Kültür Sanat

Yaşamağa Qoyurlar ki adamı?!

Tofiq Yusif
“Hər kəs yüz il yaşamasa,
Günah onun özündədir.”
Osman Sarıvəlli


Yüz il yox ey, əllicə il, ay qağa,
Yaşamağa qoyurlar ki, adamı?!
Göz görməyə, dil dinməyə qadağa,
Yaşamağa qoyurlar ki, adamı?!

Varlığında min ağrının əli var,
Çox “yox”ları əvəzləyən “bəli” var.
Dəli edib, deyirlər ki, dəli var,
Yaşamağa qoyurlar ki, adamı?!

Yurd-yuvamız para-para olandan,
Ciyər vərəm, ürək yara olandan;
Bu Vətəndə “qatıq qara olandan”
Yaşamağa qoyurlar ki, adamı?!

Bilmək olmur qanun düzdür, ya hənək?
Başımızın üstündədir dəyənək.
Bu dünyada adam oğlu adam tək
Yaşamağa qoyurlar ki, adamı?!

Dərd öldürüb torpâğı da, daşı da,
Yaxşı var ki, ömrünüzü yaşada?!
Cavanlaşır ölümlərin yaşı da…
Yaşamağa qoyurlar ki, adamı?!

Tanrı göydə qarğışları eşidir,
Tamahlar var, aslan, qaplan dişidir.
Vallah, ölmək indi kişi işidir,
Yaşamağa qoyurlar ki, adamı?!


“Çoxmərtəbə bazarlar”da haqq itdi,
Loxmasını yeyən varsa, igiddi.
Öldürürlər, deyirlər ki, tez getdi,
Yaşamağa qoyurlar ki, adamı?

Yazılanlar elə qalır kağızda,
Kasıblıqdan dad itibdir ağızda.
Çıxan səsi batırırlar boğazda.
Yaşamağa qoyurlar ki, adamı?!


Tofiq Yusif bu cahandan bezibdir,
Dərd-ələmdən, ah-amandan bezibdir.
Təngə gəlib, daha candan bezibdir,
Yaşamağa qoyurlar ki, adamı?!
Yaşamağa qoyurlar ki, adamı?!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest