GenelGüncelKültür SanatTürk Dünyası

Yer üzünün qonağı, göy üzünün adamı, Nazim Əhmədli – Esmira  Fuad

Esmira Fuad
Esmira Fuad
Esmira  Fuad Fiologiya Elmləri doktoru, professor

Yer üzünün qonağı, göy üzünün adamı, Nazim Əhmədli

     İlk dəfə imzasını yaxşı tanıdığım şair Nazim Əhmədli ilə  Laçında, onun 70 illik yubiley tədbirində  görüşdüm.Ömrə sığışan və sığışmayan olaylarla, dərdləri, qəmləri və sevincləri ilə qolboyun uzun bir yaradıcılıq yolu keçən və əsil şair həyatı yaşayan Nazim Əhmədlinin  güllü-çiçəkli dağların qoynundakı Laçınına qədəm qoydum. Təbiətin sehrinə düşmək, quşların cəhcəhində, dağ çaylarının şaqqıltısında, bulaqların zümzüməsində, çiçəklərin ətrində durulanmaq, yaşıllığın zümrüd gözlərinin parıltısında sehrlənmək üçün 30 il həsrət çəkmək gərəkirmiş. Laçınla vüsalın şirinliyində hər birimiz o qədər bəxtəvər idik ki… Şəhriyar nəfəsli duyğularımız vüqarlı dağların, şiş qayaların hüsnündə sözdən çələng toxuyurdu sanki… Söz xiridarları ilə birgə ayaq basdığınız cənnət diyar gözəlliyə qərq olmuşdu. Bunları görüb duymaq, yaşamaq və yaşatmaq üçün ədəbi camiənin işığında 70 il yol getmək lazımmış demək ki… Qürurluydu o gün Nazim Əhmədli, həm də çox qürurlu… Eynən Laçın kimi, 30 ilin acısını unudub təravətə bələnmişdi, o günü söz-söz, misra-misra, nəfəs dərə-dərə dəyərləndirirdi… Yubiley gününü şəkilləndirən dostları isə ayrı bir rəng qatırdılar onun Laçınlı gününə… Hər birimiz sanki Laçını ziyarətə gəlmişdik o gün…

Təəssübkeş yurddaş, vətəndəş şair, hərbi jurnalist və etibarlı dost kimi çox sevilən şairimizi daha yaxından tanımaq oxucuları üçün də maraqlı olar, sanıram…

İnsanı düşündürən, bəzən yerlə göy arasında qoyan, daha fəhmli oxucuarını isə xəyalın qanadlarında göy üzünə qaldıran şeirlərini o, Cahit Sıtkı Tarancı, Kemalettin kimi incə ruhla, şirin dillə, arınmış türkcəmizdə yazır. Bu bədii-fəlsəfi örnəkləri oxuyan kəs şəhərin xaotik qarışıqlığından, səs-küyündən uzaqlaşıb təbiətin cilvəli qoynuna, kəndin şır-şır bulaqlı, şaqraq çaylı, göylərə baş çəkən dağlarının əzəmətinə sığınıb arxayın-arxayın xumarlanan tərtəmiz, yamyaşıl dünyasına düşür …

Laçında dünyaya göz açan, bir əsrin üçdən biri qədər doğma ev-yurd həsrəti çəkən, vətəninin torpa­ğı, dağı, daşı, düzü, otları, çiçəkləri, quşları üçün dəlilər kimi darıxan, bu həsrəti illər boyu daşıyan və nisgilli ürəyində qubara dönən duyğularını poeziyaya, şeirlərinin sətirlərinə hopduran Nazim Əhmədli aşıq sənəti ovqatında qoşma, çoxlu sayda gəraylı qələmə alıb, üsyan, etiraz, qisas ruhlu sehirli söz­lərini sanki üfürərək ruhumuza ötürüb. Artıq vaxtdı, min illik yaddaş geri dönür,“qul olduğum bəsdi, “Ruhuma savaş qayıdır” deyib:

harda itirdim yaşımı,

ağrılar kəsdi qarşımı;
altına tutum  başımı,

göy üzündən daş qayıdır;

