlarını çatdırır.
Ə.Əfəndizadə Tiflisdə yaşayarkən öz həmşərərlilərini də unutmur.S.Ünsizadənin Şamaxıdan – əyalət şəhərindən baş şəhərə-Tiflisə köçüb, burada işləməsində də əsas vasitəçilərdən birinin Ə.Əfəndizadə olduğı şübhəsizdir. 
Ə.Əfəndizadə ömrünün son altı ilini rusca-azərbaycanca lüğətin tərtibinə həsr etmişdir. Lakin o, bu əsərini çap etdirə bilməmişdir. Əfəndizadələr ailəsinə yaxın olan Sultan Məcid Qəniyev Tiflisdə Aleksandriyski Müəllimlər İnstitutunda oxuyarkən həmyerlisinin yarımçıq işini davam etdirmişdir. 

S.M.Qəniyevin «Русско-тюркский словарь,составленный в пордке русского алфавита по толковому словарю ВЛАДИМИРА ДАЛЯ» (“Lüğəti-rusi və türki.Əsəri-Sultan Məcid Ğənizadə) adlı leksikoqrafiya əsəri altı dəfə müxtəlif əlavə və düzəlişlərlə oxuculara catdırılmışdır.Lüğətin sonuncu – altıncı nəşri 1922-ci ildə Bakıdakı Birinci Hökumət Mətbəəsində çap edilmişdir.

Ə.Əfəndizadə Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının açılmasında da, yeni təhsil ocağına müəllimlərin seçilməsində də sözü eşidilən müəyyən söz sahibi olmuşdur.Yeri gəlmişkən onu da qeyd edək ki, Müəllimlər Seminariyasının müsəlman şöbəsində şiəməzhəb uşaqlara dərs deməkdən ötrü müsabiqəyə dəvət olunan iki müəllimdən biri Ə.Əfəndizadənin dostu şair S.Ə.Şirvani (1835-1888) idi.Lakin son məqamda, dərs ilinin başlanmasına bir neçə gün qalmış Şeyxülislam Molla Əhməd Hüseynzadəyə daha yaxın olan müəllim, Zaqafqaziya Ruhani İdarəsinin üzvü Əbdüssəlam Axundzadənin namizədliyi qəbul olunmuşdur.Seminariyanın sünniməzhəb şagirdlərinə dərs demək üçün müsabiqədə alternativlik yox di. Bu müsabiqədə təkcə bir nəfər- Əbdülhəmid Əfəndizadənin başçılıq etdiyi Ruhani İdarəsinin katibi Molla Hüseyn Əfəndi Qayıbov iştirak edirdi.Seminariya rəhbərliyi müsabiqəni uzatmadan onu müəllimliyə qəbul edir.Onu da xatırlatmaq istəyirik ki, sonralar həm Ə.Axundzadə, həm də M.H.Qayıbov Zaqafqaziya dini idarələrinə rəhbərlik etmişlər.
Ə.Əfəndizadə din xadimi olsa da, ərəb əlfbasının dəyişdirilməsinin tərəfdarı idi. O, 1878-ci ildə Mirzə Rza xan Danişin tərtib etdiyi “Risaleyi-rüştiyyə”yə şeyxülislam Axund Molla Əhməd Hüseynzadədən sonra müsbət rəy yazan yüksək vəzifəli din xadimi idi (“Ziyayi-Qafqasiyyə” qəzeti, 05.01.1881, N3).
Ə.Əfəndizadə bu münasibətlə yazırdı:”Cənabınızın (yazdığı) risaleyi-rüştiyyəni mütaliə edib mündərəcəsini başdan ayağadək oxudum.Bir eyib və bir nöqsan tapmadım.Cənabınız ixtira etdiyi əlifba başqalar(ın) ixtira etdiyi əlifbadan mükəmməl və yaxşıraqdır.Nəinki yazıq islam taifəsinə, bəlkə hürufatda bir az təsir və nöqsan olan təvaif (tayfalar-N.N.) milələ(millətlər-N.N.) çox yaxşı və bu tazə əlifbanı istemal edüb birdəfəlik bəni-növ bəşərin canını düşvarlıqdan xilas edələr.
(“Ziyayi-Qafqasiyyə” qəzeti, N 4,23.01.1881-ci il).

“Ziyayi-Qafqasiyyə” qəzetinin 1881-ci il dekabrın 24-də dördüncü nömrəsində oxuculara Ə.Əfəndizadənin ölüm xəbəri verilir.
(qəzetin miladi təqvimlə ilk dördüncü nömrəsi yanvarın 21-də, ikinci dördüncü nömrəsi isə dekabrın 24-də çıxmıışdır – N.N.).
Mənfəətdən xali olmadığı üçün həmin nekroloqun bir hissəsini olduğu kimi oxuculara çatdırırıq:

Təəssüf

Zaqafqaziya Əhli-Təsənni müsəlmanlarının müftisi və idareyi-ruhaniyyənin sədri Hacı Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə içində olduğumuz dekabr ayının 10-da pəncşənbə günü günortadan sonra fücətən (qəflətən-N.N.) vəfat etməsi təəssüf doğuran əhvalatlardandır. Doqtorun (Malininin) şəhadətnaməsindən məlum olur ki, mərhumun haləti-vəfatı qan beyninə vurduğundan olubdur”.

