Xuraman Muradova qardaş Özbəkistanda fəxri adlarla təltif olunacaq
Xuraman Muradova qardaş Özbəkistanda fəxri adlarla təltif olunacaq
Türk dünyası Elmlər Akademiyasının fəxri professoru, Özbəkistan Beynəlxalq Ədəbiyyat, Sənət və İctimaj fənlər Akademiyasının fəxri akademiki, “Humay” milli mükafatı laureatı, “Vektor” Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, iş insanı, sahibkar, “VİP Milan Hospital”ın təsisçi direktoru Xuraman xanım Muradova bu günlərdə Özbəkistan Respublikasında səfərdədir. Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru adına layiq görülən Xuraman xanım universitetin rektoru hörmətli akademik Şuhrat müəllimin rəsmi dəvətiylə Daşkəndə yola düşüb. Səfər çərçivəsində Xuraman Muradova 19 avqust 2024-cü il tarixində Özbəkistan Dövlət Universitetində düzənlənən tədbirdə iştirak edəcək.
21 avqustda isə Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyidin rəhbərliyi ilə keçiriləcək tədbirdə Özbəkistan Yazıçılar Birliyinə fəxri üzv qəbul ediləcək.
Xatırladaq ki, bu ilin mayında Xuraman xanımın Daşkəndə səfəri zamanı o, Azərbaycan Müstəqilliyi gününə həsr olunmuş rəsmi tədbirdə müxtəlif ölkələrin Özbəkistandakı səfirləri, attaşeləri, rəsmi dövlət qurumları nümayəndələri qarşısında çıxış etmiş və Xuraman xanımın bu möhtəşəm çıxışı Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri cənab Hüseyn Quliyevin, Özbəkistan Respublikası baş nazirinin birinci müavini Oçilbay Ramatovun və çoxsaylı dövlət rəsmiləri tərəfindən böyük rəğbət və alqışlarla qarşılanmışdı.
Türk dünyasının sevilən şairəsi, ziyalı Azərbaycan xanımı, dəyərli həmvətənimiz Xuraman xanım Muradovaya uğurlar arzu edirik!