            ***

qaldım uçuna-uçuna,

lənət,  kafirin xaçına;
həsrətim gedir Laçına,

dönüb əliboş qayıdır;

         ***

nə karəyik, nə karə bə,

gül olduq farsa, ərəbə;
el-oba qalıb xaraba,

evlərə bayquş qayıdır;

           ***

qar yağır qışın içindən,

dərd çıxır daşın içindən;
gözdəki yaşın içindən,

min illik yaddaş qayıdır;

              ***

ürəyimə düşən səsdi,

nə yaxşı, küləklər əsdi;
daha qul olduğum bəsdi,

ruhuma savaş qayıdır…

Ruhuna savaşın qayıtdığını hayqıran Nazim kimi ruhunda savaşmağın gərəkliyini daşıyan şairlərimizin sədaqətli yaddaşı itirilmiş torpaqlarımızı bunca zaman içində unudul­mağa qoymadı, daim diri saxladı yurd xatirələrini, Məhəbbət Kazımovun “Laçınım” mahnısının sətirlərindən, ahəngindən qopan fəryad oyaq saxladı laçınlıları, qarabağlıları və bütün Azərbaycanı… Mən onun ömür-gün yoldaşı Rahilə xanımı Laçına gedən uzun yolboyu dinlədim… Bu 30 ildə dogma yurd-yuvalarından ayrılığın öləsiyə kədərinin onun ağzındakı dilini belə pörşələ­diyini sanki gördüm, eyni zamanda: “Nazim Laçına 30 ildən sonra ilk gəlişimizdə diz çöküb ana torpağı öpdü, mənsə uzandım Vətən torpağımın üstünə və doğma torpağı göz yaşlarımla yaladım…” sözlərindən sonra… torpaqlarımızın işğaldan azad olunub öz əzəli-əbədi sahiblərinə qaytarılmasından duyduğu ümman-ümman sevinci yaşadım…

Nazim Əhmədli lirik-fəlsəfi ruha köklənmiş, şeirlərinin içəriyinə doğanın gizlinlərini, sufiliyi, irfan elmini, mistik fəlsəfi düşüncəni öz rakursunda-baxış bucağı altında hopduran və bəzən real dünyada özünə yer tapa bilməyəndə, ürəyi dərddən şişib qövr edəndə Tanrıya üz tutub onunla razu-niyaz etməyi bilən şairdi.

O, gözünün qarşısında baş verən haqsızlıq və həyasızlıqlara, iyrəncliklərə, dəllalların at oynat­masına, dünyanın nizamını pozan, hoqqa dalınca hoqqa çıxaran, yer üzünü pis günə qoyan, qan çanağına döndərən, heç nəyi düz eləməyənpis adamların – ikiayaqlı canavarların bəşəri cinayətlərinə, başımıza özümüzünkülərin – molla, dinbaz, quş­baz, işbaz siyasət dəllallarının vurduğu qapazlara seyrçi qala bilmir və bu zaman Mirzə Cəlilsayağı tənqid silahını işə salır, hətta özünü-tənqidə keçid edir, sapı özümüzdən olan balta sayağı soydaşlarını qınayır və bütün bunları Yerdən o yana-Tanrıya söyləyəcəyini ərz eləyir:

                                bizi kim qarğıyıb, kim qaralayıb,

nə yaman pis günə qalıb Yer üzü;

ipini çəkən yox, dəli bəşərin,

saralıb Yer üzü, solub Yer üzü;

Və dağa, kəndinə, sabaha, gülə, çiçəyə, sevgiliyə salam deyən qələmdaş­larından fərqli olaraq o, dərd yuvası olan ürəyini insan obrazında görür, ona salam deyir, şəxsinə məktub yazmasını, halının necə olduğunu bildirmə­si­ni istəyir ondan… Poeziyada bu, sanıram ki, bir ilkdir:

Salam, necəsən ürəyim,

sinəmin altı necədi;

məni hər yana çapırsan,

mindiyin atın necədi; 

              ***

bu qələmim lələk deyil,

şair hələ mələk deyil,

hamı sənə ürək deyir,

adın, soyadın necədi;

              ***

bilmirəm ki, qışam, yazam,

saçıma baxdım, bəyazam;

gərək sənə nəsə yazam,

şeir, bayatı, necədi; 

           ***

bir gün gələn bir gün gedər,

dərd-sərin məni əridər;

ürəyim, bir məktub göndər,

görüm, həyatın necədi.