S.Ünsizadə Ruhani İdarəsinin səlahiyyətli şəxslərindən biri idi. O, mərhumun – Ə.Əfəndizadənin təziyədarlığı ilə məşğul olduğuna görə həftəlik “Ziyayi-Qafqasiyyə” qəzetinin növbəti nömrəsi vaxtından bir həftə gec çıxmışdır. (3-cü nömrə dekabrın 10-da, 4-cü nömrə isə dekabrın 24-də çıxmışdır-N.N.).

Nekroloqda Ə.Əfəndizadənin şair təbiətli ziyalı olduğu, ərəb və fars dillərində gözəl şeirlər yazdığı xüsusilə vurğulanır.

Əlbəttə, bu şeirləri tapıb, üzə şıxarmaq, onları çözələyib, tədqiq etmək ədəbi ictimaiyyətimizi ciddi düşündürməlidir.

Ə.Əfəndizadə sözü mənalandıra bilən,onun incəliklərinə bələd olan dilçi-leksipqraf idi. O, Şərq dillərinin bir neçəsini və rus dilini çox gözəl bilirdi. Tiflisdə rus dilində çıxan “Kavkaz” qəzeti Ə.Əfəndizadənin dilçilik görüşlərini çox yüksək dəyərləndirmişdir. 

Ə.Əfəndizadənin ölümündən sonra Tiflisdə müftilik mənsəbi uğrunda geniş, açıq bə qapalı mübarizə aparılmışdır.”Kavkaz”qəzetində “Musulmanin”imzası ilə çıxış edən bir müxbir bu məsələ ilə əlaqədar olaraq kiminsə göstərişi ilə müftilik mənsəbinə daha layiqli namizəd olan Səid Ünsizadəni qaralamaq fikrinə düşür. O, qərəzli və məkrli çıxışında işarə ilə başa salır ki, müftinin seçilməsi və təyini ölkə başçısından acılıdır.

“Musulmanin”yazısının sonunda işdən xəbərdar adam kimi yazır ki,yeni müftinin təyin olunağı vaxtacan bu işin icrası 31 dekabr 1881-ci tarixdə Qafqaz canişinin əmri ilə Zaqafqaziya Əhli-Təsənni İdarəsinin baş üzvü Əhməd Əfəndi Molla Məhəmmədzadəyə tapşırılmışdır.

Əslən şəkili olan Əhməd Əfəndi Molla Məhəmmədzadə iki il müftilik vəzifəsini özündə saxlaya bilir. 
Əhməd Əfəndi Molla Məhəmmədzadə ilə Səid Əfəndi Ünsizadə arasında müftilik uğrunda mübarizə getdikcə gərgimnləşir. S.Ünsizadə 1883-cü ilin axırlarında Zaqafqaziyanın baş şəhərindən –Tiflfsdən uzaqlaçdırılır. 
Səid Əfəndi doğma şəhərindəki –Şamaxıda bərqərar olan Bakı Quberniyası Əhli- Təsənni İdarəsinın rəisi və Şamaxı qazısı təyin olunur. Müftilik vəzifəsinə Zaqafqaziya Müəllimlər seminariyasımın sünni- məzhəb şagirdlərinə şəriət dərsi verən Hüseyn Əfəndi Qayıbov təyin olunur. 
Azərbaycanın XIX əsr ictimai fikir tariximizi,məktəb və maarifçilik məsələlərini daha dərindən,elmi əsaslarla öyrənmək yolunda Əbdülhəmid Əfəndizadənin həyat və yaradıcılığı əvəzsis mənbələrdən biridir. Nazim NƏSRƏDDİNOV,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən 
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün 
Azərbaycan dili üzrə təhsil proqramı (kurikulumu) hazırlayan işçi qrupunun üzvü, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Ədəbiyyat:

1.Bağırov Ə.A. S.Ə.Şirvani və məktəb. Bakı,1986.
2.Mişiyev Adil. Azərbaycan yazıçıları və Tiflis ədəbi- ictimai mühit.Tbilisi,1987.
3.Nəsrəddinov N. Müfti Əbdüılhəmid Əfəndizadə və ya maarifə həsr olunmuş həyat. “Azərbaycan müəllimi” qəzeti, 04.10.1991. N75 (7213)
4.”Ziyayi-Qafqasiyyə” qəzeti, 1881, N 4 (yanvar); 1881 N 4 (dekabr).
5.”Qafqaz” qəzeti, 30.12.1881; N 286.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest