Zahid Sarıtorpaq
Nazım AHMETLİ
Kırımınsesi gazetesi
Azerbaycan Temsilcisi
Zahid Sarıtorpaq
QARANQUŞ SƏSLİ SEVGİLİ
(povest)
1.
…Pərinin özü də bilirdi ki, alnının sağ tərəfindəki ət xalı çox iridir və məşhur Qızqalasının haradasa bir santimetrlik maketinə oxşayır. Ona görə də həmişə sallaq, gur və cod birçəyilə üstünü örtürdü. Hirslənən kimi də, ixtiyarsız şəhadət barmağını uzadır, saçını kənara itələyib, xalını bəs deyincə o yan–bu yana oynadır, gözlərini bərəldib özünü elə aparırdı ki, baxan deyərdi, atom bombasının düyməsini qurdalayır, indicə bütün dünyanı partladacaq. Amma belə olanda Simran yaxşı bilirdi, çox keçməyəcək, bir qədər sonra o, ütük kipriklərini qapayıb bəbəklərinin ala gilələrini gizlədəcək, ardınca da vücudu qəribə tərzdə titrəyib qarabuğdayı yanaqlarına bir cüt göz yaşı şəlaləsi axıtmağa başlayacaq; bu hal bir xeyli davam edəcək; ağlamağı kəsincə üzündə işıqlı bir quraqlıq əmələ gələcək, hirsi soyuyacaq.
Simran həmin xülyaya dalıb, həmişə arzulayardı ki, kaş Pəri ağlayaydı, ağlayıb-qurtarınca da ac ruhu yenə onun çöhrəsində görmək istədiyi həmin işıqlı quraqlığın kirimişcə bir yolçulusuna çevriləydi…
Hərdən guya fors eləyib “qaşqabaq” da tökürdü:
– Sən bir də buralara gəlmə, Simran, gəlmə…
– Simran yox, Sanço.
Üzü gülürdü o dəqiqə:
– Dəli…
On yaş Simrandan böyük idi. Amma Simran qır-saqqız olub ondan əl çəkə bilmirdi. Hər gün özünü söyürdü, söyürdü… Düşünmək olardı ki, bu, sevgi-filan da deyil, sadəcə bu xanımın ona qəribə isnişməsi, onun da ağlasığmaz aludəçiliyidi. Ortada başqa məsələlər də vardı. “Gəlmə!” deməsi də ürək sözü deyildi, Simran bilirdi ki, içdən gəlmir, xətirlər xətrinə süni bir naz satır. Elə özü də az aşın duzu deyildi, nə qədər bu “aludəçiliyə” görə təklikdə qalanda özünü söyüb-yamanlasa da, yanında olanda cavabını qəti yubatmırdı, eyni süniliklə şeşələnirdi:
– Pah!.. Gəlmə deyirsən, gəlmərəm heç…
Üstündən heç bir dəqiqə keçməmiş Pərinin köhnə çarpayısının cırıltısı aləmi götürürdü başına və bütün süni dialoqlar yenə də unudulurdu… Çünki ortada heç birinin inanmaq istəmədiyi əzablı bir sevgi vardı.
* * *
Pəri onun həyatda səhvi idimi, onu sevirdimi, ya nə? – bilmirdi. Bir-birlərindən əl çəkib qırılmağı bacarmırdılar. O, balaca bir mağazası olan, uşaq malları alıb-satan, uşaqsız-körpəsiz dul bir qadın, Simran isə, bəzi adamlar demişkən, guya zibilə qalmış eqosu ucbatından özünə evlənməyə normal bir qız tapa bilməyən zavallı bir mühasib köməkçisi. Düşünürdü ki, kaş heç bu peşəyə yiyələnməyəydi və sosial təminat idarəsində işə filana düzəlməyəydi. Onda başına da bu oyunlar gəlməzdi…
Yaxın dostu, can-ciyəri, sirdaşı, xəlvətcə hekayələr yazıb hamıdan da gizlədən ədəbiyyatçı Kamil müəllim bir dəfə onu danlayanda dediyi sözlər yəqin ki, ölənəcən yadından çıxmaz:
– Ax, Sanço, Sanço!.. Sən niyə anlamırsan ki, bir var əxlaqı korlanmış adamlar, bir də var mənəviyyatı klimaksda olanlar… İkincilər lap dəhşətlidir, düşündüyündən də betər… Unutma, xoruzun pipiyi mişar dişinə oxşasa da yupyumuşaq olur, heç vaxt kəsmir, heç vaxt… Yəni dediyim odur ki, adamın gözünü qorxudan nə varsa, çoxu əslində mənasız və boş şeylər olur. Bir də o eqoistliyi ucbatından həmişə yalandan gülümsəyən adamlar var ee, qoy bədbəxtliklərinin səbəbini deyim, yadında saxla: içlərinin təkəbbüründən, lovğalıqlarından, mənəm-mənəmliklərindən doğan atəşləri onları kəllə-paça kimi elə ütür ki, dişləri qalır bayırda, baxan da deyir, yəqin xoşbəxtdilər də, həmişə gülümsəyir zalım uşağı. Sanço, inanma!.. O yalançı gülümsəmələrin arxasında hamıya, hər kəsə, bütün insanlığa nifrət durur… Lap yolun qırağındakı bax o böyük reklam tablosunda gülümsəyən adamın şəklində olduğu kimi. Səni qınamıram, bunu hər adam duymur, Sanço…
Axırda da əlini onun çiyniə qoydu:
– Qardaşyana deyirəm, sən evlən, yubanma, evlən. Bir halalsüdəmmiş tap özünə. Vaxt keçir.
Simran düşündü ki, adama bundan artıq nə deyərlər, bundan gözəl necə məsləhət verərlər axı? Düzdür, o, Kamil müəllimin sözlərindən öz payını artıqlamasıyla götürdü. Dediklərində bəzi eyhamlar olduğunu da düşündü. Nə bilmək olar ki?.. Yüz faiz, Kamil onun düşdüyü vəziyyəti yaxşı bilirdi deyə bu sözləri döşəmişdi cəmdəyinə. Əslində, dərindən götürəndə, ürəyində kök salıb taxt-tac qurmuş sevgisindən, elə bil, nə özünün, nə də ki, bu dostunun xəbəri yoxuydu…
* * *
…Yayın ilanmələyən çağı idi. Axşamsərini balıq tutmağa getməyə hazırlaşırdı. Anası: “tez qayıt,– dedi,– atanın səninlə işi olacaq”. Ondan böyük qardaşı Həsənağa da, gəlinbacısı Nurə də gülümsədi. Simranın dalağı sancdı ki, deyəsən vəziyyət yaxşı deyil, işlər fırıqdı. Ola bilsin, yenə evlənmək məsələsini qapaz kimi çırpacaqlar təpəsinə, bəlkə də yenə ona qız tapıblar. Atası bir il idi ki, insult keçirib yataq xəstəsinə çevrilsə də onun evlənmək məsələsi ortalığa gələndə yenə əvvəlki kimi qəzəblənir, belədə halının qəfil pisləşəcəyindən evdə hamısı, xüsusilə də Simran çox qorxurdu…
Gölün qırağında fikir onu yaman götürmüşdü: atdığı tilovun qarmağından balıqlar necə qopub gedirdisə, heç nə anlaya bilmirdi, amma onlara qibtə də eləyirdi. Düşünürdü ki, görəsən o da bu axşam valideynlərinin atdığı “qarmaqdan” qurtula biləcəkmi?
“– Bax, Simran, bu dəfə də yox desən, ta mən bilmirəm, mən bilmirəm haranın külünü tökəcəm başıma ki, Allaha xoş getsin…” – bilirdi, evə çatan kimi anası təxminən bu cür sözlərlə onu qarşılayacaq, ardınca da həmişəki kimi əlacsız-əlacsız gözünün yaşını axıdacaq. Ən əsası da: “o ləçəri görüm yaman günə qalsın!..” deyib acı-acı köksünü ötürəcək. Atasından da ki, heç danışmağa dəyməz. Necə deyərlər, başında turp əkəcək lap.
Hamısı məsələnin nə yerdə olduğunu bilirdi. Heç biri də gedib Pəriyə heç nə deyə bilmirdi, çünki dayısı Simranın müdiri idi, həm də onu vaxtilə instituta düzəltməkdən ötrü atası o kişinin vasitəsilə işləri düzüb-qoşmuşdu. İndi isə yorğan-döşəyə düşməsi elə Simranın kimsəsiz olması kimi bir şey idi. Bir sözlə, ara qarışıb, məzhəb itsəydi, müdiri Eldar müəllim onu bir göz qırpımında işdən çıxardıb ata bilərdi. Ordan çıxsa rayonda işsiz qalacağını evlərində hamı yaxşı anlayırdı, bu isə heç kimə sərf eləmirdi. Deyəsən, Eldar müəllim məsələni bilirdi. Rayon yeridir, yəqin ucundan-qırağından eşitməmiş olmazdı, bu cütlüyün aralarında olanları, yaşananları bilirdi yəqin.. Yəqin düşünürdü ki, Simran alacaq onu. Görünür belə olmağını o da istəyirdi, ancaq səsə salmırdı ki, Pəri Simrandan yaşda çox böyükdür, birdən oğlan imtina edərsə, biabırçılıq olar…
Həmin axşam atası əlilə işarə eləyib onu yanına çağırdı. Amma heç nə demədi. Əzab dolu gözlərini üzünə zilləyib bir xeyli eləcə baxdı. Sonra kipriklərini qapadı. Üstündən çox keçmədi dünyasını dəyişdi. O, atasının ruhu önündə özünü çox günahkar hesab edirdi. Pəriylə bağlı duyğuları ona elə işgəncə verməyə başladı ki, bir daha onunla görüşməməyə içində and içdi, həm də bunun gecikmiş bir addım olduğunu dərk edib çox üzüldü.
Atasını qəbirə Həsənağayla ikisi qoydu. Bir Allah bilir, o an nələr yaşadı. Bircə onu bilirdi ki, meyiti aram-aram aşağı sallayanda içindən bu sözlər keçdi: “günahkaram, ata, günahkaram… səndən sonra tezliklə gedəcəm buralardan, qala bilmərəm…”
Elə də oldu. Atasının qırxı çıxandan sonra, heç kimə heç nə demədən, ərizəsini verib işdən getdi. Təsadüfən anası harasa getmişdi, tezbazar yır-yığışını eləyib şəhərə yollandı. Həmin gün də zəng edib uzun-uzadı üzrxahlıq elədi, and içdi ki, “ana, ümidlərini doğruldacam, özümə iş-filan tapıb yerlənib-yataqlanan kimi evlənmək məsələsilə məşğul olacam”. Bir də yalvardı ki, ağlayıb-sızlamasın, ürəyini yaralamasın, hər şey yaxşı olacaq. Ona ən əsas təsəlli verən məsələ – Pəridən uzaqlaşması oldu. Ən azından fağır anası bu baxımdan onu yetərincə başa düşdü, səsi titrəyə-titrəyə uğur diləyib, alxışlarını yağdırdı. Sonra Simran Həsənağayla danışdı. O isə, sözünü həmişəki kimi qısa, yığcam dedi: “Möhkəm ol. Anadan narahat olma”.
Bir azca arxayınlaşdı. Tələbə yoldaşı Salehin nənəsindən kirayələdiyi balaca otağın boyağı tökülmüş tavanına hər gecə gözlərini zilləyib uzandığı yerdəcə eləcə qalırdı; heç nə fikirləşə bilmirdi. Amma içində nəsə bir arxayınçılıq vardı, elə bil, hansısa qaranlıq və daşlı-çınqıllı kənd yolunda itirilmiş çox qiymətli bir incini Ay işığında çətinlik çəkmədən tapmışdı. Əslində, şəhərə yığışdığı ilk gecədə Ayın işığı bu balaca və yosmaca otağın yeganə pəncərəsindən süzülərək gözlərini zillədiyi tavanı nura boyamışdı. Orada isə, təkcə öz başa düşdüyü bir dildə “yazılanları oxuyurdu”, tapdığı həmin o incinin adı isə, deyəsən, alaqaranlıq içində də olsa, bir təsəlli və ya ən azından hüzur idi. Amma bilmirdi ki, başıyla düşünüb-daşındığının içində sirli bir küncə çəkilib sızlayan sevgiyə heç bir dəxli yoxdur…
Aradan bir aya yaxın vaxt keçmişdi, hələ də iş tapa bilmirdi. Bütün dost-tanışını qatmışdı bir-birinə. Nazirlikdə işləyən ən yaxın adamı Süleyman söz vermişdi ki, bəs, “papağını əyri qoy, fikir eləmə, bu günlərdə səni sevindirəcəm”. Ancaq ondan da səs-səmir yox idi, darıxırdı. Hər gecə Pəri düşürdü yadına… Özünü ağaca dırmaşmış bir pişik kimi hiss eləyirdi. Qorxurdu ki, çox getməz, elə pişik kimi də əyri-müyrü düşüb qayıdar gəldiyi yerə. Nömrəsini dəyişdiyinə görə yəqin Pəri onu axtarıb tapa bilmirdi. Özü isə hələ ki andına sadiq idi. Dözürdü.
Çox keçmədi, Süleyman onu bir reklam şirkətinə mühafizəçi kimi işə düzəltdi. Özü də dedi ki, müvəqqəti də olsa, işlə, sonrasına baxarıq. Açığı bildirdi ki, “nazirlikdə iş var, ancaq çox pul istəyirlər, gücün çatmaz”. Simranınsa əlində pulu az idi, necə deyərlər, yırtığının yamağına gücnən çatardı. Nə isə… Razılaşdı. Başladı işləməyə. Böyük bir reklam şirkətiydi. Bir sutka işdə olurdu, iki sutka evdə. Pulu az olsa da dolanmağa çatardı. Hə, dolanmaq olardı. Sonrasını isə fikirləşmirdi. Nə olacaq – olacaq deyirdi…
* * *
…Əynində yalxı alt paltarı, ucu-bucağı görünməyən bir biyabanlıqda dayanmışdı. Dörd tərəfini sayı-hesabı bilinməyən avara it sürüsü bürümüşdü, yan-yörəsində sülənə-sülənə gəzişirdilər, qorxudan quruyub-qalmışdı, ayaq basmağa yer yox idi. Qorxurdu ki, tərpənsə gəmirərlər. Çünki hərdən xornan mırıldayırdılar. Sonra da birdən-birə başladılar ona marıda-marıda, qorxudanmı, ya nədənsə, zingildəməyə. Öz-özünə deyirdi ki, “bunlar haçan rədd olub gedəcək? Pal-paltarım da qalıb Pərinin yanında. Bir azdan ya bunlar məni parçalayacaq, ya da soyuq iliyimə işləyəcək, öləcəm. Hardasan, bəs Süleyman? Bəs göydən kəndir sallayacaqdın?” Başını yuxarı qaldırdı. Kəndir sallanmışdı, amma o qədər qısa idi ki, çox-çox yuxarılarda yellənə-yellənə qalmışdı, əl çatan şey deyildi… Ağlamaq istədi, ancaq gördü, əksinə, gülür. Güldükcə də itlər daha bərkdən zingildəyir. Elə bil, onları döyən var. Zingiltiləri o qədər güclüydü ki, qulağı batırdı…
…Telefonun səsinə yuxudan qalxdı. Demə, qulağını batıran elə telefon səsiymiş. Klassik telefon səsini sevdiyindən həmişə onu aktiv edirdi. O da indi cingildəyib yuxusundakı it zingiltisinə qarışaraq qulağını batırırmış. Sevindi. Buna səbəb kimin zəng elədiyi yox, gördüyünün yuxu olduğunu anlamağı idi. “Şükür, yuxudu! Allah xeyir eləsin!” Bəs zəng edən kim idi?
– Sanço, salam. Yatmışdın? – O idi. İçi titrədi. Hələ də qulaqlarında itlərin qaytarış verən zingiltisini, telefonun cingiltisini Pərinin səsi qayçı kimi doğradı. Cavab vermədi. “Nömrəmi buna kim verib axı, kim?!” Özünə gəlməmiş hirs içini bürüdü. O, gülə-gülə elə bil ürəyinə bıçaq soxdu: – Gözün aydın, bəbəmiz olacaq…
Elə bildi, təzədən bayaqkı yuxunun içinə qayıtdı, qoşuldu zingildəyən itlərə, amma onlardan fərqli ulamağa başladı…
Heç bir söz demədən telefonu söndürdü. “Yox, bu ölkədən rədd olub getməliyəm! Rədd olub getməliyəm bunun əlindən!..”
Ağlına gəldi ki, yəqin Pəri telefon nömrəsini rayondakı “Azərsell” xidmətində işləyən qohumundan öyrənib. Çünki təzə nömrəni oradan almışdı. Başqa heç bir variant ola bilməzdi. Bəs yalvarırdın ki, “Sən bir də buralara gəlmə, Simran, gəlmə…” Nooldu bəs? İndi gülməşəkər oldum? Mənsiz işin aşmır? Əl çək dəə! Əvvəl dayına güvənirdin, indisə bəbə adında quraşdırdığın oyuna güvənirsən, deyəsən? Onu görməyəcəksən! Görməyəcəksən heç vaxt!”
Amma niyə gözləri islandığının fərqinə də varmadı…
Səhəri günü iş növbəsində deyildi, evdəydi. Qulağının içində Pərinin “Gözün aydın, bəbəmiz olacaq…” kəlmələri güvə qurdu kimi eşələnirdi. Neyləyəcəyimi bilmirdi. “Yox nəsə eləməliyəm, nəynənsə məşğul olmalıyam ki, başım qarışsın…” Telefonla internetə girməkdən zəhləsi gedirdi. Nədənsə, heç bir sosial şəbəkəyə qoşulmağa meyli yox idi. Nəsə əvvəldən oralardan xoşu gəlmirdi, hara ki, baş çəkmişdi, hamısını deaktiv etmişdi. Evin küncündə balaca bir kitab dolabı vardı. Üstünə qırcıvalı pərdə çəkilmişdi. İçində nə olduğuyla bu günəcən heç maraqlanmamışdı. Çünki qiraətlə də arası yox idi. Pərdəni araladı, kiril əlifbasıyla yazılmış köhnə kitablar idi. Bir dənə də olsun bədii kitab yoxuydu. Hamısı geodeziyaya, torpaqşünaslığa, kartoqrafiyaya aid kitablar, xəritələr idi. Həvəssiz-həvəssiz əlini atıb kitablardan birini götürdü. Üstündə: “Geodeziya və xəritəçilik mühəndisliyi” yazılmışdı. Candərdi vərəqləmək istəyəndə arasından iki yerə qatlanmış, saralıb-solmuş bir dəftər vərəqi düşdü. Kitabı yerinə qoyub, vərəqi götürdü. Kiril əlifbasıyla, tələsik yazılmış üç-dörd cümləlik bir qeyd idi: “Atın yüyəni, eşşəyin noxtası, adamın da ixtiyarı heç vaxt öz əlində olmur. Yaşadıq, gördük bunu. İndi qocalmışam. Qocalıq ömrün qışıdır deyirlər. Heç vecimə də deyil. Çünki qışın ardınca yaz gəlir. Deməli, ölüm yazdır, bahardır… ölüm yazdır, bahardır, deməli! Bunu hər adam bilməz, hər adam dərk eləməz!”
Vərəqi qatlayıb qoydu öz yerinə. “Ölüm yazdır…” Atası düşdü yadına. Əslində o həmişə yaddaşındaydı. Hər xatırlayanda gözləri dolurdu. İndi isə dodağındakı bu pıçıltını gözünün yaşı islatdı. “Sən də öz yazına, baharına qovuşdun, yəqin. Yazın, baharın mübarək, ata…”
Sonralar öyrəndi ki, bu kitablar Salehin babasından qalmadır. O, torpaqşünas mühəndis olubmuş. Dostunun dediyinə görə o cür fəlsəfi yazıları çoxdur, ağlından, ürəyindən keçənləri atma-atma hara gəldi yazırmış, sonra da köçürürmüş dəftərlərə: “Babamın o cür qeydlərlə dolu üç dəftəri qalıb. Nənəm sandığında saxlayır. Heç kimə də göstərmir. Yadıma gəlir ki, nənəm bir dəfə yır-yığış eləyəndə dəftərlərdən birini görmüşdüm, üstündə iri həriflərlə “Dueldən sonrakı ölü” yazılmışdı. Yazıçı-filan deyildi, amma kişi çox savadlıydı. Vəsiyyət eləyib ki, nəvə-nəticəsi o dəftərləri üç-dörd nəsil keçəndən sonra üzə çıxarsın. Anam həmişə deyir ki, babanıza heç biriniz oxşamadınız.”
Yerinin içində bir qədər eşələndikdən sonra, qalxıb şəhərə çıxdı, telefonuna yeni nömrə aldı, köhnəni deaktiv etdi. Mesaj yazıb, kimə lazımdırsa, yeni nömrəsini bildirdi. Bir az şəhəri dolaşandan sonra, bir butulka çaxır alıb evə döndü. Şam yeməyinə kolbasa almışdı. Çaxırın hamısını təkbaşıma içdi. Hər dəfə stəkanı başıma çəkəndə Pərini söyüb-yamanladı. “Sənə yaxın dursam, atamın oğlu deyiləm!.. Qapa o ütük kipriklərini, ala bəbəklərindən qarabuğdayı yanaqlarına axıt o göz yaşlarını, Pəri! Qurtardıq səninlə, qurtardıq!” Amma deyəsən bu dəfə öz üzünün quraqlığı islandı. Yolçusu isə yox idi…
Burası da vardı ki, ona ilk dəfə çaxır içməyi də elə Pəri öyrətmişdi. Dayısının yanında yenicə işə düzəlmişdi. Pərinin balaca mağazasının qarşısından keçəndə, Simranı içəri çağırdı, dedi ki, evdə üç-dörd torba mal var, gedək kömək elə, onları qaldırıb talvara yığım. Yox deyə bilmədi, ürəyinə gəldi ki, birdən imtina etsə, dayısına deyər, yaxşı düşməz. Razılaşdı və getdi. Evin zirzəmisindən ağır torbaları bir-bir dəhlizə daşıdı. Sonra da nərdivanı qoyub talvara dırmaşdı, Pəri torbalara kəndir bağladı, Simran isə dartdı yuxarı. Ardınca da özü dırmaşdı yanına, malları açıb tökdü, hamısı nəm çəkmişdi, birlikdə döşədilər evin tavanının üst qatına. Təbii ki, talvarda ayaq üstə durmaq mümkün deyildi, işi iməkləyə-iməkləyə görürdülər. Xeyli əlləşdilər. Pəri evdə əyninə dizdən yuxarı, həm də kimano bir don geymişdi, eləcə də dırmaşmışdı talvara. Burada isə gözünün önündə iməklədikcə, Simranın halı dəyişirdi. Talvarın alaqaranlığında Pərinin yarıçılpaq əndamı, ətli və bəyaz sağrısı ağlını alırdı başından. Çoxdan dul qaldığını, ərsiz olduğunu bilirdi. Bəlkə də belə olduğina görə ürəklənmişdi. Amma axırda o özü heç bir işarə etmədən yerə sərdikləri uşaq paltarlarının üstünə uzandı. Ardınca da dərindən nəfəs ala-ala, tövşüyə-tövşüyə oğlanın əlindən tutub gülümsündü və… dartdı onu üstünə… Hər şey bax beləcə başlandı… Sonra aşağı endilər. Simranı otağına apardı, əynini soyundurdu, çarpayıya uzadıb ədyalı üstünə örtdü, aparıb paltarlarının tozunu çırpdı, təmizlədi, gətirib qoydu kətilin üstə. Gülümsünərək soyundu və girdi yanına. O gün Simran ömrümün ilk kişilik kartına möhürünü beləcə vurdu… Artıq axşam düşmüşdü. Pəri ayağa qalxıb süfrə açdı, ortalığa çolpa qızartması bir də bir dolça çaxır qoydu. Orda necə içdisə, heç nə xatırlamadı. Səhərisi telefonunu sönülü gördü. Yəqin ki, Pəri söndürmüşdü. İstirahət günüydü, evə gəlib yalandan hamını aldatdı ki, tələbə yoldaşları gəlibmiş, turbazaya gediblərmiş… Nə isə… hə, çaxıra aludəçiliyi də elə o vaxtdan başlamışdı. Bunun da səbəkarı təbii ki, Pəri olmuşdu. Hər dəfə onlara gedəndə, elə öyrəşmişdi ki, çaxır içməsəydi, yatağa girmirdi. Bəzən özü də alıb gətirir, atasından gizlin öz evlərində də vururdu… İndi daha o günlərin arxada qaldığını, Pərinin guya ömründən-günündən getdiyini düşünürdü…
* * *
Evin yiyəsi Narınc nənəyə kirayə haqqını ödəməliydi, maaş almağa isə bir həftə vardı. Həsənağaya zəng elədi. O: “Sabah Bakıda olacam. Görüşərik”, – dedi. Həsənağanın işi çox yaxşıydı. Diş texniki idi. Pula pul demirdi. Atası rəhmətə gedəndən sonra, elə ki, Simran çıxıb gəldi Bakıya, o, anasını tamamilə öz himayəsinə aldı. Elə Simran da ona arxayın olmasaydı, yəqin ki, anasını tək qoyub şəhərə yığışmazdı.
Bax, beləcə, başı xırda-para işlərə qarışmışdı – həyat ürəyicə olmasa da davam edirdi. Özü də bilmədən, sanki qolları bağlı bir əsir-yesirə dönmüşdü, başına torba keçirilmiş bir dustağa oxşayırdı, elə bil onu harasa aparırdılar, yolun nə vaxt bitəcəyini gözləyirdi. Hərdən də elə bilirdi ki, balaca, həm də dəcəl bir uşaqdır, quşatanla bir sərçəni qanadından vurub, yaralayıb, yazıq quşcuğaz düşüb qalın bir otluğa, ha axtarır, tapa bilmir… Bircə şeydən qorxurdu ki, çıxıb getsə, ac pişiklər tapıb onu yeyəcək. Ona görə də aləmi qatmışdı bir-birinə, içində ağlaya-ağlaya düzü-dünyanı söyə-söyə hər yanı ələk-fələk eləyirdi… Əslində vəziyyət heç də xəyalında quraşdırdığı kimi deyildi. O, ağlayırdımı, yəni? Qətiyyən! Getdikcə daha da sərtləşirdi. Getdikcə özünə qapılmaq nədi, daha da soyuqqanlı olurdu. Yaralı sərçəni axtaran o uşaq-filan bir illüziyaydı, bekarçılıqdan uydurmuşdu, əslində onun özünü vurub yaralamışdılar, özünü axtarırdı. Ən azından, özü demişkən, Pəri adıbatmış indi əliçıraqlı gəzirdi onu.
Həsənağa gələnəcən başından əlli fikir keçdi. O gəlib, həm kirayə pulunu, həm də özünə cibxərcliyi verdi. Verdiyi əlavə pulu götürmək istəməsə də üzünü turşutdu, bildi ki, ona dirəniş göstərməyin xeyiri yoxdu.
– Simran, “Jiquli”ni sənin adına keçirmək lazımdır. Arada vaxt edən kimi gəl rayona, düzüb-qoşaq. Götür onu da gəl Bakıya, burda maşınsız çətindi, şəhər yeridir.
“Jiquli” atasının idi. Atası insult olub yatağa düşəndən bəri, o maşını sürən yoxuydu, qarajlarında “yatıb” qalmışdı. Kişi rəhmətə gedəndən sonra isə, o maşın barədə heç düşünməmişdi. Amma Həsənağanın dediyi ağılabatan idi.
– Çalışaram.
– Hə, tez gəl.
Getməyinə gec getdi, amma işi yoluna qoydular. Bir xeyli əlləşib-vuruşub maşını adına keçirə bildilər. İli köhnə olsa da özü saz idi. Yəni, hələ ki, problemi yoxuydu, yaxşıydı. Belə götürəndə, alman, yapon, fransız maşınlarının daha çox olduğu şəhərdə “Jiquli” yetim bir çocuğa bənzəyir, tünlükdə adamın üstünə yüyürən qaraçı uşaqlarına oxşayır, bir qədər də sırtıq görünürdü. Bəlkə də ona belə gəlirdi. Amma atasının yadigarı olduğuna görə satmaq fikri yox idi. Elə bilirdi, satsa, atasının ruhuna xəyanət edər. Bunlar kiməsə gülməli görünə bilər, amma neyləməli, o da belə bir tip idi. Hərdən öz-özünə deyirdi ki, “dünyanın ən əclaf adamı mən olsam da, içimdə belə paklıqlar da var. Ölərəm, amma atamın yadigarını satmram!” Yaxud da: “Pəri, qurtardıq səninlə! Vəssalam, şüt-tamam! – təpəmə güllə də çaxsalar, geriyə addım yoxdur! Bu, mənəm: Simran! Sanço! Anam demişkən, tərs kopoyoğlu! Yəni dediyim odur ki, “Jiquli”nin bəxti gətirib, ölüncə mənimlədi”.
Şəhərdə yazın gəlişi qəti hiss olunmurdu. Kirayələdiyi o balaca evin həyətində bir dənə də ağac deyilən şey yox idi. Buralara bir dənə də olsun quş səkmir. Pəncərəni açır. Noolsun? İçəri təmiz hava dolur, amma gül ətri gəlmir, quş səsi eşidilmir. Burda cəmi bircə fəsil var – sıxıntı fəsli. İçi güllü də ola bilər, nəğməli də, eşqli də, həsrətli, dərdli də. Lap şair kimi düşünürdü. Əslində on beş–on altı yaşında olanda şeir də yazmışdı. Sevgi şeirləri. Pəriyə yox, o zaman Pəri filan yox idi həyatında! Gülnara yazmışdı – ilk məhəbbətinə! Onu tale çox erkən aldı əlindən. Atası ailəsini də yığışdırıb getdi Rusyətə. Elə o gedəndirlər, onlardan heç bir xəbər-ətər yoxdu bu günəcən. Çox-çox sonralar eşitdi ki, Gülnar həmyerlisi olan bir biznesmenlə ailə qurub, Moskvada yaşayır. Bu xəbəri eşidəndə hansı hisslər keçirdiyini bir özü bildi, bir də o vaxtlar hər gecə gözünün yaşını süzdüyü yastığı. Onun gedişi bütün fəsilləri Simranın üzünə qapadı. Heç institutda oxuyanda da gözü-könlü açılmadı. Gülnarın yerində bircə dediyi o sıxıntı fəsli qalmışdı ki, onu da bir özündən başqa heç kim duymurdu. Duya da bilməzdi! Çünki Simran da Simran idi.
Eşitdiyinə görə, işlədiyi reklam şirkətinin rəhbərliyi onunla axır vaxtlar ciddi maraqlanıb, hansısa filiallarına mühasib göndərmək istəyirmiş. Rayondakı keçmiş iş yerimə sorğu göndərib haqqında məlumatları dəqiqləşdirmək istəyiblər, amma oradan məqbul cavab almayıblar. Növbədə olanda bunu ona şirkətin bir işçisi çatdırdı, dedi ki, bəs imkanın varsa, get keçmiş iş yerinin rəhbərliyindən xahiş et, qoy sənin barəndə müsbət fikir bildirsin. Çox yüksək maaş alacaqsan. Sənin tərbiyəli, ciddi işçi olmağından şirkət rəhbərinin xoşu gəlir, həm də ali savadlı birisinin mühafizəçi işləməsi yaxşı hal deyil.
Düşündü ki, indi neyləsin? Bəlkə gedib Eldar müəllimə xahiş-minnət eləsin? Bəlkə artıq Pəri ona nəsə çatdırıb, əlindən zənçir çeynəyir? Hə, görünür o, artıq işdən xəbərdardır, yoxsa niyə reklam şirkətinin sorğusuna cavab verməsin axı?
Çaxırın qapağını açdı, çappa stəkanı doldurdu; bircə anlıq gözlərini qaldırıb tavana dikdi; dərindən bir nəfəs alıb “hüfff…” elədi və içkini çəkdi başına… “Sorğuya cavab… Yox bir! Ölmüşdü xandadaş… Eldar müəllim heç cavab verər?.. İmkanı olsa, məni tutdurar, qoymaz gözümü açam. Baş mühasib Ərşad müəllim deyirdi ki, sənin işdən çıxmaq haqqında yazdığın ərizəyə o, baxmadan qol çəkibmiş, sən demə elə bilib məzuniyyətə gedirsən. Üstündən xeyli sonra, eşədəndə ki, işdən çıxmışam, Ərşad müəllimin başına oyun açıbmış. Bir sözlə, yaxşı qurtulmuşam; demə, mənim də baxtım-naxışım varmış”.
İçsə də elə bil sərxoş deyildi, məsələni götür-qoy edib fikirləşirdi: “Axı bu nə deməkdir? Nə sorğubazlıqdır? Ürəyindən keçirsə, götür məni işə. Sabah gələcəm, gələcəm yanına, müdir! Söhbətimiz alınar – çox yaxşı, alınmaz – yenə də eybi yox, yola davam edərik…”
* * *
Qapının zəngi çalınanda ağlına heç kimi gətirə bilmədi, çünki gözləyəcəyi bir adam yox idi. Cəftəni burub qapını açınca gözü kəlləsinə çıxdı, bircə kəlmə “bıyy…” dedi. Bu, Həsənağaydı, üz-gözündən zəhirmar yağırdı. Dodaqlarını elə sıxmışdı ki, elə bil, dişi bağırsağını kəsirdi. Bir xeyli üzünə marıdıb acıqlı-acıqlı başını yellədi, təzədən eşiyə çıxıb “Tfu! Lənət sənə kor şeytan!” deyib getdi. Gedərəkdə geri qanrıldı: “Gedib qəhbənə yiyə durarsan, kişi qırığı!… Donbalmış qarnını gətirib ananın gözünə soxur ki, muştuluğumu ver, nənə olcaqsan…”
Yerindəcə quruyub qaldı. Həsənağanın xasiyyətinin tünd olmağına ovcunun içi kimi bələd idi, amma bu dərəcədə yox. Bir sözlə, öldü yerə girdi. Ağzını açıb bir kəlmə də danışa bilmədi. Otağa qayıdıb ağzıquylu yatağa sərələndi. Başının içində ilanlar qaynaşırdı. Çox götür-qoy elədi, barama qurdu kimi bu dərd qılafının içindən çıxış yolu tapa bilmədi. Amma barama qurdundan fərqli, o, ipək yox, kələf hörmüşdü özünə. “Getmək! Ancaq rədd olub buralardan getmək! Daşürək olmaq, daşürək!” – yolu bircə budur, başqa heç nə.
İndi fikirləşir ki, həyatdı, belə şeylər hamının başına gələ bilər. O vaxt necə xilas olduğunu danışsa, yəqin inanan olmaz. Kim bilir, bəlkə də… Amma onun da Allahı varmış.
Rayona yola düşdü. Özlüyündə Pərini söyüb yamanlayırdı. Söyürdü, söyürdü, axırda da özünü tuturdu qarğış-nifəyə. Həm də içini qəribə bir fikir bürümüşdü: fikirləşirdi ki, yaxşı, tutalım, hamının gözündə Pəri pisdi, axı o qarnındakı körpənin nə günahı var? Nə günahı var o körpənin? Niyə ölüm diləyirdi ona? Niyə abort olmasını istəyirdi? Rayona getməyinin əsas səbəblərindən biri də bu suallara cavab tapa bilməməsi idi. Odla su arasında qalmışdı…
Bir də sükan arxasında yerin-göyün sahibinə yalvardığı o idi ki, yolda qəza törətməsin. Amma nəfəsi necə daralıb, necə qurumuşdusa, sinəsi xırıldayırdı, nəsə olacağından qorxurdu. Rayona on beş–iyirmi kilometr qalmış, köhnə sinif yoldaşı Etibarın yolqırağı kafesində – “Çinarlıq”da maşını saxladı. “Çay içib gedərəm” düşündü. Adam az idi. Simranı görcək, Etibar gülümsəyə-gülümsəyə mətbəxdən çıxıb yanına gəldi.
– Haralardasan, əə? Xoş gördük.
– Xoş gördük, Eti.
– Noolub? Gözümə birtəhər dəyirsən.
– Heç… Rayona gedirəm. Susamışdım. Dedim bir stəkan çay içərəm.
– İndi deyəcəksən ki, acdığın-zadın yoxdu, həə? – Əlini onun çiyninə qoydu, ofisianta səsləndi: – Denən ordan iki şiş kabab qoysunlar: bir tikə, bir lülə.
– Ay Etibar… qardaş, yeməyəcəm, vallah, əziyyət vermə heç kimə.
– Yeyəcəksən. Mən də səniynən yeyəcəm. Yekə oğlansan, ayda-ildə bir dəfə gəlirsən buralara.
Ardınca da stulu çəkib onunla üzbəüz oturdu. Ofisiantlar əl-ayağa düşdülər, stolun üstünü cürbəcür salatlarla, soyuq qəlyanaltılarla doldurdular. Etibar balacaboy ofisiantı yanına çağırdı:
– Bir dənə də ondan gətir. Özün bilirsən hansından.
Simran hələ özünə gələ bilmirdi. Çox narahat idi:
– Ay Etibar, ruldayam ee, içən deyiləm onsuz da.
– Eybi yoxdu, özüm içəcəm. – Ardınca da ofisianta qışqırdı: – denən kababı dörd eləsinlər.
Düşündü ki, əməlli-başlı ilişib. Kim bilir, bəlkə də fələyin hökmü beləydi. Amma hələ ki, fələk yox, Simran saydığını sayırdı.
Yemək süfrəyə gələnə qədər Etibar ordan-burdan söhbət salıb elə bil onu sınağa çəkirdi. Sözarası bir kəlmə Pəri barədə soruşdu, dinmədi, əlini yellədi. Pəri onların qonşuluğunda yaşayırdı. Sonra qədəhlərə araq süzüb qımışdı:
– Simran, Bakıda yaşayırsansa, belə çıxır ki, ta ondan xəbərin yoxdu?
– Yox. Noolub ki?
– Ə, sənin o gülməşəkərin kef imiş ee. Bu dəyqə bütün rayon ondan danışır….
Simran elə bildi üstünə qaynar su tökdülər, səksənən kimi oldu. Amma özünü toparladı, soyuqqanlıqla soruşdu:
– Noolub axı?
Etibar onun içmədiyini görüb, qədəhini qaldırdı:
– Götür içək. Sən oğulsan, vaxtında ayrıldın ondan. Sənin sağlığına!
Məcbur olub qədəhini qaldırdı, amma içməyib yerə qoydu.
– İç, gör sənə nələr danışacam – o, yenidən qımışdı. – Qorxma iç, bu gün trasda QAİ postunda əmioğlum Faiqdi, zəng eləyəcəm sənə dəyən olmayacaq.
Nə isə… “Lənət şeytana!” deyib qədəhi çəkdi başıma.
Etibar yenə araq süzdü. Simran bildi ki, bu xəmir hələ çox su aparacaq. “Nə olacaq – olacaq…” fikrinə sığındı…
– Simran, bilirsən də dünən Pərini qoydular dəlixanaya.
– Hara?
– Dəlixanaya. Eldar müəllim təşkil eləyib apartdırdı. O kişi də biabır olmuşdu, vallah. Deməli, – üzüm ayağının altında, bağışla sən Allah, – uzunsov bir şarı şişirdib, donunun altından qarnına bağlayıb rayonda gəzirdi, çatana göstərirdi ki, guya boyludu… Bilmirsən, yəni?
– Yox… – Simranın səsi güc-bəla çıxdı.
– Hə, hamıya da deyirmiş ki, uşaq Simrandandı. Axırda qohum-qonşu onun havalandığını başa düşüb yeganə arxa-dayağına – dayısı Eldar müəllimə xəbər çatdırıblar. Eldar müəllimin də arvadı həkim rəfiqəsilə gedib, Pərini dilə tutub, donunun ətəyini qaldırıb baxıblar, görüblər ki, hamilə zad deyil, qarnına şar bağlayıb…
– Yaxşı, qurtar, Eti, bəsdi! Mən getmək istəyirəm…
– Yox ee, axırına qulaq as, gör nə deyirəm. Onu dəlixanaya aparanda, qapıdan oynaya-oynaya çıxıb, sancağı qarnına basıb şarı partladıb, qışqırıb camaata deyib ki, “Sançoya deyin, qoymadım körpəsi əllərə düşə…” Vallah, doğrusunu sən bilərsən, amma deyəsən, uşaq dəlisiymiş yazıq…
Elə bil, Simranı tok vurdu:
– Bəsdi! Bəsdi! – bağırdı.
Etibar yenə qımışdı:
– Vallah, əjdahasan. Vaxtında qırıldın ondan…
Durmaq istədi, amma Etibar qolumdan bərk-bərk yapışdı:
– Otur, qardaş, otur.
O, qədəhləri yenə doldurdu. Bu dəfə Simran onun nə deyəcəyini gözləməyib, içdi. Etibar isə üzünə qəribə tərzdə baxdı.
– Qağa, bilirsən ki, Pəri bizim qonşumuzdu. Vallah, ərini – mantyor Rüstəmi cərəyan vurub öldürəndən sonra, onun adı təkcə səndən başqa heç kiminlə çıxmayıb. Bilirsən yəqin.
– Bunları mənə niyə danışırsan?
O, gəyirdi, sözlü-sözlü dostuna baxıb qədəhləri doldurdu.
– Danışıram ki, biləsən. İndi camaatın arasında bilirsən nə söz gəzir? Deyirlər, o bədbaxt… o biçarə bədbaxt sənin dərdindən dəli olub…
Simran nə sənə, nə mənə – yerindən qalxdı, düz maşına sarı yortdu. Arxasınca Etibarın səsi astadan gəldi:
– Sən əjdahasan, Sanço…
Kefli deyildi. Amma ürəyi ağzından çıxırdı. Bilmirdi neyləsin.
Kafedən on kilometr aralanardı, ya yox, maşını saxladı. Alnını puçur-puçur tər basmışdı. Arağın da təsiri bir yandan yavaş-yavaş, necə deyərlər, iməkləyirdi canında.
– Pəri!!! Pəri!!! Pəri!!!
Bağırdı… Bağırdı var gücüylə. Özü də dəfələrlə. Bağırdıqca da sükanı döyəclədi, yumruğunu panelə çırpdı. “Yox, rayona getməməliyəm. Qayıtmalıyam geri, qayıtmalıyam mütləq…”
* * *
Təzəlikcə pəncərənin üst tərəfində qaranquşlar yuva qurub bala çıxarmışdı. Oradan başlarını çıxardan sarıdimdik ətcəbalalar ağızlarını açıb cikkildəşirdi; görünür acmışdılar, analarının yem gətirməsini gözləyirdilər. Simranın prizmasından baxılsa, əslində, bu civildəşən ətcəbalalara görə, sıxıntı fəsli getmiş olmalıydı işinin dalınca. Amma belə də olsa, məsələ tərsinəydi.
Bu gün də tərs kimi Narınc nənə eşikdə durub həyəcanla onlara baxırdı. Simranı görcək, gülümsündü:
– Ayağın yüngüldü, ay bala, birinci dəfədi bizim həyətdə quş yuva qurur. Allah xeyirə calasın…
Dillənmədi. Çünki özündə deyildi. Ağlı təmiz qarışmışdı. Özünü kandardan içəri saldı.
Qadın arxasınca səsləndi:
– Bala, Simran, səndən gözüm su içmir… Nəsə bir şey olub?
Keçərəkdə zülümlə dilini sürüdü:
– Yox… Narınc nənə, narahat olma…
Sonra yenə nəsə dedi. Artıq eşitmədi. Çünki ayaqqabılarını soyunub otağa girməyilə özünü ağzıquyulu çarpayıya yıxıb başını qucaqlamışdı.
O gün, gündüzü, gecəni necə keçirdiyini bir Allah bilir. “Pəri… sevgi… havalanmaq… saxta hamiləlik… dəlixana…” Bunları özlüyündə nə qədər götür-qoy etsə də günahları içində eşələnib bir yana çıxa bilmirdi. Ancaq canında gizli bir sevinc işartısı da vardı ki, bu da çocuq məsələsinin yalan olmasına görə idi, buna şükür eləyirdi. Şükür elədikcə də elə bil qurtuluşu olduğunu anlayırdı. Lap o qaranquş balaları kimi arxayın idi ki, həyanı var və gəlib onu alacaq öz qanadı altına. Amma kim? nə? təkcə çocuq məsələsinin yalan çıxmasımı? – kim bilir… Bütün bunlar içini bürüyən çox qəribə, çox çalpaşıqlı bir yaşantıydı.
Səhərisi ev günü idi. Tezdən gedib iki şüşə litirlik çaxır aldı. Qayıdan baş gördü ki, aşağı məhəllədə bir qapıya mafə qoyulub. Yanından keçəndə, mafənin içindən ildırım sürətiylə bir qaranquş uçdu və dərhal da gözdən itdi. Deyəsən, orada yığışıb bir-birilə söhbət eləyən adamlar onu görmədi. Əti ürpəşdi…
Evə gəldi, həyətdə Narınc nənə qəmli-qəmli deyinirdi. Onu görüncə, elə bil dərdi təzələndi:
– A bala, Simran, qaranquşun balalarından biri yuvadan düşüb ölüb…
Nə deyəcəyini bilmədi. Təsadüf? Ya nə? Yerindəcə quruyub qaldı.
Nə baş verirdi? Anlaya bilmirdi.
– Mən neyləyə bilərəm, nənə?
O, deyinə-deyinə kandara sarı getdi:
– Heç nə, bala, heç nə…
Yazıq arvad, elə bil, umudunu ona bağlamışdı. Yəqin cavabından dilxor oldu. Görünür, başa düşdü ki, ölmüş qaranquş balasını o necə dirildə bilər axı?
O, ağlamsınırmış kimi içini çəkdi:
– Salehə dedim bayaq, zalım oğlunun heç vecinə də gəlmədi. – Ardınca da əlavə elədi: – O bizdədir. Səni gözləyir…
Salehlə çaxırdan vura-vura xeyli dərdləşdilər. O, yaxşılıq etməyi bacaran, çox etibarlı bir oğlan idi. Yanında baş kəs, orada da qalasıydı. Ancaq bir qədər ağırtaxtaydı, həm də bərkdə əli olmadığından bir az səbirsizliyi də vardı.
Keflənmişdilər. Tələbəlik illərindən danışırdılar. Sonra nəyə görəsə Simran hirsləndi və “Pəri! Pəri!” qışqırdığını indi güclə xatırlayır. Saleh isə üz-gözünü turşutdu, iki dəfə masaya yumruq ilişdirdi və getdi. Biçarə Simran geyimli-kecimli yerinə haçan ağzıquylu sərələndiyini sonra heç cürə yadına sala bilmirdi.
Nəyə görəsə telefonu səssizə qoymuşdu. Dünyadan xəbəri yox idi. İş yerindən bəlkə on dəfə zəng etmişdilər. Axı bu gün növbədə olmalıydı. Saata baxdı: artıq günortaydı. “Bu da belə… Çıxarıb işdən atacaqlar bayıra… Sənə nə deyim, Pəri?!.. Lənətə gələsən!..” Sonra da onun dəlixanada olduğu düşdü yadına, özündən ixtiyarsız ürəyi üzüldü…
Neyləyəcəyini bilmirdi. Əl-üzünü yuyub evdən çıxdı. Maşını iş yerinə sürdü.
Növbəsini əvəz edən iş yoldaşı Tofiq onu görən kimi qaşqabağını tökdü:
– Hardasan? Müdir səni axtarır.
O, hər şeyi gözünün önünə almışdım. “Nə olar olar” deyib girdi müdirin qəbuluna. Müdir ciddi bir qadın idi. Əlliyə yaxın yaşı olardı. Eşitdiyinə görə çox sanballı bir vəzifə adamının yaxın qohumuydu. Buranı da şərikli işlətdiklərini deyirdilər.
Simranın üzünə bir xeyli baxıb:
– Otur, – dedi. – De görüm mühasib köməkçisi kimi işləyə bilərsən?
– Bəli. – Səsi çox pis xırıldadı.
– Soyuqlamısan?
Utandı. Heç nə demədi, başımı aşağı saldı.
– Demişəm əmrini hazırlasınlar. Yaxın vaxtlarda təzə işinə başlayacaqsan.
– Çox sağ olun, Almaz xanım.
O, nootbukda nəsə eşələryirdi. Hərdən də harasa zəng edib tapşırıqlar verirdi. Bəzən də başını qaldırıb Simranın üzünə baxır, qəribə tərzdə onu süzürdü. Hardasa on–on beş dəqiqə beləcə oturub gözlədi. Sonra:
– Gedə bilərsən, – dedi.
Dərindən nəfəs alıb “şükür, hər şey yaxşı qurtardı…” düşüncəsilə qapıya sarı yönəldi, o arxadan səslədi:
– Bir dəqiqə…
Hə, hər şey də elə ondan sonra başladı…
O Simranın təvəllüdünü soruşdu. Bir qədər başını yellədi. Evli olub-olmamağıyla maraqlandı. Qaşlarını çatıb dodağını büzdü. Axırda kabinetinin pəncərələrini göstərib dedi ki, hər ikisinin çərçivəsinin üstündə, yəni damın artırmasının altında hansısa quşlar yuva qurub. Pəncərə altlıqlarını, həm də şüşələri batırıb yaman günə qoyurlar. Növbə yoldaşınla birlikdə ya o quşları bir yolla buradan qovmalısız, ya da yuvalarını dağıtmalısız ki, birdəfəlik perikib getsinlər.
Simran yaxınlaşıb pəncərələrə baxdı. Yaman gündəydi.
– Oldu… – deyib kabineti tərk elədi.
“Bu işi mənə niyə tapşırır? Mən xadiməyəm, ya təsərrüfat işçisiyəm?”
İdarələri ikimərtəbəli yaraşıqlı bir binada yerləşirdi. Həyətə çıxdı. Bu gün onu əvəz edən növbə yoldaşına üzrxahlğını bildirdi. Qaşqabaqlı olsa da: “Eybi yoxdur , – dedi. – Lazım olanda, bir dəfə də sən məni əvəz eləyərsən”
Sonra quş yuvalarıyla bağlı müdirin tapşırdıqlarını söylədi. Dilxor oldu.
– Xəbərim var, – dedi. – Amma ərizəmi yazıb çıxaram, gəl ki o quş yuvalarını uçurmaram… İçləri ətcə balalarla doludu ee. – Ardınca da qəti şəkildə başını yellədi: – Yox! Mənlik deyil. Körpələrim var…
O, Simranın üzünə doğma, məhrəm bir adama baxırmış kimi göz yetirdi, astadan pıçıldadı:
– Zibilə düşmüşük, vallah. Xasiyyətini bilirsən də zalım qızının. Yox desək, çıxardıb atacaq işdən. Nağayraq bəs?
Simran nə cavab verəydi? Heç nə. Çaşıb qalmışdı. Başını qaldırıb gözucu pəncərələrə baxdı. Hər iki pəncərənin üst çərçivəsindən yuxarıda, dam örtüyünün novalça vurmaq üçün kənara çıxarılmış artırmasının altında bir neçə quş yuvası vardı. Diqqətlə baxıb bunların qaranquş yuvaları olduğunu gördü. Yəqin ki, içləri ətcə balalarla doluydu. Bir də onu gördü ki, bir qaranquş uçaraq gəldi, pəncərələrdən birinin çərçivəsinə qondu. Qonmağıyla da batırmağı bir oldu və zili şüşəyə töküldü. Sonra yuvaya sarı pırıldayıb civildəşən balalardan hansınasa dimdiyində gətirdiyi yemi verdi, ildirim sürətiylə də uçub gözdən itdi. Hər iki pəncərə müdirin kabinetinin idi.
Tofiq bir də dedi:
– Nağayraq bəs?
– Bir şey fikirləşərik.
– Nə fikirləşəcəyik? Dünən mənə deyiləndə, “uzun nərdivan lazımdır, ora çıxmağa, – dedim. Razılaşdılar”. Bu gün soruşsa ki, bəs nooldu? Bilmirəm nə cavab verəcəm… Ancaq and olsun, işdən çıxartsalar da mən o yuvaları uçuran deyiləm.
Maşını işə salıb ordan aralandı, birbaşa evə sürdü. Bu qaranquş yuvası məsələsi lap onu çaşdırmışdı. Qəfil ağlından keçdi ki, yaxşı, qaldığı otağın da pəncərəsi üstündəki qaranquş yuvasıdır axı. Bəs niyə şüşələr tər-təmizdir? Doğrudan da niyə onlar tər-təmizdir elə? Həə, birdən yadına düşdü ki, axı həmin pəncərənin yuxarı çərçivəsi üstünə dam dəmirindən günlük vurublar. Yəqin ona görə təmiz qalıb. Qəfil sevindi və maşını geri sürdü.
– Günlük!.. Tofiq, günlük lazımdı vurmaq. Vəssalam. Ondan sonra nə pəncərə şüşələri batıb-bulanacaq, nə də altlıqları. Nə də yuvaları uçurmağa ehtiyac olacaq.
Tofiqin üzünə elə bil gün doğdu. Pəncərənin ölçüsünü götürmək lazım gəldi. Bundan ötrü müdirin kabinetinə girməli oldular. Məsələni ona danışdılar. Razılaşdı.
– Yaxşı, – dedi. – Elə edin səliqəli olsun.
Sonra o, idarənin xəzinədarını çağırdı, dəmir almaq və günlük düzəltdirmək üçün onlara pul verməyi tapşırdı.
Ölçünü götürüb, pulu alıb idarədən çıxdılar. Simran dəmirçi sexinin yerini Tofiqdən öyrənib getdi. Bir günün içində məsələ həll olundu. Hətta, pul bir qədər artıq qaldığından günlükləri pəncərələrin üstünə vurdurmaq üçün usta da tapdılar. Amma…
Hə, “amma”sı qəliz oldu bu məsələnin. Günlüklər vurulanda, qaranquşlar səs-küydən necə qorxub perikmişdilərsə, bir də yuvalarına geri dönmədilər. Çox keçmədi ətcə balaların bəzisi özünü yuvadan günlüyün üstünə atdı, oradan da sürüşüb yerə düşərək öldü. Bəziləri isə bütün günü elə yuvadaca civildəşə-civildəşə qaldı. Axırda da aclıqdan, həm də görünür, ana hərarətinə tamarzı qaldıqlarına görə soyuqdan onlar da həmişəlik susdu.
Tofiq bu məsələyə Simrandan da qat-qat həssas yanaşdı. Aradan bir həftə keçməmiş: “Özümə başqa yerdə iş tapmışam, burdan gedəsi olacam. Burda xeyir-bərəkət olmaz.” – dedi və işdən çıxdı. O, işdən çıxdı, Simranınsa təzə işə əmrini vermədilər. Ürəyinə gəldi ki, bəlkə Tofiqin yerinə mühafizəçi tapılana qədər işini ləngidirlər. Nə isə, şübhəsi, dilxorçuluğu birə-beş artdı.
Axşam Narınc nənədən çıxmayan iş, – bir qab meyvə götürüb ona baş çəkməyə gəlmişdi. Xeyli oturub, söhbətləşdilər. O, maraqlı, həm də təhsilli insan idi. Dərhal hiss olunurdu ki dünyagörmüşdü. Uzun illər poliklinikalardan birində ginekoloq işləmişdi. Özü isə lap uşaq kimiydi, hiss olunurdu ki, çox incə qəlbi var. Niyə evlənməməyini utana-utana soruşdu. “Beş il bundan qabaq Saleh də istəmirdi evlənə. Dilə tutub güc-bəla evləndirdik. İndi bir körpəsi də var. Bala, yaşın da bir həddi var, sən də evlən. Yəqin anan da səbirsizliklə o günü gözləyir”. Narınc nənə danışdıqca, Simran həm utanırdı, həm də gülümsəməklə pörtüb-qızarmağını ört-basdır edirdi. O gedəndən sonra, Pəri yadına düşdü. Halı çöndü. Əslində o heç yadından çıxmamışdı. Sadəcə bu vaxta qədər ailə qurmamağının səbəbkarı Pəri olduğuna görə Narınc nənənin söhbəti içində bu dərd-sər ocağını yenidən körükləmişdi…
* * *
…Hər ovcunda ölü bir qaranquş balası, sönmüş nəhəng bir tonqalın meydana səpələnmiş közü üstündə rəqs eləyirdi. Həndəvərində halay vurub dayanan adamlar əl çalır, onu daha da qızışdırırdılar. Musiqini kim səsləndirirdi? – bilmirdi… Gözlərini qapamışdı. Ağır bir hava çalınırdı. Közün üstündə cızhacızla atılıb-düşən, kösöv kimi tüstüləyən yalın ayaqlarını hiss eləmirdi. O bir cüt qaranquş balası ölü olmasına baxmayaraq qəfil ovcunun içində ürək kimi döyünüb çırpınmağa başladı… Əllərini açıb gözünü göyə zillədi. Musiqi kəsildi. Rəqs etməyi dayandırdı. Camaat susdu. Başı üstə iri bir qaranquş dəstəsi çığırışa-çığırışa sürətlə dövrə vururdu. Hərləndilər, fırlandılar… yavaş-yavaş gözünə qaranlıq çökdü. Ayaqlarının göynərtisini necə duymağa başladığını bircə özü bilirdi. Doğma bir səs: “Ver ovcundakıları… – dedi. – Sən bu ayaqlarla hara gedib çıxacaqsan? Gəl görüm…” Sonra onu qucaqlayıb tonqalın közü üstündən dartdı qırağa. Ayaqları kösöv kimiydi, külü tökülürdü. Qaranquş balalarını verdi. Həmin adam onu öpdü. Öpüşündən bildi ki, bu, Pəridir. Çığırdı…
Gecənin bir aləmində ayılıb özünü tərin-qanın içində gördü. Ürəyi dəhşətli dərəcədə döyünürdü. Ayaqları qara buz kimiydi. “Pəri!.. Pəri… Bu nə yuxuydu belə?.. Guya sən məni xilas elədin? Məni, qaranquş balalarını zülümdən qurtardın? Yox! İnanan daşa dönsün! Sən məni necə xilas edə bilərsən axı, necə?”
Ağzıquyulu uzanıb yastığı qucaqladı. Qəfil burnuna onun qoxusu gəldi. “Bu nədi? Hardan, hardan gəldi axı bu qoxu?” Vaxt vardı dəli idi bu qoxudan ötrü… Boynundan, boğazından, sinəsindən bu qoxunu elə hey çəkərdi, çəkərdi içinə, doymazdı amma… Bu qoxu bəlkə də Allahın Pəriyə bəxş etdiyi ən böyük lütf idi…
“ – Heç yadına düşmürəm?”
“ – Yoox!!”
“ – Doğru deyirsən?”
“ – Hə! Həə! Həəə!!!”
“ – Sən niyə bu qədər qəddar, həm də niyə bu qədər yazıq oldun axı, Sanço?”
“ – …”
“ – Niyə, niyə axı?..”
“ – …”
“ – Mən – heç… Amma ölü qaranquş balaları qiyamətəcən səni bağışlamayacaq, Sanço, çox heyif… ”
Lənət sənə kor şeytan! Gecənin bu vaxtı, bu nə deyişmədi? Yum gözünü yat indi görüm necə yatırsan! – dedi öz-özünə.
İşığı yandırıb əlini çaxır butılkasına uzatdı. Yarım şüşə qalmışdı. Elə bil, dünyanı ona verdilər. Dalbadal süzüb başına çəkdi.
Beş-on dəqiqə yerində qurdalandı, sonra öz-özünə ürək-dirək verdi: “Hər şey əla olacaq, Sanço, səbrini bas, darıxma… ”
* * *
Almaz xanım əmrini imzalamışdı. Baş mühasib onu işlə tanış etdi, neyləyəcəyini başa saldı. Düzdür, iş ağır idi, gün ərzində reklamlarla bağlı mədaxil-məxaric məsələlərinin sistemləşdirilməsinə necə qurşanırdısa, gözünü açıb-yumunca axşam düşürdü. Sonra da heç nəyə həvəsi qalmırdı. Evə gəlib daş kimi yatırdı. Əlbəttə, canı rahatlıq tapsın deyə sükan arxasında olmayanda içki də içirdi.
Maaşı xeyli artmışdı. Süleymanla Salehə qonaqlıq boyun olmuşdu. Elə birinci məvacibini alan kimi onları yeyib-içməyə dəvət elədi. O gün gecə yarısınacan Süleymanın bir qohumunun Maştağa yaxınlığındakı restoranında bəs deyincə əylənib, kef elədilər. Sonra onlar öz maşınlarıyla getdi, Simran da ayıq sürücü dəvət elədi ki, şəhərə qayıtsın. Təzəcə yola düşmüşdü, yol qırağıyla uzanıb gedən hündür divarın yanında maşını söndü. Sürücü nə qədər əlləşdi, onu işə sala bilmədi. Axırda əlacsız qalıb pulunu verib sürücünü yola saldı. Gedərəkdə ondan soruşdu:
– Bəs bura haradır? Evukuator çağırsam, hara gəlsin deyim?
– Maştağaya, dəlixananın yanına.
Elə bil onu cərəyan vurdu. O dəqiqə ağlından keçdi ki: “Bura Pəri yatan yer olmalıdır… Təzədən halı çöndü. Maşına oturub qapını örtdü. Başını sükana söykəyib içini qəfil bürümüş vurma-çalmanın fırtınasında çırpınmağa başladı. “Bax, sən indi bu divarın o üzündəsən, Pəri, əlimi uzatsam, çatar. Ancaq əlimi elə kəsməmisən ki, bir də sənə sarı uzada biləm… O şar məsələsi nə idi axı? O nə idi elə axı? Rüsvay elədin məni, Pəri, rüsvay elədin… Sənin yerin bura olmamalıydı gərək…” Ayrılandan bəri birinci dəfəydi ki gözü dolurdu: “Sənin o sinəmə qısılmağın… off!!!.. o ətrin… o boy-buxunun… off!.. yataqdakı pıçıltıların… o pçıltılar… o iniltilər… Dəli olacam axırda, off!! Dəli olacam, Pəri! Gələcəm yanına mən də! Gələcəm!..”
Maşından haçan düşdüyünü bilmədi, deyəsən içki öz işini görmüşdü, özündən ixtiyarsız səntirləyirdi. Başını qaldırıb divardakı lövhəyə baxdı: “Axund Şeyx Hüseyn küçəsi” yazılmışdı. Bir qədər gedəndən sonra buranın həqiqətən də 1 saylı Respublika Psixatriya Xəstəxanası olduğunu bildi. Geri dönüb 156-ya – evukuasiya xidmətinə zəng elədi. Çox keçmədi gəldilər və buranı tərk etdi.
Nə qədər kefli olsa da o gecə ilan vuran yatdı, o, yata bilmədi. Sabahacan Pəriylə “deyişdi”. “O, Pərini “güllələdi”, Pəri onu “çarmıxa çəkdi”… Simran onu “tikə-tikə doğradı”, o isə Simranı “qıl körpüsündən qır tiyanına itələyib yandırdı”… Beləcə səhəri diri açdı. Amma bu da var ki, iş axırda ayrı səmtə gəlib çıxdı. Axırda Simran özlüyündə dönə-dönə atasının ruhu qarşısında diz çöküb səcdə elədi, anasıın əllərindən, tellərindən öpüb bağışlanmağını dilədi. Onlar bağışladı. Sonra da Pəriylə sarmaşıq kimi bir birlərinə sarılıb hönkürdülər… Bir-birlərini dəli kimi sevdiyiklərini etiraf etdilər…
Yaxşı ki, səhərisi istirahət günüydü, haçan ruhu dincəlib, yuxuya getdiyini bilmədi, gözünü açanda artıq günortaydı. Naharını eləyib maşını düzəltdirmək üçün usta axtarmağa getmək qərarına gəldi. Qəfil yadına düşdü ki, ey dadi-bidad, çoxdandır maşına yanacaq tökmür axı, yəqin ona görə sönüb. Baqajda beş litrlik qabda benzini vardı, onu baka doldurdu, maşını işə saldı. Hər şey qaydasındaydı. Sevindi.
Pəncərənin günlüyünə qonmuş bir cüt qaranquşun xoşbəxtlik yağan civiltiləri aləmi bürümüşdü, balalar da bəxtəvər-bəxtəvər cikkildəşirdi. Key kimi olsa da nə baş verdiyini bilmirdi, hiss eləyirdi ki, içində həmişəkindən fərqli, ayrı bir ab-hava var.
Maşını söndürüb, qaranquşların yuvasına tərəf boylanaraq nəsə dedi, amma səsi çıxmadı. Üşənən kimi oldu. Bir də cəhd elədi. Yenə alınmadı. Deyəsən, demək istəyirdi ki, “siz bəxtəvərsiniz…” Amma əvəzində cikkildədi. Hə, lap qaranquş kimi cikkildəyib durdu. Başı hərləndi. Artırmanın pilləkənində oturdu. Özünə təzəcə gəlməyə başlayırdı ki, Narınc nənə peyda oldu.
– Simran, bala, orda niyə oturmusan, noolub sənə?
Ayağa durub başını aşağı saldı. Demək istədi ki, “Narahat olma, nənə, hər şey qaydasındadır…” Ancaq şirin bir səslə cikkildədi… O, üzünə baxıb, özünü itirdi. İxtiyarsız başını qaldırıb qaranquşun yuvasına sarı boylandı.
– Noolub, bala?
Daha cavab vermədi. Deyəsən, elə bildi qızdırıb. Hiss eləyirdi ki, alnından od çıxır. Cavab vermədi.
Telefonuna əl atıb Həsənağanı yığdı və girdi otağa. Onun ötkəm səsi gəldi:
– Hə.
Elə ağzını açdı ki, desin: “qağa, başıma belə bir iş gəlib”, cikkildədi… Cikkildədi, özü də necə!..
Tez də telefonu qapadı. Halı üstünə qayıtmamışdı ki, Həsənağadan zəng gəldi. Telefonu açmadı. Ürəyindən rayona getmək keçdi. Kandara çıxınca Narınc nənəni hələ də həyətdə qollarını qucaqlayıb dayanmış gördü. Hayqırmaq istədi ki, “İlahi, kömək ol!”, əvəzində cikkiltisi aləmi götürdü başına. Yazıq arvad üzünü çevirib getdi… Gedərəkdə mızıldandı: “Deyəsən, yaman içki aludəsisən ha… Yəqin, o qədər içmisən ki, indi heç səsin də çıxmır”.
Həsənağaya mesaj yazdı ki, səsim batıb. Amma qaranquş kimi cikkildəməyini yazmadı.
Həyətdə heç kim yox idi. Başını qaldırıb qaranquşların yuvasına sarı boylandı. Dura-tuta: “ta mən də sizin birinizəm…” – cikkildədi. Yuvadakı balalar səsinə səs verdi və onu acı bir gülmək tutdu…
Bir azdan Narınc nənə qapısını döydü, əlində balaca bir dərman şüşəsi vardı, nəsə gətirmişdi. İçəri girincə:
– Biyan şirəsidir, – dedi. – bundan yarım stəkan suya gündə üç dəfə bir çay qaşığı tökərsən, qarışdırıb içərsən, boğazının yolu düzələcək.
“Çox sağ olun” şəklində cikkildədi, o isə, başını bulayıb getdi.
O gün evdən eşiyə çıxmadı. Bütün günü internetdə eşələndi. Başına gələnlə bağlı heç nə tapa bilmədi. Səhərisi çörək almağa çıxdı. Marketdə əlini uzadıb bir dənə çörək göstərdi. Satıcı selofan paketə qoyub verdi. Tərs kimi ən xırda pulu 50 manatlıq idi. Xırdası olmadı.
– Xırda pul verin – dedi.
Elə bil qaranquş səsi çıxarmağı yadından çıxmışdı. “Məndə də xırda yoxdur” demək yerinə biabırcasına cikkildədi…
Satıcı üzünə baxa-baxa qaldı. Paketi qoyub eşiyə çıxmaq istədi, o, arxasınca gəldi:
– Qərdeş, əyib dögül? Sabah verərsən də, dünyanın axırıdu bəgəm?– dedi.
Cikkiltisi aləmi bürüyəcək deyə dinmədi, utandığından başını əyməklə təşəkkür edib çörəyi aldı və tez də uzaqlaşdı. Amma hiss elədi ki, satıcı təəccüblü baxışlarla arxasınca marıda-marıda qaldı.
Həyətə girib kandarda bir daha: “İlahi kömək ol!” – hayqırdı. Amma bu hayqırtı adam dilində deyildi; dərdini qaranquş səsilə içindən necə püskürdüsə, yuvadakılar civildəşib-cikkildəşib analı-balalı xorla ona cavab verdilər. Bəlkə də deyirdilər ki, “qorxma, qoşul bizlərə…” Kim bilir…
İçmək istəyirdi, içmək! Dərman yox, – çaxır!..
* * *
Artıq bir həftədən yuxarıydı işə getmirdi. Telefon zənglərinə də cavab vermirdi. Həsənağaya Vatsapda “hər şey qaydasındadır” yazmışdı. Nə olacaq olacaq düşünürdü. Salehlə də, Slüleymanla da Vatsapda yazışırdı, səsli mesajlarına da yazmaqla cavab verirdi ki, təki cikkiltisini eşitməsinlər. Narınc nənə gələndə özünü yuxuluğa vururdu, o da elə bilirdi yatıb, çıxıb gedirdi. Hərdən bilərəkdən kandara çıxıb öz-özümə astadan nəsə pıçıldayırdı ki, görsün, səsinin “əhvalı” necədir, görsün yuvadakılar “cavab verəcəkmi?” Bilmək istəyirdi ki, yenə də “qaranquşdayır”, yoxsa yox? Cikkildəyirdi, özü də əməlli-başlı. Hər dəfə də yuvadakı qaranquşlar səsinə səs verirdi. Utandığından həkimə-filana da getməyi düşünmürdü.
Nə isə… Rayona getmək, çarəsiz, misgin, binəva bir övlad sayağı deyil, sadəcə bu dar macalda anasına, qardaşına qısılmaq istəyirdi. Hər halda onu başa düşərdilər, biganə qalmazdılar.
Başında bu fikirlər, sükan arxasına oturub yola düşdü. Maşında öz-özüylə bərkdən-bərkdən danışırdı. Cikkiltisi aləmi götürmüşdü başına. O qənaətə gəlmişdi ki, dediklərini özündən başqa bir kimsə başa düşməz. Bir də… bir də yəqin qaranquşlar anlayar dilini. Pəri barədə düşünəndəsə, cikkiltisi içini şumlayırdı…
Şəhərdən əlli-altmış kilometr aralanmışdı ki, DYP xidmət avtomobili qarşısına keçib saxlamaq işarəsi verdi. Saxladı. Maşından düşmədiyini görüb, müfəttiş özü yaxınlaşdı. Özünü təqdim edən kimi sənədlərini verdi, arasına da bir onluq qoydu. Alıb o yan–bu yanına baxdı, pulu götürüb sənədləri qaytardı özünə. Bu vaxt ürəyində Allaha yalvarırdı ki, bu adam onu dindirib-danışdırmasın, yoxsa biabır olar.
– Hara gedirsən?
Elə bil, başıma güllə vurdular. Dinmədi.
– Səninləyəm ee, cavan oğlan…
İxtiyarsız: “Rayona.”– demək istədi. Amma yenə də: “cik-cirik” alındı.
Müfəttiş yerindəcə donub, gözlərini bərəldərək bir neçə saniyə onun üzünə baxa-baxa qaldı… ardınca da gülümsündü, qəfil başını maşının açıq şüşəsindən ona yaxınlaşdırdı və bərkdən:
– Miyaaao!!!.. – eləyib, pişik kimi miyoldadı.
Ardınca da əli ilə “get” işarəsi verib ucadan güldü və öz avtomobilinə sarı qayıtdı. Yəqin elə bildi bu adam onunla quş dilində zarafatlaşır. Bəlkə də buna görə, ona quşların qənimi pişik dilində cavab verdi. Onunla tay-tuş olardı, yəqin zarafatcıl olduğunu düşündü, bu tərzdə də cavabını qaytardı. Amma nə yaxşı ki, o, miyoldadı. Ciddi yanaşsaydı, ciddi sual-cavab etsəydi, nə cavab verəcəkdi axı? Cikkildəyib biabır olacaqdı, xəcalətindən ölüb yerə girəcəkdi.
Qəfil ağlından keçdi ki, bəs indi anası yazıqla necə danışacaq. Başına gələni görsə, ürəyi parçalanacaq axı. Həsənağa da, ailəsi, balaları da pis duruma düşəcək. Neyləsin bəs? Qayıtsınmı geri? Düşündü ki: “Yox! Qətiyyən! Qətiyyən! Heç nə… Geriyə yol yoxdu! Həsənağanın iş yerinə gedib, maşındanca yazaram, düşüb gələr yanıma. Birtəhər başa salaram onu. Amma qoymaram anam bilsin, qətiyyən!”
Köhnə bazarın yanından keçəndə həyəcandan ürəyi çırpınmağa başladı. Oradan evlərinə cəmi əlli-altmış addım qalırdı. Maşını saxladı. Telefonu çıxarıb Həsənağaya, rayonda olduğunu yazdı. O isə: “Get evə, mən işdəyəm, bir azdan gələcəm” deyə mesajını cavabladı. Simrana da elə bu lazım idi. Evə yox, sürüb getdi onun iş yerinə. Tək idi. Görüşdülər. Qardaşı susqunluğunu görüb, təəccüb elədi:
– Noolub?
Ardı məlmdur ki, necə cavab verdi.
Üzünə diqqətlə baxdı. O bir qədər də incik görünürdü.
– Boğazın ağrıyır?
Başını yellədi ki: “Yox”.
– Bəs noolub sənə? Aç ağzını görüm.
O, Simranı kresloda otuzdurub başını arxaya əydi, ağzını açdı, boğazının yoluna işıq salıb baxdı.
– Səndə heç nə yoxdu. Bəs niyə səsin çıxmır?
Demək istədi ki, “mən də bilmirəm”. Amma… cikkildədi. Özü də bilmədən, qəfildən. Bu dəfə təkcə Həsənağa yox, elə özü də dəhşətə gəldi: ağzından çıxan əsil qaranquş səsiydi. Düzdür, qardaşı soyuqqanlı adam olduğuna görə hisslərini biruzə vermədi. Ancaq gözlərinə baxanda təlaşlı olduğunu gördü.
O: “Burada gözlə”, – deyib eşiyə çıxdı. Simran pəncərədən baxıb gördü ki, telefonla kiminləsə danışır. Bir xeyli danışandan sonra içəri qayıtdı, xalatını çıxarıb pencəyini geydi. Sakitcə: “Gedək” – dedi.
O, heç yana getmək istəmirdi. Qardaşının qolundan tutub başını yellədi. Yəni getmək istəmədiyimi bildirdi. Gözləri dolmuşdu. Kövrəldiyini Həsənağa da hiss elədi. Simran özünü saxlaya bilməyib düz yanındaca telefonu çıxarıb ona yazdı ki, “qağa, heç bir əziyyət çəkmə. Başıma gələni rayonda cəmi bircə nəfər bilsə, inan ildırım sürətiylə hər yana yayılacaq, rüsvay olacam”. – “Onda gedək evə, neyləmək lazım olduğunu orda götür-qoy edərik.” – “Yox, qağa, ana məni bu halda görsə bağrı çatlayar. Qayıdıram Bakıya”.
Beləcə Simran yazdı, qardaşı şifahi cavab verdi. Getməkdə israrlı olduğunu görüb, zorla cibinə bir topa pul basdı. Birinci dəfəydi hiss eləyirdi ki, Həsənağanın səsi necə titrəyir:
– Yaxşı olacaqsan, darıxma…
Anasını görmədən şəhərə döndü. Yol boyu çox fikirləşdi. Sonra mühasibatdan gələn zəngə yenə cavab vermədi. Bir azdan Vatsapına yazdılar ki, işdən çıxarılıb və yerinə başqa adam götürüblər…
Evə çatıb, adəti üzrə yenə həyətdə bir ağız bərkdən: “bu da belə… görək nə olur” cikkildədi. Qaranquş balaları səsinə səs verdi. Yuxarı boylandı. Deyəsən, bir qədər böyüyüb tükləşmişdilər.
Düzünə qalsa, elə bil içində daşlaşma gedirdi, yavaş-yavaş heç nə ona ağır təsir edə bilmirdi. Artıq: “Nə olacaq – olacaq!“, bir də “Hamıdan qaçmaq!” ömrünün baş şüarına çevrilirdi. Ona görə qaranquş balalarının səsinə yüngülcə gülümsünüb evə girdi və necə deyərlər, ürəyinə daş bağlayıb özündən ixtiyarsız: “Pəri! Pəri! Pəri!” – çığırdı, daha doğrusu, cikkildədi və yatdı.
Günlər keçir, o, hamıdan qaçırdı. Səsində heç bir dəyişiklik yox idi. Hər səhər yuxudan oyanan kimi öz-özünə bərkdən: “Simran, necəsən?” – pıçıldayırdı ki, görsün səsi necədir, dəyişiklik var, ya yox? Ancaq heç bir dəyişiklik-filan yox idi, getdikcə daha şirin səslə cikkildəyirdi. Dilxorçuluğu iş sarıdan, bir də insanlarla təmasdan qaçmağısıyla bağlıydı. Həsənağa anasını aldadıb, telefonunun xarab olduğunu, ona görə də əlaqə saxlaya bilmədiyini uydurmuşdu. Salehlə, Süleymanla ancaq Vatsapla əlaqə saxlayırdı. Bəzən onlar səsli mesaj göndərsələr də o, yazılı cavab verirdi. İşdən çıxmağına da əlli don geyindirmişdi, günahı rəhbərliyin üstə yıxmışdı, guya iş yükü çox ağır olduğuna görə bu addımı atmışdı. Təbii ki, Salehin qəfil peyda olacağından da ehtiyat edirdi. Amma düz deyirlər ki, qorxan gözə çöp düşər… Bir gün gördü kandardadı, onu çağırır… Özünü yuxuluğa vurdu. O, bir iki dəfə də çağırandan sonra getdi. Dərindən nəfəs aldı. Düşündü ki, yox, belə davam edə bilməz. Nəsə bu işə bir çarə qılmaq lazımdır. Darıxdı, özü də çox pis. Qəfil içindən bir hayqırtı qopdu: “İlahi, mənə qaranquşun səsini vermisən, qanadını da ver, uçum çıxım gedim!.. Ta dözə bilmirəm…”
Doğrudan da dözə bilmirdi. Həsənağa kartına yenə xeyli pul yükləmişdi. Utanıb ölürdü…
Səsinin qaranquş balalarını cuşa gətirən səhərlərin birində içində Pəriylə “deyişə-deyişə” maşını işə salıb çıxdı həyətdən. Köhnə Kubinka tərəfdə balaca bir qutabxana vardı. Orada elə bilirdilər ki, o, laldır, çünki özünü elə göstərmişdi. Demək olar, hər gün ora baş çəkirdi, əlinin işarəsilə ya qutab, ya da çay sifariş verib otururdu, beləcə, gözdən-könüldən uzaqda vaxtını öldürürdü, sadəcə. İndi də o sevimli yerinə gedib səhər naharı etmək istədi. Amma dediyi kimi içində Pəriylə möhkəmcə “tutaşıb qırğına çıxmışdı”. Bir də ayıldı ki, Maştağadadır – Psixatriya Xəstəxanasının yanında. “Mənim burda nə işim var axı?..” Dərindən köksünü ötürüb, tez də özünə təpindi: “Necə yəni nə işim var? Pərini görmək istəmirsən? Lap uzaqdan da olsa, bəlkə görəcəksən, niyə narahatsan…” Maşından düşüb bir qədər gəzib dolaşmaq istədi. İnternetdə maraqlanıb öyrənmişdi ki, buradakı otuz dörd şöbədən altısında qadınlar olur və ruhi xəstələr daim diqqət mərkəzində saxlanır, mükəmməl müalicə alırlar. “Kaş tezliklə sağalaydın, Pəri. Onda mən də bilərdim neyləyəcəyimi. Başıma bir çarə qılardım…”
Bir qədər gəzişdi. Girişdə xeyli adam toplaşmışdı. Deyəsən, bu gün xəstələrlə görüş günüydü. Təbii ki, hamısıyla yox, ruhi vəziyyəti yüngül olanlarla. Aralıdan durub xeyli tamaşa etdi. Təxminən onula yaşıd olan bir nəfərin xəstəylə necə görüşməyin yollarını mühafizəçidən soruşduğunu eşitdi, qulağını şəkləyib dinlədi. O, hər şeyi başa saldı. Əliboş olduğuna, bir də bura təsadüfən gəldiyinə görə, Pəriylə görüşü sonraya saxladı, ancaq özünə söz verdi ki, mütləq gələcək. Sonra da düşündü ki, “bəs gəlib nə deyəcəm? Cikkildəyəcəm? Hə, neyləyəcəm axı?” Qəhər onu boğsa da, mütləq gələcəyinə qərar verdi. “Pəriylə dil taparam… dil taparam, yəqin… O məni başa düşər. Ona hələ də necə bağlı olduğumu öz qaranquş səsimlə bildirib müjdələyərəm, qoy sevinsin…”
Başında, beynində bu fikirlər, ürəyində ağıla gəlməyən arzu-istəklər geri qayıtdı.
* * *
Nə yaxşı ki atasından bu maşın qalıbmış… Artıq neçə vaxt idi ki, şəhərdə taksavatlıq eləyirdi. Maşında tək olanda öz-özüylə bərkdən-bərkdən “danışırdı”, cikkiltisi içərini götürürdü başına. Müştəri minəndə isə, özünü lallığa vurur, bir kəlmə də kəsmirdi, gedib-getməməsilə bağlı başını, əlini yelləməklə cavab verirdi. Evə gecə yarısı gəlib, səhər alatordan çıxırdı. Belə edirdi ki, Narınc nənə rastına çıxmasın. O, ancaq kirayə pulunu verəndən-verənə görürdü Simranı. Deyəsən o da başa düşürdü ki, bu adam dərdilə bağlı sorğu-suala tutulmağını istəmir, ona görə də salam-kəlamdan başqa heç nə demirdi.
Qaranquşlar böyümüşdü. Bəzən təsadüfən gündüz evə gələndə elektrik naqillərində onların necə cərgəylə oturduğunu seyr edirdi, sağına-soluna baxıb heç kimin olmadığını görəndən sonra o cubbulu balalara sarı cikkildəyib onları salamlayırdı. Onlar da səsinə səs verib civildəşirdi… və Simran onların bu səsini çox sevirdi…
Bir gün, axşamüstü Binəqədi yoluna çıxıb evə qayıtmaq istəyirdi, köhnə kişilər kimi pencəyini qolunun üstünə atmış, əli portfelli, boynu qalustuklu orta yaşlı bir kişi işarə eləyib maşınını saxlatdırdı.
– Zuğulbaya apararsınızmı? – soruşdu.
Əliylə işarə etdi ki, “əyləşin”. Müştəri oturdu. Portfelindən bir kitab çıxarıb vərəqlədi, sonra gözlüyünü taxıb mütaliə etməyə başladı. Bir qədər beləcə getmişdilər ki, qəfil qarşılarında iki aftoxuliqan peyda olub “avtoşluq” etdilər, az qaldılar Simranın maşınını vursunlar. O, özündən ixtiyarsız qışqırıb ağzına gələni dedi, hələ bir söyüş də söydü. Amma… təbii ki, dediklərini özündən ixtiyarsız “qaranquş dilində” yağdırdı! Necə cikkildədisə, onu bir Allah bilir. Bir də gördü, müştəri gözlüyünü çıxardıb üzünə dəhşətli dərəcədə marıdır.
– Bir dəqiqə… bir dəqiqə… Verin yolun qırağına, zəhmət olmasa. Verin yolun qırağına… Saxlayın bir dəqiqəlik…
Simran maşını saxladı. Müştərinin üzünə baxdı. Heyrət içindəydi. Gözləri bərələ qalmışdı. Əlindəki kitabı örtüb titrəyirdi.
Simran nə deyəcəyini bilmədi. Əslində, dediyini demişdi artıq. Necə deyərlər, sirrini faş eləmişdi. Ürəyindən keçdi ki, “əşi, noolsun? bu kim, mən kim? İindi düşüb gedəcək, hər şey də beləcə yetəcək sona”.
– Siz… siz… siz quş dili bilirsiniz?..
Simran üzünə saxta bir təbəssüm qondurub başını yırğaladı ki, “yox”.
Müştəri heyrət dolu gözlərini onun üzündən çəkmədən, gülümsəməyə çalışdı:
– Bəs… bəs… savadınız var?
O, başını yelləyib təsdiqqlədi ki, “hə”.
Sevindi. Portfelini eşələməyə başladı:
– Onda… onda gəlin sizə bir kitab bağışlayım… Türkiyədən almışam. Buralarda tapılan şey deyil. Mütləq oxuyarsınız… İnanın… inanın… siz bəlkə də Allahın yer üzünə göndərdiyi nadir insanlardansınız…
Simranın saxta təbəssümü yavaş-yavaş gerçəyə çevrildi. Heç nə demədən gözlədi ki, görsün, o nə kitabdır elə. Amma deyəsən, tapa bilmədi. Məyus-məyus üzünə baxdı:
– Evdə qalıb yəqin. Eybi yox… eybi yox… İndi gedərik, verərəm sizə, mütləq oxuyarsınız. – Ardınca da az qala pıçıltıyla dedi: – Heç bilirsiniz nə kitabıdır?
Simran çiyinlərini çəkdi ki, “yox”. Müştəri isə əlini onun çiyninə qoydu:
– Əlişir Nəvainin “Lisanut-teyr”, yəni, “Quş dili” kitabıdır… Üç min altı yüz iki beytdir! Nəhəng əsərdir! Eynən sizin halınızı yazıb…
Yola düşüb getdilər. Müştəri mənzil başına yetişənə qədər xeyli həmin kitab haqda danışdı, özünün də filoloq olduğunu bildirdi. Fikir Simranı götürmüşdü, əlli cür şey keçirdi ağlından, amma onun dedikləri başına batmırdı, çünki tamam ayrı-ayrı mərtəbənin adamlarıydılar.
Əlqərəz, ünvana çatdılar. Filoloq Simranı evə dəvət elədi. O isə əvvəlcə, düşmək istəmədi. Sonra, “Nə olacaq olacaq!” düşüncəsinə boyun əydi.
Bura kiçik bir bağ eviydi. Amma həyəti geniş idi, həm də yaxşı bir üzüm çardağı vardı. “Qonaq” evə girmək istəməsə də, o, israr etdi. O da razılaşınca özlüyündə qərara aldı ki, neyləsə də ağzını açıb qətiyyən cikkildəməyəcək. Düşündü ki, “istəsə, başa salaram, telefon nömrəsini verər, Vatsapda yazışıb söhbətləşərik. Bu, çətin deyil”.
Balaca bir otağa girdilər. Hər tərəf qalaq-qalaq kitab idi. Ev yiyəsi əlini atıb masadakı kitablardan birini Simrana uzatdı:
– Buyurun. Burada on iki quşdan bəhs edilir. – Sonra da bir az tərəddüd edib: – Əslində on dörd quşdan, – dedi. – Ancaq qaranquşun adı bu siyahıda yoxdur. Sizinsə səsiniz daha çox həyəcanlı qaranquş səsinə oxşayırdı… Dəhşət idi!.. Bəs nə vaxtdan beləsiniz?
Simran onunla telefonda yazışa biləcəyini başa saldı, razılaşdı. Çox qəribədir, nədənsə ürəyi bu insana qızdı, bütün başına gələnləri ona yazdı. O isə, heyrət içində oxuyub, fikrini şifahi bildirirdi. Sonda:
– Səninki Eşqdir… İlahi bir Eşq… – dedi.
O, filoloqun üzünə baxdı, çiyinlərini çəkib gülümsündü, getmək istədiyinə işarə etdi. O da yaxınlaşıb böyük qardaş kimi əlini çiyninə qoydu:
– Hər şey yaxşı olacaq… Mütləq yaxşı olacaq. Kitabı da oxuyarsınız. Məsləhətdi. Hə, yeri gəlmişkən adım da Sahildir.
– Mən də Sançoyam, – yazdı. Tez də səhvimi düzəltdi – Bağışlayın, Simranam.
Filoloq güldü:
– Elə Sanço da pis deyil… Yaxşı yol. – dedi.
Eşiyə çıxdıqda küçədən keçən elektrik naqillərinə qaranquşlar qonduğu Simranın gözündən qaçmadı. Filoloq onu ötürməyə çıxdığı üçün, quşları bərkdən salamlamağa utandı, ürəyində: “salam olsun!” dedi. Çox qəribədir ki, onlar cavab verirmiş kimi, aşkara, ucadan cikkildəşdilər…
O gün işləməyib evə qayıtdı. Amma heç kitaba da yaxın dura bilmədi. Açığı qiraətə münasibətdə, təəssüf ki, rəhmətlik atasına oxşamamışdı. O, dəhşət qiraətçi idi, oğluna Sanço ayamasını da oxuduğu bir kitabdan qoymuşdu. Simran heç indi də bilmirdi ki, atası hansı əsərdən qoşub adının qırağına bu ayamanı.
Bir az dincəlib, çörək, kolbasa və çaxır almaqdan ötrü məhlədəki ərzaq mağazasına getdi. Satıcı “qədeşi” birinci dəfəydi “məsti-xumar” görürdü, yaxşıca “vurmuşdu” deyəsən. Həmişəki kimi, alacaqları şeyləri göstərdi, o da verdi. Getmək istəyirdi ki, qəfil satıcı onu saxladı:
– Bəri bax, qərdeşim, bir dəfə çörək alanda o nə idi elə cik-cik, cük-cük elədin? Məzələnirdin?
Simran başını yellədi ki, “yox”.
Satıcı xumar gözlərini süzdürdü:
– Dəhşət cikkildəyirdin ee, mən ölüm. Bir dənə də eləyə bilərsən?
Simran elə bildi cədd-abasına, əbəjdadına, ənkə-böyüyünə söydülər… Dişini dişinə sıxıb, özünü güclə saxladı, cavab vermədi. Tələsik eşiyə çıxıb evə sarı yola düşdü. Satıcı “qədeş” arxasınca yenə nəsə dedi:
– Alə, qərdeş…
Axşamacan çaxırını içə-içə ancaq o səhnəni düşündü. Bir də o mağazadan alver etməmək qərarına gəldi. Gecə filoloq yazdı ki, “kitabı oxumağa başlamısan?” Canını dişimə tutub, “nə zibilə düşmüşəm ee…” fikirləşdi və “yox” yazdı. Kefli də olsa, dəqiq qərara gəldi ki, heç kim ona həyan ola bilməz, mütləq Pərinin yanına getməlidir, başqa əlac yoxdur… “Onunla təkcə qaranquş dilində yox ee, lap qarışqa dilində də danışıb anlaşa bilərəm”, – düşündü.
Əli hər yerdən üzülüb, yerdən-göydən imdad dilədiyi bir vaxtda, çoxdandır üzünü görmədiyi dostu Kamil qəfil düşdü yadına. “Kaş yanımda olaydı, məsləhətlər verəydi…” – fikirləşdi. Sonra da düşündü ki, “əşi, o bu durumumda mənə nə məsləhət verəcək axı? Yəqin ki, öyüd-nəsihətdən başqa heç nə döşəməyəcək cəmdəyimə… Üstəlik də ki, qaranquş kimi cikkildədiyimi görüb ağlı çönəcək. Allah bilir öz fəlsəfi dünyasına qapılıb, anlamadığım şeylərdən danışaraq nə qiyamət qoparacaq. Yaxşısı budur, qəti qərarımı verim. Onsuz da əlini loto kisəsinə soxub qarşısında qalaqlanmış pullardan gözünü çəkməyən bir qumarbaz kimiyəm indi: “ya bəxt!” deyib, daşları qarışdıran, istədiyini qismət eləməyi taleyindən uman, udmaqdan ötrü ağlı, ruhu sərgərdan olan bir qumarbaz kimi. Necə deyərlər, bax o cür mən də əlimi salmışam bəxtin, taleyin kisəsinə Pərini diləyirəm Rəbbimdən, başqa heç nə. Çünki bircə çıxış yolum var, ancaq və ancaq: “nə olacaq olacaq!” – deyib özümü ona yetirmək, vəssalam…”
* * *
Səhər-səhər Kubinkadakı qutabxanada çay içə-içə düşünürdü: “nə yaxşı ki, taksavatlığa başlamışam. Heç kimdən asılı deyiləm – ən vacibi budur. Öz əlimdir, öz başım. Az qazananda da özümündür, çox qazananda da. Yoxsa, mühafizəçi iş yoldaşın səninlə bir cür davranır, müdir sənə qaranquş yuvası uçurtmağı əmr edir, nə bilim, mühasib qaş-qabağını elə tökür ki, elə bil dədəsinə borclusan. Şükür qurtuldum onlardan. Azadlıq gözəl şeydir! Bəs Pəri? Off! Pəri! Gəlirəm! Vallah, indicə durub gələcəm! Ağına-bozuna baxan deyiləm!..”
Pərinin xoşladığı ayın-oyunlardan alıb iki salafan kisəni ağzınacan doldurdu və yola düzəldi. Amma yenə qəfildən ayılan kimi oldu: “Bəs görüşmək istədiyimi orada necə bildirəcəm? Cikkildəyəcəm?” Sonra da həmişəki kimi ağlından keçdi ki, “cəhənnəmə, nə olacaq olacaq!..”
Mühafizəçiyə laldili nə istədiyini başa saldı. “Kimdir?”– soruşdu. Pərinin adını telefona yazıb göstərdi. “Nəyisən?” – dedi. Özünü itirməyib: “Yoldaşıyam!” – yazdı dərhal. Bir azdan dəqiq cavab verəcəyini söylədi. Görüşə gələnlər çox deyildi. On beş qədiqədən sonra, nəfəslikdən başını çıxartdı, onu içəri çağırıb bir otağa saldı, “burda gözlə, indi gəlir” – dedi, ürəyi şiddətlə döyünməyə başladı. Gicgahlarında dəhşətli bir gubbultu vardı, ruhu özündə deyildi. O, içəri girincə özündən ixtiyarsız var gücüylə: “Pəə-riii!!!” – bağırdı. Elə bağırdı, elə bağırdı, mühafizəçi cəld qapını açıb heyrətlə üzünə baxdı. Onları qucaqlaşmış görüb tez də qapını örtdü. Necə bağırmışdısa, əməlli-başlı dili açılmışdı! Açılmışdı dili! Pərini görüb ona sarılmaq sevinci bir yandan, bir yandan da dilinin belə qəfil açılması ağlını almışdı başından… “Pəri… Pəri…” – deyə-deyə qalmışdı. Pəriylə görüşdüyünü anlayırdı, amma dilinin açılmasına hələ də inana bilmirdi…
Pəridə dəlilikdən əsər-əlamət yox idi. Yanaşı oturub xeyli dərdləşdilər. Başlarına gələnləri bir-birlərinə danışdılar. Pəri onu buraya dayısının saldırdığını dedi. Simran şar məsələsilə bağlı heç nə soruşmadı. Özü üstüörtülü bəzi şeylər danışdı.
– Hə, Sanço, danmıram, o işi tutanda, dərddən başıma yüngülcə hava gəlmişdi deyəsən. Şarı qarnıma bağlayıb boylu olduğumu uydurmuşdum… Sənə qovuşmaqdan ötrü çıxış yolu axtarırdım, neyləyəydim? Belə bir iş tutduğumdan dayım rüsvay olurdu guya. Pul basıb məni dəlixanaya saldırdı. Çıxart məni burdan, sənə qurban, Sanço, acıqlar acığına, çıxart…
– Tezliklə… Tezliklə, Pəri. Səbirli ol. Var gücümlə çalışacam. Qurtaracam səni burdan.
O, yenə Simranın boynuna sarıldı. Doğma qoxudan onun içində nələr dirildi, ilahi, nələr…
Belə məqamlarla üzləşənlər yəqin bu cür fikirləşir: kaş içindəkiləri çəkib göstərən elə bir şey ixtira ediləydi ki, yeri gələndə, yaşantılarını köçürüb ortalığa qoymaq və “di gəlin, baxın, görün nələr yaşayıram, nələr!..” demək mümkün olaydı.
2.
Aradan çox keçmədi, Simran bir gün Salehlə görüşüb, bütün başına gələnləri açıb-tökdü, eyni zamanda, bir dost kimi ondan imdad dilədi. O, xeyli təsirləndi. Sonra da səhiyyə nazirliyindəki bəzi adamlarla atasının yaxşı əlaqələri olduğunu dedi. Onların köməkliyilə Pərini oradan çıxarmağın mümkünlüyünü söyləyəndə, Simran elə bildi ki, dünyanı ona bağışladılar.
– Amma sən hələ heç kimə heç nə demə. Özüm atamla danışacam, görüm nə deyir.
– Yaxşı, Saleh. Ümidim sənədir. Gör neynirsən…
Ondan ayrılandan sonra, qayıdıb həyətdə xeyli gəzişdi. Fikirləşib-fikirləşib, dərindən bir ah da çəkdi. Dərhal da qaranquşlar civildəşdi, içinə işıq doldu, elə bil. “Salam olsun, gözəllərim, salam olsun sizlərə” – pıçıldadı, quşların cikkiltisi bir daha aləmi götürdü başına.
Uzun müddət Salehdən bir xəbər çıxmadı. Simran canını dişinə tutub gözləyirdi, vaxtınsa ayağına daş bağlamışdılar elə bil, – keçmirdi ki, keçmirdi.
O, həmişə deyirdi ki, ürəyi böyüklük ayrı şeydir. Saleh həqiqətən də ürəyi böyük oğlan idi. Günlərin birində zəng vurub təcili Pərinin soyadını, atasının adını soruşdu. Simran elə bildi, ona ilahi bir dildə diqtə elədilər ki, “sənə bir cüt qanad verildi, uça bilərsən…”
Ardınca da Saleh:
– Fikir eləmə, Simran, tezliklə o iş düzələcək, – deyəndə elə bildi, artıq uçur, qonacağı budaq güzgüdəki əksi qədər yaxınlıqdadır…
Maşını saxlayıb alnını sükana söykədi. Uzun müddət beləcə qaldı. Həm kövrəldi, həm də içini dəhşətli hisslər bürüdü. Elə bil, ömrü bir yuxuya, bir qarabasmaya bənzəyirdi – gah elə olurdu, gah belə, baş aça bilmirdi. İçi həm ümidlə dolu, həm də təzadlı bir çırpıntıdaydı: “Doğrudanmı, indi xoşbəxt olacam? Doğrudanmı, Pəri ömrümə rəng qatıb gözəlləşdirəcək? Yəni, o da xoşbəxt olacaq, mən də? Mümkündümü? Bəs o rəng nə rəngidir elə?.. Yaxşı, bəs anam? Bəs Həsənağa? Bəs el-oba? Lənət sənə kor şeytan! Yenə dünyam daralır deyəsən, daralır dünyam… Məni danlayanda, axırda kövrəlib: “sən doğulanda, elə bilirdim şahzadəyəm… amma indi… indi sənin ucbatından hər şeyi yağmalanmış uçuq bir imarətin içində şahzadə-zad yox ee, yetim bir nökərçə kimiyəm…” – deyərdi atam. Hə, bəs atamın ruhu? Bəs mənim ucbatımdan ömrü-günü çürüməkdə olan biçarə anam? Yox, Pəri, yox, ya sən, ya ölüm – ikisindən biri olmalıdır! Uzun müddət qaranquşa dönüb cikkildədim, təzədən nəsə olsa, bu dəfə qarğa kimi qarıldayacam! Yox!!! Ayrı yolum yoxdur! Yazım budur! Budur alın yazım! Başıma güllə də çaxsalar, səndən əl çəkən deyiləm!”
Yaxşı ki, bir müştəri yaxınlaşdı və o, fikirdən ayıldı.
O gün evə tez qayıtdı.
Qaranquş balaları yuvada sarıca dimdiklərini qapayaraq, cərgələmə oturub bir-birinə qısılmışdı. Bircə ağız: “Salam…” – dedi, cikkiltiləri aləmi bürüdü. Onların səsindən elə bil ürəyinə su çilənirdi… Atası demişkən, “Allahın möcüzələri bitib-tükənməzdir. Görənə, duyana minnət…”
O gün gecəni səhərəcən yatmadı, çünki Pəri ilə “söz-söhbəti”, “sorğu-sualı” sabahacan çəkdi.
Çarpayısı təkadamlıq, darısqal olsa da elə bilirdi o, böyrünə qısılıb, özü kimi gözlərini dikib tavana.
“– Hə, deməli, belə… deməli, belə… Deməli, biz qovuşuruq, Pəri… ”
“– Hə, Sanço, hə…”
“– Gör biz hardan gəlib, hara çıxdıq… Heç inanardın?”
“– Yox, inanmazdım… Ancaq hərdənbir ağlıma gəlirdi ki, haçansa mütləq tapışacağıq…”
“– Sən məni sındırdın, Pəri, o şar məsələsində. Gərək, etməyəydin…”
“– Offf, Sanço, Offf!.. Sussan yaxşıdı…”
“– Hə, gərək etməyəydin o rüsvayçılığı…”
“– Offf… Ağlım olmadı, neynim… Amma qoy bir şey soruşum. Düzünü de, axır nəfəsiməcən məni atmayacaqsan ki?”
“– Dəlisən, Pəri? Bu nə sualdı?”
“ – Yox, dəli deyiləm… dəli deyiləm, vallah… Sadəcə, ürəyimə gəlir, ona görə soruşuram…”
“– Deməli, sən hələ də Sançonu yaxşı tanımırsan…”
“– Sənə qurban olum… ”
“– …”
“– Bilirəm, ürəyin dağ boydadı…”
“–…”
“– Biz xoşbəxt olacağıq, Sanço, biz xoşbəxt olacağıq… Noolsun yaşımız fərqlidi. Ürəyimiz birdi. Hələ… hələ bilmək olmaz… bir də gördün bəbəşimiz də gəldi dünyaya… Şar yox ee, əsl bəbəş… İnanıram… inanıram o günə, vallah…”
“– Elə mən də… İstəyirəm… lap çox istəyirəm ata olmağı. Bəlkə, anam da, qardaşım da yumşalar onda… O körpənin xatirinə yumşalarlar mənə qarşı…”
“– Hə… bizim qaranquş balamızın xatirinə…”
“– Bəs niyə qaranquş?!.. Qaranquş niyə? Onu hardan tapıb çıxartdın? O hardan gəldi ağlına?”
“– Qaranquş yazın müjdəçisidi, o da bizim xoşbəxtliyimizin xəbərgətirəni olacaq…”
“– Həə… Qaranquş… müjdə… Lap o rayondakı dostum var ee, Kamil müəllim, yazıçı, ədəbiyyatçı… sən lap onun kimi danışdın, lap onun kimi anlatdın… Yaxşı ki, anlatdın. Ağlım çaşmışdı yoxsa… başım çönmüşdü durduğum yerdə…”
“– Niyə?”
“– Soruşma! Soruşma!.. Həə… Niyəsini demərəm! Başıma güllə də vursalar, demərəm!..”
“– Yaxşı, qaranquşu qoyaq bir qırağa, sənin o yazıçı dostun, o qaraqabaq müəllim də dəlixanaya girsəydi nətəər olardı görən?”
“– Niyə elə danışırsan. Allah eləməsin. O qaraqabaq müəllim məni ciddi, həm də soyuqqanlı olduğuma görə çox istəyir. Özü deyib. O bir dəryadı, Pəri, dəryadı… Yəqin dükanına gəlib, görmüsən onu”.
“– Hə, tanıyıram, gəlib dükanıma. Dərya olub neyləyib axı? Sənin o dəryan dükanımdan körpəsi üçün paltar alanda yığdı məni boğaza. İyirmi saat çək-çevir elədi, axırda da getdi, iki gündən sonra gəlib bir zülümlə, minnət qoya-qoya, qiymətini öldürüb aldı…”
“– Bilmirəm… Axrıncı dəfə görüşəndə mənə bilirsən nə qədər dərs keçdi, bilirsən nə qədər şeylər anlatdı? Pəri, heç nəyi qabaqcadan görə bilməməyimi, hiss etməməyimi başa düşüb bunları dərd eləməməyi məsləhət gördü. Dedi ki, nəyisə qabaqcadan görmək, bilmək üçün bəsirət gözü deyirlər haa, o boş şeydi”.
“– Rəhmətlik atam-anam da o sözü hərdən işlədərdi, Sanço. Amma mənasını bu günəcən bilmirəm…”
“– Hə, qəliz məsələdi… Mənim də heç dərin anlayışım yoxdu. Kamil axırıncı dəfə dedi ki, bəsirət dediyin bilirsən nədir, Sanço? Dedim: nədi? Dedi ki, ən böyük bəla elə odur! Həmişə üzünə baxanda astarı görünən adamlara görə, hər kəsin təkcə özünə yazığı gəməlidir, Sanço, özünə… Güzgü sənə baxanda nə görürsə, sən də ona baxanda eyni şeyi görürsən. Daha bu uydurmalar nəyə gərəkdir? Belədə, axı niyə çaşmalıdır adam, niyə? Ətin – ət, sümüyün də sümük olmasını sübut eləməkçün mütləq gərək nəsə uydurasan? Adicə, süləy bir it olmaq da kifayət eləyər – əti yeyərsən sümük qalar, hər şey də beləcə faş olar, vəssalam… ”
“– İndi nə deyirsən? Başımıza nə gələcəklərini bilmək üçün dönüb süləy it olaq? Başı xarabdı sənin o dostunun… Bəlkə mən bəbəşimizi qaranquş kimi görməyimdə səhv eləyirəm, hə?”
“– Qaranquş söhbətini qurtar, Pəri, qurtar!!! Bir də o söhbətə qayıtma!.. Qarğa de, qartal de, lap elə sağsağan de, amma qaranquş adını çəkmə!!!”
“– Niyə axı, niyə?”
…Simran cavab əvəzinə hirsindən çarpayının yanındakı, üstünə paltarlarını soyunub yığdığı kətilə necə yumruq ilişdirdisə, taqqıltıyla aşdı… elə özü də bu yuxufason “dialoqdun” qəfil zərbəsindən yumbalanıb guppultuyla dəydi səhərin qucağına və ayıldı… Pərini düşündü: “görəsən, indi dəlixanada neyləyir? o da ayılıbmı?” Sonra Kamil müəllim gəldi gözü önünə. Onun son görüşdə danışdıqlarını bir-bir xatırlamağa başladı. Evlənməyini yenə məsləhət görürdü. Ancaq sevərək evlənməyini yeridirdi beyninə: “Mən ölü, sən diri, Sanço, mən ölü, sən diri… Vaxt gələcək, görəcəksən, sürdüyümüz ömürdə yaşa dolmaqdan savayı heç nə dəyişməyəcək…. Bir də sevməkdən savayı heç nə… Əsas da sevməkdir. Sevmək, sevmək, sevmək!.. Axırda da “sevmək” sözündən “sev”i çıxıb yerinə “öl”ü qoyacağıq və canımız dincələcək… Anlayacağıq ki, sevginin əzabını çəkib, axırda da ölümun şirinliyini yaşamaqdan ötrü gəlmişik bu çürük dünyaya… Qalan nə varsa, içindən ölüsü götürülmüş tabut kimi yüngül və boşdur… Unutma ki, ölmək hər şeylə mümkündür, hər şeylə, Sanço – sapand daşıyla da ölmək olar, tir tüfənginin gülləsiylə də, atom bombasıyla da… Amma sevmək təkcə ürəklə mümkündür, Sanço, təkcə ürəklə mümkündür sevmək, unutma…”
İxtiyarsız əlini ürəyinin üstünə qoydu. Çırpınırdı. “Deməli sevirəm… Sevirəm, Kamil, sevirəm… Deyəsən, lap onu dəli kimi sevirəm…”
Həyat onun üçün, daha doğrusu, o, həyat üçün sapand daşıydı – hara tullasaydı, ora da düşüb qalasıydı. Heç kim də onunla maraqlanmayacaqdı. Yer üzü doludu sapand daşıyla, daha doğrusu sapanda yarayası daşla. Guya hamısını atırlar? Yox!
Bu fikirlərə qapılıb, beyni dumanlı-dumanlı, öz içində “var-gəl” edirdi. Bir şeyə görə xoşbəxt idi ki, kənar diqtə yoxuydu. Öz əli, öz başı, bir də öz dünyası idi. Daha doğrusu, öz şüuru, öz ürəyi və… və… öz sevgisi! Hə, bu sözü qorxmadan ürəyindən, beynindən, ruhundan keçirirdi: Sevgi! – vəssalam.
Qutabxananın ofisiantı gözünü onun üzünə zilləyib durmuşdu.
– Qərdeş, nəsə olub?
Başını yellədi ki, “yox”.
– Nə bilim, nəsə gözümə alayı cür dəydin ee…
Onda bildi ki, gecə sabahacan Pəri ilə etdiyi “söhbətin” əlamətləri üzünə yansıyıb.
O gün beş-on manat pul qazanandan sonra evə qayıtdı, başnı atıb elə yatdı ki, gözünü açanda artıq günəş batmaq üzrəydi.
Vaxt keçirdi. Simran axır günlər Pərinin qurtulmağı üçün Salehin başını xarab eləmişdi.
Bir gün Saleh zəng elədi:
– Gəl görüşək.
Simran:
– Bu saat, – dedi.
Həyəcandan yolda az qala qəza törədəcəkdi, Allah saxladı. Nə isə…
Salehin atası işi düzüb-qoşmuşdu.
…Həmin gün hiss elədi ki, qaranquşların da səsi tamam başqa cür dəyir qulağna…
* * *
Gerçəkdən də o, nə özünü dünyanın ən pak insanı sayırdı, nə də gördüklərini, duyduqlarını və yaşadıqlarını fövqəladə bir şey…
Təbii ki, Kamil can-ciyəri demişkən, “insan fərd olaraq o qədər özəl bir varlıqdır ki, adtığı addımı çaldığı qanada bənzətmək olar, çaldığı qanadı da atdığı addıma. Ancaq başdankütlər bunu heç vaxt ayırd edə bilməz. Çünki dənizin səsi hikkəsini heç vaxt ört-basdır etməyə qadir olmur. Yəni, özünü həlak eləməyə dəyməz, adamın kimliyi ağzını açanda bəlli olur”. Bir sözlə, Simranın əziz dostu demişkən: “xoruzun pipiyi mişar dişinə bənzəsə də heç vaxt kəsmir, çünki yup-yumuşaq olur”, vəssalam…
…Simran Salehin atasının üzünü də görmədi. Amma səsinin cod olduğunu duydu. Çünki kəsərli idi. Bir günün içində Pərinin bütün sənədlərini düzəldib azadlığa buraxdılar…
Narınc nənənin yanına Salehlə getdilər. O, başa saldı ki, guya bu adamlar vaxtilə evli olub. Sadəcə, övladları olmadığına görə ayrılıblar. Amma bir-birini istədiklərinə görə bu vəziyyətə düşüblər. Narınc nənə evində qalmaqlarına etiraz etmədi. Əksinə sevindiyini bildirdi. Elə bil nəsə tapmışdı, bu hekayəti dinləyən nənə qəribə bir görkəm almışdı. Simran yayda ayağına konki geyən, quru torpaqda yüyürüb sürüşmək istəyən balaca uşaqlar kimi bir duruma düşmüşdü – ha çırpınıb-çabalasa da heç nə alınmırdı, yıxılırdı. İndi isə, baxt üzünə gülmüşdü deyəsən…
Birinci gecəni Pərilə necə keçirdiyi öz yerində…. Səhərisi yüz ilin kişisi kimi çörək qazanmağa getmək üçün ayağa durdu, çayını, çörəyini hazır görüncə ürəyi dağa döndü, kövrəlmiş kimi oldu. “Hə, bax, budur qadın deyilən şey…” – düşündü. Kandarda bir də onu öpdü və maşını işə salmaqdan ötrü həyətə endi. Qaranquşlar civildəşdi, Pəri gülümsündü, Simranın içi işıqla doldu…
Telefonuna zəng gələndə, elə bildi kosmosdan yer kürəsinə indicə enib. Müştərilərindən biriydi, onu sehirli aləmindən qopardı:
– Gəl, məni Alatavaya apar…
– Gəldim.
Son günlər artıq bu üçüncü müştərisi idi ki, Alatavada eyni ünvana gedirdi. Nəsə, orta yaşlı, kifayət qədər salxarlı görünən müştərisini aparanda özünü saxlaya bilməyib soruşdu:
– Orada nə yerləşir? İdarə? Ya başqa şey?
Müştəri boyuna-buxununa yaraşmayan bir şitliklə, lap bir uşaqcasına:
– Hi-hi-hi-hi… – eləyib güldü. – Orda baxıcı yaşayır, – dedi. – Çinli… Adı Bao-zhidir. Qiyamətdi ee, qiyamət! Bilmədiyi şey yoxdu… Əlini adamın bağrının başına qoyanda, bağırsağında da nələr var bilir, qarnının üstə qoysa, ürəyindəkiləri sadalayır… Əlini alınına yapışdırıb – dünənində olanları, peysərinə qoyub – sabahındakıları bircə-bircə deyir. Hamısı da düppədüz…
Maraq Simranı bürüdü. Adətən belə şeylərə bir az inamsız idi, ancaq eşitdiklərinə də biganə qalmağa bəzən gücü çatmırdı. Nə isə…
Müştərini həmin ünvana aparıb düşürtdü, o gözləməyi xahiş elədi. Amma darvazadan içəri girməsilə qayıtmağı bir oldu, pulunu ödəyib:
– Sən get, – dedi. – Adam çoxdur. Bao-zhi bu gün qan eləyir.
Oradan yenicə aralanmışdı ki, filoloq Sahildən Vatsapına mesaj gəldi. O da yazdı ki, bəs “dilim açılıb, danışa bilərik”. Maşını saxlayıb xeyli dərdləşdi. Onunla əlaqə quranda həmişə yüngülləşir, deyə bu dəfə də söhbəti uzatdı, özü də yazışma yoluyla deyil, canlı danışıqla. Filoloq çox sevindi. Son vaxtlar başına gələnləri də bildirdi, dostu məmnun qaldı, çoxlu xeyir-dualar verib, alxışlar yağdırdı ünvanına. Axırda da bildirdi ki, “Simran, sabah bizə gəlsəydin, yaxşı olardı”. O da: “İmkan daxilində mütləq” – söylədi.
Həmin gün anasıyla zəngləşib hal-əhval tutdu. O, övladının taksi sürdüyünü bilmirdi. Elə bilirdi yenə mühasib işləyir. Xeyli söhbətləşdilər. Nədənsə, evlənmək barədə bir kəlmə də demədi. Deyəsən Həsənağa o məsələni bir də ağartmamağı başa salmışdı. Ancaq axırda bir onu dedi ki, “deyirlər Pəri dəlixanadan çıxıb, özünü gözlə haa…” Simran susub heç nə demədi, sağollaşdı. Əhvalı bir qədər dəyişdi. Axşam evə qayıdanda Pəridən psixatriyadan çıxması barədə rayonda kimə xəbər çatdırdığını soruşdu, o da: “heç kimə” – dedi. Simran: “Artıq rayonda bilirlər” – söylədi. Pəri də: “Pah atonnan, yerin də qulağı varmış…” – deyib başını yırğaladı.
…Həyətin qaranquşları uçub getmişdi. Yuva açıla qalmış ovuc kimi bomboş idi… Simran öz-özünə: “Salam olsun!” pıçıldadı, amma yenə də qulağına cikkilti səsi gəldi, özü də necə lazımdı. Yenə bədəni gizildədi…
Narınc nənə Pəri ilə kandarın yanındakı balaca skamyada oturub söhbət edirdi. Simranın gəldiyini görüncə xudahafizləşib getdi. Gedərəkdə onunla da görüşüb hal-əhval tutdu. Simran: “Şükür, dolanırıq”, – dedi. O isə gülümsündü: “Hər şey yaxşı olacaq”.
Pəri Narınc nənəni ötürüb evə qayıdan kimi sevgilisinin boynuna sarıldı, sevindiyindən uçurdu.
– Noolub?
– Narınc nənə dedi ki, dərdimin əlacı var. Müalicə alsam, uşağım olacaq.
Biçarə Simran bircə anlığa gözləri önünə qucağı körpəli Pərini gətirdi. Fikirləşdi ki, bu dəqiqə dünyada ondan məsum ikinci bir varlıq ola bilməz…
* * *
– Heç nə ölüm qədər yaxınlıqda deyil, dostum, heç nə… Özün də bilmirsən, düz bir ömür əlin onun ovcunda necə titrəyir. O qədər öyrəşirsən ki, onunla canbirqəlbdə olursan. Ondan ayrı yaşamaq ağlının ucundan keçmir heç. Təkcə adı gələndə diksinirsən… Hə, diksinirsən, həm də bilmirsən niyə… Bu doğmalıq buz kimi soyuq olsa da isti-isti yaşadıqlarının fövqündə durur həmişə. Unutma ki, güləndə də ölür adam, ağlayanda da, amma xəbəri olmur…
O axşam Simranı evlərinə qonaq çağıran filoloq Sahil müəllim bu sözləri üçüncü badəni içəndən sonra qəribə bir tərzdə gülümsəyə-gülümsəyə, onun üzünə qarşı pıçıldadı. Bir qədər nəfəsini dərdi, bu dəfə başqa bir tərzdə aşağıdakı sözləri yeritdi canına:
– Sən ha de ki, “dünya, dağıl!” Sən ha de ki, “dünya, boğul!” Bundan ötrü nə başda ağıl, nə yaddaşda nağıl, nə də cibdə noğul olmasına ehtiyac yoxdu. Yaşamaq lazımdı sadəcə, dostum, yaşamaq. Hər şeyə dözmək üçün, sadəcə, oğul olmalısan, oğul!..
Yaxşı ki, sükanda olduğuna görə o axşam içmədi. Səhərisi Sahil müəllim ona yenidən zəng vurub axşam xətrinə dəyib-dəymədiyini soruşdu, dediklərini xatırlamadığını, qəlbinə toxunan sözlər deyibsə, dönə-dönə üzr istədiyini bildirdi. Ardınca da xoş bir xəbər verdi:
– Simran, sənin üçün iş yeri düzəldəcəyəm. Qardaşım oğlu yeni şirkət açır, demişəm mühasib səni götürsün. Taksavatlığa son qoyarsan birdəfəlik.
Simrana bu təklif bir az inandırıcı gəlmədi:
– Hər şey qaydasındadır, narahat olmayın, – dedi.
Simranın fikri-zikri Pərinin müalicəsi üçün necə pul qazanacağında ilişib qalmışdı. Neyləyəcək, necə eləyəcəK? – bilmirdi…
Əslində, taksavatlıq nə qədər çətin və bel bağlayası bir iş olmasa da dolanışığıqları pis deyildi. Əziyyətli də olsa, gündəlik çörəkpulunu qazanırdı. Üstəlik arxaya da qəpik-quruş atırdı. Çünki pula ehtiyacı vardı, maşını köhnəydi, tez-tez təmir etdirirdi. Belə götürəndə, Simran heç vaxt “dünya, dağıl!”, “dünya, boğul!” demirdi, bu gününə şükür eləyirdi.
Heç onu, necə deyərlər, dövrün, günün “güllü tumanı” da maraqlandırıb özünə çəkmirdi, yəni hər gün ixtiyarsız içindən keçib adladığı əlli cür yüngül yaşam tərzinə də biganəydi.
Ancaq çox qəribədir, həm Pəri gələndən, həm də dili açılandan sonra anasından ötrü burnunun ucu göynəyirdi, ondan ötrü dəli-divanəyid…
Getdi. Özü də necə! Heç kimə demədən, heç kəsə bildirmədən…
3.
Həsənağadan sonra Simranı dünyaya gətirəndə, Ayna əllərini göyə açıb demişdi: “Ta səndən heç bir diləyim yoxdu, Pərvərdigara!..”
Ancaq sonralar çox şeylər dilədi: oğluna düz yola qayıtmaq, adam kimi adamlar içində yaşamağa layiq olmaq, xoşbəxtlik, xoşbəxtlik, yenə də xoşbəxtlik…
İndi qapını açınca, az qala yarım ildir üzünü görmədiyi balasına gözü sataşan ana bilmədi neyləsin. Həmişə düşünərdi ki, qiyamət hardan gələcək?– sağdan, yoxsa soldan? Amma cavab tapa bilməzdi. Düşünərdi, düşünərdi, gecənin qaranlığını gündüzün işığına qatardı, – amma istədiyini ala bilməzdi, məyus-məyus gözlədiyini gözlərdi.
Bu da gözlədiyi…
Anasının məhrəm qoxusunu ciyərlərinə çəkincə Simranın gözləri doldu. Qucaqlayıb bağrına basdı. Ağarmış saçlarından öpəndə, onun nə qədər zəiflədiyini, nə qədər üzüldüyünü hiss elədi. Ayna təkcə ərini itirdiyinə görə deyil, görünür, həm də Simranın dərdindən bu günə düşmüşdü. “Bircə evləndirsəydim, rahatca ölərdim…” – deyirdi öz-özünə. Gecə-gündüz bu fikirin əlində girinc olub qalırdı.
– Ana… Yeməyə nəyimiz var? – Özü belə dedi ki, birbaşa mətləbə keçməsinlər.
– Bıy, anan sənə qurban. Bu dəqiqə… bu dəqiqə…
Aynanın başı yemək hazırlamağa necə qarışdısa, Simran ev-eşiyə göz gəzdirib, nə vaxtdır görmədiklərinə qəribə bir tərzdə baxdı.
O, nahar etdikcə, anası gözlərini zilləyib oturmuşdu, heç nə demirdi. Simran düşündü ki, “görünür, Həsənağa belə tapşırıb”. Bilirdi ki, Həsənağanın sözü evdə qanundur.
– Bəs gəlinbacım hanı? Uşaqlar hardadı?
– Gəlinbacın iki gündür anasıgilə gedib.Uşaqları da aparıb. Uşaqlardan ötrü adamın ürəyi darıxır lap…
– Bəs gəlindən ötrü darıxmırsan, ana?
Ayna güldü. Bircə kəlmə:
– Ay sənin saqqalın ağarsın, elə. Ondan ötrü də darıxıram. Niyə də darıxmayım?.. Ən çox istədiyimsə, sənin gəlinini görməkdir. Sonra ölsəm də olar…
– Ay ana, o nə sözdü? Ölmək nədi? Allah eləməsin…
Simran sonuncu tikəni udunca ayağa durdu, bilirdi ki, anası kövrəlib, indicə ağlayacaq, həm də söz düşmüşkən evlənməklə bağlı döşəyəcək cəmdəyinə.
Bakıya qayıdanda artıq axşamüstüydü. Evdən çıxanda: “Darıxma, ana, tezliklə sevindirəcəm səni” dedi. Anası yerindəcə quruyub qaldı, arxasınca əliylə su atdığı dəmdə, gözüylə də yaş çilədi.
Yolda onu fikirləşirdi ki, “Nolaydı, Narınc nənə deyən düz çıxaydı, Pərini müalicə elətdirəydim, bir bəbəmiz olaydı… Biz də özümüzü adamlar cərgəsinə qoşaydıq. Necə olmasa, əvvəl-axır anamın da üzü gülərdi, ta arxamca ağlamazdı…”
Müalicə isə, elə də asan bir şey deyildi, aylarla davam edirdi.
Simranın Pəriylə izdivac qurmasını artıq Həsənağa da, anası da bilirdi. Rayon yerində çətin də olsa, necə deyərlər, onlar bu məsləylə barışmaq məcburiyyətində qalmışdılar. Əslində, bu, heç barışıq da deyildi. Sadəcə, özləri demişkən, elə cür bir çarəsizlik idi ki, çıxış yolu yox idi artıq, hər şeyin üstündən gözüyumulu keçməyə məcbur qalıb susmuşdular. Simranın taleyilə bağlı ailə içində daha əvvəlkilər kimi aranı dağa, dağı arana daşımırdılar, bütün cəhdlərin mənasız olduğunu yaxşı başa düşürdülər. Bircə şeylə təsəlli tapırdılar ki, bütün rayonda Pərinin adı başqa heç kimlə deyil, təkcə Simranla çıxıb. Sadəcə Həsənağanı da anası Aynanı da əvvəllər çox narahat edən onun dul qadın olması, həm də aralarındakı on yaş fərq idi. Daha bu məsələyə də göz yumub dillənmirdilər. “Özlərinə xoşdur, qoy olsun…” məntiqini qəbul etmişdilər artıq. Ancaq yeganə bir narahatçılıqları Pərinin dünyaya övlad gətirə bilməməsiydi. Bundan ötrü isə müalicə gedirdi, Narınc nənənin tövsiyələri həyata keçirilirdi.
* * *
Amma heyif ki, nə Narınc nənə, nə də qəlbi nisgilli Ayna o günü görmədi. Pəri övladdan ötrü çırpınıb-çabaladığı dönəmlərdə onlar bir-birinin ardınca dünyalarını dəyişdi. Narınc nənə evi Salehin adına keçiribmiş demə. Buna görə də Simran kirayədə qaldığı mənzil sarıdan bir qədər arxayın idi. Anası Aynanın isə atası kimi onunla bağlı o dünyaya qəlbi yaralı getdiyini özünə bağışlaya bilmirdi heç cür. Bir tərəfdən də Pərinin müalicələri yaxşı nəticələr verirdi, həkim bildirmişdi ki, tezliklə hamilə olacaq. Amma xeyli pul lazım idi ki, proses davam etsin.
Simran artıq Sahilin qardaşı oğlu Nağının yanında, təzəcə açılmış gəlirli bir alqı-satqı şirkətində mühasib kimi çalışırdı. İşləri yaxşı gedirdi. Vaxtilə “ölərəm, amma atamın yadigarını satmaram…” desə də Pərinin müalicəsi ucbatından maşınını dəyər-dəyməzinə xırıd eləmişdi, ona görə də işindən bərk yapışmışdı, ürəklə çalışırdı. Yaxşı da maaş alırdı.
Sentyabrın ortalarıydı. O gün Bakıda Xəzri dəlicəsinə aləmi bir-birinə qatıb, yeri-göyü dağıdırdı. Simran özünü evə güclə çatdırdı. Kandarda Pəri üstünə yüyürdü, nəsə demək istədi, bacarmadı. Əlini ağzına söykəyib, həyəcan içində gözlərini bərəltdi, tez içəri girdi. Simran heç bir şey kəsdirə bilmədi. “Görəsən, noolub?” deyə ayaqqabılarını çıxara-çıxara fikirləşdi. Bu zaman telefonuna zəng gəldi. Müdir idi. Nağı neçə gündür xəstə olduğuna görə işə çıxmırdı. İndisə, işlə bağlı müəyyən şeyləri soruşurdu. Simran otağa girib həyəcandan tir-tir titrəyən, hələ də əlini ağzına qapayıb gözləri bərəli halda ona zillənib qalan Pərini süzə-süzə müdirlə danışırdı. Telefon söhbəti xeyli çəkdi. Danışıq bitəndən sonra Pəriyə yaxınlaşdı.
– Noolub?
Pəri onun boynuna sarıldı və…
– Cik-cirik, cik-cirik… – pıçıldadı. Amma sevinc dolu bu pıçıltı səsi Simranın qulağını batırdı… Həyəcanla soruşdu:
– Noolub sənə, Pəri?
Pəri qollarını onun boynundan çəkib, əlini yüngülcə öz qarnına sürtdü:
– Cik-cirik… cik cirik…
Simranın gözləri doldu. O başa düşdü ki, Pəri uşağa qaldığını söyləyir. Tez kandara çıxdı. İstəmirdi hansı ovqata düşdüyünü Pəri görsün. Həm də ağzını açıb nəsə deməyə qorxurdu. Qorxurdu ki, qəfil özü də cükküldəyər. Gör onda başına nə fəlakətlər gələr. O halda işə-filana gedə bilməz, biabırçılıq olar.
Tez-tələsik küləyin divan tutduğu həyətə düşdü. Hamama girib qapını vurdu, evin kandarında dayanıb səbirsizliklə onu gözləyən Pəriyə nəfəslikdən baxdıqca baxdı… Beləcə, hamamdaca dayanıb həyəcanının ötüb-keçməsini gözləyirdi. Sonra necə oldusa gözləri evin pəncərəsi üstündəki qaranquş yuvasına sataşdı. Yuvadakı balaların hər biri artıq böyümüşdü. İndi boyunlarını içlərinə qısıb Xəzrinin susmasını gözləyirdilər. “İlahi, noolar, bu xəbərdən kaş mən cikkildəməyim, noolar… Belə olsa, işim-gücüm necə olar?.. Bəs mən neylərəm? Neylərəm axı?”
Aradan on dəqiqə keçdi. Pəri artıq kandarda yoxuydu. Simran öz- özünə bir də səsləndi, özü də bu dəfə bərkdən: “Neylərəm mən axı?” və ardınca da sevincək əllərini qaldırıb: “şükür, cikkildəmədim, şükür” dedi. Ardınca bir şükran da yağdırdı: “şükür, balam olacaq, şükür!..”
Geri döndü, kandarda qaranquş yuvasına sarı boylanıb “salam olsun!..” dedi. Qaranquşlar cikkildədi və Simranın içini bürüyən səsləri Xəzrinin qanadlarında daşa-divara çırpılsa da sanki ruhuna bir amiranəlik bəxş elədi.
İçəri girincə sevincək halda Pərini qucaqladı:
– Gözün aydın, Pəri! Gözümüz aydın! Şükürlər olsun!
Pəri isə cavabında həzin-həzin cikkildəyir, üzünə sevinc göz yaşları süzülür, uçum-uçum uçunurdu…
* * *
Hə, müalicə öz işini görmüşdü. Pərinin vaxtından keçmişdi, hamiləydi. Simran da elə bil dünyaya təzədən gəlmişdi. Tamam ayrı düşüncələr içində yaşayırdı. Ata olcağıyla bağlı hissləri qəlbini dağa döndərmişdi. Bununla belə, cikkildəməsin deyə həddən artıq soyuqqanlı olmağa çalışırdı. Öz-özünə: “yəqin yer üzünün insanları o qədər soyuqqanlıdırlar ki, belə yaşantılara ürcah olanda, heç biri sevindiyindən müjdəli qaranquşa dönə bilmir, heç biri bizim kimi cikkildəmir… Nə bilim, Allah bizi nə yaradıb…”
Pərininsə yaşantıları ağlagəlməz idi. Dili də açılmışdı. Heç cür özünü ələ ala bilmirdi. Bu yaxınlarda dayısının işdən çıxarılması, ardınca da infarkt keçirib ölməsi barədə xəbər tutmuşdu, ancaq heç eyninə də gəlməmişdi. Fikri-zikri ancaq günü-gündən qarnını şişirdən körpəsindəydi. Həkim dönə-dönə tapşırmışdı ki, bir dənə də olsun ağır işə əl vurma. Deyilənlərə əməl eləyirdi. Narınc nənənin tozsoranı onlardaydı. Kreditlə paltaryuyan maşın da götürmüşdülər və bu, çox köməklərinə çatırdı. Qalan hər şeyi Simran sahmana salırdı. Onu qab-qacaq yumağa belə qoymurdu, evə gələn kimi həvəslə hər işi özü görürdü.
Onlardan ötrü dünyanın rəngi dəyişmişdi artıq. Dünyanın bir başında günəş doğurdusa o biri başında batmırdı daha… İşıq içindəydilər. Çox vaxt sabahı diri açırdılar. Bir-birlərinə o qədər gözəl şeylər danışırdılar ki, yorulmaq bilmirdilər…
Dekabrda müxtəlif aparatlarda müayinədən keçən Pəriyə dünyaya qız övladı gətirəcəyini bildirdilər. Çox sevindi. Bu xəbəri eşidib qorxudan xeyli susdu. Susdu ki, cikkildəməsin. Ürəyində: “mənimçün lap cikkildəsəm də xoşdu… balamdan ötrü nəinki qaranquş, lap cücü də olmağa hazıram, təki o gəlsin dünyaya…”
Aradan bir qədər keçdi, ər-arvad qərara aldılar ki, istirahət günlərindən birində, əvvəlcə burada istəkli Narınc nənənin, sonra da gedib rayonda öz valideynlərinin məzarlarına baş çəksinlər, bu xoş müjdəni onları ziyarət etməklə də olsa çatdırsınlar. Elə də etdilər. Taksi tutub yola düzəldilər. Getdilər, amma qohum-əqrabanı narahat etmədilər. Ziyarətlərini etdikdən sonra rayonda qalmayıb elə həmin gün də qayıtdılar.
Geri dönəndə, Pəri yolda Simrana:
– Sanço, nə yaxşı ki getdik, ziyarət elədik, – pıçıldadı. – Ta doğmalarımızın ruhları şad olar.
Simran başıyla təsdiqləsə də bu barədə düşünəndə, içində anası sarıdan yanıb-yanıb tökülürdü, bu günü görmədiyinə görə heyifsilənirdi.
Ayna qəflətən ürək tutmasından ölmüşdü, həmin an Həsənağanın yoldaşı evdəymiş. Onun dediyinə görə, Aynanın son sözü: “Simrandan nigaran gedirəm…” olubmuş. Bunu eşidəndə, elə bil, Simranın ürəyinə güllə dəydi. Uzun müddət özünü ölü saydı. Gecə-gündüz içində bu kəlmələri vird elədi: “Atam məndən küsgün getdi, anam məndən nigaran. Ta mən kiməm axı? kim? kim? – heç kim, yəqin.. heç kim… heç kim…”
Pərininsə içində qövr eləyənləri bir Allah bilirdi. Axır vaxtlar çəmənlikdə kəpənək qovan balaca bir qızcığaz kimiydi lap. Özünü çox qayğısz, çox xoşbəxt hiss edirdi. Üzünə baxanda elə bilirdin, məsumluqda tayı bərabəri olmaz onun. Həm də elə bilirdin, bir qaranquş kimidir, cikkildəyib xoşbəxtcəsinə nəsə xoş bir müjdə verəcək, o gözəl ovqatın içində də uçub gedəcək. Yeganə arxa-dayağı olmuş dayısının ölümü bəzi məqamlarda içdən onu üzsə də, dəlixana məsələsinə görə ona qarşı çox qəzəbliydi deyə bu hadisə hələ də vecinə gəlmirdi. Onun ölüm xəbərini eşidəndə sadəcə şəhadət barmağını uzadıb alnındakı ət xalını bir qədər o yan–bu yana oynadaraq, dərindən bir ah çəkib, köksünü ötürmüşdü, vəssalam. Yer-göy də dağılsaydı, Pərinin indiki ovqatını dəyişə bilməzdi. Bətnindəki, özü demişkən, bəbəş – ömrünə, gününə doğulası bir günəş idi ki, hələ dünyaya gəlməmiş nuru onu bürümüşdü.
Simran onun üzünə baxdıqca, keçmişdə haqqında nə düşünmüşdüsə, peşimançılığını çəkirdi. Duyurdu ki, ondan ötrü Pərisiz həyat – pərsiz helikopter kimi dığıldaya-dığıldaya yerindəcə qalmağa məhkum cəfəng bir xülya, ağılasığmaz bir şeydir. Bilirdi ki, Pərisiz mümkün deyil, qətiyyən! Üstəlik də ki, dünyaya gələsi körpəsini düşünəndə heç də Pəridən az sevinmirdi. Həmin sehirli işıq onu da bürüyüb-bələmişdi.
4.
…İikisi də yamyaşıl bir talada oturmuşdu. Ətraf sıx ağaclıq idi. Ağacların budaqları quşlarla doluydu. Quşlarınsa səsi bir-birinə qarışmışdı. Düşünmək olardı ki, yazdır, bu quşlar ona görə coşublar. Amma niyə bu qədər həyəcanlı olduqları anlaşılmırdı. O şaqraq səslər qəfil kəsiləndə ikisi də diksindi. “Nə baş verir? Nooldu?” Bulud kölgəsi kimi nəsə örtüldü üstlərinə. Talaya düşən işıq öləzidi. Amma qaranlıq deyildi, bu, bir sərinlik idi, bir göz qırpımındaca talaya endi və özüylə bihuşedici bir ətir gətirdi. Pəri meyxoş olmuş kimi başını Simranın çiyninə qoydu. Yuxarıdakı budaqların arasından, quşların tünlük yerindən qəfil, ağır, sərt, xırıltılı bir səs eşidildi:
– Başlayaq?
Cavab ləngimədi:
– Sən yüz illərlə yol gəlmisən, yorğunsan. Gedə bilərsən. Özümüz hər şeyi yoluna qoyacağıq. – Bu səs elə bil qeybdən, həm də amiranə bir şəkildə, gəlirdi, eşidildikcə də talaya meh kimi toxunur, o misilsiz ətir, o gözəl qoxu bir az da artırdı.
Yuxarıdakıların arasından iri bir quş uçub getdi. Simran qarğaya oxşatdı. Quşlar onu uğurlayırmış kimi bir ağız ötüb dayandılar.
– Bunları tanıyın. Bunlar ruhumuzu daşıyanlardı… Hər birimizdən nəsə var onlarda. Siz də yağdırın alxışınızı…
Quşlar elə cür çığırışmağa başladı ki, Simranla Pəri oturduqları yerdəcə bir-birlərinə qısılıb qulaqları batanacan üstlərinə yaz yağışı kimi yağan o sirli-sehirli səsi dinlədilər. Ardınca bayaqkı amiranə səs eşidildi, yenə araya sakitlik çökdü, ətir-qoxu artdı:
– Bunları qaranquşlara tapşırmışam, qoy köməkləri olsun!
Quşlar arasından bir şanapipik uçub talanın üstündə bir dairə vurdu, ən aşağıdakı budaqlardan birinə endi:
– Anquta da tapşırmaq olardı, – dedi, – ya gözümüzün işığı, ya müqəddəs hökümdarımız! Bilirsiniz ki, anqut cütlüyünün etibarı yer üzündə misilsizdir. Cütlüyün biri öləndə, o biri gözlərini ona zilləyib oturur sevgilisinin cəsədi yanında. Günlərlə eləcə, oturub qalır, öz canı ağzından çıxanacan yerindən tərpənmir, gözünü ölmüş sevgilisindən çəkmir…
– Yox, qaranquş göylər sevdalısıdır. Onun yerlə işi yoxdur, onun sevgisi də Dərgahlar Sahibinin ruhundan gəlir. Yer üzüylə təması çox azdır… Görürsünüz, heç sizin aranızda da qaranquş yoxdu. On dördün də içində adı çəkilmir… Buna baxmayaraq, onun öz nizamı var. Amma mənim də hökmümün divanəsidir! Sizin hər birinizi sevirəm, gözəlçələr! Ona da eşqim böyükdür!..
Simran da Pəri də o ətir-qoxudan necə bihuş olmuşdularsa, söhbətin məğzini tuta bilmirdilər, eşitdikləri bir nağıl kimi gəlirdi onlara. “Sim-sim, qapını aç!” da deməmişdilər. Amma bu anlaşılmaz ovqatın içində, bu qapını onlara əfsanəvi quşlar hökümdarı Simurq açmışdı deyəsən…
Onlar artıq bu ruh aləmindən özlərinə dönüb evlərinə qayıtmışdılar. Nəsə olmuşdumu? – bilmirdilər. Bir qədər öncə olub-bitənlər yadlarına gəlmirdi. Canlarında qalan bircə o misilsiz ətir-qoxuydu.
…Simran Əlişir Nəvainin “Quş dili” əsərini oxuyub qurtarmış hesab edirdi özünü. Amma bilmirdi, doğrudanmı oxuyub, ya yox…
Dünya isə elə həminkiydi. Öz simranlarıyla, pəriləriylə pərvanə kimi işığın, yarasa kimi qaranlığın başına fırlanırdı – kimin bəxtinə nə düşdü, düşdü. Dünyada Simurq nə gəzirdi? Bütün quşlar kimi qaranquşlar da öz işindəydi…
* * *
Hə, qaranquşlar öz işindəydi. Dünyaya təzəcə göz açmış balaların sarıca dimdikləri bu il də yuvadan boylanıb cərgəylə görünür, cikkilti aləmi götürürdü başına.
May ayının ortalarıydı. Simran Pərini müjdələdi:
– Ayağı düşərli olacaq bəbəmizin. Tezliklə öz evimiz olacaq bizim də. Nağı söz verdi bu gün. Kreditlə, ucuz ödənişli mənzil təşkil edəcək. O qədər sevinmişəm ki…
Körpəsinin dünyaya göz açmasına cəmi bir ay qalan Pəri əlini qarnında gəzdirdi:
– Mənim qaranquş balam belə də olmalıydı…
– Onun gəlişinə qurban!
Simran zəng edib sevincini Həsənağayla da bölüşdü. Ardınca da həyətə düşüb, yuvada cikkildəşən qaranquş balalarının sarıca dimdiklərinin necə açılıb-yumulmasını heyranlıqla bir xeyli seyr etdi.
“Sanço, sən qəribə oğlansan, dədə qəbiri, çox qəribə. – Haçansa, Kamil müəllim belə demişdi. – Lap göydəki təzə Ayı bir qıça limon kimi, bir dilim yemiş kimi ordan götürüb sənə versələr, yenə öz bildiyini deyəcəksən. Deyəcəksən ki, guya elə belə də olmalıydı. Guya ki, bu Yer üzündə hamı sənə borcluymuş. Mən qorxuram, kim səni sevib-seçsə, ona da minnət qoyub: “borcluydun mənə aşiq olmağa” – deyəcəksən”.
Düzdür, o vaxt Kamilin bu sözlərindən yüngülvari incimişdi. Amma indi demək istəyirdi ki: “Yox, ta mən sən deyən deyiləm, əziz dostum, qardaşım. Məni görsən, tanımazsan. Tanımazsan, dədə qəbiri.”
Hə, Simranı tanımaq olmurdu.
Onun nəzərində heç dünya da əvvəlki deyildi. İnsanların ruhunda, elə bil, qəza baş vermişdi. Qabaqkı adamlardan əsər-əlamət qalmamışdı. Elə quşlar da indi bir ayrı cür idi; itlər, pişiklər də həmçinin…
Uzun müddət çək-çevir edib, adını Rüzgar qoymağa razılaşdıqları körpələri dünyaya gəlşindən öncə, onlar üçün yerin-göyün dadını-tamını dəyişmişdi. Pəri bir qədər də gözəlləşmişdi. Üz-gözünə ilahi bir nur hopmuşdu. Simran isə daha da həssas olmuşdu. Elə bilirdin ki, enli, nəhəng bir çayın bir sahilindən o biri üzünə samandan körpü çəkiblər, o isə qarışqaya dönüb üstüylə yürüyür, həm də çox yaxşı bilir, çox gözəl anlayır ki, diqqətsiz olsa, yəni çaşsa, bir göz qırpımındaca yıxılacaq selin-suyun içinə və hər şey bitəcək…
Elə Sahil müəllimdən mesaj gələndə də ürəyi çırpındı, başı dumanlandı: “Artıq axırımdır, Sanço, səni görmək istəyirəm…”
Necə yəni “axırımdır”? Necə yəni? Çox keçmədi özünü çatdırdı onlara. Ağır vaxtlarında ona həmişə dayaq duran bu insan indi çarəsizcəsinə gözlərini tavana zilləmişdi. Az müddət içində əriyib-əriyib çöpə dönmüşdü. Dünyaya divanə kimi yalqız gəlib, yalqız da gedən bu insanın işi-gücü ancaq yazıb-oxumaq olmuşdu. Yenə də masanın, dolabın, kətilin üstü kitab-dəftərlə, kağız-kuğuzla dolu idi.
– Simran… Sanço… Bir azdan məni xəstəxanaya aparacaqlar. Ürəyimə damIb ki, ordan salamat çıxmayacam…
– Sahil müəllim… elə deməyin, siz Allah, elə deməyin…
Sonra o, xərçəng xəstəliyinə tutulduğundan uzun müddət xəbərsiz olduğunu, bu çarəsiz dərdin qəfil metastaz verib az vaxtda bütün daxili orqanlarını bürüdüyünü asta-asta Simrana başa saldı. Simran onun əlini ovcunun içinə aldı. Barmaqları buz kimiydi. Gözləri doldu. Həm də yadına düşdü ki, nə atasının, nə də anasının ölüm ayağında yanlarında olmayıb. Bu hiss də bir yandan göz yaşı tuluğunu iynələyib deşdi, yanaqları bir an içində islandı. Xəstə bunu görüncə gözlərini yumdu, elə bil, əziz bir adamının üzüldüyünü görmək istəmədi.
– Orda, bax o dolabın üstündə… bir yazı var… yarımçıq… elə mənim ömrüm də o cür yarımçıq bir yazıdır, Sanço… Çox istərdim… çox istərdim elmi yolla göstərəm… göstərəm ki, sizin sevginiz ilahidəndir… Götür o yazını… o yazı sənə ithaf edib yaratmaq istədiyim essevari elmi bir mətnə girişdən bir parçadır… özündə yadigar saxla… Sənə açıram sirrimi, sənə… Elə mən də o cür olmuşam… amma… amma… məndə alınmadı… bizdə alınmadı, alınmadı heç cür… Bir də ki… qaranquşlar… bax o quşlar… mən də… onların səsi… sev… qorxma quşlardan… götür o yazını, çünki…
Simran götürdü. Haçansa duyduğu o misilsiz ətir-qoxu içində sehirli-sehirli oyandı.
Amma məqamı gəlsə də, o, öz həyat tarixçəsini Simrana danışmadı. Daha doğrusu, danışa bilmədi. Həkimlər gəldi və onu apardılar.
Simran xatırlayırdı ki, bir dəfə sağlam vaxtlarında bu əziz dostu içki süfrəsində ona belə demişdi: “Simran, biz hamımız bu dünyada kirəkeşik… Yaşayırıq, yaşayırıq… Yaşamaq haqqımızın əvəzinə çox şey ödəyirik, çox şey veririk bu dünyaya. Axırda heç kimin gücü qalmır və… Hamı axırda canını verməklə ödəniş edir… və bomboş, inanırsan, bomboş gedir gediləsi yerə… yəni ora, əsl öz məkanına…”
Onu təcili yardım xərəyində qapıdan çıxardılar. Artıq Nağı da burdaydı, digər qohum-əqrabası da. Onların da gözləri dolmuşdu. Sən demə, işə gəlmədiyi günlərdə, Nağı xəstələnib eləməyibmiş, bu tərki-dünya əmisinin yanındaymış. Bunu Simrana sonralar dedi, yəni Sahil dünyasını dəyişəndən sonra…
Hə, bir neçə gün sonra, Sahil müəllim dünyasını dəyişdi. Bu itki Simrana çox ağır gəldi. Ondan yadigar qalan o yarımçıq yazını kərən-kərən oxudu, hər dəfə də o mətnin tam, bitkin ölmadığına görə içi göynədi… “Görəsən belə başlayıb sonda nə demək istəyirmiş o gözəl insan…”
* * *
Qəribədir ki, Pərini doğum evinə apardığı gün mərhum dostunun ona bağışladığı, oxumaqdan doymadığı, hər dəfə o sirli-sehirli ətri içində oyadan, cibində gəzdirdiyi həmin yazını xəstəxananın həyətində var-gəl edə-edə dönə-dönə bir daha gözdən keçirdi. Başlanğıcındaca yarımçıq qalmış həmin yazının sərlövhəsi “O SƏS” idi, altında “Giriş” yazılmışdı, məzmunusa beləydi: “…Uçqun olur, uçqun. Amma biz görmürük. Bir də gözümüzü açırıq ki, məsələn, yaşıl bir yamac uçuqlayıb gedib, yerində qaranlıq bir dərə qalıb. Ordan səslər gəlir – ancaq bizim yox, quşların eşitdiyi səslər…. kimsənin duya bilmədiyi səslər. O səslərin nə dediyini yalnız ikicə quş anlayır. Biri quşlar içində yeganə olaraq səsi Uca Dərgahlara yetişən gözəgörünməz Simurq, o biri isə yazın müjdəçisi Qaranquş… Unutmaq olmaz ki, Simurq bu dünyanın faniliyini bütün qanadlılardan yaxşı bilir. İndi desəm ki, sevgili qızlara bağışlanan çiçəklərə, güllərə o sirli, o əfsanəvi Simurqun qanadlarının, tüklərinin ətri hopub, inanan olarmı? Olmaz təbii… Çünki Simurq deyilən quşu hələ gördüm deyən olmayıb. Elə məsələ də ondadır ki, olmayıb. Olsaydı, o da bir növ gözdən-könüldən kənarda qalardı, heç onu insanlar xatırlamazdı da (gülməli də olsa qoy deyim: lap mənim kimi unudulardı)… O ilahi qeybdə yaşayır, ordan verir bütün quşlara hökmünü. Çünki quşların hökmdarı odur. Qaranquş isə bütün digər quşlar kimi daha çox yer üzünə deyil, göylərə bağlıdır, – Uca Dərgahlara… Yazın müjdəsini o verir. Təkcə yazın deyil, çox şeyin… Onun gətirdiyi müjdə göy üzünün sevgi dolu pıçıltısıdır. Gec-tez hamımızın ruhunu öz ağuşuna alası, hamımızı bürüyəsi elə bir pıçıltı ki, yer üzü həmişə ona möhtacdır. O pıçıltı ruhumuzun bizi hər an bürüyə biləcək ayrılıq, əzab, yalqızlıq adlı kəfənini ülgüc kimi çərtir, canımızı xilas edir… Həm də qaranquş yerə möhtac deyil. Sən heç vaxt Qaranquşu yerə düşüb dənlənən görməzsən, o ruzisini yalnız göy üzündə tapır, ovunu orada eləyir, özü də ildırım sürətilə… Səsi də ildırım sürətilə keçir ürəklərə, keçir və sevgiyə dönüşür…
Bu yazıyla üzümü sənə tuturam, əziz Simran, bu yazını səndən ötrü yazıram. Sənin də, sevgilinin də Qaranquş dilində danışmağınız, sizin heç də elə-belə adam olmadığınızı deyir. Deyir və təsdiqləyir. Mən belə düşünürəm ki, ürəklə, sevgiylə adi bir çiçəyin ləçəyindən öpən sevdalı adamlar, taleyin çatdığı ocaqdan dikələn ən gur bir alov dilimindən də öpər və uf da deməz… Başa düşürsən də nə deyirəm?.. Bunlar iki vur iki qədər rahat və anlaşılan şeylərdir. Sən sevdalısan, məni anlarsan… Dünyaya gələcək çocuğunuza sevginiz Dərgahlar Sahibi kimi özü bir gözmuncuğu olacaq. Bunu mən deyirəm sənə, unutma!.. Çünki onun gəlişi Sizin hər ikinizi qaranquş səsilə dindirib, ruhunuzu Simurq əzəmətiylə uğurlayacaq… İndi keçək quş dilinin çözümünə. Sən unutma ki… unutma ki, hər gün…”
Vəssalam!..
Vəssalam… və yazı buradaca yarımçıq qalmışdı. Simran həm Sahil kimi bir pak şəxsiyyətin ömrünün, həm də bu yazının başlanğıcdaca yarımçıq qalmasına yanıb-tökülürdü. O, düşünürdü ki, bu bəlağətli kəlmələrdən sonra, yəqin quş dililə bağlı konkret və gözəl bir elmi açıqlama olacaqmış. Qeybdə dumanlı-dumanlı onlara diqtə olunanlar çözüləcəkmiş. Ona bir növ əndirəbadi görünə biləcək bu məsələni cənnətməkan Sahil müəllim elmi cəhətdən layiqincə açıb-tökəcəkmiş ortaya…
* * *
…Pəri ağrı çəkirdi. Doğum evinin birinci mərtəbəsinin açıq pəncərəsindən onun necə inləməsi, necə zarıması eşidilirdi. Simran isə eşikdə, pəncərənin altında var-gəl edirdi. Çox çəkmədi, Pərinin əzablı bir iniltisindən sonra körpəsinin ağlamaq səsi bürüdü aləmi.
Simran elə belə də gözləyirdi: körpə doğulandan sonra Pəri çəkdiyi əzabdanmı, sevindiyindənmi, ya nədənsə, qaranquş kimi cikkildəməyə başladı… Eşikdə özünü saxlaya bilmədi, nə qədər elədi, bacarmadı, Simran da ixtiyarsız qoşuldu ona. Elə bil, ağlayan körpə də onları eşidib səsini dəyişdi, o da cikkildədi və yenə qeybdəki talada ruhunu bürümüş həmin misilsiz ətir-qoxu yayıldı hər yana…
Bu körpənin dünyaya gəlişi, bu sirri-xuda səslər, bu ətir-qoxu bütün aləmlərə nə mesajıydı belə? Eə bil, Yer üzünün bu cütlüyü, Sahil müəllim demişkən, Uca Dərgah sahibinə kirayə haqqının qaranquş səsiylə çox gözəl bir ödənişini göndərirdi. Göy üzündə dolaşan böyük bir qaranquş dəstəsi isə civildəşə-civildəşə uçuşur, bunun heç də “kirayə haqqının ödənişi” deyil, Əbədi Sevginin yaratdığı xoşbəxtlik müjdəsi olduğunu bildirir, onu ildırım sürətiylə hər yana çatdırmağa tələsirdi…
28. 07. 2021 – 11. 04. 2022
Bakı – Şamaxı – Bakı.