Maraqlı, düşündürücü, şairanə monoloq, həsbi-haldı, deyilmi? “Dağlara məktub” şeirindəsə dağlardan onu həsrətin əlindən alıb ürəyinə köçürməsini, başına dolandırıb köynəyindən keçirməsini diləyir. Onu da vurğulayaq ki, “Dağlar, bir oda düşmüşəm, ağrıların içir məni”, “Ruhum azmış duman kimi, hansı xarabada yatır?”, “Saçından payız baxır”, “Buluddan sel açılıb, çökür göylərin damı”, “Ayrılıq bir dəli sudu”, “Fələk soyuq yağış kimi buludlardan tökür məni”, “Əlin qələmdən düşəndə şair şeirdən yıxılır”, “Gecə elə qara ki, qara sevgilər kimi”, “Göy üzü tikdi gecəni, əyninə çəkdi gecəni, su kimi içdi gecəni”, “Salım eynimə dağları, geyim əynimə dağları, Qoyum çiynimə dağlar” misralarındakı metaforalar, epitetlər də Nazim Əhmədlinin şair könlündən qopan özbəöz deyimləridir…

Bax beləcə, Əhmədli kəndindəki çeşmələrin nəğməsindən, şəlalələrin şırıltısından, Həkəri çayının şaqraq səsindən vəcdə gələn şair təbiətin füsünkar boyalarını şeirə gətirib, öz şair ruhu, təkmil dili ilə bir qədər də gözəlləşdirib. Ürəyindən süzülüb gələn bu misralar da bulaq suyunun zümzüməsindən yaranan nəğmələr kimidir. Bənzətmələr boxçasından örnək gətirdiyimiz, lirik düşüncə və ürək çırpıntıları aydın duyulanbir qoşmasında təşbeh və epitetləri, metaforaları elə böyük məharətlə, ustalıqla yaradıb, misralarda o qədər yerli-yerində işlədib ki, bu poetik gözəlliyin göz önünə sərdiyi təbiət lövhələrinə heyran olmamaq əldə deyil:

Zirvə açıb yaxasını Günəşə,

duman basıb, dərədə ağ gecədi;

ildırımın tək səbiri gəlmədi,

qara bulid göy üzündə çeçədi;

               ***

tellərini döşə yayıb qız bulaq,

dağ çayına pay göndərir yüz bulaq;

bir qayanı yarıb çıxan buz bulaq

düyməsindən pərvazlanan qönçədi;

Və yaxud:

                                    Çiçəklərin yanağına qonan şeh,

boz dumanın dodağının nəmidi;

göy talada dalğalanan lalələr

elə bildim od vurulmuş zəmidi;

                 ***

Min təzad var çeşmələrin səsində,

meşə itib ilk baharın sisində;

daş kahalar qayaların köksündə –

bu dağların yuva-yuva qəmidi;

                  ***

çeşmə açıb sərin sulu ovcunu,

qonaq edir gəlib-gedən yolçunu;

harayladı bir insaflı ovçunu,

tərlan qovan bir kəkliyin ümidi;

                ***

təbiətdə gör nə qədər yazan var,

çeşmə, külək, yağış, dolu, boran, qar;

şəlalələr hərəsi bir sazandar,

dağlar özü elə şair kimidi…

Onun da fikrincə, şairi mühit yetişdiririr. Əgər yaşadığın mühitdə səni maraqlandıran hansısa bir fikir varsa, ədəbiyyata, şeirə, musiqiyə maraq varsa, ondan birini seçəcəksən. İstər nəsr, istər də nəzm olsun, fərq etməz: ”Təbii ki, hər bir insanın daxilində istedad yatır. Bu, onun dünyagörüşündən formalaşan bir hissdir. Əgər bir insanın dünyagörüşü dar çərçivədədirsə və yaxud da hansısa bir işlə məşğuldursa, tikinti, el sənəti və sair, orada böyüyən uşaq da o sahəyə yönələcək, fikri oraya olacaq. Ata babası Aşıq Məşədi Dadaş şair olub və “Aşıq Qərib” dastanını qələmə alıb. Qaçaq Nəbi haqqında yazılan şeirlərin çoxunu Aşıq Salman babam yazıb… Atam da, anam da bədahətən şeir deyirdilər. Atam nəfəs aləti üzrə musiqiçi olub. Ailəmizdə üç şair var, mən, qardaşım Vüqar Şamiloğlu və mərhum bacım Ləman Şamilqızı. Doğuldu­ğum Laçın mühitində folklor çox güclü olub. Laçından çoxlu şair və yazıçı çıxıb.  Yəni ki, əsas mühitdir…”

Məhz Laçın ədəbi mühitində və ata-babadan gələn aşıq sənəti ovqatında yetişdiyi üçün o da öz lirik hiss və duyğularını poetik biçimdə, Azərbaycan yazılı xalq ədəbiyyatının ən çətin – 7, 8, hətta 6 hecalı gəraylı şəklində aydın, yığcam və təsirli deyə bilir, oxucuların qəlbinə asanca yol tapır. “Dərdim itən o yurtdu, məni kimlər unutdu; könlüm bulud-bulutdu, yaxasından söz yağır…”misraları, itən yur­dunun dərdini poetik ovxarda söyləmək istəyi onu şairliyə aparan yolun formuludu…  

Əruz vəznində mükəmməl şeir, qəzəl ərsəyə gətirmək şairdən təkcə ilham deyil, həm də söz sənətinin, şeirin texnikasının incəliklərinə vaqif olmağı tələb edir, əks təqdirdə, klassik tərzdə şeir yazmaq cəhdi uğursuz alınacaq və yaddaşlarda qalmaya­caq… O, uğurlu alınan qəzəllərin də müəllifi, yazarıdır.  

                        Mənə rəhm eylə ki, rəhmin məni həqqayə çəkər,

                        rəhm edib çünki xydam, könlümü  ol sayə çəkər;

                        munis ol, dərdi diləm,hicrinə tabım yoxdur,

                        axı hicrin dəlisovdur, məni səhrayə çəkər;

mənə eşqindi gərək, eşqinə çoxdan bəndəm,

aparıb ruhumu hərdən ki, müəllayə çəkər;

aşiq oldur ki, Xuda imtahanından keçsin,

Yunisəm, eşqi-ilahi məni dəryayə çəkər;

kimi var Nazimin ol, üz tuta səndən savayı;

kimə üz tutsa, o da özgə təmənnayə çəkər.

Yaratdığı poeziya örnəklərinə diqqət çəkməklə şairin ədəbiyyatın ən çətin janrları arasında necə rahatlıqla, asanca keçid etdiyini bəlirləmək istəyirəm. Aşıq şeir sənətinin əsas qollarından olan 7 və 8 hecalı “Dağların”, “Çiçəklər yetim qalıbdı”, “Payız”, “Səhər”, “Qara sevda”, “Ruhuma qoşul”, “Sevgi”, “Mənə bir nağıl danış” və s. kimi çoxlu sayda gəraylısı, 11-lik heca qəlibində “Anam, payız aldı səni əlimdən”, “Hər gün göy üzündən xəbərlər gəlir”, “Ağlayan mələk” və s. kimi qoşmaları, “Çəkər”, “Əzizim” qəzəlləri Nazim Əhmədlinin poetik ustalığının göstərgəsidir…

Şairin poeziyasının şah damarı lirikanın fəlsəfə ilə, metafizika ilə qovuşmasıdır. Yaşamın dibinə endikcə, gerçəklərin vahiməsi həssas ürəyini sıxınca: “Nə var axı, bu yer üzündə?” onu ən çox düşündürən sual olur. Və əzizi sandığı, öləsiyə sevdalandığı gözələ də bu ədalətsiz, haqsız dünyada qalıb dərd çəkməyi rəva görmür, o laçınlı mələyə üz tutub kövrəkcəsinə: “dünya yoxdu, əzizim, daha vaxtdı, dur, əllərimdən bərk yapış, çıxıb gedək buradan”, – deyir. Amma Laçına, Qarabağa, Azərbaycana əbədi sevdası ayaqlarını ana torpağa pərçimləyib buraxmır şairi:

Dur, çıxıb gedək buradan,

daha vaxtdı, əzizi;,

buralar ürəyimi,

əzdi, sıxdı, əzizim…

            ***

mən sevdamın kür özü,

həsrətin diri gözü;

ürəyimin hər sözü

bir bulaxdı, əzizim.

           ***

ömür bir daş aynadı,

orda ruhum oynadı;

qara bulud qaynadı,

göydən axdı, əzizim.

            ***

soyuq küləklər əsir,

hərəni bir dərd əzir;

kimi şah, kimi vəzir,

baxta-baxtdı, əzizim.

              ***

gecə ulduz sanadım,

 uçdum, sındı qanadı;

bura dəlixanadı,

dərdi çoxdu, əzizim.

            ***

kim varıydı, yoxuydu,

yarac, yarı toxuydu;

bir qarışıq yuxuydu,

dünya yoxdu, əzizim.

Bu hiss və duyğuların mahiyyətində doğma el-obaya, qutsal Vətən, lap elə dəlicəsinə vurulduğu eşsiz bir gözələ təpədən-dırnağacan sevgi ilə çağlayan bir aşiqin yanar ürəyi döyünür.

Bircə təsəllisi var ki, ovudur şairin həssas könlünü… Sən demə, Əriməz dağlarının torpağından, suyundan yoğrulmuş varlığını, kişiliyini, kimliyini uca Tanrı çox sevirmiş və bu sevgi bəsiymiş… Axı, Əlahəzrət Tanrı onu Laçında yaradıb, öz söz payından ona da əta eləyib, səhərlər yuxudanqartallarının qıy səsinə oyadıb“yer üzünün qonağı, göy üzünün adamı” etdiyi şair oğlunu… Təpədən-dırnağa türk olan, yumruq boyda ürəyində Tanrı dağları boyda uca ruh-türkçülük-Turançılıq ruhu daşıyan Nazim bəy o uca ruhun diqtəsi ilə “Gəlin türkü oxuyaq!”- çağırışını edir, oxucularına, dünyaya səpələnmiş soydaşlarına “Birləşək!” ismarışını ötürür:

O Tanrı dağlarından,

göycə sular axınca;

ulduzlar çıraq-çıraq,

göy üzü qonça-qonça;

           ***

şərqdən Qərbə üz tutan,

Turan yolları açıq;

hər bulağın başında,

bir göyümtül alaçıq;

***

bir qopuz çalın, indi,

bir türkü oxuyacam;

sümüklərim oynayır,

gəl mənə qoşul, hocam;

            ***

qayıt, göy üzündəki

göycə sular axınca;

dünya nura qərq olur,

şərqdən Günəş doğunca;

             ***

göy atların nalından,

qırmız alovlar çıxır;

gəlin türkü oxuyaq,

göy üzü bizə baxır…

Axı, bir araya gəlməkdən, bir yumruq kimi birləşməkdən, eyni ruhu daşımağa görəvlənməkdən başqa yolumuz yoxdur. Turana, Tanrı dağlarına varmağın yeganə yolu budur, ismarışını soydaşlarına şeirin yüyrək dili ilə ötürən Nazim Əhmədli çox haqlıdır… Çünki güc birlikdədir. Güc dirilikdir…

Nazim Əhmədli
Nazim Əhmədli

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest